Üzərində icma edilən e`tiqadi məsələlər.


Müsəlmanların üzərində icma etdikləri, yəni söz birliyi ilə qəbul etdikləri ən müxtəlif məsələləri bilmək çox zəruri bir şeydir. Bunların önündə e`tiqadi məsələlər gəlir. Əhli sünnət və-l-camaat əqidəsinin iki böyük imamı İmam Əbu-l-Həsən əl-Əşəri İmam Əbu Mənsur əl-Maturidinin yekdil olaraq qəbul etdikləri görüşlərini təqdim edirik. Bu isə özlüyündə həm mütəqəddim (əvvəlki) həm də mütəəxxir (sonrakı) alimlərin yekdil olaraq qəbul etdikləri görüşlərdir deməkdir. Unutmaq olmaz ki, üzərində icma edilmiş bir görüşü inkar etmək insanı dinindən çıxarır, o görüşə müxalif qalmaq isə bidətçi edir. Onun üçün hər birimizin bu məsələləri diqqətlə öyrənməsi mühüm bir vəzifədir.


1- Mömin-müsəlman olmaq üçün altı şeyə- Allahın varlığına və təkliyinə, Peyğəmbərlərin haqq olduğuna, Mələklərin varlığına, Qur`an və başqa ilahi kitablara, Qiyamət günü öldükdən sonra dirilməyə və Qədərin, xeyrin də, şərin də Allahın təqdiri ilə olduğuna inanmaq lazımdır deyə, elm əhli icma etmişdir.


2- İslamın beş əsas- Kəlimeyi-tövhid söyləmək, namaz qılmaq, zəkat vermək, oruc tutmaq və həccə getmək üzərində qurulduğuna alimlər icma etmişdir.


3- Adəm əleyhissalamdan Məhəmmədə (sallallahu aleyhi ve səlləm) qədər bütün peyğəmbərlərin öz ümmətlərini Allahın təkliyi (tövhid) etiqadına dəvət etdikləri barədə alimlər icma etmişdir.


4- Allah Təala bütün eyb və nöqsanlardan uzaqdır deyə elm əhli icma etmişdir.


5- Allah Təalanın zati və feli sifətlərinin olduğuna elm əhli icma etmişdir.


6- Allah Təala doğmamış, doğulmamışdır, yəni Onun ata-anası, övladı həmçinin heç bir şəriki yoxdur deyə alimlər icma etmişdir.


7- Allah Təala hərəkət etməkdən, dəyişməkdən və məkandan münəzzəhdir. Onun haqqında belə şeylər düşünülə bilməz deyə elm əhli icma etmişdir.


8- Allah Təala öz əmr və qadağalarını qullarına çatdırmaq üçün onlar arasından seçərək peyğəmbərlər göndərmişdir deyə alimlər icma etmişdir.


9- Birinci peyğəmbərin Adəm əleyhissalam, sonuncu peyğəmbərin Məhəmməd (sallallahu aleyhi va səlləm) olduğuna alimlər icma etmişdir.


10- Peyğəmbərlər bilərəkdən böyük və kiçik günahlar işləməkdən məsumdurlar, qorunmuşdurlar deyə elm əhli icma etmişdir.


11- İsa əleyhissalam Allahın peyğəmbəridir, oğlu deyil deyə elm əhli icma etmişdir.


12- Allah Təala Musa əleyhissalamla vasitəsiz danışmışdır deyə alimlər icma etmişdir.


13- Peyğəmbərimiz Məhəmməd Mustafa (sallallahu aleyhi va səlləm) bütün peyğəmbərlərin ən üstünüdür deyə elm əhli icma etmişdir.


14- Mələklər vardır və onlar nurdan yaradılmışdır. Onlar Allah Təalanın əmrlərinə itaət edən məxluqlardır deyə alimlər icma etmişdir.


15- Cinlər vardır və onlar tüstüsüz alovdan yaradılmışıdır. Onları Allah Təala Özünə ibadət etmək üçün yaradıbdır deyə elm əhli icma etmişdir.


16- Allah Təalanın ilk insanı torpaqdan yaratdığına, insanları və cinləri Özünə ibadət etsinlər deyə yaratdığına alimlər icma etmişdir.


17- Aləm həm zaman, həm də zat baxımından sonradan yaradılmışdır deyə elm əhli icma etmişdir.


18- Bu aləmin bir hissəsi olaraq ruh da, digərləri kimi sonradan yaradılmışdır, əzəli deyildir deyə ümmət icma etmişdir.


19- İblis-şeytan Adəmə səcdə etmədiyinə görə Allahın hüzurundan qovulmuşdur. Allahdan qiyamətə qədər diri qalmağa vəd alıb, Onun bəndələrini sapıtmağa girişən bir məxluqdur deyə elm əhli icma etmişdir.


20- İblis- şeytan insana vəsvəsə verir, onların imanını çəkib ala bilməz. İnsanlar özləri könüllü olaraq imanlarını tərk edirlər deyə elm əhli icma etmişdir.


21- Allah Təalanın Öz peyğəmbərlərinə nazil etdiyi ilahi kitablar və səhifələr var deyə elm əhli icma etmişdir. Dörd səmavi kitab- Tövrat, Zəbur, İncil və Qur`an Allahın kitabıdır deyə iman etmək fərzdir.


22- Rəsulullaha (sallallahu aleyhi va səlləm) hörmət etməyən, Onun məqamını nəzərə almayan, dəyərsiz sayan kəs imandan ayrılar deyə elm əhli icma etmişdir.


23- Allahın təqdiri, yəni Qədər haqq və sabitdir. Hər bir iş Onun təqdiri ilə baş verir deyə elm əhli icma etmişdir.


24- Ümmətin icmasına əsasən iman şirkin ziddidir.


25- Mömin şəxs böyük günah işləməklə imandan çıxmaz deyə elm əhli icma etmişdir.


26- Bir kəs qəlbən inanıb, dili ilə iqrar etsə, amma əməlləri tərk etsə kafir deyil fasiq mömin olur deyə elm əhli icma etmişdir. Bu məsələdə xəvaric və mötəzilənin görüşünə əhəmiyyət verilməz.


27- Beş vaxt namaz İsra gecəsində fərz edilmişdir deyə elm əhli icma etmişdir.


28- Namazın fərz olmasını etiraf edib, onu tərk edənlər kafir olmur deyə elm əhli icma etmişdir.


29- Namazın fərz olmasını etiraf etməyənin, inkar edənin hökmü küfrdür. İslama yeni gəlib, namaz haqqında eşitməyən bundan müstəsnadır deyə elm əhli icma etmişdir.


30- Allahın qəti olaraq haram etdiyi şeyə halal demək küfrdür, deyə elm əhli icma etmişdir.


31- İman və küfr bəndənin əməlidir. Allah imana razı, küfrə narazıdır deyə elm əhli icma etmişdir.


32- Dünya və bütünlükdə kainat Allah Təala tərəfindən yaradılıbdır. Onların yaradıcısı Allah Təalanın Özüdür deyə elm əhli icma etmişdir.


33- İnsan nə mömin, nə də kafir olaraq doğulmur. İman və islama meyl edən bir təbiətlə doğulur. Doğulduğu mühitin təsiri ilə böyüyüb mömin və ya kafir olur deyə elm əhli icma etmişdir.


34- Saleh əməllərimiz mütləq qəbul olmuşdur, günahlarımız da mütləq bağışlanacaq demirik deyə elm əhli icma etmişdir.


35- Qiyamətin qopması həqiqətdir. Həmin günü Allah yaratdığı insan, cin və heyvanların hamısını yenidən dirildəcək deyə elm əhli icma etmişdir.


36- Qəbir həyatı-Bərzəx haqdır. Orada mələklərin sorğu-sualı olacaqdır. Qəbirdə əzab çəkmək və ya nemət görmək vardır deyə elm əhli icma etmişdir.


37- Qiyamət günü hamı məhşər meydanına toplanacaq. Orada Allah Təala Özü qullarlından hesab-kitab aparacaq deyə elm əhli icma etmişdir.


38- İnsanlar məhşər meydanına toplananda onlara əməl dəftərinin veriləcəyi haqdır deyə elm əhli icma etmişdir.


39- Məhşərdə insanların əməllərinin özünəməxsus bir tərəzi ilə çəkiləcəyi haqdır deyə elm əhli icma etmişdir.


40- İnsanların Sirat körpüsündən keçəcəyi haqdır deyə elm əhli icma etmişdir.


41- Peyğəmbərimiz Məhəmməd Mustafanın (sallallahu aleyhi va səlləm) hovuzu- Kövsər hovuzu haqdır deyə elm əhli icma etmişdir.


42- Cənnət və cəhənnəm hal hazırda mövcuddur, ora gedəcəklər üçün hazırlanıb deyə elm əhli icma etmişdir.


43- Cənnətə gedənlər orada əbədi olaraq qalacaqlar deyə elm əhli icma etmişdir.


44- Cənnətliklər Allahın camalını görəcəklər. Onların görməsi maddi şeyləri görmək kimi deyildir. Necəsiz görəcəklər deyə elm əhli icma etmişdir.


45- Kafirlər və müşriklər cəhənnəmdə əbədi qalacaqlar deyə elm əhli icma etmişdir.


46- Allaha və Onun peyğəmbərlərinə iman gətirən möminlər əgər günah işləyib tövbə etmədən axirətə getsələr, etdikləri günahların qarşılığında bir müddət cəhənnəmə düşməkləri mümkündür deyə elm əhli icma etmişdir.


47- Amirlər- rəhbərlər əgər fasiq və zalım olsalar belə onlara qarşı çıxmaq, onlara hərb elan etmək üləmanın icması ilə haramdır. Onlarda rast gəlinən nöqsanlar xoş və dinc üsulla onlara deyilməlidir. Xalqı onlara qarşı qızışdırmaq, fitnə-fəsad törətmək icma ilə haramdır.


48- Rəsulullahdan (sallallahu aleyhi va səlləm) sonra haqq imam Əbu Bəkr əs-Sıddıqdır (Allah ondan razı olsun) deyə elm əhli icma etmişdir.


49- Əbu Bəkr əs-Sıddıqdan sonra haqq imam Ömər ibn əl-Xəttabdır (Allah hər ikisindən razı olsun) deyə elm əhli icma etmişdir.


50- Ömər ibn əl-Xəttabdan sonra haqq imam Osman ibn Əffan, ondan sonra da Əli ibn Əbu Talibdir (Allah hamısından razı olsun) deyə elm əhli icma etmişdir.


51- Əhli sünnətin icmasına görə fəzilət və üstünlük sıraları imamlıq-xəlifəlik sıraları kimidir.


52- Həzrət Əlini (Kərrəmallahu vachəhu) Şeyxeyndən (Həzrəti Əbu Bəkr və Ömərdən) üstün tutmaq icmaya xilafdır deyib ilk üç əsrin sakinləri icma etdilər.


53- Səhabələrin hamısını xeyirlə yad edər, onların xəta və nöqsanlarını əsla araşdırmarıq deyə elm əhli icma etmişdir.


54- Qur`ani Kərim Allah Təalanın kəlamı, Məhəmmədə (sallallahu aleyhi va səlləm) nazil etdiyi kitabıdır deyə elm əhli icma etmişdir.


55- Qur`ani Kərim Allah kəlamı olduğuna görə məxluq deyildir, yəni yaradılmış, sonradan var olmuş deyildir deyə elm əhli icma etmişdir.


56- Qur`ani Kərimin ayələrinin sıralanması tövqifidir, yəni Rəsulullah (sallallahu aleyhi va səlləm) ilahi göstərişə müvafiq olaraq hansı ayənin hansı ayədən sonra oxunacağını təyin edib demişdir deyə elm əhli icma etmişdir.


57- Namazda “Fatihə” surəsindən sonra deyilən “Amin” sözü Qur`andan deyil deyə elm əhli icma etmişdir.


58- Allahın kəlamından bir ayəni belə dəyişmək haramdır deyə elm əhli icma etmişdir.


59- Qur`ani Kərimin nəzm şəklini dəyişmək caiz seyildir deyə elm əhli icma etmişdir.


60- Ramazan ayında Təravih namazını camaatla, iyirmi rükət qılmaq sünnətdir deyə elm əhli icma etmişdir.


61- Məs (xuff) üzərinə məsh etmək caizdir deyə elm əhli icma etmişdir.


62- Qiblə əhlindən, yaxşı və pis, hər kəsin arxasında namaz qılmaq, imam təyin edib ona iqtida etmək caizdir. Həmçinin qiblə əhlindən, yaxşı və pis, vəfat edən hər kəsin üzərində cənazə namazı qılmaq caizdir deyə elm əhli icma etmişdir.


63- Əcəl birdir. Hər kəs öz əcəli ilə ölür. Heç kəs əcəlindən əvvəl ölə bilməz, əksinə əcəlinin vaxtı çatanda ölür deyə elm əhli icma etmişdir.


64- Ruzini Allah verir. Halal da, haram da ruzidir. Hər kəs öz ruzisini yeyir. Heç kəs heç kəsin ruzisini yeyə bilməz deyə elm əhli icma etmişdir.


65- Peyğəmbərlərin möcüzəsi, övliyaların kəraməti olur. İmansızlarda isə istidrac olur deyə elm əhli icma etmişdir.


66- Şəfaət etmək haqdır. Qiyamət günündə Peyğəmbərimiz Məhəmməd Mustafanın (sallallahu aleyhi va səlləm) şəfaət edəcəyi haqdır deyə elm əhli icma etmişdir. Həmçinin övliyaların, üləmaların, Qur`an hafizlərinin şəfaət etməsi də mümkündür deyə elm əhli icma etmişdir.


67- Qiyamətin vaxtı yaxınlaşanda onun əlamətlərinin peyda olacağı haqdır deyə elm əhli icma etmişdir. Qiyamətin böyük və kiçik əlamətləri vardır ki, ayəti-kərimələrdə və hədisi-şəriflərdə bəyan edilibdir.


68- Qiyamətin Dəccalın xürucu, Yəcuc-Məcuc, Daabbətu-l-ərzin zühuru, Günəşin şərqdən deyil qərbdən doğması, İsa aleyhissalamın göydən enməsi kimi böyük əlamətləri haqdır, həqiqətdir deyə elm əhli icma etmişdir.


69- Asiyə, yəni günahkar şəxsə tövbə etmək vacibdir deyə elm əhli icma etmişdir.


70- Fasiq adam tövbə edib saleh əməllərlə məşğul olarsa üzərindən “fasiq” töhməti götürülər deyə elm əhli icma etmişdir.


71- Dua edərkən təvəssül etmək caizdir deyə elm əhli icma etmişdir.


72- Dirilərin etdikləri xeyir duaların, Qur`an oxumaq, həcc, ümrə və s. kimi saleh əməllərin savabını ölülərə hədiyyə etməyin faydası vardır. Savabı onlara çatır deyə elm əhli icma etmişdir.


73- Əməllərə riya və ucb (özünü bəyənmişlik) qarışarsa o əməlin savabını yox edir deyə elm əhli icma etmişdir.


74- Kafir olan kəs savab əməl işləsə də savab qazanmır deyə elm əhli icma etmişdir.


75- Ağıl sahibi hər bir insan həddi büluğ yaşına çatan kimi mükəlləf olur. Fərz və digər hökmlü əməlləri yerinə yetirməsi vacib olur, bunlara görə cavabdehlik daşıyır deyə elm əhli icma etmişdir.


76- Kişilər ihtilam olmaqla, qadınlar ay qanı görməklə həddi büluğ yaşına çatır. Qadın heyz qanından təmizlənən kimi vacibatını yerinə yetirməyə başlamalıdır deyə elm əhli icma etmişdir.


77- Heyzli (ay xəstəliyi halında) qadınla cinsi yaxınlıq etmək haramdır deyə elm əhli icma etmişdir.


78- Ər heyzli halda olan arvadının dizdən aşağı, göbəkdən yuxarı bütün bədənindən zövq almaq üçün istifadə edə bilər deyə elm əhli icma etmişdir.


79- İlk üç əsrin sakinlərinin icmasına görə mutə (siğə) nikahı haramdır.


80- Kişinin çılpaq qadının, qadının da çılpaq kişinin övrət məhəllinə üzrsüz olaraq baxması haramdır deyə elm əhli icma etmişdir.


81- Fəzilətli əməllər babında zəif hədislə əməl etmək olar deyə elm əhli icma etmişdir.


82- Qiyasa əsaslanaraq şəri` hökm vermək caizdir deyə səhabələr icma etmişdir.


83- Müctəhidlik dərəcəsinə çatmayan hər bir müsəlmana ibadət etmək üçün dörd fiqhi məzhəb- Hənəfi, Şafeyi, Maliki, Hənbəli məzhəbindən birinə təqlid etməsi vacibdir deyə əhli sünnət alimləri ittifaq etmişdir.


84- Müsəlman şəxsi nahaq yerə söyüb təhqir etmək haramdır və fisqdir deyə elm əhli icma etmişdir.


85- Paxıllıq- birinin nail olduğu nemətin əlindən getməsini arzu- etmək haramdır deyə elm əhli icma etmişdir.


86- Sehrlə məşğul olmaq, sehrbazlıq haramdır deyə elm əhli icma etmişdir.


87- Ananın üzünə ağ olmaq alimlərin icması ilə böyük günahdır.


88- Ölən şəxsin arxasınca vay-şivən salıb ağlamaq onun əzab çəkməsinə səbəb olur, sakit göz yaşı axıtmaq belə deyil deyə elm əhli icma etmişdir.

Read 683 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR