Əşyada təsir vardırmı?
"İ'lem ey gafletli, sağır ve kör olarak, zulmetler içinde esbaba ibadet eden ahmaklar!"
Yəni:
Bilin, ey qəflətli, kar və kor olaraq, zülmətlər içində səbəblərə ibadət edən axmaqlar!
Cümlənin mütaliəsinə, belə bir sualla başlayaq:
- Məbud, Kimə deyilir?
Cavab:
Məbud: Yaradan, bəsləyən, təsərrüf edən, həyat verən, öldürənə deyilir. Gücü sonsuz olub hər şeyi bilənə və məxluqatına mərhəmət edib onların ehtiyacını qarşılayana deyilir. Hər şeyi görənə, hər səsi eşidənə, əzəli və əbədi olana deyilir.
Ən qısa ifadə ilə, "Uluhiyyət" sifətlərini Özündə daşıyana deyilir. Bu sifətləri daşımayan, məbud ola bilməz. Və Kim bu sifətləri daşıyırsa, Məbud, ancaq Odur.
O halda, insan, Uluhiyyət sifətlərini kimə verirsə, onun məbudu, odur. Allaha verirsə, məbudu, Allah; səbəblərə verirsə, məbudu, səbəblərdir. Kim ki, səbəbləri, əşyanın yaradıcısı bilir və səbəblərə həqiqi təsir verirsə, onun məbudu, səbəblərdir.
Ateistlər və təbiətpərəstlər, əşyanın icadını, səbəblərdən bilirlər. Məsələn, onlara görə, südü meydana gətirən, inək; meyvəni verən, ağac; balı hazırlayan, arı; ipəyi toxuyan isə, ipək böcəyidir və s...
Halbuki, südü meydana gətirmək, meyvəni bitirmək, balı hazırlamaq və ipəyi toxumaq üçün, sonsuz bir qüdrət, elm, hikmət, iradə və uluhiyyətin digər sifətlərinə sahib olmaq lazımdır. Bu sifətlərə sahib olmayan, bu nəticələri meydana gətirə, yarada bilməz. "Bu nəticələri, mütləq bu səbəblər yaradır." deyilərsə, bu halda, bu səbəblərin, ilah sayılması lazımdır. İlah isə, eyni zamanda, məbuddur.
Bax, Allahı inkar edənlər, səbəbləri ilah və məbud qəbul etmək məcburiyyətindədirlər. Bu, küfrün bir nəticəsidir.
Cümlədə keçən "səbəblərə ibadət edən" ifadəsindən, "Onlar, səbəblərə səcdə edər və səbəbləri, həqiqi məbud bilərlər." mənasını başa düşməyin. Kafir, bilərək səbəblərə səcdə edib, onu, məbud qəbul etməz. Ancaq, küfrünün iç üzünə baxabilsə, bunu görəcəkdir:
Səbəblərin əşyanı icad edə bilməsi üçün, uluhiyyət sifətlərinə sahib olması lazımdır. Bu sifətlərə sahib olan da, ilah və məbuddur. Dolayısı ilə, bir nəfər, "Əşyanı səbəblər icad etdi." deyər və buna etiqad edərsə, səbəblərə, uluhiyyət və məbudiyyət vermək məcburiyyətindədir. Bunun, başqa bir yolu yoxdur.
Yəni, yol, ikidir:
1. Ya, əşyanı Allaha təslim edəcək.
2. Ya da, səbəblərə təslim edib, səbəbləri, ilah və məbud qəbul edəcək.
Kafir, səbəbləri ilah və məbud qəbul etdiyini dililə söyləməsə, bunu heç düşünməsə də, inkarı, bu nəticəni verir.
Ustad Nursi, eyni zamanda, onları,
~ qafil;
~ kar;
~ kor; və
~ zülmətlər içində
olmaqla da vəsf etdi. Bu ifadələrin də, belə bir qarşılığı var:
1. Onlar, qafildirlər. Yəni:
Əşya üzərində təfəkkür etməz və necə yaradıldıqlarını düşünməzlər.
2. Onlar, kardırlar. Yəni:
Əşyanın hal dililə söylədiyi sözləri, eşitməzlər.
3. Onlar, kordurlar. Yəni:
Əşyanın üzərindəki yazıları oxuyub, Allaha olan dəlalətlərini, görməzlər.
4. Onlar, zülmət (qaranlıq)'lar içindədirlər. Yəni:
Onların inkarı, (mənəvi nur, işıq olan) elmdən və isbatdən gəlmir. Əksinə, qaranlıqlar içində ikən, küfrə düşmüş və bir daha da küfrdən qurtula bilməmişlərdir.
----------------------------------
"Cenab-ı Hakk’ın vücub-u vücud ve vahdetine, kâinatın mürekkebatı ve zerratının elli beş vecihle yaptıkları şehadetlerin bir vechini yazacağım."
Yəni:
Cənabu'l-Haqq'ın varlığının vacib olmasına və Onun birliyinə, kainatın mürəkkəb (varlıq)'ları və zərrələrinin, 55 cəhətlə etdikləri şəhadətlərin, 1 cəhətini yazacam.
"Vacibu'l-vücud": "Allahın varlığının vacib və zəruri olması"dır.
Vücud/varlıq mərtəbələrini:
1. Vacibu'l-vücud; və
2. Mümkinu'l-vücud
olaraq, ikiyə ayıra bilərik.
Vacibu'l-vücud, varlığı, lazım və vacib olandır. Mümkinu'l-vücud isə, varlığı və yoxluğu bir-birinə bərabər olandır. Məsələn:
Bir kitabı düşündüyümüzdə, bu kitabın özü, mümkinu'l-vücuddur. Varlığı və yoxluğu, bərabərdir. Var ola bilməsi üçün, bir iradə sahibinin tərcihinə ehtiyacı vardır. Bir katib, onun varlığını, onun yoxluğuna tərcih etdiyində, var olur; etmədiyində isə, olmur.
Bu kainatı da əsas aldığımızda, kainat və içindəki hər bir əşyanın vücud/varlıq mərtəbəsi, mümkinu'l-vücuddur. Ola da bilərdi, olmaya da. Olması tərcih edildi və oldu. Varlığı üçün, başqa bir səbəbə möhtacdır; öz-özünə var ola bilmir. Bu səbəblə, kainat, mümkinu'l-vücuddur.
Hər mümkinu'l-vücud, bir Vacibu'l-vücudu iqtiza edir/gərəkdirir. Bax Allah Taala, vacibu'l-vücuddur. Kainatın varlığını, yoxluğuna tərcih etmiş və içindəki əşya ilə bərabər, aləmi xəlq etmişdir.
Sonsuz qüdrət, hər şeyi əhatə edən elm, mütləq iradə kimi sifətlər, sadəcə, vacibu'l-vücud olan Allahda mövcuddur. Mümkinu'l-vücud olan əşyada yoxdur.
Mətndə keçən:
~ "mürəkkəbat, yəni mürəkkəblər", inşa surətilə yaradılan əşya;
~ "zərrat, yəni zərrələr" isə, atomlardır.
Həm zərrələr, həm də zərrələrin bir araya gəlməsilə meydana gələn mürəkkəblər, yəni məxluqat, Allahın vacibu'l-vücud və vəhdətinə, 55 dillə şəhadət edirlər. Müəllifimiz, bunu, "Qətrə" adlı risaləsində zikr etmişdir. İstəyən, əsərə müraciət edə bilər. Burda isə, müəllifimiz, bunlardan bəzisini yenə təkrar edəcəkdir.
---------------------------------
Belə ki, O, deyir:
"Eşyanın icadı ya nefislerine veya esbaba olan isnadı, hayret ve istiğrabı mûcibdir. Bu da red ve inkârı icab eder. Bu dahi dalaletleri intac eder. Bu ise ızdırabat-ı ruhiye ve teşevvüşat-ı akliyeye sebep olur. Bu da ruhları ve akılları firar ettirmekle Vâcibü’l-vücud’a iltica etmeye mecbur eder. Zira her müşkülat onun kudretiyle hallolur. Ve açılmaz düğümler onun iradesiyle açılır. Ve kalpler onun zikriyle mutmain olur."
Yəni:
Əşyanın icad edilməsini, əşyanın özünə, ya da səbəblərə isnad etmək, heyrət və qəribliyi gərəkdirir. Bu da ---> rədd və inkarı gərəkdirir. Bu da ---> dəlalətləri (fikri sapıqlıqları) nəticə verir. Bu da ---> ruhi izdirablar və əqli təşəvvüşlərə səbəb olur. Bu da ---> ruhları və ağılları firar etdirməklə, Vacibu'l-Vücud'a sığınmağa məcbur edir. Çünki, hər müşkil, Onun qüdrətilə həll olunur. Və açılmaz düyümlər, Onun iradəsilə açılır. Və qəlblər, Onun zikrilə mutməin olur.
Əşyanın icadını, öz nəfsinə isnad edib, "Əşya, öz-özünə oldu." demək və ya səbəblərə həvalə edib, "Əşyanı, səbəblər yaratdı." demək, heyrət və qəribliyi gərəkdirir. Yəni, bu işə, heyrət və təəccüb edilməlidir. Çünki, bir hərf, katibsiz; bir iynə, ustasız ola bilməz. Hal belə ikən,
~ Bu qüdrət möcüzəsi olan əşya, necə öz-özünə var ola bilər? Yenə,
~ Şüursuz və cansız səbəblər, əşyanı necə yarada və onlara, belə hikmətli əza və cihazları, necə "asa" (yəni, verə) bilərlər?
~ Əşyanın, öz nəfsinə və ya səbəblərə isnadını, ağıl, necə izah edə və ağıllı insan da, bunu necə qəbul edə bilər?
