Namaza necə niyyət edilir?
Lüğətdə, "yönəlmək", "ciddiyyət" və "qərarlılıq göstərmək" kimi mənalara gələn "niyyət" kəliməsinin lüğət mənası əsas alınaraq verilən təriflər arasında, "qəlbin dərhal və ya nəticə etibarı ilə məqsədə uyğun gördüyü, yəni, bir fayda təmin edəcəyinə, yaxud bir zərəri dəf edəcəyinə hökm etdiyi felə yönəlməsi" şəklindəki tərif, daha çox yayğınlıq qazanmışdır.
Quranda "niyyət" kəliməsi və -"çəyirdək" mənasındakı "nəva" (Ənam/95) xaricində- eyni kökdən gələn kəlimələr yer almır.
Hədislərdə isə, niyyət və ondan törəyən kəlimələrə, çoxca təsadüf edilməkdədir.
İslam alimləri, niyyətlə əməl arasında, ruh-bədən misalı kimi bir münasibət mövcud olduğunu; niyyətin, qulluğun sirri, əməlin özü, ruhu və sütunu olduğunu bildirərək, əməllərin Allah qatında dəyərli və ya dəyərsiz sayılması xüsusunda, böyük əhəmiyyət daşıdığını vurğulamışlardır.
-----------------------------------------------
• Niyyət, namaza girməyi istəməkdir.
Niyyətin şərti, hansı namazı qıldığını bilməkdir. Hansı namazı qıldığını bilməyin ən yaxın dəlili isə, bu xüsus özündən soruşulduğunda, o şəxsin dərhal cavab verə bilməsidir. Əgər o kimsə, düşünmədən bu sualın cavabını verə bilmirsə, namazı, caiz olmaz.
Əslində, etibar, bunun, dil ilə deyilməsinə deyildir. (Yəni, qəlbən bilməsi, kifayət edir.) Lakin dili ilə də deyərsə, bu hal, qəlbinin əzəmətini topladığı üçün, daha gözəl olar. "Kafi"də də belədir.
• Qəlbini hazırlamaqdan aciz olan kimsənin, bunu, dililə söyləməsi də kifayət edir. "Zahidi"də də belədir.
• Nafilə, sünnət və təravih namazları üçün, mütləq niyyət kifayət edir. Səhih olan da, budur. Bu, açıq bir cavab və alimlərin ümumunun seçdiyi görüşdür. "Təcnis"də də belədir.
• Təravih namazını qılarkən, ehtiyata uyğun olanı, bu şəkildə niyyət etməkdir:
~ "Niyyət etdim, təravih namazını qılmağa." və ya
~ "Niyyət etdim, vaxtın sünnətini qılmağa." və ya
~ "Niyyət etdim, gecənin qiyamına."
"Munyətu'l-Musalli"də də belədir.
• Sünnət namazları qılarkən: "Niyyət etdim, Allah rəsuluna tabe olaraq namaz qılmağa." şəklində niyyət etmək, ehtiyata daha uyğundur. "Zəxirə"də də belədir.
• Vaciblər və fərzlər, mütləq niyyətilə (yəni, sırf “namaz qılmağa niyyət edirəm” şəklində niyyət etməklə) əda olunmazlar. Bu, icmaən belədir. "Ğiyasiyyə"də də belədir.
• Bunlarda (yəni, fərz və vaciblərdə), təyin, yəni, hansı namazı qılacağını bildirmək lazımdır. (Məsələn):
~ "Niyyət etdim, bu günki zöhr namazının fərzinə." və ya
~ "Niyyət etdim, vaxtın fərzinə."
kimi niyyət edilir. "Şərhu'l-Muqaddimə"də də belədir.
Sadəcə "Fərzə niyyət etdim." demək (yəni, belə mütləq niyyət), kifayət etmir.
Lakin bir kimsə, "...vaxtın fərzini qılmağa..." deyə niyyət etsə, cümə xaric, bu niyyəti caiz olar.
Cümə günündən başqa günlərdə, zöhr vaxtında, "vaxtın fərzinə" deyərək niyyət, caiz olar. Səhih olan da, budur.
• Öz vaxtı içində qılınmış olan bir namazın, sadəcə, o vaxtın fərzi niyyətilə qılınması, caizdir.
Lakin bir kimsə, vaxtın çıxdığını bilmədən, vaxtın fərzi niyyətilə -çıxmış olan vaxtın fərzini- qılmış olsa, bu, caiz olmaz. "Siracu'l-Vəhhac"da da belədir.
• Lakin bir kimsə, "bu günün zöhr namazına" deyə niyyət edərsə, namazı qıldığında vaxt çıxmış olsa belə, qıldığı namaz, caizdir. Bu, vaxtın çıxması mövzusunda, şübhə daşımayan kimsə üçündür. "Təbyin"də də belədir.
• Cənazə namazında, "Allah üçün namaza, meyit üçün duaya" deyə niyyət edilir.
~ Bayram namazında, "Bayram namazını qılmağa";
~ Vitrdə isə, "Vitr namazını qılmağa" deyə niyyət edilir. "Zahidi"də belədir.
• "Qayə" adlı kitabda: "Vitr namazının vacibliyi xüsusunda ixtilaf olduğu üçün, ona, 'vacib' deyə niyyət edilməz." deyilmişdir. "Təbyin"də də belədir.
• Nəzr edilmiş olan tavaf namazını qılarkən, nəzr edilmiş olan namazın qılındığını, niyyətilə bildirmək də, şərt qılınmışdır. "Bahru'r-Raiq"də də belədir.
• Niyyət edərkən, rükət ədədini bildirmək, şərt qılınmamışdır. "Şərhu'l-Viqayə"də də belədir.
• Bir kimsə, 5 rükət miqdar təyin etmiş olsa, 4 rükət tamamlanınca oturmuş olsa, bu namazı, caiz olar. Çünki 5 rükət niyyəti, boşdur; bir dəyər daşımır. "Munyətu'l-Musalli"də də belədir.
• Kəbə niyyəti (yəni, niyyət əsnasında, qibləyə döndüyünü bildirmək) də, şərt deyildir. Fətva da, bunun üzərinədir. "Mudmarat"da da belədir.
• Qəza namazlarında, təyinə (hansı namazı qılacağını bildirməyə) ehtiyac vardır. "Fəthu'l-Qadir"də də belədir.
• Qəzaya qalmış namazlar çox olduğu vaxt, bunları qəza etməklə məşğul olan kimsənin, qıldığı qəza namazını, "zöhr", "əsr" kimi hansı vaxtı qılırsa, onu təyin etməsinə ehtiyac vardır. (Məsələn):
~ "...günün zöhrü..."
~ "...günün əsri..."
şəklində niyyət edilir. "Fətəva Qadıxan"da da belədir. Əsahh olan da, budur.
• Bu kimsə, əgər işində asanlıq istəyirsə, "Üzərimdə ən əvvəl (və ya ən sonra) qəzaya qalan zöhr namazını qılmağa..." deyə və ya buna bənzər bir şəkildə niyyət etməlidir. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, başladıqdan sonra pozmuş olduğu nafilə bir namazı qəza edərkən, niyyətində, bu namazı qəza etməkdə olduğunu təyin etməsi, şərtdir. "Təbyin"də də belədir.
• Bir qəza namazına niyyət edildiyi əsnada, (məsələn), "şənbə günü (qəza etdiyim) namaza" deyə niyyət edilsə, qəzaya qalan namaz da, bazar günü (qəza edilmiş) namaz və ya hal, bunun əksinə olsa, bu xüsusda, məşayix, ixtilaf etmişdir.
Belə bir hal, vaxt namazlarında caiz olar. "Qunyə"də də belədir.
• Bir kimsə, fərz namazı qılmağa başlasa, sonra onu, nafilə zənn etsə və nafilə deyə də davam etsə və namaz bitənə qədər də bu niyyətdə olsa; qıldığı bu namaz, fərz namaz (olaraq caiz)'dir.
Əgər iş, bunun əksinə olmuş olsaydı, hökm də tərsinə olardı. Yəni, nafilə deyə başlanılan namaz, fərz niyyətilə bitirilmiş olsa belə, o namaz, nafilə namazdır; fərz namaz deyildir. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, zöhr namazına başladıqdan sonra, nafiləyə niyyət etsə; və ya əsr namazına; və ya qəza namazına; və yaxud da cənazə namazına niyyət edib başlamış olsa və -bu ikinci niyyətdən sonra- təkbir alsa, ilk başladığı namazdan çıxmış, -niyyət edib təkbir aldığı- ikinci namaza başlamış olur.
Əgər təkbir almamışdırsa, təkbirsiz niyyətlə əvvəlki namazdan çıxmış sayılmayacağından, ilk başlamış olduğu namazı, bitirmiş olur. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, zöhr namazından 1 rükət qıldıqdan sonra, təkbir alar və -yenidən qəlbindən- zöhr namazına niyyət edərsə, qəlbi ilə niyyət etdiyindən, qılmış olduğu ilk rükət də, caizdir.
Lakin -ikinci dəfə təkbir aldığı əsnada- dili ilə, "Niyyət etdim, zöhr namazına" deyərək niyyət etmişdirsə -ilk başladığı- zöhr namazı, pozular və ilk qıldığı rükət də, caiz olmaz. "Xülasə"də də belədir.
• Nafilə üçün təkbir alan bir kimsə, sonra təkrar təkbir gətirərək, bu ikinci təkbirlə də fərzə niyyət etsə, o kimsə, fərzə başlamış olur.
• Tək başına namaz qılmaqda olan bir kimsənin, namazının caiz olması üçün, bu 3 şeyə niyyət etməsi lazımdır:
1. Namazı Allah üçün qıldığına;
2. Hansı namazı qılmaqda olduğuna;
3. Qibləyə dönməyə.
• İmam da, yalnız qılan kimsə kimi niyyət edər. İmam olmaq üçün, ayrıca niyyət etməsinə ehtiyac yoxdur. Hətta imam olan kimsə, "Filan adama imam olmamağa" niyyət etmiş olsa, o adam da gəlib bu imama tabe olsa, bu belə, caizdir. "Fətəva Qadıxan"da da belədir.
• Lakin bir imam, qadınlar üçün imamlığa niyyət etmiş olmazsa, ona tabe olan qadınların namazları, səhih olmaz. "Muhit"də də belədir.
• İmama tabe olan kimsə də, yalnız qılan kimsə kimi niyyət edər və ayrıca, imama tabe olmağa da niyyət edər. Çünki niyyətsiz olaraq, imama tabe olmaq, caiz deyildir. "Fətəva Qadıxan"da da belədir.
• İmama tabe olan şəxsin,
~ "İmamın başladığı və qıldığı namaza" və ya
~ "İmamın namazına iqtidaya (tabe olmağa)"
deyə niyyət etməsi, caizdir.
Yenə,
~ "Başqasına deyil, ona iqtidaya" niyyət etsə, bu da caiz olar. Əsahh (ən doğru) olan da, budur. "Mi'racu'd-Dirayə"də də belədir.
Ancaq, imama tabe olan kimsə,
~ "İmamın fərzinə..." və ya
~ "İmamın namazına..."
deyə niyyət etsə, bu, caiz olmaz. "Təbyin"də də belədir.
• Bu xüsusda əfdal olan, imam, "Allahu Əkbər" dedikdən sonra, "İmama tabe olmağa" niyyət etməkdir. Beləcə, namaz qılan kimsəyə tabe olmuş olur.
İmam, (namaz qıldıracağı) yerdə durduğunda ona iqtida edilmiş olsa, bu da caizdir.
Alimlərimizin hamısı, bu görüşdədir. Fətva da, buna görədir. Şeyxu'l-İmamu'z-Zahid İsmail və Hakim Abdu'r-Rahmən əl-Katib də, bununla fətva vermişlərdir. Qüvvətli olan da, budur. "Muhit"də də belədir.
• İmamın, hələ namaza başlamadığını bilən bir kimsə, "İmamın namazına..." başlamağa niyyət etsə, imam namaza başladığı vaxt, o adam da namaza başlamış olar. "Muhit"də də belədir.
• Bir kimsə, imamın namazına başlamağa niyyət etmiş olsa, imam da namaza başladı zənni ilə özü namaza başlamış olsa, bu kimsənin niyyəti, caizdir. Qadıxan da bu görüşü seçmişdir. "Şərhu'l-Munyə"də də belədir.
• İmamın, zöhrümü, cümənimi qıldığını bilmədiyi halda, bir kimsənin, "İmamın namazına" niyyəti ilə imama tabe olaraq qıldığı namaz, imam hansı namazı qılmışdırsa, o namaz olaraq caiz olar.
• Lakin imama tabe olmağa niyyət edən kimsə, "İmamın namazına" niyyət etməsə, (məsələn) "Zöhr namazına" deyə niyyət etsə; əgər imamın qıldığı namaz, cümə namazı olarsa, bu halda, o kimsənin niyyəti, caiz olmaz.
• İmama tabe olan kimsə, əgər işin asanını istəyirsə,
~ "İmama tabe olmağa və onun qıldığı namazı qılmağa" və ya
~ "İmama birlikdə, onun qıldığı namazı qılmağa"
deyərək niyyət etməsi, münasib olar. "Muhit"də də belədir.
• Cümə namazı qılmaq üçün imama tabe olan kimsə, zöhr və cümənin ikisinə birdən niyyət etsə, bəzi alimlər, bunu, caiz görmüş və iqtidanın (tabe olmağın) hökmü səbəbilə, cüməni tərcih etmişlərdir.
• Bir kimsə, imama tabe olmağa niyyət etmiş olsa, imamın "Zeyd"mi, "Amr"mı olduğunu xatırlamasa və ya imamı, "Zeyd" olaraq görsə, halbuki imam, "Amr" olsa, bu halda, o şəxsin, imama iqtidası, caiz olar. "Fətəva Qadıxan"da da belədir.
• İmama tabe olan kimsə, imamın şəxsini görsə və: "Mən, bu imam olan Abdullaha tabe oldum." desə; və yaxud da, imamın şəxsini görməsə və lakin: "Mən, mehrabda duran imam Abdullaha tabe oldum." desə, imam isə, -"Abdullah" deyil- "Cəfər" olsa, yenə o şəxsin iqtidası, caiz olar.
• Muqtədi (namazda imama tabe olan kimsə), "Zeyd"ə tabe olduğu zaman, imam, "Amr"dırsa, niyyəti, caiz olmaz. "Təbyin"də də belədir.
• Camaat çox olduğu vaxt, imama tabe olan kimsə üçün ən münasib yol, imamı təyin etməməkdir. (Yəni, niyyət əsnasında, kimə tabe olduğunu təyin etməməkdir.)
• Cənazə namazında da, ölünü təyin etməmək (yəni, niyyət əsnasında, kimin cənazə namazını qılacağını təyin etməmək), daha uyğundur. "Zahiriyyə"də də belədir.
Fəraiz elmi etibarı ilə, namaz qılan kimsələr, bu 6 (qrupa ayrılırlar):
1. Namazın fərzlərini və sünnətlərini bildikləri kimi, fərzin mənasını da bilənlər.
Bu kimsələr, namazı qılmaqla, həqiqətən savaba haqq qazanarlar. Tərk etmələri səbəbilə də, əzaba haqq qazanarlar.
Belə şəxslər, sünnəti yerinə yetirməklə savaba haqq qazanarlar; sünnəti tərk etməkdən dolayı isə, əzab görməzlər.
(Bilik səviyyəsi yüksək olan) bu kimsələr,
~ "Zöhr namazına" və ya
~ "Əsr namazına" və ya
~ "Sübh namazına"
niyyət etdikləri vaxt, -nə etdiklərini bildiklərindən dolayı- niyyətləri, caiz olar.
2. Bəzi kimsələr də, hansı namazın fərz, hansının sünnət olduğunu bilir və fərzə, fərz olaraq niyyət edir; ancaq, qıldığı namazdakı fərzlərin, sünnətlərin nələr olduğunu bilməz. Bu kimsələrin də niyyəti (və namazı), caiz olar.
3. Bir kimsə, fərzə niyyət edər, lakin fərzin mənasını bilməzsə, o kimsənin niyyət (və namaz)'ı, caiz olmaz.
4. Bir kimsə, digər insanların qıldığı kimi fərzləri və nafilələri qılır, lakin fərzləri, nafilələrdən ayıra bilmirsə, onun da niyyət (və namaz)'ı caiz deyildir.
5. Qıldığı namazın, hamsının da fərz olduğuna inanan kimsənin namazı, caizdir.
6. Bir kimsə, Allah Taala'nın, qullarına, 5 vaxt namazı fərz qıldığını bilməsə, lakin özü, bu namazları vaxtında qılırsa, bu şəxsin qıldığı namazlar da, caiz deyildir. "Qunyə"də də belədir.
Fərzmi, nafiləmi qıldığını bilməyən kimsə
• Bir kimsə, fərzi nafilədən ayıra bilmir və qıldığı namazların hamısına fərz deyə niyyət edirsə, özündən əvvəl müəkkəd sünnət olmayan əsr, məğrib və işa kimi namazlarda, o kimsəyə (namazda) tabe olmaq, caizdir. Sübh, zöhr kimi, özündən əvvəl müəkkəd sünnət olan namazların heç birində, bu kimsəyə iqtida etmək, caiz olmaz. "Fətəva Qadıxan"da da belədir.
• Niyyətin namaza başlayərkən edilməsinin əfdal olduğu xüsusunda, alimlərimiz ittifaq etmişlərdir. "Fətəva Qadıxan"da da belədir.
• Təkbirdən əvvəl niyyət etmək, təkbir əsnasında niyyət etmək kimidir. Ancaq, niyyətlə təkbir arasında, namaza uyğun olmayan bir iş görməmək lazımdır. "Kafi"də də belədir.
• Bir kimsə, namazı qılmaq üçün niyyət etsə və sonra da dəstəmaz alıb məscidə getsə və təkbir gətirib -əvvəl niyyət etdiyi namaza- başlamış olsa, bu, caizdir və niyyətinə də bir zərər verməz.
• Təkbir aldıqdan sonra niyyət etmək isə, adətdən deyildir. "Xülasə"də də belədir.
Fərzdə, riya olmaz:
• Fərzdə, riya olmaz. "Xülasə"də də belədir.
• Bir adam, Allah üçün namaza başladıqdan sonra, qəlbinə riya girsə, o namaz, başladığı hal üzərədir.
Riya odur ki, adam tək olduğunda namaz qılmayıb, görsünlər deyə insanların yanında namaz qılır.
• İnsanların yanında olduğu vaxt, namazı gözəl qılıb; tək olduğu vaxt, gözəl qılmayan kimsələrə də, -ihsan xaric- namazın əsli savabı verilir. "Mudmarat"da da belədir.
• Bir kimsə, zöhr namazını qılmaq üçün məscidə girsə və imamı, -təşəhhüddə- oturmuş görsə və onun birinci oturuşdamı, yoxsa ikinci oturuşdamı olduğunu da bilməsə, dərhal niyyət edib imama tabe olar. Lakin niyyət əsnasında, əgər:
"İmam, birinci oturuşdadırsa, ona tabe oldum; əgər ikinci oturuşdadırsa, ona tabe olmadım." desə, bu kimsənin imama iqtidası, caiz olmaz.
Yenə, bu halda, bir kimsə, "İmam, birinci oturuşdadırsa, fərzə; ikinci oturuşdadırsa, nafilə qılmağa niyyət etdim." desə, o kimsənin fərzə iqtidası, caiz olmaz.
• Bir kimsə, məscidə girsə və qılınan namazın, işa namazımı, yoxsa təravih namazımı olduğunu bilə bilməsə və imama tabe olub niyyət edərkən də: "Əgər qıldığı, fərzdirsə, ona tabe oldum! Təravihdirsə, ona tabe olmadım." desə, bu kimsənin namazı, səhih olmaz.
Lakin bu halda, bu kimsə,
"Qıldığı, fərz isə də, təravih isə də, imama tabe oldum." desə və namazın, təravih namazı olduğu meydana çıxsa, iqtidası, səhih olar. "Təcnis"də də belədir.
• Bir kimsə, məscidə girdiyində, imamı, namaz qıldırmaqda ikən görsə; və qıldıqları namazın, işamı, yoxsa təravihmi olduğunu bilə bilməsə və "Əgər işadırsa, imama tabe oldum; təravihdirsə, tabe olmuram." desə, qılınan namaz, istər işa olsun, istər təravih olsun, o kimsənin iqtidası, səhih olmaz.
• Lakin bu halda, bu kimsə: "İşada isə də, təravihdə isə də, imama tabe oldum." desə; qılınan namaz, istər işa olsun, istər təravih olsun, bu şəxsin iqtidası, səhihdir. "Xülasə"də də belədir.
("əl-Fətəva əl-Hindiyyə")
----------------------------------------------
Əlavələr:
• 2 nəfər, bir-birinə imam olmaq niyyətilə, eyni anda namaza başlasalar, ikisinin namazları da, caiz olar. Ancaq, namaza, bir-birinə tabe olmaq niyyət ilə başlayarsa, ikisinin də namazı, fasid olar. Səraxsi'nin "Muhit"ində də belədir.
Qadına da imamlıq etməyə niyyət etməsi halında, kişinin, qadına imamlığı, caizdir. Ancaq, imamın, xəlvətdə (qadınla tək başına qapalı bir yerdə) olmaması lazımdır. Lakin, imam, xəlvətdə olub, özünə tabe olan qadınların hamısına və ya bir qisminə məhrəmdirsə, bu halda, bu şəxsin imamlığı, yenə caizdir; lakin, məkruhdur. "Tahavi şərhi"ndən nəqlən, "Nihayə"də də belədir.
• Qadınların, cümə namazında, -imam, qadınlara imam olmağa niyyət etməmiş olsa belə- kişiyə tabe olması, caizdir. Bayram namazları üçün də, hökm, eynidir. Səhih olan da, budur. "Xülasə"də də belədir.
---------------------------------------------
Niyyətin namaza şərt olmasının dəlilləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/niyy%C9%99tin-namaza-s%C9%99...
Dil ilə niyyət etmək:
https://salihiyye.com/2021/08/03/niyy%c9%99ti-dild%c9%99-t%c9%99l%c9%99f...
Niyyətin namaza şərt olması (4 məzhəbə görə):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/niyy%C9%99tin-namaza-s%C9%99...
