Duha namazı
Rəsulullah ﷺ, beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq, ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin ﷺ qıldığı nafilə namazlardan biri də, duha namazıdır. Duha kəlməsi, ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına, quşluq namazı da deyilir.
DUHA ( QUŞLUQ ) NAMAZININ FƏZİLƏTİ:
Ummu Hani (Allah ondan razı olsun) rəvayət edir ki: " Peyğəmbər ﷺ, Məkkənin fəthi günü, səkkiz rükət Duha namazı qıldı". [1]
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərimiz, belə buyurdu: "Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih (Subhənəllah), hər bir təhmid (Əlhəmdulilləh), hər bir təhlil (Lə iləhə illəllah), hər bir təkbir (Allahu Əkbər), sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək, sədəqədir. Duha namazı isə, bunların hamısını əvəz edir!" [2]
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər ﷺ, üç şeyi mənə nəsihət etdi: "Hər ayın üç gününü oruc tutmağı, iki rükət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!"[3]
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm), dörd rükət Duha namazı qılar və istədiyi qədər rükətlərin sayını artırardı". [4]
Əbu Zərin (Allah ondan razı olsun) nəql elədiyi bir hədis, belədir: “Uca Allah buyurdu ki, “Ey Adəm övladı! Günün əvvəlində, Mənim rizam üçün, dörd rükət namaz qıl. Mən də, günün sonuna qədər səni qoruyum.”[5]
Rəsulullah ﷺ, belə buyurur:
“Kim iki rükət duha namazı qılmağa davam edərsə, dəniz köpüyü qədər günahları olsa da bağışlanar.”[6]
Rəsulullah ﷺ, belə buyurur:
“Cənnətdə, “duha qapısı” adlı bir qapı var. Qiyamət günü, bir səs yüksələr və “Duha namazı qılanlar hardadır?” Bu sizin qapınızdır. Allahın rəhməti ilə bu qapıdan cənnədə daxil olun”.[7]
Rəsulullah ﷺ,. belə buyurur:
“Kim on iki rükət (duha) quşluq namazı qılarsa, Allah onun üçün cənnətdə bir köşk qurar.”[8]
------------------------------------------
DUHA NAMAZININ VAXTI:
Duha namazını vaxtı, kərahət vaxtının [9] çıxmasından zəval vaxtına [10] qədərdir. Bu vaxt ərzində – yəni səhər, günəş çıxdıqdan 45 dəqiqə sonradan günorta namazından təqribən 45-50 dəqiqə əvvələ qədər qılmaq olar. Kərahət vaxtından iki saat sonra qılmaq isə, daha fəzilətlidir. Çünki hədisdə, “Duha namazı, dəvə balasının ayaqlarının torpaqdakı istidən isinməyə (yanmağa) başladığı vaxt qılınmalıdır”.[11]
--------------------------------------------------
DUHA NAMAZI NEÇƏ RÜKƏTDİR?
Nafilə ibadətlərdə, rükət məhdudiyyəti yoxdur. Bu qayda, duha namazı üçün də keçərlidir. Duha namazını da, digər nafilə ibadətlər kimi, ən az iki rükət olmaq şərtilə, dörd, altı, səkkiz və daha çox rükət qılmaq olar. Rəsulullah ﷺ, duha namazını bəzən iki, bəzən, dörd, bəzən də səkkiz rükət qıldığı, hədislərdə bildirilmişdir. Belə ki, Aişə (Allah ondan razı olsun) bildirir ki, “Rəsulullah duha namazını iki-iki olmaqla dörd rükət qılardı. Bəzən isə, bu sayı istədiyi qədər artırırdı”.[12]
Aişə (Allah ondan razı olsun) başqa hədisdə bildirir ki, “ Rəsulullah mənim otağımda dörd rükət quşluq namazı qılardı”.[13]
Bu hədislərdən hərəkətlə, alimlər, duha namazının dörd rükət qılınmasını tövsiyə edirlər.[14]
Rəsulullah ﷺ, vəfatına yaxın, quşluq namazını, bəzən səkkiz rükət qılmışdır.
Aişə (Allah ondan razı olsun) isə, Rəsulullahın ﷺ xəstəlik və narahatlıq səbəbindən, gecə təhəccüd namazı qıla bilmədiyi günlərdə, quşluq namazını səkkiz rükət qıldığını bildirmişdir. Necə ki, Rəsulullah ﷺ, təhəccüd namazını hər gecə əda eləməyə çalışırdı.
Kab ibn Malik (Allah ondan razı olsun) bildiri ki, “ Rəsulullah ﷺ, səfərdən dönərkən, Mədinəyə adətən quşluq vaxtı çatardı. Şəhərə daxil olanda, əvvəlcə məscidə gedər və iki rükət duha namazı qılardı. Sonra da, məsciddə bir müddət oturaraq əshabı ilə söhbətləşərdi”. [15] Bəzi alimlərə görə isə, Rəsulullahın ﷺ. qıldığı bu namaz, şükür namazıdır.
Başda Rəsulullahın ﷺ xanımları, Əshabu-suffə və digər səhabələr, Rəsulullahın ﷺ qıldığı kimi duha namazı qılmışlar. [16]
Aişə (Allah ondan razı olsun) isə bildirir ki, “ Rəsulullah ﷺ, nə vaxt duha namazı qılardısa, mən də mütləq onunla bərabər duha namazı qılardım”. [17]
Aişə (Allah ondan razı olsun), bir dəfə yanına gələnlərə duha namazı haqqında belə demişdir, “Valideynlərim dirilib gəlsə də, duha namazını əsla tərk etmərəm”. [18]
Rəsulullah ﷺ, duha namazının fərz olmadığını bildirmək üçün, bəzən həmin namazı qılmamışdır. [19]
-----------------------------------------
Qaynaqlar:
[1] . Səhih əl-Buxari, 1176; Səhih Muslim, 1664;
[2]. Səhih Muslim, 1668
[3]. Səhih əl-Buxari, 1178, Səhih Muslim, 721, 1669
[4]. Səhih Muslim, 1662
[5]. Tirmizi, Səlat 346; Sahihu İbn Hibban, XI, 36
[6]. İbni Macə, İqamə , 187. h. No. 1382. Tirmizi, Vitr, 15. H. No. 476
[7]. Təbərani, əl-Mucəmul-kəbir, XX, 30
[8]. İbn Macə, İqamə , 187. h. No. 1380; Tirmizi, Vitr, 15. h. No. 473.
[9]. Günəş çıxandan 40-45 dəqiqə sonra
[10]. Günəşin zenit nöqtəsində olduğu vaxta deyilir.
[11]. Müslim, Səlatul-müsafirin, 143.
[12]. Müslim, Səlatul-müsafirin 78.
[13]. Əhməd ibn Hənbəl, Müsnəd, VI, 74.
[14]. Xaşiyətut-Təhtavi, s. 321.
[15]. Əbu Davud, Cihad, 161.
[16]. Əhməd ibn Hənbəl, Müsnəd, VI, 105.
[17]. Buxari, Təhəccüd 32; Müslim, Səlatul-müsafirin, 75.
[18]. Malik, Muvatta, Səlatud-duha 325.
[19]. Əhməd ibn Hənbəl, Müsnəd, III, 36.
