Niyyətin namaza şərt olması (4 məzhəbə görə)
"Niyyət"i, "ibadət edərkən, yalnız Allaha yaxınlaşmaq qəsdilə qəlbin Allaha yönəlməsi" deyə tərif edə bilərik. Bununla bərabər,
"Niyyət", "qəti iradə" şəklində də tərif edilə bilər. Çünki, namaz qılan şəxs, bir və tək olan Allah üçün ibadət etməyi iradə etməkdədir.
İnsan, namaz qılacağı vaxt, qəlbilə namazı qəsd etmədən, sadəcə dililə niyyət etmiş olarsa, namaz qılmış olmaz. Belə ki:
Bir nəfər, insanlar nəzərində tərifə layiq olmaq kimi dünyəvi bir məqsəd üçün namaz qılarsa, bunun qıldığı namaz, səhih olmaz. Çünki, onun, insanlar tərəfindən təriflənmədiyi təqdirdə, namazı tərk etməsi, şübhəsizdir. Eyni şəkildə, bir mala sahib olmaq; şərəf qazanmaq; və ya hər hansı bir arzusunu yerinə yetirmək məqsədilə namaz qılarsa, yenə, namazı batil olar. Bu halda, insanların, bu mənanı yaxşıca başa düşmələri; dünyəvi məqsədlərdən biri üçün namaz qılanın namazının batil olacağını idrak etmələri lazımdır. Dünyəvi məqsədlərdən biri üçün namaz qılan kimsə, riyakar və günahkarların əzabı ilə cəzalandırılacaqdır. Bu xüsusda, Allah Taala, belə buyurur:
وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ...
"Halbuki onlara, dini, məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək əmr olunmuşdu..." (Bəyyinə/5) (*)
-------------------------------
(*:
Hənəfilər dedilər:
Niyyət, namazın şərtlərindən biridir. Bunun şərt olması da, icma ilə sabitdir. Yoxsa, yuxarıda keçən Bəyyinə surəsi 5-ci ayədən dolayı deyildir. Çünki, bu ayədən qəsd edilən məna, tövhidlə bağlıdır.
Yenə, niyyətin şərt olması, "Əməllər, ancaq niyyətlərə görədirlər." hədisindən dolayı da deyildir. Çünki, bu hədisdə, sadəcə, əməllərin savabına toxunulmuşdur. Əməllərin sihhət şərtlərinə toxunulmamışdır.
Həqiqət budur ki, bu dəlillər, Hənəfilərin dedikləri mənanı ehtiva etdikləri kimi; başqalarının söylədikləri mənanı da ehtiva etməkdədir.
~ Ancaq ayəyə gələcək olarsaq, (belə deyə bilərik):
Allaha edilən ibadətlər, sadəcə tövhid (mənası)'na həsr edilə bilməz. Eyni zamanda, Allaha ibadət edilərkən, xalis niyyətin şərt olduğu da, bu ayədən başa düşülməkdədir. Çünki, bəzi müşriklər, Allaha ibadət etməklə bərabər, başqalarını da Ona şərik qoşurlardı. Xüsusilə, kitab əhli də, bu ayədən sonrakı ayədə, müşriklərlə bərabər zikr edilmişlərdir. Çünki, kitab əhli, Allaha ibadət edərkən, bəzi peyğəmbərləri də, məbudluq cəhətindən, Ona şərik qoşurlardı.
~ Ancaq hədisə gələcək olsaq, (belə deyə bilərik):
Əməllərin savabları yox edilib silindiyi təqdirdə, heç bir faydası olmayacaqdır. O vaxt, Hənəfilərin iləri sürdükləri sözün bir faydası da olmayacaqdır. Çünki, Onlara görə, bir əməl, batil olmaqla bərabər, səhih də ola bilər.
Bəli, onlar, (bizim bu tənqidimizi):
"Cəzanın qaldırılması da, bir faydadır." deyərək cavablandıra bilərlər.
Ancaq hədis, onların bu görüşünə dəlalət etməməkdədir. Əksinə, görüşlərinin əksinə dəlalət etməkdədir. Hədisin zahiri, niyyətin, savab və sihhət cəhətindən əməllər üçün şərt olduğuna dəlalət etməkdədir. Hənəfilərin, (hədisdəki mənanı), sadəcə savaba təxsis etmələri, dəlilsiz bir təhəkkümdən başqa bir şey deyildir.
------------------------------
Namaz qılacaq şəxsin niyyəti xalis olmaz və bu ibadətini sırf Allah üçün etməzsə, ayədə keçən əmrə müxalifət etmiş olar. Dolayısı ilə, namazı da səhih olmaz. Bax, niyyətin bu mənaya gəldiyi xüsusunda, imamlar, ittifaq etmişlərdir.
Namaz əsnasında, insanın xatirinə, işlərindən bəzi şeylər gələcək olsa, bunlar, namazı pozmaz. Ancaq, namaz qılmaqda olan şəxs, Rəbbinin qorxusu ilə dolu olaraq bu vəsvəsələrə əldən gəldiyincə qarşı durub hərb etməlidir. Namaz əsnasında, Allah (azzə və cəllə)'nin hüzurunda boyun bükməkdən başqa bir şeyi xatirinə gətirməməlidir. Ancaq, bunu etməkdən aciz olub nəfsini dünya işlərindən çəkə bilməyən şəxs, namazda, belə şeylər onu məşğul edəcək olsa belə, yenə hesaba çəkilib sorğu-suala tabe tutulmaz. Ancaq, bu kimsənin, bu fasid vəsvəsələrə qarşı müharibəsini davam etdirməsi lazımdır. Ki, xalis (bir şəkikdə) əməl edənlərin əcrini qazana bilsin.
Xülasə:
(Bura qədər danışdıqlarımızı), 2 şeydə toplaya bilərik:
1. Dinin qəbul etməyəcəyi başqa şeylərə söykənmədən, sırf Allah üçün namaz qılmağı iradə etmək.
2. Qəlb hüzuru. Qəlbin, dünya işlərini təfəkkürlə məşğul olmaması.
~ Birincisi, niyyətlə bağlı olduğundan, bunun, mütləq bir surətdə namaz üçün edilməsi, labüddür (qaçılmazdır).
~ İkincisi isə, (-ki, bu, qəlb hüzurudur), namazın sihhət şərtlərindən deyildir. Allahın hüzurunda dayanan, Xaliqinin dərgahına yönələn şəxsin, namazla əlaqəsi olmayan bütün şeyləri, nəfsindən çıxarması lazımdır. Bunu etməkdən aciz olan şəxsin namazdakı savabı, əskik olmaz. Çünki, bu şəxs, əlindən gələni etmişdir. Allah da, insana, əlindən gəlməyən şeyləri yükləməkdən, əlbəttə ki, münəzzəhdir.
----------------------------
----------------------------
Fərz namazda, niyyətin hökmü:
Namazda niyyətin hökmünə gəlincə:
4 məzhəb imamı, niyyətsiz olaraq qılınan namazın səhih olmayacağı xüsusunda, ittifaq etmişlərdir! Ancaq, bunlardan:
~ (Məzhəb imamlarından) bəziləri: niyyətin, namazın rüknlərindən biri olduğunu söyləmişlərdir. Belə ki: Bir insan, niyyət etmədən namaz qılacaq olarsa, ona, mütləq olaraq namaz qılmışdır deyilə bilməz.
~ (Məzhəb imamlarından) bəziləri də: niyyətin, namaz üçün sihhət şərti olduğunu söyləmişlərdir. Bunlara görə, niyyətsiz olaraq qılınan namaz, qılınmış sayılır; ancaq batildir.
Əslində, imamlar arasındakı bu görüş ayrılığını öyrənmək istəyənlərə, namazın nə ilə səhih olub, nə ilə səhih olmayacağını bilmək, çox da fayda təmin etməz. Bunu öyrənmək, fiqhi tədqiqat aparan şəxslər üçün faydalı olar. Ancaq fiqhi incəlikləri öyrənmək istəməyənlərə, bu qədərini söyləmək, kifayət edər:
"Namaz üçün, niyyət lazımdır. Əgər niyyətsiz olaraq namaz qılacaq olarsansa, qıldığın namaz, bütün məzhəblərin ittifaqına görə, batil olar. Niyyətin, namazın qisimlərindən biri; və ya sihhət şərtlərindən biri olduğu xüsusunda, sənin üçün fərqi yoxdur."
Hər məzhəbin istilahını öyrənmək istəyən elm tələbələrinə gəlincə:
Bunların,
~ Maliki və Şafii'lərin, niyyətin, namazın rüknlərindən biri olduğu xüsusunda ittifaq etdiklərini; niyyətsiz olaraq namaz qılan şəxsin, əsla namaz qılmış olmayacağını bilmələri lazımdır. (Bununla bərabər),
~ Hənəfi və Hənbəli'lərin, niyyətin, namazın şərtlərindən biri olduğu xüsusunda ittifaq etdiklərini bilmələri də lazımdır. Belə ki: Niyyət etmədən namaz qılmış olan şəxs, namaz qılmış sayılır. Ancaq, qıldığı bu namaz, batildir.
Bax zikr etdiyimiz bu məna ilə, niyyətin fərz və ya şərt olduğu, hər 2 halda da bunsuz mümkün olmayacağı, bilinmiş olmaqdadır.
---------------------------
---------------------------
İndi isə, niyyətlə bağlı təfsilatı bəyan edək:
Fərz namazlarda, niyyətin keyfiyyəti:
Qılınanacaq namaz, 5 vaxt namaz kimi, ya fərz-i ayn olur və ya cənazə namazı kimi fərz-i kifayə. Yaxud da, nəzr edilmiş namaz olur və ya müəkkəd sünnət.
✓ Fərz namazda, niyyətin nə şəkildə ediləcəyinə gəlincə, bu xüsusda, məzhəblərin təfsilatlı görüşləri mövcud olub, belədir:
• Hənəfilər dedilər:
Bu bəhslə bağlı olaraq, bir neçə şeyə toxunmaq lazımdır. Belə ki:
1. Mükəlləf şəxsin, Allah tərəfindən, özünə, gündə 5 vaxt namaz qılmağın fərz qılındığını, bilməsi lazımdır. Əgər mükəlləf, fərz namazlarından xəbərsiz olar, bu namazların fərz olduğunu bilməzsə, bunları, vaxt içərisində əda etsə belə, səhih olmaz. Ancaq, imamla bərabər qılar, imamın namazına niyyət edərsə, qıldığı namaz, səhih olar. Bir adam, qıldığı namazın fərz olduğunu bilər; yalnız, fərz, vacib və sünnətləri bir-birindən ayıra bilmədən hamısını fərz niyyətinə qılacaq olarsa, qıldığı namazlar, səhih olar. Xalq arasında, belə insanlar, çoxdur. Yalnız, bu cür insanların bu şəkildə qıldıqları namazlar, hər nə qədər səhihdirsə də, dini mövzulardakı cahilliklərini davam etdirmədən, fərzlə digər şeylər arasındakı fərqləri öyrənmələri lazımdır. Xüsusilə, bu zamanda, məscid və bənzəri yerlərdə verilən fiqh dərslərinə qoşularaq, belə dini mövzuları öyrənmək, heç də çətin deyildir.
2. Niyyətin keyfiyyəti:
Fərz namazda, niyyət, bu şəkildə edilir:
Namaz qılacaq şəxs, qılacağı namazın, sübh, zöhr, məğrib və işa namazlarından hansı olduğunu, qəlbilə bilməlidir. Bunu bildikdən sonra, namazın sihhəti üçün lüzumlu olan niyyəti yerinə yetirmiş olar. Sonra, əgər namaz, vaxtı içində qılınırsa, bu halda, vaxtı təyin etməsi, kifayət edir, başqa bir şey əlavə etməsinə ehtiyac qalmır. Belə ki: "Zöhr namazını qılmağa niyyət etdim."; "Əsr namazını..." və ya başqa bir namazı qılmağa niyyət etdim deyərsə, namazı, səhih olar. "Bu günün zöhr namazını" və ya "Bu vaxtın zöhr namazını qılmağa niyyət etdim." deməsi, lazım gəlməz.
Bəziləri demişlərdir ki: İnsanın, zöhr namazını qılarkən, "Bu günün zöhr namazını..." və ya "Bu vaxtın zöhr namazını qılmağa niyyət etdim." deməsi lazımdır. Bu səbəblə ki: Vaxtın namazı, bu vaxt içərisində qılınacaq başqa bir fərzin qəzası ilə də qarışa bilər. Məsələn, "Zöhr namazını qılmağa niyyət etdim." deyən şəxsin bu sözü, namaz qıldığı günün zöhr namazına niyyət etdiyi mənasına gələ biləcəyi kimi; qəzaya qalmış başqa bir zöhr namazına niyyət etdiyi mənasına da gələ bilər.
Hər iki görüş də, səhih olmaqla bərabər, ən ehtiyatlı olanı, insanın: "Bu günün zöhr namazını qılmağa niyyət etdim." və ya "Bu günün əsr namazını qılmağa niyyət etdim." deməsidir.
Bu (danışdıqlarımız), namazın öz vaxtı içində qılınması ilə bağlı idi.
Ancaq, namaz, vaxtı xaricində qılınmaqdadırsa və qılan şəxs də, bundan xəbərsizdirsə, "Zöhr namazını qılmağa niyyət etdim." deyərək bir qeyd qoymadan niyyət edərsə, bu niyyəti, kifayət etməz. Qüvvətli olan görüş də, budur. Əgər vaxtın çıxdığını bilirsə, eyni şəkildə, niyyət etməsi, bəzi Hənəfi'lərə görə kifayət edir. Bəziləri də (belə) demişlərdir:
Xeyr. İstənilən halda, ehtiyac cəhətindən, "Bu günün zöhr namazını qılmağa niyyət etdim." və ya "Bu günün əsr namazını qılmağa niyyət etdim." deməsi lazımdır. Yenə, bir nəfər, sadəcə, "Fərz namazını qılmağa niyyət etdim." deyərək, vaxt da təyin etməzsə, bu niyyəti, kifayət etməz. Əgər namazı, vaxtı içində qılacaqsa, "Bu vaxtın fərzini qılmağa niyyət etdim." deməsi lazımdır. Bu halda, əgər namaz, vaxt içində qılınırsa, namaz, səhih olar. Ancaq, vaxt çıxmış və vaxtın çıxdığından da xəbəri yoxdursa, "Vaxtın fərz namazını qılmağa niyyət etdim." deyəcək olarsa, qıldığı namaz, səhih olmaz.
Xülasə:
İnsan, namazı, vaxtı içində qılırsa, niyyət edərkən, vaxtı təyin etmək məcburiyyətindədir. Məsələn:
~ Zöhr namazını qılacaqsa, "Zöhr namazının fərzini qılmağa..."
~ Əsr namazını qılacaqsa, "Əsr namazının fərzini qılmağa niyyət etdim."
deməsi lazımdır. Əksinə, gün qeydini də qoymaq lazımdır. Yəni, "Bu günün zöhr namazını..." və ya "Bu günün əsr namazını..." və yaxud da "Bu günün məğrib namazını qılmağa niyyət etdim." deməsi lazımdır.
Yenə, eyni şəkildə, vaxt çıxmış olduğu halda, vaxtın çıxdığından xəbəri olmayan bir adam, namazını, vaxt içində qılan kimi niyyət edəcəkdir. Yəni, sadəcə "Zöhr namazını qılmağa niyyət etdim." və ya "Əsr namazını qılmağa niyyət etdim." deyərək, başqa bir əlavə etməsə belə, qüvvətli görüşə görə, niyyəti, kifayət edər. Ancaq, vaxt çıxdığı halda, vaxtın çıxdığından xəbəri yoxdursa, yenə, eyni şəkildə, niyyət etməsi, kifayət edər. Bəziləri də (belə) deyirlər: Bir insan, "Zöhr namazını qılmağa..." və ya "Əsr namazını qılmağa niyyət etdim." deyərək, hər hansı bir əlavə etməsə belə, niyyəti, kifayət edər. Bəziləri də, "Gün qeydini qoyması lazımdır." demişlərdir.
Bu (danışdıqlarımız)'a görə, insan, gün qeydini qoymadan, zöhr, əsr və ya məğrib vaxtlarını da söyləmədən, sadəcə fərz namaza niyyət edərək namaza başlayacaq olarsa, niyyəti, kifayət etməz. Bu xüsusda, ittifaq vardır. Ancaq, vaxt içərisində, namazını qılacaq olarsa, sadəcə, "Vaxtın fərz namazını qılmağa niyyət etdim." deyəcək olarsa, bu niyyəti, səhih olar.
3. Cənazə namazında və digər vacib namazlarda ediləcək olan niyyətə gəlincə:
Bu niyyət, digər bəzi fərz namazlarda olduğu kimi, bu namazlar üçün də, sihhət şərtidir. Cənazə namazını qılacaq olan kimsənin, "Cənazə namazına niyyət etdim." deməsi, kifayət edir. Ancaq, tam niyyət, insanın, "Həm cənazə namazına, həm də ölüyə dua etməyə niyyət etdim." deyərək edilənidir.
Cümə namazını qılacaq şəxsin də, "Cümə namazını qılmağa niyyət etdim." deməsi, kifayət edir.
Hənəfi'lərə görə, niyyət, fərz namazlar üçün bir sihhət şərti olduğu kimi; vitr və 2 rükətlik tavaf namazı kimi vacib namazlar üçün də, bir sihhət şərtidir.
Eyni şəkildə, nafilə namaza başladıqdan sonra, hər hansı bir səbəbdən dolayı namaz pozularsa, yenidən qılınması, vacib olar. Yenidən qılınacağı vaxt, bu namazın səhih ola bilməsi üçün, niyyət edilməsi, şərtdir.
Xülasə:
Niyyət, fərz-i ayn, fərz-i kifayə, vacib və nəzr namazları üçün, zəruri olaraq lazımdır.
Nafilə namazlara gəlincə, bunlar üçün, niyyət şərt deyildir.
-----------------------------
• Malikilər dedilər:
Fərz namaza niyyət edilərkən, hansı namaz olduğu, bildirilməlidir. Məsələn, "Zöhr namazını qılmağa..." və ya "Əsr namazını qılmağa niyyət etdim..." demək, labüddür. Əgər insanın qıldığı namaz, fərz bir namazdırsa və niyyət edərkən də hansı vaxtın namazı olduğunu bildirməzsə, namaz, səhih olmaz. Nafilələrlə bağlı niyyətin hökmü, iləridə açıqlanacaqdır.
-----------------------------
• Şafii'lər dedilər:
Fərz namazlar üçün, niyyət, şərtdir. Bununla bərabər, niyyətin özü üçün də, 4 şərt lazımdır:
1. Namazın fərzliyinə niyyət ediləcəkdir. Yəni, namaz qılacaq şəxs, qılacağı namazın fərzliyini qəsd etməlidir.
2. Namaz qılma felini qəsd etməlidir. Yəni, mücməl də olsa, namaz niyyətini, namazın (içindəki bölmələrdə) hazır olaraq qəlbində tutmalıdır. Şafiilər, bu ikinci şərti, bu səbəbdən ötürü şərt olaraq iləri sürürlər ki, namaz qılacaq şəxs, namazla əlaqəli olmayan felləri, namazdan ayırd edə bilsin.
3. Qılınacaq namaz, zöhr və ya əsr, ya da məğrib namazı şəklində bildirilməlidir.
4. Namazın fərzliyinə, namazın felini etməyə, qılacağı namazın vaxtını təyin etməyə niyyət edərkən, bu niyyət, iftitəh təkbirinin bir parçasına bitişik olaraq edilməlidir.
Bu saydığımız şərtlərdən biri olmadığı təqdirdə, niyyət, batil olacaqdır. Çünki niyyət, namazın fərzlərindən biridir.
Bəzi kimsələr, bu xüsusda, bəlkə də çətinliklə qarşılaşa bilərlər. Həqiqət isə, budur ki:
Yaradanın hüzurunda duran şəxs, edəcəyi ibadət və münacat (duası)'ndan əvvəl, dalğın (fikrə dalmış) olmamalıdır. Bu halda, ilk mərhələdə, qılacağı namazın fərzliyinə niyyət etməlidir. Ondan sonra, bu namaz üçün niyyət edərkən, bu niyyəti, iftitəh təkbirinin bütün parçalarına bitişdirməlidir. Necə ki, bəzi Şafii'lər, bu görüşdədirlər. Ki, bunda çətinlik vardır. Rukulu, səcdəli, qiyamlı və təşəhhüdlü namazlarda, niyyəti, iftitəh təkbirinin ilk parçasına bitişdirmək və ondan sonra da niyyəti, namazın sonunadək qəlbdə hazır tutmaq, kifayət edər. Niyyətin, iftitəh təkbirinin baş qisminə bitişdirilməsi, insanın, ilk əvvəl Rəbbindən qorxub Ona qarşı xuşu içində olmasını təmin edər.
Bir insan, fərz bir namazı qıldıqdan sonra, camaat hazır olub camaatla da birlikdə yenidən qılmaq istəyərsə, yenə, namazının niyyətini, eyni şərtlərlə etməsi lazımdır.
--------------------------
• Hənbəlilər dedilər:
Fərz namaza niyyət edilərkən, vaxtının təyin edilməsi, labüddür. Zöhr namazını qılmağa və ya əsr namazını yaxud da cümə namazını qılmağa niyyət etdim demək, kifayət etmir. Yenə, namazın fərzliyi ilə vaxtını bildirdikdən sonra, başqa bir şeyi əlavə etməyə, məsələn "gün" qeydini təyin etməyə isə, ehtiyac yoxdur.
-----------------
-----------------
Niyyət edərkən, namaz(ın bəzi bölmələrini) qəlbdə hazır tutmaq və niyyətin şərtləri:
Niyyətin keyfiyyəti bəhsində də bildirildiyi kimi, 3 məzhəb imamı, namazın qiyam, qiraət, ruku və səcdə kimi qisimlərini qəlbdə hazır tutmağın, namazın sihhət şərti olmadığı xüsusunda, ittifaq etmişlərdir. Ancaq Şafii'lər, niyyət əsnasında, namazın bütün rüknlərini qəlbdə hazır tutmaq, kifayət edər, demişlərdir. Bunu iləri sürməklə də, digər məzhəblərə müxalifət etmişlərdir. Niyyət edildikdən sonra, bu niyyəti, namazın sonunadək qəlbdə hazır tutmağa gəlincə, bu da, niyyətin sihhəti cəhətindən lazımdır. Belə ki:
Bir nəfər, namazda ikən, namazdan çıxmaq istəyər və namaza giriş niyyətini ibtal edərsə, namazına davam etsə belə, bu namaz, batil olar. Çünki, davam əsnasında, niyyətsiz olaraq namaz qılmaqdadır. Məsələn, bir kimsə, səhih bir niyyətlə namaza başlayar; başladıqdan sonra da başqa birinin özünə səslənməsindən dolayı namazdan çıxmağa niyyət edərək adamın çağırışına cavab vermək istəyərsə, felən kəsməsə belə, namazı pozular. Çünki, niyyətin səhih ola bilməsi üçün, insanın, namaz əsnasında niyyətə zidd düşən bir davranış sərgiləməməsi lazımdır. Açıqca görüldüyü kimi, namazdan çıxmağa qəsd etmək, namaza giriş niyyətinə zidd düşən bir davranışdır. Daha əvvəl, dəstəmazın fərzləri qismində də keçdiyi kimi; niyyətin səhih ola bilməsi üçün, müsəlman olmaq, müməyyiz olmaq, ediləcək ibadəti əda etməyə qəti qərar vermək kimi bəzi şərtləri vardır. Bir ibadəti əda etməyə niyyət edən kimsə, tərəddüdsüz və qəti olaraq qərar vermək məcburiyyətindədir.
Bax niyyətlə bağlı saymış olduğumuz bu şərtlər xüsusunda, bütün məzhəblər ittifaq etmişlərdir.
Ancaq Şafii'lər, namazla bağlı niyyətə, insanın namaz fellərini qəsd etməsi və qılacağı namazın fərzliyinə niyyət etməsini əlavə etmişlərdir. Yenə, dəstəmazla bağlı niyyətdə də, niyyətin, dəstəmazın fərz olan ilk orqanı (yəni, üzü) yumağa başlayarkən edilməsini şərt qoşmuşlardır.
İslam (yəni, müsəlman olmaq) şərtinə gəlincə, bunun da, niyyətin sihhət şərtlərindən olduğu xüsusunda, məzhəblər ittifaq etmişlərdir. Çünki, qeyr-i müsəlman bir nəfərin qılacağı namaz, səhih olmaz. Bu xüsus, namazın şərtləri bölməsində də açıqlanmışdır.
----------------------------
----------------------------
Niyyətin, (dil ilə) tələffüz edilməsinin hökmü:
İnsanın, namaz qılacağı vaxt niyyət edərkən, bu niyyətini dillə də tələffüz etməsi, sünnətdir. Məsələn, zöhr namazını qılmağa niyyət edəcək şəxs, "Zöhr namazının fərzini qılmağa niyyət etdim." deməlidir. Çünki, dillə söylənən bu söz, qəlbi oyadır. Bir şəxs, zöhr namazını qılacağı vaxt, qəlbilə zöhr namazını qılmağa niyyət edər; dililə də, yalnışlıqla, "Əsr namazını qılmağa niyyət etdim." deyəcək olarsa, bunun, çox da zərəri olmaz. Çünki, niyyətdə mötəbər olan, qəlbdir. Dillə söylənən söz, əslində niyyət sayılmaz. Ancaq, qəlbi oyatmaq cəhətindən faydası vardır. Qəlbin niyyəti səhih (keçərli) olduğuna görə, dilin edəcəyi xətanın, çox da zərəri olmaz. Şafii və Hənbəli'lər, bu xüsusda ittifaq etmişlərdir. Maliki'lər və Hənəfi'lərə gəlincə, onların bu xüsusdakı görüşləri, belədir:
• Maliki'lər dedilər:
Vəsvəsəli olmayan kimsələrin, namaz niyyətini dillə tələffüz etmələri, məşru deyildir. Maliki'lər, vəsvəsəli olmayan kimsənin, niyyəti, dillə tələffüz etməsinin, tənzihən məkruh; vəsvəsəli olanın isə, dillə tələffüz etməsinin, məndub olduğunu söyləmişlərdir.
• Hənəfi'lər dedilər:
Niyyəti dillə tələffüz etmək, bidətdir. Ancaq, vəsvəsəli şəxsin, vəsvəsəsini dəf edə bilməsi üçün, niyyəti dillə tələffüz etməsi, müstəhsəndir.
---------------------------
---------------------------
Əda olaraq qılınan namazla, qəza olaraq qılınan namazın niyyəti və niyyətdə, rükətləri söyləməyin hökmü:
İnsanın, namaz qılarkən, namazın ədasına və ya qəzasına niyyət etməsi, lazım deyildir. Məsələn, zöhr namazını, vaxtı içərisində qılacaq bir şəxsin, "Zöhr namazını əda olaraq qılmağa niyyət etdim." deməsi, şərt deyildir. Vaxtı çıxdıqdan sonra da, "Zöhr namazını qəza olaraq qılmağa niyyət etdim." deməsi, şərt deyildir. İnsan, sadəcə qəlbilə niyyət edər; dili, qəlbindəki niyyətə görə danışarsa və niyyəti də, həqiqətə uyğundursa, qıldığı namaz, səhih olar. Ancaq, bu niyyət, məsələn, vaxtın çıxmasından sonra, zöhr namazını əda olaraq qılmağa niyyət etmək şəklində həqiqətə uyğun düşməzsə və zöhr vaxtının çıxdığını bilə-bilə məqsədli olaraq zidd deyərsə, qıldığı namaz, batil olar. Çünki, bunda, ibadəti, açıq bir şəkildə oyuncaq yerinə qoymaq bəhs mövzusudur. Ancaq bu şəxs, vaxtın çıxdığını bilməyərək, belə bir niyyət edərsə, qıldığı namaz, səhih olar. Bir şəxs, (yanılaraq) məğrib namazını, 4 rükət; və ya işa namazını, 5 rükət olaraq qılmağa niyyət edərsə, Şafii və Hənbəli məzhəblərinə görə, qıldığı namaz, batil olar. Hənəfi'lər və Maliki'lərə gəlincə, onların bu xüsusdakı görüşləri, belədir:
• Hənəfilər dedilər:
Bir adam, zöhr namazının fərzini, 5 rükət; və ya 3 rükət olaraq qılmağa niyyət edər, 4-cü rükətin sonunda oturub normal şəkildə namazını tamamlayarsa, qıldığı namaz, səhih olar. 5 və ya 3 sözləri isə, qeyr-i məqbuldur.
• Maliki'lər dedilər:
Bu şəkildə niyyət edən şəxs, bunu, məqsədli şəkildə söyləməmişdirsə, namazı pozulmaz. Məsələn, xəta edərək zöhr namazını 5 rükət olaraq qılmağa niyyət edən şəxsin, doğru olaraq qılması halında, namazı, səhih olar.
-------------------------
-------------------------
Nafilə namaza niyyətin hökmü və keyfiyyəti:
Nafilə namaz qılınacağı vaxt, ediləcək niyyətin hökmü və ediliş şəklinə dair məzhəblərin təfsilatlı görüşləri, belədir:
• Hənəfilər dedilər:
Nafilə namaz, istər sünnət olsun, istər olmasın (yəni, müstəhəb olsun), niyyət edilərkən bildirilməsi, şərt deyildir. Sadəcə, mütləq olaraq namaza niyyət edilməsi, kifayət edir. Ancaq, sünnət namaz qılınacağı vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə tabe olmaq cəhətindən, ehtiyat gərəyi olaraq, sünnət olduğu bildirilərək namaza niyyət edilməsi lazımdır. Yenə, bunun kimi, təravih namazı qılınacağı vaxt, təravih namazına niyyət etmək; vaxtın sünnəti qılınacağı vaxt, vaxtın sünnətinə niyyət etmək; və ya gecə qılınan namazlar üçün, sünnət olduğu bildirilərək niyyət etmək, ehtiyat cəhətindən, daha uyğundur. Bir adam, bir camaatın namaz qılmaqda olduğunu görər; onların, təravihmi, yoxsa fərz bir namazmı qıldıqlarını bilməz; və özü də onlarla bərabər namaz qılmaq istəyərsə, fərz namazına niyyət etməlidir. Namazdan sonra, onların bir fərz namaz qıldığı bilinərsə, niyyəti, zatən fərz olduğundan dolayı, səhih olar; ancaq, təravih namazını qılmış olduqları bilinərsə, yenə bu niyyətlə, namazı, nafilə olaraq səhih olar.
• Şafii'lər dedilər:
Nafilə namaz, vaxta bağlı fərz namazlarla bərabər qılınan sünnətlər və duha namazı kimi nafilələr ola biləcəyi kimi; müəyyən bir vaxtı olmayıb müəyyən bir səbəbdən dolayı qılınan namazlar da ola bilərlər. Yağış duasına çıxılarkən qılınan namaz kimi...Və yaxud da, mütləq olaraq nafilə şəklində qılınan namazlar kimi...
Əgər qılınacaq nafilə namaz, müəyyən bir vaxta bağlıdırsa; və ya bir səbəbdən dolayı qılınırsa, bunun, niyyət əsnasında bildirilməsi və sünnət olması, qəsd edilməlidir. Məsələn, zöhr namazının ilk sünnətini qılacaq olan bir şəxs, "Zöhr namazının ilk sünnətini qılmağa niyyət etdim." deməli; və ya zöhr namazının son sünnətini qılacaq bir şəxs də, "Zöhr namazının son sünnətini qılmağa niyyət etdim." deməlidir. Yenə, bu niyyət edilərkən, iftitəh təkbirinin bir qisminə bitişik olaraq edilməsi də, şərtdir. Nafilə namaz üçün edilən niyyətdə, namazın, nafilə olmasına niyyət edilməsi lüzumlu deyildir. Müəyyən bir səbəbdən dolayı qılınan nafilə namazlar da, bu xüsusda, nafilə namazlar hökmündədirlər. Təhiyyətu'l-məscid namazı da, bir səbəbdən dolayı qılınan nafilə namazlardandır. Bunun səbəbi də, insanın, məscidə girməsidir. Ancaq, məscidə girər-girməz, başqa bir namaza başlanacaq olarsa, təhiyyətu'l-məscid namazı da, qılınmış sayılır.
• Maliki'lər dedilər:
Fərz olmayan namazlar, 3 qismə ayrılırlar:
a. Vitr namazı, bayram namazları, istisqa (yağış) namazı, küsuf namazı kimi, müəkkəd sünnətlər.
Bunlara niyyət edilərkən, bildirilmələri lazımdır. Məsələn, vitr namazını qılacaq şəxs, "Niyyət etdim, vitr namazını qılmağa." və ya bayram namazını qılacaq şəxs, "Niyyət etdim, bayram namazını qılmağa." deməlidir.
b. Sübh namazında qılınan 2 rükətlik rağibə namaz kimi.
Bu namaza niyyət edilərkən də, "Niyyət etdim, sübhün rağibə namazını qılmağa." deməlidir.
c. Vaxt namazlarına bağlı ratibə namazlarla, duha, təravih və təhəccüd namazı kimi məndub namazlar.
Bunları qılmağa niyyət edərkən, mütləq olaraq namaz qılmağa niyyət etmək, kifayət edir. (Bununla bərabər), niyyətdə bildirilmələri, şərt deyildir. Çünki, vaxt içərisində qılınmaları, onları, zatən müəyyənləşdirmiş olmaqdadır.
• Hənbəlilər dedilər:
Vaxta bağlı olan sünnətlər qılınarkən, niyyət əsnasında bildirilmələri, şərt deyildir. Məsələn, "Əsr namazının sünnətini" və ya "Zöhr namazının sünnətini qılmağa niyyət etdim." demək, şərt deyildir. Ancaq, təravih qılarkən, "Təravih namazını qılmağa niyyət etdim." deyərək təyin etmək, şərtdir. Hər hansı bir vaxta bağlı olmayan mütləq nafilə namazlara gəlincə, bunların, niyyətləri əsnasında bildirilmələri, şərt deyildir. Sadəcə, mütləq olaraq namaza niyyət etmək, kifayət edir.
--------------------------------
--------------------------------
Namaz niyyətinin vaxtı:
Maliki, Hənəfi və Hənbəli imamları, namaz niyyətinin, iftitəh təkbirindən az əvvəl edilməsi halında da səhih olacağını, ittifaqla qəbul etmişlərdir. Ancaq Şafii'lər, bunlara müxalifət edərək, belə demişlərdir:
Namaz üçün edilən niyyətin, iftitəh təkbirinə bitişik olması lazımdır. Belə ki:
Bir nəfər, niyyət etdikdən sonra, iftitəh təkbirini gətirər, təkbiri bitirincəyə qədər niyyətini davam etdirməzsə, niyyəti, batil olar.
Bu mövzu ilə bağlı olaraq, hər məzhəbin görüşü, aşağıda ələ alınmışdır. (Belə ki):
• Hənəfi'lər dedilər:
Aralarına, yemək, içmək və namazı pozan danışmaq kimi namazla əlaqəsi olmayan bir fasilənin girməməsi şərtilə, niyyətin, iftitəh təkbirindən əvvəl edilməsi səhih olur. Ancaq, aralarına, namaza doğru getmək və ya dəstəmaz almaq kimi namazla əlaqəli bir fasilə girərsə, bunun, bir zərəri olmaz. Məsələn, bir nəfər, zöhr namazını qılmağa niyyət etdikdən sonra, dəstəmaz almağa başlayar, dəstəmazını tamamlayar-tamamlamaz, məscidə girib niyyətsiz olaraq namaz qılarsa, bu namazı, səhih olar. Daha əvvəl keçən bəhslərdə də zikr edildiyi kimi, niyyətdən məqsəd, sırf Allah üçün namaz qılmağı istəməkdir və bu xüsusda, dünyəvi işlərdən bir şeyi, namazın qayəsinə qatmamaqdır. Bir adam, bu şəkildə niyyət edib araya bir fasilə qoymadan namaza başlayacaq olarsa, ən gözəl şəklilə ibadətini əda etmiş olar. Bu səhih niyyət ilə namaza başlayan şəxs, başqa birinin özünü görməsi halında təriflənmək qəsdilə namazını uzadarsa, bu uzatmadan dolayı, ayrıca savab qazanmaz. Namazı da, batil olmaz. Namazın əsl savabını da qazanar. Çünki, namaza xalis niyyətlə başlamış və sırf Allah üçün qılmışdır. Bu, bəzi Hənəfi'lərin görüşüdür. Məna olaraq, Hənəfilər deyirlər ki: "Namaza, riya girməz." Bu sözlərilə, xalis niyyətin, namazın sihhəti üçün kifayət etdiyini ifadə etməkdədirlər. Xalis niyyətlə başladıqdan sonra, meydana gələn arizi riyanın, namaza bir zərəri olmaz. Ancaq bu, pis və faydasız bir şeydir. Ki, bunda da, ittifaq vardır.
Vaxtın girməsindən əvvəl, namaza niyyət edilməsi, səhih olarmı? Məsələn, bir adam, vaxtın girməsindən az əvvəl niyyət edib dəstəmaz alar; dünya kəlamı danışmadan məscidə gedər; məsciddə oturub vaxtın girməsilə namaza başlayarsa, bu niyyəti, səhih olarmı?
əbu Hənifə'yə görə, vaxtın girməsindən əvvəl edilən niyyət, səhih ola bilər. Çünki, niyyət, şərtdir. Şərt də, məşrutdan (namazdan) əvvəl edilə bilər. Niyyətin namazdan əvvəl edilməsi də, təbiidir.
Hənəfi (məzhəbinə mənsub) alimlər, niyyətin fasiləsiz olaraq iftitəh təkbirinə bitişdirilməsinin daha fəzilətli olduğu xüsusunda, ittifaq etmişlərdir. Hənəfi məzhəbindəki kimsələrin, buna tabe olub, niyyət ilə iftitəh təkbiri arasına bir fasilə qoymamaları lazımdır. İxtilafı ortadan qaldırmaq üçün, ən yaxşısı da, budur.
-----------------------------
• Şafii'lər dedilər:
Niyyətin, iftitəh təkbirinə bitişdirilməsi lazımdır. Belə ki: Bir nəfər, iftitəh təkbirindən az əvvəl və ya az sonra niyyət edərsə, qıldığı namaz, səhih olmaz. Biz bu xüsusu, "Niyyətin keyfiyyəti" bölməsində, Şafii'lərin görüşləri haqqında danışarkən bəyan etmişdik.
-----------------------------
• Maliki'lər dedilər:
Niyyətin, örfə görə, iftitəh təkbirindən az əvvəl edilməsi, niyyətin sihhətinə zərər verməz. Məsələn, bir adam, məscidə yaxın bir yerdə, namaza niyyət edər; məscidə girdikdən sonra, yenidən niyyət etməyi yadından çıxarıb təkbir gətirərsə, qıldığı namaz, səhih olar.
Bəzi Maliki'lər, belə demişlərdir:
Niyyətin, iftitəh təkbirindən əvvəl edilməsi, mütləq olaraq səhih olmaz. Bu halda, qılınan namaz da, batil olar.
Ancaq, bunların ən qüvvətli görüşləri, birinci görüşdür.
Yenə Maliki'lər, niyyətin, örfə görə, namazdan uzun bir vaxt əvvəl edilməsi halında batil olacağı xüsusunda, ittifaq etmişlərdir. Bu ixtilafı, niyyətin iftitəh təkbirinə birləşdirilməsinin, Maliki'lərə görə əhəmiyyətli olduğunu, yaddan çıxarmaq xaricində bir zərurət olmadan, bunu ehmal etməyin doğru olmadığını ifadə etmək qayəsi ilə bəyan etdik.
• Hənbəli'lər dedilər:
Niyyətin, iftitəh təkbirindən az əvvəl edilməsi, əgər vaxtı girmişdirsə, səhih olar. Necə ki, əbu Hənifə'dən də, belə bir görüş nəql edilmişdir. Bir adam, vaxtı girmədən əvvəl namaza niyyət edərsə, niyyəti, səhih olmaz. Çünki, niyyətin, vaxt içərisində edilməsi, şərtdir. Vaxt içində edilən niyyət, namazdan az əvvəl də olsa, səhih olar. Hənəfi'lər də, bu görüşdədirlər. Ancaq Hənbəli'lər deyirlər ki:
Niyyətlə iftitəh təkbiri arasında, namazla münasibəti olmayan bir söz danışılacaq olarsa, niyyət, pozulmuş olmaz. Məsələn, bir adam, namaza niyyət edər; namaza başlamadan dünya kəlamı danışıb ondan sonra iftitəh təkbiri gətirəcək olarsa, qıldığı namaz, səhih olar. Ancaq, niyyətin, vaxtın girməsindən sonra edilməsi, şərtdir. Çünki, bəziləri, niyyətin, rükn olduğunu iddia etməkdədirlər. Bu müxalifətə düşməmək üçün, vaxtın girməsindən sonra niyyət etmək lazımdır. Bunu da bildirmək lazımdır ki, bu məzhəbə görə, niyyətin, iftitəh təkbirinə birləşdirilməsi, daha fəzilətlidir. Hənəfi'lər də, bu görüşdədirlər.
-------------------------------
-------------------------------
İmamın və mə'mum (imama tabe olan)'ın niyyəti:
İmama tabe olanın namazının səhih ola bilməsi üçün, namazın başlanğıcında, imama tabe olmağa niyyət etməsi, şərtdir. Bir nəfər, tək başına iftitəh təkbiri gətirib namaza başlayar; daha sonra, bir imamın fərz qıldırdığını görərsə, namazda ikən ona tabe olmağa niyyət etməsi halında, Hənəfi və Maliki'lərə görə, namazı səhih olmaz. Şafii və Hənbəli'lərə gəlincə, onların bu xüsusdakı görüşləri, belədir:
• Şafii'lər dedilər:
Cümə namazı ilə yağışdan dolayı cəm-u təqdim edilən (birləşdirilən) və muadə edilən (yenidən qılınan) namazlar xaricində, bir adam, namaz qılmaqda ikən, bir imamı görüb, ona tabe olmağa niyyət edərsə, qıldığı namaz, səhih olar.
• Hənbəli'lər dedilər:
İmama tabe olan şəxsin namazının səhih ola bilməsi üçün, namazın başlanğıcında, imama tabe olmağa niyyət etməsi, şərtdir. Ancaq, məsbuq (sonradan imama tabe) olan şəxs, imamın salam verməsindən sonra, bir başqa məsbuqa tabe olmağa niyyət edə bilər. Ancaq bu, cümə namazı xaricindəki namazlarda mümkündür. Yenə, bunun kimi, bir muqim, musəfir (səfəri) bir imama tabe olaraq namazını qılar; musəfir imam, 2 rükətin sonunda salam verərsə, muqim, geri qalan namazı tamamlayarkən, özü kimi muqim birinə tabe olmağa, namaz əsnasında niyyət edə bilər.
-------------------------------
İmama gəlincə, onun, imam olmağa niyyət etməsi, bəzi hallar xaricində, şərt deyildir. Ki, bu hallar da, məzhəblərə görə fərqlidir. (Belə ki):
• Hənəfi'lər dedilər:
Yalnız bir halda imamlığa niyyət etmək lazımdır. Bu da, qadınlara namaz qıldıracağı vaxt, imamlığa niyyət etməsidir. Qadınların camaat olaraq özünə tabe olmalarının səhih ola bilməsi üçün, bu şəxsin, imamlığa niyyət etməsi, şərtdir. İmamlığa niyyət etmədiyi təqdirdə, muhazat (qadınlarla eyni hizada olmaq) səbəbilə, namaz pozular.
--------------------------
• Şafii'lər dedilər:
İmamın, 4 halda imamlığa niyyət etməsi, vacibdir:
1. Cümə namazı qıldıran şəxsin, imamlığa niyyət etməsi lazımdır.
2. Yağış səbəbilə, əsrin, zöhr ilə; işanın da, məğrib ilə birlikdə cəm-u təqdim edilərək qıldırılması halında, imamın, bu şəkildə qılınan namazların, sadəcə ikincisində imamlığa niyyət etməsi vacibdir. Birinci namazda imamlığa niyyət etməsi, vacib deyildir. Çünki, bu namaz, zatən vaxtında qılınmaqdadır.
3. Vaxt içərisində, camaatla yenidən qılınan bir namazı qıldıran şəxsin, imamlığa niyyət etməsi, şərtdir.
4. Camaatla qılınması nəzr edilən namazı qıldıran şəxsin, günahdan qurtulmaq üçün, imamlığa niyyət etməsi, vacibdir. Bu son haldakı namazı qıldıran şəxs, imamlığa niyyət etməsə belə, namaz, səhih olar. Ancaq, yenidən niyyət edilərək camaatla iadə edilincəyə qədər, günahkar qalmaqda davam edər.
-----------------------------
• Malikilər dedilər:
Səhih olması üçün, qılınması zəruri olan hər namazda, imamın, imamlığa niyyət etməsi, şərtdir. Bu namazlar, bunlardır:
1. Cümə namazı;
2. Yağışlı gecələrdə cəm-u təqdim ilə qılınan işa və məğrib namazları;
3. Qorxu namazı;
4. İstixlaf namazı (namaz içində dəstəmazı pozulan bir imamın, öz yerinə, camaatdan birini keçirib imam qılmasıdır).
~ Cümə namazını qıldırmaqda olan imam, imamlığa niyyət etməzsə, həm özünün, həm özünə tabe olan camaatın namazı, batil olar.
~ Cəm-u təqdim olaraq qılınan namazlarda, imam, imamlığa niyyət etməzsə, ikinci namaz, batil olar.
~ Qorxu namazını qıldırmaqda olan imam, imamlığa niyyət etməzsə, imama tabe olan birinci qrupun namazı, batil olar. Çünki, bu qrup, ayrılma yeri olmayan bir yerdə, imamdan ayrılmışdır. İmamın və ikinci qrupun namazı isə, səhih olar.
~ İstixlaf namazına gəlincə, əgər imamın yerinə keçib namaz qıldıran şəxs, imamlığa niyyət etmişdirsə, özünün və camaatın namazı, səhih olar. Ancaq, imamlığa niyyət etməmişdirsə, özünün namazı, səhih; camaatınkı isə, batil olar.
-----------------------------
• Hənbəli'lər dedilər:
İmamın, bütün qıldırdığı namazlarda, imamlığa niyyət etməsi, şərtdir. Bu niyyətini də, namazın başlanğıcında etməsi lazımdır. Ancaq az əvvəl zikr etmiş olduğumuz 2 hal, bundan istisna edilmişdir.
(Abdu'r-Rahmən əl-Cəziri, "Kitabu'l-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa", 1-ci cild, s. 190-199)
---------------------------------
---------------------------------
Əlavələr:
Niyyətin namaza şərt olmasının dəlilləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/niyy%C9%99tin-namaza-s%C9%99...