Ustad Nursi, bu məqamda, küfrlə başlayıb imanla tamamlan bir sıra bəyan edir. Bu pilləkənləri, belə maddələyə bilərik:
1. Məsələ, sadəcə "Allah yoxdur." deməklə bitmir. "Allah yoxdur." deyən kimsə, əşyanın varlığını izah etməli və necə olduğunu isbat etməlidir. Kafir, bu izah və isbat üçün, əşyanın icadını, ya əşyanın nəfsinə, ya da səbəblərə isnad edir. "Məxluqat, öz-özünə oldu." və ya "Səbəblər yaratdı." deyir.
2. Bu fikirdən, Allahın rəddi və Onun, vacibu'l-vücud olduğunu inkar ortaya çıxır.
3. Bu rədd və inkar da, -zəruri olaraq- dəlalətləri, yəni batil fikirləri nəticə verir. Məsələn:
~ Zərrələrə və səbəblərə, uluhiyyət sifətlərini verməyə məcbur olur.
~ Mümkinu'l-vücud olan məxluqatı, vacibu'l-vücud qəbul edir.
~ Əşyanı, əzəli bilir.
~ Səbəblərə, sonsuz bir qüdrəti və muhit (hər şeyi əhatə edən) bir elmi vermək məcburiyyətində qalır və s...
Çünki, ancaq bu batil fikirləri qəbul etməklə əşyanın icadını izah edə bilir.
4. Bu dəlalət və batil fikirlər, ruhi izdirablar və əqli təşəvvüşlərə səbəb olur. Çünki ağıl və vicdan, əşyanın, öz-özünə olduğunu və ya səbəblərin icad etdiyini, qəbul edə bilməkdə çətinlik çəkir. Əşyadakı intizamı, mizanı, hikmətləri, gözəllikləri və s. səbəblər və təsadüflə izah edə bilmir.
5. Bu izdirab və təşəvvüşdən sıxılan ruhlar və ağıllar, bir çıxış yolu axtarmağa başlayır. Və sonunda, Allaha sığınıb "Allah yaratdı." deməyə məcbur olur. Çünki, hər müşkil, Onun qüdrətilə həll olur və açılmayan düyümlər, Onun iradəsilə açılır. Qəlblər də, yalnız Onun zikrilə tətmin olur.
--------------------------------
"Bu hakikati şöyle bir muvazeneyle izah edeceğim."
Yəni:
Bu həqiqəti, belə bir müvazinə ilə izah edəcəm.
------------------------------
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), belə davam edir:
"Mevcudatın faili -yani eşyayı vücuda getiren- ya vacib ve vahiddir veyahut da mümkin ve kesirdir."
Yəni:
Mövcudatın faili, -yəni, əşyanı vücuda gətirən- ya vacib və vahiddir; və yaxud da mümkin və kəsirdir.
Yuxarıda, "vacib" və "mümkin" məfhumları üzərində durmuşduq. Burda isə, "vahid" və "kəsir" məfhumlarını izah edək. Belə ki:
~ "Vahid", "bir, tək olan" mənalarına gəlir ki, bununla, Allah Taala qəsd edilmişdir.
~ "Kəsir" isə, "çox" mənasında olub, bununla səbəblər qəsd edilmişdir.
Allah, birdir və vahiddir. Səbəblər isə, çoxdur və müxtəlifdir. Başda 4 ünsür olan hava, su, od və torpaq olmaq üzərə, bir çox səbəb vardır.
---------------------------------------
Ustad, belə davam edir:
"Fail, vacib ve vahid olduğu takdirde, ne külfet var ne de garabet var. Olsa bile vehmî olur. Esbaba isnad edildiği takdirde, külfet ve garabet vehmîlikten çıkar; kat’î ve hakiki bir şekilde tahakkuk eder."
Yəni:
Fail olanın vacib və vahid olması halında, nə külfət, nə də qəriblik vardır. Olsa belə, vəhmi olar. Səbəblərə isnad edildiyi təqdirdə isə, külfət və qəriblik, vəhmi olmaqdan çıxıb qəti və həqiqi bir şəkildə təhəqqüq edər (gerçəkləşər).
Əşyanın icadı, vacib və vahid olan Allaha isnad edilib, "Bu kainat və mövcudatı, Allah yaratdı." deyilərsə, bunda, nə bir külfət, nə də bir qəriblik vardır.
~ "Külfətin olmaması" demək, icadda bir çətinliyin olmamasıdır.
~ "Qəribliyin olmaması" isə, bu hökmü, ağlın qəribə qarşılamaması; vicdanın asanca qəbul etməsi; qəlblərə yerləşməsi və fikircə qəbulunun asan olmasıdır.
Bəlkə də, vəhmi bir külfət və qəriblik ola bilər. Yəni, insan, bu qəziyyəni ağlına sığışdırmayıb, "Böyük kainatı tək bir Zat, necə idarə edə bilər" deyə, düşünə bilər. Ancaq ona bu düşüncəni üfləyən şey, dəlildən meydana gəlməməkdə; əksinə, vəhm və nəfsindən qaynaqlanmaqdadır.
Belə bir vəsvəsəyə məruz qalan bir şəxs, bunu mütləq düşünməlidir:
"Bəs yaxşı, əşyanı Allaha isnad etməyib, səbəblərə isnad etsəm, bu külfət və qəriblik yox olacaqmı?"
Cavab: Xeyr. Əlbəttə ki, yox olmayacaq.
Əksinə, bu halda, külfət və qəriblik, vəhmi olmaqdan çıxıb qəti və həqiqi bir şəkildə təhəqqüq edə (gerçəkləşəcək)'dir. Bunun səbəbini, Ustad belə izah edir:
------------------------------------
"Çünkü kusur ve zafiyetten hâlî olmayan esbab-ı kesîreden hiçbir sebep, bir müsebbebi omzuna kaldıramaz."
Yəni:
Çünki qüsur və zəiflikdən xali (uzaq, boş) olmayan çoxlu səbəblərdən heç bir səbəb, bir müsəbbəbi (nəticəni), çiyninə qaldıra bilməz.
--------------------------------------
"Ve bir şeyin icadında gayrimütenahi esbabın iştiraki lazımdır. Mesela bal arısı her şeyle alakadar olduğundan eğer icadı esbaba isnad edilirse semavat ve arzın iştirakleri lazımdır."
Yəni:
Bir şeyin icadında, sonsuz səbəblərin iştirakı da lazımdır. Məsələn, bal arısı, hər şeylə əlaqəli olduğundan, əgər icadı səbəblərə isnad edilərsə, səmalar və yerin iştirakı lazımdır.
Müəllif, əşyanın icadının səbəblərə isnad edilməsindəki birinci külfət və qəribliyə, səbəblərin qüsurlu və zəif olmasını zikr etdi. Burda isə, ikinci olaraq, bütün səbəblərin iştirakını. Yəni, əşya, səbəblərə həvalə edilər və "Səbəblər yaratdı." deyilərsə, bu halda, bütün səbəblərin iştirakı lazımdır. Yəni, bir əşyanın vücuda gəlməsi üçün nə qədər səbəbə ehtiyac varsa, bütün bu səbəblərin yan-yana gəlməsi, ortaq hərəkət etməsi və bir-birinə kömək etməsi lazım gəlir.
-----------------------------------
Müəllifimiz Ustad Nursi, belə davam edir:
"Maahâzâ, kesretin vâhidden sudûru, vâhidin kesretten sudûru kadar zahmet değildir, daha kolaydır. Mesela bir kumandanın efrad-ı kesîreye verdiği intizam ve yaptırdığı işleri; o efrad-ı kesîre, kendi başlarına büyük bir müşkülattan sonra yapabilirler."
Yəni:
Bununla bərabər, kəsrətin vahiddən sudur etməsi (meydana gəlməsi), vahidin kəsrətdən suduru qədər zəhmətli deyildir, daha asandır. Məsələn, bir komandirin çoxlu əsgərlərə verdiyi intizam və gördürdüyü işləri, o çoxlu əskərlər, öz başlarına, böyük çətinliklərdən sonra edə bilərlər.
Məlumdur ki, bir komandirin, 100 əskəri idarə etməsi, 100 komandirin 1 əskəri idarə etməsindən, daha asandır. Bir də, fərz etsək ki, ortada komandir yoxdur və əskərlər, bir-birilərini idarə etməyə və intizam verməyə çalışırlar, iş, içindən çıxılmaz bir hal alar. Ustad, bu həqiqəti, bir digər risaləsində, belə bəyan edir:
"Evet, kesret vahdete isnad edilmediği takdirde, vahdeti kesrete isnad etmek mecburiyeti hasıl olur. Demek, dağınık bir nevin icadındaki suhulet-i harika, vahdet ve tevhid sırrına bağlıdır."
Yəni:
Bəli, kəsrət, vəhdətə isnad edilmədiyi təqdirdə, vəhdəti kəsrətə isnad etmək məcburiyyəti hasil olur. Demək ki, dağınıq bir halda olan bir növün icadındakı xariqə asanlıq, vəhdət və tövhid sirrinə bağlıdır.
Yəni, yol, ikidir:
1. Ya kəsrət (aləm və içindəki əşya), vəhdətə (bir olan Allaha) isnad ediləcək;
2. Ya da, vəhdət (əşya), kəsrətə (səbəblərə) isnad ediləcək.
Vəhdətin kəsrətə isnadında (yəni, bir əşyanın çox səbəblərə isnad edilməsində), 1000 müşkil və muhal/imkansızlıq vardır. Kəsrətin vəhdətə isnadı (aləm və içindəki əşyanın Allaha isnadı) isə, məqul/əqli və asandır. İcadda görünən bu mütləq asanlıq, vəhdətdən (bir olan Allahın yaratmasından) gəlməkdədir.
-----------------------------------
"Maahâzâ, icadın esbaba isnadında lâyüad külfet, garabet olmakla beraber pek çok muhalata zemin teşkil ediyor:
1. Her bir zerrede Vâcibü’l-vücud’un sıfatlarının farzı lazımdır.
2. Uluhiyette gayrimütenahi şeriklerin iştiraki lazım gelir.
3. Her bir zerrenin hem hâkim hem mahkûm olması lazım gelir. Kubbeli binalarda birbirine dayanmakla düşmekten kurtulan taşlar gibi.
4. Şuur, irade ve kudret gibi sıfatların her zerrede bulunması lazım gelir. Çünkü hüsn-ü sanat bu sıfatları iktiza eder.
Yəni:
Bununla bərabər, icadın səbəblərə isnadında, saysız-hesabsız külfət, qəribəlik olmaqla bərabər, bir çox muhala/imkansızlığa zəmin də təşkil edir. (Belə ki, onlardan):
1. Hər bir zərrədə, Vacibu'l-Vücud'un sifətlərinin fərzi lazımdır.
2. Uluhiyyətdə, saysız-hesabsız şəriklərin iştirakı lazımdır.
3. Hər bir zərrənin, həm hakim, həm məhkum olması lazım gəlir. Qübbəli binalarda, bir-birinə söykənməklə yıxılmaqdan qurtulan daşlar kimi.
4. Şüur, iradə və qüdrət kimi sifətlərin, hər zərrə mövcud olması lazım gəlir. Çünki, sənətin gözəlliyi, bu sifətləri gərəkdirir.
Ustad Nursi (rahiməhullah), icadın səbəblərə isnadında, aşağıdakı imkansızlıqları zikr etməkdədir. Belə ki, onlardan:
1. Hər bir zərrədə, Vacibu'l-Vücudun sifətlərinin fərzi lazımdır.
Bu muhala, bu misalla baxa bilərik:
Günəş, dənizlərdəki hər bir damlanı və hər bir şəffaf əşyanı, işığı ilə işıqlandırmaqdadır. Bu cəhətlə, hər bir şəffaf əşyada, günəşin bir əksi mövcuddur.
İndi, əgər bir nəfər: "Günəş yoxdur." deyib günəşi inkar etsə, ona belə deyərik:
Bəs yaxşı, bu şəffaf əşyada görünən əkslər, hardan gəlir? Ortada bir əks və işıq var. Bunun, bir sahibi olmalıdır. Ya bir yerdən gəlməli və ya şəffaf əşyanın şəxsən özünə aid olmalıdır.
Əgər günəş inkar edilərsə, hər bir şəffaf şeyin içində, həqiqi bir günəşin varlığı qəbul edilmək məcburiyyətində qalınır. Çünki, ortada, gözün gördüyü işıq vardır. Bu işıq, ya günəşindir, ya da şəffaf əşyanın özünündür. Əgər özünündürsə, o vaxt, içində bir günəş vardır, hətta, özü, bir günəşdir. Çünki, belə 7 rəngə və istiliyə sahib ola bilmək üçün, günəş kimi bir cisim olmaq lazım gəlir.
Bir daha vurğulayırıq ki, yol, 2-dir:
a. Ya göydəki günəş qəbul edilib bütün şəffaf əşyadakı əkslərin ona aid olduğu və ondan gəldiyi qəbul ediləcək.
b. Ya da, "Hər bir şəffaf əşyanın içində, həqiqi bir günəş vardır." deyiləcəkdir.
Ancaq, bu 2 variantdan 1-i ilə, əkslərin varlığı izah edilə bilər.
Allah Taala'nın da, şüalar mənziləsində -yəni, günəşin şüa və işığına bənzər- isimlərilə bir təcəllisi və əşyanı "işıqlandırması" vardır. Məsələn:
~ Bir varlıq, yoxdan yaradılır. Bununla, Allahın "əl-Xaliq", "əl-Mucid", "əl-Mubdi" kimi isimlərinə ayna olur.
~ Vücud sahibi olduğunda, ona, bir surət verilir. Bu varlıq, bununla, "əl-Musavvir" isminə ayna olur.
~ Ruzisi, ona, mükəmməl olaraq verilir. Bununla, "Rəzzaq", "Rahmən" kimi isimlərə ayna olur.
~ Həyatının davamı ilə, "əs-Salam" isminə; qorxduğu şeylərdən əmin qılınması ilə "əl-Mu'min" isminə; özünə asılan əza və cihazlarla, "əl-Vəhhab" isminə ayna olur.
~ Faydanın özünə çatması ilə, "ən-Nafi" isminə; özünə kömək edilməsilə "əl-Muavvin" isminə; işlərinin asanlaşdırılması ilə, "əl-Muyəssir" və "əl-Muhavvin" isimlərinə ayna olur.
Daha bunlar kimi, onlarla ismə ayna və mazhar (bir şeyin zahir olduğu yer) olur.
Necə ki, günəş inkar edildiyində, hər bir şəffaf əşyanın içində, həqiqi bir günəşin varlığı qəbul edilmək məcburiyyətində qalınırdı. Eynilə, bunun kimi, əgər Allah inkar edilərsə, əşyanı meydana gətirən hər bir zərrənin, Allahın qüdrəti kimi sonsuz bir qüdrətə; elmi kimi hər şeyi əhatə edən bir elmə; iradəsi kimi sonsuz bir iradəyə sahib olduğu və digər uluhiyyət sifətlərinə sahib olduğu qəbul edilmək məcburiyyətində qalınır.
Bu həqiqəti daha yaxşı qavraya bilmək üçün, bu qaydanı bilməliyik:
İsimlər, müsəmmasız; sifətlər isə, məvsufsuz ola bilməz. Yəni, bir isim (ünvan) varsa, o ismi daşıyan bir fərd olmaq məcburiyyətindədir. Bir sifət varsa, o sifətin sahibi olmalıdır. İsimlər və sifətlər, sahibsiz ola bilməz.
Hər bir varlıq üzərində, xüsusilə həyat sahiblərində, Allahın isim və sifətləri görünməkdədir. Allah inkar edilsə də, bu isim və sifətlər, inkar edilə bilməz. Çünki, bunları, gözümüzlə görməkdəyik. Allahın inlar edilməsi halında isə, bu isim və sifətlərin, varlıqlara verilməsi lazım gəlir. Çünki, isimlər, müsəmmasız; sifətlər isə, məvsufsuz ola bilməz.
İndi, biz, "cənab" mülhid'dən soruşuruq ki, "Ortada, bir isim və sifət var. Bunun sahibi, Allah deyilsə, kimdir?"
Bu isim və sifətlərin sahibi, ya varlığın özüdür, ya təbiətdir, ya da səbəblərdir. Mütləq, bir sahibi olmalıdır. Məsələni konkretləşdirdiyimizdə, bu, daha yaxşı başa düşüləcəkdir. Belə ki:
Bir kağıza, a hərfi yazıldığını fərz edək. Bu a hərfi, bir çox isim və sifəti, özündə göstərməkdə, katibinin, bu isim və sifətlərə sahib olduğunu isbat etməkdədir.
Məsələn, bu a hərfi, əvvəl yox idi, sonra var oldu. Yəni, varlığı, yoxluğuna tərcih edildi. Varlığının yoxluğuna tərcihi, ancaq iradə sahibi bir katibin tərcihi ilə ola bilər. İradəsi olmayan, a hərfinin varlığını, yoxluğuna tərcih edə bilməz. Bax bu hal, katibinin, iradə sahibi olduğunu göstərməkdədir.
~ İradə sahibi ola bilmək üçün də, ilk əvvəl, həyat sahibi olmaq lazımdır. Həyatı olmayanın, iradəsi olmaz. Bax a hərfi, varlığı ilə, katibinin həyat sahibi olduğunu göstərməkdədir.
~ Yenə, bu a hərfi, mənalı bir hərfdir. Təsadüfi bir cizgi deyildir. Demək, onu yazan, hərfləri tanıyır, bilir. Bu da isbat edir ki, a hərfinin katibinin, bir elmi vardır.
~ Sadəcə elm sahibi olmaq da kifayət etmir. Qüdrət sahibi də olmalıdır. Əgər katibinin həyatı olsa, iradəsi olsa, elmi olub a hərfini yazmağı da bilsə, ancaq katibi əlini tərpədə bilməsə, yəni qüdrəti olmasa, a hərfini yaza bilməz. Bax bu a hərfi, varlığı ilə, katibinin qüdrət sahibi olduğunu göstərməkdədir.
~ Yenə a hərfi, o qədər düzgün yazılmışdır ki, bunu yazanın, görməsi lazımdır. Əgər kor olsaydı, bu qədər düzgün yaza bilməz; a hərfinin bir yeri uzun, digər yeri qısa olardı. Ancaq belə olmamış, tam bir intizam vardır. Demək, a hərfinin katibi, görmə sahibidir.
~ A hərfi, mənalı bir hərfdir, təsadüfi cızılmış bir şey deyildir. Demək, a hərfinin katibi, hikmət sahibidir; bu hərfi, bir qayə, bir məqsədə ətfən yazmışdır. Bir qayəni izləmək, ancaq hikmət sahibi olmaqla mümkündür.
Bax bunlar kimi daha bir çox sifətlə, a hərfi, öz katibini göstərir, onu tərif edir və hal dililə belə deyir:
"Bu sifətlərə sahib ola bilməyən, mənə katib ola bilməz!"
İndi bir nəfər çıxıb: "Bu a hərfinin katibi yoxdur. A hərfi, öz-özünə oldu." desə, bu halda, a hərfində görünən isim və sifətləri, hərfin özünə vermək məcburiyyətində qalacaq. Çünki, ortada isim və sifətlər vardır və bu isim və sifətlərə sahib ola bilmədən, a hərfinə sahib oluna bilməz. Bu isim və sifətlər, şübhəsiz, birinə verilməlidir. Əgər a hərfinin, özü özünü yazdığı qəbul edilərsə, bu hərfin, iradə sahibi, həyat sahibi, elm, qüdrət və hikmət sahibi olduğu və digər isim və sifətləri daşıdığı qəbul edilmək məcburiyyətində qalınacaq. Yəni, katibində olan bütün sifətlər, a hərfinin özünə veriləcək.
Əgər "A hərfini, qələmin özü yazmışdır." deyilərsə, bu halda da, məzkur (yuxarıda zikr edilən) sifətlər, qələmə verilmək məcburiyyətindədir.
Görürsənmi, katibi qəbul etməyən, nələri qəbul etmək məcburiyyətində qalır?
Eynilə bunun kimi, bu aləmdəki hər bir varlıq, a hərfi kimi, bir hərf hökmündədir və qüdrət qələmilə yazılmış, İlahi bir kəlimədir. Varlıqlar üzərində, Allahın isim və sifətləri yazılmışdır. Əgər Allah inkar edilərsə, bu isim və sifətlər, varlıqlara, təbiətə və ya səbəblərə verilmək məcburiyyətindədir. Bu halda da, sonsuz ilahları qəbul etmək məcburiyyəti ortaya çıxır. Çünki, bu sifətləri daşıyana, ilah deyilir. Kim daşıyırsa, ilah, odur.
Biz, "Allah daşıyır. Bizim İlahımız, Odur." deyirik. Biri, "Allah yoxdur." deyərsə, bu isim və sifətləri, varlıqlara verməli və varlıqları, ilah qəbul etməlidir. Bu, hər varlıq üçün belədir.
Gördünüz ki, tək bir Allahı qəbul edə bilmədi, Allahı inkar etdi. Ancaq, zərrələr ədədincə batil ilahları qəbul etmək məcburiyyətində qaldı. Bax, küfrün içindəki qəriblik, budur!
2. Uluhiyyətdə, saysız-hesabsız şəriklərin iştirakı lazımdır.
Əgər səbəblər, əşyanın icadında təsir sahibi və həqiqi fail qəbul edilərsə, bu halda, səbəblərin Allaha şərik olması lazım gəlir. Bu da, saysız-hesabsız şəriklərin qəbulunu iqtiza edir (gərəkdirir). Çünki, səbəblər, saysız-hesabsızdır. Bu qəbul da, öz içində, bir çox muhalı ehtiva edir. Bu muhallardan, bir neçəsini, Quranın dililə bəyan edək. Belə ki:
~ Allah (azimu'ş-şan), Ənbiya surəsi 22-ci ayədə, belə buyurur:
لَوْ كَانَ فِيهِمَا اٰلِهَةٌ اِلَّا اللّٰهُ لَفَسَدَتَا
"Əgər göydə və yerdə, Allahdan başqa ilahlar olsaydı, onların hər ikisi, fəsada uğrayardı."
Çünki, bir işə, birdən çox əl qarışsa, qarışıqlıq olar. Nizam, ancaq, tək bir əldən çıxa bilər. Bir kənddə, iki muxtar; bir şəhərdə, iki vali; və bir diyarda, iki sultan ola bilməz. Əgər olsa, işlər qarışar.
Məsələn, bu ilahlardan biri, günəşi, sağdan sola; bir digəri isə, soldan sağa döndərmək istəsə, bununla, nizam-intizam pozulardı. Nizamın varlığı, əşyanın, tək bir əldən idarəsinə bağlıdır.
Yenə, bu halda, günəş, hər birinin sözünə eyni anda itaət edə bilməyəcəyinə görə, sözünə itaət edilən, ilah olarkən; digərləri, ilahlıq vəsfini itirmiş olar. Çünki, məxluqata sözünü keçirə bilməyən, ilah ola bilməz.
~ Başqa bir muhal da, Mu'minun surəsi 91-ci ayədə, belə bəyan edilməkdədir:
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
"Allah, Özünə, heç bir övlad götürməmişdir. Onunla yanaşı, ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə, hər bir məbud, öz yaratdıqlarını, özü idarə etmək istəyər və onların bir qismi, digərinə üstün gəlməyə can atardı. Allah, onların Ona aid etdikləri sifətlərdən uzaqdır."
Bu da, başqa bir muhaldır. Belə ki:
Əgər səbəblər, təsir sahibi və həqiqi fail qəbul edilərsə, hər bir səbəbin, ilah olduğu qəbul edilmək məcburiyyətində qalınacaq. Belə qəbul edildiyində də, hər bir səbəb, yaratdığını götürəcək və bir-birinə üstün gəlməyə çalışacaqlar. Çünki, hakimiyyət, bir izzət məqamıdır, rəqib qəbul etməz.
Bu halda da, üstün gələn və digər ilahlara qalib olan, tək ilah olarkən; digərləri, ilahlığını itirər. Çünki, qüdrəti sonlu olub məğlub olan, ilah ola bilməz.
Sözün özü: Səbəblər, təsir sahibi və həqiqi fail qəbul edilərsə, uluhiyyət cəhətində, hər biri, Allahın şəriki olar və bu şəriklər, bütün icad və təsərrüflərdə, Allahın şəriki olarlar. Bu isə, yuxarıda bəyan etdiyimiz -və bəyan etmədiyimiz- bir çox səbəbdən dolayı, muhaldır.
3. Hər bir zərrənin, həm hakim, həm məhkum olması lazım gəlir. Qübbəli binalarda, bir-birinə söykənməklə yıxılmaqdan qurtulan daşlar kimi.
Allahın varlığına iman edilməz və Allah inkar edilərsə, hər bir zərrənin, həm hakim, həm məhkum olması lazım gəlir. Hakimlik və məhkumluğun bir fərddə mövcud olması isə, mümkün deyildir. Belə ki:
Necə ki, bir binanı meydana gətirən daşlar, bir ustaya isnad edilməz və özlüyündən meydana gəldiyinə etiqad edilərsə, hər bir daşın, həm hakim, həm də məhkum olması lazım gəlir.
~ Hakimdirlər, çünki bir araya gələrək bir binanı tikməyə qərar veriblər və binanı tikiblər. Eyni zamanda,
~ Məhkumdurlar, çünki bu qərarlarından daşınıb binanı tərk edə bilmirlər.
Eynilə bunun kimi, əgər bir varlığı, Haqq Taala deyil, atomlar yaratmışlarsa, vücuddakı atomlar, bu qüsursuz orqanları meydana gətirmək üçün, bir araya gəlmiş və bu orqanları düzəltməyə qərar verərək, hakim vəsfini qazanmışlardır. Məsələn, onlar, bir araya gəlib qəlbi düzəltdilər. Bu qərar, bir hökmdür. Bu qərarı verən isə, hakim olur. Daha sonra da, qoyduqları bu qanuna itaət edərək, özlərini məhkum etmişlərdir. Çünki, heç bir zərrə, meydana gətirdiyi orqanı, tərk edə bilməməkdədir. Bu da, bir məhkumiyyətdir.
Başqa bir baxışla: Bir atom, digər atomları, əmrinə itaət etdirib hakim olmuş; başqa atomların əmri altına girərək də, məhkum olmuşdur. Halbuki, hakimiyyət və məhkumiyyətin bir şəxsdə toplanması, muhaldır. Dünyada, həm hakim, həm də məhkum olan kimsə görülməmişdir. Hakim, başqadır; məhkum isə, başqadır.
Nəticə: Allahı inkar edə bilmək üçün, vücuddakı hədsiz zərrə və hüceyrələrdə, bu 2 sifətin mövcud olduğunu; həm hakim, həm də məhkum olduqlarını qəbul etmək lazımdır.
Bax, küfrün içində, belə bir muhal da mövcuddur.
4. Şüur, iradə və qüdrət kimi sifətlərin, hər zərrə mövcud olması lazım gəlir. Çünki, sənətin gözəlliyi, bu sifətləri gərəkdirir.
Çox gözəl bir rəsm görsək, sonra bizə desələr ki:
"Bu rəsmin rəssamı, şikəstdir. Barmağını, tərpədə belə bilmir."
Biz, bu sözə inanmaz, "Barmağını tərpədə bilməyən, bu rəsmi necə çəkə bilər?" deyərik. Çünki, rəsmi çəkə bilmək üçün, qüdrətə ehtiyac vardır. Qüvvəti olmayan, rəssam ola bilməz.
Sonra bizə deyilsə ki:
"Həm, bu rəssamın, ağlı da yoxdur."
Biz, bunu da qəbul etməyib, "Ağlı olmayan, belə gözəl bir rəsmi, necə çəkə bilər?" deyərik. Çünki, hilmətlə iş görmək, ancaq, elm və şüur sahibi olmaqla mümkündür.
Sonra bizə deyilsə ki:
"Bu rəssamın, iradəsi də yoxdur."
Bu sözə də inanmaz, "İradəsi olmayan, bu rəsmi necə çəkə bilər? Rəsmin varlığını, yoxluğuna necə tərcih edə bilər?" deyərik. Çünki, bir işi görmək, ancaq, iradə sahibi olmaqla mümkündür. İradəsi olmayan, heç bir iş görə bilməz.
İndi, rəsm üzərində verdiyimiz bu izahı, bir quş üzərində də verək. Belə ki:
Ateistlər deyirlər ki: "Bu quşu, səbəblər yaratdı."
Biz də, onlardan soruşuruq: "Bu səbəblərin elmi, iradəsi, qüdrəti vardırmı?"
Onlar cavab verəcəklər ki: "Xeyr. Onlar, bu sifətlərdən məhrumdurlar."
Biz də onlara belə deyərik: Bir quş rəsmini belə çəkə bilmək üçün, bu sifətlərə sahib olmaq lazımdır. Ölü bir kimsənin, quş rəsmi cızdığını söyləsələr, biz, buna gülərik. Bəs ölü olan, elmi, iradəsi, qüdrəti olmayan bu səbəblər, quşun özünü necə yaradırlar? Həm bir quş da deyil, böyük kainatı və içindəki hədsiz əşyanı, necə belə hikmətlə icad edirlər?
Bax beləcə, onlar, susub qalar, bir az vicdanları varsa, küfrlərindən utanarlar.
Müəllif: Ustad Bədiüzzaman Said Nursi, "Məsnəvi-i Nuriyyə", "Hubab" risaləsi, s. 80-81
