Səcdədə dua etmək olarmı?

Bəzən namaz qıldıqdan sonra və ya ümumiyyətlə namazdan kənar hallarda dua etmək istədiyimizdə səcdəyə qapanaraq dua etmək içimizdən keçir. Bu barədə müsəlmanlara məlumat olsun deyə alimlərin sözlərini bir arada cəm etmək istədik.

Ümumilikdə bununla bağlı alimlərin sözlərini iki yerə bilmək olar:

- Alimlərin bir hissəsi bu əməli icazəli hesab etmirlər, bunu qadağan edirlər və buna bidət deyirlər.

Hənəfi məzhəbinə gəldikdə bu barədə fikir ayrılığı mövcuddur və məsələnin təfsilata ehtiyacı vardır.

Hənəfi alimi əl-Haskəfi yazır ki, “lakin o (yəni səcdə), namazdan sonra məkruhdur.” İbn Abidin bu sözlərin şərhində qeyd edir ki, “o əvəzliyi mütləq şəkildə səcdəyə aiddir.” Yəni ki, namazdan sonra istər şükür üçün, istərsə dua üçün səcdə etmək məkruh olur. Onu da qeyd edir ki, “bu sözlərin zahirindən anlaşılan budur ki, burada məkruhluq təhrimidir, çünki dinə ondan olmayan bir şeyi daxil etmiş olur.”[1]

Hənəfi alimləri içərisində bu cür dua məqsədi ilə edilən tək səcdəyə “munəcət səcdəsi” deyirlər. Munəcət iki nəfərin təklikdə söhbətinə deyilir və aydındır ki, bununla qəsd olunan yalnız dua ola bilər. Hüseyn əs-Səmnəqani tək edilən səcdə haqqında yazarkən qeyd edir ki, Əbu Hənifəyə görə tək bir səcdə müstəqil bir ibadət sayılmaz və əlavə edir: “O ikisi isə dedi: O qürbətdir və itaətdir, çünki tək səcdə ümumən məşrudur, tilavət səcdəsi və munəcət səcdəsi bunun dəlilidir...”[2]

Abdulhaqq bin Seyf əd-Din əd-Dihləvi yazır: “Məsələnin təfsilatı budur ki, namazdan kənarda səcdə bir neçə növdür: Bunlardan biri səhv səcdəsidir və bu, namazın öz səcdəsi hökmündədir. İkincisi tilavət səcdəsidir və bu ikisində heç bir ixtilaf yoxdur. Üçüncüsü namazdan sonra edilən munəcət səcdəsidir və bu barədə əksər alimlərin sözlərinin zahiri budur ki, bu səcdə məkruhdur. Dördüncü isə nemətin hasil olması, bəlanın dəf edilməsinə görə şükür səcdəsi etməkdir və burada ixtilaf vardır. əş-Şafi və Əhmədə - Allah hər ikisinə rəhm etsin! – görə sünnətdir və bu, Muhəmmədin də – rahiməhullah – rəyidir. Bu barədə hədislər və əsərlər çoxdur. Əbu Hənifə və Malikə görə isə - Allah hər ikisinə rəhm etsin! – sünnət deyildir, əksinə məkruhdur. Onlar deyirlər ki, bu hədislərdə və əsərlərdə keçən “səcdə” sözü ilə qəsd olunan namazdır...”[3]

Bursalı İsmail Haqqi Əfəndi də səcdənin qisimləri olduğunu qeyd etdikdən sonra onların arasında “munəcət səcdəsini” də qeyd edir və deyir ki, “ən səhih rəyə görə bu, müstəhəbdir.”[4]

Beləliklə də burada bir neçə fərqli rəy gördük. Bunlara bir qədər aydınlığı İbn Abidinin gətirir. O bu məsələnin təfsilatlı olduğunu göstərmək üçün yazır: “Şərhul-Munyə” kitabının axırında əz-Zəhidi’nin əl-Quduri’yə yazdığı şərhindən nəql edərək deyir: “Amma səbəb olmadan (səcdə) etməyə gəldikdə, bu nə qürbətdir, nə də məkruhdur. Namazdan sonra edilən isə məkruhdur, çünki cahillər bunun sünnət və ya vacib olduğuna etiqad edirlər və belə bir etiqada gətirib çıxaran hər bir mübah əməl məkruh olur. Sitatın sonu.” İbn Abidin bu sitata izah gətirərək yazır: “Buradan belə bir nəticə çıxır ki, səbəbsiz edilən səcdə, cahillərin bu əməlin sünnət olması etiqadına gətirib çıxarmazsa məkruh deyildir. Bu etiqadın misalı namazdan sonra bəzi insanların etdikləridir və mən vitr namazından sonra davamlı səcdə edən birini gördüm; bunun bir dəlilinin olduğunu və onun isnadını zikr edirdi. Beləliklə də ona burada dediklərimizi xatırladım və o da bu əməli tərk etdi.”[5]

Buradan belə çıxır ki, namazdan sonra tək səcdə etməyi hənəfilərdə məkruh edən, yəni haram dərəcəsində məkruh edən səbəb insanlarda bu əməlin sünnət və ya vacib olması yönündə bir etiqadın formalaşması ehtimalıdır. Əgər belə bir ehtimal yoxdursa, istər bunu namazdan sonra, istərsə də başqa vaxtda etməkdə bir problem olmamalıdır.

Maliki alimlərin sözlərinə gəldikdə isə bu barədə onların kitablarında kifayət qədər məlumat tapmaq çətin oldu. Buna bidət deyən maliki alimlərdən İbnul-Həcc yazır:

“Allaha yaxınlıq yalnız (şəriətin əmrlərinə) tabe olmaqla olur, bidət və ya məkruh ilə olmur. Bizim imamlarımız belə bir əməlin məkruhluğunda ixtilaf ediblər və alimlər namazdan kənar səcdəyə yalnız iki yerdə icazə veriblər, üçüncü məqam yoxdur: Bunlardan biri tilavət səcdəsidir. İkincisi isə bəzi alimlərin məzhəbinə əsasən şükür səcdəsidir.”[6] Bir başqa yerdə deyir: “Şəriətdə səbəbsiz yerə tək səcdə gəlməyib, beləki qürbətlərin səbəbləri, şərtləri, vaxtları və rükunları vardır ki, onlarsız səhih olmaz. Öz vaxtında, öz səbəbləri və şərtləri ilə baş verən həcc ibadəti olmadan Arafa dağında, Müzdəlifədə durmaq, daş atmaq, Safa və Mərva arasında qaçmaq ilə Allaha ibadət edilmədiyi kimi tək bir səcdə ilə də Allaha ibadət edilməz. Özlüyündə ibadət olsa da onun mütləq səhih bir səbəbi olmalıdır.[7] Bu, ümumən malikilərdə tilavət səcdəsindən başqa səcdələrə məhdudiyyət qoymaq rəyinə müvafiqdir.

Abdulbaqi əz-Zurqani yazır: “Səcdə edənlərdən ol!” Yəni ki, təfsir əhlinin izah etdiyi kimi namaz qılanlardan ol! Yoxsa xüsusilikdə səcdə etmək qəsd olunmur, çünki səcdə müstəqil olmaz. Beləki tilavət səcdəsi qiraətə tabedir və şükür səcdəsi isə ... yalnızca hasil olmuş nemət səbəbi ilə olur.”[8]

Şafii məzhəbinə gəldikdə isə məsələni ən çox tartışanlar onlardır. İmamul-Harameyn əl-Cuveyni deyir: “Bizim əshabımızdan “ət-Təqrib” kitabının sahibi qeyd edir ki, əgər bir nəfər Allaha ibadət etmək istərsə, buna görə də heç bir səbəb olmadan səcdə edərsə bunu edə bilər, heç bir problem yoxdur. Mən bu rəyi ondan başqasından oxumamışam. Şeyxim bunu xoş görmürdü və bunu edənləri şiddətlə inkar edərdi. Mənə görə də üstün olan budur.[9]

“ət-Təqrib” kitabının sahibi ilə qəsd etdiyi İbnul-Qaffəl əş-Şəşi’dir, şafiilərin xorasan məktəbinin böyüyüdür, indiki Daşkənt şəhərindən olub. əl-Ğazəli “əl-Vasit” kitabında əş-Şəşidən belə dediyini nəql edir: “Bu, heç bir səbəb olmadan tək bir səcdə ilə ibadət etməyin caiz olmasına işarədir.” Sonra əl-Ğazəli əlavə edir: “Şeyx Əbu Muhəmməd (əl-Cuveyni) bunu edənin əməlini şiddətli şəkildə inkar edərdi. Doğru olan da budur.”[10]

ən-Nəvəvi də yazır: “İnsan Allaha heç bir səbəbsiz bir səcdə ilə ibadət edərsə, ən səhih rəyə görə haram olar. Bu, tək bir ruku ilə ibadət etmək kimidir. İmamul-Harameyn (əl-Cuveyni), əl-Ğazəli və başqaları bunu səhih sayıblar, Şeyx Əbu Muhəmməd (əl-Cuveyni) bunu qəti olaraq bildirib. İkinci rəy isə budur ki, caizdir. Bunu “ət-Təqrib” kitabının sahibi deyir. ” Daha sonra ən-Nəvəvi əlavə edir ki, bu səcdənin haram olmasında bunun namazdan sonra və ya başqa vaxtda edilməsi arasında fərq yoxdur.[11]

Zəkəriyya əl-Ənsari də ən-Nəvəvinin sözlərini şərh edərkən yazır ki, “çünki bu bidətdir və hər bir bidət zəlalətdir.[12]

İbnun-Nəqib əş-Şafii deyir: “Əgər heç bir səbəb olmadan tək bir səcdə ilə itaət edər, bununla da Allaha ibadət edərsə haram olar.[13]

Şafiilərdə məzhəbin mötəməd rəyinə əsasən tək bir səcdə ilə ibadət etmək haramdır. əş-Şirbini, ər-Ramli və başqalarının təsdiqlədikləri rəy budur. Belə görünür ki, dua etmək məqsədi səhih bir səbəb sayılmır.

Əbu Şəmə yazır: “ət-Tətimmə kitabının sahibi dedi: “İnsanlardan bəziləri namazı bitirdikdən sonra səcdə etməyi adət ediblər, orada dua edirlər.” Dedi: “Bu, dəlili bilinməyən bir səcdədir, nə Allahın elçisindən – salləllahu aleyhi va səlləm - , nə də səhabələrdən nəql olunmayıb. Ən yaxşısı namazda ikən rəvayət olunmuş dualar ilə dua etməsidir.”[14] ət-Tətimmə kitabının sahibi isə Əbu İshaq əş-Şirazi’dən sonra Nizamiyyə mədrəsələrində xocalıq etmiş şafii alimi Əbu Sad Abdurrahmən bin əl-Məmun əl-Mutəvalli ən-Nisəburi’dir.

Hənbəli alimlərinə gəldikdə isə bu barədə onların içində xüsusilə danışan İbn Teymiyyə olub. O, bir yerdə namazdan sonra tək səcdə etməyi qadağan edir. İbn Teymiyyə yazır: “Bundan daha da münkər olan insanların bir hissəsinin etdiyidir ki, salam verdikdən sonra tək bir səcdə edirlər; beləki bu bidətdir, imamlardan heç kimdən bunun müstəhəb olması nəql olunmayıb. İbadətlər isə şəriət və tabeçilik üzərində, şəxsi rəylər və bidətlər üzərində bina olunmur.[15]

Lakin bu sözlərdən ümumiyyətlə dua üçün səcdə etməyin qadağan olması mənasını çıxarmaq olmaz. İbn Teymiyyə burada xüsusilə salamları verdikdən sonra səcdəyə getməkdən danışır və məlumdur ki, cumhura görə namaz bitdikdən sonra oturub zikrlər edilər. Ona görə də İbn Teymiyyənin bu halı bidət adlandırması anlaşılandır. İbn Teymiyyə başqa yerdə deyir: “Heç bir səbəb olmadan edilən mütləq səcdə barəsində fəqihlər ixtilaf ediblər; o (müstəqil) bir ibadətdir ya yox?” Daha sonra İbn Teymiyyə öz rəyini belə qeyd edir: “Anlaşıldı ki, səcdə bir cinsin adıdır və o, Allaha boyun əymənin ən kamil formasıdır. İnsandakı ən izzətli yer, üzüdür, onu Allah üçün yerə qoyması bədəni ilə göstərə biləcəyi ən böyük təslimiyyətdir. Ona görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Qulun Rəbbinə ən yaxın olduğu hal səcdədə olduğu haldır.” Allah deyir: “Səcdə et və (Rəbbinə) yaxınlaş!” Beləliklə də (səcdə) namazdan kənarda da məşru olan təsbih, təhmid, təkbir, təhlil və Quran qiraəti kimi namaz zikrləri cinsindən olmuş olur və bunların hamısı üçün təharət almaq müstəhəbdir. Dəstəmazı olmayanlara bunu etmək icazəlidir. Bu, ruku kimi yalnız namazın içində edilən əməllərdən fərqlidir, çünki bu, yalnız namazın bir hissəsi ola bilər.”[16] Beləliklə də İbn Teymiyyə ruku ilə səcdə arasında bu baxımdan bir fərqin olduğunu deyir.

Hənbəli alimi İbn Muflih yazır: “Şeyximiz dedi: “Dua etmək istərsə, bu duasını səcdə halında etmək üçün üzünü Allah üçün torpağa sürtər və Ona səcdə edərsə bu, dua məqsədi ilə edilmiş bir səcdə olacaq və bunu qadağan edəcək heç bir şey yoxdur. İbn Abbas peyğəmbərin – salləllahu aleyhi va səlləm – zövcələrindən birinin ölüm xəbəri gəldikdə tək bir səcdə etmişdi. Peyğəmbər də – aleyhissələm – deyib: “Əgər bir ayə (yəni fəlakət, müsibət) görsəniz səcdə edin.” (Şeyximiz) dedi: “Bu ona dəlalət edir ki, ayətlər zamanında səcdə etmək məşrudur. Məkruh olan isə səbəbsiz yerə səcdə etməkdir.”[17] Şeyximiz deyərkən İbn Teymiyyəni qəsd edir. Buradan anlaşılır ki, İbn Teymiyyənin nəzərində dua məqsədi ilə mütləq şəkildə səcdə etmək mübahdir, qadağan deyildir. Onun bu sözlərini tələbəsi İbn Muflih, həmçinin əl-Həccəvi nəql edirlər və heç bir etiraz etmirlər. əl-Buhuti bu sözlərin şərhində fərqli bir görüş qeyd etmir. Məri bin Yusuf əl-Kərmi ona görə də “Ğayətul-Muntəhə” kitabında yazır: “Dua üçün səcdə etmək və üzü torpağa bulaşdırmaq məkruh deyildir, məkruh olan səbəbsiz yerə səcdə etməkdir.”[18] ər-Ruheybəni bu sözləri eynilə İbn Teymiyyənin sözləri ilə şərh edir və heç bir etiraz etmir.[19]

Təklikdə səcdə etməyin caiz, hətta müstəhəb olduğunu deyənlər bir neçə dəlilə əsaslanıblar. Bunlardan birini ən-Nəsəi “əs-Sünən” kitabında rəvayət edir ki, Aişə anamız deyib: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – işə namazını bitirdikdən sonra fəcrə qədər gecə vaxtı – fəcrin iki rükətindən savayı - on bir rükət qılardı və sizdən birinizin əlli ayə oxuyacağı miqdarda səcdə edərdi.”[20]

Alimlərin bir qismi bu hədisdən belə başa düşüblər ki, bu sonuncu səcdə, namazdan kənarda edilən müstəqil bir səcdədir. Hətta ən-Nəsai özü bu hədisi qeyd etdiyi babın adını “vitrdən sonra edilən səcdənin miqdarı” qoyub. əl-Qadi əl-Beydəvi bu hədisdən çıxardığı nəticələr arasında yazır: “Bu hədisdə dəlil vardır ki, tilavət və şükürdən başqa səbəb üçün tək bir səcdə ilə Allaha ibadət etmək icazəlidir. Bunun caizliyində fikir ayrılığı var.”[21]

Lakin alimlərin əksəriyyəti hədisi bu mənada başa düşməyiblər. İbn Rəcəb bu nöqtədə ən-Nəsai’nin anlayışı ilə razılaşmır və deyir: ”Burada murad, gecə namazlarındakı səcdələrindən birinin miqdarıdır, yoxsa vitrdən sonra tək bir səcdə etdiyini qəsd etmir.”[22]

Bir başqa hədisdə Peyğəmbərin azadlı köləsi Səvbən deyir ki, “peyğəmbərdən – salləllahu aleyhi va səlləm – Cənnətə daxil edəcək bir əməl haqqında soruşdum. Dedi: “Sənə tövsiyəm Allaha çoxca səcdə etməkdir. Çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah səni ona görə bir dərəcə ucaltmasın və səndən bir günahı silməsin!”[23] 

Əksər alimlər bu hədisdəki səcdə ilə qəsd olunanın namazlardakı səcdə olduğunu deyiblər. Lakin bəzi alimlər bu hədisdəki mənanın ümumi olduğunu, hətta təklikdə edilən səcdənin də bura daxil olduğunu deyiblər. İbn Həcər deyir: “Səvbən’in və Əbu Darda’nın “çoxca səcdə etməyi tövsiyə edirəm” hədisini Muslim rəvayət edib. Tək səcdə ilə ibadət etməyin icazəli olduğunu deyənlər bunu dəlil gətirirlər. Bunu qadağan edənlər isə burada qəsd olunanın namazdakı səcdələr olduğunu deyirlər.”[24]

Şafii alimlərindən Muhibbuddin ət-Tabəri bu hədisdəki səcdənin namaza xas olmadığını, ümumi olduğunu yazır və deyir: “Caiz olması daha münasibdir, hətta müstəhəb olması da uzaq deyildir. Çünki (tək səcdə) müstəqil şəkildə məşru olan bir ibadətdir, beləliklə də əgər hansısa səbəbə görə onunla ibadət etmək caizdirsə, o zaman səbəb olmadan da caiz olmalıdır. Bir rükətlik namaz kimidir. Bununla da səcdə rukudan fərqlənir, çünki ruku müstəqil şəkildə, mütləq olaraq şəriətdə gəlməyib... Hədis bunun bütün səcdələrə aid olmasını tələb edir və bu sözü yalnız namazdakı səcdələrə aid etmək hədisin zahirinə müxalifdir.”[25]

Üstəlik bu məsələ həmçinin səcdənin müstəqil bir ibadət olub olmaması sualı ilə bağlıdır. Kimlər səcdənin rukudan fərqli olaraq müstəqil bir ibadət olduğunu təsdiqləyirsə onlara görə dua niyyəti ilə səcdə etmək icazəlidir. Hənəfilərdən Muhəmməd bin əl-Həsən əş-Şeybəni və əksəriyyət, şafiilərdən əl-Qaffəl əş-Şəşi, əl-Muhibb ət-Tabəri, hənbəlilərdən İbn Teymiyyə və ona tabe olanlar, səcdəni müstəqil bir ibadət kimi görürlər, ruku ilə eyniləşdirmirlər. Malikilər ilə şafiilər isə səcdəyə müstəqil bir ibadət kimi baxmırlar. Ona görə də məsələdə fərqli yanaşmalar mövcuddur.

(Samir Firdovsioğlu)

____________________________________

[1] Haşiyətu İbn Abidin, 2/120; Mustafa əl-Babi əl-Hələbi

[2] Xazənətul-Muftin, səh: 691;

[3] Ləməatut-Tənqih fi Şərh Mişkət əl-Məsabih, 3/608; Darun-Nəvadir

[4] Ruhul-Bəyan, 10/476;

[5] Haşiyətu İbn Abidin, 2/120; Mustafa əl-Babi əl-Hələbi

[6] əl-Mədxal, 4/267;

[7] Eyni mənə, 4/279;

[8] Şərh əl-Məvahib əl-Ləduniyyə, 7/282;

[9] Nihəyətul-Mətləb, 2/233;

[10] əl-Vasit fil-Məzhəb, 2/206;

[11] Ravdatut-Talibin, 1/326;

[12] Əsnəl-Mətalib, 1/199;

[13] Umdətus-Səlik va Uddətun-Nəsik, səh: 65;

[14] əl-Bəis alə İnkəril-Bidəti val-Həvədis, səh: 61;

[15] Məcmu əl-Fətəva, 23/94

[16] Məcmu əl-Fətəva, 21/284-285;

[17] “əl-Furu va Təshih əl-Furu”, 2/314; Muəssəsətur-Risələ

[18] Ğayətul-Muntəhə, 1/175;

[19] Mətalib Ulin-Nuhə, 1/591;

[20] Sünən ən-Nəsai, 1749

[21] Tuhfətul-Əbrar Şərh Məsabih əs-Sunnə, 1/354;

[22] Fəthul-Bari, 9/480

[23] Sahih Muslim, 1093

[24] ət-Təlxis əl-Habir, 2/33;

[25] əl-Munəvi, “Feydul-Qadir”, 4/334

Rəngsiz şəkil ola bilər

 

Read 402 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR