Xavaric haqqında gələn hədislər (4)

 

172- Cabir b. Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), (Məkkə civarındakı) Ciranədə, külçə qızıl, gümüş və qənimət mallarını bölürdü. Mal, Bilalın qucağında idi. Bu əsnada bir adam:

"Ya Muhamməd, adil ol. Çünki Sən, ədalətli olmadın." dedi.

(Bu söz üzərinə), Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona:

"Veyl olsun sənə! Mən ədalətli olmazsam, Məndən başqa kim ədalətli ola bilər?" deyə cavab verdi.

- (Bundan sonra) Ömər:

"Ey Allahın rəsulu, icazə ver, bu münafiqin boynunu vurum." dedi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), Ömərə:

"Şübhəsiz bu adamın (eynilə özü kimi) dostları vardır. Bunlar Quran oxuyacaqlar, ancaq Quran, onların boğazlarından aşağı keçməz. Oxun ovdan çıxdığı kimi, bunlar da dindən çıxarlar." buyurdu.

--------------------------------------

İzahı:

Bu hadisə, Məkkə'nin fəthindən sonra, Huneyn və Həvazin döyüşünün qənimətlərinin bölüşdürülməsi vaxtında cərəyan etmişdir. Hadisənin baş verdiyi yer, Məkkə civarındakı "Cirranə" və ya "Ciranə" deyilən mövqedir.

Bu hədisdə, belə danışan (yəni yekə başlıq edən) şəxsin, Təmim qəbiləsinə mənsub, "Zü'l-Xuveysira" olduğu, ibn İshaq tərəfindən bildirilmişdir. Zəhəbi də:

"Bu şəxsin adının, Hurqus b. Zuheyr olduğunu, sonralar xaricilərin başına keçdiyini və Nəhrəvan döyüşündə öldürüldüyünü xəbər verir."

Həvazin qəniməti, daha əvvəlki döyüşlərdə əldə edilən qənimətlərlə müqayisə edilə bilməyəcək dərəcədə çox idi. 6000 əsir qənimət olaraq alındığı kimi; sayı-hesabı olmayan dəvə, qoyun, 4000 (1 qiyyə = 1283 qr) qiyyə gümüş əldə edilmişdi. Hətta Vaqidi'nin bəyanına görə, hər mücahidin payına, 40 qoyun və 4 dəvə düşmüşdü.

Bu qənimətdən ən böyük hissə, "müəlləfə-i qulub" deyilən və yeni müsəlman olub qəlblərində İslam sevgisi hələ kökləşməmiş olan Məkkənin şərəflilərinə təxsis edilmişdi. Süfyan b. Uyeynə'nin Rafi'dən rəvayətinə görə, adı "müəlləfə-i qulub" listində keçən:

~ əbu Sufyan;

~ Safvan b. Umeyyə;

~ Uyeynə b. Hisn;

~ Aqra b. Habis;

~ Alqamə; və

~ Malik b. Avf'a,

100 dəvə verilmişdi. Bu bol ehsanlar, yuxarıda adı zikr edilən şəxslərin qəlblərini İslama isindirmək üçün idi. Bunlara verilən qisim, mücahidlərə verilmək üzərə ayrılan hissələrdən ayrı idi. Xərclənməsi Allahın əmrilə peyğəmbərin arzusuna buraxılan "Xums" deyilən qənimətin 1/5-indən idi.

Buxari'nin, "Əlamətu'n-Nübüvvə" babında (hədis no: 3610), əbu Səid əl-Xudri'dən rəvayət etdiyi hədisdə, buna bənzər bir hadisədən bəhs edilir. Abdu'r-Rahmən b. əbi Naim'in, əbu Səid'dən, "Məğazi" bəhsində (hədis no: 4351) rəvayət etdiyinə görə, Əli (radiyallahu anh), Yəməndən bir miqdar külçə qızıl və gümüş göndərmişdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, bunu, Uyeynə b. Bədr, Aqra b. Habis, Zeydu'l-Xeyl və Alqamə və ya Amir b. Tufeyl arasında bölmüşdü. Bu 4 nəfər, Nəcd'dən və "müəlləfə-i qulub"dan (Tövbə/60) idi. Bunlara verilən mal, təsərrüfü bir-başa Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə aid olan xums olduğuna baxmayaraq, Zu'l-huveysira deyilən şəxs, etiraz etmişdi.

Qastallani'nin bəyanına görə, əbu Səid əl-Xudri'nin rəvayət etdiyi hadisənin, Huneyn döyüşündəki hadisə olduğu, Əflah b. Abdullah'ın rəvayətində bildirilmişdir. Buna görə, bənzər hadisənin 2 dəfə baş verdiyi nəticəsinə gəlinir. Əhəmiyyətli olan xüsus, hər iki hadisədə də, münafiqlərdən olan bir şəxsin, ədəbsizcə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i ədalətsizliklə ittiham etməsi və bu münafiqin öldürülməsi istənildiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in buna icazə verməyərək, bu cür şəxslərin mövcud olduğu və iləridə bunun kimilərin çıxacağını, möcüzə olaraq xəbər verməsidir.

Əbu Səid əl-Xudri'dən rəvayət edilən mətnin sonunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bu cür insanların çoxaldığı vaxta yetişmək Mənə müyəssər olsaydı, onların tamamilə həlakını istərdim."

buyurması, bu şəxsin öldürülməyə layiq olduğuna dəlalət edir.

Bununla bərabər, Peyğəmbərin o şəxsi öldürməyə icazə verməməsi, Qurtubi'nin bəyanına görə: "Muhamməd, ətrafındakıları öldürür." deməmələri üçün idi.

Qastallani, bu şəxsin öldürülməsinə icazə verilməməsi üçün, başqa səbəblər də nəql etməkdədir. Onun, əl-İsmaili'dən nəql etdiyinə görə, zahirən müsəlman olan bir şəxsin öldürülməsi, xalqın İslama girməsini əngəlləyə bilərdi. "Şərhu's-Sunnə" müəllifindən də nəqlən verdiyi cavaba görə, bu cür insanların çoxalıb silahla özlərini qoruya bilən və xalqa zərər verən hala gəldikləri vaxt, onların öldürülmələri, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən mübah qılınmışdır. Ancaq bu münafiqin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə etiraz etdiyi vaxt, belə bir hal yox idi.

Qastallani daha sonra deyir:

"Bu cür insanlar:

~ İslama zidd düşən görüşlərini açığa çıxarar;

~ İslam camaatından ayrılar; və

~ İmamlara müxalifət edərlərsə,

onlarla döyüşmək gücü olduğu vaxt, döyüşü tərk etmək caiz deyildir." (Qastallani, 7-ci cild, s. 297)

(İbn Macə, Sünən tərcümə və şərhi)

Read 86 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR