Nəhl surəsi 5-6-7-ci ayələrin təfsiri

وَٱلْأَنْعَـٰمَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَـٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ • وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ • وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا۟ بَـٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

Və'l-ənamə xaləqahə ləkum fihə difun və mənəfiu və minhə tə'kulun. Və ləkum fihə cəməlun hinə turihunə və hinə təsrahun. Və təhmilu əsqaləkum ilə bələdin ləm təkunu bəliğihi illə bişiqqi'l-ənfus. İnnə Rabbəkum lə Raufun Rahim.

"Ənamı (davarları, yəni, mal-qaranı) da, O yaratdı. Onlarda, sizin üçün istilik və başqa faydalar vardır. Həmçinin, onlardan yeyirsiniz. Onları axşam gətirərkən; sabah apararkən, sizin üçün bir gözəllik (zinət) vardır. Onlar, yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Şübhəsiz ki, Rəbbiniz, Rauf (çox şəfqətli), Rahim (mərhəmətli)'dir."

------------------------

Təfsiri:

Bu ayələrlə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Bil ki, insandan sonra, yer üzündə mövcud maddələrin ən qiymətlisi, özlərinə qiymətli qüvvələr təxsis edildiyi (xas qılındığı) üçün, heyvanlardır. Bu qiymətli qüvvələr də, zahiri və batini hisslərlə, şəhvət və qəzəbdir. Sonra, bu heyvanlar da, iki yerə ayrılır:

a. İnsanların istifadə etdiyi heyvanlar;

b. Belə olmayanlar.

Birincisi, ikincisindən daha qiymətlidir. Çünki, canlıların ən qiymətlisi insan olunca, insanın, özündən daha çox istifadə etdiyi canlının, heyvanın da, başqasından (yəni, istifadə edilməyən heyvanlardan) daha qiymətli olması lazım gəlir.

Sonra, biz deyirik ki:

İnsanın özündən faydalandığı o heyvandan, insan:

~ ya yemək yemək, geyinmək kimi zəruri məişət (keçim) vəsilələri üçün faydalanır;

~ ya da belə olmayıb, o, ondan, ancaq, zinət və başqa şeylər kimi zəruri olmayan şeylər xüsusunda istifadə edir.

Birincisi, ikincisindən daha qiymətlidir ki, bax bu qisim, Haqq Taala'nın, "ənam-davarlar" deyə bəhs etdiyi heyvanlardır.

Bax, bundan dolayı, bu ayətdə, ilk əvvəl onlardan bəhs edilərək,

وَٱلْأَنْعَـٰمَ خَلَقَهَا ۗ لَكُمْ

Və'l-ənamə xaləqahə ləkum.

Yəni:

"Ənamı (davarları) da, sizin üçün, O yaratmışdır." buyurulmuşdur.

Bil ki, "ənam", bu 8 cüt heyvana deyilir. Bunlar da:

~ qoyun;

~ dəvə;

~ keçi;

~ inəkdir.

Bəzən də, "ənam", bu 3 şeyə, yəni:

~ dəvə;

~ inək;

~ davara

deyilməkdədir.

----------------------

✓ İkinci məsələ:

Allah Taala, "ənam"ı mükəlləflər üçün yaratdığını bildirincə; bunun ardından, onlardakı mənfəətlərin nələr olduğunu saymışdır.

Bil ki, "ənam"ın faydalarının bir qismi, zəruri; bir qismi isə, zəruri deyildir.

 

Allah Taala, ilk əvvəl, zəruri olanları ələ almışdır. (Belə ki):

• Birinci fayda:

Haqq Taala'nın, "ləkum fihə difun", yəni: "Bunlarda, sizin üçün istilik vardır." cümləsinin ifadə etdiyi xüsusdur. Haqq Taala, bu xüsusu, başqa bir ayədə də zikr edərək, "yunlarından, yağlarından, tüklərindən..." (Nəhl/80) buyurmuşdur. Dilçi alimlərə görə, "dif" kəliməsi, "özü ilə isinilən libas" mənasındadır. əl-Əsmai, belə deyir: "Dif, istilik deməkdir. Necə ki, ərəbcədə, 'Bu divarın dif'ində, yəni, istisində otur.' deyilir. Yəni, o divarın dibində (yəni, küləkdən qorunmuş gün vuran qismində)..."

• İkinci fayda:

Ayətdəki "mənafiu/mənfəətlər" kəliməsinin bildirdiyi xüsusdur. Alimlər, Haqq Taala'nın, bu ifadə ilə, "o heyvanların nəslini və südü"nü qəsd etdiyini söyləyərək, belə demişlərdir: Bu (yəni, mənfəətlər) ləfzi, ümumi (faydalara) dəlalət etdiyi halda, Allah, bu "mənfəətlər" ləfzilə, "onların nəslini və südünü" qəsd etmişdir. Çünki, nəsil və süd ilə:

~ bəzən, yeyib-içməkdə;

~ bəzən, pul müqabilində satmaqda;

~ bəzən də, libas və s. kimi zəruri şeylərlə dəyişdirmək surətilə

istifadə edilir.

Bax bundan dolayıdır ki, Haqq Taala, bütün bunları əhatə etsin deyə, bu qisimləri, "mənfəətlər" sözü ilə bildirmişdir.

• Üçüncü fayda:

Ayətdəki "və minhə tə'kulun/onlardan yeyirsiniz" cümləsinin ifadə etdiyi xüsusdur.

Buna görə, əgər: "Onlardan yeyirsiniz." ifadəsi,

1. Hasr (yəni, "ənamdan yeyirsiniz" sözü, sadəcə ənam sayılan heyvanlarla məhdudlaşdırmaq mənası) ifadə edir. Halbuki, belə deyildir. Çünki, bəzən, (ənam sayılmayan) başqalarından da yeyilir (toyuq və s. kimi).

2. Həm yemək mənfəəti, geyim mənfəətindən əvvəl gəlir. Bəs elə isə, Haqq Taala, nə üçün yemək faydasını, (ənamdan) geyim (yəni, isinmək üçün istifadə etmək) faydasından sonra zikr etmişdir?"

deyə soruşularsa, belə deyərik:

~ Birincisinə belə cavab verərik:

Yemək, insanların yaşamaları üçün söykəndikləri əsas ünsürdür: Toyuq, qaz, quru və suda olan heyvanlardan yemək işinə gəlincə, bu, mutad olmayan (yəni, çox adət edilməyən) qismə daxil olub; bu, sanki zəruri olmayan meyvə yemək yerinə keçmiş olur.

Belə deyilməsi də, möhtəməldir:

Yəni: "Sizin yeməklərinizin çoxu, ənamdandır. Çünki sizlər, inəklərlə əkir, biçirsiniz. O halda, toxumlar və sizin yediyiniz məhsullar da, ənam vasitəsilə olmuş olur.

Həm, yenə, siz, dəvələri (və digərlərini), kirayələmək surətilə də fayda təmin edirsiniz.

Yenə siz, ənamın südündən, balasından və dərisindən də faydalanırsınız və bütün yeməklərinizi, bunları verərək qarşılayırsınız."

~ İkincisinə də, belə cavab veririk:

Geyim, yemək işindən daha uzun müddətlidir. Bundan dolayı, geyimi, yeməkdən əvvəl zikr etmişdir.

Bil ki, (bura qədər zikr edilən) bu 3 fayda, ənamdan zəruri olaraq əldə edilən faydalardır.

 

Ənamdan əldə edilib zəruri olmayan faydalar isə, bunlardır:

• Birinci fayda:

Haqq Taala'nın,

Və ləkum fihə cəməlun hinə turihunə və hinə təsrahun.

"...Onları axşam gətirərkən; sabah apararkən, sizin üçün bir gözəllik (zinət) vardır..." ayətinin ifadə etdiyi xüsusdur.

(Turihunə sözünün kökü olan) "irahə": "dəvəni, axşam, tövləsinə gətirmək" mənasına gəlir. Çünki, dəvə, gecə, axırına sığınır. Yenə, ərəb dilində, insanlar, dəvələri otlaqlara apardıqlarında, "Sərahə'l-qavmu iblihim sərhən" deyirlər. (İmam, burda, "Təsrahun" sözünə diqqət çəkməkdədir.)

Dilçi alimlər, belə deyirlər:

"Axşam, dəvəni axıra gətirmək işi, yağış yağıb otlar çoxalıb ərəblər otlaqlarda davar otlatmaq üçün çıxdıqları bahar günlərində çox olur. Heyvanlar, xüsusilə bu günlərdə, çox gözəl olurlar."

Bil ki, onların gözəlliklərindən istifadə şəkli, belədir:

Çoban, o heyvanları, axşam axıra gətirib, sabah da axırdan otlağa buraxınca, o heyvanlar, bu gətirilmə və sonra da otlağa buraxılma sırasında, bir gözəllik ərz edirlər. Və o otlaqlar, o qoyun və dəvələrin səslərilə əks-səda verir. Bax bu əsnada, onların sahibləri sevinir; onlara malik olmalarından dolayı da, insanlar qatındakı təsiri və dəyəri çoxalır.

Əgər: "Allah, nə üçün heyvanları axıra gətirməyi, onları otlağa buraxmaqdan əvvəl zikr etmişdir?" deyə soruşularsa, belə deyərik:

Davarı axıra gətirmədəki gözəllik, daha çoxdur. Çünki, o heyvanlar, qarınları doymuş və döşləri südlə dopdolu olaraq gəlirlər. Sonra da, o axırda, sahiblərini, toplu bir şəkildə gözləyirlər. Ancaq, axırdan otlağa göndərmək, belə deyildir. Çünki, o heyvanlar, otlağa, ac və südsüz olaraq çıxır; sonra da, dağılıb yayılmağa başlayırlar. Beləcə, heyvanların axıra alınmasındakı gözəlliyin, onların otlağa buraxılmasındakı gözəllikdən daha çox olduğu ortaya çıxır.

• İkinci fayda:

Və təhmilu əsqaləkum ilə bələdin ləm təkunu bəliğihi illə bişiqqi'l-ənfus. İnnə Rabbəkum lə Raufun Rahim.

Yəni:

"Onlar, yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Şübhəsiz ki, Rəbbiniz, Rauf (çox şəfqətli), Rahim (mərhəmətli)'dir." ayəsi haqqında, 2 məsələ vardır:

✓ Birinci məsələ:

Not: İmam, burda, ayəni qrammatik cəhətdən təhlil etdiyinə görə, bu qismi keçirik.

✓ İkinci məsələ:

Vəlilərin kəramətini inkar edənlər, bu ayətə istinad edərək, belə demişlərdir:

"Bu ayət, insanın, bir diyardan başqa bir diyara keçməsinin, çox çətinlik (və ya yarı canlılıq) və yükləri dəvələrə yükləməklə mümkün ola biləcəyinə dəlalət etməkdədir."

Halbuki, kəraməti qəbul edənlər isə, buna, belə cavab vermişlərdir:

"Vəlilər, bir gecədə, hər hansı bir yorulma olmadan və hər hansı bir çətinliyə də qatlanmadan, bir diyardan uzaq olan başqa bir diyara keçə bilərlər." (Yəni, tayy-u məkan/məkanı atlamaq).

Beləcə, bu xüsus, bu ayətin ifadə etdiyinin əksinə olan bir xüsus olur ki, beləcə də, bu iddia, batil olur.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 13 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR