Ölü necə kəfənlənir?
Üçüncü fəsil: Ölünün kəfənlənməsi
• Ölünü kəfənləmək, fərz-i kifayədir. "Fəthu'l-Qadir"də də belədir.
• Kişi üçün kəfənin sünnət olan miqdarı: İzar, qamis və lifafə'dir. Zərurət halında, -qamis olmadığı vaxt- izar və lifafə kifayət edir. "Kənz"də də belədir.
• İzar: Ölünü, başdan ayağa qədər örtən şeydir. Lifafə də, izar kimidir.
• Qamis isə: Boyundan etibarən ayağa qədər olan şeydir. "Hidayə"də də belədir.
Qamis, yaxasız və qolsuzdur. "Kafi"də də belədir.
• Kəfəndə əmmamə (sarıq) yoxdur. Zahiru'r-rivayə də, budur. Fətva da, buna görədir. Mütəaxxirun, alim olan şəxslərin kəfənlənməsində, sarığı da gözəl görülmüşdür. "Bu alimin sarığının ucu, həyatında etdiyinin əksinə, üzünün üzərinə qoyular." dedilər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Qadın üçün kəfənin sünnət olan miqdarı isə: Dira (bütün vücudu örtən bir örtü), izar, ximər, lifafə və xirqə'dir.
Xirqə: sinələrin bağlandığı şeyə deyilir.
-Zərurət halında- qadın üçün kifayət edən miqdar isə: izar, lifafə və ximər'dir. "Kənz"də də belədir.
• Xirqənin genişliyi, sinədən göbəyə qədər olan yer qədərdir. "Kənz şərhi"ndə və "Təbyin"də də belədir.
• Əvla olan, xirqənin, sinədən buda qədər olmasıdır. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Zərurət olmadıqca, qadının kəfənini, 2 parçaya; kişinin kəfənini də, 1 parçaya endirmək, məkruhdur. "Kənz şərhi"ndə də belədir.
• Büluğ yaşına yaxınlaşmış olan oğlan uşağı, kəfən xüsusunda, böyük kişi kimidir. Büluğ yaşına yaxınlaşmış qız uşağı isə, yetişkin qadın kimidir.
Bu halda olmayan oğlan uşağının kəfəninin ən az miqdarı, 1 parça; qızınki isə, 2 parçadır. "Təbyin"də də belədir.
• Xunsə (haşiyə) isə, ehtiyat gərəyi, qadın kimi kəfənlənər. Kəfəninin ipəkdən olmasından, sarı rəng və ya zəfəranla boyanmasından çəkinmək lazımdır. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
-----------------------------
(Haşiyə:
Fiqhdə, "xunsə" məsələsi, 2 qrupa ayrılaraq ələ alınmışdır. Belə ki:
~ Birincisi: Kişiliklə qadınlıq əlamətlərinə bərabər sahib olmaqla bərabər, biri, digərinə qalib olan, yəni, kişi və ya qadın olduğuna, asanlıqla hökm edilən "qeyr-i müşkil xunsə" olaraq adlandırılan kimsədir. Bunlar haqqında, müəyyən olan cinsin hökmləri tətbiq edilir.
~ İkincisi isə: Hansı cinsdən olduğuna, asanlıqla hökm edilə bilməyəcək tərzdə, kişilik və qadınlıq orqanına bədabər sahib olan və ya bu orqanlardan heç birini daşımayan kimsə olub, buna da, "müşkil xunsə" deyilir. "Xunsə" deyilincə, ümumiyyətlə, bu ikinci qrupa girən kimsələr qəsd edilir. Bunların "müşkil" olaraq vəsf edilməsi də, cinsiyyətini və dolayısı ilə haqlarında tətbiq ediləcək hökmü müəyyənləşdirməyin çətinliyini ifadə üçündür.
-------------------------
• Kişinin kəfənlənməsində, sağlığında bayram günlərində geydiyi paltarlara baxılar. Yəni, -dəyərcə- onun misli ilə kəfənlənər.
Qadınların isə, sağlığında, ata-anasını ziyarətə getdiyi paltar nəzərə alınar. Yəni, -dəyərcə- onun misli ilə kəfənlənməsi, əvla olar. "Zahidi"də də belədir.
• Kəfənin, birud (Yəmən pambığından hazırlanmış bahalı parça), kətan və qasb (yumşaq kətan parça)'dan olmasında, bir beis yoxdur.
• Qadınların kəfənləri, ipəkdən ola bilər və bir boya ilə və ya zəfəranla boyana bilər. Kişilər üçün isə, bu, məkruhdur. Kəfənin ən uyğun olanı, ağ olandır. "Nihayə"də də belədir.
