Kəbin Əqdi,Kəbin Əqdinin Əsasları, Mehr, Rəsmi və dini nikah.


Təklik Allaha məxsusdur. Çünki o uca Yaradıcı, bir və tək olmağı yalnız özünə xas bir keyfiyyət qılmış və bu etibarla bütün varlıqları cüt olaraq yaratmışdır. Buna görə də, bütün varlıqlar cüt olmaq xüsusiyyəti baxımından bir-birilərinə möh-tacdırlar.


Məxluqat arasında başqasına möhtac olma baxımından ən başda gələn insandır. İnsanın ehtiyac və istəkləri digər varlıqlara görə daha çoxdur. Üstəlik bu ehtiyaclar mütəmadi şəkildə artır və həyatının sonunadək bitmir. Çünki insanda hər zaman maddi və mənəvi rahatlıq içində yaşamaq arzusu mövcuddur. Sıxıntı, yoxsulluq, iztirab, əziyyət və fəlakətlər ona çətin gəlir. Xüsusilə belə vaxtlarda ona uzanacaq bir əl, sığınacaq bir könül axtarır.


"Hər şeyi cüt yaratdıq ki, düşünüb ibrət alasınız." (əz- Zariyat, 49)


"Yerin bitirdiklərindən, insanların özlərindən və hələ mahiyyətini bilmədikləri şeylərdən bütün cütləri yaradan  Allah pakdır, müqəddəsdir" (Yasin, 36)


"Və sizi cüt-cüt yaratdıq." (ən-Nəbə, 8)


Kişinin qadına, qadının da kişiyə ehtiyac və meyli əsas olaraq nəslin davam etdirilməsi üçün labüddür. Cəmiyyətin mədəni səviyyəyə qovuşması və ailələrin ülvi ilahi nəşə və səadətlə dolması üçün vacib amillərin başında xoşbəxt bir ailə mühiti gəlir. Buna görə də ailə qurularkən kişi və qadın bir-birlərinə Allah adına söz verirlər. Bu söz onların yaradılış qayələri istiqamətində bir məhəbbəti reallaşdırmaq üçün niyyət və səyləridir. Bu niyyət və səyləri davam etdirən amil isə şübhəsiz ki, qarşılıqlı hörmət, etimad və səmimiyyətdir.

Kəbin Əqdi

"(Kəbini) sizə halal olan qadınlarla evlənin ...”  (Nisa, 4/3.)


I. Bəy və gəlin olmağa hazırlaşan şəxslər hansı xüsusiyyətlərə malik olmalıdır:


1. İtaətkar (dininin hökmlərinə riayət edən, onun göstərişlərinə qulaq verən və əməl edən) və gözəl əxlaq sahibi olmalıdırlar:


"Dini və əxlaqından razı qaldığınız kəs sizdən qız istədiyi zaman onu evləndirin. Əgər bunu etməzsəniz yer üzündə fitnə və böyük fəsad yarancaqdır.” (Tirmizi, Nikah, 1083. 57.)


"Qadınla dörd şeyə görə evlənilər: Malına görə, əsil-nəcabətinə görə, gözəlliyinə görə və dininə görə. Sən dindar (dininin hökmlərinə riayət edən, onun göstərişlərinə qulaq verən və əməl edən) olanı seç ki, hər iki əlin bərəkətlənsin (dünya və axirətdə xoşbəxt olasan).” ( Buxari, Nikah, 1466.)


2. Hər iki namizəd əxlaqlı nəsildən olmalıdır:


3. Yaxın qohum olmaması daha münasibdir:


(Tibb mütəxəssislərinin fikrincə əmiqızı, dayıqızı və xalaqızı kimi yaxın qohumlarla ailə qurulduğu zaman uşaqların xəstə doğulması ehtimalı yüksək olur.)


4. Bir-birinə münasib olmalıdırlar:


Vəzifə baxımından bərabər olmalıdırlar.


5. Əgər mümkünsə bakirə seçilməlidir:


"Bakirə olanları seçin, çünki onların ağzı daha şirin olur, daha çox uşaq dünyaya gətirməyə qadirdirlər və aza qənaət edirlər.” ( İbn Macə, Nika, 1860)

II. Ailə qurulacaq qadına baxmaq:


Bir qadınla evlənmək istəyən Muğirə bin Şöbəyə (Allah ondan razı olsun) Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:


"O qadına bax, çünki görüb, baxıb evlənmək daha sonra aranızdakı ülfətin davam etməsinə səbəb olar.” ( Tirmizi, Nikah, 1087.)


Ənsardan bir xanımla evlənmək istəyən başqa bir səhabəyə də Hz. Peyğəmbər Aleyhissalatu Vəssəlam qadına baxmaq təlimatını vermişdir. (Müslim, Nikah, 1424)


Bu zaman evləniləcək qadının sadəcə üzünə və əllərinə baxmaq caizdir. Əgər daha dolğun məlumat almaq istəyirsə, ona baxmaq üçün bir qadın göndərə bilər. Həmin qadın xoşladığı qadını oğlana ədəb çərçivəsində vəsf edə bilər. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm Ümmü Süleymi (r.anhə) öz adından evlənmək istədiyi qadına baxmaq üçün göndərmişdir. (Bu hədisi Hakim nəql etmiş və səhih hökmünü vermişdir. Nikah, 2/2699.)

III. Nişanlı şəxslərin təklikdə qalmasına İslam necə yanaşır:


Dövrümüzdə ailə qurmaq istəyən nişanlıların bir-birinin təbiətini və psixologiyasını öyrənmək adı altında qol-qola verib tənha yerlərdə görüşməsi adət halına gəlmişdir. Bu, İslamın ruhuna ziddir. Hz. Peyğəmbər  sallallahu aleyhi və səlləm belə buyurmuşdur:


 "Yanlarında bir məhrəmləri olmadığı halda bir kişi bir qadınla baş-başa qalmasın." (Buxari, Nikah, 4935)


Bağlanan nişan baş tutmayacağı təqdirdə bundan ən ziyanlı çıxan qız olacaqdır. Çünki nişanlısı ilə bu dərəcədə yaxın olan bir qıza təbiəti etibarilə başqa bir oğlan yaxın durmaq istəməz. Unudulmamalıdır ki, kəbin aktı bağlananadək nişanlılar bir- birinə yaddırlar, ər-arvad deyillər.


"(Naməhrəm) bir kişi bir qadınla baş-başa qalmasın, çünki onların üçüncüsü (şəhvətlərini təhrik edən) şeytan olacaqdır." (Tirmizi, Fitən, 2165.)

Kəbin Əqdinin Əsasları (Rüknləri)


Kəbin aktının beş rüknü (əsası) vardır. Bu rüknlərdən biri yerinə yetirilmədiyi təqdirdə kəbin aktı etibarsız sayılır.


1. Ecab və Qəbul


Ecab dedikdə, qızın vəlisinin (ata, baba, qardaş kimi qıza yaxın olan kəsin) bəyə: "Mən qızım (məsələn Gülçöhrənin) kəbinini sənə kəsdim, ərə verdim", -deməsi nəzərdə tutulur.


Qəbul dedikdə isə bəyin ona qızın vəlisi tərəfindən edilən yuxarıdakı ecabı: "Mən sizin qızınız (Gülçöhrənin) kəbinini qəbul etdim, onu özümə həyat yoldaşı qəbul etdim", -deyərək qəbul etməsidir.


Ecab və qəbulda bu şərtlərə riayət edilməlidir: Ecab və qəbul arasında uzun fasilə verilməməli, "kəbinini kəsdim", "həyat yoldaşı qəbul etdim" kimi açıq ifadələr işlədilməlidir. Kinayəli sözlər işlədilməməlidir.


2. Bəy


Bəy müəyyən olmalıdır. Həcc və ümrə etmək üçün ehramda olmamalıdır. Bəy ilə gəlin bir-birinə kəbini halal olan kəslərdən olmalıdır.


3. Gəlin


Gəlin müəyyən olmalıdır. Gəlinin kəbini bəyə halal olmalıdır. Belə ki, evlənilməsi haram olan kəslərin sinfinə daxil olmamalıdır. Həmçinin bundan əvvəl evli olmuşdursa, əvvəlki ərindən gözlədiyi iddət müddəti bitmiş olmalıdır. Həcc və ümrə etmək üçün ehramda olmamalıdır.


4. Vəli


Vəli dedikdə qızı evləndirmək səlahiyyəti əlində olan kəslər nəzərdə tutulur. Buraya sıra ilə ata, baba, doğma qardaş, atabir qardaş və s. daxildir. Əgər ata yoxdursa, baba onu əvəz edir. Əgər baba yoxdursa, doğma qardaş vəli rolunda çıxış edir...


Vəli olan şəxs müsəlman, ağıllı, həddi-büluğa çatmış və ədalətli olmalıdır. Burada diqqət ediləcək bir əsas məsələ də odur ki, vəli qızı istəmədiyi şəxslə məcburi evləndirə bilməz.


Hənəfilərə görə ağlı başında olan və yetkinlik çağına çatan qız və oğlanlar vəlinin iştirakı olmadan kəbin kəsdirə bilərlər. Lakin bu zaman qadın öz tayı ilə evlənməli (məsələn, ziyalı və ya zadəgan ailəsinin övladı şaxtaçı, dərzi və ya çilingər ailəsinin övladı ilə tay hesab olunmur) və o qızın mehri həmin bölgədə yaşayan və eyni kateqoriyadan olan taylarının mehrindən az olmamalıdır. Əks təqdirdə valideyn nikahı fəsx etmə (pozma) hüququna malikdir. Əksər məzhəb imamlarına görə rüşd (yetkinlik) çağına çatmış qız uşağının nikahının etibarlı olması üçün valideynin icazəsi şərt (rükn) sayılmış, hənəfilərə görə isə məndub hesab edilmişdir. (Dəlilləriylə İslam Elmihalı, s. 840, Hazırlayanlar: Anar Qurbanov, Səttar Məlikov; Muhəmməd Muhyiddin Əbdülhəmid, əl-Əhval əş-Şəxsiyyə fi əş-Şəriə əl-İslamiyyə, s. 23)


5. İki şahid


Müsəlman, həddi-büluğa çatmış, ağıllı, ədalətli (İmam Əbu Hənifənin rəyinə görə şahidlərin ədalətli olması şərt deyildir), görmə və eşitmə qabiliyyətləri yerində olan iki kişi şahid kimi kəbin aktında iştirak etməlidir. Kəbin haqda ətraflı məlumat almaq üçün Fiqh kitablarına müraciət edilməlidir. Onu da qeyd etməliyik ki, burada qeyd olunan kəbin aktı qısa şəkildə Şafei məktəbinə görə yazılmışdır.

Mehr


Mehr- bağlanan kəbin aktı səbəbilə bəy tərəfindən gəlinə verilməsi vacib olan maldır (Mehr qızıl, gümüş, zinət əşyası, nağd pul, ev, maşın və s. kimi şeylərdən ola bilər):


"Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (Nisa, 44)


Kəbin aktı bağlanarkən mehrin miqdarının təyin edilməsi sünnədir. Əgər kəbin aktı əsnasında mehrdən söz açılmamışdırsa, kəbin aktı yenə də səhihdir. Ancaq belə edilməsi kərihdir.


Kəbin aktı əsnasında mehr müəyyən edilməmişdirsə və ya edildiyi halda miqdarı mövzusunda razılıq əldə edilməmişdirsə, bu zaman gəlinə əmsal-mehr verilir. Yəni bacısına, əmisi qızına nə qədər mehr verilmişdirsə ona da həmin miqdar verilməlidir.


Mehr tamamilə gəlinə aiddir. Vəlilər də daxil olmaqla heç kəsin bunda bir haqqı yoxdur.


Mehrin miqdarına gəldikdə isə minimal və maksimal bir həddi yoxdur (Hənəfilərə görə isə mehrin maksimum həddi olmamaqla yanaşı minimum miqdarı 10 dirhəm və ya bunun dəyəridir. Belə ki, kəbin əsnasında müəyyən edilmiş mehrin miqdarı 10 dirhəmdən az olarsa avtomatik olaraq 10 dirhəmə yüksəlir). Əsas məsələ odur ki, simiclik edilmədən və ya böyük məbləğdə borca baş vurmadan hər iki tərəfi xətircəm edən bir miqdar üzərində razılıq əldə edilsin. Bunun üçün Allah Rəsulu -səlləllahu əleyhi və səlləm- nikahın çətinləşdirilməməsi üçün ümmətini xəbərdar edərək buyurur:


"Nikahın ən üstünü əziyyətsiz (asan) olanıdır.” (Əbu Davud, Nikah, 32)


Buradan da aydın olur ki, nikahda alınan başlıq pulu, süd haqqı və s. bu kimi adətlər nikaha çətinlik yaradan ənənələrdir.


Gəlin kəbin aktından sonra bəy ilə cinsi əlaqəyə girdikdən sonra mehrin hamısını əldə edir. Aralarında cinsi əlaqə olmadan boşanma hadisəsi olarsa gəlinə mehrin yarsı verilir:


"Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etməzdən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.” (Bəqərə,2/237)

Rəsmi Nikah Olmadan Yalnız Dini Nikah iləKifayətlənmək Olarmı?


Nikah aktı zamanı nikah evi məmurunun və ya bir din xadiminin olması nikahın rükn (ünsür) və ya şərtlərindən deyil. Lakin rəsmi nikah etdirmədən yalnız dini nikahla kifayətlənməyi, hal-hazırkı hüquq sistemi yetərli hesab etmədiyi üçün belə bir nikah hüquqi cəhətdən qüvvəsizdir. Tərəflər İslamın təmin etdiyi hüquq və öhdəliklərə tamamilə tabe olduqları təqdirdə, hər hansı problem olmaya bilər. Ancaq istər doğulacaq uşaqların doğum haqqında şəhadətnamə məsələsi, istərsə də bir anlaşmazlıqda ərin mehr, nəfəqə, uşaqların himayəçiliyi kimi maddi öhdəlikləri yerinə yetirməməsi vəziyyətində, qadın qanuni yolla bunları tələb etmə hüququndan məhrum olur. Vəfat etdikdə isə, əvvəlcədən təminat altına almamışsa vərəsəlik hüququnda da digər varislərin insafına qalır.


Bununla yanaşı qeyd etmək lazımdır ki, nikah məmurunun evlənən tərəflərdə din fərqliliyi və süd qohumluğu kimi dini şərtləri araşdırma səlahiyyəti olmadığı üçün nikahın bir din xadiminin nəzarətində qıyılması, bu mövzuda meydana gələ biləcək səhvlərin qarşısının alınması üçün labüddür. Bu səbəbdən rəsmi nikahdan sonra dini nikahın qıyılması, din xa- diminin nikahın İslami qaydalara da uyğun olduğunu təsdiq etməsi mənasına gəlir. (Dəlilləriylə İslam Elmihalı, s. 865, Hazırlayanlar: Anar Qurbanov, Səttar Məlikov)


ARİF ABDULLAH: İslam nöqteyi-nəzərindən evlilik və məhrəm xüsuslar/ İpəkyolu Nəşriyyatı ,BAKI - 2011 

Read 10.116 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR