İslam Hüququ və Milli Qanunvericilik nöqteyi-nəzərindən Homoseksualizm
akademik V.M.Məmmədəliyev,
BDU-nun “İlahiyyat” fakültəsinin dekanı,
Müşərrəf Əliyeva,
Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının dissertantı
Müasir dövrdə dünya dövlətlərinin böyük əksəriyyətini əhatə edən qloballaşma şəraitində xalqların özünəməxsus milli-mənəvi dəyərləri nəzərə alınmaqla insan hüquq və azadlıqlarının təmin olunması məsələsi aktual problemlərdən biri hesab edilir. Belə ki, dövlətlərarası münasibətlər müxtəlif xalqlar arasındakı mədəniyyət mübadilələri ilə nəticələnir. Hansı ki, bu mədəniyyət mübadilələri azsaylı xalqların mədəniyyətinin və mənəvi dəyərlərinin böyük xalqların mədəniyyətinin təsiri altında tədricən silinib yox olmasına, mədəni eyniliyin yaranmasına, millətlərin min illərdən bəri qoruyub saxladıqları adət-ənənələrin, milli-mədəni dəyərlərin arxa plana keçməsinə, ümumbəşəri dəyərlərin əhəmiyyət kəsb etməsinə gətirib çıxarır. Bir sözlə, qloballaşma ictimai həyatın bütün sahələrində (siyasi, iqtisadi, mədəni) qərb düşüncə formasının təbliğ edilməsidir.
Akademik Ramiz Mehdiyev “Qloballaşma dövründə dövlət və cəmiyyət” adlı məqaləsində yazır: “Qloballaşma suveren dövlətlər arasındakı sədləri dağıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya salır, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır. O, əvvəla, milli mədəniyyət və ənənələrin öncüllüyünü dağıdır, özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir [Mehdiyev R. Qloballaşma dövründə dövlət və cəmiyyət. 27 sentyabr 2007 il (www.mediaforum.az).].
Qloballaşan dünyamızda respublikamızın da bu “qərbləşmə” prosesindən kənarda qala bilməməsi təbiidir. Bu proses insan hüquq və azadlıqları sahəsində də özünü büruzə verir, qanunvericilik səviyyəsində mentalitetimizə uyğun olmayan bəzi normaların qəbulunda, “avropaya inteqrasiya” adı altında tədricən milli-mənəvi, mədəni dəyərlərimizin yox olmağa üz tutmasında öz əksini tapır. Bu gün qərb dünyası tərəfindən cəmiyyətimizə “müasirlik”, “avropaya inteqrasiya”, “ümumbəşəri dəyərlər”, “insan hüquqları” adı altında “sırınan” “dəyərlər” cəmiyyətimizin gələcəyini və ailələri təhlükəyə sürükləməkdədir. Bu təhlükənin qarşısının alınmasında qismən də olsa iştirak etmək, həmçinin cəmiyyətimizin üzvlərinin maarifləndirilməsi məqsədilə məqalədə şəxsiyyət əleyhinə cinayətlərdən biri olan uşaqbazlıq islam dini və milli qanunvericiliyimiz nöqteyi-nəzərindən tədqiq edilmişdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, avropanın cəmiyyətimizə inteqrə etdiyi “dəyərlərdən” biri də homoseksualizmdir (uşaqbazlıqdır). Bütün dinlər, o cümlədən islam dini vasitəsilə qadağan edilmiş əməllərdən biri olan homoseksualizm qədim dövrlərdə şərq ölkələrində günah və cinayət hesab olunurdu. Buna görə də onların məskunlaşdığı ərazilərdə xüsusi nəzarət təşkil olunur, cəmiyyətə qarışmalarının qarşısı alınırdı. Şərq ölkələrindən fərqli olaraq Qədim Yunan elitasında bu cür münasibətlər geniş vüsət tapmışdı. XIII əsrdə kilsənin müdaxiləsi nəticəsində qəbul olunmuş qanunlara əsasən, İngiltərədə homoseksualları tonqalda yandırırdılar. XIX əsrə kimi homoseksualları həm fiziki, həm də psixoloji baxımdan sıxışdırırdılar. XIX əsrdən sonra psixiatorlar homoseksualizmi psixiki xəstəlik kimi qəbul edirdilər. 17 may 1990-cı ildə homoseksualizm Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatorlar Cəmiyyəti tərəfindən “Ruhi Xəstəliklərin Çin Təsnifatı”ndan çıxarılmışdır. Homoseksuallığın yaranması ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib. Bəzi həkimlər hesab edir ki, homoseksual olub-olmamaq insan hələ doğulmamışdan əvvəl müəyyənləşir. Bəziləri isə seksual orientasiyanın konkret bir faktorla deyil, genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşdiyi fikrini irəli sürürlər. Beləliklə, homoseksualizm xəstəlik hesab olunmur və müalicəsi üçün heç bir əsas yoxdur [az.wikipedia.org].
XX əsrin əvvəllərinədək homoseksualların hüquq və vəzifələri cəmiyyətə məlum deyildi. 1960-cı illərdən etibarən homoseksualların hüquqları hazırlanmağa başlandı. Homoseksuallar onlara seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb edirdilər. Uzunmüddətli mübarizələrdən sonra 2001-ci ildə Hollandiyada homoseksualların evlənməsinə və övladlığa uşaq götürməsinə rəsmi icazə verildi. Bundan sonra Belçikada, İspaniyada, Kanadada, CAR, Norveç, İsveç, Portuqaliya və İslandiyada da oxşar qanunlar qəbul edildi. 17 iyun 2011-ci ildə BMT ilk dəfə olaraq, “İnsan hüquqları, seksual orientasiya və gender bərabərliyi” haqqında Qətnamə qəbul etdi. Qətnaməyə əsasən, seksual orientasiyaya görə diskriminasiya qadağan edilir [az.wikipedia.org].
Hal-hazırda tibbi və psixoloji baxımdan homoseksualizm normal hal hesab olunmaqla, homoseksuallar cəmiyyətin bərabərhüquqlu üzvləridir və buna görə də onlara hər hansı qadağa və ya zor tətbiq etmək olmaz. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da homoseksuallar öz cinsi oriyentasiyalarını gizlətmirlər, hətta cinslərini dəyişdirənlər və özlərinə toy edənlər də var.
Homoseksualizm Qurani-Kərimdə də ifadə olunduğu kimi, Lut peyğəmbərin qövmünün iyrənc və ən ağır şəkildə cəzalandırılmış əməli olmaqla, tarixin demək olar ki, bütün dövrlərində tətbiqi müşahidə edilmiş, müasir dövrdə isə daha geniş vüsət tapmışdır. Təfsirçilərə görə [9, 14/168,], uşaqbazlıq Lut qövmü tərəfindən icad edilmiş əməl olmamaqla, daha əvvəl də mövcud olmuşdur. Lakin Lut qövmü bu əməli kütləviləşdirdiyi və ictimailəşdirdiyi üçün Qurani-Kərimdə daha əvvəl heç bir qövmün etmədiyi əməli etməklə qınanmışlar.
Lut (ə.s.) və qövmü Quranda 27 yerdə zikr edilməklə, vəziyyətlə bağlı məlumat verən Ənkəbut surəsinin 28-29-cu ayələrində buyurulur:
“(Ya Rəsulum!) Lutu da (yad et)! Bir zaman o, öz qövmünə demişdi: “Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətən siz (şəhvətlə) kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?”.
Əraf surəsinin 80-81-ci ayələrində:
“Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəfvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!” deyilir.
Şüəra surəsinin 165-166- cı ayələrində:
“Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!” deyilməklə bu əməlin çirkinliyi bir daha vurğulanır. Ayələrdən də anlaşıldığı kimi, Lut qövmü bu mövzuda bütün cəmiyyətləri geridə qoyacaq ölçüdə həddi aşmışdılar. Allah onları peyğəmbəri (Lut) vasitəsilə dəfələrlə doğru yola dəvət etməklə, bu çirkin əməldən çəkindirməklə xəbərdar etdikdən sonra şiddətli əzaba məruz qoymuşdur. Quranda, həmçinin Tövratda [14, Yaradılış II/13, 18, 19] bu fəlakətlə bağlı ətraflı məlumat verilir:
“...Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!” [əş- Şüəra:26/160-175; əl-Hicr:15/51-77; ən-Nəml:27/54-58; əs-Səffat:37/133-137: əl-Qəmər:54/33-39].
(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da başına yağar)” [Hud:11/75-83].
Bu ayələri ehtiva etməkdə Quranın məqsədi tarixi bir hadisəni rəvayət etmək deyil, homoseksualizm kimi iyrənc əməllə məşğul olan bir qövmün gec-tez məhv ediləcəyini elan etmək və insanları bu iyrənc, yaradılışa zidd əməldən çəkindirməkdir.
Qurani-Kərimin Nisa surəsinin 15-16-cı ayələrində homoseksualizmlə məşğul olan qadın və kişilər üçün buyurulur:
“Qadınlarınızdan zina (fühuş) edənlərə qarşı öz aranızdan (möminlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin! İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!”
Bu ayələrdə homoseksualizm adlandırılan, lezbiyanlıq (qadınlararası) və uşaqbazlıq (kişilərarası) olmaqla cinsi anormallıq və onun cəzası ifadə edilmişdir. Ayələrdə qadınlararası münasibətin cəzası olaraq evlərdə həbs, kişilər arası münasibətin cəzası olaraq əziyyət müəyyən edilmişdir. Lakin hər iki cəzadan qurtulmağın çarəsi də göstərilmişdir. Bu cür münasibətə girən qadınların evdə həbs cəzası Allah onların xeyrinə yol göstərdiyi vaxt sona çatar. Kişilərarası münasibətin əziyyət cəzası da onların tövbə edib bu əməldən çəkinməsi ilə sona çatar. Belə ki, bu əməllərindən sonra həqiqətən tövbə edib çəkinənlərə artıq əziyyət edilməz.
Alimlərin böyük əksəriyyətinə görə bu ayələr zina cəzasının ilk pilləsini təşkil edir. Birinci ayədə zina edən qadınlara həbs cəzası, ikinci ayədə zina edən kişilərə əziyyət cəzası gətirilmiş, həmin ayələr daha sonra nazil olmuş Nur surəsinin 2-ci ayəsi ilə qüvvədən düşmüş, zina edən subay kişi və qadın üçün yüz çubuq cəzası, evli tərəflər üçün isə daşlanaraq öldürülmə cəzası müəyyən edilmişdir.
Nisa surəsinin 15-16-cı ayələri homoseksuallıqla məşğul olan qadın və kişilər üçün evdə həbs və əziyyət cəzalarını nəzərdə tutur. Nur surəsinin 2-ci ayəsi isə zina edən kişi və qadınlar üçün yüz cubuq cəzasını nəzərdə tutur. Əgər Nisa surəsinin 15- 16-cı ayələrində də zina və onun cəzasından bəhs edilsəydi, onda Nur surəsinin 2-ci ayəsində bu barədə qeyd edilməzdi, yəni bu mövzuda cəza bir ayə ilə verilərdi. Ayələrdən də göründüyü kimi, fərqli mövzuları ehtiva etməklə müxtəlif cəzalar nəzərdə tutulur.
Nisa surəsinin 15-ci ayəsində qeyd edilmiş “Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin” ayəsinin zina haqqında olduğunu iddia edənlər həmin cümlədə göstəriləcəyi bildirilən yolu yüz çubuq vurmaq və rəcm (daşqalaq etməklə öldürmək) şəklində izah etmişlər. Halbu ki, bu cəzalar qadının xeyrinə deyil, zərərinədir. Bunlar qadın üçün çox ağır cəzalardır. Allahın bu vəziyyətdən çıxış yolu kimi bu qadınlara ərə getməyi nəsib etməsi onların lehinə olan bir yoldur.
Lezbiyanlıqla məşğul olan qadınlar evdə nəzarət altında saxlanılarlar, ərə gedənədək evdən bayıra çıxarılmazlar. Yalnız ərə getdikləri və ya bu əməldən vaz keçdikləri təqdirdə, evdə həbs cəzasından azad olarlar.
Bir biri ilə zina edən kişi və qadın isə hər birinə yüz şallaq vurmaqla cəzalandırılır [ən-Nur:24/2].
Cəzalarla bağlı Nisa surəsinin 26-cı ayəsində Allahın müsəlmanlara əvvəlki ümmətlərin şəriətləri haqda məlumat verdiyi elan olunduqdan sonra , “Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır” [ən-Nisa4/28] qeyd edilməklə, əvvəlki şəriətlərdə mövcud olan bəzi ağır cəzaların yüngülləşdirildiyi qeyd edilir. Qeyd etmək lazımdır ki, rəcm cəzası Qurani-Kərimdə müəyyən edilmiş cəza deyil. Rəcm cəzası Tövratda nəzərdə tutulmuşdur [14, Lavililer, 20, 24/16; Qanunun təkrarı, 22/13 və s.]. Quranda zina edənə yüz çubuq vurulması əmr edilmişdir. Rəcm cəzası hədis rəvayətçilərinin fərdi xəbərlərinə əsaslanır. Bu xəbərlərə əsaslanaraq son dərəcə ağır cəza olan rəcmin tətbiqini məqsədəmüvafiq hesab etmirik. Quran ilə yüz cubuq cəzası olaraq yüngülləşdirilmiş bu cəzanın peyğəmbər dövründən sonra adətlərin və rəvayətçilərin təsiri ilə yəhudilikdən islam hüququna sızdırıldığına inanırıq. (Cümlənin sonundakı "məqsədəmüvafiq hesab etmirik" sözündən də başa düşülür ki, müəlliflər burada öz fikirləri əsasında fətva vermişlər. Təbii ki bu qəti şəkildə qəbul edilməzdir. Onlar İslam Hüququ ilə bağlı hər hansı mövzu haqqında fətva vermək, hər hansı fikiri qəbul və ya rədd etmək səlahiyyət və əhliyyətinə sahib deyillər, bu onların sahəsi deyil. Zina cəzası ilə bağlı bu məqaləni oxumağınızı tövsiyyə edirik. Zina Cinayətinin Cəzası: Rəcm və Cəldə.)
Uşaqbazlıq üçün şəriətdə bir cəza müəyyən edilməmişdir. Qurani-Kərimdə bütün günahlar üçün cəza nəzərdə tutulmur. Belə ki, şərab içmək də haramdır, lakin Quranda şərab içənlər üçün cəza nəzərdə tutulmur. Belə günahların cəzası Allah qatındadır.
Uşaqbazlıq son dərəcə çirkin bir əməldir, yaradılışa ziddir. Quran bu əməlin iştirakçıları üçün əziyyət vermək cəzası nəzərdə tutur. Əziyyət vermək xalq içində təhqir etmək, döyməklə həyata keçirilir. Cəzanın məqsədi həmin şəxsləri cəmiyyətdə rüsvay etməklə bu çirkin əməldən çəkindirməyə çalışmaq, onların bu əməllərinin insanlar arasında vüsət tapmasının qarşısını almaqdır, günahkarı öldürmək, şikəst etmək məqsədilə döymək deyil.
Uşaqbazlığın cəzası ilə əlaqədar Nəsai xaricində Sünən sahibləri İqrimə vasitəsilə İbn Abbasdan “Lut qövmünün əməlini edənləri görsənin (bilsəniz) hər ikisini öldürün” [5, Hudud, 28; 13, Hudud, 24; 6, Hudud, 12; 1, 1/269.] hədisini rəvayət etmişdir. Lakin Nəsai bu hədisi səhih hesab etməmişdir. Belə ki, hədisin eyni şəxsin dilindən (Əbu Hüreyrə) müxtəlif şəkillərdə rəvayət edilməsi hədisin doğruluğuna şübhə yaratmışdır. Beləliklə, Peyğəmbərin (s.ə.v.) uşaqbazlıq edəni rəcm etdiyi və ya onun haqqında hökm verdiyi sübut edilməmişdir.
Tirmizi Sünənində homoseksuallıq haqqında hədisin sənədinin zəif olduğunu qeyd etmişdir [13, Hudud, 24; 5, Hudud, 28; 6, Hudud, 12].
Əbu Davudun Sünənində də uşaqbazlığın cəzası ilə əlaqədar alimlər tərəfindən fərqli fikirlərin irəli sürüldüyü qeyd edilir [5, Hudud, 28]. Səid ibn Müsəyyəb, Ata ibn Əbi Rabah, Nəhai, Həsən Bəsri, Qətadə, hənəfilərdən Əbu Yusuf, Muhəmməd, imam Şafii və bəzi alimlərin rəvayətinə görə, imam Malikin görüşünə əsasən, uşaqbaz evlidirsə, o zaman hədd cəzası tətbiq edilər, yəni rəcm edilər.
(Bizim əlavəmiz-İmam Şafiî'nin iki görüşündən daha zahir olanına görə, hansı ki Əbu Yusuf və İmam Muhamməd də bu fikirdədir- bu əməlin cəzası zinanın cəzası kimidir. Yəni muhsan (müsəlman olması, daha öncə nikahlı olduğu biri ilə bircə dəfə də olsun cinsi münasibətdə olması) isə rəcm edilir, muhsan olmasa yüz çubuq vurulur. Mef'ulə isə Şafiî'yə görə, muhsan da olsa qeyri-muhsan da olsa, qadın da olsa kişi də olsa yüz çubuq və bir il sürgün cəzası verilir.)
İmam Şafiiyə görə, passiv vəziyyətdə olan tərəfə kişi və ya qadın, həmçinin evli olmasından asılı olmayaraq, yüz çubuq vurular və bir il müddətinə sürgün edilər.
Əhməd ibn Hənbələ görə, uşaqbaz evli olub-olmamasından asılı olmayaraq öldürülər. (İmam Malik və Əhməd ibn Hənbəl başda olmaqla, digər bir qisim alimlərə görə, livata edənin cəzası rəcm edilməkdir, muhsan da olsa qeyri-ı muhsan da olsa fərq etməz-bizim qeydimiz)
Əbu Hənifənin görüşünə əsasən, uşaqbaza hədd cəzası deyil, təzir tətbiq edilər. Əbu Hənifəyə görə, bu əməl zina deyil. Çünki səhabələr uşaqbazın öldürülmə forması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Kimisi alovda yandırılmasını, kimi üzərinə divar yıxılmasını, kimi yüksək bir yerdən atılmasını söyləmişlər. Bir sözlə, bu əməl anormal münasibətə əsaslandığı üçün zina hesab olunmur. Zina əks cinslərin nümayəndələri arasındakı qeyri-qanuni münasibətdir”.
Hz. Əbu Bəkir, Hz. Əli kimi böyük səhabələrin də içində olduqları qrupa görə, uşaqbaz başı qılıncla kəsilməklə öldürülər [Ebu Davud Süleyman b. el-Eşas es-Sicistani. (ö.888m/275h), es-Sünen, Çağrı yayınları, İstanbul, 1981, I-V., Hudud, 28].
Quranın bu mövzuda müəyyən etdiyi cəza da təzirdir. Ona görə Əbu Hənifə uşaqbaza sadəcə təzir cəzasının tətbiq ediləcəyini demişdir. Çünki Quranda “Hz. Peyğəmbərin (s.ə.v.) hədislərində də homoseksualizm pislənmiş, bu əməli işləyənlərə Allahın rəhmət nəzəri ilə baxmayacağı bildirilərək [Tirmizi Ebu İsa Muhammed. (ö.892m/279h) es-Sünen, İstanbul, 1981, I-V., Rada, 12], uşaqbazlıq edənlərin lənətləndiyi ifadə edilmişdir [Ahmed ibn Hanbel. Müsned, Çağrı yayınları, İstanbul, 1981, I-VI. , 1/73].
Peyğəmbər (s.ə.v.) ümməti haqqında ən şox qorxduğu əməl olaraq Lut qövmünün bu çirkin davranışını bildirmiş [İbn Mace, Hudud, 12; Tirmizi, Hudud, 24] və onu qadağan etmişdir [İbn Mace, Nikah, 29; Ebu Davud , Nikah, 45; Tirmizi, Taharet, 102].
Cinsi ehtiyacların təbii və halal şəkildə ödənilməsi, yaradılışa uyğunluğun və iffətin qorunması, insan qürürunu zədələyən hər cür cinsi azğınlıqdan və pozğunluqdan uzaq durulması Quranın əsas tələblərindən biridir.
1400 ildir bəşəriyyətə hidayət rəhbəri olan Qurani-Kərim ictimai həyatın və münasibətlərin hər sahəsində insanlara doğru yolu göstərir. İslam dini cinsi münasibətlərdə də halal və haramların sərhədlərini müəyyən etməklə, insanın yaradılışına uyğun olan, həmçinin nəslin davam etməsi üçün cinsi münasibəti təşviq edir və bu yolla cəmiyyəti rifaha və əmin-amanlığa sövq edir.
Respublikamızda bu əməl 2001-ci ilədək cinayət hesab olunmaqla, AR-in keçmiş CM-nin 113-cü maddəsi ilə (Uşaqbazlıq) bu əmələ görə məsuliyyət nəzərdə tutulurdu. 2001-ci ildə bu maddə Avropa Şurasına üzv qəbul edilmək məqsədilə CM-dən çıxarıldı. Daha dəqiq desək, bu əməl respublikamızda icazə verilən olmaqla, onun tətbiqinə görə cinayət məsuliyyəti nəzərdə tutulmur.
Uşaqbazlığın ailə institutunu, həmçinin cəmiyyəti sarsıdan, mənəviyyata sığmayan, əxlaq normalarına uyğun gəlməyən, yaradılışa zidd olan əməl olduğunu nəzərə alaraq, bu əməlin AR CM-nin 20-ci fəslində müəyyən edilmiş şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdən biri qismində nəzərdə tutulmasını məqsədəmüvafiq hesab edirik. Avropaya inteqrasiya, avropa dəyərləri adı altında xalqımıza “sırınan” hərəkətlərdən biri kimi həm dinimizə, həm də mentalitetimizə zidd olan uşaqbazlığın (kişinin kişi ilə cinsi əlaqəsi) cinayət hesab edilməsini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci maddəsinin adının və dispozisiyasının dəyişdirilərək aşağıdakı redaksiyada verilməsini təklif edirik:
Maddə 150. Uşaqbazlıq və digər seksual xarakterli zorakılıq hərəkətləri
150.1. Kişinin kişi ilə cinsi əlaqəsi (uşaqbazlıq) - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.2. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə- üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.3. Eyni əməllər:
150.3.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
150.3.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 150.3.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
150.3.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə;
150.3.5. təkrar törədildikdə;
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
150.4. Eyni əməllər:
150.4.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
150.4.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;
150.4.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyərləri uşaqbazlığı (homoseksualizmi), qeyri-qanuni, nikahsız (heyvanların münasibətindən fərqi olmayan) münasibətləri, atasız (donor vasitəsilə), anasız (surroqat ana vasitəsilə) uşaq sahibi olmağı təlqin və təşviq edən, ailə institutuna heç bir dəyər verməyən, bir sözlə insanı insan kimi səciyyələndirən və onu heyvanlardan fərqləndirən dəyərləri aradan qaldırmağa çalışan, əxlaq normalarına tamamilə zidd olan hərəkətləri aşılayan və qloballaşma adı altında dövlətlərin daxili işlərinə müdaxilə etməklə, yuxarıda sadaladığımız qeyri-etik və heyvani “dəyərlərin” respublikamızda insan hüquqları adı altında müxtəlif qanunvericilik aktlarında norma kimi müəyyən edilməsinə nail olan avropanın təbliğ etdiyi dəyərlər yerinə milli mənəviyyatımıza, dinimizə əsaslanan, cəmiyyətimizi fəlakətə sürükləməyəcək normaların tətbiqini daha məqsədəmüvafiq hesab edirik.
