Xusuf və kusuf namazları
~ Lüğətdə, "örtmək, qaralmaq" mənalarına gələn "kusuf", günəş üçün istifadə edildiyində, "ayın, günəşlə dünya arasına girərək, günəş işığını əngəlləməsi, yəni, günəş tutulması hadisəsi"ni ifadə edir.
~ Lüğətdə, "batmaq, görünməz olmaq" mənasına gələn "xusuf" isə, ay ilə bağlı olaraq istifadə edildiyində, "dünyanın, ay ilə günəş arasına girərək, ayın səthinə, günəş işığının çatmasını əngəlləməsi, yəni, tutulması" demək olur.
------------------
On səkkizinci bab: Kusuf namazı
• Kusuf namazı (günəş tutulduğu vaxt qılınan namaz), sünnətdir. "Zəxirə"də də belədir.
• Kusuf namazının camaatla qılınacağı xüsusunda, görüş birliyi vardır.
Kusuf namazının necə qılınacağı xüsusunda isə, ixtilaf vardır.
Bizim alimlərimiz: "Kusuf namazı, 2 rükətdir. Hər 2 rükətində də, digər namazlarda olduğu kimi- 1 ruku, 2 səcdə vardır. Kusuf namazını qılan kimsə, bu namazda, istədiyini oxuya bilər." demişlərdir. "Muhit"də də belədir.
• Kusuf namazının hər 2 rükətində də, qiraəti uzun tutmaq, əfdaldır. "Kafi"də də belədir.
• Kusuf namazından sonra, günəş, tamamilə açılana qədər dua etmək də, əfdaldır. "Siracu'l-Vəhhac"da da belədir.
• (Kusuf namazındakı) qiraəti uzadıb, duanı qısa etmək; və ya duanı uzun tutub, namazı qısaltmaq da, caizdir. Bunlardan biri uzadılarsa, digəri qısaldılar. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Kusuf namazını camaatla, ancaq, cümə namazını qıldıran imam qıldıra bilər; başqası isə, qıldıra bilməz.
Şəmsu'l-əimmə (imamların günəşi) Halvani: "Cümə və bayram namazını qıldıran imam tapılmazsa, bu halda, camaat, tək-tək, məscidlərində bu namazı qılarlar. Ancaq, cümə və bayram namazlarını qıldıran böyük bir imam mövcud olar və bu kimsələrə icazə verib əmr edərsə, bu halda, bu kimsələr, öz məscidlərində və öz imamları ilə bərabər, bu namazı, camaatla qıla bilərlər." demişdir.
Kusuf namazında, imam əbu Hənifə'nin qövlünə görə, açıqdan oxunmaz. "Muhit"də də belədir. Səhih olan da, Onun qövlüdür. "Mudmarat"da da belədir.
• Bizim məzhəbimizə görə, kusuf namazında, xütbə yoxdur. "Muhit"də də belədir.
Kusuf namazı qılınacaq yer, ya quraq ərazi (çöl), ya da böyük məscid ola bilər. Başqa bir yerdə qılınması da, caizdir. Lakin əfdal olan, birinci qövldür.
Bu namazı, insanlar, evlərində tək-tək qılmış olsalar belə, bu da caiz olar. Bir araya gəlib namaz qılmadan dua etmələri də, caizdir. "Xizənətu'l-Muftin"də də belədir.
• Kusuf namazında, imam, dua üçün minbərə çıxmaz. "Tatarxaniyyə"də də belədir.
• İmam, bu duada, muxayyər (seçimində sərbəst)'dir. İstəyərsə, oturar, yönünü qibləyə çevirər və belə dua edər; istərsə, ayağa qalxıb, yönünü qibləyə çevirər və belə dua edər; istərsə də, yönünü camaata çevirərək, dua edər.
Camaat isə, imamın etdiyi duaya, "amin" deyər.
Şəmsu'l-əimmə (imamların günəşi) Halvani: "Bu, gözəldir. Lakin, imam, qalxıb əsasına və ya yayına söykənərək dua edərsə, əvvəlki kimi, bu da gözəl olar." demişdir. "Muhit"də də belədir.
• Kusuf namazı, günəş açılana qədər qılınmamışdırsa, günəş açıldıqdan sonra qılınmaz.
Əgər günəşin bir qismi açılmışdırsa, namaza başlanılar. Əgər bulud və ya başqa bir hal, günəşi gizləyərsə, namaza davam edilər.
Günəş tutulmuş olduğu halda, batarsa; dua tərk edilər və məğrib (axşam) namazı qılmağa başlanılar.
Kusuf namazı ilə cənazə namazı bir araya gələrsə, ilk əvvəl, cənazə namazı qılınar.
Əgər günəş, namaz qılmağın məkruh olduğu bir vaxtda tutulmuşdursa, kusuf namazı, qılınmaz. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
---------------------------
---------------------------
Xusuf namazı:
Xusuf (ay tutulması) namazı da, 2 rükət olaraq qılınır. Səraxsi'nin "Muhit"ində də belədir.
• Yenə, qorxular şiddətləndiyi; çox qüvvətli külək əsdiyi; şiddətli qar və yağış yağdığı; günəşin qızarıb gecənin çox qaranlıq olduğu; yayğın bir xəstəlik zühur etdiyi; zəlzələ olduğu; ildırımlar düşməyə başladığı; ulduzların söndüyü; və düşmən qorxusunun artdığı vaxtlarda da, 2 rükət namaz qılınır. "Təbyin"də də belədir.
• "Bədai"də: "Bu namazları, hər kəs, öz evində qılar." deyilmişdir.
("əl-Fətəva əl-Hindiyyə")
