Zariyat surəsi 56-57-58-ci ayələr (2)
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ • مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن • إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ
"Mən, cinləri və insanları, ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən, onlardan ruzi istəmirəm. Mən, onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah, Razzəq (ruzi verən)'dir, qüvvət sahibidir, Mətindir." (Zariyat/56-57-58)
--------------------------
✓ 56-cı ayənin təfsiri:
Bu ayədə, bir çox incəliklər vardır. Biz, onları, təfsilatlı bir şəkildə ələ alır və deyirik ki:
Bu ifadənin, daha əvvəlki qisim ("Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir." Zariyat/55 ayəti) ilə münasibəti xüsusunda, bu izahlar verilə bilər:
a. Allah Taala, "Sən xatırlat." buyurunca, bu, "Xatırlatmağın ən iləri şəkli, məxluqatın, ancaq ibadət üçün yaradıldığını xatırlatmaqdır. Bundan dolayı, insanın yaradılmasının qayəsi, qulluq etməsidir. O halda, Sən, onlara, bu qayələrini xatırlat, və onlara, bunun xaricində qalan hər şeyin, zamanı boş keçirmək olduğunu bildir." mənasına gəlir.
b. Biz, dəfələrlə, peyğəmbərlərin işinin, əsasda 2 şeyə, yəni, Allaha ibadət etmək və insanları doğruya hidayət etmək ilə bağlı olduğunu bildirmişdik. Bundan dolayı, Haqq Taala, "O halda, onlardan üz çevir. Artıq Sən, qınanacaq deyilsən." (Zariyat/54) buyurunca, hidayət vəzifəsinin, ümidsizlik və hidayət yolunu tutacaq kimsənin olmaması halında, saqit ola biləcəyini (yəni, düşəcəyini) bildirmiş olmaqdadır. Ancaq ibadətə gəlincə, bu, davamlıdır, heç vaxt düşməz. Məxluqatın yaradılışı da, sırf ibadət üçündür. Halbuki, yaratma işi, hidayətdən dolayı deyildir. O halda, bu: "Sən, o xüsusda, gücünü, son nöqtəsinə qədər istifadə etdikdən sonra, artıq, insanları doğru yola hidayət etmə işini buraxıb, əsas vəzifə olan ibadəti yerinə yetirdiyində, qınanmazsan." deməkdir.
c. Allah Taala, əvvəlkilərin yalanlamalarından (Zariyat/52-53) bəhs edincə, onların etdiklərinin pis bir iş olduğunu bildirmək üçün, bu ayəti zikr etmişdi. Çünki onlar, Allaha ibadət etməyi tərk etmişdilər. Halbuki onlar, sırf ibadət etsinlər deyə yaradılmışdılar.
Bu ayətin təfsirilə bağlı, bir neçə məsələ vardır:
• Birinci məsələ:
Mələklər də, mükəlləf (varlıq)'lar arasındadırlar. Allah, onların yaradılmasındakı ən böyük faydanın, ibadət olmasına baxmayaraq, (bu ayədə), onlardan bəhs etməmişdir. Onların yaradılmalarının məqsədi, ibadət olduğu üçün, Haqq Taala,
...بَلْ عِبَادٌ مُّكْرَمُونَ
"Əksinə, onlar, mükrəm/kərəm edilmiş qullardır." (Ənbiya/26); və
...وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ...
"...Onun yanında olanlar (yəni, mələklər), Ona ibadət etməyə təkəbbür göstərmir və bundan yorulmurlar." (Ənbiya/19)
buyurmuşdur.
Bundan dolayı, mələklərin, bu ayədə (Zariyat/56-da) zikr edilməməsinin hikməti, nədir?
Biz, deyirik ki, buna, bir neçə cəhətdən cavab vermək, mümkündür:
1. Biz, verdiyimiz izahların birində, bu ayətin, özündən əvvəlki ayələrlə münasibətinin, kafirlərin, yaradılış məqsədlərini yerinə yetirməmələrinin pisliyini bəyan etmək olduğunu açıqlamışdıq ki, (bu ibadət vəzifəsini) yerinə yetirməməkdən dolayı meydana gələn pislik də, cinlərə və insanlara məxsusdur. Çünki cinlər arasında, küfr, daha çox yayğındır və onlardan kafir olanlar, möminlərdən daha çoxdur. Çünki biz, bu ayətin məqsədinin, onların pisliklərini və gördüklərin işin pisliyini ortaya qoymaq olduğunu bəyan etmişdik.
2. Peyğəmbər (sallallahu aleyhi və səlləm), cinlərə də peyğəmbər olaraq göndərilmişdir. Bundan dolayı, Haqq Taala, "Onlara xatırladılması lazım olan şeyi, yəni, yaratma işinin, ancaq ibadət üçün olduğunu xatırlat..." buyurunca, Muhamməd (sallallahu aleyhi və səlləm)'in ümmətini xüsusilə zikr etmişdir ki, bunlar da, cinlər və insanlardır.
3. Bütpərəstlər, "Şanı uca olan Allah, mələkləri yaratmış və onları, Özünə yaxın qılmışdır. Bundan dolayı, mələklər, Allaha ibadət edirlər və onların yaradılışları da, Ona ibadət etmə qayəsinə mətufdur. Biz isə, dərəcəmiz aşağı olduğu üçün, Allaha ibadət etməyə layiq kimsələr deyilik. Bundan dolayı, biz, mələklərə; mələklər də, Allaha ibadət edirlər..." deyirlərdi. Bax, bunun üzərinə, Haqq Taala da: "Mən, cinləri və insanları, Mənə ibadət etsinlər deyə yaratdım." buyurmuş; beləcə də, mələklərdən bəhs etməmişdir. Çünki, mələklər haqqındakı hal, o Məkkə müşrikləri arasında müsəlləm/təslim və qəbul edilmiş bir şey idi...Bundan dolayı, Allah, haqqında ixtilaflı olan xüsusu dilə gətirmişdir.
4. Ayədəki "cin" ifadəsinin, mələkləri də ehtiva etdiyi; çünki cin kəliməsinin kökünün "görünməmək" mənasında olduğu; dolayısı ilə, mələklərin də, digər canlılar tərəfindən görülmədiyi iləri sürülmüşdür. Bu izaha görə, ayətdəki cin ifadəsinin əvvəl gətirilməsi, mələklərin də bu məfhumun muhtəvasına girmiş olmasından və ixlas və ibadətlərinin çox iləri dərəcədə olmasından dolayıdır.
✓ İkinci məsələ:
Hansı hikmətdən dolayı, ayətdə, cinlər, insanlardan əvvəl zikr edilmişdir?
Biz deyirik ki: Bu xüsusda, bu izahlar verilə bilər:
a. Bunların bir qismi, birinci məsələdə keçdi.
b. İbadət, gizli və açıqdan olmaq üzərə, 2 qismə ayrılır. Gizli edilən ibadətlərin, açıqdan edilən ibadətlərə bir üstünlüyü vardır. Cinlərin ibadəti isə gizli olub, o ibadətlərin içinə, böyük nisbətdə riya girməz. İnsanların ibadətlərinə gəlincə, bu ibadətlərin içinə, riya qarışa bilər. Çünki insan, Allaha, bəzən həmcinsindən (insanlardan) dolayı, onlar üçün ibadət edər. Bəzən də, cinlərdən xəbər almaq, yaxud da onlardan qorxduğu üçün ibadət edər. Halbuki cinlər, belə deyildir.
✓ Üçüncü məsələ: Allahın fellərində qayə axtarmaq:
Allah, gördüyü işləri, hər hansı bir məqsəddən dolayı etməz. Əks halda, o məqsədlə, Özünü tamamlamış olar. Halbuki, Haqq Taala, bizatihi/Zatı etibarı ilə kamildir. O halda, Allahın əmrləri üçün necə bəzi məqsədlər, səbəblər düşünülə bilər?
Biz deyirik ki, mötəzilə, bu ayəyə istinad etmiş və: "Allahın felləri, bəzi məqsədlərdən dolayıdır." demiş; və bu görüşü qəbul etməyənlərə rəddiyyə xüsusunda da iləri getmişlərdir.
Biz isə deyirik ki, bu xüsusda, bu izahlar verilə bilər:
1. Təlil (bir şeyi, səbəbə bağlamaq), ləfzi və mənəvi olmaq üzərə, ikiyə ayrılır. "Ləfzi", hər nə qədər həqiqətdə, o iş, ondan ötürü, onun üçün olmasa da; o işi idarə edən, ona baxanın ona bu adı verməsi; onun səbəbinin, bu olduğunu söyləməsidir. Bunun misalı, budur:
Bir hökmdar, öz diyarından çıxıb düşmən diyarına girsin, qəlbində də, başqa bir şey deyil, (bu hərəkətilə), sırf əskərini yormaq qəsdi olmuş olsun...Bundan dolayı, əsasən məqsəd bu olduğu halda, ləfzən, bu, illət/səbəb olmağa əlverişli deyildir.
İndi, bu kimsə (yəni, padşah): "Mən, ancaq, bir qarşılıq əldə etmək üçün və yaxud da bir faydadan istifadə etmək üçün səfər etdim..." deyəcək olsa, "Bu, bir şey deyil və bu iş də, bu (səbəbə) bağlana bilməz." deyilər. Ancaq, bir kimsə, belə yerlərdə, düşmən diyarına girib onları qorxutmaq üçün səfərə çıxdığını söyləsə, iləri sürdüyü bu səbəb, təsdiq olunar.
O halda, "ləfzi səbəb": "mötəbər olan bir mənfəəti, özündə mənfəət olan bir işin illəti və səbəbi qılmaq"dır.
Hər nə qədər həqiqətdə belə bir kar etmə bəhs mövzusu olmasa belə; başlanğıcda, "Qazanmaq üçün ticarət etdi..." deyilir.
Bunu yaxşıca qavradığına görə, indi, biz deyirik ki:
Həqiqətlər, insanlarca (tam olaraq) bilinə bilməzlər. Nass'lardan başa düşülən şey, onların ləfzi mənalarıdır. Nə var ki, bir şeydə bir fayda olduğunda, onu, ləfzən bir illət qəbul etmək doğru olur. Münaqişə isə, ləfzdə yatan həqiqət xüsusundadır.
2. Bu, eynilə, Allah kəlamında keçən "təmənni" və "tərəcci (ümid etmə, ummaq)" kimi bir təqdirdir. Buna görə, Haqq Taala, sanki belə demək istəmişdir: "Məxluqat nəzdində ibadət, bir şeydir. Əgər o, sizin fellərinizdən olsaydı, bu felin, ibadət üçün olduğunu söyləyərdiniz. Bu, eynilə Haqq Taala'nın,
~ "Umulur ki, nəsihət alar." (Taha/44) ayətini, "Siz, onun, nəsihət almasını ümid edə bilərsiniz." şəklində; və
~ "Umulur ki, Rəbbiniz, düşməninizi həlak edəcək." (Əraf/129) ayətini də, "Siz, Onun həlak etməsini uma bilərsiniz." şəklində
təfsir etməyiniz kimidir. Beləcə, sizlər, bu işin yaxın olduğunu söyləyə bilərsiniz.
3. Lam (ayədəki səbəb bildirmək mənasında çevirdiyimiz li hərfi), məsələn, Haqq Taala'nın,
أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ...
"Günəşin batmağa meyl edəndən...namazını qıl..." (İsra/78); və
...فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ...
"Onları, iddətlərinə doğru boşayın..." (Talaq/1)
ayələrində olduğu və bununla, "yaxınlaşmaq" mənası qəsd edildiyi kimi; illət və səbəb olmağa əlverişli olmayan yerlərdə də ola bilər ki, belə yerlərin hamısında da belədir. (Yəni, mövcuddur, ancaq illət deyildir.) Buna görə, məna,
"Yaratma işi, ibadətlə iç-içədir. Yəni, ibadətin fərziyyətilə iç-içədir."
demək olub, bu da, "Mən, onları yaratdım və onlara, ibadət etmələrini fərz qıldım." deməkdir. (haşiyə)
...Bu xüsusdakı təfsilat, müfəssirə deyil; etiqad əsaslarından bəhs edən kəlam aliminə buraxılmışdır.
---------------------
(Haşiyə:
Dəyərli oxuyucu! İllət məsələsi, Əşarilər, Maturidilər və mötəzilə arasında ixtilaflı olduğu üçün, sözü burda uzatmırıq. İstəyən, kəlam kitablarına müraciət edə bilər.)
------------------
✓ Dördüncü məsələ:
Haqq Taala,
~ Həm, "Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." (Hucurat/13); buyurmuş;
~ Həm də, bu ayətdə, "Mənə qulluq etsinlər deyə yaratdım." buyurmuşdur.
Bundan dolayı, bu 2 ifadə arasında, bir fərq vardırmı?
Biz deyirik ki:
Xeyr, yoxdur. Çünki, Allah Taala, o insanları, böyük-böyük xalqlar qılmasını, bir-birilərini tanımaları səbəbinə bağlamış; burda da, onları yaratma işini, ibadət məqsədinə bağlamışdır...
Haqq Taala'nın, Hucurat/13-dəki "Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız, Ondan ən çox qorxanınızdır." buyruğu, burda ələ aldığı şeyin dəlilidir. Çünki insan, ən müttəqi/Allahdan ən çox qorxan, çəkinən olduğu zaman, əməl cəhətindən də, ən çox ibadət edən və ən çox ixlaslı olan olmuş olur. Beləcə də, ondan istənilən, varlıq aləmində ən mükəmməl şey olmuş olur. Dolayısı ilə, bu kimsə, ən kərim və ən qiymətli kimsə olmuş olur. Bu, eynilə, mənfəəti, bir fayda olub, lakin o mənfəəti meydana gətirən cüzlərin/parçaların bəzisinin, o faydanın bütünü içində daha çox faydalı və mənfəətli olan bir şey kimidir...Məsələn, su, təmizlənmək və içmək üçün yaradılmışdır. Bax bu mənfəət içində, saf su, daha çox faydalıdır. Beləcə də, bu saf su, başqa sudan, daha qiymətli olmuş olur. Özündən istənilən şeyin, özündə iləri dərəcədə mövcud olduğu qul da, bunun kimidir.
✓ Beşinci məsələ:
"Cinlərin və insanların, özü səbəbilə yaradılmış olduğu o ibadət, nədir?" deyə soruşulacaq olarsa, belə deyərik:
Bu:
~ Allahın əmrinə, ola bildiyi qədər hörmət göstərmək;
~ Məxluqatına qarşı da, şərəfli olmaq
deməkdir. Çünki:
Şəriətin bütün hökmləri, bu 2 cür şeydən xali/boş, uzaq deyildir.
İbadətlərin xüsusiyyətlərinə gəlincə, bu xüsusdakı qanunlar, mövqe, şəkil, azlıq-çoxluq, zaman-məkan, şərtlər və rüknlər cəhətindən, fərqli-fərqlidirlər. Cəlal və kərəm sahibinə yaraşan təzim, əqlən bilinə bilməyəcəyinə görə, bu xüsusda şəri qanunlara sarılmaq və peyğəmbərlərin sözlərini götürmək gərəkdir. Çünki, Allah, ibadətin bu növü xüsusunda, qullarına peyğəmbərlər göndərmək və bu xüsusdakı yolları izah etmək surətilə lütf etmişdir. Ayətdəki, "li yə'budun/Mənə ibadət etmələri üçün" felinin mənası, "Məni tanımaları üçün..." şəklində olduğu da iləri sürülmüşdür. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bir qüdsi hədisdə,
كنت كنزا مخفيا فاردت ان ارف
Kuntu kənzən məxfiyyən, fə əradtu ən u'rafə.
Yəni:
"Mən, gizli bir xəzinə idim. Bundan dolayı, tanınmaq istədim." buyurduğu rəvayət edilmişdir.
-----------------------------
Əlavə:
İbadət nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ibad%C9%99t-n%C9%99dir
--------------------------------
--------------------------------
✓ 57-ci ayənin təfsiri:
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ
"Mən, onlardan ruzi istəmirəm. Mən, onlardan, Məni yedirtmələrini də istəmirəm."
Bu ifadədə, belə bir sualın cavabı mövcuddur. Yaratma işinin bir məqsəddən dolayı olması (Zariyat/56-ya bax), Allahın, bir ehtiyac içində olduğunu hiss etdirməkdədir. Bax bu səbəblə, Haqq Taala, sanki, "Mən, onları, Mənə yemək yedirsinlər deyə yaratmadım...Bu yaratmanın faydası, Mənə deyil; onlara aiddir." buyurmuşdur. Çünki, ağa cəhətindən qulun mənfəəti, ya ona mal qazanmaq, yaxud da mövcud malını mühafizə etməsi cəhətindən, ağaya bir qazanc təmin etməsində yatmaqdadır. Çünki qul, əgər qazanc təmin edilməsi üçün əldə edilmişdirsə, indi, bu qul olmasaydı, ağası, işlərini görə biləcək birini kirayələmək ehtiyacı duyacaq; beləcə də, ona, bir qarşılıq vermək məcburiyyətində qalacaqdı. O halda, qul, ağasının malını mühafizə etmiş və onu, bir ücrət/qarşılıq verməkdən tox qılmışdır ki, bu da, bir qazanc təmin etməkdir. Bax bu səbəblə, Haqq Taala, "Mən, onlardan bir ruzi istəmirəm. Mənə (yemək) yedirmələrini də istəmirəm." buyurmuşdur ki, "İbadət etmələrini istəmək cəhətindən, Mən, nökərlərin ağaları kimi deyiləm. Tam əksinə, burda, onların ibadət etmələrində qazanc təmin edən, Mən deyil, onlardır." deməkdir.
Burda, belə bir izah da verilə bilər:
Bu, onların, ibadət üçün yaradılmış olduqlarını qəbullanmaqdır. Çünki, örfən bir işin, mütləq bir faydası bəhs mövzusudur. Nə var ki, qullar, 2 qismə ayrılırlar. Bunlardan:
~ bir qismi: sırf böyüklük və səltənətin izhar edilməsi üçün olurlar. Bunlar, hökmdarların sahib olduqları nökərlər kimidirlər...Kral, bunları, yedirdir, içirdir, səltənətinin hər tərəfində, bunlar üçün yer-yurd, gözəl şeylər və s. verir. Bundan məqsəd, onların, özünü təzim edib önündə əl bağlamalarıdır;
~ bir qismi də: ya ruzilərini əldə etmə, yaxud da ruziləri islah üçün, özlərindən faydalanılmaq məqsədilə əldə saxlanılır. Bax, bunun üzərinə, Haqq Taala: "Mən, onları yaratdım. Onlarda, mütləq bir mənfəətin olması lazımdır. İndi onlar, özləri haqqında bir düşünsünlər ki, onlar, özlərindən ruzi əldə edilmək istənən növdəndirlərmi? Halbuki onlar, belə deyillərdir. Yaxud onlar, bişirmək və sayəsində yeməyin ərz edildiyi süfrə kimi, özlərindən bir azuqənin uyğun hala gətirilməsi istənənlər qəbilindəndirlərmi? Halbuki bunlar, bu növdən də deyillər."
O halda, onlar, birinci qisim nökərlərdir. Bundan dolayı, onların təzimi, hörməti, ibadəti tərk etməmələri lazımdır.
Burda, bir neçə məsələ içində ələ alacağımız bəzi incəliklər mövcuddur:
• Birinci məsələ:
Ayətdə, 2 dəfə "iradə" (yəni, istəmirəm) felinin istifadə edilməsi, nə ifadə edir? Çünki, heç kimdən hər hansı bir ruzi istəməyən bir kimsə, o kimsənin, özünü yedirdib-içirməməsini də istəməmiş deməkdir.
Biz, deyirik ki:
Bu, bir az əvvəl bəhs etdiyimiz bu səbəbdən dolayıdır:
Ağa, bəzən, nökərindən, özü üçün qazanc təmin etməsini istəyər ki, bax bu, ondan ruzi istəməsi mənasına gəlir...Bəzən də, ağanın, nökərini qazanc təmin etməsində tox qılacaq bol malı olur. Nə var ki, ondan, ehtiyaclarının öz malından qarşılanması və yenə, öz malından olmaq üzərə özünə yeyəcək və süfrənin hazırlanması tələb edilmiş ola bilər. Bax bu səbəblə, ağa: "Səndən, nə onu istəyirəm, nə də bunu..." deyər.
• İkinci məsələ:
Haqq Taala, nə üçün, ruzi istəmə işini, yedirdib-içirmək işindən əvvəl zikr etmişdir?
Biz deyirik ki: bu, bəsitdən mürəkkəbə doğru çıxma halıdır. Və bu, eynilə, bir kimsənin: "Nə səndən və nə də səndən daha güclü olandan kömək istəyirəm." deməsi kimi olur ki, bu, tərsinə çevrilə bilməz. Və yenə, "Filankəs, əmirlərə, hətta sultanlara ehsan edir..." deyilir ki, bu da, tərsinə çevrilə bilməz. Bax, bu səbəblə, Haqq Taala burda, "Mən, sizdən ruzi istəmədiyim kimi; bundan daha aşağı olanını da istəmirəm..." demişdir ki, bu daha aşağı olan da, ağanın hüzurunda, ona bir yeməyin ərz edilməsidir. (Allah da, ayədə, bunu nəfy etmişdir). Çünki, hər nə qədər kəsb, qullardan istənməsə də, bu, yəni, yemək hazırlama, onlardan çoxca istənən bir xüsusdur.
• Üçüncü məsələ:
Haqq Taala, əgər, "Mən, onlardan, Məni ruziləndirmələrini istəmirəm." və "Mən, onlardan yemək də istəmirəm." demiş olsaydı, bu məna, yenə əldə edilmiş ola bilərdimi? (haşiyə)
---------------------
(Haşiyə:
~ Ayədə, "مَآ أُرِيدُ أَن يُطْعِمُونِ / mə uridu ən yutimun / Məni yedirmələrini istəmirəm" yerinə, مَآ أُرِيدُ ان يرزقون / mə uridu ən yərzuqun / Məni ruziləndirmələrini istəmirəm." ifadəsini istifadə etsək, (ayədəki) məna, yenə əldə edilə bilərdimi?
~ Yenə, ayədə, مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ / mə uridu minhum min rizqin / Mən, onlardan, ruzi istəmirəm." yerinə, مَآ أُرِيدُ مِنْهُم الطعام / mə uridu minhumu't-taam / Mən onlardan təam/yemək istəmirəm." ifadəsi istifadə edilsəydi, (ayədəki) məna, yenə əldə edilə bilərdimi?
-----------------
Biz deyirik ki:
Verdiyimiz təfsilatlı açıqlamalar cəhətindən məsələyə baxsaq, xeyr, əldə edilə bilməz. Çünki:
Bir işlə məşğul olub zənginlik əldə etməyən kimsə; məşğul olmasa da, zənginlik əldə edən kimsə kimi ola bilməz. Bu, çalışıb-çabalayan bir nökərin ehtiyacından ötürü, işi tərk edib, işi qazanmaq olduğu zaman, özündən ötürü ağasını razı edəcəyi bir qaynaq tapan nökərin halına bənzəyir. Lakin, özündən, felin şəxsən özündən ötürü, o işi görməsi istənilən kimsəyə gəlincə, ki, məsələn, ac olan bir kimsənin, nökərini, yeyəcək hazırlamaq üçün göndərib, nökərin, bir qaynaqdan mal əldə etməklə məşğul olması halında, bir çox dəfə ağasının, onun bu halından razı olmaması kimidir. O halda, ayədəki ruzidən məqsəd, zənginlikdir. Dolayısı ilə, Allah Taala, bunu, fel ilə ifadə etmədi. Halbuki, yedirmə işindən məqsəd, o felin şəxsən özüdür. Dolayısı ilə, Allah Taala, bunu, fel ilə ifadə etməlidir. Halbuki, yedirmə işindən məqsəd, o felin şəxsən özüdür. Dolayısı ilə, Allah Taala, bunu, fel ilə ifadə edib, مَآ أُرِيدُ أَن يُطْعِمُونِ / mə uridu ən yutimun / Məni, yedirmələrini istəmirəm." dedi; "yemək istəmirəm" demədi.
• Dördüncü məsələ:
Ayədə qəsd edilən xüsus, sən (Razi)'nin bəhs etdiyi xüsus olduğuna görə; və onlardan istənilən şey, təzimdən başqa bir şey olmadığına görə, xüsusilə "yedirmə işi"nin zikr edilməsindəki fayda, nədir?
Deyirik ki:
Haqq Taala, birinci istək xüsusunda, işi ümumiləşdirincə, "من رزق / min rizqin / ruzidən" kəliməsilə kifayətlənmişdir. Çünki, bu kəlimə, ümum ifadə etməkdədir. Bax bu səbəblə, Haqq Taala, təzimə də bir işarət etmiş və beləcə, yedirmə işini zikr etmişdir. Çünki, görülən işlərin dərəcələrinin ən böyüyüyü, ağasının, nökəri və ya cariyəsindən, yemək işini hazırlaması xüsusunda kömək istəməsidir. Ən kiçik felin qəbul edilməməsini, istər-istəməz, ən üstün felin qəbul edilməməsi, izləməkdədir. Buna görə, Haqq Taala, sanki "Mən, onlardan, nə bir mal, nə də bir iş istəmirəm." demiş olur.
• Beşinci məsələ:
Bəhs etdiyimiz üzərə, istənilən şeylər, söylədiyin o şeylərlə məhdud deyildir. Çünki, ağa, nökərini, bəzən, ondan nə bir iş istəmək, nə bir ruzi istəmək, nə də onun təzim etməsini istəmək üçün alar. Əksinə, onu, ticarət üçün və kar əldə etmək üçün alar.
Deyirik ki:
Haqq Taala'nın, "Mən, onlardan bir ruzi istəmirəm." ayətinin ümumi olması, bunu da ehtiva edir. Çünki, ticarət məqsədilə nökər alan kimsə, ondan, eyni zamanda, ruzi də əldə etmək istəmiş olur. (haşiyə)
--------------------------------
(Haşiyə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zariyat-sur%C9%99si-56-57-58...
--------------------------------
--------------------------------
✓ 58-ci ayənin təfsiri:
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ
"Həqiqətən, Allah, Razzəq (ruzi verən)'dir, qüvvət sahibidir, Mətindir."
Bu ayə, bir əvvəlki ayədə bəhs edilən o 2 şeyin səbəbini göstərməkdədir. O halda:
~ "O, Razzəq'dir." ifadəsi, Allah Taala'nın ruzi istəməməsinin;
~ "O, qüvvət sahibidir." ifadəsi də, hər hansı bir şey istəməməsinin
səbəbidir. Çünki:
~ ruzi istəyən kimsə, möhtac olur;
~ başqasından bir iş görməsini istəyən kimsə də, gücü-qüvvəti olmayan aciz olur.
Dolayısı ilə, Haqq Taala, sanki, "Mən, onlardan ruzi istəmirəm. Çünki Mən, zatən Razzəq'əm. Mən, onlardan iş də istəmirəm. Çünki Mən, zatən qüvvət sahibiyəm." demişdir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihul-Ğeyb" təfsiri, -müxtəsər bir şəkildə-)
