Fussilət surəsi 11-ci ayətin təfsiri
ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ
"Sonra O, duman halında olan göyə tərəf yönəlib ona və yerə: 'İstəyərək və ya istəməyərək gəlin!'– dedi. Onlar: 'İstəyərək gəldik!'– dedilər." (Fussilət/11)
--------------------------
Təfsiri:
Əsər əshabı (yəni, hədis əhli), bunu nəql etmişdir:
"Göyləri və yeri yaratmadan əvvəl, Allah Taala'nın ərşi, su üzərində idi. (Belə ikən), o suda, bir hərarət halı meydana gətirdi. Bunun ardından, o sudan, bir köpük və bir buxar yüksəldi. Köpük, su üzərində qaldı. Allah, onda, quruluğu; quruluqdan da yeri meydana gətirdi. Duman isə, qabararaq yüksəldi. (Belə ikən), Allah Taala, bundan da, göyləri yaratdı."
Bil ki, bu şeylər, Quranda mövcud deyildir. Əgər bunun doğru və sağlam bir dəlili varsa, qəbul edilər; əks halda, edilməz. Bu hadisə, yəhudilərin, Tövrat olduğunu iddia etdikləri kitabın başında mövcuddur. Ki, bu kitabda, "Allah, göyləri, qaranlıq parçalardan yaratmışdır..." ifadəsi yer almışdır. Bu, məqul (əqli)'dir. Çünki biz, əqli məsələlərlə bağlı kitablarımızda, zülmətin, qaranlığın, icabi (müsbət) bir keyfiyyət olmadığına işarət etmişdik. Bunun dəlili isə, budur:
Əgər bir insan, qəndil (lampa)'nın işıq sahəsi içində otursa; bir başqası da, qaranlıq sahə içində otursa; işıq sahəsi içinə oturan şəxs, qaranlığın içində oturanın yerini görə bilməz və o hava və yeri, qaranlıq görər. Ancaq, qaranlıq içində oturan kimsə isə, işıq sahəsi içində oturanı gördüyü kimi; o havanı da, aydınlıq görər. Əgər qaranlıq, "hava" ilə qaim olan (yəni, onunla var olan) bir sifət olsaydı, danışılan bu hallar, baxan kimsələrin hallarının fərqliliyinə görə, fərqli-fərqli olmazlardı. Beləcə, zülmətin, "işıqsızlıq, nursuzluq" olduğu, sabit olur. Allah Taala, bölünməyən cüzləri yaradınca, onlarda işıq keyfiyyətini yaratmadan əvvəl, onlar, nursuz və qaranlıq idi. Nə vaxt ki, onları bir araya gətirdi və onları, göylər, ulduzlar, günəş və ay olaraq yaradaraq bunlarda işıq sifətini xəlq etdi. Bax o vaxt, bunlar, işıqlanmış oldular. Beləcə də, Allah Taala'nın, onlardan, göyləri, günəşi və ayı yaratmağı qəsd etdiyində, o cüzlərin qaranlıq olduğu, sabit olmuş olur. Beləcə də, onlara, "duxan-duman, buxar" vəsfinin verilməsi, yerində olmuş olur. Çünki, ayədəki "duxan"ın mənası: "Bir-birinə bitişməmiş, işıqsız, ayrı-ayrı parçalar" şəklindədir.
--------------------------
--------------------------
• Birinci sual:
Haqq Taala'nın, "...göyə tərəf yönəlib ona və yerə: 'İstəyərək və ya istəməyərək gəlin!'– dedi. Onlar: 'İstəyərək gəldik!'– dedilər." ifadəsindəki incəlik, nədir?
Cavab:
Bundan məqsəd, Haqq Taala'nın qüdrətinin mükəmməlliyini ortaya qoymaqdır ki, buna görə, kəlamın təqdiri: "Bunu istəsəniz də, istəməsəniz də, gəlin." şəklində olur.
Belə bir açıqlama da iləri sürülmüşdür:
Allah Taala, (bu ayədə, göylərdən və yerdən bəhs edərkən),
~ ilk əvvəl, göyü;
~ daha sonra isə, yeri
zikr etmiş; bunun ardınca da,
~ ilk əvvəl, istəməyi;
~ sonra da, istəməməyi
zikr etmişdir.
Bundan dolayı,
~ itaət halını, göyə;
~ istəməməyi də, yerə
həml etmək lazımdır.
İtaəti səmaya təxsis etməsinin səbəbləri isə, bunlardır:
1. Səma, öz hərəkətini, dəyişməz bir tərzdə, eyni metod üzərə davam etdirdiyi üçün, Allaha itaət edən bir canlıya bənzəmiş olur. Yer isə, belə deyildir. Çünki yerin halları, fərqli-fərqlidir. Bəzən, sükunət içində; bəzən də, bir-birinə girmiş hərəkətlər içində olur.
2. Göydəki varlıqlar (yəni, mələklər), sadəcə itaət içindədirlər. Necə ki, Haqq Taala,
"Onlar, özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər." (Nəhl/50) buyurmuşdur.
Yerdəkilərə gəlincə isə, onlar haqqında hal, heç də belə deyildir.
