Ramazanın gəlişi ilə bir-birini təbrik etməyin məşruiyyəti
Hafiz İbn Rəcəbin (rahiməhullah) "Lətaifu'l-Məarif" adlı əsərində belə deyilir:
"Nəbi (sallallahu aleyhi və səlləm) Ramazanın gəlişini müjdələyərək səhabələrini sevindirərdi."
Həqiqətən də, İmam Əhməd və Nəsainin Əbu Hüreyrə (radıyallahu anh) vasitəsilə rəvayət etdiyinə görə, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) səhabələrinə belə buyurmuşdur:
"Sizə Ramazan ayı gəldi, mübarək bir aydır. Allah bu ayda sizə orucu fərz qıldı. Bu ayda cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirlənər. Bu ayda min aydan daha xeyirli bir gecə vardır. Kim o gecənin xeyrindən məhrum olarsa, həqiqətən böyük bir ziyana uğramış olar."
Bəzi alimlər bu hədis haqqında belə demişlər:
"Bu hədis, müsəlmanların bir-birini Ramazanın gəlişi ilə təbrik etmələrinin əsas dəlilidir. Cənnət qapılarının açıldığı, cəhənnəm qapılarının bağlandığı və şeytanların zəncirləndiyi bir vaxtda mömin necə sevinməz? Ağıl sahibi bir insan, belə dəyərli bir zamanı necə böyük bir fürsət olaraq görməz?"
Başqa bir hədisdə belə buyurulmuşdur:
"Ramazan ayı, ayların ağası olaraq sizə gəldi. Ona xoş gəldin, mərhaba!"
Başqa bir hədisdə isə belədir:
"Ramazan ayı bərəkətlərlə gəldi... Nə şərəfli bir qonaq ki, artıq gəlib!"
İmam Ləbədinin Haşiyəsində bu ifadələr yer alır:
"Rəvayət edilir ki, Nəbi (sallallahu aleyhi və səlləm) Ramazan ayının gəlişini səhabələrinə müjdələyərdi. Bəzi alimlər belə deyirlər: ‘Bu hədis, müsəlmanların bir-birini Ramazanla təbrik etmələrinin əsas dəlilidir.’ Mən də deyirəm ki, eyni müqayisə ilə müsəlmanların bir-birini ibadət və xeyir zamanlarının gəlişi ilə təbrik etmələri də məqbuldur."
İmam İbnul Müflih isə belə demişdir:
"Əgər bir insan dini bir nemətlə müjdələnmişsə və bu nemət yenilənmişsə, onu təbrik etmək müstəhəbdir. Necə ki, Kəb ibn Malik’in tövbəsinin qəbul edilməsi hadisəsində olduğu kimi... Həmçinin Səhiheynda qeyd olunduğu kimi, ‘Biz sənə açıq-aşkar bir fəth verdik’ (Fəth, 1) ayəsi nazil olduqda da möminlər bunu böyük bir müjdə olaraq qəbul etmişlər." (əl-Ədəbu'ş-Şəriyyə, 3/229).
