Təkvir surəsi 19-20-21-ci ayətlərin təfsiri
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ • ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ • مُّطَاعٍ ثَمَّ أَمِينٍ
İnnəhu ləqavlu rasulin kərim. Ziquvvətin ində zi'l-arşi məkin. Mutain səmmə əmin.
"Şübhəsiz ki, O (Quran), çox kərəm sahibi bir rəsulun sözüdür. O ki, qüvvətlidir, Arş'ın sahibi nəzdində, çox mötəbərdir. Orda Özünə itaət olunandır, əmindir." (Təkvir/19-21)
-------------------------------
Təfsiri:
Bu ayələrlə bağlı, 2 görüş vardır:
✓ Birinci görüş: Məşhur olan bu görüşə görə, bu ifadə ilə, "Quranı, Cibril (əleyhissəlam)'ın endirməsi" qəsd edilmişdir. Buna görə, əgər:
"Burda, qarşımıza, belə bir müşkil çıxmaqdadır:
Allah Taala, Quranın, Cəbrail (əleyhissəlam)'ın sözü olduğuna and içmişdir. Bundan dolayı, bu xüsusda, bizim, Haqq Taala'nı təsdiq etməyimiz lazım gəlir, vacib olur. İndi əgər biz, ayətin bu ləfzlərini zahiri mənaya həml etməyin vacib olmasına qəti hökm etsək belə, ən azından, belə bir ehtimal vardır. Hal belə olunca da, --->
Bu Quranın, Allahın kəlamı deyil, Cəbrail (əleyhissəlam)'ın kəlamı olması ehtimalı da sabit olur. Cəbrail (əleyhissəlam)'ın kəlamı olması halında isə, --->
Cəbrail (əleyhissəlam)'ın, Onu, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, -haşa/əsla- azdırmaq üçün Onu verməsi ehtimalı olduğu üçün, muciz (möcüzə) olmaqdan çıxar.
Bu suala, 'Cəbrail (əleyhissəlam), azdırmaz və O, məsumdur.' deyə də cavab verilə bilməz. Çünki Onun məsum olduğu biliyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in doğruluğundan əldə edilir. Peyğəmbərin doğruluğu da, --->
Quranın muciz olmasına söykənir. Quranın muciz olması da, --->
Cəbrail (əleyhissəlam)'ın məsum olmasına söykənir.
Beləcə də, fasid dövr ortaya çıxır. Halbuki, fasid dövr, imkansızdır."
deyilərsə, buna, belə cavab verərik:
Quranın, bənzəri gətirilə bilməz muciz (möcüzəli) bir kəlam olduğunu söyləyənlər, bu sualdan çəkinmək üçün, yəni, belə bir sual soruşulmasın deyə, bu fikri mənimsəmişlərdir. Çünki, bu fikrə görə, Quranın mucizliyi, fəsahətində deyil; əksinə, o elmlərin və o elmləri ağla gətirən şeylərin, insanın qəlbindən səlb edilməsində (alınmasında) yatmaqdadır. Səlb isə, Allahdan başqa heç kimin qadir ola bilməyəcəyi növdən bir şeydir.
✓ İkinci görüş: Muhamməd (sallallahu aleyhi və səlləm)'in, bu surədə də bəhs edildiyi üzərə, sizə xəbər verdiyi o qiyamət, bir kəhanət, bir zənn məsələsi deyil; əksinə, bu, Cəbrail (əleyhissəlam)'ın, Allah qatından bir vəhy olaraq gətirib Ona verdiyi bir sözdür. (haşiyə)
--------------------------------
(Haşiyə:
Yenə imam Razi, bu ayətlə bənzər başqa bir ayətdə (Haqqa surəsi 40-cı ayətinin) təfsirində, belə deyir:
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
"Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür."
Bil ki, Allah Taala, Təkvir surəsinin 19-cu ayətində də, bu ifadəyə yer vermişdir. Alimlərin əksəriyyəti:
~ Təkvir surəsindəki bu ifadə ilə - Cəbrail (əleyhissəlam)'ın;
~ Burdakı ilə də - Muhamməd (sallallahu aleyhi və səlləm)'in
qəsd edildiyi qənaətindədirlər.
Onlar, bu şəkildə istidlal etmiş (dəlil gətirmişlər)'dir:
Haqq Taala, burda (yəni, Haqqa/40-da):
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
"Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür." buyurub, bundan sonra da,
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَّا تُؤْمِنُونَ • وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
"O, şair sözü deyildir! Necə də az inanırsınız! O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!" (Haqqa/41-42) demişdir.
Halbuki, Məkkə müşrikləri, Cəbrail (əleyhissəlam)'ı, şair və kahin deyə vəsf etmirdilər. Bu 2 vəsflə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i vəsf edirdilər.
Ancaq, Haqq Taala, Təkvir surəsi 19-cu ayətdə isə,
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
"Şübhəsiz bu, kərim bir Rəsulun sözüdür." buyurub, (bir neçə ayət sonra da):
وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍ رَّجِيمٍ
"Bu Quran, daşqalaq olunmuş şeytanın sözü də deyildir." (Təkvir/25) deyincə, məna: "Bu, kərim bir mələyin sözüdür, qovulmuş şeytanın deyil." şəklində olur.
Dolayısı ilə,
~ Haqqa/40-dakı "kərim bir Rəsul" sözündən - Muhamməd (sallallahu aleyhi və səlləm);
~ Təkvir/19-dakı "kərim bir Rəsul" sözündən də - Cəbrail (əleyhissəlam)
qəsd edilmiş ola bilər.
Burda, belə bir sual ünvanlana bilər:
"Ümmət, Quranın, Allahın sözü olduğu xüsusunda, müttəfiqdirlər. Ancaq verilən bu mənalara görə, eyni sözün,
~ həm Allahın;
~ həm Cəbrail (əleyhissəlam)'ın:
~ həm də Muhamməd (sallallahu aleyhi və səlləm)'in
olması lazım gəlir ki, bu, imkansızdır." (Yəni, buna, necə cavab verilə bilər?)
Buna, bu şəkildə cavab verilə bilər:
Tək bir sözün, ən kiçik bir münasibətdən dolayı, bunların, hər birinə nisbət edilməsi, mümkündür. Bundan dolayı, Quran:
~ Lövh-i Məhfuz'dan dərc edib izhar edən (üzə çıxaran) Allah Taala olduğu üçün - Allahın sözü;
~ Göydən yerə endirilən olması cəhətilə - Cəbrail (əleyhissəlam)'ın sözü
~ İnsanlara açıqlayıb Ona iman etməyə dəvət etdiyi və Onu, Peyğəmbərliyinin dəlili qıldığı üçün də - Muhamməd (sallallahu aleyhi və səlləm)'in sözü
ola bilər.
İmamdan nəql, burda bitir.
---------------------------------------
Quranın üslubundan, ehtiva etdiyi mənalardan xəbərsiz olanlar, bu ayətlərdə təzad olduğunu söyləməkdədirlər. Onlara veriləcək cavabımızın özü, bundan ibarətdir:
Quranın, 4 əsas məqsədi vardır:
1. Tövhid;
2. Nübüvvət (peyğəmbərlik);
3. Haşr (öldükdən sonra dirilmək)
4. İbadət və ədalət.
Quranın hansı ayətinə baxılsa, bu əsasları dərs verdiyi görüləcəkdir.
Quranda, kainatdakı bütün fəaliyyətlər (biz insanların nəzdində, əhəmiyyəti, az və ya çox olsun), Allaha nisbət edilməkdədir. Bəzi ayətlərdə, qullara nisbət edilən fəaliyyətlər isə, həqiqi mənası ilə deyil, məcazi mənası ilə qəsd edilmişdir.
İş belə ikən, kəlam sifətinin təcəllisi olan bu əzəmətli Quran, Allahdan başqasına nisbət edilə bilərmi? Tövhidi bütün ayətlərilə dərs verən Allah, belə əzəmətli fəaliyyəti, Özündən başqasına nisbət edərmi?!
Demək ki, ayətlərə edilən etirazlar, Quranı doğru fəhm edə bilməməkdən qaynaqlanır.
Başqa bir misal verərək, mövzunu, burdaca yekunlaşdıraq:
Məsələn, fərz edək ki, bir padşah, bir elçisi vasitəsilə, öz sözünü, digər bir ölkəyə göndərir. Elçi, digər ölkə padşahı hüzuruna çıxarılmamışdan əvvəl, sarayın vəziri (və s.), padşaha belə xitab edirlər:
"Elçi, sizə mühim bir söz söyləmək istəyir."
İndi, biz soruşuruq:
"Elçinin demək istədiyi söz, elçinin öz sözüdürmü, yoxsa, onu göndərən padşahın?"
Cavab, təbii ki, "padşahın" olacaqdır.
Bu ayətlərdə də, belə münasibətdən dolayı, söz, Allaha deyil, (məcazi olaraq) rəsuluna nisbət edilmişdir.
--------------------------------
İmam, belə davam edir:
Bil ki, Allah Taala, burda, Cəbrail (əleyhissəlam)'ı, bu 6 sifətlə vəsf etmişdir:
1. Birinci sifət: Onun, bir rəsul (elçi) olmasıdır. Onun, peyğəmbərlərə Allahın bir elçi olmasında, bir şübhə yoxdur. Bundan dolayı, O, bir rəsul; bütün peyğəmbərlər də, Onun ümmətidir. Bax bu xüsus, Haqq Taala'nın:
~ يُنَزِّلُ ٱلْمَلَـٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ...
"(Allah), mələkləri, o Ruhla birlikdə, istədiyi qullarına, əmrindən dolayı endirir.";
~ نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ • عَلَىٰ قَلْبِكَ...
"Onu, Sənin qəlbinə, Ruhu'l-əmin endirdi..." (Nəhl/2)
ayətlərindən qəsd edilən xüsusdur.
2. İkinci sifət: Cəbrail (əleyhissəlam)'ın, "kərim" olmasıdır. Hədiyyələrin ən qiymətlisi olan mərifətullahı (Allahı tanımağı), hidayət və irşadı gətirib verməsi, Onun, "kərim" olmasından dolayıdır.
3. Üçüncü sifət: Onun, "qüvvətli" olmasıdır. Bəziləri, bu sifəti, "şiddətli" mənasına həml etmişlərdir. Necə ki, rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Cəbrail (əleyhissəlam)'dan: "Allah, sənin qüvvətindən bəhs edir. Qüvvətin, nə qədərdir?" deyə soruşmuş; O da: "Lut qövmünün 4 şəhərini, qanadlarımın üzərinə alıb, göydəkilər də, o şəhərlərdəki itlərin hürməsini və xoruzlarının bannamalarını eşidəcəkləri yüksəkliyə qədər qaldırdım və yerə çırpdım." demişdir.
Bəziləri də, "qüvvətli" sifətini, "yaradıldığı ilk andan, mükəlləfiyyətin sonlanacağı zamana qədər, Allaha itaətdə davamda qüsur etməmədə, mərifətullah ilə Allahın cəlalını mütaliədəki qüvvət"inə həml etmişlərdir.
4. Dördüncü sifət: "Arşın sahibi nəzdində çox etibarlı" olmasıdır.
Burdakı "indiyyət / nəzdində olma",
...وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ...
...və mən indəhu lə yəstəkbirunə an ibədətihi...
"...Onun indində/nəzdində olanlar, Ona ibadətdən təkəbbür göstərmirlər..." (Ənbiya/19) ayətində olduğu kimi, necə məkan mənasında deyilsə;
Haqq Taala'nın,
انا عند المنكثرة قلوبهم
Ənə, ində'l-munkəsirati qulubuhum.
"Mən, qəlbləri qırılmışların indində/yanındayam." qüdsi hədisinin dəlalətilə, "yanında" mənasında olmayıb; əksinə, ikram, izzət, şərəf və hörmət vermə mənasında bir "indiyyət"dir.
Ayətdəki "məkin" sözü haqqında da, Kisai, belə deyir:
"Ərəb dilində, 'Filan kimsə, filan kimsənin yanında, bir məkana sahibdir.' deyilir və bu mənadakı fel, kəf hərfinin damması ilə 'məkənə-yəmkunu-məknən və məkənətən' şəklində istifadə edilir."
Bu izaha görə, "məkan" ilə, "istədiyi hər şeyi əldə edə biləcək bir məqam və etibara sahib" mənası qəsd edilmişdir.
5. Beşinci sifət: "Orda, özünə itaət ediləndir." ayətinin bəyan etdiyi xüsusdur.
Bil ki, ayətdəki "səmmə / orda" kəliməsi, "Arşın sahibi nəzdində" ifadəsindəki "nəzdində" kəliməsinə işarətdir. Buna görə, məna, belə olur:
"Cəbrail, Allah yanında, muqarrəb (Allaha daha yaxın) mələklər arasında, özünə itaət olunan; muqarrəb mələklərin, əmrinə görə hərəkət edib fikrinə müraciət etdikləri etibarlı bir mələkdir."
6. Altıncı sifət: "Əmin" sifətidir.
Bu, "Allahın vəhyi və risaləti mövzusunda, xainlikdən və xətalardan qoruyub mühafizə etdiyi, güvənilən bir rəsul/elçidir." deməkdir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql)