3. Səma, hər şeyində, mükəmməlliklə vəsf edilmişdir. Çünki o, rənglərin ən gözəlini daşımaqdadır ki, bu, aydınlıq olmasıdır. Onun səbəbi, yenə ən üstün şəkildir ki, bu da, yuvarlaq olmalarıdır. Onun yeri, yerlərin ən üstünüdür ki, bu da, yüksəkdə və ucada olmasıdır. Kütlələri də, kütlələrin ən üstünüdür ki, bu da, onların, incilər yerləşdirilmiş ulduzlar olmalarıdır.
Ancaq yer üzü isə, belə deyildir. Çünki, yer, qaranlıqlar və kəsifliklər (qatılıqlar) məkanıdır. Halları, fərqli-fərqlidir. Zatları və sifətləri, başqa-başqadır.
Bax, bu səbəblə, heç şübhəsiz, səmanın itaət içində olduğu; yerin isə, (sanki) bu işə, istəməyərək boyun əydiyi ifadə edilmişdir. Yerin yaradılmasının illəti (səbəbi), onun istəksiz olmasına çatıb söykənincə; yerdəkilər də, həmişə istəksizliyi, sıxıntını, qəhr və ədalətsizliyi gərəkdirən şeylər ilə vəsf edilmişlərdir.
Bil ki, bu sözün zahiri, Allah Taala'nın, göyə və yerə gəlmələrini əmr etdiyini; onların da, itaət edərək əmrə tabe olduqlarını göstərməkdədir. Bax bu cəhətdə, ayətin bu ifadəsilə bağlı, belə 2 görüş iləri sürülmüşdür:
• Birinci görüş:
Ayətin zahirinə görə məna versək, belə deyərik:
"Allah Taala, göy ilə yerə gəlmələrini əmr etmişdir. Onlar da, Allahın əmrinə tabe olmuşlardır."
Bu görüşdə olanlar, belə deyirlər:
"Bu, ağıldan uzaq görüləcək bir şey deyildir. Görmürsənmi ki, Allah Taala, dağlara, Davud (əleyhissəlam) ilə bərabər təsbih etmələrini əmr edib, "Ey dağlar, Onunla bərabər təsbih edin." (Səbə/10) buyurmuşdur. Allah Taala, dağa təcəlli etmiş və "Rəbbi sağa təcəlli etdiyi (göründüyü) zaman..." (Əraf/143) buyurmuşdur.
Yenə, Allah Taala, əlləri və ayaqları danışdıracağını bildirərək,
يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ
"O gün, dilləri, əlləri və ayaqları, etdikləri şeylər xüsusunda, onlar əleyhinə şahidlik edərlər..." (Nur/24)
Belə olunca, Allah Taala'nın, göylərin və yerin, şəxsən özlərində, həyat, ağıl və idrak yaratması, onlara bu xüsusiyyətləri verib, sonra onlara əmr və mükəlləfiyyətlər yönəltməsi, necə uzaq görülə bilər?
Bu ehtimal, bunlar ilə də dəstək qazanır:
a. Bir əngəl olmadığı müddətcə, əsl olan, ayətin ləfzini, zahirinə həml etməkdir. Burda isə, belə bir əngəl yoxdur və dolayısı ilə, ayətin ləfzini, zahiri mənasına almaq lazımdır.
b. Allah Taala, göylər və yer ilə bağlı xəbərlər vermiş və onların, "istəyərək gəldiklərini" bildirmişdir. Bu ifadədə keçən "istəyərək" (istəyənlər olaraq) "taiin" şəklindəki cəm kəlimə, əql edən və bilən varlıqlar üçün istifadə edilən bir cəm (kəlimə)'dir.
c. Allah Taala'nın, "Biz, əmanəti, göylərə, yerə və dağlara ərz etdik (yəni, vermək istədik). Ancaq onlar, bunu yüklənməkdən çəkindilər." (Əhzab/72) ayəti, bu varlıqların, Allahın mükəlləfiyyətlərinin yönəldilməsinə uyğun olaraq, Allahı bildiklərini göstərir.
Bu xüsusdakı problem, belə deyilməsidir:
Ayətdəki "...ikiniz də, istər, istəyərək; istərsə də, istəmədən gəlin..." ifadəsindən, "varlıq aləminə, var olmağa gəlmə" mənası qəsd edilmişdir. Belə olması halında, bu əmrin yönəldilməsi zamanında, göylər və yer, hələ mövcud deyildilər, deməkdir. Çünki əgər mövcud olmuş olsalardı, o vaxt, bu əmir, "Ey mövcud! Mövcud ol!" demək kimi olardı ki, bu, mümkün deyildir. Beləcə də, bu əmr, özlərinə yönəldiyi əsnada, onların, "mədum/yox" olduqları sabit olur. Onlar yox olunca da, xitabı başa düşməz və bilməzlər. Dolayısı ilə, onlara bir əmr yönəltmək, mümkün olmaz.
• İkinci görüş:
Ayədəki bu ifadədən, göylərə və yerə əmr və mükəlləfiyyət yönəldilməsi mənası deyil; əksinə, Allahın, onları var etməyi istəyib onların da buna qarşı gəlməmələri; Allahın istədiyi şəkildə var olmaları və bu xüsusda, Özünə itaət olunan bir Padşahın əmr və fərmanı gəldiyində, itaət edən bir məmur kimi olmaları qəsd edilmişdir.
(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
