Əraf surəsi 179-cu ayətin təfsiri
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌ لَّا يَسْمَعُونَ بِهَآ ۚ أُو۟لَـٰٓئِكَ كَٱلْأَنْعَـٰمِ بَلْ هُمْ أَضَلُّ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْغَـٰفِلُونَ
"Biz, cinlərdən və insanlardan bir çoxunu, cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar, heyvan kimidirlər, hətta daha çox azğındırlar. Qafil olanlar da, məhz onlardır." (Əraf/179)
-----------------------------
Təfsiri:
"Biz, cinlərdən və insanlardan bir çoxunu, cəhənnəm üçün yaratdıq."
Mötəzilə, Allahın, onları, cəhənnəm üçün yaratmadığını söyləmişdir. Lakin onları yaratmış və cənnəti qazanacaqları gücü, onlara vermişdir. Ancaq onlar, cəhənnəmi qazanacaq işlər gördülər və etmiş olduqları fellər səbəbilə cəhənnəmlik oldular. Yoxsa, Allah, onları, cəhənnəm üçün yaratmış deyildir.
Sonra, mötəzilə, "Biz, cinlərdən və insanlardan bir çoxunu, cəhənnəm üçün yaratdıq." ayəti haqqında, fərqli görüşlər iləri sürdülər.
~ Onlardan bəziləri, belə dedilər:
Haqq Taala, onların işlərinin nəticəsinin varacağı yeri bildirmişdir. Eynilə, "Fironun ailəsi onu tapıb götürdü. Axırda, O (yəni Musa), onlara düşmən və başlarına bəla olacaqdı." (Qasas/8) ayətində bildirildiyi kimi. Onlar, özlərinə düşmən olsun deyə Onu tapıb götürməmişdilər. Eynilə, "Ola bilsin ki, O (yəni, Musa), bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik." (Qasas/9) ayətində bildirildiyi kimi. Lakin, Allahın, onlar haqqında bildirdiyi və Musa'nın halına dair onlara xəbər verdiyi nəticə gerçəkləşdi. Bu hal, belə deyilməsi kimidir: "Ölməsi üçün uşaq doğun; xarab olması üçün bina tikin." Heç kim, ölüm üçün doğmaz; və xarab olması üçün bina tikməz. Lakin bu, işin nəticəsində varılacaq yer olan ölüm və xarab olmağın bildirilməsidir. Mötəzilə'nin əksəriyyəti, bu görüşü mənimsəmişlərdir. əbu Bəkr əl-Əsamm, belə deyir:
Ayədə, bəzi kəlimələri təqdim (yəni, iləri alma), bəzisini də təxir (sonraya buraxma) bəhs mövzusudur. Allah Taala, sanki belə buyurmuşdur:
"Biz, cinlərdən və insanlardan bir çoxunu yaratmış olduq. Bunların qəlbləri vardır, ancaq onunla başa düşməzlər; gözləri vardır, ancaq onunla görməzlər; qulaqları vardır, ancaq onunla eşitməzlər. Bunlar, cəhənnəmlikdir və bunlar, məhz heyvan kimidirlər."
Ancaq bu, uzaq bir təvildir. Çünki əgər belə bir şey burda mümkün olsaydı, bütün Quranda da mümkün olardı ki, ayətin sonu, başı; başı da, sonu qılınardı. Bu, imkansız və qeyr-i məqbuldur.
Onların, "ayədə, işin nəticəsinin varacağı yerin bildirildiyi" şəklindəki görüşləri və "Firon ailəsi Onu tapıb götürdü. Ancaq sonunda O, özləri üçün düşmən və başa bəla olacaqdı." ayətini dəlil gətirmələrinə gəlincə, bu, işlərin nəticələrini bilməyən kimsə üçün uyğundur. Bu, işin varacağı nəticəni bilmədikləri üçün, ondan bir xəbərdarlıq mənasına gələ bilər. Lakin Allah Taala, açıq və gizli olan hər şeyi, var olmuş və var olacaq olanı və hansı zamanda meydana gələcəyini bilir. Belə Allahın, işlərin varacağı aqibəti bilməməsi, mümkün deyildir.
İnsanların, "Ölüm üçün doğun; xarab olması üçün tikin." sözünə gəlincə, hər nə qədər onlar, ölüm və xarab olması üçün doğub tikmirlərsə də, işlərin nəticələrini bilmədiklərindən, bunu xəbərdarlıq halında söyləmişlərdir; məqsədləri, bundan ibarətdir.
Bizə görə ayətin təvili, ləfzlərin zahiri mənalarından hərəkətlə bildirilən hökmdür. Belə ki:
Allah, cinlərdən və insanlardan bir çoxunu, cəhənnəm üçün yaratmışdır. Çünki, əzəldə, onların, cəhənnəmə haqq qazanacaqları inkar felini və pis davranışları tərcih edəcəklərini bilmişdi. Dolayısı ilə, onlar haqqında, tərcih edəcəkləri və edəcəkləri işləri bildiyi şəkildə onları yaratmışdır. Eyni şəkildə, Haqq Taala, möminləri, cənnət üçün yaratmışdır. Çünki, əzəldə, onların, cənnətə haqq qazandıracaq hidayəti tərcih edəcəklərini və yaxşı işlər görəcəklərini bilmişdi. "Onları cənnət üçün yaratdı." demək, bunu (yəni cənnəti) təmin edəcək səbəb olmadan yaratdı demək deyildir və ya onları cəhənnəmi gərəkdirən səbəblər olmadan cəhənnəm üçün yaratdı demək deyildir.
"Mən, insanları və cinləri, ancaq Mənə ibadət etsinlər deyə yaratdım." (Zariyat/56) ayəsi gərəyincə, bu, bu mənaya gəlməkdədir:
Haqq Taala, onlardan, Özünə ibadət edəcəyini və itaət edəcəyini bildiyi kimsələri ibadət üçün yaratmışdır. Lakin, Özünü inkar və üsyan edəcəyini bildiyi kimsələri, onlardan sadir olacağını bildiyi fellərə görə yaradır. Haqq Taala, əzəldə, ibadət edəcəyini bildiyi kimsələri, ibadət üçün yaratmış; inkar edəcəyini bildiyi kimsələri isə, bunun üçün yaratmışdır. Çünki, bu adamın üsyan və inkar felini edəcəyini bilib sonra bunun əksinə görə onu yaratması, mümkün deyildir. Bu, məsələnin, bildirdiyimiz kimi olduğunu göstərir. Buna görə, "Mən, insanları və cinləri, ancaq Mənə ibadət etsinlər deyə yaratdım." ayəti, hər kəsə deyil; Allahın, ibadət edəcəklərini bildiyi kimsələrə həml edilir. Bunun dəlili də, "Biz, cinlərdən və insanlardan bir çoxunu, cəhənnəm üçün yaratdıq." ayətidir. Haqq Taala, burda, "hər kəsi yaratdıq" demir. Bu, bir qrup haqqındadır. Digəri də, bir başqa qrup haqqındadır. Bu təvil, müəyyən olana qayıdır. Məgər görmürsənmi ki, uşaqlar və dəlilər, bu muhtəvaya girmir?!
~ Bir digər izah, belədir:
Yəni, ancaq onlara ibadət mükəlləfiyyəti yükləyim və ibadəti əmr edim deyə.
~ Bunun, bu mənaya gəlməsi də mümkündür:
Yəni, Mən, insanları və cinləri, ancaq yaradılışları Allahın birliyinə və Ona ibadətə yönəlməyə şahidlik etsin deyə yaratdım. Necə ki, bütün kafirlərin yaradılışları, Allahın birliyinə və uluhiyyətinə şahidlik etmişdir.
--------------------------
...لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا...
Ləhum qulubun lə yəfqahunə bihə.
Yəni:
Onların qəlbləri vardır, onunla anlamazlar.
Burda keçən "əl-fiqh" sözü: "Bir şeyi, bənzərinə işarət edən məna sayəsində bilmək; və ya bir şeyi, tənzim edəninə işarət edən mənası ilə bilmək" deməkdir. Bu kafirlər, varlıqlara, mənası və həqiqəti cəhətindən baxmadıqları üçün, varlıqların mənalarını bilmədilər. Əksinə, onlar, əşyaya (şeylərə), işarət etdikləri məna cəhətindən deyil, əşyanın sadəcə zahirinə baxmışlardır.
"Bunların gözləri vardır. Ancaq onlarla görməzlər." ifadəsi də, belədir. Çünki, əşyanın zahiri görünüşünə baxmış; işarət etdikləri məna və həqiqətə baxmamışlardır ki, onlara, Yaradanın tənzimi və hikmətinə dair mənaları göstərsin.
"Bunların qulaqları vardır. Ancaq onlarla eşitməzlər. Bunlar, heyvanlar kimidirlər." ifadəsi də, belədir. Çünki, heyvanların, qəlbləri, gözləri və qulaqları vardır. Ancaq hər nə qədər səsləri eşitsələr və əşyanın zahirinə baxsalar da, bunların məna və həqiqətini qavraya bilməzlər. Bu kafirlərin halı da, belədir. Hər nə qədər, bildirdiyimiz şeyləri eşidib görürlərsə də, işarət etdikləri mənanı və Yaradıcısının tənzimini qavramadıqdan sonra, onlar, heyvanlar kimidirlər. Bunun əsli, budur:
Bu kimsələr, bu hissləri (yəni, eşitmə, görmə və s. hisslərini), özləri üçün yaradılış qayəsi yönündə istifadə etmədiklərində -ki, bu hislər, onlar üçün, əşyanın həqiqəti və ehtiva etdiyi məna və hikmətləri bilmək məqsədilə yaradılmışdır- həqiqətdə, hissləri olmayan varlıqlar kimi olarlar. Çünki onlar, yaradılanların göstərdikləri mənalardan, hissləri olan kimsələr kimi faydalanmamışlardır. Bundan dolayı, Haqq Taala, onların, sanki hissləri olmadığını bildirmişdir.
Bəziləri isə, belə demişlərdir:
Haqq Taala, onların, sanki hisslərdən yoxsul olduqlarını bəyan etmişdir. Çünki onlar, bu hisləri olan kimsələr kimi, bunlardan faydalanmamışlardır. Əksinə, onlar, bunları, yaradılış məqsədinə uyğun mənada istifadə etmədikləri üçün, bu hisləri olmayan varlıqlar kimi idilər.
"Onlar, heyvanlar kimidirlər. Hətta, daha çox azğındırlar."
Çünki bunlar, yolu azıb özlərinə doğru yol göstərildiyində və rəhbərlik edildiyində, doğru yolu tapmamış və içində olduqları inkardan dönməmişlərdir. Heyvanlar isə, özlərinə doğru yol göstərildiyində, doğru yolu tapar; həqiqəti bilər; və ona yönələrlər.
Bunlar, bildirdiyimiz səbəblərdən dolayı, heyvanlardan daha azğındırlar. Çünki heyvanların təbiəti, bunu qavramağa imkan verməz; bu (yəni, düşünməyən kafirlərin) təbiəti isə, buna əlverişlidir. Çünki onlar, əşyanın Yaradıcısı və nizamlayıcısının hikmətini ayıran və bilən ağıl sahibi varlıqlardır. Ancaq onlar, bunu itirmişlərdir. Heyvanlarda isə, bir sifəti itirmək, bəhs mövzusu deyildir. Bundan dolayı, hislərini və ağıllarını istifadə etməyənlər, heyvanlardan daha aşağıdırlar.
ibn Abbas (radiyallahu anh), belə deyir:
Bunlar, heyvanlar kimidirlər. Yəni, yemək xüsusunda. Çünki onların istədikləri, sadəcə yemək və içməkdir. Eynilə heyvanların istədiyi kimi. Heyvanların da istədiyi, sadəcə yemək, içmək və şəhvəti tətmin etmək (doydurmaq)'dır. Bunlar, səsi eşidirlər, lakin qavramırlar. Kafir də, belədir.
Belə də deyilmişdir:
Özlərinə yönəldilən (İlahi) xitabı anlamaq xüsusunda, heyvan kimidirlər. Hətta daha da azğındırlar. Çünki, özlərinə, bunu qavramaq vasitəsi verilmişdir; heyvanlara isə, verilməmişdir. Hətta daha azğındırlar. Çünki, heyvanlar, Rəbblərini bilirlər, Onu tövhid edərlər (yəni, birləyərlər) və zikr edərlər.
~ "Onu, həmd ilə təsbih etməyən heç bir şey yoxdur." (İsra/44);
~ "Hamısı, öz duası və təsbihini bilir." (Nur/41)
Bunlar (yəni, kafirlər) isə, nə Onu tanıyırlar; nə də tövhid edirlər. Dolayısı ilə, onlardan daha azğındırlar.
Belə də deyilə bilər:
Hətta, daha da azğındırlar. Çünki, doğru yol özlərinə göstərilsə və buna dəvət edilsələr də, onlar, doğru yola girmirlər; heyvanlar isə, doğru yola girirlər.
Bir digər möhtəməl təvil də, budur:
Hətta daha da azğındırlar. Çünki, həm doğru yoldan azırlar; həm də başqalarını azdırırlar. Heyvanlar isə, belə deyildirlər.
Bir digər təvil də, budur:
Hətta, daha da azğındırlar. Çünki özlərindən, faydalanılmaz; heyvanlardan isə, faydalanılar.
"Qafil olanlar da, məhz onlardır."
(Yəni), özlərinə bildirilən və əmr edilən xüsusları qavramaqdan qafildirlər.
Yaxud, başlarına gələcəyi bildirilən şeylərdən qafildirlər.
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
