İsim, müsəmma və təsmiyyə, nə deməkdirlər?
İsim, Müsəmma və Təsmiyyə sözlərinin mənalarının izahı haqqındadır:
İsim və müsəmmadan bəhs edənlər çoxalmış; ayrı-ayrı yollar meydana gəlmiş; və firqələrin əksəriyyəti, haqq (yol)dan azmışlardır.
~ Bəziləri: ismin müsəmma ilə eyni; (lakin) təsmiyyə'dən ayrı olduğunu;
~ Bəziləri də: ismin təsmiyyə ilə eyni; (lakin) müsəmmadan ayrı olduğunu
iləri sürməkdədirlər.
Cədəl və kəlam sənətlərində məharətilə tanınmış olan bir üçüncüsü də, belə deyir:
~ İsim, müsəmmanın özü ola bilər. Allah Taala haqqında, "O, Zat və mövcuddur." deməyimiz kimi.
~ Müsəmmadan başqa da ola bilər. "O, Xaliq (yaradan) və Raziq (ruzi verən)'dir." sözümüz kimi...Bu hər ikisi (yəni, Xaliq və Raziq), yaratma və ruzi verməyə dəlildirlər; və bunlar, (Müsəmma)'dan başqadırlar.
~ Bəzən də isim, müsəmmanın nə özü, nə də qeyrisi olur. Məsələn, "O, alim və qadirdir." dediyimiz vaxt, bu isimlər, elm və qüdrətə dəlalət etməkdə olub Allahın sifətləri üçün isə, Onun (yəni, Zatının) eynisi, nə də (Onun Zatının) qeyrisi deyilə bilməz.
(Firqələr arasında baş verən bu) ixtilafın mənşəyi, ikidir:
1. İsmin özü, təsmiyyədirmi, deyilmi?
2. İsmin özü, müsəmmadırmı, deyilmi?
Haqq olan budur ki, isim, nə təsmiyyədir, nə müsəmma. Bu 3 kəlimə (yəni, isim, müsəmma və təsmiyyə kəlimələri), eyni mənalı olmayıb, əksinə, bir-birilərindən fərqlidirlər.
Haqqı kəşf etmək üçün, bir-bir, bu 3 ləfzin tək-tək mənalarını verdikdən sonra, "Bu, bunun eynisidir." və ya "Bu, bunun qeyrisidir." demək, mümkün olacaqdır. Həqiqətləri kəşf etməyin mənhəci (metodu, yolu), bax, budur. Bu mənhəcdən ayrılan kimsə, (bu işdə) əsla müvəffəq ola bilməz.
Təsdiqi (keyfiyyətdəki) hər elmin (biliyin):
-(bu sözlə, təsdiq və ya təkzibə mövzu ola biləcək vəsfdə olan hər xüsusu qəsd edirəm)-
~ məvsuf;
~ sifət; və
~ sifətin məvsufa olan nisbəti
kimi 3 ünsürdən meydana gələn bir qəziyyə (hökm) olduğunda, heç bir şübhə yoxdur.
~ İlk əvvəl: tək başına, tərif və həqiqətini təsəvvür etmək yolu ilə məvsufu (sifətlənəni) bilmək;
~ Sonra: tək başına, tərif və həqiqətini təsəvvür etmək yolu ilə sifəti bilmək; və
~ Sonra da: bu sifətin, məvsufa olan nisbətini incələmək, bu nisbətin, məvsufda mövcud olub-olmadığına baxmaq lazımdır. Məsələn:
Mələyin, qədim və ya hadis (sonradan meydana gələn) olduğunu bilmək istəyən,
~ ilk əvvəl: mələk ləfzinin mənasını;
~ sonra: qədim və hadis ləfzinin mənasını;
~ sonra da: mələkdə, bu sifətlərin varlığını və yoxluğunu
öyrənməlidir.
Bunun üçün, ismin mənasını, müsəmmanın mənasını, təsmiyyənin mənasını bilmək lazımdır. (Bunun sayəsində), nəyin, nəyin eynisi və ya nəyin qeyrisi olduğu təsəvvür edilə bilər.
İsmin tərif və həqiqətinin bəyanı haqqında, (belə) deyirik:
Şübhəsiz, əşyanın:
~ ayan'da (əsldə) vücudu (varlığı);
~ zehnlərdə vücudu (varlığı); və
~ dillərdə vücudu (varlığı)
vardır.
~ Əsldəki vücud, həqiqi olan vücuddur.
~ Zehnlərdəki vücudu isə, elmi və şəklidir.
~ Dillərdəki vücudu da, ləfzi və istidlalidir. Məsələn,
Səmanın, əslində və zatında; zehnlərimizdə və nəfslərimizdə də bir vücudu vardır. Çünki səmanın şəkli, gözlərimizdə və xəyalımızda, bir iz buraxmaqdadır. Hətta əgər səma yox olsa və yalnız biz qalsaq, səmanın surəti, xəyalımızda hazır olardı. Elm ilə təbir edilən şey də, bax budur. (O halda) o (yəni, elm), məlumun bir misalıdır. (Yəni) o elm, məlumun bir bənzəridir və ona bərabərdir. Və o, aynada görünən şəkil və surət kimidir. Bu (yəni, aynadakı) surət, xaric (i aləm)dəki surətin bənzəridir.
~ Səmanın dildəki varlığına gəlincə:
Bu varlıq, səslərdən mürəkkəb bir ləfzdir. Bu səslər, 4 parçaya ayrılaraq,
• Birincisi: Sin;
• İkincisi: Mim;
• Üçüncüsü: Əlif;
• Dördüncüsü isə: Həmzə
təbir edilmişdir.
Səma sözü, zehndəki səmanın bir dəlili; zehndəki səma da, əsldəki səmaya uyğun (bir surət)'dir. Əgər ayanda (əsldə) vücud olmasaydı, surətlər, zehnlərdə meydana gəlməzdi. Əgər zehnlərdə surət meydana gəlməsəydi, insan, onu idrak edə bilməzdi. Əgər insan, onu idrak edə bilməsəydi, dililə onu istifadə edə bilməzdi. O vaxt (elə isə), ləfz, elm (əşyanın zehndəki surəti) və məlum (əşyanın, xarici aləmdə felən mövcud olması), bir-birindən fərqli 3 şeydir. Ancaq bunlar, bir-birilərinə uyğun və paraleldirlər.
Bu (saydığımız şey)'lər, axmaq olanlara, bəlkə də qarışıq gələ bilər. Və beləcə, bəzilərini, bəzilərindən ayırd edə bilməz.
Bu mövcudlar, necə ola bilir ki, bir-birindən ayırd edilə bilmir?! Bunların hər birini, izləyən və izləməyən (yəni, bunların bir-birinə bənzəyən və bənzəməyən) xüsusiyyətləri vardır. Məsələn, insan:
~ Əsldəki vücudu etibarı ilə: yatan-oyanan; yaşayan-ölən; gəzən-oturan bir varlıqdır.
~ Zehnlərdəki vücudu etibarı ilə: mübtəda-xəbər; amm (ümumi)-xass (xüsusi); cüzi-külli, qəziyyə kimi şeylərdir.
~ Dillərdəki vücudu etibarı ilə: ərəb, əcəm, türk, zənci, çox hərfli, az hərfli, isim, fel, hərf və bənzəri şeylərdir ki, bu vücud, əsrlər (zamanlar) və hər ölkənin adət-ənənəsinə görə dəyişməkdədir.
Lakin əsldəki vücuduna gəlincə, əsrlərə, millətlərə görə, bu vücud, əsla dəyişməz.
Əgər bunu bildinsə, ayan və zehndəki vücudu bir tərəfə qoy, ləfzi vücuda bax. Çünki məqsədimiz, bununla bağlıdır. Biz, belə deyirik:
“Ləfz”: “ayana (yəni, əşyanın əsldəki vücuduna) dəlalət etməsi üçün, insan iradəsilə vaz edilən (yəni, qoyulan) muqatta (yəni, kəsik hərflərdən, əlifba hərflərindən) ibarətdir”. Bu ləfzlər, "ilk vaz edilən" və "ikinci vaz edilən" olaraq, qisimlərə ayrılırlar.
• İlk əvvəl vaz edilən ləfzlər: "Səma”, “ağac”, “insan” və buna bənzər digər ləfzlərdir.
• İkinci vaz edilənlərə gəlincə, bunlar: "İsim”, “fel”, “hərf”, “əmr”, “nəhy”, “mudari” kimi ləfzlərdir.
Buna, ikinci vaz edilən deməyimizin səbəbi, budur ki:
Əşyaya dəlalət etmək üzərə vaz edilən ləfzlər (bu qisimlərə ayrılır):
a. Ləfz, özünə deyil, başqasına dəlalət edərsə, o: "hərf"dir.
b. Öz mənasına dəlalət edən ləfz də, 2 qismə ayrılır:
b.1. Mənasının zamanla əlaqəsi olan ləfz. Buna: "fel" deyilir. Sənin: "vurdu” və “vurur" deməyin kimi...
b.2. Mənasının zamanla əlaqəsi olmayan ləfz. Buna da: "isim" deyilir. Sənin: "göy” və “yer" deməyin kimi...
Ləfzlər, ilk əvvəl, ayana (əsllərə) dəlalət etmək üzərə vaz edilmişdilər. İsim, fel, hərf, bundan sonra ləfzlərin növlərinə dəlalət etmək üzərə vaz edildilər. Çünki ləfzlər vaz edildikdən sonra, (bu ləfzlər), əslləri etibarı ilə (xaricdə) bir varlıq qazandılar; və surətləri (şəkilləri), zehnlərdə tərəssüm edincə (şəkillənincə), dil hərəkətlərilə göstərilməyə haqq qazandılar.
Ləfzlərin, 3 və 4-cü vazlarla vaz edilmələri də təsəvvür edilə bilər. Məsələn, isimlər, fərqli qisimlərə ayrıla və hər qismi, ayrı bir isim ifadə edə bilər. Beləcə, o isim, üçüncü dərəcədən sayılır. Məsələn, ismin, mərifə və nəkirə və s. qisimlərə ayrıldığının deyilməsi kimi...Bundan məqsəd, bir ismin, ikinci vaz edilmə halında ləfzə döndüyünü bilməyin üçündür.
Əgər bizə: "İsmin tərifi, nədir?" deyə soruşulsa, "İsim, (müfrəd mənaya) dəlalət etmək üzərə vaz edilən ləfzdir." deyə bilər və bəlkə də, bu tərifə, ismi, fel və hərfdən ayırd edə biləcək bir qeyd də, əlavə edə bilərik.
Hal-hazırda bizim burdakı məqsədimiz, isim üçün tərif bəyan etmək deyildir. Məqsədimiz, isimdən qəsdimizin, (varlığın) üçüncü dərəcədəki məna olunduğunu bildirməkdir ki, bu da, ismin, əsldə və zehndəki vücudları deyil, sadəcə dildəki vücududur.
Əgər ismin, bir mənaya dəlalət etmək üzərə vaz edilən bir ləfz olduğunu başa düşdünsə, artıq bilməlisən ki, məna ifadə edən hər mövzunun (vaz edilən, qoyulan ləfzin):
~ bir vazi'i (vaz edəni);
~ bir vaz'ı (ləfzin, bir mənanı göstərmək üzərə qoyulması);
~ bir də mövzu-un lehi (ləfzin, özü üçün qoyulduğu məna)
vardır.
Mövzu lehə, müsəmma deyilir ki, müsəmma, özünə dəlalət edilən varlıqdır. Vaz edənə, “musəmmi”; vaz'a da, “təsmiyyə” adı verilir.
Məsələn: "Filankəs, öz uşağına, ad qoydu." dediyimiz vaxt, o, uşağına dəlalət edən bir ləfz vaz etmiş (qoymuş) olmaqdadır və onun, bu vaz etmə felinə, "təsmiyyə" deyilir.
Bəzən də, "təsmiyyə" ləfzi, daha əvvəl vaz edilən ismi zikr etmək (anmaq) üçün istifadə edilir. Məsələn, bir şəxsi çağıran və ona, "Ey Zeyd!" deyən şəxsə, "Onu təsmiyyə etdi (adlandırdı)." deyilir.
Əgər desə ki, "Ey əbu Bəkr (Bəkrin atası)!" Deyilər ki: “Ona ləqəb verdi.”
O halda, təsmiyyə ləfzi, ismin vaz edilməsi (qoyulması) ilə, (daha əvvəl isim verilmiş olan bir şeyin) zikr edilməsi arasında müştərəkdir. Ancaq zikr edilmək mənasına nisbətlə vaz etmək (isim vermək) mənası, təsmiyyə (adlandırmaq) üçün, daha uyğundur.
İsim, təsmiyyə və müsəmma ləfzləri, “hərəkət, təhrik (hərəkət etdirmək), mühərrik (hərəkət etdirən) və mühərrək (hərəkət etdirilən)” ləfzləri məcrasında cərəyan etməkdədir. Bunlar isə, müxtəlif mənalara dəlalət edən 4 ayrı isimdir. (Belə ki):
1. Hərəkət: bir yerdən digərinə yer dəyişdirməyə;
2. Təhrik: bu hərəkətin meydana gətirilməsinə;
3. Mühərrik: hərəkətin failinə;
4. Mühərrək də: bir faildən meydana gələn belə bir hərəkətin özündə gerçəkləşdiyi şeyə
dəlalət etməkdədir.
Mütəhərrik isə, sadəcə, özündə hərəkət olan məhəllə dəlalət edib, failə dəlalət etməz.
Əgər bu ləfzlərin mənaları başa düşüldüsə, artıq bunlar haqqında, onların, bir-birilərinin eyni və ya bir-birilərinin qeyrisi olduğu söyləməyin mümkün olub-olmadığına baxılacaq. Hüviyyət (eynilik) və qeyrilik mənaları bilinmədən, bu (mövzu), başa düşülə bilməz.
"Huvə, huvə" (O, odur; yəni, o, onun eynisidir.) sözümüzün, 3 cür istifadəsi vardır:
• 1-ci cəhət: Qailin (söz söyləyənin) bu sözündə olduğu kimi:
"əl-Xamru, hiyə'l-uqar." (yəni, “İçki, içkidir.”) və "Leysu, huvə'l-əsəd." (yəni, “Aslan, aslandır.”)
Bu (istifadə): nəfs (zat) etibarı ilə, bir olub, eyni mənada 2 isim olan və məfhumları (fəhm etdirdikləri şey, yəni mənaları) arasında ixtilaf olmayan hər şey üçün caridir. (Bunlara) nöqsan və əlavə ilə də, fərqlilik meydana gəlməz. Sadəcə hərfləri etibarı ilə fərqli olan bu cür isimlər, mütəradif (eyni mənalı) deyə təsmiyyə edilir.
• 2-ci cəhət: Qailin bu sözündə olduğu kimi:
"əs-Sarimu, huvə's-seyfu." (yəni, “Qılınc, qılıncdır.”) və "və'l-Muhənnədu, huvə's-seyfu." (yəni, “Qılınc, qılıncdır.”)
Bu istifadə, birinci cəhət(dəki istifadə)'dən fərqlidir. Çünki bu isimlərin məfhumları, bir-birindən fərqlidirlər və eyni mənalı deyildirlər. Çünki:
~ "Sarim": kəskinlik cəhətindən qılınca;
~ "Muhənnəd" isə: Hindistana nisbəti cəhətindən qılınca
dəlalət etməkdədir.
~ "Seyf" isə: başqa bir şeyə (yəni, kəskinlik və Hindistana) işarət etmədən, mütləq olaraq qılınca dəlalət etməkdədir.
Lakin mütəradif kəlimələr, ki, hərfləri etibarı ilə bir-birilərindən fərqlidirlər; (bunlara) nöqsan və əlavə ilə, (mənaları) fərqliləşməz. Bu cinsdəki ləfzlərə, "mütədaxil" (iç-içə, bir-biri içində olan) ismini verək. Necə ki, "seyf" (qılınc) kəliməsi, özlərində məna yönündən əlavələr olmasına baxmayaraq, bu 3 ləfzin (yəni, sarim, muhənnəd və seyf) məfhumuna daxildir.
• 3-cü cəhət: Qailin bu sözündə olduğu kimi:
"əs-Səlicu, əbyadun, bəridun." (yəni, “Qar, ağdır, soyuqdur.”)
Ağ və soyuğun bir olduğu və (dolayısı ilə, ağ və soyuğun eyni şey olduğu düşünülə bilər). (Halbuki) ağın soyuq olması, (yuxarıda zikr edilən) cəhətlərdən ən uzağıdır. Burdakı eynilik, 2 vəsflə vəsfləndirilən bir mövzunun (yəni, qarın) vəhdətinə racidir (dönməkdədir) və bunun mənası, bir tək şeyin, (eyni zamanda), ağlıq və soyuqluqla vəsf edilməsindən ibarətdir.
Qısacası, "Huvə, huvə." sözümüz, bir cəhətdən vəhdət ifadə edən kəsrətə (çoxluğa) dəlalət etməkdədir. Vəhdət olmasaydı, "Huvə, huvə, vahidun." demək, mümkün olmaz; və kəsrət olmasaydı, yenə, "Huvə, huvə." demək mümkün olmazdı. Çünki, bu "Huvə, huvə.", 2 şeyə işarət etməkdədir.
Məqsədimizə geri qayıdaq:
"əl-Xamru, hiyə'l-uqar." (Yəni, “İçki, içkidir.”) sözümüzdə olduğu kimi, mütəradif isimlərə qiyas edərək, ismin, müsəmmanın eynisi olduğunu zənn edənlər, ciddi mənada xəta etmişlərdir. Çünki müsəmmanın məfhumu başqa, ismin məfhumu başqadır. (Necə ki), daha əvvəl, ismin - dall (dəlalət edən ləfz); müsəmmanın isə - mədlul (özünə dəlalət edilən ləfz) olduğunu açıqladıq. İsim, ləfz olmaya bilər. Yəni, isim, ərəb, əcəm və türkcədir. (Yəni), ərəblərin, əcəmlərin və türklərin vaz etdikləri ləfzlərdir. Müsəmma isə, bunun kimi olmaya bilər.
İsim haqqında sual edildiyi vaxt, "O, nədir?" deyə sual edilir. Müsəmmadan sual edilincə isə, bəzən "O, kimdir?" deyilir. Məsələn:
Məclisə bir şəxs gəldiyi vaxt, "Bu şəxsin ismi, nədir?" deyə soruşulur. (Bu suala): "(Onun ismi), Zeyd'dir." deyə cavab verilir. Əgər o şəxsin özü haqqında sual ediləcəksə (yəni, adamın şəxsi mövzu olacaqsa), (bu halda), "O, kimdir?" deyə soruşulur.
Əgər yaraşıqlı bir türkə, hindistanlılara aid bir isim verilərsə, "İsim, çirkin; müsəmma isə, gözəldir." deyilir. Əgər çox hərfli və ya qalın məxrəcli (yəni, hərflərinin tələffüzü çətin olan) bir isimlə isimləndirilərsə, "İsim, ağır; müsəmma isə, xəfifdir." deyilir.
(Bəzən) isim, məcaz da ola bilər. Lakin (müsəmma) isə, məcaz olmaz. Təfəül (xeyrə yozmaq) cəhətindən, isim, dəyişdirilə bilər. Lakin (müsəmma) dəyişməz.
Bütün bunların hamısı, sənə, ismin, müsəmmadan başqa bir şey olduğunu tərif etməkdədir.
Əgər dərincə düşünəcək olsan, (bu zikr edilənlərdən başqa, isim ilə müsəmma arasında), çox fərqlər tapacaqsan. Lakin bəsirətli olana, az bir şey, (bu mövzunun izahı üçün) kifayət edər. Axmaq olana gəlincə isə, ona (mövzu haqqında çox şey danışmaq), onun heyrətini artıracaqdır (yəni, məsələ, bu şəxs üçün, daha da çətinləşəcəkdir.)
• İkinci cəhətə gəlincə:
Burda, belə deyilir: "İsim, müsəmmadır."
Bu mənaya görə, müsəmma, isimdən müştaqdır və "seyf"in, "saarim"in məfhumuna daxil olması kimidir.
Buna qail olduğun təqdirdə, təsmiyyə, müsəmma, müsəmmi və ismin, (yəni, bunların hamısının), eyni şeylər olmaları lazım gələcəkdir. Çünki hamısı, isimdən müştaqdır və ismə dəlalət etməkdədirlər. Bu isə, kəlamda mücazəfə (ölçüb-biçmədən, səthi nəzərlə verilən hökm)'dür. Və bu, qailin (söz söyləyənin), bu sözü kimidir:
"Hərəkət, təhrik, mühərrik və mühərrək, eyni şeydir."
Bunların hamısı, hərəkət (kəliməsindən) müştaqdır. (Halbuki), bu, xətadır. Çünki:
~ hərəkət: fel, fail və məhəl'ə dəlalət etmədən, sadəcə nəqlə (bir yerdən, digər bir yerə keçməyə);
~ mühərrik: hərəkətin failinə; və
~ mühərrək: məful (üzərində iş görülməsi, özünün bir faili olması) cəhətilə, hərəkət məhəlinə;
~ mütəhərrik: məful olmadan, hərəkətin məhəlinə;
~ təhrik isə: fail və məhəllə dəlaləti olmadan, hərəkətin felinə
dəlalət edir.
Bu halda, hər nə qədər, hərəkət, heç birindən xaric deyilsə də, bunlar, bir-birindən fərqli həqiqətlərdir.
Bununla bərabər, hərəkətin, tək başına və öz nəfsində idrak edilən bir həqiqəti vardır ki, bunun bir failə nisbəti, daha sonra idrak edilir. Bu, izafədir, mudaf deyildir. Necə ki, izafət, 2 şey arasında təsəvvür edilərkən; mudaf, bəzən öz başına da təsəvvür edilə bilir. Bəzən də, bir məhəllə olan nisbəti təsəvvür edilə bilir ki, bu nisbət, failə olan nisbətindən fərqlidir. Hərəkətin məhəllə olan nisbəti və ona olan ehtiyacı, zəruri; failə olan ehtiyacı isə, nəzəridir. Bununla, təsəvvür olmadan, 2 nisbət arasındakı hökmün varlığını qəsd edirəm. Eyni şəkildə, ismin də, bir dəlaləti və bir də mədlulu vardır və bu mədlula, müsəmma deyilir. Və ismin vazı isə, ixtiyar sahibi bir failin felidir ki, buna da, təsmiyyə deyilir.
Sonra, burdakı tədaxül (iç-içəlik) ilə, seyf (qılınc)'ın, sarim (kəskin qılınc) və muhənnəd (Hindistan qılıncı məfhumlarına) daxil olması kimi deyildir. Çünki sarim, seyfin sifətidir; muhənnəd də, belədir. Seyf, ona daxildir. (Halbuki), müsəmma, bir sifət sahibi olan isim deyildir və (eyni şəkikdə), təsmiyyə də, bir sifət sahibi olan isim deyildir. (Bu halda), bu təvil, burda səhih (doğru) ola bilməz.
• Üçüncü cəhətə gəlincə: Sifətlərin təəddüdü (çoxluğu) ilə məhəllin ittihadı (birliyi) əsasına söykənən bu cəhət, uzaq olmasına baxmayaraq, isim və müsəmmada cari olmadığı kimi; isim və təsmiyyədə də cari deyildir. Hətta, bir şeyin, həm isim, həm də təsmiyyə olaraq adlandırılmaq üzərə vaz edildiyinə qail olmaq gərəkdir. Qar misalında olduğu kimi...O (yəni, qar), ağ və soyuq ilə vəsf edilən bir tək mənadır. "Siddiq, əbu Kuhafə'nin oğlunun özüdür!" sözünün mənası, “siddiq” olmaqla vəsfləndirilən şəxsin, oğulluq cəhətindən əbu Kuhafəyə nisbət edilmiş olmasıdır. Bu təqdirdə, "Huvə, huvə."nin mənası, sifətlərin fərqliliyi nəzərə alınmadan, mövzunun birliyi olmaqdadır. Çünki, Siddiq'in məfhumu (fəhm etdirdiyi məna), başqa; əbu Kuhafə'nin oğlu olmağın məfhumu, başqadır.
(O halda), "Huvə, huvə."yə verilən təvillər, isim və müsəmma ilə, isim və təsmiyyə haqqında, nə həqiqət, nə də məcaz cəhətindən, əsla cari deyildir. (Bu xüsusda) həqiqət, bütünü ilə, ismin mütəradifliyinə racidir ki, burda da, 2 ləfzin məfhumu arasında, lüğəvi cəhətdən hər hansı bir fərqliliyin olmaması lazımdır. Məsələn, "Leys, huvə'l-əsəd" (Aslan, aslandır.) sözümüzdə olduğu kimi...Əgər ikisi arasında bir fərq varsa, başqa bir misal tələb ediləcəkdir. Bu xüsus da, həqiqətin birliyi ilə isimlərin çox olması (cəhətinə) racidir. "Huvə, huvə." (O, odur.) sözümüzdə, bir cəhətdən vəhdət və digər cəhətdən də kəsrət vardır. Cəhətlərin ən doğrusu isə, vəhdətin, mənada; və kəsrətin isə, mücərrəd ləfzdə olmasıdır. Bəhsin uzunluğu və başa düşülməsi çətin olan bu ixtilaf (haqqında) bu qədərinin kəşf edilməsi, kifayət edir.
Artıq, isim, təsmiyyə və müsəmma ləfzlərinin, məfhumluq (cəhətindən) fərqli; məqsudları ayrı olduqları, sənə görünmüş oldu. Ancaq bunlardan hər birinin, digərlərindən fərqli olduqları deyilə bilər; onun eyni olduğunu söyləməyə isə, imkan yoxdur. Çünki qeyrilik, "Huvə huvə."nin müqabilidir.
• Üçüncü məzhəb olan, "İsim, müsəmmanın eynisi də, qeyrisi də ola bilər; nə eynisi, nə də qeyrisi ola bilər." deyənlərə gəlincə:
Haqdan və izdirabı qəbul edib (özündə) toplama cəhətindən ən uzaq məzhəb, budur. Ancaq təvil etmə halı, xaricdir. (Belə ki):
“Burda, 3 qismə ayrılan isimdən, ismin özü deyil, məfhum və mədlulu qəsd edilmişdir. Çünki, ismin məfhumu, isimdən başqadır. İsmin məfhumu, ismin mədluludur ki, mədlul, dəlildən başqadır. Bu etibarla, zikr edilən bu təqsim, ismin məfhumuna racidir.”
deyilərsə, (o vaxt, vəziyyət dəyişər). Bu xüsusda, doğru olanı, budur:
İsmin məfhumu, bəzən, müsəmmanın zatı, həqiqəti və mahiyyəti ola bilər. Bunlar, "insan”, “elm” və “ağ" sözündə olduğu kimi, müştaq olmayan növi (növə aid) isimlərdir. Müştaq olan isimlər isə, müsəmmanın həqiqətinə dəlalət etməyib (əksinə), həqiqəti, mübhəm olaraq buraxır və sadəcə, müsəmmanın bir sifətinə dəlalət edir. "Alim" və "katib" sözlərində olduğu kimi...
Sonra müştaq olan da,"alim" və "ağ" kimi müsəmmada mövcud olan bir halın vəsfinə dəlalət edən ləfzlə; "Xaliq" və "Katib" kimi müsəmmaya aid və ondan ayrılmayan bir izafətə dəlalət edən ləfzə təqsim edilir.
"O, nədir?" sualına cavab olaraq söylənən isimlərin, birinci qismin tərifi olduğunu deyə bilərik. Belə ki, bir insana işarət edib, "O, kimdir?" deməz, "O, nədir?" deyərsə, bunun cavabı, "O, insandır." olmalıdır. Əgər, "Heyvan (yəni canlı)dır." deyilsə, mahiyyət, bütünü ilə zikr edilmiş olmaz. Çünki insanın mahiyyəti, mücərrəd heyvaniyyətə (canlılığa) söykənmir. Sadəcə heyvan olduğu üçün deyil, ağıllı heyvan olduğu üçün, o, odur.
“İnsan” ləfzi yerinə, "ağ" və ya "uzun" və ya "alim" və ya "katib" deyilsə, bu, cavab olmaz. Çünki "ağ"ın məfhumu, "ağlıq" vəsfi daşıyan mübhəm bir varlıqdır ki, mahiyyətinin nə olduğu, bilinməz. (Eyni şəkildə), "Alim" məfhumu, elm vəsfi daşıyan mübhəm bir şeydir. Və "katib" məfhumuna gəlincə, bu, (özündə) kitabət feli mövcud olan mübhəm olan bir varlıqdır. Bəli, katibin, bir insan olduğu başa düşülə bilər. Lakin bunun başa düşülməsi, ləfzin məfhumundan xaric və onun məfhumuna əlavə olan (bəzi) dəlillərlə mümkündür.
Yenə, əgər bir rəngə işarət edilərək, "O, nədir?" deyə soruşulsa, "(O), ağdır." deyə cavab verilir. Əgər (bunun yerinə), müştaq bir isim zikr edilərək, "İşıqlandırıcıdır!" və ya "Gözün işığını böləndir." desək, bu, cavab olmaz. Çünki "O, nədir?" sözümüzdən mətlub olan, zatın həqiqəti və mahiyyətini öyrənməkdir. "İşıqlandırıcı" ləfzi, işıqlandırma xüsusiyyətinə; "Bölücü" ləfzi də, bölmə xüsusiyyətinə sahib olan mübhəm bir şeydir.
İsimlərin mədlul və məfhumları haqqındakı bu təqsim, doğrudur və biz, bu təqsimi, belə təbir edə bilərik:
İsim, zata da, zatın qeyrisinə də dəlalət etməkdədir. Və onun, zatın qeyrisinə dəlaləti, istifadədə müsahələ yolu ilədir. "Zatın qeyrisinə dəlalət edər." sözümüz, "O, nədir?" (sualının) cavabında vaqe olan mahiyyətin qeyrisini qəsd etmiş olmağımızla təfsir edilməzsə, bu (cavab), doğru olmaz. Alim, elm sahibi olan zata dəlalət etməkdədir, ki, onun (yəni bu ləfzin), zata dəlaləti vardır. (Bu səbəbdən), alim və elm ləfzlərinin söylənməsində, fərq vardır. Çünki, alim, elm sahibi olan zata; elm isə, yalnız elmə dəlalət edir.
"İsim, müsəmmanın eynisidir." sözündə, 2 problem vardır və (burda), 2 islaha (düzəlişə) ehtiyac vardır:
~ Onlardan biri: ismin, ismin məfhumu ilə dəyişdirilməsidir;
~ Digəri isə: ismin, zatın mahiyyətilə dəyişdirilməsidir.
Buna görə, cümlə belə olar: “İsmin məfhumu, bəzən zatın həqiqət və mahiyyəti; bəzən də zatın həqiqətinin qeyrisi ola bilər.”
"Xaliq/Yaradıcı, müsəmmanın qeyrisidir." sözünə gəlincə:
~ Əgər burda, "Xaliq/Yaradıcı" ləfzi qəsd edilirsə, ləfz, ləfzin mədlulundan başqa olduğu üçün, burda bir problem yoxdur. Lakin
~ Əgər ləfzin məfhumunun, müsəmmanın qeyrisi olduğu qəsd edilirsə, bax bu, muhaldır. Çünki, "Xaliq", bir isimdir; və hər ismin məfhumu, o ismin müsəmmasıdır.
Əgər o isimdən müsəmması başa düşülməzsə, (demək ki), o müsəmma üçün bir isim deyildir. Hər nə qədər, yaratmaq, Yaradıcı məfhumuna daxil isə də, Yaradıcı, yaratmanın ismi deyildir. (Eyni şəkildə), katib, kitabətin (yazı yazmağın); müsəmma da, təsmiyyənin ismi deyildir. "Yaradıcı", Özündən yaratma feli meydana gələn Zatın ismidir və bu etibarla, "Yaradıcı" məfhumu, Zatdır. Lakin Zatın həqiqəti deyil, özünə izafi bir sifət olması cəhətindən, Zatdır. Necə ki, "ata" dediyimizdə, bu ləfzin məfhumndan, atanın zatı deyil, oğula izafəti cəhətindən atanın zatı başa düşülür. Sifətlər, izafi və qeyri izafi olaraq qisimlərə ayrılırlar; və zatlar isə, bu sifətləri cəm etməkdədirlər.
Əgər Yaradıcının, bir sifət olduğu; hər sifətin də, bir isbatdan ibarət olduğu; Yaradıcı ləfzinin məzmununda, sadəcə yaratmağın isbatının varlığı; halbuki, yaratmağın, Yaradıcıdan fərqli olduğu; Yaradıcıda, yaratmağa dair həqiqi bir sifət olmadığı; bundan dolayı da, onun, müsəmmanın qeyrisinə raci olduğu iddia edilərsə, (cavab olaraq, belə) deyərik:
"İsimdən, müsəmmadan başqa şey başa düşülür." iddiası, ziddiyyətdir. Bu, eynilə, "Dəlil, mədluldan başqasını tərif edir." sözündə olduğu kimi (təzad)'dır. Çünki müsəmma, ismin məfhumundan ibarətdir, ki, (bu halda), məfhum, müsəmmanın qeyrisi; və müsəmma, məfhumun qeyrisi, necə ola bilər?!
Sonra, "Yaradan'ın, yaratmaq felinden bir vəsfi yoxdur; və katibin, kitabət felindən bir vəsfi yoxdur." sözü, doğru deyildir. Buna (Yaradanın, yaratma felinə dair bir sifəti olduğuna) dair dəlil (budur ki), (Yaradan), bəzən onunla vəsf edilir; bəzən də, ondan nəfy edilir. İzafət isə, mudafın vəsfi olub ondan nəfy də edilə bilər, isbat da. Eynilə, mudaf olmayan "ağ"lıq kimi.
Zeyd və Bəkir'i tanıyan biri, sonra, Zeydin, Bəkirin atası olduğunu öyrəndiyi vaxt, şübhəsiz ki, (yeni) bir şey öyrənmişdir və bu (yeni) şey, ya sifətdir, ya da məvsuf. O (atalıq), məvsufun (Zeydin) zatı deyildir, əksinə, o vəsfdir. Və yenə o (atalıq), öz nəfsilə qaim bir vəsf də deyildir; əksinə, o, Zeydin vəsfidir.
İzafətlər, mudafların vəsfləri qəbilindəndirlər. Ancaq bunun məzmunu, 2 şey arasında qiyas etmədən, başa düşülə bilməz və bu (xüsus), onu, vəsf olma (halından) çıxara bilməz.
Əgər qail, "Allah, Xaliq olaraq məvsuf deyildir." deyərsə, küfrə girər. Necə ki, "(Allah), Alim olmaqla məvsuf deyildir." sözündə olduğu kimi...
Bu sözün qailini qarışıqlığa salan (tərəfi) budur ki, izafət, kəlam alimləri arasında, arazların cümləsindən sayılmamaqdadır. Kəlam alimlərinə, "Arazı mənası, nədir?" deyə soruşulsa, "Nəfsilə qaim olmayıb, bir məhəldə mövcud olan şeydir." deyəcəklər. Əgər, "İzafət, nəfsilə qaimdirmi?" deyə soruşulsa, "Xeyr!" deyəcəklər. "İzafət, mövcuddurmu, deyildirmi?" deyə soruşulsa, "Bəli! Mövcuddur." deyəcəklər.
(Elə isə), "Atalıq, mədumdur (yoxdur.)" demələri, mümkün deyildir. Əgər atalıq mədum olsaydı, dünyada atalar olmazdı. Əgər, "Atalıq, nəfsilə qaimdirmi?" deyə soruşulsa, "Xeyr!" deyəcəklər.
Bundan sonra isə, (izafətin), bir məhəl ilə mövcud olduğunu və nəfsilə qaim olmadığını etiraf etməyə məcbur olacaqlardır. Yenə (onlar), arazın da, bir məhəl ilə qaim olduğunu etiraf etməklə bərabər, qayıdıb izafətin bir araz olmasını inkar edəcəklər.
Kəlam alimlərinin, "Bəzi isimlər, müsəmmanın, nə eynisi, nə də qeyrisidir." sözünə gəlincə, bu söz, xətalıdır və bunun xətalı olması, "Alim" ləfzinin təfsirilə izah ediləcəkdir. Əgər Allah Taala haqqında, bunun itlaqına şəriətin icazə vermədiyi iləri sürülərsə, haqqı və doğrunu açıqlamağın, xüsusi bir icazəyə bağlı olmadığı deyilə bilər və bəlkə də, bu xüsusda, bir müsamaha edilmişdir. Diqqətimizi, elm ilə vəsfləndirilən insan üzərində toplayaq və deyək ki, Elm, insanın qeyrisi deyildir. (Halbuki) elm, yox ikən, insan var idi. (Yenə), elmin tərifinin, insanın tərifindən başqa (olması səbəbilə), şübhəsiz ki, elmin, insandan ayrı olduğu da söylənə biləcəkdir.
Əgər: “Elm, insanın qeyrisidir. Ancaq bir şəxs haqqında, onun alim və ya insan olduğunu söylədiyimizdə, alim, insanın eynisi və ya onun qeyrisi olmuş olmaz. Çünki, insan, onunla vəsflənmiş olandır.” deyiləcək olarsa, buna, belə cavab verərik:
Bu (hökm), katib və nəccar (dülgər) haqqında da lazım gələcəkdir. Çünki, bununla məvsuf olan, yenə insanın özüdür.
Haqq olan budur ki, (məsələ), təfsilə möhtacdır. Belə ki:
“İnsan” ləfzinin məfhumu, “alim” ləfzinin məfhumundan başqadır. Çünki “insan” ləfzinin məfhumu, aqil (ağıllı) və natiq (danışan) bir heyvandır. “Alim”in məfhumu isə, elm vəsfinə sahib olan mübhəm bir şeydir. (Bu halda), hər 2 ləfzin özü də, məfhumları da, başqa-başqadır. Bu cəhətdən, onlar, bir-birinin eynisi deyildirlər və onlara, "Huvə, huvə." ("O, odur. Yəni, o, onun eynisidir.”) deyilməsi, caiz deyildir. Lakin başqa cəhətdən isə, bir-birinin eynisidirlər və bu cəhət ilə, onlara bir-birisinin qeyrisi demək, caiz deyildir. (Belə ki):
"İnsan" və "alim" olaraq vəsf edilən bir tək zatı göz önünə aldığın vaxt, "insan" deyə təsmiyyə edilən varlıq (yəni, ismin müsəmması), "alim" olaraq vəsf edilən varlığın özüdür. Necə ki, "qar" deyə təsmiyyə edilən varlıq, "soyuq" və eyni zamanda "ağ" olmaqla vəsf edilən varlığın özüdür. Bax bu nəzər və etibarla, "O, odur." (Yəni, elm, insanın eynisidir.) və birinci etibarla da, qeyrisidir. Bir etibar ilə olarsa, "O, onun eynisidir." və ya "O, onun qeyrisidir." (demək), əqlən muhaldır. Necə ki, "O, onun nə eynisidir; nə də qeyrisidir." (sözündə) olduğu kimi, (bu), imkansızdır. Çünki eynilik və qeyrilik, inkar və isbata qarşılıq gələn bir-birinə müxalif (şeylərdir) və aralarında, vasitə (orta dərəcə) yoxdur.
Bu izahı başa düşən şəxs (biləcəkdir ki), Zata zaid (əlavə) olaraq Allah üçün qüdrət və elm sifətlərini isbat etdiyi vaxt, Zatdan ayrı bir varlıq; və (eyni zamanda), qeyrilik üçün də, icazənin varid olmasına bağlı olduğundan, ləfzən itlaq etməmiş (deməmiş) olsa belə, bir məna isbat etməkdədir. Necə (belə) olmasın ki?! Elmin tərifini zikr edincə, bu tərifə, Allah (azzə və cəllə)'nin elmi daxil olur; qüdrət və Zatı isə, daxil olmur. (O halda), tərifin xaricində qalan şeyin, necə olur ki, tərifə daxil olmadığı, qəbul edilmir?! Və qüdrətin tərifinə elm daxil olmadığına görə, elmi tərif edən şəxsin, "Qüdrətin, tərifin xaricində qalmasında bir zərər yoxdur. Çünki mən, elmi, belə tərif edirəm. Qüdrət isə, elmdən başqadır. Qüdrəti, elmin tərifinə daxil etməyim, lazım gəlməz. Eyni şəkildə, bilən (yəni, alim) də, elmdən başqadır. Dolayısı ilə, onu da elmin tərifinə daxil etməyim, vacib deyildir.”
Tərifə girənin, tərifə girməyəndən başqa olduğuna qail olanın sözünü inkar edən və burdakı "qeyr" ləfzinin itlaqını (istifadəsini) muhal görən şəxs, şübhə yoxdur ki, "qeyr" ləfzinin mənasını başa düşməyənlərdəndir. Məncə, "qeyr" ləfzi, başa düşülməyəcək bir şey deyildir. Çünki ləfzin mənası, aşkardır. (O) ancaq sirri (vicdanı) və ağlı ilə yalanladığı (bir şeyi), dililə söyləyə bilər.
Bürhanlı (dəlilli) silsilələrdən məqsəd, dilləri ovlamaq deyildir; əksinə, ağılları ovlamaqdır ki, (nəticədə), haqqı batinən etiraf etsin.
Əgər ismin, müsəmmanın eynisi olduğunu söyləyənlərin, bu sözü söyləməyə, ismin istilah ilə “mənaya dəlalət edən ləfz” olduğunu söyləməkdən həzər etmək üçün məcbur olduqları; əks təqdirdə, Allah (azzə və cəllə)'nin əzəldə ismi olmadığına qail olması lazım gələcəyi; çünki əzəldə, isim və ləfzin mövcud olmadığı; və ləfzin, hadis olduğu iləri sürülərsə, deyərik ki, bu, zəif bir zərurətdir və dəfi isə, asandır.
(Onlara) deyilər ki, isimlər, yox ikən; mənaları, əzəldə sabit idi. Çünki isimlər, ərəb və ya əcəm isimləridir; və bütün hamısı da, hadisdir. Bu (hökm), Zatın mənasına və ya sifətinə raci olan hər isimdə (cari)'dir. Məsələn, "əl-Quddus" ismi kimi, ki, bu isim əzəldə qüdsiyyət sifətilə mövcud idi; və "əl-Alim" kimi ki, O da, əzəldə, alim olaraq mövcud idi. (Necə ki), biz, əşyanın, vücudda, 3 mərtəbə olduğunu, bəyan etmişdik. Bunlardan:
~ Birincisi: Əşyanın, ayanda olan (yəni, zat etibarı ilə) olan vücududur ki, bu, Allah (azzə və cəllə)'nin Zatı və sifətlərilə əlaqəli olan və qədimlik ilə məvsuf olan vücuddur;
~ İkincisi: Əşyanın, zehnlərdə olan vücududur ki, bu vücud, hadisdir. Çünki zehnlərin özləri hadisdir;
~ Üçüncüsü: Əşyanın, dillərdəki vücududur. Bunlar, isimlərdir. Və dillərin hadis olması ilə, bu vücudun özü də, hadisdir.
Bəli, ayrıca, zehnlərdə məlum olan sabit şeylərdən, elmləri (bilikləri) qəsd edirik, ki, bu da, əgər Allah (azzə və cəllə)'nin Zatına izafə edilərsə, qədim olur. Çünki Allah (azzə və cəllə), əzəldə mövcud və alim idi. Və əzəldə, Özünün mövcud və alim olduğunu bilirdi. Bununla bərabər, Öz mövcudluğu, həm Öz nəfsində, həm də Öz elmində sabit idi. Qullarına ilham edəcəyi və onların zehnlərində və dillərində yaradacağı isimlər də, (eyni şəkildə) Öz nəzdində məlum idi. Bu təvil ilə, "İsimlər, əzəldə vardı. Heç kim yox ikən; O, var idi." deyilməsi, caiz olur.
Lakin felə raci olan Xaliq, Musavvir və Vəhhab isimlərinə gəlincə:
Bir qrup, Allahın, əzəldə Xaliq olaraq vəsfləndiyini söyləyərkən; bəziləri də, vəsf edilə bilməyəcəyini söyləmişlərdir. Bu, əsli olmayan bir ixtilafdır. (Belə ki):
Xaliq ismi, 2 mənada istifadə edilməkdədir:
1. Qəti olaraq, əzəldə sabit;
2. Qəti olaraq, mənfi olan (yəni əzəldə mövcud olmayan).
Elə isə, bu 2 məna üzərində ixtilaf etməyin mənası yoxdur. Belə ki:
~ Qılınc, qınında olduğu vaxt da, boyunları kəsərkən də, "kəsici" deyə təsmiyyə edilir. (Nə var ki), qında, bi'l-qüvvə (potensial olaraq); boyun kəsmədə isə, bi'l-fel (feli olaraq) kəsicidir.
~ Dolçadakı su, susuzluğu ortadan qaldırmaqdadır. Lakin dolçada ikən, bi'l-qüvvə; və mədədə ikən, felən doyurucudur. Dolçadakı suyun doyurucu olmasının mənası, o suyun, mədəyə girdiyi vaxt, doyurmağı meydana gətirən vəsfdə olmasından ibarətdir və bu, maiyyət (sululuq) sifətidir.
Qılınc, qınında kəskindir; yəni, kəsilməyə məhəl olacaq şeylə qarşılaşdığı zaman, kəsməyi meydana gətirəcək vəsfdədir. Bax o (yəni, sifət) isə, kəskinlikdir. Və öz nəfsində, başqa bir sifət qazanmağa ehtiyacı yoxdur.
Bari (subhənəhu və taala)'nın əzəldə Xaliq olması, dolçadakı suyun doyurucu olması (misalında olduğu) kimidir. Yəni, (bundan), yaratmağı və yaratmağı mümkün qılacaq sifət üzərə olduğu qəsd edilmişdir.
O, kəlimənin ikinci mənası ilə, Xaliq deyildir. Yəni, yaratmaq feli, hələ Özündən meydana gəlməmişdir. Onun, gərək əzəldə, gərəksə də əbəddə, alim, quddus və s. isimlərinin növcud olması da, bu məna üzərinədir. Bir başqasının, Onu, o isimlərdən biri ilə təsmiyyə etməsinin və ya etməməsinin, bir əhəmiyyəti yoxdur.
Cədəlləşənlərin əksəriyyətlə xəta etmələrinin mənşəi, müştərək isimlərin mənaları arasındakı fərqi təmyiz edə bilməmələrindən dolayıdır. Əgər bu fərqlər ayırd edilsə, ixtilaflar ortadan qalxar.
Əgər,
مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءً سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم...
"Ondan başqa ibadət etdikləriniz, sizin və atalarınızın təsmiyyə etdikləri isimlərdən başqa bir şey deyildir..." (Yusuf/40) (ayəti) iləri sürülsə, məlumdur ki, onlar (müşriklər), hərflərdən (ibarət olan) ləfzlərə deyil; əksinə, bunların müsəmmalara ibadət edirlərdi.
Ancaq bu ayətlə belə istidlal edənin, istidlal yönünün başa düşülməsi üçün, belə deməsi lazımdır:
"Onlar, isimlərə deyil, müsəmmalara ibadət edirlərdi."
Bu təqdirdə, onun sözündə, isimlərin, müsəmmanın qeyrisi olduğuna dair tasrih (açıqlama) vardır.
Əgər bir qail, "Ərəb, müsəmmalara deyil, müsəmmalara ibadət edirlərdi." desə, burda tənaquz (ziddiyyət) vardır. Yox əgər, "(Onlar), isimlərə deyil, müsəmmalara ibadət edirlərdi." desə, bu məfhum, mütənaqiz olmaz. (Halbuki), isimlər, müsəmmaların eynisi olsaydılar, ikinci sözün, birinci sözdən mənaca fərqli olmaması lazım gələrdi.
Sonra (ayətin mənası haqqında) belə deyilir:
Bütlərə verilən ilah isimləri, müsəmmasız bir isimdən ibarət idilər. Çünki müsəmma, ayanda (əsldə) sabit olan və ləfzin özünə dəlalət etdiyi mənadır. Bütlər isə, nə əsldə sabit; nə də zehnlərdə məlum olan "ilah"lardır. İsimləri isə, ancaq dillərdə mövcuddur və bunlar, mənası olmayan isimlərdir.
Hikmətli olmayan biri, "hikmətli" olaraq təsmiyyə edilər və özü də bundan dolayı sevinərsə, "İsim ilə xoşbəxt oldu." deyilir. Ancaq o ismin arxasında, bir məna mövcud deyildir.
İsmin müsəmmanın qeyrisi olduğuna dair dəlil, bax, budur. Çünki ayə, ismi, təsmiyyəyə; təsmiyyəni də, onlara izafə etdi və bunu, onların feli qılaraq, "...təsmiyyə etdiyiniz isimlər..." (Yusuf/40) deyə buyurdu ki, bu (ifadə), isimlərin, onların fel və təsmiyyələrilə hasil olduğunu göstərir. (Yoxsa) bütlərin şəxsən özləri, onların bu təsmiyyələrilə hadis olmuş (meydana gəlmiş) deyillərdir.
Allah Taala'nın:
سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَ
"Uca Rəbbinin ismini təsbih et!" (Əla/1) buyurduğu (və tənzih edilənin, əslində isim olmayıb) Zat olduğu deyilsə, cavab olaraq, belə deyərik:
Burda, isim, sifət təriqilə əlavədir və bu (istifadə), ərəblərin adətində caridir və bu, Allah (azzə və cəllə)'nin bu qövlündə olduğu kimidir:
...لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌ ۖ ...
"...Onun kimi bir şey yoxdur..." (Şura/11)
Bu ayətin, eynilə, "...ləysə kə vələdihi əhəd..." Yəni, "Onun uşağı kimi uşaq yoxdur." cümləsi tərzində olduğu, bu cümlədən isə, bəhsi keçən şəxsin bir oğlu olduğunun anlaşıldığı, dolayısı ilə, bu ayətə istinad edərək burda Allahın bir bənzərinin mövcud olduğu şəklində istidlal etmək, caiz deyildir. Əksinə, burdakı "kəf", əlavədir.
Müsəmmaya, iclal (böyüklük) və təzim üçün, isim ilə kinayə olduğunu söyləmək də, uzaq görülməz. Necə ki, şərif (şərəfli kimsə haqqında), “cənab”, “həzrət” və “məclis” kinayəsində olduğu kimi...Və deyilər ki:
"Onun mübarək həzrətinə (zatına) və şərəfli məclisinə salam olsun."
Əslində, bundan murad edilən, salam verməkdir. Lakin iclal və təzim qəbilindən, özü zikr edilməyərək, yüksək rütbəli olmasına dəlalət edən bir xüsus, kinayə tərifilə zikr edilmişdir. İsim də, belədir.
(Hər nə qədər) isim, müsəmmadan başqa olsa da, müsəmma ilə bağlıdır və ona uyğundur. Belə xüsusların, vazın əsası xüsusunda, bəsirətli olanlara qarışıq gəlməməsi lazımdır.
~ Çünki ismin, müsəmmanın qeyrisi olduğuna qail olanlar:
وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ...
"Ən gözəl isimlər, Allahındır..." (Əraf/180) ayəti; və
"Allahın, 100-dən 1 əskik 99 ismi vardır. Kim o isimləri sayarsa, cənnətə girər." (Buxari, hədis no: 7392) hədisi ilə istidlal etməkdə və belə deməkdədirlər:
"Əgər isim, müsəmmanın eynisi olsaydı, 99 müsəmma olması lazım gələrdi. Bu isə, (müsəmma) 1 olduğundan, muhaldır."
Onlar, ismin müsəmmanın qeyrisi olduğunu etiraf etmək məcburiyyətində qalaraq, belə dedilər:
"İsim, müsəmma mənasında deyil; təsmiyyə mənasında gəlmişdir."
~ Necə ki, bu qruplardan bir digəri də, ismin, burda, müsəmma deyil, bəzən təsmiyyə mənasında gəldiyinin mümkün olduğunu söyləmişlərdir.
~ Bir digəri də, əsl olaraq müsəmmadan fərqli olduğunu qəbul etməklə bərabər, bəzən ismin müsəmma mənasına gələ biləcəyini təslim edir və "Rəbbinin o uca ismini təsbih et!" ayətini istixrac etdilər (yəni, bu mənada olduğunu dəlil göstərdilər).
Ancaq hər 2 qrup da, istidlal və cavab mövzusunda müvəffəq ola bilmədilər.
"Rəbbinin uca ismini təsbih et!" ayətinə gəlincə, ayət haqqında lehdə və əleyhdəki görüşləri zikr etdik.
Ancaq bu istidlal və onların bu istidlal haqqındakı isim və ya müsəmmanın bir olduğuna və burdakı isimdən, sadəcə təsmiyyənin qəsd edildiyinə dair cavabları, 2 cəhətdən xətalıdır.
Onlardan:
• Birincisi: İsmin, müsəmmanın eynisi olduğunu söyləyən, burda, müsəmmanın 99 olduğunu söyləməkdən aciz olmaz (deyildir). Çünki bu sözün sahibinə görə, müsəmmadan murad, ismin məfhumu (isimdən başa düşülən məna)'dır. Necə ki, Alim isminin məfhumu, Qadir, Quddus, Xaliq isimlərinin məfhumundan başqadır. Hər ismin özünə məxsus məna və məfhumu vardır. Nəticədə, tək bir Zatın nəfsinə raci olmaları, (bu halı) dəyişməz. Sanki bu qail, ismin məna olduğunu söyləyir. Allaha aid gözəl mənalar vardır və müsəmmalar, mənanın özüdür və o, bunda labüd bir çoxluq olduğunu söyləyə bilər.
• İkincisi: Burda, isimdən təsmiyyənin murad olunduğu sözü, yalnışdır.
Təsmiyyənin mənasının, "Bir şeyin ismini zikr etmək və ya onu vəsf etmək" olduğunu, bəyan etdik. İsim bir olsa da, təsmiyyə edənlərin çox olması ilə, təsmiyyə də çoxalar. Necə ki, zikr edilən və bilinən tək olsa belə, zikr edənlərin və bilənlərin çoxluğu ilə, zikr və elm də çoxalar. Bu halda, təsmiyyənin çoxluğu, isimlərin də çoxluğunu gərəkdirməz. Çünki bu,
müsəmmi'lərin (təsmiyyə edənlərin, yəni, isim verənlərin) fellərinə racidir. (Halbuki) burda, isimlərdən murad, təsmiyyələr deyil; isimlər murad edilmişdir. İsimlər isə, müxtəlif mənalara dəlalət etmək üzərə vaz edilən ləfzlərdən ibarətdir.
Artıq istər isim, müsəmmanın eynisi və ya istər qeyrisidir, deyilsin, bu tərz təkəllüflü təvillərə hacət yoxdur. Bu məsələ, az mənfəətli olmasından, uzadaraq açıqlamağa layiq olmadığından, bu qədərinin açıqlanması, sənə kifayət edər. Və lakin belə bəhsləri tanıma yolunu təlim etmək üçün, şərh etməyi qəsd etdik. Ta ki, daha əhəmiyyətli məsələlərdə, bu yoldan istifadə edilsin. Bu məsələdə ən çox üzərində durulan, mənalar deyil, ləfzlərdir. Allah, ən gözəl biləndir...
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
