Məscidləri bəzəməyin məkruh olması
1551. ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Mən, məscidləri yüksəldib genişlətməklə (yəni, məscidlərin görkəmli tikilməsilə) əmr olunmadım."
ibn Abbas deyir:
"Yəhudi və xristiyanların (kilsə və sinaqoqlarını) bəzədikləri kimi; siz də onları bəzəyirsiniz."
(Hədisi:
~ əbu Davud ("Saləh", 12, hədis no: 448);
~ Abdu'r-Razzəq ("əl-Musannəf", lll, 152);
~ Beyhaqi ("əs-Sünənu'l-Kubra", ll, 438);
~ Bəğavi ("Şərhu's-Sünnə", ll, 348)
də rəvayət etmişlərdir.)
Şəvkani ("Nəylu'l-Əvtar", ll, 156), ravilərinin, Səhih'in raviləri olduğunu bildirmiş; ibn Hibban da, səhih olduğunu qəbul etmişdir. (Sanani, "Sübulü's-Salam", l, 143)
--------------------------------
1552. Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Məscidlər tikin və orda toplanın."
"əl-Əzizi"də (l, 23) qeyd edildiyinə görə, hədis:
~ ibn əbi Şeybə ("əl-Musannəf", l, 274);
~ Beyhaqi ("əs-Sünənu'l-Kubra", ll, 439) və
~ Uqayli
tərəfindən rəvayət edilmişdir. Şeyx Təhanəvi, hədisin həsən olduğunu bildirmişdir.
1551 və 1552 no-lu hədislər, məscidləri bəzəməyin qadağan edildiyinə dəlalət edərkən; (bir sonra gələcək olan) Osman (radiyallahu anh)'ın tətbiqatı, bunun caiz olduğunu göstərməkdədir.
Bu rəvayətlərin hamısını bərabər nəzərə alan alimlərimiz də, az miqdarda bəzəyin, caiz olduğu; çox miqdarda bəzəyin isə, məkruh olduğu görüşündədirlər. Necə ki, "Fəthu'l-Qadir"də (l, 421), belə deyilir:
"Bizə görə, bunda bir beis yoxdur. Məkruhluq isə, incə naxışlarla ifrata varılmasına -xüsusilə mehrab bəzəklərinə- həml edilir. Şübhəsiz, məscidi bəzəmək üçün xərclənəcək pulun kasıblara xərclənməsi, daha əvladır."
-------------------------------
1553. Nafi, Abdullah b. Ömər (radiyallahu anh)'dan, belə rəvayət edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında, məscid, kərpicdən tikilmişdi. Onun damı, xurma ağacının budaqlarından; dirəkləri isə, xurma ağacının gövdələrindən hazırlanmışdı. əbu Bəkr, ona heç nə əlavə etmədi. Ömərə gəlincə, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zamanında olduğu kimi, (məscidi), kəpriclərdən və xurma ağacının budaqlarından tikməklə; dirəklərini də, əvvəlki kimi ağacdan düzəltməklə onu genişləndirdi. Sonra, Osman (məscidin binasını) dəyişdirdi və onu, bir az da genişləndirdi. O, (məscidin) divarlarını, naxışlı daşlarla hördürüb, əhənglədi; dirəklərini, naxışlı daşlardan tikdirdi; damını da, hind palıdı ilə örtdürdü.
(Hədisi:
~ Buxari (8-ci kitab: "Namaz kitabı", 62-ci bab: "Məscidin tikilməsi", hədis no: 446);
~ əbu Davud (Namaz kitabı, 12-ci bab: "Məscidin tikilməsi", hədis no: 451);
~ Əhməd b. Hənbəl ("Müsnəd", ll, 130)
da rəvayət etmişlərdir.)
Buxaridə yer alan başqa bir rəvayətə (8-ci kitab: "Namaz kitabı", 65-ci bab: "Məscid tikən kimsə" babı, hədis no: 450) görə,
Osman b. Affan (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məscidini yenidən tikdiyi zaman, insanların onun haqqında danışdıqlarına (etiraz edib) belə demişdi:
"Siz, mənim haqqımda çox iləri getdiniz. Halbuki mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, belə buyurduğunu eşitdim:
'Kim, Allahın üzünü diləyərək, bir məscid tiksə, Allah, onun üçün, cənnətdə buna bənzər (bir ev) tikər."
ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də (l, 540), belə deyir:
"ibn Battal və başqaları tərəfindən bildirildiyinə görə, bu (1553 no-lu hədis) göstərməkdədir ki:
'Məscid tikməkdə sünnət olan, etidallı olmaq və məscidin bəzədilməsində mübaliğə etməməkdir.'
Çünki, Ömər (radiyallahu anh), Öz dövründə, fəthlərin çoxalıb maddi rifahın artmasına baxmayaraq; Məscidu'n-Nəbəvi'nin şəklini, dəyişdirməmişdi. Sadəcə, onu, yenidən inşa etməyə ehtiyac duymuşdu. Çünki, xurma budaqlarından meydana gələn tavanı, həşəratlar tərəfindən yeyildiyi üçün, deşilmiş hala gəlmişdi.
Sonra, Osman (radiyallahu anh) dövrü gəldi. Onun dövründə, maliyyə cəhətindən imkanlar daha da artdı. Buna baxmayaraq, O, (məscidi bəzəmək) xüsusunda ifrata varmamış; lakin yenə də, bəzi səhabələrin tənqidinə uğramışdı.
Muslim'in nəql etdiyi rəvayətə görə, Osman (radiyallahu anh), məscidi inşa etdirmək istədiyi vaxt, insanlar, bunu xoş qarşılamamış və məscidi, mövcud halı üzərə tərk edilməsini istəmişlərdi."
İnsanlardan biri, belə deməkdədir:
"Mən də, bu qövl üzərəyəm. Bu, yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in və Ömər (radiyallahu anh)'ın etdiyi, Osman (radiyallahu anh)'ın etdiyindən daha əvla idi. Osman (radiyallahu anh)'ın təvili, zəifdir. Belə bir təvil etməsinin səbəbi də, Onun, varlı olması idi. İnsan zehni, çox vaxt, aşina olduğu şeylər çərçivəsində düşünür. Sən, dünyaya qarşı zahid ol!"
Deyirəm:
Allah, səni öldürsün! Yəni Osman, zahidlərdən deyildimi?! "Belə bir təvilinin səbəbi, Onun, varlı olması idi." deyərkən, nə qədər axmaqca düşündüyünü və nə qədər fəhmsiz olduğunu ortaya qoymuş olursan. Rəşidi xəlifələr'dən birini, özünlə qiyas edir və bunu yaddan çıxarırsan:
Heç bir ticarət və alış-veriş, əshab (radiyallahu anhum)'u, Allahı zikrdən uzaq qoymaz; onların imkanları, ancaq, onların dünyaya qarşı zühdlərini artırardı. Doğrusu, Osman (radiyallahu anh)'ın etdiyi, hər nə qədər Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövrünə və Ömər (radiyallahu anh) zamanına nisbətlə -ki, bu dövrlərdə məscid imar etməyə böyük bir rəğbət vardı- daha üstün deyilsə də; Öz dövrü cəhətindən baxıldığında, Onun etdiyi şey, məscidi əvvəlki halı üzərə buraxmaqdan daha yaxşı idi. Çünki, insanlar, artıq pozulmağa başlamışdılar. Və Osman (radiyallahu anh)'dan sonra məscid tikməyə rəğbət edənlər azalacaqdı. Onun tikdiyi bina, uzun ömürlü, sağlam bir bina olmuş və illərə meydan oxumuşdu. Məscidi möhkəmləndirməyin müstəhəb olduğu xüsusunda, şübhə yoxdur. Məkruh olan, sadəcə, naxış, bəzəmə və əlavələrdə mübaliğə etməkdir. Osman (radiyallahu anh) da, belə bir şey etməmişdir!
Ubadə b. Samit (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Ənsar (radiyallahu anhum):
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), daha nə qədər bu xurma budağına doğru namaz qılacaq?" deyə düşünmüş; aralarında pul toplayıb Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlmiş: "Bu məscidi düzəldək və bəzəyək." demişlərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə, onlara: "Mən, qardaşım Musa'nın meylindən (yolundan) ayrılmaq istəmirəm. Onun çardağı kimi çardaq (kifayət edir)." buyurmuşdu.
Heysəmi'nin verdiyi məlumata görə, bu hədis, Taberani'nin "əl-Mu'cəmu'l-Kəbir"ində rəvayət edilmişdir. Ravilərindən İsa b. Sinan, Əhməd b. Hənbəl və başqalarına görə zəif qəbul edilərkən; İcli, ibn Hibban və bir rəvayətə görə ibn Xarraş tərəfindən, siqa qəbul edilmişlərdir. ("Məcmau'z-Zəvaid", ll, 125)
Deyirəm:
Əslində, Osman (radiyallahu anh), Öz incə anlayışını ortaya qoymuşdu. O, həm yıxılıb yox olmasından qorxduğu üçün; həm də, bütünü ilə yeniləməyib bəzəmədən, məscidləri möhkəmləndirməyin caiz olduğunu göstərmək məqsədilə, məscidini, sağlam bir şəklinə qovuşdurmuşdu. Əgər O, şəxsən Öz tətbiqatı ilə bunu göstərməmiş olsaydı, insanlar, məscidləri düzəltməyi də xoş qarşılamayacaq; məscidlər də, içində namaz qılanların pozulması; xeyir işlərinə qarşı maraqlarının azalması; və Allahın evlərini imar etməkdən uzaqlaşmaları səbəbilə, qısa müddətdə xarab olacaqdı. Fə lilləhu durrahu (əhsən Ona, Allah ondan razı olsun). Osman (radiyallahu anh), insanlar fərqində olmadığı bir həqiqəti qavramış və ortaya qoyduğu tətbiqatla, məscidlər üçün faydalı olan bir şeyi -xüsusilə də pozulma dövründə- ortaya çıxarmışdır.
(Təhanəvi, "İ'lau's-Sünən", "Məscidləri -çox- bəzəməyin və yüksək tikməyin nəhy edilməsi; sağlam tikməyin və az miqdar nəqş etməyin caiz olması babı")
