Muqaddim və Muaxxir isimlərinin şərhi
71 və 72. Muqaddim və Muaxxir isimlərinin şərhi:
"əl-Muqaddim" və "əl-Muaxxir": "yaxınlaşdıran" və "uzaqlaşdıran" deməkdir.
~ Yaxınlaşdırdığını, təqdim etmiş;
~ Uzaqlaşdırdığını isə, təxir etmiş
deməkdir.
• Peyğəmbərlərini və vəlilərini, yaxınlaşdırmaq və hidayət etmək surətilə təqdim etmiş;
• Düşmənlərini isə, uzaqlaşdırmaq və Özü ilə onların arasına pərdə qoymaq surətilə təxir etmişdir. Məsələn:
Padşah, 2 nəfəri özünə yaxınlaşdırıb bunlardan birini, digərinə nəzərən daha yaxın qılsa, buna, "Onu təqdim etdi." deyilir. Yəni, onu, digərlərindən qabağa çəkmiş oldu.
"Quddəm" (iləridə olmaq), bəzən məkanda, bəzən isə mərtəbə/rütbədə olur. Rütbə ilə iləridə olan, önündə olduğu şeyə nəzərən, öndə olmuş olur. O halda, burda, qayə deyilən bir məqsəd olmalıdır ki, iləri keçən, ona bağlı olaraq iləri keçsin; arxada qalan da, yenə ona bağlı olaraq arxada qalsın. Məqsəd isə, Allah (subhənəhu və taala)'dır. Allah Taala nəzdində, muqəddəm olan (iləri keçirilən), muqarrəb (Ona yaxın) olan kimsədir. O, mələkləri təqdim etmiş; sonra Peyğəmbərləri; sonra vəliləri; sonra da alimləri. Hər mutəaxxir (arxada qalan) isə, önündə olana nəzərən təxir edilmiş (ertələnmiş, axıra buraxılmış); arxasında olana nəzərən isə, təqdim edilmiş (iləri çəkilmiş)'dir. Muqaddim də, Muaxxir də, Allah (subhənəhu və taala)'dır. Çünki, əgər sən, qulların təqaddum (iləri çıxmalarını) və təaxxur (geri qalmalarını), müvəffəq olmalarına və ya təqsirlərinə, fərqli vəsflərdəki kamal və ya nöqsanlıqlarına bağlayacaq olarsansa:
~ onların arzu və motivasiyalarını elm və ibadətdə müvəffəq olacaq şəkildə yönləndirən, Kimdir?
~ yaxud da, arzularını, (öz kisblərilə) doğru yolun ziddinə yönləndirmək surətilə təqsirli olmalarına səbəb olan, Kimdir?
Bunların hamısı, Allah Taala'dandır. Muqaddim də, Muaxxir də, Odur. Burdakı təqdim və təxir, mərtəbə/rütbə cəhətindəndir. Burda, iləri çıxmış olanın, elmi və əməli ilə deyil; Allah (azzə və cəllə)'nin iləri çıxarması ilə iləri çıxdığına işarət vardır. Mutəaxxir də, eyni şəkildə. Allah Taala'nın bu ayələri, bunu açıqlamadadır:
إِنَّ ٱلَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا ٱلْحُسْنَىٰٓ أُو۟لَـٰٓئِكَ عَنْهَا مُبْعَدُونَ
"Əzəldən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar, Oddan uzaqlaşdırılmış olacaqlar." (Ənbiya/101)
وَلَوْ شِئْنَا لَءَاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَـٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ
"Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: 'Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!' Sözüm yerinə yetəcək." (Səcdə/13)
Tənbeh:
Qulun, feli sifətlərdən nəsibi, zahirdir. Bu səbəblə, mövzunu uzatmaqdan həzər etmək üçün, hər isimdə, bu məsələni təkrar etməyəcəyik. Çünki, dilə gətirdiyimiz qisimlərdə, kamal yolunun tərifi mövcuddur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