• Kəfənin yeni və köhnə olması, eynidir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Kişi üçün, sağlığında geyinməsi mübah olan hər şey, kəfənində də mübah olar. Həyatında mübah olmayanlar isə, ölümdən sonra kəfənlənməsində də mübah deyildir. "Tahavi şərhi"ndə də belədir.
• Ölən kimsənin malı çox və vərəsələri (varisləri) azdırsa, onun, sünnət olan kəfənlə kəfənlənməsi, daha əvla olar. Əgər hal, bunun əksidirsə, kifayət miqdarı bir kəfənlə kəfənlənməsi, daha əvladır. "Zahiriyyə"də də belədir.
• Kəfən haqqında, vərəsələr (varislər) arasında ixtilaf çıxdığı vaxt, yəni, vərəsələrdən
~ bəziləri: "2 kəfən olsun."
~ bəziləri də: "3 kəfən olsun."
deyərlərsə, sünnət olduğu üçün, bu cənazə, 3 kəfənlə kəfənlənər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Kişinin kəfənlənmə şəkli:
~ İlk əvvəl, lifafə sərilər; üstünə də, izar.
~ Sonra, ölü, izarın üzərinə qoyular və qamis geyindirilər.
~ Başına, saqqalına və vücudunun digər yerlərinə, hanut (deyilən gözəl bir qoxu) sürtülər. "Muhit"də də belədir.
• Kişilərin kəfənlərinə, zəfəran və vərs (deyilən gözəl qoxulu sarı bir ot) xaric, digər gözəl qoxuların sürtülməsində, bir beis yoxdur.
Ölən kişinin alnına, burnunun, əllərinin, dizlərinin və ayaqlarının üzərinə, kafur qoyular.
Sonra, izarın sol tərəfi, ölünün üzərinə qoyular. Sonra da, sağ tərəfi, ölünün üzərinə atılar.
Lifafə də, belə edilir. "Muhit"də də belədir.
Əgər kəfənin açılacağından qorxularsa, o, bir şeylə bağlanar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Qadının kəfənlənməsinə gəlincə: Kişilərdə olduğu kimi, lifafə və izar sərilər. Sonra, cənazə, izar üzərinə qoyular. Və dira (köynəy)'i geyindirilər. Saçı, 2 bölük edilərək, -dira'sının üstündən- sinəsinin üzərinə qoyular. Sonra da, ximər (baş örtüsü) örtülər.
Daha sonra da, kişilərdə zikr etdiyimiz kimi, izar və lifafə bağlanar. Daha sonra da, xirqə, sinələrinin üzərinə, kəfənin üstündən bağlanar. "Muhit"də də belədir.
• Kəfənlər, ölüyə sarılmadan əvvəl, 1 və ya 3 və ya 5 və yaxud da (gözəl ətir ilə) 7 dəfə tüstülənər. 7 dəfədən çox buxarlanmaz. Və tək say ilə buxarlanar. "Ayni"də də belədir.
• Ölü, 3 dəfə buxarlanar:
1. Ruhu çıxdığı vaxt, kərih olan qoxunu ortadan qaldırmaq üçün;
2. Yuyularkən;
3. Kəfənlənərkən.
Ölünün arxasınca isə, buxarlama (işi) edilməz. "Təbyin"də də belədir.
• Ölünü buxarlama (işində), məhrəm olanlarla olmayanlar, eynidirlər. Ancaq, üzləri və başlarını örtərlər. Cariyə də, azad qadın kimi buxarlana bilər. "Muhit"də də belədir.
• Kəfən -varsa- ölünün şəxsi malından alınır. Və kəfən, borclarından əvvəl gəlir. Kəfən, ölünün vəsiyyətindən və varislərin, onun malını bölüşdürməsindən əvvəl gəlir. Və bu hallarda, sünnət miqdarı kəfən əsas alınır.
Ancaq, bu kimsədə, rəhn (bir səbəbdən dolayı, bir şeyi həbs etmək; ödəniləcək mal qarşılığında, bir malı, alacaq kimsədə və ya başqa güvənilən bir kimsənin əlində əmanət qoymaq) kimi, təslim etməmiş, lakin satmış olduğu mal kimi; cinayət işləyən nökər kimi; başqalarının haqqı olan bir şey varsa, bunlar, eynilə, onun malı sayılmaz. "Təbyin"də də belədir.
• Malı olmayan bir kimsənin kəfəni, nəfəqəsinin, üzərinə vacib olduğu kimsəyə aiddir. Bu, imam Muhamməd'in qövlüdür. İmam əbu Yusuf'a görə isə, kəfən, -əgər qadınının malı vardırsa-, əri üzərinə də vacibdir. Fətva da, bunun üzərinədir. "Fətəva Qadıxan"da da belədir.
• Bir ər, geridə mal qoymadan ölər və xanımı da, kasıbdırsa, icma ilə, onun kəfənini təmin etmək, qadına lazım gəlməz. "Muhit"də də belədir.
• Nəfəqəsi üzərinə vacib olan bir kimsəsi olmayan kasıb bir kimsə öldüyü vaxt, kəfəni, beytu'l-maldan təmin edilər. Beytu'l-malda da yoxdursa, o kimsəni, müsəlmanlar kəfənləyərlər. Əgər bunlar da kəfən almaqdan aciz olarlarsa, yəni, kəfən almağa gücləri çatmazsa, bunu, xalqdan istəyərlər. "Zahidi"də də belədir.
• "İtabiyyə"də: "Bu yolla da, kəfən tapıla bilməzsə, bu cənazə yuyulub üzəri otla örtülüb dəfn edilər və cənazə namazı, məzarının üzərində qılınar." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, cəmiyyətə aid bir məsciddə ölsə, camaatdan biri ayağa qalxar və pul toplayar. Xərcləmədən sonra, artıq qalan miqdar olar və bu pulun da kimə aid olduğu bilinməzsə, o pul ilə də, başqa bir möhtac kəfənlənər. Pulun sahibi bilinərsə, pul ona qaytarılar.
Qalan pul ilə kəfən alma imkanı olmazsa, kasıblara təsəddüq edilər. "Fətəva Qadıxan"da da belədir.
• Əgər bir ölünün kəfəni oğurlanarsa, malından ikinci bir kəfən daha alınar. Bu kimsənin malı təqsim edilmiş (bölünmüş)'dürsə, -vəsiyyətinin verildiyi kimsələrlə, alacaqlıları xaric- varisləri, bu kəfəni alarlar.
Bu kimsənin tərəkəsi (geridə qoyduğu mal), borcundan çox deyilsə; alacaqlıları da, hələ alacaqlarını almamış olarlarsa, ilk əvvəl, kəfən alınar. Lakin, alacaqlılar, alacaqlarını almışdırlarsa, onlardan heç bir şey geri alınmaz. Əgər bu cənazə, iylənməyə başlamışdırsa, bir tək kəfənə sarılar.
Bir ölünü, şəxsi heyvan yeyər, kəfəni qalmış olarsa, bu kəfən, tərəkəsinə geri qaytarılar. Bu kəfəni, bir başqası almış olar və ya bir yaxını, öz malından bu şəxsi kəfənləmiş olarsa, bu kəfən, kəfənləyən kimsəyə geri verilər. "Mi'racu'd-Dirayə"də də belədir.
("əl-Fətəva əl-Hindiyyə")
------------------------------
------------------------------
2213. ibn Şihab'ın, Humeyd b. Abdu'r-Rahmən b. Avf'dan nəqlinə görə, Abdu'r-Rahmən b. Amr b. əl-As, belə demişdir:
"Ölüyə, qamis və izar geyindirilib üçüncü bir bezə sarılar. Sadəcə 1 qat bez varsa, ona kəfənlənər."
Xəbəri, imam Malik, "əl-Muvatta"sında ("Cənaiz"/7) nəql etmişdir. Xəbəri nəql edən Yəhya xəta edərək, "Ömər b. əl-As" demişsə də, doğrusu, Zürqani'nin də bildirdiyi üzərə, Abdullah b. Amr b. əl-As'dır. Xəbər məvquf olub mərfu hökmündədir. Raviləri siqa olub, "Kütüb-ü Sittə" raviləridir.
Bu hədis, ölünün kəfəninin necə olacağına, açıq bir dəlildir.
2214. ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Paltarlarınızdan ağ olanını geyinin. Çünki o, paltarınızın ən xeyirlisidir. Ölülərinizi də, buna kəfənləyin."
Hədisi, Tirmizi ("Cənaiz"/18) rəvayət etmiş və haqqında "həsən-səhihdir" demişdir.
2220. Cabir (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Ölünün kəfənini, 3 dəfə (gözəl ətir ilə) tüstüləyin."
Hədisi, Beyhaqi ("Sünən", lll, 405) rəvayət etmişdir. Nəvəvi, "Hədisin sənədi, səhihdir." demişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 346)
(Təhanəvi, "İ'lau's-Sünən")
