Xaliq isminin şərhi
12-13-14. əl-Xaliq - əl-Bari - əl- Musavvir isimlərinin şərhi:
Bəzən, bu isimlərin eyni mənalı olduğu və hamısının da, xəlq və ixtiraya raci olduğu zənn edilir. Ancaq belə olması, gərəkli deyildir. Çünki, yoxluqdan varlığa çıxan hər şeyin:
~ ilk əvvəl, təqdirə;
~ sonra, bu təqdirə uyğun olaraq, icada;
~ sonra da, təsvirə (surətə)
ehtiyacı vardır.
Allah (subhənəhu və taala) isə:
~ muqaddir (təqdir edici) olması cəhətindən - Xaliq;
~ muxtəri (ixtira edən) və mucid (icad edən) olması cəhətindən - Bari;
~ ixtira edilən şeylərin surətlərini ən gözəl bir şəkildə tərtib edici olması cəhətindən də - Musavvir'dir.
Bu, eynilə, bir bina misalında olduğu kimidir. Çünki bina:
~ özü üçün gərəkli olan taxta, kərpic, ərazinin ölçüsü, binaların ədədi, uzunluq və genişliyi (kimi şeyləri) təqdir və təsvir edəcək birinə ehtiyac duymaqdadır. Bu işi isə, mühəndis üstlənər və binanı tərsim və təsvir edər (yəni, rəsmini çəkər və surət verər).
~ Sonra, binanın təməllərinin meydana gəlməsi üçün, binanın işlərini üstlənəcək bir bənnaya ehtiyac vardır.
~ Sonra, bənna xaricində, binanın surətini təzyin edən (bəzəyən) və zahirini nəqş edən bir müzəyyinə (bəzəyənə) ehtiyac vardır.
Təqdir, bina etmək və təsvirdəki adət, budur.
Allah (azzə və cəllə)'nin fellərində isə, (iş, hal), belə deyildir. Əksinə, təqdir də, icad da, təzyin edən də, Odur. (Bu halda), Xaliq, Bari və Musavvir, Odur.
Bunun misalı, insandır. İnsan, Onun məxluq (xəlq etdik)'lərindən biridir. İnsan:
~ varlıq (meydan)'ına çıxmaq üçün, ilk əvvəl, təqdir edilməyə möhtacdır. Çünki o, xüsusi bir cisimdir. İlk əvvəl, cisim halına gəlməsi lazımdır ki, müəyyən sifətlərlə xüsusiləşsin. Eynilə, bənnanın, bina tikmək üçün alətlərə ehtiyac duyması kimi (yəni, bina tikmək üçün necə ki bənnanın, alətlərə ehtiyacı vardır; eynilə də, ilk əvvəl cisim var olmalıdır ki, daha sonra sifətləri müəyyənləşsin.)
~ Sonra, insan bünyəsi, su və torpaq olmadan (var) ola bilməz. Çünki, torpaq, tək başına qurudur, əyilib-bükülməz. Su, tək başına islaqdır, düz dayanmaz, əksinə, (sağa-sola) yayılar. Bu səbəblə, qurunun islaq ilə birləşməsi lazımdır ki, mötədil olsun. Və bu, "palçıq" deyə təbir edilir.
~ Sonra, bişirici bir istilik lazımdır, ki, su, torpaqla qarışsın; ondan ayrılmaz bir hala gəlsin. İnsan, sırf palçıqdan yaradılmış deyildir; faxxar (saxsı) kimi salsaldan (quru palçıqdan) yaradılmışdır. Faxxar, su ilə yoğrulub odda bişirilərək mizacı möhkəm hala gətirilmiş palçığa deyilir.
~ Sonra, su və palçığın, xüsusi miqdarda təqdir edilməsi lazımdır. Çünki, məsələn, əgər qarışqa kimi kiçik təqdir edilsə, insana məxsus felləri, edə bilməz; külək, sürükləyib aparar və ən adi bir şey belə, onu həlak edərdi. Dağ kimi bir palçığa da ehtiyac yoxdur. Bu qədəri, ehtiyac miqdarından çoxdur. Əlavə və nöqsan arası olan kifayət edici miqdarı, Allah (azzə və cəllə) bilir.
Bütün bunlar, təqdirə racidir (yəni, Allahın təqdirinə rücu etməkdə, dönməkdədir). O, bütün bu şeyləri:
~ təqdir etməsi etibarı ilə - Xaliq;
~ təqdirə uyğun şəkildə icad etməsi etibarı ilə - Musavvir;
~ mücərrəd icad və adəm (yoxluq)'dan varlığa ixrac etibarı ilə də - Bari'dir.
Mücərrəd icad, bir şeyi təqdirə uyğun icaddan başqa bir şeydir.
