Tövbə surəsi 84-cü ayətin təfsiri

وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَـٰسِقُونَ

"Əsla onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma. Çünki onlar, Allahı və Onun rəsulunu inkar etdilər və fasiqlər (günahkarlar) olaraq öldülər." (Tövbə/84)

---------------------------------

Təfsiri:

Bu ayətə dair açıqlamalarımızı, 11 başlıq halında təqdim edəcəyik. (Belə ki):

1. Ayətin nüzul səbəbi:

Bu ayətin, Abdullah b. Ubeyy b. Səlul və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onun cənazə namazını qıldırması üzərinə nazil olduğu rəvayət edilmişdir. Bu xüsus, Buxari və Muslim'in "Səhih"lərində və başqa qaynaqlarda da yer almaqdadır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onun cənazə namazını qıldırdığı və bu ayətin, bundan sonra endiyinə dair rəvayətlər, bir-birini qüvvətləndirməkdədir.

Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun cənazə namazını qıldırmaq üçün iləri keçincə, Cəbrail (əleyhissəlam)'ın Onun yanına gələrək paltarından dartıb, Ona: "Əsla onlardan ölmüş bir kəsin cənazə namazını qılma..." ayətini oxuması üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bundan daşınıb namazını qıldırmadığı da ifadə edilmişdir.

Ancaq, bu xüsusda sabit rəvayətlər, bunun əksini ortaya qoymaqdadır. Buxari'də, ibn Abbas (radiyallahu anh)'dan, belə dediyi nəql edilməkdədir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun namazını qıldırdı; sonra namazı bitirib ayrıldı. Aradan az bir müddət keçmişdi ki, Bəraə (Tövbə) surəsindəki: "Əsla onlardan ölmüş bir kəsin cənazə namazını qılma..." (deyə başlayan) 2 ayət nazil oldu." (Buxari, "Səhih", Təfsir/9; Surə/12)

Buna yaxın bir rəvayəti də, Muslim, ibn Ömər (radiyallahu anh) yolu ilə qeyd etməkdədir. ibn Ömər, deyir:

Abdullah b. Ubeyy b. Səlul ölüncə, oğlu Abdullah, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlib, atasını kəfənləmək üçün, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, köynəyini verməsini istədi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ona, Öz köynəyini verdikdən sonra, o, Peyğəmbərdən, atasının namazını qıldırmasını istədi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazını qıldırmaq üzərə qalxdı. Ömər'in qalxıb Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i paltarından tutaraq: "Ey Allahın rəsulu! Allah, sənə, ona namaz qılmağı qadağan etmişkən, onun namazınımı qılacaqsan?" deməsi üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Doğrusu budur ki, Allah, məni, muxayyər (seçimində sərbəst) buraxmış və: 'Onlar üçün, istər bağışlanma dilə, istər diləmə. Onlar üçün, 70 dəfə bağışlanmaq diləsən də...' (Tövbə/80) deyə buyurmuşdur. 70 dəfədən də çox bağışlanmaq diləyəcəyəm."

- Ömər: "Ancaq o, münafiq idi." dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun cənazə namazını qıldırdı. Uca Allah, bunun üzərinə:

"Əsla onlardan ölmüş bir kəsin cənazə namazını qılma, qəbrinin başında da durma." ayətini endirdi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, onların (münafiqlərin) cənazə namazını qılmağı tərk etdi. (Muslim, "Fədailu's-Səhabə"/25; "Sifətu'l-Münafiqin"/3)

------------------------------------

------------------------------------

2. Bu ayət enmədən əvvəl, Ömər, münafiqlərin cənazə namazının qadağan edildiyi hökmünü necə çıxarış etmişdi?

"Hələ cənazə namazlarının qıldırılmasına dair qadağa enməmişkən, Ömər: 'Allah, sənə, onun namazını qıldırmağı qadağan etdiyi halda, onun namazınımı qılacaqsan?' sualını, nəyə istinad edərək soruşmuşdu?"

deyə sual verənlərə, belə cavab verərik:

~ Bunun, Ömər'in qəlbinə doğduğu ehtimalı vardır.

~ Yenə, bunun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu xüsusda, Ömərin lehinə şahidlik etdiyi ilham qəbilindən olması da, möhtəməldir. (haşiyə) Zatən, Quran-i Kərim'in, bəzən, Ömərin məqsədinə uyğun hökmlərlə endiyi də baş vermişdir. Necə ki, Ömər (radiyallahu anh):

" 3 şeydə, Rəbbimə müvafiq oldum -bir rəvayətdə, 4 şeydə deyilmişdir-" dediyi qeyd edilməkdədir ki, bu xüsus, daha əvvəl, Bəqərə surəsinin 125-ci ayətinin: "İbrahimin dayandığı yeri namazgah edin!” ayətinin təfsirində, keçmişdi.

-----------------------------

(Haşiyə:

İlham nədir (5)?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-5)

İlham nədir (1)?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-1

İlham nədir (2)?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-2

İlham nədir (3)?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-3

İlham nədir (4)?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-4

İlham nədir (6)?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ilham-n%C9%99dir-6

-----------------------------

~ Yenə, Ömər'in, bunu, uca Allahın: "Onlar üçün istər bağışlanma dilə, istər diləmə..." ayətindən başa düşmə ehtimalı da vardır. Çünki, Buxari və Muslim hədisinin də göstərdiyi kimi, bu xüsusda, daha əvvəldən bir nəhy varid olmuşdu.

Ən doğrusunu, uca Allah bilir...

~ Mən (Qurtubi) isə, deyirəm ki:

Ömərin, bunu, uca Allahın:

مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَـٰبُ ٱلْجَحِيمِ

"Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə, onlar üçün bağışlanma diləmək yaraşmaz." (Tövbə/113)

ayətindən başa düşmüş olma ehtimalı da vardır. Çünki bu ayət, Məkkədə enmişdi. Buna dair açıqlamalar, iləridə gələcəkdir.

-----------------------------

-----------------------------

3. Məğfirət (bağışlanma) istəyinin kafir və münafiqlərə faydası yoxdur!

Uca Allahın: "Onlar üçün istər məğfirət (bağışlanma) dilə..." (Tövbə/80) ayətində, uca Allah, Peyğəmbər (sallallahu aleyhi və səlləm), özləri üçün məğfirət diləyəcək olsa və bu məğfirətini çoxca edəcək olsa belə, bunun, onlara heç bir fayda təmin etməyəcəyini bəyan etməkdədir. Ancaq Quşeyri,

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: '70 dəfədən də çox məğfirət istəyəcəyəm.' dediyi rəvayət olunan ifadə, sabit deyildir." deməkdədir.

Mən (Qurtubi) deyirəm ki:

ibn Ömər'in hədisilə ibn Abbasın hədisində sabit olan ifadələr, bunun əksini ortaya qoymaqdadır. (Belə ki):

~ ibn Ömər yolu ilə gələn hədisdə: "70 dəfədən çox məğfirət diləyəcəyəm." sözü;

~ ibn Abbas yolu ilə rəvayət edilən hədisdə də: "Əgər Mən, 70-dən çox məğfirət dilədiyim təqdirdə, onlara məğfirət edəcəyini bilsəydim, ondan daha çox bağışlanma diləyərdim." dediyi qeyd edilməkdədir. (Buxari, Təfsir/9; Surə/12)

(ibn Ömər) deyir: "Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazını qıldırdı."

Bunu, Buxari rəvayət etmişdir. (Buxari, Təfsir/9; Surə/12, 13).

---------------------------------

---------------------------------

4. Peyğəmbər (sallallahu aleyhi və səlləm), məğfirət diləməkdə muxayyər (seçimində sərbəst) idi?

Alimlər, uca Allahın: "Onlar üçün, istər məğfirət dilə..." ayətinin,

~ "onların bağışlanmalarının ümid edilə bilməyəcəyi" mənasınamı; yoxsa

~ "muxayyərlik" mənasınamı

gəldiyi xüsusunda, fərqli açıqlamalar vermişlərdir. Onlardan

• Bir qrup, belə deyir:

Bundan məqsəd, "məğfirət olunacaqlarından ümid kəsmək"dir. Buna dəlil də, uca Allahın: "Allah, onları, qətiliklə bağışlamayacaqdır." ayətidir. "70"in bəhs mövzusu edilməsi isə, felən meydana gəlmiş olana bir uyğunluqdur. Yaxud da ən son məqsədi və əksəriyyəti ifadə etmək üçün istifadəni (ərəblərin) adət etdikləri bir rəqəm olduğu üçün istifadə edilmişdir. Ona görə, ərəblərdən hər hansı bir kimsə: "Mən, onunla, 70 il danışmayacam." demiş olsa, bu, onlara görə, "Onunla əbədiyyən danışmayacam." mənasına gəlir. Uca Allahın bu buyruğu da, son halı bildirmək üçün istifadə edilmişdir:

"Sonra onu, 70 arşın uzunluğunda bir zəncirə vurun." (Haqqa/32)

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu sözü də, belədir:

"Kim Allah yolunda 1 gün oruc tutacaq olarsa, Allah, o kimsənin üzünü, cəhənnəmdən 70 il uzaq tutar." (Buxari, "Cihad"/36)

• Bir digər qrup da, belə deməkdədir:

Bu buyruq, muxayyərlik ifadə edir və: "İstərsən onlara məğfirət diləyərsən, istərsənsə də, məğfirət diləməzsən." mənasındadır.

əl-Həsən, Qatadə və Urvə, bunlardandır. Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ibn Ubey'in cənazə namazını qıldırmaq istəyincə, Ömər, ona: "Filan gün, bunu, bunu söyləyən Allah düşmənininmi namazını qıldıracaqsan?" demiş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Muxayyər buraxıldım; Mən isə, bunu tərcih etdim." deyə buyurmuşdur. (Buxari, "Cənaiz"/85)

Bu qrup, daha sonra belə deyir:

Daha sonra, uca Allah:

سَوَآءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ...

"Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur..." (Münafiqun/6) ayəti enərək, bu muxayyərliyi nəsx (haşiyə) etmişdir.

"Çünki onlar, Allah və rəsulunu inkar etdilər." Yəni, Allah, kafir olmalarından dolayı, onları məğfirət etməyəcəkdir.

----------------------------------------

(Haşiyə:

Nəsx nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99sx-n%C9%99dir)

--------------------------

--------------------------

5. Peyğəmbər də, möminlər də, müşriklərə məğfirət diləyə bilməzlər!

Uca Allahın: "...Peyğəmbərə və möminlərə, onlar üçün bağışlanma diləmək yaraşmaz." (Tövbə/113) buyuruğuna gəlincə, bu ayət, -iləridə açıqlanacağı üzərə- əbu Talib'in ölümü üzərinə, Məkkədə enmişdir. Bax bu ayətdən, kafir olaraq ölən kimsələrə bağışlanma diləməyin qadağan olduğu başa düşülməkdədir. Bu da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Allah, məni, muxayyər buraxdı." ifadəsilə bildirdiyi şəkildə, muxayyərlik mənasını çıxardığı ayətdən, əvvəldir.

Ancaq, bunun belə olmasının açıqlanması da, çətindir. O cəhətdən, belə deyilmişdir:

Peyğəmbərin, əmisinə məğfirət diləməsindən qəsdi, qəbul olunma ümidi olan və məğfirətə nail oluncaya qədər bir məğfirət arzusunda olmaqdan ibarət idi. Bax bu məqsədlə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Rəbbindən, anasına bu şəkildə məğfirət diləməyə icazə verməsini istəmiş; ancaq, uca Allah, ona, belə bir icazə verməmişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in muxayyər buraxıldığı münafiqlərə məğfirət diləməyə gəlincə, bu, faydası olmayacaq və dil ilə ediləcək bir istiğfar (bağışlanma)'dan ibarət idi. Bunun ifadə etdiyi ən böyük məna, özləri üçün məğfirət istənilənin yaxınlarından həyatda olan bəzi kimsələrin qəlblərini xoş etməkdən ibarətdir.

Ən doğrusunu, uca Allah bilir...

--------------------------------

--------------------------------

6. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, köynəyini Abdullah üçün verməsi:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, köynəyini Abdullah üçün verməsinin səbəbi xüsusunda, fərqli görüşlər vardır. (Belə ki):

~ Bir görüşə görə: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, köynəyini vermə səbəbi, budur:

Abdullah, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmisi Abbasa, Bədr günü, öz köynəyini vermişdi. Belə ki, Abbas (radiyallahu anh), -əvvəl də keçdiyi üzərə- Bədr günü əsir alınınca, köynəyi alınmış, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, onu, bu halı ilə gördüyündən, ona yazığı gəlmişdi. Ona verilmək üzərə, bir köynək istəmişdisə də, ona uyğun gələcək böyüklükdə Abdullahın köynəyindən başqa bir köynək tapılmamışdı. Çünki, boyları, bir-birinə yaxın idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə öz köynəyini vermək surətilə, dünya həyatında, özündəki bir haqqı aldırmaq istəmişdi. Ta ki, axirətdə, onunla, mükafat olaraq qarşılığını verməsi lazım gələn bir yaxşılığı olduğu halda qarşılaşmasın.

~ Belə də açıqlanmışdır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun oğluna ehsan etmək, ehtiyacını yaxşılıqla qarşılamaq və qəlbini xoş etmək üçün, köynəyini vermişdi.

Ancaq, birinci görüş, daha səhih olub, Buxari, bunu, Cabir b. Abdullah'dan rəvayət etmişdir. Cabir (radiyallahu anh) dedi:

Bədr günündə, əsirlər gətirildi. Abbas da, üzərində libası olmadığı halda, əsirlər arasına gətirilincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun üçün, bir köynək istədi. Abdullah b. Ubey'in köynəyinin, ona uyğun gəldiyini gördülər. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), o köynəyi, ona (Abbasa) verdi.

Bax Peyğəmbər (sallallahu aleyhi və səlləm), Öz köynəyini ona (Abdullah b. Ubeyə), bunun üçün çıxarıb vermişdi. (Buxari, "Cihad"/142)

Hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğu qeyd edilməkdədir:

"Mənim bu köynəyimin Allaha qarşı ona heç bir faydası yoxdur. Bununla bərabər, Mənim bu işim səbəbilə, qövmümdən 1 nəfərin İslama girəcəyini ümid edirəm."

Bəli, bəzi rəvayətlərdə "qövmümdən" deyilməkdə; bununla da, ərəblər arasındakı münafiqləri qəsd etməkdədir. Səhih olan isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Onun qövmündən bəzi kimsələr" buyurmasıdır. (əl-Vahidi, "Əsbab-u Nuzuli'l-Quran", s. 262)

ibn İshaq'ın, "Məğazi"si ilə bəzi təfsir kitablarında da, belə deyilməkdədir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu davranışı səbəbilə, Xəzrəc'lilərdən 1000 nəfər müsəlman olub tövbə etdilər.

-----------------------------

-----------------------------

7. Kafir və münafiqlərin namazı, əsla qılınmaz!

Uca Allah: "Onlardan ölən heç kimin namazını, əsla qılma!" deyə buyurduğundan dolayı, alimlərimiz, belə demişlərdir:

Kafirlərin namazını qılmamaq xüsusunda, bu, açıq bir nass'dır! Ancaq, möminlərin namazının qılınması lazım gəldiyinə dair, bunda bir dəlil yoxdur.

Möminlərin cənazə namazlarının qılınmasının vücubu (vacibliyi)'nin, bu nass'ın (ayətin) məfhumundan (ləfzin, sözdə zikri keçməyən mənaya dəlalət etməsindən) çıxardılıb-çıxardılmayacağı xüsusunda, 2 fərqli görüş vardır. (Belə ki):

~ Bir görüşə görə: bu hökm, çıxarıla bilər. Çünki, uca Allah, kafirlərin cənazə namazının qılınmaması illətini (əsas səbəbini), onların küfrləri olaraq göstərmişdir. Çünki uca Allah: "Çünki onlar, Allah və rəsulunu inkar etdilər." deyə buyurmaqdadır. (Elə isə), küfr bəhs mövzusu olmadığı təqdirdə, möminlərin namazlarının qılınması lazım gələr. Bu da, uca Allah'ın:

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ

"Xeyr, həmin gün, onlarla Rəbbi arasına pərdə çəkiləcək!" (Mutaffifin/15)

ayəti kimidir ki, burda, kafirlər qəsd edilməkdədir. Bu da, kafirlərin xaricində olanların, uca Allahı görəcəklərinə dəlildir ki, bunlar, möminlərdir. Bax bu ayət də, buna bənzəməkdədir.

Ən doğrusunu bilən, Allahdır.

Yaxud da, möminlərin cənazə namazı qılınmasına dair dəlil, bu ayətin xaricindəki bir əmrdən də çıxardıla bilər ki, bunlar da, bu mövzuda varid olmuş hədislər ilə, ümmətin icmasıdır.

Bu xüsusdakı görüş ayrılığının mənşəi isə, xitab dəlilini qəbul edib-etməməkdir.

Muslim, Cabir b. Abdullah'ın belə dediyini rəvayət edir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Bir qardaşınız öldü. Qalxın, onun (cənazə) namazını qılın!"

Bunun üzərinə, biz də qalxdıq və 2 səf halında düzüldük. (Muslim, "Cənaiz"/60)

Burda qəsd edilən şəxs, Nəcaşi'dir.

əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), insanlara, Nəcaşi'nin vəfat etdiyi gün, onun ölüm xəbərini verdi. Onlarla birlikdə musalla'ya çıxdı və 4 təkbir gətirərək, (cənazə namazını) qıldı. (Muslim, "Cənaiz"/62-64)

Müsəlmanlar, müsəlmanların cənazə namazlarını qılmağı tərk etməyin caiz olmadığı xüsusunda, icma etmişlərdir. İstər böyük günah işləyənlərdən olsunlar; istər saleh kimsələrdən...Bunu da, uca Peyğəmbərlərinin söz və davranışlarından miras olaraq götürmüşlərdir. Uca Allaha həmd olsun.

Alimlər, -əvvəl keçdiyi kimi- şəhidin cənazə namazı ilə bidət əhli və baği (adil hökmdara qarşı baş qaldıranlar)'ın cənazə namazının qılınması xüsusundakı görüş ayrılığı müstəsna, bu xüsusda ittifaq etmişlərdir.

---------------------------------

---------------------------------

8. Cənazə namazında gətiriləcək təkbir sayı:

Alimlərin əksəriyyəti (cumhur), təkbirlərin 4 olduğu (haşiyə) görüşündədirlər.

~ ibn Sirin, deyir: "Təkbir, 3 idi. Daha sonra, ona, 1-ini də əlavə etdilər."

~ Bir başqa qrup da: "(İmam), 5 dəfə təkbir gətirər." demişlərdir. Bu görüş, ibn Məsud və Zeyd b. Ərkəm'dən rəvayət edilmişdir.

~ Əli (radiyallahu anh)'dan isə, təkbirin 6 olduğu rəvayəti vardır.

~ ibn Abbas, Ənəs b. Malik və Cabir b. Zeyd'dən, təkbirlərin 3 olduğu rəvayət edilmişdir.

Ancaq, istinad qəbul edilən görüşə görə, təkbirlər, 4'dür.

Daraqutni'nin, Ubey b. Ka'b'dan rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Mələklər, Adəmin (cənazə) namazını qıldılar və üzərinə, 4 təkbir gətirib: 'Ey Adəm oğulları! Sizin sünnətiniz, budur.' dedilər." (Daraqutni, ll, 71)

----------------------------

(Haşiyə:

Cənazə namazı fiqhi:

https://suallarlaislam.com/m%C9.../c%C9%99naz%C9%99-namazi)

----------------------------

9. Cənazə namazında qiraət:

~ Malik'in məzhəbində məşhur olan görüşə görə, bu namazda, qiraət yoxdur. əbu Hənifə və əs-Sevri də, bu görüşdədirlər. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ölüyə namaz qıldığınızda, ona, ixlasla dua edin."

Bu hədisi, əbu Davud ("Cənaiz"/56), əbu Hureyrə (radiyallahu anh) yolu ilə rəvayət etmişdir.

~ Şafi, Əhməd, İshaq, Muhamməd b. Məsləmə, (məzhəbimizə mənsub) alimlərdən Əşhəb ilə Davud əz-Zahiri, fatihənin oxunacağı görüşündədirlər. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Fatihətu'l-Kitab oxumadan, namaz qılmayın." deyə buyurmuşdur.

Bu görüş sahibləri, bu hədisi, ümumu üzərə götürmüşlərdir.

Bununla bərabər, Buxari'nin, ibn Abbas'dan etdiyi rəvayəti də dəlil göstərirlər. Bu rəvayətə görə, ibn Abbas, bir cənazə namazı qılmış və Fatihətu'l-Kitab'ı oxuyub, belə demişdir:

"Bunun, sünnət olduğunu biləsiniz deyə oxudum." (Buxari, "Cənaiz"/66)

Nəsai də, əbu Umamə yolu ilə gələn hədisdə, belə dediyini nəql edir:

"Cənazələrə qılınan namazlarda sünnət olan,

~ birinci təkbirdən sonra, gizlincə, Ümmü'l-Quranı (Quranın anası olan fatihəni) oxuması; sonra da

~ 3 təkbir gətirməsi; və

~ son təkbirdən sonra salam verməsidir." (Nəsai, "Sünən", "Cənaiz"/77)

Muhamməd b. Nasr əl-Mərvəzi də, yenə, əbu Umamə'dən, belə dediyini zikr etməkdədir:

Cənazələr üzərinə qılınan namazda sünnət olan,

~ ilk əvvəl, təkbir gətirməyin; sonra da

~ Ümmü'l-Quranı oxumağındır. Daha sonra da

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə salat və salam gətirərsən. Sonra da

~ Ölüyə ixlasla dua edərsən."

Ancaq, birinci təkbiri gətirdikdən sonra, Quran oxunar; ondan sonra isə, salam verilər.

Şeyximiz əbu'l-Abbas deyir:

Bu 2 hədis də, səhihdir və bu 2 hədis də, hədis üsulu alimlərinə görə, müsnəd hədis kimi dəyərləndirilmişdir.

Bununla bərabər, əbu Umamə hədisi gərəyincə əməl, daha uyğundur. Çünki o hədisdə,

• həm Peyğəmbərin: "Fatihətu'l-Kitabsız namaz olmaz." hədisi ilə;

• həm də, ölüyə ixlasla dua bir arada edilmiş olur.

Cənazə namazında Fatihə surəsinin oxunması isə, duaya bir başlanğıcdan ibarətdir.

Ən doğrusunu, uca Allah bilir...

----------------------------------

----------------------------------

10. Cənazə namazı qıldıran imamın dayanacağı yer:

Cənazə namazı qıldıran imamın,

~ ölən kişinin, başı hizasında;

~ qadının da, göbəyi hizasında

dayanması, sünnətdir. Çünki, əbu Davud'un, Ənəs (radiyallahu anh)'dan nəql etdiyi rəvayət, bunu gərəkdirməkdədir. (Belə ki):

Ənəs (radiyallahu anh), bir cənazə namazını qıldırdıqdan sonra, əl-Əla b. Ziyad, Ondan belə soruşur:

"Ey əbu Həmzə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), sənin bu qıldığın namaz kimimi cənazə namazlarını qıldırırdı? 4 təkbir gətirir və kişinin, başı tərəfində; qadının isə, göbəyi hizasındamı dayanırdı?"

Ənəs (radiyallahu anh): "Bəli!" deyə cavab vermişdir. (əbu Davud, "Cənaiz"/53)

Bu hədisi, Muslim də, Səmurə b. Cündüb (radiyallahu anh)'dan rəvayət etmişdir. (Belə ki):

- Səmurə dedi: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), nifaslı (haşiyə) olaraq vəfat edən Um Ka'b'ın cənazə namazını qıldırdığı vaxt, mən də, Peyğəmbərin arxasında namaz qıldım. Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun cənazə namazını qıldırmaq üzərə, ortasına doğru dayanmışdı."

-------------------------

(Haşiyə:

Nifas:

~ lüğətdə, "qadının doğması; doğumun ardından, rəhmin və cinsiyyət orqanının normal hala qayıtması üçün lazımi müddət" mənasındakı "nifas" kəliməsi;

~ fiqhdə: "doğum səbəbilə, qadının döl yolundan gələn qanı və doğum sonrasında, qadının bəzi hökmlərə tabe olması"nı ifadə edən bir termindir.)

----------------------------

11. Ölənin qəbri başında dayanmaq:

Uca Allahın: "Qəbrinin başında da dayanma." ayətilə bağlı olaraq, bunları deyə bilərik:

Allah rəsulu (sallallahu aleyhi və səlləm),

-"ət-Təzkirə" adlı əsərimizdə də bildirdiyimiz kimi, (uca Allaha həmd olsun)-

ölü dəfn edildikdən sonra, qəbri başında dayanar və ölünün sabit-qədəm olması üçün dua edərdi.

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri)

Read 138 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR