Əhzab surəsi 53-cü ayə

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتَ ٱلنَّبِىِّ إِلَّآ أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَـٰظِرِينَ إِنَىٰهُ وَلَـٰكِنْ إِذَا دُعِيتُمْ فَٱدْخُلُوا۟ فَإِذَا طَعِمْتُمْ فَٱنتَشِرُوا۟ وَلَا مُسْتَـْٔنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَ‌ٰلِكُمْ كَانَ يُؤْذِى ٱلنَّبِىَّ فَيَسْتَحْىِۦ مِنكُمْ ۖ وَٱللَّهُ لَا يَسْتَحْىِۦ مِنَ ٱلْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَـٰعًا فَسْـَٔلُوهُنَّ مِن وَرَآءِ حِجَابٍ ۚ ذَ‌ٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا۟ رَسُولَ ٱللَّهِ وَلَآ أَن تَنكِحُوٓا۟ أَزْوَ‌ٰجَهُۥ مِنۢ بَعْدِهِۦٓ أَبَدًا ۚ إِنَّ ذَ‌ٰلِكُمْ كَانَ عِندَ ٱللَّهِ عَظِيمًا

"Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır." (Əhzab/53)

-----------------------------

Etirazlar:

1. Muhamməd, istədiyi şey olsun deyə, ayənin nüzul etdiyini bildirmişdir.

2. Quranın bütün əsrlərə xitab etdiyini deyən müsəlmanlar, bu ayənin bütün əsrlərə xitab etdiyini necə isbat edə bilərlər? Halbuki ayədə, sadəcə Muhamməd'in narahat edilməməsindən bəhs edilir. Elə isə, biz 21-ci əsr insanının bundan dərs alacağı nə var?

-----------------------

✓ 1-ci etiraza cavab:

Zındıqları aldadan şey, ayətin, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə yönəlmiş bir xitab olmasındadır. Onlar, elə zənn edirlər ki, Peyğəmbərə xitabən gələn ayə, Ona xüsusi bir imtiyaz təmin etməkdədir.

Elə isə, biz, bu üsluba, Qurandan başqa nümunələr zikr edək. Belə ki:

~ وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ...

"Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər..." (Nisa/102);

Bu ayətin üslubundan, "Qorxu namazı, sadəcə Peyğəmbər möminlərin arasında ikən qılına bilər." hökmünü çıxaran, kim vardır?! Xitab, Peyğəmbərimizə olsa da, hər kəs, hökmün, bütün müsəlmanlara şamil olduğunu bilməkdədir.

~ وَٱذْكُر رَّبَّكَ فِى نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ ٱلْجَهْرِ مِنَ ٱلْقَوْلِ بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ وَلَا تَكُن مِّنَ ٱلْغَـٰفِلِينَ

"Səhər-axşam, ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan, Rəbbini yad et və qafillərdən olma." (Əraf/205);

Bu ayədə də, xitab, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ədir. "Ürəyində yalvararaq və qorxaraq səsini qaldırmadan Allahı yad etmək, sadəcə Ona əmr edilmişdir." deyən ağıllı bir kimsə vardırmı?!

~ وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ...

"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl!" (Hud/114);

Bu ayədə də, xitab, Peyğəmbərə yönəlmiş olduğu üçün, "Namaz qılmaq, sadəcə Ona xas bir əmr idi." demək, əbəs deyildirmi?!

~ وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْـَٔلُكَ رِزْقًا ۖ نَّحْنُ نَرْزُقُكَ...

"Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik." (Taha/132);

~ فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ...

"Onların dediklərinə səbr et." (Taha/130);

~ ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَـٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ...

"Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl..." (Ənkəbut/45)

Bu üsluba dair nümunələr, Quranda olduqca çoxdur. Bu ayələrin, bütün müsəlmanlar haqqında olduğu; ancaq xitabın isə, Peyğəmbərimizə yönəlmiş olduğu, ortadadır.

İndi, əgər zındıqlar ədalətli olacaqlarsa və məqsədləri də doğrunu təsbit etməkdirsə, ədəb qaydası öyrədən bu ayədən, "Xitab, Ona yönəlmiş olduğu üçün, Özünə imtiyaz qazandırmaq istəmişdir. Demək ki, O (haşa və kəlla) bilə-bilə yalan söyləyirdi." kimi bir çıxarış edirlərsə; yuxarıda zikr etdiyimiz ayələrdən də, "Xitab, Özünə yönəlmiş olduğu üçün, digər möminləri mükəlləf qılmadığı şeylərlə Özünü mükəlləf qılmışdır. Demək ki, O, dinində çox səmimi idi." hökmünü çıxarmaları lazımdır. Bunu edirlərmi? Əlbəttə ki, yox!

Demək ki, anlayış, zəka işindən çox bir əxlaq məsələsidir. Düşünməyin də bir əxlaqı vardır.

Dəyərli müsəlman oxuyucu! Əksinə bir dəlil olmadıqca, Quranda Nəbi (sallallahu aleyhi və səlləm)'ə xitab ilə nazil olan ayələr, bütün ümmətə də bir əmr sayılır! Bu səbəbdən, sadəcə Nəbi'yə xas hökmlər, xüsusi ifadələrlə vurğulanmışdır. Belə ki:

وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةً لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

"Gecənin bir vaxtı oyanıb, Sənə məxsus bir nafilə buyurulmuş təhəccüd namazında, Quran oxu. Ola bilsin ki, buna görə, Rəbbin, səni, mahmud məqamına (tərifəlayiq bir məqama) yüksəltsin." (İsra/79)

Bu ayə, Peyğəmbərimizə, təhəccüd/gecə namazını fərz qılmışdır. O da, ömrü boyunca, gecə yuxusundan oyanaraq, bu namazı qılmışdır. Əlbəttə, bu, böyük bir səmimiyyət dəlilidir. Ancaq bizim burda göstərmək istədiyimiz şey, "sadəcə Ona xas olan bir əmr"də, vurğunun qətiliyidir! Ayədəki "nəfilətən ləkə", Sənə məxsus bir nafilə deməkdir.

Əgər O (sallallahu aleyhi və səlləm), Öz mənfəətləri üçün bilə-bilə yalan söyləyirsə, yuxarıda zikr etdiyimiz gecə namazını ümmətinə fərz qılmadan sadəcə Özü üçün fərz qılmaqdan, nə cür bir mənfəət əldə etdi? Ömrü boyunca, hər gecə oyanıb çox uzun namazlar qılmışdır. Hansı fayda üçün?

Evində çox oturan qonaqlardan narahat olduğu üçün ayə "uyduracaq" qədər nəfsinə düşgün Birisidirsə, nə üçün gecə namazları xüsusunda Öz nəfsi əleyhinə ayə "uydursun"? Axşam, evinizdə çox oturan qonaqlarmı sizi daha çox yorar, yoxsa hər gecə 3-4 radələrində oyanıb 1-2 saat boyunca namaz qılmaqmı? Öz nəfsi üçün ayə "uyduran" Birinin, gecə saatlarla ibadət etmək üçün Öz nəfsi əleyhinə ayə "uydurmasının" nə səbəbi ola bilər?

-----------------------------

-----------------------------

✓ 2-ci etiraza cavab:

Ayə ilə bağlı olaraq gələn 2-ci etiraz, ayənin, bütün əsrlərə xitab etməməsidir.

Deyirik:

Bu ayədə, Peyğəmbərimizin şəxsi üzərindən Rəbbimizin buyurduğu ədəb qaydaları, bütün əsrlərə xitab etməkdədir!

"İnsanları narahat etməyin. İcazə almadan məhrəm sahələrinə girməyin." və s. kimi ədəb qaydalarını başa düşə bilmək, çətin olmamalıdır.

Öz həyatımızdan nümunə verməli olsaq, biz, cəmiyyət içərisində, nisbətən tanınmağımıza müqabil, nə əvəz edilməz insanlarıq, nə də bir Peyğəmbər kimi hər dərdində qapımızı döyən insanlar var. Halbuki, belə mərtəbədə olmasaq da, ədəb qaydalarına dair qarşılaşdığımız çətin hallar var. Məsələn, ən bəsiti, telefon nömrəmizin başqa insanlara icazəsiz verilməsi, çox böyük məşəqqətlərə səbəb olur. Gündə 20-30 telefon zəngi gəlsə, bunun ən az 10-15-i, tanımadığımız nömrələrdir. Bu, bu deməkdir: İşindən ayrılmadan işinə konsentrasiya ola bilib 30 dəqiqə çalışa bilmək belə, imkansız hala gəlir. Tam konsentrasiya olub oxuduğunuz və ya yazdığınız bir anda, telefonun bir digər ucunda, heç tanımadığınız birinin dərdini dinləyirsiniz. Bütün diqqətini ona verməsəniz, onun qəlbini qırmış olursunuz. "İndi, məşğulam. Nə üçün icazə almadan məni yığırsınız?" desəniz, cavabında, "Nə təkəbbürlü adamdır." deyilir. Ona fokuslandığınızda isə, bu dəfə də, öz işinizdən tamamilə qopmuş olursunuz.

Yuxarıda dediyimiz kimi; biz, əvəz edilməz adamlar deyilik. Halbuki, bir Peyğəmbər, əvəz edilməz bir insandır. Bir Peyğəmbərin ümməti, Ona, hər şeyi danışmağı gözəl görür. Telefonla danışmaq isə, evinə icazəsiz girilməsindən daha xəfif bir şeydir. Bu səbəbdən, bəhsi edilən ayədə, Nəbi (əleyhissəlam) haqqında bu ifadə, insanı heyrətə salır:

"Çünki bu hərəkətiniz, Peyğəmbəri narahat edir və O, sizdən utanır. Allah isə, sözün açığını sizə bəyan etməkdən utanmır."

Ayədən çıxarılan və bütün əsrlərə xitab edən hökmlər:

1. İnsanların qəlbini qırmamaq üçün, bəzi əziyyətlərinə dözmək, gözəl əxlaq nümunəsidir. Nəbi (əleyhissəlam)'ın ayə enənə qədərki davranışı, bunu göstərmişdir. Ayə nazil olmasaydı, Peyğəmbərimizin, onların bu əziyyətlərinə necə səbr etdiyini öyrənməzdik.

2. Cəmiyyətdə tanınan, bilinən insanlarla davranışda, daha diqqətli olmaq lazımdır. Sıravi insanlarla münasibətlərdə əziyyət edici olmayan davranışlar, belə şəxslərlə münasibət qurarkən dözülməz çətinliklərə yol aça bilər. Çünki, belə insanlar, çox sayda insanla muxatab olduqları üçün, kiçik çətinliklərin onlarda get-gedə toplanması, onların həyatında toplanmış böyük bir təsirə yol aça bilər.

3. İnsanların məhrəm sahələrinə giriş və çıxışda, empatiyanı (yəni, bir başqasının hiss və düşüncələrini anlamaq, özünü onun yerinə qoyub, onun yaşadığı duyğuları hiss etmək bacarığını) əsas almaq lazımdır.

4. İnsanların məhrəm sahələrinə icazəsiz girmək, doğru deyildir.

5. Birinci maddədə zikr edilən əxlaqa sahib insanların gözəl niyyətləri, düşüncəsizcə, həyasızca su-i istimal edilməməlidir.

----------------------------

Yenə, bu ayənin bütün əsrlərə xitab etmədiyinə dair iddia edilən başqa bir etiraz da,

"Peyğəmbərin xanımları da vəfat etdi, Özü də. Bu ayədə isə, möminlərin, Peyğəmbərin xanımları ilə evlənmələri, qadağan edilmişdir. Bu hökmün, 21-ci əsrdə yaşayan biz insanlar üçün nə mənası var?"

Bu Əhzab surəsi 53-cü ayədə, belə buyurulur:

"Sizə...vəfatından sonra Onun həyat yoldaşları ilə izdivac etmək, qətiyyən yolverilməzdir."

Əhzab surəsi 6-cı ayədə isə, belə buyurulur:

ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ ۖ وَأَزْوَ‌ٰجُهُۥٓ أُمَّهَـٰتُهُمْ...

"Peyğəmbər, möminlərə, onların özlərindən daha yaxındır. Zövcələri isə, möminlərin analarıdır..."

Peyğəmbərin xanımları ilə evlənmək qadağası, Əhzab surəsi 6-cı ayədən də göründüyü kimi, bu xanımların, "möminlərin anaları" olmaları ilə bağlıdır. Burdan çıxarılacaq hikmətlərə gəlincə, bunları zikr edə bilərik:

1. Şiə və Aişə (radiyallahu anha) anamız.

Bilindiyi üzərə, şiə, bu gün olduqca izdihamlı bir qrupdur. Onların, tarixdə, Aişə anamıza böhtan atdıqları, məlumdur. Hər nə qədər hal-hazırda bu böhtanı qəbul etməsələr də...Çünki, həm ifk hadisəsi üzərinə enən ayələr (bax: Nur/11-22); həm də müsəlmanların (əhl-i sünnətin) Peyğəmbərimizin xanımlarını ana olaraq görməsi, onlara (yəni, şiəyə), Aişə anamıza olan nifrətin son həddə çatmasına qismən də olsa əngəl olmuşdur. Bununla bərabər, özlərinə (yəni, şiəyə) olan etirazın yüksəlməsinə də səbəb olmuşdur. Yenə, bu ayələrdən, bu hikmətlərlə bu dinin haqq olduğuna da yəqinliyimizi artırmış oluruq. Peyğəmbərin vəfatından sonra ümmətini nələr gözləyir; Onun xanımlarına qarşı nə cür çirkin böhtanlar, nə cür alçaq fikirlər səsləndiriləcək, Peyğəmbər bunu bilə bilməzdi. Bütün bunları, Allah, bu ayə ilə əngəlləmək istəmişdir. Qoyulan bu hökm (yəni, Onun xanımlarının, biz müsəlmanların anaları olması hökmü), ancaq və ancaq, əzəli bir nəzərin, vəhyin bir məhsulu ola bilər. Burdan, Peyğəmbərimizin də haqq olduğuna dair yəqinlik qazanırıq.

Elə isə, bu ayələrdən, bu gün əhəmiyyətli nəticələr çıxırmı? Qətiyyətlə deyirik ki, bəli çıxır!

2. Peyğəmbərimizin xanımlarının, biz əhl-i sünnətin anaları olması, sünnətin öyrənilməsi xüsusunda, olduqca əhəmiyyətlidir. Peyğəmbərimizin ailə həyatının bilinməsinin, ailəvi hökmlər cəhətindən əhəmiyyəti, açıqdır. Əgər Peyğəmbərimizin xanımları, bizə naməhrəmlik səbəbilə bu məlumatları səhabələrə nəql etməsəydilər, bir çox sünnət, bizə çatmazdı. Əgər risalətin məqsədi, İlahi bir qaynaq ilə nəyin doğru və nəyin də yalnış olduğunu öyrətmək; və bu məlumatların çatması üçün, ev xalqından gələcək məlumat axışı əhəmiyyətlidirsə, bu hökm (yəni, Onun xanımlarının, bizim analarımız olması hökmü), risalətin məqsədini tamamlamaqdadır. Həkim göndərdiyiniz bir diyara, onun, öz hökmlərini icra edəcəyi mühiti təmin etmək, həkim göndərmək qədər əhəmiyyətlidir. Risaləti göndərməkdən məqsəd də xəbərləri çatdırmaqdırsa, xəbəri çatdırmağın bir parçası da, bu hökmdür.

Elə isə, bu ayələrdən bu günə təsir edən əhəmiyyətli nəticələr çıxırmı? Qətiyyətlə deyirik ki, bəli, çıxır!

3. Peyğəmbərimizin vəfatı sonrası Onun xanımları ilə evlənənlər, böyük siyasi güc əldə etmiş olardılar. Onlar belə bir şeyi istəməsələr də, soylarından gələnlərə də, bu xüsusda haqq iddia etmək səbəbi vermiş olardılar. "Nübüvvətin davamı" kimi cılız iddialar, daha da güclənə bilərdi. Bu halın köhnə cəmiyyətlərdəki yeri, məlumdur. Bunu əngəlləmək məqsədi güdüldüyü, açıqdır.

4. Nəbi (əleyhissəlam)'ın ailəsinə hörmətin qorunması, Nəbiyə hörmətin qorunması mənasına gəlir. Tarixdə, bunun çox əhəmiyyətli funksiyaları olmuşdur. Məsələn, müsəlmanların bir-birilə döyüşdükləri ilk döyüş olan Cəməl döyüşündə, Əli (radiyallahu anh), qənimət toplanmasına, qaçanların təqib edilməsinə və əsir alınmasına, icazə verməmişdi. Ordusunda səslər yüksəlincə, "Aişə'ni, kim özünə əsir olaraq götürəcək?" deyərək, onları utandırmışdır. Bu hörməti təmin edən, bu ayələrdir.

5. Nəbi (əleyhissəlam)'ın xanımlarına qarşı hörmətsizliyin bir digər sosioloji nəticəsi də, bu hörmətsizliyi edənlər əleyhinə meydana gələcək nəhayətsiz kindir. Onsuz da, əgər müsəlmanlar, Peyğəmbərlərinin xanımlarına olan hörmətsizliyə əhəmiyyət verməsələrdi, bu, Peyğəmbərlərinə də hörmətlərinin olmadığı mənasında başa düşülərdi. İstənilən halda, burda, Peyğəmbərin xanımlarına olan hörmətin qorunması, əhəmiyyətli bir sosioloji məsələdir.

Bu 5 maddədən sadəcə 1-i belə, "Bu ayə, bütün əsrlərə deyil, sadəcə o əsrə xitab edir." iddiasını çürütmək üçün, kifayət edir. Çıxarıla biləcək hökmlərin sayı isə, artırıla bilər.

--------------------------------

"Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər."

"Bu, sadəcə Peyğəmbərimizə məxsus bir hökmdürmü?" deyə soruşulsa, belə deyərik:

Xeyr. Bu hökm, hər kəsə məxsus bir hökmdür.

Peyğəmbərimizin xanımlarının evləri, üzü məscidə baxan otaqlar şəklində idi. Bu evlər, tək otaqdan ibarət idi. Yəni, analarımızın, gün içərisində fərqli yerlərdə oturduqları 1-dən çox otaqdan meydana gələn evlər deyildi. Ayədəki pərdə isə, evin qapısına asılan bir pərdə idi. Bu, bir növ qapı funksiyası görürdü. "Pərdə arxasından istəyin." əmri, loru dildə desək, "Evlərə daxil olmayın." mənası daşıyır. Dolayısı ilə, burdakı pərdə arxasından istəmək, danışmaq əmrinin təkid edilməsi, "Evlərə icazəsiz girməyin." əmrilə zatən bağlıdır. Bu da, hər kəs üçün cari olan bir hökmdür.

Demək ki, ayənin bu qismi də, bütün əsrlərə xitab etməkdədir.

Burda, "Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər." qisminə dair, əhl-i sünnətin əqidə imamlarından biri olan imam əbu Mansur əl-Maturidi'nin ayəyə verdiyi təfsirdən bir hissəyə də yer vermək istəyirik. Belə ki, O böyük imam, ayəni təfsir edərkən, belə deyir:

(Bəhsi keçən) kişilərin (yəni, pərdə arxasından nəsə istəyən kişilərin) qəlblərinin (bu halda) daha təmiz qalması ilə Peyğəmbər xanımlarının qəlblərinin təmiz olması mənalarının, bir-birindən fərqli olması, mümkündür. (Belə ki):

~ "Kişilərin qəlblərinin təmiz qalması" mənası: "pislikdən, şəhvəti təmin etmək qəsdindən və nəfsin xatırlatdığı qeyr-i məşru arzulardan təmiz qalması" deməkdir.

~ "Peyğəmbər xanımlarının qəlblərinin təmiz qalması" isə: "pislikdən və şəhvəti təmin etməkdən təmiz qalma deyil; kin və düşmənlikdən təmiz qalma" deməkdir. Bunun səbəbi, budur:

Başqalarının Onlarla evlənməsinin halal olmadığı, bilinməkdədir. Çünki Onlar, axirət yurdunu, dünya həyatı və gözəlliklərinə tərcih etmişdilər. (bax: Əhzab/29) Yenə bildirildiyi kimi, Onlar, çirkin işlər görmələri halında, 2 qat əzabla cəzalandırılacaqları, özlərinə bildirilmişdi. (bax: Əhzab/30) Bu hallar, (bəhsi keçən) çirkin işləri görməkdən onları əngəlləməkdə və çəkindirməkdədir. Belə olduğuna görə, Onlar, evlərinə gələnlərin və Özlərinə baxanların şəhvətlə baxdıqlarını bildiklərində, onlara qarşı qəlblərində kin və düşmənlik meydana gələcəkdi. Dolayısı ilə, Haqq Taala, belə buyurmaqdadır: "Pərdə arxasından bir şey istəmək, sizin qəlbinizin pislikdən və şübhədən; Peyğəmbər xanımlarının qəlblərinin isə, kin və düşmənlikdən təmiz qalması üçün, daha uyğundur."

Bunun, eyni mənada olması da mümkündür. Bu (yəni, Peyğəmbər xanımlarının qəlblərinin təmiz qalması), (kişilərdə olduğu kimi) şübhə və pislik mənasıdır. Çünki, Peyğəmbər xanımlarının yaradılışında da, şəhəvi hisslər və buna yönəldən meyllər yerləşdirilmişdir.

Allah, ən doğru biləndir...

İmam Fəxrəddin ər-Razi əl-Əşari isə, ayənin bu qismini təfsir edərkən, belə deyir:

...Göz, qəlbin pəncərəsidir. Bundan dolayı, göz görməzsə, qəlb arzu duymaz. Ancaq göz görərsə, qəlb bəzən arzu duyar; bəzən də duymaz. O halda, qəlb, göz görmədiyi zaman daha təmiz, daha safdır. Belə halda isə, hər hansı bir fitnənin olmayacağı, daha açıq və daha barizdir.

Read 60 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR