Əhzab surəsi 72-ci ayətin təfsiri

إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًا جَهُولًا

"Biz, əmanəti, göylərə, yerə və dağlara ərz etdik. Onlar, bundan qorxuya düşüb onu yüklənmək istəmədilər. (Ancaq) onu, insan yükləndi. Çünki o, çox zalım və çox cahildir." (Əhzab/72)

---------------------

Təfsiri:

"Əmanət": bu xüsusdakı ən səhih görüşə görə, "dinin bütün vəzifələri"ni əhatə etməkdədir.

Tirmizi əl-Hakim əbu Abdullah, belə rəvayət edir:

...Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

- Uca Allah, Adəmə: "Ey Adəm!" deyə buyurdu. "Şübhəsiz ki, Mən, əmanəti, göylərə və yerə təklif etdim. Onlar, buna güc çatdırmadılar. Sən, içindəki muhtəvası ilə bərabər onu yüklənərsənmi?"

- Adəm: "İçində nələr var, ey Rəbbim?" deyə soruşdu.

- uca Allah: "Əgər sən, bunu yüklənərsənsə, əcr alarsan. Buna riayət etməzsənsə, əzab edilərsən." deyə buyurdu.

Adəm, içindəkilərlə bərabər, onu yükləndi. Ancaq, cənnətdə, sadəcə ilk namaz ilə əsr namazı arası qədər bir müddət qaldı. Sonra da, şeytan, Onun ordan çıxmasına səbəb oldu. (Muhamməd b. Nasr əl-Mərvəzi, "Tə'zim-u Qadri's-Salət", l, 473-474; Deyləmi, "əl-Firdovs", lll, 175)

Buna görə, "əmanət": "uca Allahın, qullarına əmanət olaraq verdiyi fərzlər"dir.

Bunların bəzilərinin təfsilatı xüsusunda, görüş ayrılıqları vardır. (Belə ki):

~ ibn Məsud (radiyallahu anh), deyir:

"Bu ayə, əmanət olaraq qoyulan şeylər və bənzəri mal əmanətləri haqqındadır."

Yenə Ondan, "Bu, bütün fərzlərdir. Bunların ən ağırı isə, mal əmanətidir." dediyi də rəvayət edilmişdir.

~ Ubeyy b. Ka'b, deyir:

"Qadına, fərci (namusu, iffəti) xüsusunda güvənilməsi, əmanətin bir qismini təşkil edir."

~ əbu'd-Dərda (radiyallahu anh), belə deyir:

Cünubluqdan yuyunmaq, bir əmanətdir. Şanı uca olan Allah, dinindən, ondan başqası xüsusunda, Adəm oğluna güvənməmişdir. Mərfu bir hədisdə də, belə buyurulmaqdadır:

'Əmanət, namazdır.' (ibn Kəsir, "Təfsir", lll, 523)

İstəyərsənsə, 'Namaz qıldım.' deyərsən; istəyərsənsə də, 'Qılmadım.' deyərsən. Oruc və cünubluqdan yuyunmaq da, belədir.

~ əs-Süddi, deyir:

Burdakı əmanətdən məqsəd: "Adəmin, oğlu Qabilə, digər oğlu və ailə xalqı haqqında olan güvəni"dir. Buna qarşılıq, Qabilin, öz qardaşını öldürmək surətilə ona xainlik etməsidir. Çünki, uca Allah, ona: "Ey Adəm! Mənim yer üzündə bir evim olduğunu bilirsənmi?" deyə buyurmuşdu. Adəm: "Xeyr, Allahım!" demişdi. Uca Allah, belə buyurmuşdu: "Mənim, Məkkədə bir evim var. Ora get." Bunun üzərinə, Adəm, səmaya: "Əmanət olaraq, oğlumu qoru." demiş; səma isə, qəbul etməmişdi. Yerə: "Əmanət olaraq oğlumu qoru." demiş; yer də qəbul etməmişdi. Dağlara da eyni şeyi söyləmiş; dağlar da qəbul etməmişdi. Bu səfər, Adəm, Qabilə: "Əmanət olaraq, oğlumu qoru." demiş; o da: "Qoruyaram." deyə cavab vermişdi. "Get və gəl, oğlunu, Səni razı salacaq bir şəkildə görəcəksən." demiş; lakin Adəm geri qayıtdığında, Qabilin, qardaşını öldürmüş olduğunu görmüşdü. Bax, şanı uca olan Allah: "Biz, əmanəti, göylərə, yerə və dağlara ərz etdik. Onlar, onu yüklənmək istəmədilər..." ayəsində qəsd edilən, budur.

~ Ma'mər'in, əl-Həsən'dən rəvayət etdiyinə görə, əmanət, göylərə, yerə və dağlara təklif edildiyində, onlar: "Əmanətdə (yəni, əmanətin muhtəvasında) nə var?" deyə soruşmuşlardı. Onlara: "Yaxşılıq edərsənsə, mükafat görərsən; pislik edərsənsə, cəzalandırılarsan." deyildi. Bu səfər, bunlar: "Xeyr (yəni, qəbul etmirik)." dedilər.

~ Mücahid deyir:

Uca Allah, Adəmi yaradınca, ona, əmanəti təklif etdi. O: "Əmanət, nədir?" deyə soruşdu. Uca Allah, belə buyurdu: "Əgər yaxşılıq edərsənsə, sənə mükafat verərəm. Əgər pislik edərsənsə, səni cəzalandıraram." Bunun üzərinə, Adəm: "Mən də, onu yükləndim, ey Rəbbim." deyə cavab verdi.

Mücahid deyir:

"Onun, bu əmanəti yüklənməsilə cənnətdən çıxarılması arasında keçən müddət, sadəcə, zöhr ilə əsr namazı arası qədər idi."

~ Əli b. Talha'nın, ibn Abbas (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, o, uca Allahın: "Biz, əmanəti, göylərə, yerə və dağlara ərz etdik..." ayəti haqqında, belə demişdir:

Əmanətdən məqsəd, "fərzlər"dir. Uca Allah, bunu, göylərə, yerə və dağlara təklif etdi. Əgər əskiksiz olaraq əmanətin gərəyini yerinə yetirərlərsə, onları mükafatlandıracağını; onu zay edəcək olarlarsa, əzablandıracağını söylədi. Bu işi xoş görmədilər və çəkindilər. Ancaq bu, bir günah qəsdilə deyil; gərəyini yerinə yetirməzlər qorxusu ilə uca Allahın dinini təzim etdiklərindən dolayı belə davranmışlardı. Daha sonra, uca Allah, bu əmanəti, Adəmə təklif etdi. O da, əmanəti, içindəkilərlə bərabər qəbul etdi.

Nəhhas'ın bildirdiyinə görə, təfsir alimlərinin qəbul etdiyi görüş də, məhz budur.

~ Bir digər izah da, belədir:

Adəm (əleyhissəlam)'ın vəfatı yaxınlaşdığında, əmanəti, məxluqata təklif etməsi əmr olundu. O da, bu əmanəti götürmələri üçün təklif etdi. Lakin uşaqlarından başqa heç kim, Onu qəbul etmədi.

~ Yenə, deyildiyinə görə:

Bu əmanət, uca Allahın, göylərdə, yerdə, dağlarda və məxluqatda paylaşdırmış olduğu Rububiyyətinə dair dəlilləri ortaya çıxarmalırıdır. Onlar da, bu dəlilləri, açıqca ortaya qoydular. Ancaq insan, bu dəlilləri gizlədi və inkar etdi. Bu izahı, bəzi mütəkəllim (kəlam alim)'ləri vermişlərdir.

"Ərz etdik..." ifadəsi, "açığa çıxardıq, izhar etdik" deməkdir. Necə ki, "Cariyəni, satışa ərz etdim." demək də, belədir. Yəni: "Biz, əmanəti və əmanətin gərəyinin yerinə yetirilməsini, göylərdə və yerdə olan mələklərə, insanlara və cinlərə ərz etdik (yəni, açıqladıq); onlar, bunu yüklənmək istəmədilər. Yəni yükünü daşımağa yaxın durmadılar. Necə ki, uca Allah, belə buyurmaqdadır:

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ...

"Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar..." (Ənkəbut/13)

"...Ancaq onu, insan yükləndi..."

Burda, "insan"dan məqsəd, əl-Həsən'in dediyinə görə, "kafir""münafiq"dir. "Çünki o..." nəfsinə, "çox zalım və" Rəbbi haqqında da "çox cahildir".

Buna görə, (göylərin, yerin və dağların) cavabı, məcazi bir ifadə olur. "O kənddən soruş..." (Yusuf/82) ayətində olduğu kimi...

~ Bu xüsusda bir digər cavab da, belədir:

Bu, həqiqətdir. Həqiqətən, uca Allah, göylərə, yerə və dağlara, əmanəti və əmanətin zay edilməsi (halında, cəza və mükafatını) ərz etmiş (açıqlamış)'dır. Bu da, mükafat və cəzadır. Yəni, onlara bu xüsusları açıqladığı halda, onlar, bu yükün altına girməyib bundan qorxdular və belə dedilər: "Biz, nə mükafat istəyirik, nə də cəza."

Hər biri də: "Bu, altından qalxa biləcəyimiz bir iş deyildir. Biz, Sənin əmrini dinləyənlərik. Bizə vermiş olduğun əmrlərdə və bizi boyun əydirdiyin xüsuslarda, Sənə itatə edirik."

Bu açıqlamanı da, əl-Həsən vermişdir.

~ Alimlər, belə deyirlər:

Cansız varlıqların heç bir şey başa düşmədikləri və cavab verə bilmədikləri, bilinən bir xüsusdur. Bu son görüşə görə, onların həyat sahibi olduqlarının qəbul edilməsi, qaçılmaz bir şeydir.

Burda bəhsi edilən ərz və təklif, bağlayıcı olmaq üzərə edilmiş bir təklif deyil; muxayyər (seçimində sərbəst) buraxan bir üslubla edilmiş bir təklifdir. İnsana edilən təklif isə, bağlayıcı bir surətdə edilmişdir.

~ əl-Qaffal əş-Şaşi və başqaları isə, belə demişlərdir:

Bu ayədəki ərz etmək, bir misaldır. Yəni, göylər və yer böyüklüklərinə baxmayaraq, əgər mükəlləf qılınmaları mümkün olsaydı, şəri hökmlərin altına girmək, onlara çox ağır gələrdi. Buna səbəb isə, bu hökmlərdəki mükafat və cəzadır. Yəni, təklif elə bir xüsusiyyətdədir ki, göylərin, yerin və dağların ondan aciz düşmələri bəhs mövzusudur. İnsana isə, bu mükəlləfiyyət verildi. Əgər o, ağlını istifadə edəcək olsaydı, çox zalım və çox cahil olduğunu başa düşərdi. Bu da, uca Allahın, bu ayələrinə bənzəməkdədir:

لَوْ أَنزَلْنَا هَـٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍ لَّرَأَيْتَهُۥ خَـٰشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ ٱللَّهِ...

"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin..." (Haşr/21) deyə buyurduqdan sonra,

وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

"Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr." (Haşr/21) buyurmaqdadır.

əl-Qaffal, dedi:

Uca Allahın, misallar çəkdiyi ortada olduğuna görə; ayrıca, ancaq bir misal olaraq başa düşülə biləcək xəbərlər də bizə varid olduğuna görə; bunu, ancaq bir misal olaraq qəbul etməliyik.

~ Bir qrup da, belə deyir:

Ayə, məcazi bir izahdır. Yəni, Biz, əgər əmanətin ağırlığını, göylərin, yerin və dağların gücü ilə qarşılaşdıracaq olsaq, bunların, əmanəti daşıya bilməyəcəklərini görərik; və əgər bunlar, danışacaq olarlarsa, bu işi qəbul etməz və bundan çəkinərlər. Bax, Allah Taala, bu mənanı: "Biz, əmanəti, göylərə, yerə və dağlara ərz etdik..." ayətilə dilə gətirməkdədir. Bu da, bir kimsənin: "Mən, yükü, dəvəyə ərz etdim; o, bu yükü qəbul etmədi." deməsinə bənzəyir. Halbuki, bu ifadə: "Yükün ağırlığı ilə dəvənin gücünü bir-birilə qarşılaşdırdım. Lakin gücünün, bu yükü daşımağa çatmayacağını gördüm." deməkdir.

"Ərz etdik..." ayətinin, əmanəti, göylər, yer və dağlarla qarşılaşdırdıq; lakin bunların, əmanəti daşıya bilməyəcək qədər zəif olduqlarını və əmanətin, öz ağırlığı ilə, bunlardan daha ağır olduğunu gördük, demək olur.

~ Bir digər açıqlamaya görə:

Əmanətin, göylərə, yerə və dağlara ərz edilməsi, Adəm (əleyhissəlam) tərəfindən olmuşdur. Belə ki:

Uca Allah, Adəmi, soyundan gələnlərə xəlifə qılıb; yer üzündə olan bütün heyvanlar, quşlar və yabanı heyvanlara hakim qılıb; Ona bəzi əhdlər edib; bu əhdlərdə Ona bəzi əmrlər verib; bəzi şeyləri, haram, bəzi şeyləri də, halal qılınca, O da, bunları qəbul etdi və bunların gərəyincə, əməl etdi. Ölüm vaxtı yaxınlaşınca, uca Allah'dan, özündən sonra yerinə kimi xələf buraxacağını bildirməsini və özünə yüklənmiş olan bu əmanəti kimə yükləyəcəyini bildirməsini istədi. Uca Allah, ona, bu işi, itaət etdiyi təqdirdə, mükafat; üsyan edəcəyi təqdirdə də, cəzalandırmaq şəklində Özündən alınmış eyni şərtlər ilə, göylərə ərz etməsini əmr etdi. Göylər, Allah Taala'nın əzabından qorxaraq, bu təklifi qəbul etmədilər. Daha sonra, eyni şəkildə, bunu, yerə və bütün dağlara ərz etməsini əmr etdi; bunlar da, qəbul etmədilər. Arxasından, bu işi, oğluna təklif etməsini əmr etdi; O da, bu işi, oğluna əmr etdi. Oğlu da, eyni şərtlə, bunu qəbul etdi. Göylərin, yerin və dağın çəkindiyi kimi; o, bu vəzifədən çəkinmədi. "Çünki o" öz nəfsinə qarşı "çox zalım və" Rəbbi üçün yüklənmiş olduğu vəzifənin aqibətini bilməyən "çox cahildir".

Tirmizi əl-Hakim əbu Abdullah Muhamməd b. Əli, deyir:

Mən, bu sözləri söyləyənin, bu qissəni hardan çıxardıb gətirdiyinə heyrət etdim...Çünki, bu xüsusdakı rəvayətlərə baxdığımız təqdirdə, rəvayətlərin, söylədiklərindən fərqli olduğunu görürük. Yenə, ayələrin zahirinə baxacaq olarsaq, ayələrin zahirinin də, söylədiklərinə uyğun düşmədiyini görürük. Çünki, o (yəni, bu hekayəni nəql edən), əmanətdən söz etdiyi halda; əmanətin nə olduğundan bəhs etməməkdədir. Bu qədər var ki, o: "Allah, Adəmi, yer üzündə olan bütün heyvanlar, quşlar və yabanı heyvanlara hakim qılıb; Ona bəzi əhdlər edib; bu əhdlərdə Ona bəzi əmrlər verib; bəzi şeyləri, haram, bəzi şeyləri də, halal qılınca..." sözlərilə, buna işarət etməkdə; Allah Taala'nın da, bu işləri, göylərə, yerə və dağa təklif etməsini əmr etdiyini iddia etməkdədir. Göylər, yer və dağlar, halal və haramı nə etsinlər (yəni, onların nəyinə lazımdır bunlar)? Heyvanlar, quşlar və yabanı heyvanlar üzərində hökmran olmağın mahiyyəti, nədir? Digər tərəfdən, bu işi, oğluna təklif edib oğlu da bunu qəbul edincə, ondan sonra, necə onun zürriyyətinin boyunlarına bir məsuliyyət olaraq qalmağa davam etmişdir? Quranda yer alan xəbərin başında bildirildiyinə görə, O, əmanəti, göylərə, yerə və dağlara təklif etdi. Onların bunu qəbul etmədikləri ortaya çıxdıqdan sonra, insanın bu əmanəti yükləndiyini bəhs mövzusu etdi. Yəni insan, bunu, özlüyündən qəbul etdi. Yoxsa, ona, bu iş yüklənmiş deyildir. Bundan dolayı, onun haqqında: "Çünki o" nəfsinə "çox zalım" və içindəki muhtəvadan xəbərsiz olduğu üçün "çox cahildir" deyilmişdir.

----------------

"Ancaq onu, insan yükləndi..."

Yəni, haqlarını yerinə yetirməyi, o üstləndi, deməkdir. Bunu edərkən, o, öz nəfsinə, çox zalımlıq etmişdi.

~ Qatadə deyir:

"Onun zalımlığı, əmanətə qarşı idi və o, altına girdiyi yükün miqdarını, bilmirdi."

ibn Abbas və ibn Cubeyr'in təvili, budur.

~ əl-Həsən, bunu: "Rəbbi haqqında, çox cahil idi." deyə açıqlamışdır.

~ Zəccac deyir:

"Bu təvilə görə, ayə, kafirlər və münafiqlər ilə, asilər (üsyankarlar) haqqındadır."

~ ibn Abbas və ashabı ilə əl-Dahhak və başqaları, belə demişlərdir:

"İnsan"dan məqsəd, Adəm'dir. O, əmanəti yükləndi; lakin, hələ 1 gün keçməmiş, özünün cənnətdən çıxarılmasına səbəb təşkil edən günahı işlədi.

Yenə, ibn Abbas'dan gələn bir rəvayətə görə, uca Allah, ona: "Bu əmanəti, içindəkilərlə bərabər yüklənərsənmi?" deyə soruşmuş; o: "İçində nə var?" deyə soruşmuşdur. Uca Allah, bu cavabı vermişdir: "Yaxşılıq edərsənsə, mükafatını alarsan; pislik edərsənsə, cəzalandırılarsan." Adəm, bu cavabı verir: "Mən, içindəkilərlə bərabər, onu, qulağım ilə çiynim arasındakı məsafədə yüklənməyi qəbul edirəm." Uca Allah, ona: "Şübhəsiz ki, Mən, sənə kömək edəcəm. Sənin gözünə bir pərdə çəkdim. Sən də, gözünü, sənin üçün halal olmayan şeylərə qarşı ört. Fəcrin üçün bir libas qıldım. Onu, sənə halal qıldıqlarımdan başqasına açma."

~ Bəziləri də, "insan"dan məqsəd, "bütün insan növü"dür, demişlərdir. Bu da, -daha əvvəl bildirdiyimiz üzərə- əmanətin ümumi olması ilə bərabər, gözəl bir açıqlamadır.

~ əs-Süddi isə: "İnsandan məqsəd, Qabildir." demişdir.

(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsiri, müxtəsər)

-----------------------

-----------------------

"Biz, əmanəti, göylərə, yerə və dağlara təklif etdik."

Müfəssirlər, bu ayətdə bildirilən əmanətin təvilində, çətin bir işə girərək, fərqli görüşlər bildirmişlərdir. Onlardan:

~ Bəziləri, belə demişlərdir:

Bu əmanət, kəlime-i şəhadət və tövhiddir.

~ Bəziləri də, belə demişlərdir:

Bu, Allahın, qullarına fərz qılmış olduğu bütün fərzlərdir.

~ Bəziləri, belə demişlərdir:

Bu, namaz, oruc, həcc və bənzəri, insanlara əmr və qadağan edilən bütün hər şeydir.

Lakin burda bildirilən və adı bildirilən varlıqlara təklif edilən əmanətin mahiyyəti xüsusunda danışmaqla məşğul olmaq və belə bir yükün altına girmək, çox da mühim bir iş deyildir. Bunun təvilinə dair, "qətiliklə budur" deyərək məsuliyyət altına girmək, gərəkli deyildir. Çünki, bu bəyan, mübhəm (açıq deyil)'dir. Ancaq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gələn bir rəvayətlə bilinə bilər. Yenə, bu bəyanın, təvililə məşğul olunmayacaq mənası gizli bəyanlardan qəbul edilməsi lazımdır. Allah, ən doğrusunu bilir...

Burda bildirilən əmanətin, göylərə, yerə və dağlara təklif edilməsi, onların bunu yüklənməkdən çəkinmələri və bundan qorxmalarına dair fərqli görüşlər iləri sürülmüşdür. (Belə ki):

~ Bəziləri, belə demişlərdir:

"Biz, əmanəti, göylərə, yerə və dağlara təklif etdik." Yəni: Burda bildirilən göylər, yer və dağların yaradılışını, bu bildirilən əmanəti yüklənə bilməyəcək şəkildə yaratdıq.

"Onlar, bunu yüklənmək istəmədilər." Yəni, bu, yaradılışdan gələn bir istəməməkdir. Yəni onlar, bunu daşıya biləcək bir yaradılışda yaradılmamışlardır.

"Onu, insan yükləndi." Yəni, insanı, bunu yüklənə biləcək bir yaradılışda yaratdıq.

Bəziləri, bu görüşü mənimsəmişlərdir.

~ Bəziləri isə, belə demişlərdir:

"Təklif etdik."

Bu bəyan, həqiqət mənasına görə, təklifi ifadə etməkdədir. Ancaq bu, bunu qəbul etmə, yüklənmək, yerinə yetirdiyində buna qarşılıq axirətdə savab, yerinə yetirmədiyində isə, qarşılığında cəza olması ilə bu əmanəti yüklənməmək, qəbul etməmək, dolayısı ilə, digər cansız varlıqlar kimi olmaq və dünyanın sonlanması ilə sonlanma, axirətdə nə savab, nə də cəzanın olması halı arasında bir tərcih mənasındadır. Yoxsa, bildirilən əmanətin, onlara zəruri bir şəkildə təklif edilmiş olması; sonra da, onların bunu istəməmiş və bundan qorxmuş olmaları, mümkün deyildir. Allah, bunları, başqa ayələrdə, itaət edən və boyun əyən varlıqlar olaraq vəsf etmişdir. Necə ki, belə buyurmuşdur:

ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ

"Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: 'Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!'– dedi. Onlar: 'Könüllü olaraq gəldik!'– dedilər." (Fussilət/11);

لَوْ أَنزَلْنَا هَـٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍ لَّرَأَيْتَهُۥ خَـٰشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ ٱللَّهِ...

"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin." (Haşr/21);

وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ

"Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik." (Ənbiya/79)

Buna bənzər ayələrdə, bu hal bildirilmişdir. Dolayısı ilə, əgər bəhsini etdiyimiz ayə, həqiqi mənası etibarı ilə təklif ifadə edirsə, bildirdiyimiz kimi, bu, tərcih etmə mənasına gəlir.

"Onu, insan yükləndi."

Dolayısı ilə, əgər bu əmanəti yerinə yetirərsə, ona savab; əgər yerinə gətirməzsə, cəza vardır.

~ Bəziləri də, belə demişlərdir:

"Biz, əmanəti, göylərə, yerə və dağlara təklif etdik." Yəni, əmanəti, göy əhlinə, yer əhlinə və dağ əhlinə təklif etdik. Lakin onlar, bunu yüklənmədilər. Ancaq bu varlıqlar içərisindən, insan, bu əmanəti yükləndi.

"Şübhəsiz, insan, çox zalım, çox cahildir."

Həsən əl-Basri, belə demişdir: "Özünə qarşı çox zalım; Rəbbinin əmrinə qarşı da, çox cahildir."

"Onlar, bundan qorxuya düşüb onu yüklənmək istəmədilər." Yəni, Allaha üsyan etməkdən çəkindilər və bundan qorxdular. Yəni, heç bir şəkildə, üsyan etmədilər.

"Onu, insan yükləndi." Yəni, insan, Rəbbinə üsyan etdi. Dolayısı ilə, burdakı yüklənmə, üsyandan və günahdan kinayə olaraq gətirilmişdir. Yenə, o, belə deyir:

Çünki, Quranda bəhs edilən yüklənmənin hamısı, günah və xəta xüsusundadır. Eynilə bu ayələrdə olduğu kimi:

~ وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبِعُوا۟ سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَـٰيَـٰكُمْ وَمَا هُم بِحَـٰمِلِينَ مِنْ خَطَـٰيَـٰهُم مِّن شَىْءٍ ۖ إِنَّهُمْ لَكَـٰذِبُونَ • وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْـَٔلُنَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ عَمَّا كَانُوا۟ يَفْتَرُونَ

"Kafirlər möminlərə: 'Bizim yolumuzla gedin, günahlarınızı, biz yüklənək'– deyirlər. Halbuki onların heç biri heç kimin günahını yüklənəcək deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar. Onlar həm öz günah yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri də daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər." (Ənkəbut/12-13);

~ لِيَحْمِلُوٓا۟ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ ٱلْقِيَـٰمَةِ ۙ وَمِنْ أَوْزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَآءَ مَا يَزِرُونَ

"Qoy onlar, Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini yüklənsinlər. Bax gör, daşıyacaqları yük necə də pisdir!" (Nəhl/25);

~ وَوَضَعْنَا عَنكَ وِزْرَكَ • ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ

"Yükünü səndən götürmədikmi? Onlar belini bükürdü." (İnşirah/2-3)

ibn Abbas (radiyallahu anh)'ın belə dediyi rəvayət edilmişdir:

Əmanət, "ibadət" deməkdir. Allah, göylərə, yerə və dağlara: "Ehtiva etdiyi nəticələrlə bərabər qulluq etməyə başlayacaqsınızmı?" deyə buyurdu. Onlar: "Ey Rəbbimiz! Qulluğun nəticələri, nələrdir?" deyə soruşdular. Haqq Taala: "Əgər yaxşılıq edərsənizsə, mükafat alarsınız; pislik edərsənizsə, cəzalandırılarsınız." deyə buyurdu.

"Onlar, bunu yüklənmək istəmədilər. Ondan qorxdular." Yəni, hürkdülər. Bu əmanət, insana təklif edildi. O, bunu qəbul etdi. Bu, Allahın, Adəm oğluna söylədiyi bu bəyandır:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَـٰنَـٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ

"Ey iman gətirənlər! Allaha və Onun Elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin." (Ənfal/27)

Allah və rəsuluna qarşı xainlik etmələri isə, Allahın onlara fərz qıldığı ibadətləri tərk etmələridir. Qatadə, belə deyir:

Allaha and olsun ki, əmanət edilən varlıqlarda, günah yoxdur. Lakin onlara deyildi ki: "Bunu yüklənib haqqını yerinə yetirəcəksinizmi?" Onlar da: "Buna, gücümüz çatmaz." dedilər. İnsana -ki, o, Adəmdir- deyildi ki: "Sən, bunu yüklənib haqqını yerinə yetirəcəksənmi?" O: "Bəli." dedi.

"Şübhəsiz o, çox zalım və çox cahildir." Çox zalımdır. Yəni, günah işləməsi xüsusunda, özünə qarşı. Çox cahildir. Yəni, yükləndiyi əmanətin nəticəsinə dair.

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri, müxtəsər)

Read 44 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR