ORUCUN ƏSL MƏNASI VƏ RUHU

 

 
 
 
 
 
 
 
 
 

 

Üç dərəcə oruc vardır:

a) Avamın orucu.

b) Xavasın (seçilmişlərin) orucu.

c) Seçilmişlərin seçilmişlərinin orucu.

Avam orucu yeməmək, içməmək və cinsi münasibətdə olmamaq surətiylə tutulan orucdur. Bu ən aşağı dərəcədir.

Seçilmişlərin seçilmişlərinə məxsus olan oruc, ən yüksək dərəcəli orucdur. Bu dərəcədəki oruc qəlbi, Allah Təaladan başqa hər şeyi düşünməkdən təmizləmək və bütün varlığını Uca Allah`a verməkdir. Zahirdə və batində Ondan başqa olan hər şeydən oruclu olmaqdır.  Allah Təalanın birliyindən və bunula əlaqədar şeylərdən başqa hər cür düşüncə bu orucu pozar. Dünyayla əlaqədar mübah bir şey belə düşünülsə yenə oruc pozular. Yalnız din işinə kömək olan dünya işləri, dünyadan sayılmadığı üçün orucu bozmaz.Hətda gündüzdən, axşam iftarının nə ilə açılacağını düşünmək belə bir günah yazılmasına səbəb olduğu deyilmişdir. Çünki belə bir düşüncə, Uca Allah'ın ona verəcəyinə söz verdiyi ruzi haqqında tam inanc sahibi olmadığını göstərir. Bu dərəcə övliya və dosdoğruların(sadiqlərin) dərəcəsidir. Hər kəs bu dərəcəyə çata bilməz

Seçilmişlərin orucu isə, tək yeməmək, içməmək və cinsi münasibətdə olmamaqla kifayətlənilməyib, bütün orqanları pis və günah olan şeylərdən saxlamaqdır. Bu cür oruc bu altı şeyi etməklə olur:

- Özünü, Uca Allah`ı düşünməyə mane olan hər cür şeydən qorumaq. Xüsusilə şəhvəti təhrik edən şeylərdən uzaq durulmalıdır. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)buyurur ki:

"Göz baxışı, zəhərlə sulanan şeytanın oxlarından bir oxdur.Allah`dan qorxduğu üçün bundan çəkinənə iman mükafatı verilər. Qəlbində inancın şirinliyini(ləzzətini) hiss edər."  (Hakim səhih sənədlə qeyd etmişdir)

Hz Ənəs (Allah ondan razı olsun) deyir:

Peyğəmbərimiz(sallallahu aleyhi və səlləm) buyurur ki

 "Beş şey orucu pozar:

a) Yalan.

b) Qeybət (dedi-qodu)

c) Söz gəzdirmək.

d) Yalan yerə and içmək.

e) şəhvətlə baxmaq. "  (Əzdi: Zuafa)

2 - Dili gərəksiz və ehtiyac duyulmayan şeylərdən qorumaq. Ya susmaq, ya da Qur`an-ı Kərimi oxumaqla məşğul olunmalıdır. Münaqişə və mübahisəyə mütləq yersiz və zərərli söz qarışar. Onun üçün bundan qaçınmaq lazımdır. Bəzi alimlərə görə, dedi-qodu və yalançılıq avamın orucunu da pozar. Oruclu olan iki qadın susuzluqdan öləcək dərəcəyə gəlmişdilər. Peyğəmbər əfəndimizdən oruclarını açmaq üçün icazə istədilər. Peyğəmbər əfəndimiz onlara bir çanaq göndərdi və "buna qussunlar" buyurdu. Qusduqlarında hər ikisinin də boğazından laxtalanmış qara qan parçacıqları gəldi. Bu vəziyyəti çaşqınlıqla seyr edənlərə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurdu:

"Bu iki qadın Uca Allah'ın halal buyurduğu şeylərdən oruc tutdular, çəkindilər və haram etdiyi şeylərlə oruclarını açdılar. Qeybətlə məşğul oldular. Boğazlarından gələn də, yedikləri insanların ətləridir."  (Əhməd bin Hənbəl)

3 - Qulağı zərərli sözlərdən qorumaq. Deyilməsi zərərli olan şeyləri dinləmək də zərərlidir. Dinləyən günah, yalan, dedi-qodu və digər şeylərdə söyləyənə ortaq olar.

4 - Əl, ayaq və digər orqanları günahlardan qorumaq. Oruc tutub da pisliklərdən çəkinməyən, oruc tutmayıb zəhər içən kimsə kimidir. Çünki günah zəhərdir. Yemək qidadır, əslində zərərli deyil amma çox yeyilsə zərərli olar. Bunun üçün, Peyğəmbərimiz(sallallahu aleyhi və səlləm) buyurur ki:

"Oruc tutan bir çox kimsənin orucdan nəsibləri aclıq vəsusuzluqdan başqa bir şey deyil."  (Nəsai və İbni Macə)

5 - İftarda haram və şübhəli şeyləri yeməmək. Halal olandan belə çox yeməmək lazımdır. Çünki orucun məqsədi yalnız gündüz ac qalıb, gecə tıxa basa yemək deyil. Orucun məqsədi şəhvət və arzuları zəyiflətməkdir.

Axşam çox yemək isə yenə şəhvəti artırdığından orucun mənasına zidd düşər. Hələ çeşid-çeşid yemək hazırlayıb mədəyə tıxa basa endirmək mənanın tamamilə xaricinə çıxmaq deməkdir. Mədə tıxa basa dolu olunca qəlb saf və təmiz ola bilməz.

Gündüz çox yatmamaq və aclığın təsirini hiss etmək sünnədir. Gecə də çox yeməmək lazımdır. Çünki bu həm səhhətə zərərlidir, həm də çox yeyən yuxuya gedər və gecə namazını qıla bilməz. Bunun üçün, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur ki:

"Uca Allah dolu qablardan xoşlanmaz. Hələ dolu mədələrdən daha çox düşmən olan dolu bir qab yoxdur."

6 - İftardan sonra qəlb, qorxu ilə ümid (xavf və rəca) arasında olmalıdır.Çünki orucun qəti olaraq qəbul olunub olunmadığı bilinməz.

Həsən-i Bəsri (Allah ona rəhmət eləsin) bayram günü günlərcə gülüb əylənən bir qrup insana rast gəldiyində belə dedi: " Allah Təala Ramazan ayını qullarının Ona daha çox ibadət edəcəkləri bir meydana çevirdi. Bu ibadətlə bəziləri irəli gedər, bəziləri də geri qalar. Gülənlərə və hallarının, işlərinin həqiqətini bilməyənlərə yazıqlar olsun. Allah Təalaya and içərəm ki, əgər hər kəs etdiyi işin əslini görsə, qəbul edilənlər sevincdən coşar, rədd edilənlər də kədər içində qalar, heç kim oyun və əyləncə ilə məşğul olmaz. "

Yalnız yemək və içməkdən kəsilmək şəklində başa düşülən oruc, ruhsuz, şəkilçilikdən başqa bir şey deyil. Orucun əsli mələklərə bənzəməyə çalışmaqdır. Çünki mələklərdə heç şəhvət yoxdur. Heyvanlarda isə şəhvət çoxdur. Şəhvəti çox olan heyvana, şəhvətdən qurtulmağa çalışan da mələyə bənzəyər. Bundan dolayı da mələklərə yaxın olar. Bu yaxınlıq xüsusiyyətlər baxımındandır, yer, məsafə baxımından deyil. Mələklər isə Allah Təalaya yaxındırlar. O halda insanlar da mələklik sifətini aldıqca, Allah'a yaxın olar.

Bütün bunlardan dolayı əgər daha gündüzdən güclü bir səy ilə axşam hazırlığına girişilib müxtəlif yeməklər hazırlanırsa şəhvət qüvvətlənər. Bu da orucun ruhuna zidd düşür.

            Hüccətül-İslam Zeynüddin Əbu Hamid Muhamməd İbn Muhamməd əl-Qəzzali ət-Tusi əş-Şafi / Kimyayi -Səadət

Read 839 times