Nəbi və rəsul məsələsi
"Nəbi" kəliməsinin meydana gəldiyi kök haqqında, alimlər, 2 görüş iləri sürmüşlərdir:
1. Sonu həmzəsiz və şəddəli olan "ən-nəbiyyu" və ya "ən-nəbi";
2. Həmzəli olan "ən-nəbiu" şəklidir.
Buna görə, "nəbi" kəliməsi, lüğətdə, meydana gəldiyi kök etibarı ilə, 2 fərqli məna ifadə etməkdədir:
1. "Nəbi": "böyük fayda təmin edən xəbər" mənasına gələn "ən-nəbəə" şəklində, həmzəli bir kökdən meydana gəlmişdir. Ərəbcə dil qaydalarına görə, tələffüzü asan olsun deyə "nəbi" kəliməsinin sonundakı həmzə, yə hərfinə çevrilərək, "ən-nəbi" şəklini almışdır. Buna görə, "nəbi" kəliməsinin mənası, "xəbər gətirən, təbliğ edən" deməkdir.
Əbu Zəkəriyyə əl-Fərra, İsmayıl b. Hammad əl-Cəvhəri, ibn Manzur və Murtaza əz-Zəbidi kimi lüğət alimləri, peyğəmbərlərin, "nəbi" olaraq adlandırılmalarının, "Allahdan qullarına xəbər gətirmə"lərindən qaynaqlandığını ifadə edirlər.
"Nəbi", həm fail, həm də məful mənasında istifadə edilə bilən bir məfhumdur. Bu səbəblə, "nəbi" kəliməsi, həm "xəbər alan, özünə xəbər verilən"; həm də "xəbər verən" mənasını ehtiva edir. Quranda, bu kəlimənin hər 2 şəkildə də istifadəsi mövcuddur.
2. "Nəbi" kəliməsinin əsli, "böyüklük, ucalıq" mənalarına gələn "nubuvvə, nəbvə" və ya "ən-nəbavə" şəklindəki həmzəsiz kökdən gəlməkdədir. Cəm halı, "ənbiya" və ya "nəbiyyun"dur.
"Nəbi" kəliməsi, həmzəsiz oxunarsa, "nubuvvət, nəbvə, nəbavə" məsdərindən "yüksək məqam sahibi, uca, ulu, şərəfli" mənalarına gəlir.
"Nəbi" kəliməsinin bu kökdən meydana gəldiyini ifadə edənlər, nəbilərin, məxluqların ən uca və şərəfli olmaları düşüncəsindən hərəkət etməkdədirlər. Çünki nəbilər, Allahın, məxluqları arasından seçdiyi ən şərəfli və uca insan mənasına gəlməkdədir. Nəbinin nail olduğu nübüvvət məqamı, qaynağı və nəticələri etibarı ilə ucalıq və üstünlük ifadə etməkdədir. Nübüvvətin əsasını meydana gətirən vəhy və onun məhsulu olan bilik və xəbərlər, keyfiyyət cəhətindən, digər biliklərə və xəbərlərə qiyasla, xüsusi bir dəyərə və üstünlüyə sahibdir. Bu cəhətdən, nübüvvət kəliməsi, peyğəmbərlər xaricindəkilərin üstünlüyünü ifadə etmək üçün istifadə edilməz. Quran'da, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) üçün istifadə edilən:
وَرَفَعْنَـٰهُ مَكَانًا عَلِيًّا
"Biz onu, yüksək bir məqama ucaltdıq." (Məryəm/57) ayəti, bu mənanı doğrulamaqdadır.
Bununla bərabər, "nəbi" kəliməsi, yüksək yer mənasında, yüksəkdə olan şəxs üçün də istifadə edilir. Bu mənada, "nəbi", insanlardan üstün mərtəbədədir.
"Nəbi" kəliməsinin istilahi (terminoloji) mənasında, istifadəsində isə, ümumi olaraq, alimlər arasında bir ixtilaf yoxdur. Ancaq təfsilata enildiyində, bəzi ləfzi ixtilaflar görülməkdədir.
Əhl-i sünnətin kəlam alimləri, ümumi olaraq, nəbini, "Allah Taala tərəfindən bir mələk vasitəsilə özünə vəhy edilən və ya qəlbinə ilham olunan yaxud da sadiq yuxu ilə özünə xəbər verilən şəxs" şəklində tərif etmişlərdir. (Cürcani, "Tarifat", s. 328)
Əhl-i sünnət etiqad məzhəblərindən biri olan Əşariyyə'yə görə isə, Nəbi, "Allahın, hər hansı bir qövmə və ya bütün insanlara göndərdiyi və onu, Özünə elçi olaraq seçdiyi, ona xəbər verərək, insanlara təbliğ etməsini istədiyi şəxs"ə deyilir. (Seyfəddin əl-Amidî, "Əbkaru'l-əfkar fî usuli'd-dîn, lV, s. 13)
Maturidilərə görə isə, "nəbi"nin qısa tərifi, belədir:
"Nəbi, insanların tələbi üzərinə, Allah qatından xəbər gətirən kimsədir. Nəbilər, ya bir mələk vasitəsilə vəhyə nail olmuşlar və ya yuxuda sadiq yuxu halında bu hal göstərilmiş yaxud da özlərinə ilham edilmiş şəxslər"dir. (Maturidi, "Təvilat-u Əhli's-Sünnə", ll, 295)
Bu təriflərdən, nəticə olaraq, "nəbi" kəliməsinin 3 fərqli mənası ortaya çıxmaqdadır. Belə ki, nəbi:
1. Xəbər/vəhy alan;
2. Xəbər verən; və
3. Allah qatında yüksək məqam sahibi
deməkdir.
Və Nəbilər, bu mənanı/vəsfi də, özlərində daşımaqdadırlar. Belə ki, onlar:
1. Vəhy alandırlar;
2. Aldıqları xəbəri/vəhyi bildirəndirlər; və
3. Allah qatında yüksək məqam sahibidirlər.
--------------------------------
Müxaliflərin iddiaları:
Müxaliflərin mövzu haqqındakı əsas iddialarını, görüşlərini, maddələr halında sıralayıb, daha sonra, bu maddələrin hər birini incələmək, yazımızın daha başa düşülə bilən hala gəlməsini təmin edəcəkdir.
Müxaliflərin mövzu haqqındakı -təsbit edə bildiyimiz- ortaq iddiaları, belədir:
• Hər nəbi, rəsuldur. Lakin hər rəsul, nəbi deyildir. Nübüvvət, Muhamməd (sallallahu aleyhi və səlləm) ilə bitmişdir. Lakin risalət, davam etməkdədir.
• Bütün nəbilərə, kitab və şəriət verilmişdir.
• Quranda, bir çox ayətdə, "Allah və rəsula itaət" zikr edilməklə bərabər, "nəbiyə itaət" heç zikr edilməməkdədir. Bundan dolayı, Nəbi'yə itaət yoxdur. Zatən rəsula itaət də, Allaha itaət olduğu üçün, rəsulun şəxsən özünə də itaət yoxdur. Quran ayətlərinə itaət etmək, kifayət edir. Çünki, rəsul demək, "elçi" deməkdir. Muhamməd (sallallahu aleyhi və səlləm) və digər peyğəmbərlər, sadəcə, ayətləri/vəhyi təbliğ edərlərkən rəsuldurlar. Ayətləri təbliğ vəzifəsi bitdiyində, artıq rəsul deyil, nəbidirlər.
• Nəbi, sadəcə xəbər/vəhy alan deməkdir.
Müxalif, nəbinin tərifini verdikdən sonra, Allah Taala'nın, nübüvvət verdiyi bütün nəbilərə, bir də kitab, hikmət və şəriət verdiyini ifadə edir və Ənam surəsi 83-86-cı ayətlərdə, nəbilərin adlarının sayıldığını zikr edib sonra ayətin davamında yer alan:
"Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik." (Ənam/87) ayətini zikr edib; bir hədisdə, sayları 124.000 olaraq bildirilən nəbilərin hər birinin, Ənam/83-86-da adı keçən 18 nəbinin, ya atalarından, ya nəsillərindən, ya da qardaşlarından gəldiyini söyləməkdədir.
Daha sonra, "Allahdan peyğəmbərlərə 100 səhifə enmişdir." görüşünə toxunub, Ənam/89 ayətinin ləfzindən başa düşdüklərinə istinad edərək, bu görüşün, Qurana müxalif olduğunu, hər nəbiyə, ayrı bir kitab, hökm və şəriət verildiyini söyləməkdədir.
Müxalif, nəbinin: "Xəbər / vəhy alan; Allah qatında yüksək məqam sahibi" kimi mənalara gəldiyini, özü də ifadə etməkdədir. Lakin, hər nəbidə mövcud olan bu 3 xüsusiyyətdən, sadəcə 2-sini əsas alıb 1-ini qəbul etmir.
Yazısının davamında, təxminən 124.000 nəbinin, hər birinə kitab, hökm və şəriət verildiyi iddiasını dəstəkləmək sədədində, Bəqərə/213 ayətini zikr edir. Ayət, belədir:
كَانَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّۦنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ لِيَحْكُمَ بَيْنَ ٱلنَّاسِ فِيمَا ٱخْتَلَفُوا۟ فِيهِ ۚ وَمَا ٱخْتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَـٰتُ بَغْيًۢا بَيْنَهُمْ ۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَا ٱخْتَلَفُوا۟ فِيهِ مِنَ ٱلْحَقِّ بِإِذْنِهِۦ ۗ وَٱللَّهُ يَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
"İnsanlar, tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan nəbilər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər."
---------------------------------
Nəbilərin hər birinə, kitab və şəriət verilmişdirmi?
Müxalifin bura qədər zikr etdiyi ayətlərə, daha yaxından baxaq:
Ənam surəsinin 89-cu ayətinə görə, bütün nəbilərə ayrı-ayrı kitab, hökm və şəriət verildiyini zikr etmədən əvvəl, toxunmuş olduğu hədisdə keçən 124.000 nəbinin, bu ayətlərdə adları zikr edilən 18 nəbinin, ya atalarından, ya qardaşlarından, ya da nəsillərindən gəldiyini demişdi. Yəni, eyni zaman dilimində, birdən çox nəbinin yaşadığını deyirdi. Bəli, bu, doğrudur və bunu bildirən, başqa ayətlər də vardır. Müxalifə görə, eyni topluluğa göndərilmiş birdən çox nəbiyə, ayrı-ayrı kitab, hökm və şəriət verilmişdir. Və yenə müxalifin, hər nəbinin, eyni zamanda bir rəsul olduğu görüşünü də nəzərə aldığımızda, ortaya, belə bir mənzərə çıxır:
Bir topluluğa, birdən çox göndərilən nəbi/rəsul var və bunların hər birinin, ayrı-ayrı kitabı, hökmü və şəriəti vardır.
İndi, biz soruşuruq:
Bəhsi keçən 1 topluluğa göndərilən birdən çox nəbi/rəsulun təbliğ etdiyi kitab, hökm və şəriət, bir-birindən fərqlidirmi, yoxsa eynidirmi?
~ Əgər fərqlidirsə, bu topluluq, bu fərqli kitab və şəriətlərdən hansına tabe olacaq? Bu, əbəslə iştiğal deyildirmi? Allah Taala, müəyyən bir topluluğa, -az ya da çox- bir-birindən fərqli kitab və şəriət göndərərmi?
~ Əgər bəhsi keçən topluluğa göndərilən birdən çox nəbi/rəsulun təbliğ etdiyi kitab, hökm və şəriət, bir-birilərinin eynidirsə, bir-birinin eynisi olan birdən çox kitab və şəriətin, hər nəbiyə ayrı-ayrı enməsinin hikməti, nə ola bilər? Əgər -az ya da çox- heç bir fərq yoxdursa, bu, əbəs deyilmi?!
Ya da, eyni topluluğa göndərilən birdən çox nəbi/rəsulun təbliğ etdiyi kitab, hökm və şəriət, bir-birilərinin eynidirsə, məsələn, Musa (əleyhissəlam)'a enən kitab, hökm və şəriət, eynilə Musanın yanındakı (Harun), ya da Ondan sonra gələn nəbilər üçün məqbul və bağlayıcıdırsa, bu, digər nəbilərə, əslində bir kitab, hökm və şəriət enmədiyinin; Musaya enən kitabı, hökmü və şəriəti təbliğ etdiklərinin açıq bir dəlili, göstəricisi deyildirmi? Maidə surəsi 44-cü ayətdə bəhs edilən xüsus, elə isə, sizə görə nədir?
"Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan nəbilər, yəhudilər üçün, bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər." (Maidə/44)
Quranın bu ayətində, açıq və qəti bir şəkildə, Musa (əleyhissəlam)'dan sonra (İsanın göndərilməsinə qədər) gələn bütün nəbilərin, Tövrat ilə yəhudilərə hökm etdiyi başa düşülməkdədir.
Bu ayət, bütün nəbilərə müstəqil bir kitab və şəriət verildiyi iddiasının batilliyini açıq ortaya qoyduğu kimi; müxalifin bir başqa iddiası olan "Nəbilərə itaət yoxdur. Çünki nəbilər, vəhyi təbliğ etməzlər. Vəhy ilə hökm verməzlər." iddiasını, "Nəbilər, yəhudilərə, tövrat ilə hökm edərlərdi." ləfzilə, açıq və qəti bir şəkildə çürütməkdədir.
Yenə, müxalifin, Bəqərə surəsi 213-cü ayətdə nəzərdən qaçırdığı (ya da məqsədli şəkildə görməzlikdən gəldiyi): "Halbuki kitab verilmiş şəxslər, özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər." cümləsində bildirilən "ixtilafa düşənlər", kimlərdir? Ayətin davamında bildirilən "nəbilər"mi, yoxsa özünə kitab verilən və nəbilər göndərilən "topluluqlar"mı?
~ Əgər "ixtilafa düşənlər"dən qəsd edilən nəbilərdirsə, müxaliflər, dolaylı olaraq, bu nəbilərin, kitab mövzusunda ixtilafa düşdüyünü söyləmiş olurlar. (Ki, bu, -haşa-, küfrdür!)
~ Əgər "ixtilafa düşənlər"dən qəsd edilən, özünə kitab verilən və nəbilər göndərilən topluluqdursa, o halda, Quranda, bir çox yerdə keçən "özlərinə kitab verilənlər" cümləsindən, "Hər nəbiyə kitab verilmişdir." mənası çıxarıla bilməz.
"Özlərinə kitab verilənlər" sözünün, nəbilər və rəsullar kontekstində, xüsusi bir məna daşımadığı; çünki, ayətdə, "ixtilafa düşənlər" olaraq göstərilən yəhudilərin də, hər birinə ayrı-ayrı kitab verilmədiyi; bu ayətdən məqsədin, "xüsusi bir kitab enməsi" deyil, "bağlayıcılıq" olduğu, açıqca başa düşülməkdədir. Eynilə, müsəlmanlara Quranın verilmiş olması kimi; "Peyğəmbər ilə bərabər bütün insanlığa kitab verilmişdir." cümləsindən, hər bir insana, ayrı-ayrı xüsusi bir kitab verilduyi görüşü çıxarmağın, əbəslə iştiğal olacağı kimi...
--------------------
Rəsulluq, risalət, qiyamətə qədər davam edəcəkdirmi (yəni, yeni rəsullar göndəriləcəkdirmi)?
Müxalif, yazının davamında, Allah Taala'nın, nübüvvət məqamına çatdırdığı şəxslər xaricində, başqa kimsə üçün "nəbi" kəliməsini istifadə etmədiyini; buna baxmayaraq, "rəsul" kəliməsini isə, vəhy alan nəbilər və risalət verdiyi insanlar xaricində, başqa insanlar üçün də istifadə etdiyini söyləyir və buna söykənərək də, "Hər rəsulun, nəbi olmadığı; risalətin davam etdiyi; Quran ayətlərini olduğu kimi insanlara oxuyan hər kəsin, Allah rəsulu sayılması gərəkdiyi" görüşünü ortaya atır.
Bəli, Allah Taala, Quranda, risalət və nübüvvət vermədiyi sıravi insanlar üçün də bəzən "rəsul" kəliməsilə xitab etmişdir. Bu, doğrudur. Yalnış olan isə, müxalifin, bu doğru təsbitlərə yüklədiyi xətalı mənaları, "Rəsulluq, qiyamətə qədər davam edəcəkdir." şəklindəki problemli görüşünə istinad gətirməyə çalışmasıdır.
Bir çox dildə olduğu kimi, ərəb dilində də, eyni yazılsalar da, fərqli məna ifadə edən sözlər vardır. Xüsusilə Quranda,
~ bir çox mənada istifadə edilən eyni ləfzli/müştərək, lakin çox mənalı ləfzlərə, yəni, fərqli mənalarda istifadə edilən, lakin ləfzi eyni olan kəlimələrə - "vücuh";
~ləfzi fərqli, lakin mənası eyni olan kəlimələrə isə - "nəzair"
deyilir.
"Vücuh"a nümunə olaraq, "salat" kəliməsini zikr edə bilərik. Bu kəlimə:
~ Bəqərə surəsi 3-cü ayətdə - beş vaxt namaz;
~ Maidə surəsi 106-cı ayətdə - əsr namazı;
~ Cümə surəsi 9-cu ayətdə - cümə namazı;
~ Tövbə surəsi 84-cü ayətdə - cənazə namazı;
~ Tövbə surəsi 103-cü ayətdə - dua;
~ Hud surəsi 87-ci ayətdə - din;
~ İsra surəsi 110-cu ayətdə - qiraət;
~ Əhzab surəsi 56-cı ayətdə - rəhmət və istiğfar;
~ Həcc surəsi 40-cı ayətdə - namaz qılınacaq yer
mənalarında istifadə edilməsi, "vücuh"a bir nümunədir.
"Rəsul" kəliməsi də, istifadə edildiyi cümləyə görə dəyişən "vücuh"a bir nümunədir.
~ Özünə nübüvvət və risalət verilən peyğəmbərlərdən bəhs edilən ayətlərdə, fərqli mənada;
~ Misir kralının Yusuf (əleyhissəlam)'a göndərdiyi və ya Səbə kraliçasının Süleyman (əleyhissəlam)'a göndərdiyi xəbərçilərdən bəhs edən ayətlərdə isə, fərqli mənada
istifadə edilmişdir. (haşiyə)
-------------------------
(Haşiyə:
• وَإِنِّى مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ
Və inni mursilətun ileyhim bi hədiyyətin fənəziratun bi mə yərciu'l-mursəlun.
"Mən, onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm, rəsullar (elçilər) nə ilə qayıdacaqlar." (Nəml/35)
• ...فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ...
Fələmmə cəəhu'r-rasul.
"...Rəsul (elçi), Onun (Yusufun) yanına gəldiyində..." (Yusuf/50)
------------------------------------
Müxalif, bu açıq və bəsit fərqi, ya başa düşməyərək, ya da görməzdən gələrək, bir neçə yalançıya risalət məqamından pay çıxarmaq məqsədilə, ayətlərin mənaları ilə oynamaqdadırlar. Lakin, onların və rəsulluq iddia edən hər şəxsin, risalətdən pay qoparma cəhdlərinə qarşı, Allah Taala, Ənbiya surəsi 25-ci ayətdə, belə buyurmaqdadır:
وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِىٓ إِلَيْهِ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدُونِ
Və mə ərsəlnə min qablikə min rasulin illə nuhi ileyhi ənnəhu lə iləhə illə ənə fə'budun.
"Səndən əvvəl elə bir rəsul göndərməmişik ki, ona: 'Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!'– deyə vəhy etməyək."
Ayətdən də görüldüyü kimi, Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən əvvəl göndərilən bütün rəsullara vəhy etdiyini, yəni, risalətin, ancaq və ancaq Allahın vəhy etməsilə mümkün olduğunu, açıq bir şəkildə bildirmişdir.
------------------------
İsmayıl (əleyhissəlam)'a müstəqil bir kitab və şəriət, verilmişdirmi?
Müxalif, yazısında, bu məsələnin davamında, belə deyir:
"Bu ayələr, hər rəsulun, nəbi olmadığını, açıqca göstərməkdədir. Ancaq, əvvəlki alimlərin əksəriyyətinə görə, özünə kitab verilən və ayrı bir şəriəti olana, 'rəsul'; bir rəsulun kitabı və şəriəti ilə əməl edənə də, 'nəbi' deyilir. Onlara görə, İsmayıl (əleyhissəlam)'a verilmiş kitab və şəriət yoxdur. Elə isə, O, rəsul deyil, nəbidir. Ancaq, bu ayətə görə, O, həm nəbi, həm də rəsuldur." deyərək,
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِسْمَـٰعِيلَ ۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا
Vəzkur fi'l-kitəbi İsməilə innəhu kənə sadiqa'l-və'di və kənə rasulən nəbiyyən.
"Kitabda İsmaili də xatırla! Həqiqətən, O, öz vədinə sadiq idi. O, nəbi olan bir rəsul idi." (Məryəm/54) ayətini nümunə olaraq zikr etməkdədir.
Yeri gəlmişkən, alimlərin nəbi və rəsul fərqini qəbul etmək istəməyənlərin sıxlıqla dilə gətirdikləri İsmayıl (əleyhissəlam)'a müstəqil bir kitab və şəriət verilmədi isə, niyə, rəsul olaraq zikr edildiyi məsələsi üzərində də bir az dayanaq:
Əhl-i sünnət alimlərin, "özünə müstəqil bir kitab endirilən və ayrı/müstəqil bir şəriəti olana, Rəsul; özünə müstəqil bir kitab və şəriət verilməyib bir rəsulun kitabı və şəriətilə əməl edənə də, Nəbi deyilir." şəklindəki tərifinə uyğun olmayan, Məryəm surəsi 54-cü ayət xaricində başqa bir ayət yoxdur. Bu ayətdə zikr edilən xüsus isə, İsmayıl (əleyhissəlam)'ın, Hicaz yarımadasındakı "curhumilər" deyilən qövmə, bu qövm üçün yeni bir şəriət olan İbrahim (əleyhissəlam)'ın şəriətini gətirməsidir. Dolayısı ilə, o qövm cəhətindən, İsmayıl (əleyhissəlam), bir rəsuldur. Lakin curhumilərin ilk dəfə muxatab olduğu bu kitab və şəriət, İbrahim (əleyhissəlam)'a enən kitab və şəriətdir.