Buna (yəni, bu açıqlamaya), xəlqi (yəni, yaradılışı), mücərrəd təqdirə irca etməyi uzaq görənlər ehtiyac duyarlar. Ancaq bunun, lüğətdə bir vəchi vardır. (Necə ki), ərəblər, ayaqqabıçıya, ayaqqabının bəzi parçalarını digərlərinin üzərində təqdir etmələri səbəbilə, "xaliq" deyirlər. Bir şair də, belə demişdir:
"Sən, təqdir etdiyini gözəl edirsən,
Bəziləri isə, təqdir etsə də, gözəl edə bilmir."
"Musavvir" isminə gəlincə: Əşyanın surətini, ən gözəl şəkildə tərtib edən və ən gözəl şəkildə təsvir edəndir. Bu isə, felin vəsflərindəndir. Bunun həqiqətini, aləmin surətini,
~ ilk əvvəl, ümumi olaraq;
~ daha sonra isə, təfsilatı ilə
biləndən başqası bilə bilməz. Çünki, bütün aləm, özündən hədəflənən məqsədə yönəlmiş olaraq, bir-birinə köməkçi olan əzalardan mürəkkəb bir şəxs hökmündədir. Aləmin əzaları və cüzləri (parçaları), göylər, yer(in qat)'ları, göy cisimləri, bunlar arasında olan su, hava və digərləridir. Aləmin əczaları, möhkəm bir tərtib üzərə tərtib edilmişdir. Əgər bu tərtib dəyişdiriləcək olsa, nizam, alt-üst olardı. (Bundan dolayı),
~ yuxarı cəhətdə olanın, yuxarıya yüksəlməsi;
~ alt cəhətdə olanın isə, daha aşağıya enməsi
təxsis edilmişdir.
Eynilə, bənnanın,
~ divarın aşağısına, daşları;
~ üstünə də, taxtanı
qoyması, təsadüfi deyil, (bunları), hökmünün iradəsi və qəsd və hikmətilə qoyması kimi... Çünki, əgər tam əksini etsə, (yəni)
~ daşları, yuxarı;
~ taxtanı da, aşağı
qoysa idi, bina yıxılardı. Binanın surəti də, sabit olmazdı.
Eyni şəkildə:
~ göy cisimlərinin, yuxarıda;
~ yer üzü və suların da, aşağıda
olmasının; yenə, aləmin digər böyük cüzləri (parçaları) arasındakı tərtibin səbəbi, belə başa düşülməlidir.
Əgər aləmin cüzlərini kəşf etməyə və saymağa çalışsaydıq; və onların tərkibindəki hikməti zikr etməyə başlasaydıq, söz uzanardı.
Hər kimin, bu təfsilata dair elmi daha genişdirsə, "əl-Musavvir" isminin mənasını, daha çox əhatə edər.
Bəhsini etdiyimiz tərtib və təsvir, aləmin hər bir cüzündə, -vələv ki, qarışqa və zərrə kimi və hətta qarışqanın bir orqanı kimi çox kiçik olsun- mövcuddur.
Canlıların ən kiçik üzvü olan gözün heyətlərini, şəkillərini, miqdarlarını, rənglərini və ondakı hikmət cəhətini bilməyən, onun surətini də, surət verənini (yəni, onun Musavvirini) də, -mücməl bir isim xaricində- bilə bilməz.
(Bu danışılanlar), hər bir heyvan və bitkilərin surəti və cüzləri üçün, məqbuldur.
Tənbeh: Qulun, bu isimdən nəsibi, öz nəfsində,
~ bütün varlığın surəti və heyətini, tərtibilə hasil etməsi; (elə ki), bütün aləmin heyət və tərtibini, ona nəzər edirmişcəsinə əhatə etməsidir.
~ Sonra, küll (bütün)'dən təfsilata enərək, insan surətinə, bədən və cismindəki əzalara, növlərini, ədədlərini, tərkiblərini, yaradılışlarındakı hikmətləri və tərtiblərini biləcək şəkildə yönəlməsi;
~ Daha sonra da, -idrak və iradələri, özlərilə mümkün olan- mənəvi sifətləri və şərəfli mənalarını, göz önünə gətirməsidir.
Və beləcə, zahiri və batini olaraq, heyvanların və bitkilərin surətlərini, gücü çatdığı qədər tanıması; (elə ki), hər birinin rəsm və surətlərini qəlblərinə nəqş etməsidir. Bütün bunlar, cismani varlıqların surətlərini bilməyə racidir. Bunlar isə, ruhani (varlıqlar)'ın tərtibini bilməyə nəzərən, müxtəsər bir mərifət (bilik)'dir. Buna, mələklər və onların mərtəbələrinin mərifəti daxildir. Hər birinin:
~ səmalar və ulduzlardakı;
~ bəşərin qəlblərindəki irşad və hidayət; sonra da,
~ bütün canlıları hadi (hidayət edən) ilhamlar ilə ehtiyaclarını ortadan qaldırmaqdakı
təsərrüfünü bilmək də, (bu mərifətə) daxildir.
Qulun, bu isimdən nəsibi, varlığın surəti üçün uyğun olan elmi surəti qazanmaqdır. Çünki elm, şübhəsiz, nəfsdə, məluma uyğun olan surətdir. Allah (azzə və cəllə)'nin surət haqqındakı elmi (biliyi), ayanda (xarici aləmdə), surətlərin varlıq qazanma səbəbidir. Ayanda mövcud olan surətlər isə, insan qəlbindəki elmi surətlərin hasil olmasına səbəbdir.
Bax, bu yolla, qul, Allah (subhənəhu və taala)'nın isimlərindən "əl-Musavvir" isminin mənası haqqında bilik əldə edə bilər. Bununla bərabər, nəfsində (haqqında danışılan) surəti iqtisab etməsilə (əldə etməsilə), -məcaz yolu ilə olsa belə- sanki, musavvir kimi olmuş olar. Şübhəsiz ki, o elmi surətlər, həqiqətdə, Allah Taala'nın xəlq və ixtirası ilə, qulun feli xaricində meydana gəlir. Qul isə, Allah Taala'nın rəhmətinin bol-bol gəlməsi üçün, səy göstərər.
...إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ...
"...Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz..." (Ra'd/11)
(Bundan dolayı), Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sizin günləriniz içində, Rəbbinizin rəhmət yelləri(ni verdiyi günlər) vardır. Diqqət edin! Bundan faydalanmağa çalışın." (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", l, 250)
--------------------------------
"əl-Xaliq" və "əl-Bari"yə gəlincə: Qulun bu isimlərdən nəsibi, yenə uzaq bir məcazdan başqa bir şey deyildir. Bunun vəchi, budur:
Xəlq və icad, elmin gərəyincə qüdrəti istifadə etməyə racidir (yəni, yaratmaq, elm sifətinə uyğun olaraq, qüdrət sifətinin iş görməsinə bağlıdır). Allah Taala da, qulda, bir elm və qüdrət yaratmışdır. Beləcə, qul, elminə müvafiq olaraq, qüdrəti daxilində ki şeyləri təhsil edir.
Mövcudat (ikiyə ayrılır):
1. Meydana gəlməsində, qulun qüdrətinin əsla rolu olmayanlar. (Buna misal olaraq): səma, göydəki ulduzlar, heyvanlar, yer, bitkilər və digərləri.
2. Qulun qüdrəti olmadan, meydana gəlməyənlər. Bunlar isə, qulların əməllərinə racidir. (Buna): sənət, siyasət, ibadət, mücahidələr (misal verilə bilər). Qul, riyazət yolu ilə, nəfsilə cihad etməklə, nəfsinə və xalqa (xeyir yoluna çevirib təkamül etdirmək mənasında) siyasət edə-edə, elə bir mərtəbəyə çatar ki, daha əvvəl istinbat edilməyən işləri, tək başına istinbat edə bilər; bu xüsuslar üzərində, fel yolu ilə də təsirli olmağa müqtədir olub başqalarını da tərğib edə (yəni, bu işlərə rəğbətləndirməyə, təşviq edə) bilər. Beləcə, daha əvvəl varlığı olmayan bir şeyi, yoxdan var edən "muxtəri" kimi olar. Məsələn, şahmatı icad edən üçün, "Onu, var etdi.", "Onu, ixtira etdi." deyirlər. Çünki, daha əvvəl olmayan bir şey meydana gətirmişdir. Ancaq, özündə xeyir olmayan bir şeyi vaz etmək (meydana çıxarmaq), mədh sifətləri arasında sayılmaz.
Xeyirlərin qaynağı olan riyazətlər, mücahidələr, sənətlər, (bir növ) surətlər və tərtiblərdir. İnsanlar, bunları, bir-birilərindən öyrənərlər. Şübhəsiz ki, bu (silsilə), bunları ilk istinbat və vaz edənə qədər gedər. Bunları ilk dəfə vaz edənlər, beləliklə, sanki, o surəti ixtira, xəlq və təqdir edən kimi olarlar. Hətta məcazi olaraq "xaliq" ismini onlara vermək, caiz olar.
Allah Taala'nın isimlərindən bəziləri, məcazən, qullar üçün də istifadə edilə bilər; bir çox isim, belədir. Bunlardan bir qismi, -Sabur və Şəkur kimi- qul haqqında həqiqət olub, Allah Taala haqqında isə, məcazdır. Bu halda, isimdəki müşarəkətə (isim bənzərliyinə) diqqət edib, zikr etdiyimiz fərqliliyi nəzərdən qaçırmamaq lazımdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
