Xavaric haqqında gələn hədislər (6)
175- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Axır zamanda və ya bu ümmət arasında bir qövm çıxacaqdır. Quran oxuyacaqlar, lakin oxuduqları Quran, boğazlarından aşağı enməyəcəkdir. Onların əlaməti, (başlarını) qazımaq surətilə tərraş olmaqdır. Siz onları gördüyünüz və ya onlarla qarşılaşdığınız vaxt, (dərhal) onları öldürün."
-----------------------------------------
İzahı:
Hədisin mətnində keçən "və ya" təbiri, ravinin tərəddüdünü ifadə etməkdədir. "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in buyurduğu söz, ya budur, ya odur." demək olur. Təbii ki, bu fərqlilik, mənaya təsir etmir.
Bəzi şəxslər, ülgüc və bənzəri şeylərlə başın saçını qazımağın məkruh olduğunu söyləyərək, bu hədisi dəlil göstərmişlərdir. Lakin Nəvəvi, "əl-Minhac"da belə deyir:
"Hədis, bu cür tərraşın məkruhluğuna dəlalət etməz. Çünki bu cür tərraş şəklinin onların əlaməti ola bilməsi üçün, mübah olmaması lazım gəlməz. Çünki əlamət, haram bir şeylə ola bildiyi kimi, halal bir şeylə də ola bilər. Necə ki, bir hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): 'Onların əlaməti, 2 qolundan biri qadın döşünə bənzəyən (simbrakidaktili) bir adamdır.' buyurmuşdur. Halbuki bu şəklin, halal və ya haram olmadığı məlumdur.
Digər tərəfdən də, səhih bir isnadla əbu Davud'un "Sünən"ində rəvayət edilmişdir ki:
'Allah rəsulu (sallallahu aleyhi və səlləm), başının bir tərəfi kökündən tərraş edilmiş olan bir uşaq görür və: 'Ya hamısını belə tərraş et və ya olduğu kimi burax.' deyə əmr edir. Bu hədis, başın saçlarının kökündən tərraş edilməsinin mübah olduğunu, açıq bir şəkildə bildirməkdədir. Hər hansı bir təvilə möhtəməl deyildir."
"Miftahu'l-Hacə bi şərhi Sünən ibn Macə" müəllifi imam Muhamməd b. Abdullah əl-Hindi belə deyir:
"Şafii alimləri, hər cür saç tərraşını mübah görmüşlərdir. Ancaq saçlarını təmiz saxlayanlar üçün kökündən tərraş etməmələri; və təmiz saxlamaqda çətinlik çəkənlər üçün kökündən qazımaq surətilə tərraş olmaları, müstəhəbdir, demişlərdir. Ancaq saçın bir qismini kökündən tərraş etmək və digər qismini isə tərk etmək, məkruhdur."
(İbn Macə, Sünən tərcümə və şərhi)
