Yaxşılığı əmr edib pislikdən çəkindirmək
Əbu Səid (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sizdən kim bir münkər görərsə, onu əlilə dəyişdirsin. Əgər gücü çatmazsa, dililə; yenə gücü çatmazsa, qəlbilə (dəyişdirsin). Bu isə, imanın ən zəif (mərtəbəs)'idir."
-------------------------------
Şərhi:
Bu hədisi:
~ Muslim (Səhih: "İman kitabı", "Pislikdən çəkindirməyin imandan olduğunun; imanın artıb-azaldığının; yaxşılığı əmr edib pislikdən çəkindirməyin vacib olduğunun bəyanı babı);
~ əbu Davud (Sünən: 1040, 4340);
~ Tirmizi (Sünən: 2272);
~ Nəsai (Sünən: 5023);
~ ibn Macə (Sünən: 1275, 4013)
də rəvayət etmişlərdir.
--------------------------------------------
Münkər nədir?
Münkər: Şəriət cəhətindən pis sayılan şeydir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sabit olan yola zidd düşən hər fel, hərəkət və söz, münkərin muhtəvasına girir. Belə bir münkərə qarşı çıxmağa da, "inkar" deyilir.
--------------------------------------
Hədisin şərhində, Nəvəvi belə deyir:
Nəbi (sallallahu aleyhi və səlləm)'in:
"Onu dəyişdirsin."
əmri, ümmətin icması ilə icab (fərz) bildirən bir əmrdir. Yaxşılığı əmr edib pislikdən çəkindirməyin vacibliyini, Kitab, Sünnət və ümmətin icması ortaya qoymuşdur. Eyni zamanda bu, dinin özü olan nəsihət növündəndir.
Bu xüsusda, bəzi rafizilər xaricində müxalifət edən olmamışdır. Onların müxalifətlərinin də, bir dəyəri yoxdur. Necə ki, imamu'l-Harameyn əbu'l-Məali də, belə demişdir. Onların bu xüsusdakı müxalifətlərinə əhəmiyyət verilməz. Çünki Müsəlmanlar, onlar ortaya çıxmamışdan əvvəl, bunun üzərində icma etmişlərdir.
Bu əməlin fərziyyəti -Mötəzilə'nin qənaətinin əksinə- ağıl ilə deyil, şəriət ilədir. Əziz və Cəlil olan Allahın:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ...
"Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər..." (Maidə/105)
buyuruğu da, bizim bəhsini etdiyimiz hökmə zidd deyildir. Çünki ayətin mənası ilə bağlı mühəqqiqlər tərəfindən qəbul edilmiş doğru açıqlama şəkli budur:
"Əgər sizlər, mükəlləf tutulduğunuz işləri yerinə yetirəcək olsanız, başqalarının qüsurlu hərəkət etməsinin, sizə zərəri olmaz."
Uca Allahın:
...وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ...
"...Heç bir nəfs, digərinin günahını yüklənməz..." (İsra/15) buyuruğu kimidir.
Hal belə olduğuna görə, insanın mükəlləf qılındığı xüsuslardan biri də, yaxşılığı əmr edib pislikdən çəkindirməkdir. O, bunu yerinə yetirməklə birlikdə, muxatab olduğu şəxs, onun dediyini etməyəcək olsa, artıq bundan sonra əmr olunduğunu yerinə yetirən kimsənin qınanması, bəhs mövzusu olmaz. Çünki o, vəzifəsini yerinə yetirmiş olur. Ona düşən, əmr etmək və qadağan etməkdir; qəbul edilməsini təmin etmək deyildir. Allah, ən gözəl biləndir...
• Digər tərəfdən, yaxşılığı əmr edib münkərdən çəkindirmək, fərz-i kifayədir. İnsanların bir qismi, gərəyini yerinə yetirəcək olarlarsa, digərlərindən günah düşər. Lakin hər kəs onu tərk edəcək olarsa, üzrsüz və qorxusuz olaraq onu edə biləcək halda olan hər kəs, günahkar olar.
• Bəzi hallarda fərz-i ayn olaraq, müəyyən kimsələr haqqında da bəhs mövzusu ola bilər. Bir işin hökmünü özündən başqa kimsənin bilmədiyi bir yerdə olması yaxud onu, ancaq özü ortadan qaldıra biləcək bir halda olması kimi. Xanımını, uşağını, ya da nökərini, bir münkəri işləyərkən görən, ya da bir mərufda qüsurlu hərəkət etdiyini təsbit edən kimsənin halı kimi.
Alimlər (Allah onlardan razı olsun), belə demişlərdir:
Öz zənnincə, fayda vermədiyini düşündüyü üçün, yaxşılığı əmr edib pislikdən çəkindirmək mükəlləfiyyəti, mükəlləfin üzərindən QALXMAZ. Əksinə, (bu düşüncəyə sahib olsa belə), bu vəzifəni yerinə yetirməsi lazımdır. Çünki xatırlatmaq, möminlərə fayda verər.
Daha əvvəl də, ona düşənin, yaxşılığı əmr edib pislikdən çəkindirmək olduğu; qəbul edilməsini təmin etmək olmadığını da bildirmişdik. Necə ki, Əziz və Cəlil olan Allah da:
مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَـٰغُ...
"Allah elçisinin vəzifəsi, ancaq təbliğ etməkdir..." (Maidə/99) buyurmaqdadır.
Elm adamları, buna, hamamda, ya da başqa bir yerdə övrətini qismən açmış bir kimsəni görəni və buna bənzər halı nümunə vermişlərdir. Allah, ən gözəl biləndir.
Elm adamları, belə deyirlər:
Yaxşılığı əmr edib, pislikdən çəkindirən şəxsin:
~ verdiyi əmri, ya da qadağan etdiyi xüsusu gərəyincə yerinə yetirən;
~ halında əskiklik mövcud olmayan
bir şəxs olması, şərt DEYİLDİR. Əksinə, yerinə yetirilməsini əmr etdiyi xüsusa, özü xələl gətirsə belə, yenə qadağan etməlidir. Çünki belə bir kimsəyə, 2 vəzifə düşür:
1. ÖZÜNƏ yaxşılığı əmr edib pislikdən çəkindirmək;
2. BAŞQASINA yaxşılığı əmr edib pislikdən çəkindirmək.
Bunlardan hər hansı birini gərəyi kimi yerinə yetirməyəcək olarsa, digərinə xələl gətirib yerinə yetirməməsi, onun üçün necə mübah ola bilər?!
Alimlər deyirlər:
Yaxşılığı əmr edib pislikdən çəkindirmək, bu xüsusda, rəsmi vəzifəlilərə aid xüsusi bir vəzifə deyildir. Əksinə, digər müsəlman fərdlər üçün də, bunu etmək caizdir.
İmamu'l-Harameyn, belə deyir:
Buna dəlil, müsəlmanların icmasıdır. Çünki birinci əsrdə və ondan sonrakı əsrdə, idarəçilərin xaricindəkilər də, şəxsən idarəçilərə yaxşılığı əmr edir, onları pislikdən çəkindirməyə çalışırdılar. Müsəlmanlar da, onların etdiklərini təqrir edirlərdi (rədd etmirlərdi). Rəsmi vəzifələri olmadığı halda, yaxşılığı əmr edib pislikdən çəkindirməklə məşğul olduqları üçün də, onları azarlamır, onlara qarşı gəlmirdilər. Allah, ən gözəl biləndir.
Əmr edib çəkindirmək işini, ancaq, əmr etdiyi və çəkindirdiyi xüsusu yaxşı bilən biri edə bilər. Bu da, əmr edilən, ya da qadağan edilən mövzunun fərqliliyinə görə dəyişir:
~ Əgər bu iş, açıq fərzlərdən və hər kəs tərəfindən bilinən haramlardandırsa, -namaz, oruc, zina, şərab içmək və bənzəri işlər kimi- bütün müsəlmanlar bunları bilir.
~ Əgər incə fel və sözlərdən olub, ictihad ilə bağlı xüsuslardandırsa, avamın bunlarla bir münasibəti yoxdur, belə bir şeyə etiraz etmək haqları da, yoxdur. Əksinə bunlar, alimlərin səlahiyyətindədir.
~ Haqqında görüş ayrılığı olan xüsuslarda isə, qarşı çıxmaq bəhs mövzusu deyildir. Çünki hər 2 məzhəb haqqında da, hər bir müctəhidin isabət edəcəyi hökmü, bəhs mövzusudur. Mühəqqiqlərin bir çoxu, ya da əksəriyyətinə görə, tərcih edilən qənaət də, budur.
Bu xüsusdakı digər bir görüşə görə isə, isabət edən, tək bir nəfərdir, xəta edən isə, bizim üçün müəyyən olaraq bilinməməkdədir. Xəta edən haqqında da, günah, bəhs mövzusu deyildir. Lakin belə bir kimsəyə, ixtilafın xaricinə çıxmaq üçün nəsihət olmaq üzərə təşviq ediləcək olsa, edilən bu iş, gözəldir, seviləndir və ayrıca, yumşaqlıqla edilməsi, təşviq edilən bir tətbiqatdır. Çünki elm adamları, əgər bir sünnətə xələl gətirməyi, yaxud başqa bir görüş ayrılığı içinə düşməyi gərəkdirmirsə, ixtilafın xaricinə çıxmağı, ittifaqla təşviq etməkdədirlər.
Qadıların qadısı əbu'l-Həsən əl-Mavərdi əl-Basri əş-Şafi, "əl-Əhkamu's-Sultaniyyə" adlı əsərində, dövlət səlahiyyətlisinin hisbə (İslam Dövlətində polis) vəzifəsini verdiyi şəxs, əgər ictihad əhlindəndirsə:
~ İnsanları fəqihlərin ixtilaf etdikləri mövzularda öz məzhəbinə (yəni hisbənin məzhəbinə) uyğun hərəkət etməyə məcbur etmək səlahiyyəti vardırmı? Yoxsa
~ Başqasının məzhəbinə uyğun olan xüsusları dəyişdirməyə çalışmamalıdırmı?
xüsusunda, elm adamları arasında görüş ayrılıqları olduğunu nəql etməkdədir.
Ona görə, daha səhih olan, bəhsini etdiyimiz səbəblərdən dolayı, başqasının məzhəbinə uyğun olan halı dəyişdirməyə ÇALIŞMAYACAĞIDIR. Çünki fəri məsələlərdə, səhabələr, tabiin və onlardan sonra gələnlər arasında (Allah, hamısından razı olsun), ixtilaf hər zaman görülmüş və nə hisbələr, nə də bir başqası, başqasının etdiyinə qarşı çıxmamışdır.
Eyni şəkildə, elm adamları, belə deyirlər:
Müftinin də, hakimin də, əgər hər hansı bir nassa, bir icmaya, yaxud açıq bir qiyasa müxalif deyilsə, özünə müxalif qənaətdə olanlara, etiraz edə BİLMƏZ. Allah, ən gözəl biləndir.
Bunu bil ki, uzun zamandır, bu mövzuya (yəni mərufu əmr edib münkərdən çəkindirməyə) ehmalkar davranılmış, bu dövrdə (Nəvəvi öz dövrünü/13-cü əsri qəsd edir) geriyə ondan olduqca az şəkli tətbiqatdan başqa bir şey qalmamışdır. Halbuki bu xüsus, işi ayaqda tutan və işin ən əhəmiyyətli cəhətini təşkil edən çox böyük bir xüsusdur. Pisliklər çoxalacaq olsalar, cəzalar, yaxşı olanları da, pis olanları da əhatə edər. Əgər bu işlə bağlı kimsələr, zalımın əlini zülmdən uzaqlaşdırmasalar, şanı uca olan Allahın hamısını cəzalandırması, uzaq deyildir. Bu səbəblə, Onun əmrlərinə zidd hərəkət edənlər, özlərinə bir fitnənin gəlib çatmasından; yaxud çox böyük bir əzabın isabət etməsindən çəkinməlidirlər.
O halda, axirəti istəyən, əziz və cəlil olan Allahın razılığını əldə etmək üçün çalışan bir şəxsin, bu mövzuya lazımi diqqəti göstərməsi gərəkdir. Çünki bunun faydası, çox böyükdür. Xüsusilə də, bu əhəmiyyətli vəzifənin böyük bir qisminə, ehmalkar davranılmaqdadır. Buna çalışan kimsə, niyyətini xalis qılmalı, mərtəbəsinin yüksəkliyindən ötürü, hər hansı bir şəxsin özünə göstərəcəyi etirazdan da çəkinməməlidir. Çünki uca olan Allah:
...وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ...
"...Allah Öz (dininə) yardım edənlərə, mütləq yardım edər..." (Həcc/40);
...وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
"...Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar." (Al-i İmran/101);
وَٱلَّذِينَ جَـٰهَدُوا۟ فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا ۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلْمُحْسِنِينَ
"Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. Şübhəsiz ki, Allah xeyirxah əməl sahiblərilədir." (Ənkəbut/69);
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓا۟ أَن يَقُولُوٓا۟ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ • وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُوا۟ وَلَيَعْلَمَنَّ ٱلْكَـٰذِبِينَ
"İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır." (Ənkəbut/2-3)
Bil ki, mükafat, çətinliyə görədir. Aradakı:
~ dostluq;
~ sevgi;
~ nəzdində gözəl bir mövqe sahibi olmaq;
~ onun yanındakı gözəl mövqeyini davam etdirmək
kimi bir səbəb dolayısı ilə də, lazım olanları əmr edib qadağan etməyi tərk etməz. Çünki şübhəsiz ki, bir şəxsin dostluğu, ona sevgi bəsləmək, onun lehinə sevgi duymağı və haqq sahibi olmasını gərəkdirir. Ona nəsihət etməsi, axirətdə faydasına olanları ona göstərməsi, axirəti üçün zərərli olacaq hallardan onu qurtarmağa çalışması da, onun haqlarının bir qismidir. İnsanın həqiq dostu isə, axirətini imar etməsi üçün çalışan kimsədir. İstərsə bu çalışması səbəbilə dünyasında əskikliyə səbəb olsun.
İnsanın həqiqi düşməni də, axirətinin itməsi, ya da əskilməsi üçün çalışan kimsədir. İstərsə bundan dolayı, dünyasında şəklən bir fayda əldə etsin. Bax iblisin bizə düşmən olmasının səbəbi də, budur.
Nəbilər də, -Allahın salat və salamı olsun hamısına- möminlərin həqiqi vəliləri, dostları idilər. Çünki Nəbilər, möminlərin axirət mənfəətləri üçün və onları bu mənfəətlərə çatdırmaq üçün çalışıb çabalamışdılar.
Kərim olan Allahdan, bizləri, sevdiklərimizi və digər müsəlmanları, razılığını əldə etmə müvəffəqiyyətini ehsan buyurmasını; comərdliyini, rəhmətini, hamımıza endirməsini diləyirik. Allah, ən gözəl biləndir.
Yaxşılığı əmr edib pislikdən çəkindirən kimsənin, istədiyini əldə edə bilmə ehtimalının daha yüksəlməsi üçün, ola bildiyi qədər yumşaq olması, lazımdır. İmam Şafi (rahiməhullah), belə demişdir:
"Gizlicə qardaşına nəsihət edən bir kimsə, ona səmimi olaraq nəsihət etmiş və ona gözəl bir yaxşılıq etmişdir. Açıqca nəsihət edən biri isə, onu rəzil etmiş və onu pisləşdirmiş olar."
Əksər kimsələrin bu xüsusda əhəmiyyət vermədiyi cəhətlərdən biri də, budur:
Bir kimsəni, qüsurlu bir mal, ya da buna bənzər bir şey satarkən görəcək olsa, buna qarşı çıxmazlar; və müştəriyə, o malın qüsurunu bildirməzlər. Halbuki bu, açıq bir yalnışdır. Elm adamları isə, açıqca belə bir işi bilən kimsənin, satıcıya etiraz etməsinin; müştəriyə də, bunu bildirməsinin gərəkdiyini, açıqca ifadə etmişlərdir. Allah, ən gözəl biləndir.
----------------------------
Çəkindirib qadağan etməyin, necəlik və mərtəbələrinə gəlincə, Nəbi (sallallahu aleyhi və səlləm), bu səhih hədisdə:
"Əlilə dəyişdirsin; gücü çatmasa dililə; (yenə) gücü çatmasa qəlbilə (dəyişdirsin)." buyurmaqdadır.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in,
"...qəlbilə..." buyuruğu isə: "QƏLBİLƏ O İŞDƏN DİKSİNSİN." mənasındadır.
Onun bu halı, o pisliyi ortadan qaldırmaq və onun münkəri dəyişdirməsi deyildir. Ancaq onun edə biləcəyi, bu qədərdir.
"...Bu isə, imanın ən zəifidir..." buyuruğunun mənası da: -(Allah, ən gözəl biləndir.)- "NƏTİCƏSİ ƏN AZ OLANDIR." deməkdir.
Qadı İyad (rahiməhullah) deyir:
"Bu hədis, (şəriətə uyğun olmayanı) dəyişdirməyin necəliyi haqqında, əhəmiyyətli bir əsasdır. Buna görə, dəyişdirmək istəyən kimsənin, dəyişdirəcəyi şeyi, söz, ya da fel ilə ortadan qaldırmaq imkanı tapa bildiyi hər bir şəkil ilə dəyişdirmək haqqına sahibdir:
~ Batilin alətlərini qırar;
~ Bizatihi sərxoşluq verən içkini tökər; ya da bu işi edəcəki kimsəyə (içkini tökmək üçün) əmr verər;
~ Qəsb edilmiş malları, qəsb edənlərin əlindən alar, onları şəxsən sahiblərinə geri qaytarar, ya da imkanı olarsa, əmr verərək bu işləri (başqalarına) gördürər."
Dəyişdirərkən:
~ Əlindən gəldiyi qədər, cahil kimsəyə və şərrindən qorxulan güclü zalıma, yumşaq davranar. Çünki belə biri, onun sözünün qəbul edilmə ehtimalını, daha da yüksəldər.
~ Eyni şəkildə, bu işi üstlənəcək kimsənin, saleh və fəzilət əhli kimsələrdən olması, müstəhəbdir.
~ Günahlara dalmış və batil işləməkdə ifrata varan kimsəyə də -əgər sərt davranmasının təsirli olacağından əmin olarsa- başqalarına davrandığından daha sərt bir şəkildə davranar, münkərini dəyişdirməsinini təmin edər. Çünki özü, bu halda, zalımın ona musallat olmasına qarşı, qorunmuş haldadır.
~ Əgər əlilə dəyişdirilməsinin, özünün öldürülməsi, ya da bu səbəblə başqasının öldürülməsi kimi daha ağır bir münkərə səbəb təşkil edəcəyinə dair qənaəti daha qalib olarsa, əlilə dəyişdirməkdən uzaq durar, dil ilə dəyişdirmək, nəsihət etmək və qorxutmaqla kifayətlənər.
~ Əgər söz söyləməsinin də, bənzəri bir zərər verəcəyindən qorxarsa, qəlbilə dəyişdirər və bu xüsusda, onun üçün genişlik vardır. Uca Allahın iznilə, hədisdən məqsəd də, budur.
~ Əgər bu xüsusda kömək ala biləcəyi kimsə varsa, onun bu halı, silah istifadə etməyə, ya da döyüşməyə götürmədiyi müddətcə, başqasının köməyini ala bilər. (Əgər belə bir nəticə verəcəksə), o təqdirdə, bu halı -münkər əgər başqaları tərəfindən işlənirsə- səlahiyyətli kimsəyə bildirər, yaxud onu qəlbilə dəyişdirməklə kifayətlənər.
-İstərsə öldürülməsinə səbəb olsa və ona bundan dolayı hər cür əziyyət edilsə belə- açıqca münkəri dəyişdirməyin gərəkli olduğnu qəbul edənlərin qənaətinin əksinə, bu məsələnin fiqhi incəlikləri və bu xüsusda doğru tətbiqat şəkli, elm adamlarına və mühəqqiqlərə görə, budur.
Qadı İyad (rahiməhullah)'ın sözləri, burda bitir.
İmamu'l-Harameyn (rahiməhullah) deyir:
"Böyük günah işləyən bir kimsə -əgər sözlü olaraq bu günahlardan dönmürsə, iş döyüşməyə və ya silah çəkməyə götürməyəcəksə- onu (felən) uzaq tutmaq, rəiyyətinin fərdləri üçün uyğun görülən bir davranışdır. Ancaq iş o nöqtəyə qədər varacaqsa, o təqdirdə, mövzu, sultanı (dövlətin səlahiyyətlilərini) maraqlandıran bir xüsusdur.
Zamanın valisi, haqsızlıq edib zülmü və qəddarlığı açıqca ortaya çıxacaq və etdiyi pis işlərdən, söylənən sözlə geri durmayacaq olsa, o təqdirdə, hall və əqd əhli olan kimsələrin (bir ölkəni idarə etmə, dövlət başçısını seçmək və ya vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətinə sahib olan şəxslər, günümüz dililə məclis üzvlərinin) -silah çəkmək və döyüşmək yoluyla olsa belə- onu vəzifəsindən almaq üzərə razılaşıb ittifaq etmələri lazımdır. "
İmamu'l-Harameyn'in sözləri, burda bitməkdədir.
İmamu'l-Harameyn'in, idarəçinin vəzifədən alınması ilə bəhsini etdiyi bu hökm, olduqca qəribdir. Bununla birlikdə, onun bu açıqlaması, onun pisliyindən daha böyük bir pisliyi doğuracağından QORXULMAMASI halı ilə bağlı olaraq təvil edilir.
(Bununla bərabər, imamu'l-Harameyn) deyir:
Yaxşılığı əmr edən kimsənin:
~ araşdırmağa;
~ gizlilikləri ortaya çıxarmaq üçün çalışmağa;
~ casusluq etməyə;
~ zənn ilə hərəkət edərək evlərə girməyə
haqqı YOXDUR. Əksinə, xüsusi bir səy GÖSTƏRMƏDƏN, bir münkəri təsbit edərsə (onu dəyişdirə bilər).
Bu, imamu'l-Harameyn'in sözüdür.
Qadıların qadısı imam Mavərdi də, belə deyir:
Hisbə'nin, açıqca işlənməyən haramları, (zəndən yola çıxaraq) araşdırmaq haqqı YOXDUR.
Hər hansı bir dəlil, yaxud ortaya çıxmış izlərdən hərəkətlə, bir topluluğun bu işi gizlincə etdikləri zənni (özündə) qalib olması, 2 cür bəhs mövzusu olur:
• Birincisi: Belə bir qənaət, düzəldilməsi imkanı ortadan qalxacaq şəkildə bir haramın çiynənməsi surətilə ortaya çıxa bilər. Doğru söylədiyindən əmin olduğu bir şəxsin:
~ bir adamın digər bir adamı öldürmək məqsədilə; yaxud
~ bir qadını onunla zina etmək məqsədilə qorxutduğunu
xəbər verməsi halında olduğu kimi, düzəldilə bilməyəcək bir halın ortaya çıxması qorxusu ilə casusluq etməsi, halı açığa çıxarmağa çalışıb araşdırması, eyni şəkildə, əgər bu halı vəzifəsi olmadığı halda nafilə (ibadət olaraq) görən muhtəsib xaricindəki bir kimsə də öyrənəcək olsa, halı açığa çıxarmağa çalışmaları və bunu dəyişdirmək üçün məşğul olmaları da, caiz olur.
(Yəni muhtəsibi hərəkətə keçirəcək ünsürlər, zərəri ortadan qaldırıla bilməyəcək şeylərdir. Zina, qətl və və bənzəri fellər)
• İkincisi: Bu haldan daha xəfif olan bir haldır. Bu təqdirdə isə, (o şəxs haqqında) casusluq etmək, caiz deyildir. Onun üzərindəki örtüləri açmaq da, caiz deyildir.
Əgər bir evdən əyləncə səslərini eşidəcək olsa, evin xaricində bunu etirazla qarşılayıb, dəyişdirməyə çalışar (yəni ev sahibinə çöldən səslənilərək, etiraz edilib bu münkərin dəyişdirilməsinə çalışılar.) (Ancaq) evə girməz. Çünki münkər, açıqca ortadadır. Onun, gizli olanı açığa çıxartmaq kimi bir mükəlləfiyyəti yoxdur.
Mavərdi, "əl-Əhkamu's-Sultaniyyə" adlı əsərinin sonlarında, hisbə ilə əlaqəli, gözəl bir bab açmışdır. Bu babın muhtəvasında, yaxşılığı əmr edib münkərdən çəkindirmək ilə bağlı bəzi qaydalar yer almaqdadır. Biz burda, bunların əsas məqsədlərinə işarət etdik və bu xüsusda, geniş açıqlamalar verdik. Buna səbəb isə:
~ bu mövzunun faydasının böyüklüyü;
~ ona çoxca ehtiyac duyulması; və
~ İslamın qaydalarının ən böyüklərindən
olmasıdır. Allah, ən gözəl biləndir.
--------------------------------
Yaxşılığı əmr edib pislikdən çəkindirmək, Allah Taala üçün və Onun dininə xidmət niyyətilə edilərsə, Onun əmri və xidmətdə müvəffəq olmağın şərti olan səbr və yumşaqlıq göstərmək də, zəruri hala gələr.
Süfyan əs-Sevri belə deyir:
"Özündə 3 xislət olmayan kimsələrin əmr-i bi'l-məruf və nəhy-i əni'l-münkər etmələri caiz deyildir:
1. Bu xislətlərdən biri: əmr etdiyi şeyin, əmr edilməsi lazım olan bir şey (yəni məruf); və nəhy etdiyi şeyin də, nəhy edilməsi lazım olan bir şey (münkər) olmasını qəti olaraq bilmək;
2. Əmr edərkən də, nəhy edərkən də, yumşaq davranmaq;
3. Əmr etdiyi şeyin də, nəhy etdiyi şeyin də həddini aşmamaqdır."
İmam Əhməd, belə demişdir:
"Yaxşılığı əmr edib pislikdən çəkindirərkən yumşaq davranmaq, zəruri bir qaydadır. Bu qayda, ancaq açıq və israrlı bir şəkildə günah işləyən; və nəsihət qəbul etməyən kimsələrə qarşı tərk edilər."
Quran-i Kərimdə də, belə buyurulmuşdur:
وَلَا تُجَـٰدِلُوٓا۟ أَهْلَ ٱلْكِتَـٰبِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ ۖ وَقُولُوٓا۟ ءَامَنَّا بِٱلَّذِىٓ أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَـٰهُنَا وَإِلَـٰهُكُمْ وَٰحِدٌ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ
"İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut/46)
Abdullah b. Məsud'un tələbələri, bir münkərlə qarşılaşdıqları vaxt, onu edənlərə belə deyərlərdi:
"Allah sizə rəhm etsin. Bu şey, münkərdir, onu etməyin."
İmam Əhməd, bunu da söyləmişdir:
"Əmr-i bi'l-məruf və nəhy-i əni'l-münkər edən kimsə, yumşaq davrandığı halda, qarşı tərəf sərt davranarsa, özünün də sərtləşməməsi lazımdır. O, bu sərtəliyə baxmayaraq yumşaqlığını davam etdirdiyi təqdirdə, etdiyi işi yalnız Allah Taala üçün etdiyini, bu işə nəfsi və hislərini qarışdırmadığını göstərmiş və isbatlamış olar."
(İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 2-ci cild, s. 272-273)
