Allahdan qorxmağı əmr edən ayələr üzərinə
✓ Dördüncü bəyan: Qorxunun həqiqəti
Bil ki, qorxu, "gələcəkdə xoşuna gəlməyən bir şey ilə qarşılaşma düşüncəsilə, qəlbin yanıb kədərlənməsi"dir. Bu məna, ümidin həqiqətini açıqlayarkən, başa düşülmüşdü. Allah ilə ünsiyyət edib qəlbini Allah Taala'ya bağlayan və vaxtını davamlı olaraq Haqq'ın camalını müşahidə ilə keçirən kimsə, gələcəyi düşünəcək vaxt tapa bilməyəcəyi üçün, özündə, qorxu və ümid deyə bir şey qalmaz. O, bunlardan daha mürəffəh bir həyata qovuşar. Çünki qorxu və ümid, nəfsin sükuna (yəni, sakitləşməsinə) əngəl olan bir qandal kimidirlər. Vasiti, buna işarət edərək, belə deyir:
"Qorxu, qul ilə Allah arasında bir pərdədir və Haqq'ın təcəlli etdiyi qəlblərdə, qorxu və ümid deyə bir şey qalmaz."
Xülasə, sevən adamın, sevgilisini müşahidədə ayrılıq qorxusu ilə məşğul olması (yəni, ondan ayrılmasını düşünməsi), müşahidədə nöqsanlıqdır. Müşahidənin davamı isə, məqamların ən üstünüdür. Biz, burda, məqamların başlanğıclarından bəhs etmək üzərə, deyirik:
Qorxu halı da, digərləri kimi, elm, hal və əməldən meydana gəlir. (Bunun) elm(i), səni, xoşuna gəlməyən şeyə sürükləyəcək səbəbi bilməkdir. Bu, eynilə, hökmdara qarşı cinayət işləyib, sonra onun əlinə düşən bir adam kimidir. Bu adam, əfv edilib qurtulmaq ümidində olduğu kimi; günahı nisbətində cəza görüb edam olunacağından da qorxar. Lakin, özünün ölüm cəzasına məhkum ediləcəyi səbəblərin nə dərəcə qüvvətli olduğunu bildiyi nisbətdə, qorxusu da çoxalar. Şübhəsiz, bu səbəblər, ağır bir cinayət işləmiş olması; hökmdarın da, kinli, hiddətli və intiqam alan olması kimi şeylərdir. Eyni zamanda, bir şəfaətçisinin olmayıb, hər kəsin də hökmdarı, özü əleyhinə təhrik etməsi və cinayətinin təsirini yox edəcək heç bir yaxşılığının olmaması kimi hallardır. Bütün bunları bilməsi, qorxusunun çoxalmasına və daxilən əzab çəkməsinə səbəbdir. Bu səbəblər zəiflədikcə, qorxu da azalmış olur.
~ Bəzən bu qorxu, işlədiyi cinayətdən deyil; qorxduğu şeyin vəsfi üzündən olur. Məsələn, şir pəncəsinə düşən insan kimi...Şirin, yırtıcı və parçalayıcı bir məxluq olduğunu bildiyi üçün, ondan qorxar.
~ Qorxu, bəzən də, qorxduğu şeyin fitrət və cibiliyyətindən də doğur. Sel ağzına və yanğın civarına düşən adam kimi...Axan sudan, qorxulur. Çünki, insanı sürükləyib boğmaq, onun işidir. Atəşdən də qorxulur. Çünki, yandırmaq, onun şanındandır.
Bax, iləridəki təhlükə səbəblərini bilmək də, qəlbin yanıb kədərlənməsinə səbəb olur. Qorxu da, bu daxili yanğındır.
Allah Taala'dan qorxu da, belədir. Bəzən, Allah Taala'nın Zat və sifətini bildiyi və o, bütün aləmi, istədiyi anda həlak edib kimsə Ona mane ola bilməyəcəyi üçün, Ondan qorxar. Bir də, daha çox üsyan etməsi səbəbilə, Onun verəcəyi cəzanı düşünərək, Ondan qorxar. Bəzən, həm Onun əzəmətini, həm də cəzasını düşünərək, Ondan qorxar. Öz qüsurlarını və Allah Taala'nın əzəmət sahibi olması səbəbilə, (Allahın) Öz etdiklərindən dolayı sorğu-suala çəkilməyəcəyini bildiyi nisbətdə, Ona qarşı qorxusu da çoxalar ki, (beləliklə də), Allahdan ən çox qorxan, Onu ən çox biləndir. Bunun üçündür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm),
"Allahdan ən çox qorxanınız, Mənəm." buyurduğu kimi; Allah Taala da,
...إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَـٰٓؤُا۟...
Yəni:
"...Allahdan Öz qulları arasında, ancaq alimlər qorxarlar..." (Fatir/28) buyurmuşdur.
Mərifət təkamül etdikcə, qəlbin yanğın və qorxusu da çoxalar. Sonra, qəlb atəşi, qəlbdən bədənə, digər əza və sifətlərə intiqal edər (keçər), orda da təsirini göstərər.
• Bu yanğının, bədəni əhatə etməsi (yəni, bunun əlamətləri):
Ərimək (yəni, bədənin zəifləməsi), saralıb-solmaq, özündən getmək, fəryad etmək və ağlamaq şəklində olur. Bəzən ödü partlayar və qan beyninə vurar; ağlının itməsinə və ya ölümünə səbəb olar. Yaxud da, bu qorxu, atəş ilə qüvvətlənər ki, özünü, tamamilə ümidsizləyə salar.
• Bu atəşin əzalara keçməsi (yəni, bunun əlamətləri):
Onları (yəni, orqanları), üsyandan çəkmək, keçmişi düzəltmək üçün itaət və ibadətə bağlamaq və gələcəyə hazırlamaqla olur. Bunun üçün, "Qorxu, göz yaşı axıdıb silməkdə deyil; cəzanı gərəkdirən şeylərdən çəkinməkdir." deyilmişdir.
Hakim əbu'l-Qasım da: "Hər kəs, qorxduğundan qaçar. Yalnız Allahdan qorxan, Allaha qaçar." demişdir.
Zünnun əl-Misri'dən: "Qul, nə vaxt Allahdan qorxar?" deyə soruşuldu. O da, belə cavab verdi: "Xəstəliyinin uzanmaması üçün, özünü hər şeydən qoruyan xəstənin halına gəldiyi vaxt."
• Bu qorxu atəşinin, sifətlərdəki təzahürlərinə gəlincə:
Şəhvətləri qırmaq, zövqləri tərk etmək, -balda zəhər olduğunu bilən kimsənin balı kərih gördüyü kimi- sevdiyi pislikləri çirkin görmək halına yüksəlməklə olur. Şəhvətləri, bu qorxu atəşilə yandırar; əzalarını, tərbiyə edər; qəlbində hüzn, xuşu (Allahın hüzurunda olduğu şüuru ilə təvazö göstərib boyun əymək), zillət və məskənət hislərinin hasil olması, kibr və həsəd kimi xəstəliklərdən ayrılmış olması, bütün səylərini, qorxuya və aqibətinə yönəldərək, başqa şey ilə məşğul olmamasıdır. Bütün səyləri, nəfsini muraqabə (kontrol etmək), mühasibə, mücahidə, vaxt və zamanını dəyərləndirmə, hər cür iş, söz və hərəkətlərilə nəfsini sorğu-sual etmək olmalıdır. Eynilə, yırıtıcı heyvanların əlinə düşüb "Görəsən, bir fürsət tapıb qaça biləcəmmi? Yoxsa yerindəcə parçalanacağammı?" deyə, bütün diqqətini ora topladığı kimi; burda da, daim qorxduğu ilə məşğul olmalıdır. Qorxunun özünə qələbə çalıb özünü əhatə edənin halı, bax budur. Səhabə və tabiun, bu halda idilər.
Muraqabə, mühasibə və mücahidənin qüvvəti, qəlbin kədər və atəşi olan qorxunun qüvvəti nisbətindədir. Qorxunun qüvvəti isə, Allah Taala'nın, cəlalı, sifət və fellərilə özünün qüsurlarını, qarşılaşacağı təhlükə və çətinlikləri bilməsi nisbətindədir. Qorxunun ən qısa dərəcəsi, təsirini əməldə göstərməsi və özünü, şübhəli şeylərdən çəkməsidir. Belə şübhəli şeylərdən çəkinməsinə, "vəra" deyilir. Qorxusu daha da artdığı vaxt, ən şübhəli olan şeydən də çəkinər. Buna da, "təqva" deyilir. Çünki təqva, şübhəli şeyi tərk edib şübhəsizini götürməkdir. Təqva, bəzən, insanı, beis olan şeylərə düşməmək üçün, beis olmayan şeylərdən də uzaqlaşdırır. Bu hal, təqvada sədaqətdir. Buna, bir də, yalnız Allaha xidmət də əlavə edilərsə, artıq bunun sahibi, oturmayacağı evi tikməz, yeməyəcəyi malı toplamaz, ayrılacağı dünyaya iltifat etməz və nəfəslərini, Allah rizasından başqa yerlərdə xərcləməz. Bunun sahibi, "siddiq" adını almağa, layiqdir. Demək ki:
sidq olan yerdə, təqva; təqva olan yerdə ---> vəra; vəra olan yerdə də --> iffət vardır. Çünki,
İffət, şəhvətin arzularından çəkinməkdir.
Demək ki, qorxu, pisliklərdən çəkinmək və yaxşılıqlar etmək surətilə, əzalar üzərində təsirini göstərir və pisliklərdən çəkinməsi səbəbilə, şəhvətinin arzularından uzaqlaşması cəhətindən, iffət adını alır ki, bundan üstünü də, vəradır. Bu, iffətdən daha ümumidir. Yəni, hər iffət olan yerdə, vəra olmaya bilər. Lakin, vəranın olduğu yerdə, mütləq iffət vardır. Çünki vəra, iffətdən sonra gəlir, bir üst mərhələ və eyni zamanda, hər cür qadağalardan çəkinməkdir. Vəradan üstünü də, təqvadır. Bu da, haramlar ilə bərabər, şübhəli olanlardan da çəkinməkdir. Təqvadan sonra, sidq və muqarrəb (Allaha daha da yaxınlıq) gəlir. Sonrakı mərhələnin özündən əvvəlki mərhələ ilə münasibəti, daha xüsusi ilə daha ümumi arasındakı münasibət kimidir. Yəni, harda muqarrəb və siddiq varsa, arxadakı vəsflərin hamısı, onda mövcuddur. Lakin, hər iffət sahibində, vəra; və ya hər vəra sahibində, təqva; və ya hər təqva sahibində də, sidq və muqarrəblik yoxdur. Ən xüsusi olan, sidq və muqarrəbliyi andığın vaxt, hamısını əhatə etmiş olarsan. Məsələn, insan, yə ərəb, ya da əcəm (yəni, ərəbdən başqası)'dır. Ərəb isə, ya qureyşidir və ya deyildir. Qureyşi isə, ya haşimi, ya da aləvidir. Aləvi isə, ya Həsənidir, ya da Hüseyni. "Həsənidir. Yəni, Həsən'in nəslindəndir." dediyin vaxt, bütün bu saydıqlarımızın hamısını əhatə etmiş olarsan. Yalnız "Aləvi'dir." dediyin vaxt isə, Həsəni və ya Hüseyni olduğu, bəlli olmaz. Bunun kimi də, "Siddiqdir." dediyin vaxt, iffətli, vəra sahibi və təqvalı olduğunu da ifadə etmiş olarsan. Bu çox isimlərin ayrı-ayrı mənalara gəldiyini zənn etmək, doğru olmaz. Belə zənn etməklə, işi qarışdırmış olarsan.
Bax bu danışdıqlarımız, qorxunun toplandığı yerlərdir.
-------------------
✓ Beşinci bəyan: Qorxunun dərəcələri, qüvvət və zəiflik cəhətindən fərqlilikləri
Bil ki, qorxu, əslində, məqbul olmaqla bərabər, bəzilərinin zənn etdiyi kimi, "Nə qədər çox qorxarsa, o nisbətdə məqbul olar." görüşü də, ğalat (xəta, yalnış)'dır. Əsasən qorxu, Allaha yaxınlaşmaq üçün insanı elm və əmələ sövq edən, İlahi bir qamçıdır. Heyvanlar üçün ən doğrusu, qamçısız qalmamaqdır. Uşaq da, belədir. Lakin bu, çox döyməyin daha məqbul olduğuna, dəlalət etməz. Hər şeydə olduğu kimi, qorxunun da, ifrat, təfrit və etidal tərəfləri vardır. Məqbul olan, etidal dərəcəsindəki qorxudur. Az qorxu, qadının yumşaqlığına bənzəyir. O, təsirli bir vaz eşitdi və qorxunc bir mənzərə gördümü, dərhal ağlayar, göz yaşı tökməyə başlayar. Lakin, bu hal itincə, dərhal əvvəlki halına qayıdar. Belə qorxu, faydası az olan əskik bir qorxudur. O, çürük bir odun parçası kimidir. Onunla nə qədər heyvana vursan, heyvanı incidib onda bir təsir meydana gətirməz və riyazətə vəsilə olmaz. Təəssüf ki, əksəriyyətin qorxusu, bu qəbildəndir. Ancaq, alimlər və ariflər, bundan müstəsnadır. Alimlər deyərkən, alim adını alan və surət cəhətindən alim olan şəxsləri qəsd etmirəm. Çünki bunlar, qorxudan çox uzaqdırlar. Biz, alim deyərkən, Allah Taala'ya, Onun ayət və fellərinə vaqif olanları qəsd edirik. Əsrimizdə, belə alimlərin varlığı, nadirdir. Bunun üçün, "Allahdan qorxursanmı?" deyə soruşanlara, Fudayl, belə deyirdi: "Sus! Çünki, qorxmuram deməyin, küfr olduğu kimi; qorxuram deməklə də, yalan danışmış olarsan." Fudayl, bu sözü ilə, qorxunun, əzaları pisliklərdən uzaqlaşdırıb yaxşılıqları etdirmək mənasında olduğunu ifadə etmək istəmişdir. Əzalar üzərində təsiri olmayan qorxunun, bir dəyəri yoxdur. Buna qorxu adı vermək, doğru olmaz.
İfrat dərəcədə qorxuya gəlincə:
Bu, etidalı aşmaq səbəbilə insana ümidsizliyə salır ki, bu da, zəmm edilmiş (pislənmiş)'dir. Çünki ifrat qorxu, insanı əməldən uzaq salır. Bəzən sahibini zəiflədir və xəstə edir; heyrətə salır, hətta dəli olmasına səbəb olur. Halbuki, qamçıdan məqsəd nədirsə, qorxudan məqsəd də, odur. O da, əmələ təşviqdir. Məqsəd, əməl olmasa; qorxu, bir kamal olmazdı. Çünki əslində, qorxu, bir nöqsanlıqdır. Çünki, qorxunun mənşəi, cəhalət və acizlikdir:
~ Cəhaləti, sonunu bilməməsi cəhətindəndir. Əgər sonunu bilsəydi, qorxmazdı. Çünki qorxu, tərəddüd edilən şeylərdə olur.
~ Acizliyinə gəlincə, dəf etməyə müqtədir ola bilmədiyi çəkiniləcək bir şey ilə qarşılaşması cəhətindəndir. Adəm oğlunun qüsuruna (yəni, iqtidarının azlığına) nisbətlə, bu da, məqbuldur.
Lakin, bizatihi məqbul olan, elm, qüdrət və Allah Taala'nın vəsflənməsi caiz olan sifətlərlə bağlı olan qorxudur. Allah Taala'nın vəsflənməsi caiz olmayan hər şey, nöqsanlıqdır. Belə şeylərin məqbulluğu, özlərindən daha aşağıdakılara nisbətlədir. Hər cür xəstəliyin, ölüm xəstəliyindən daha yüngül olması kimi...İnsanı ümidsizliyə salan hər növ qorxu, məzmum (zəmm edilən, pislənən)'dir.
Yuxarıda danışdığımız kimi, qorxu, insanı, ağılsızlığa və ölümə varıncaya qədər, hər növ təhlükələrə sürükləyə bilər. Uşağı, ölümə; heyvanı da, həlaka götürən zərbə kimi. Qorxunun bu növü də, məzmumdur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ümid səbəbləri üzərində durması, ümidsizliyə və ya bu səbəblərə salan qorxudan qurtarmaq üçündür. Hər hansı bir məqsəd üçün axtarılan bir şeydən umulan, onun, o məqsədə çatdırmasıdır. Qorxunun faydası, çəkinmək, vəra, təqva, mücahidə, ibadət, fikir, zikr və Allaha yaxınlaşdıran digər səbəblərə çatmaqdır. Bütün bunlar, həyat, vücud sağlamlığı və ağıl istəyirlər. Bunlara zərəri toxunan hər şey, məzmumdur.
Əgər desən: "Allah qorxusundan ölən, şəhiddir. Elə isə, necə olur ki, bu qorxu məzmum olur?"
Buna, belə cavab verərəm: Onun şəhid olması, qorxudan ölmüş olması səbəbilə, bir mərtəbə qazanması mənasındadır. O anda başqa surətlə ölsəydi, o mərtəbəni qazana bilməyəcəkdi. Bax qorxu ilə ölüm, qorxusuz ölümə nisbətlə fəzilətdir. Lakin, fikr, mücahidə və mərifət cəhətindən tərəqqi etmək surətilə Allah yolunda olanlar, hər an şəhidlər mərtəbəsini qazanmaqdadırlar. Əgər belə olmasaydı, öldürülən və ya yırtıcı heyvanların parçaladığı uşaq və ya dəlilərin, Peyğəmbərlər və şəhidlərdən əfdal olması lazım gələrdi ki, bu da, muhal/imkansızdır. Belə zənn etmək, doğru olmaz. Səadətlərin ən əfdalı, Allaha ibadətlə keçən uzun ömürdür. Ömrü, ağıl və səhhəti ibtala səbəb olan hər şey, hər nə qədər bəzi xüsuslara nisbətlə fəzilətdirsə də, digər xüsuslara nisbətlə, hüsran və nöqsanlıqdır, şəhadət kimi...Şəhadət, özündən aşağısındakına nisbətlə fəzilətdir; və lakin, müttəqi və siddiqlərə nisbətlə, fəzilət deyildir.
Demək ki, əməldə təsiri olmayan qorxu, -heyvanı yeritməyən qamçı kimi- bir dəyər daşımır, varlığı ilə yoxluğu, birdir. Təsir edərsə, təsiri nisbətində dəyəri vardır. Əgər şəhvətin gərəkdirdiyi şeylərdən çəkinmək mənasında olan yalnız iffəti təmin edirsə, bunun, bir dərəcəsi vardır. Vəranı təmin etdiyi vaxt, bir dərəcə də üstünlük qazanmış olur. Ən üstün dərəcə, siddiqlər mərtəbəsidir ki, zahir və batinini, Allahdan qeyrisindən kəsib, bütün varlığı ilə Allaha yönəlməkdir. Bax ən məqbul qorxu da, budur. Bu da, ağıl və səhhət ilə bağlıdır. Əgər qorxu, ağıl və səhhəti ortadan qaldırmağa qədər çatarsa, bu, müalicəsi vacib olan bir xəstəlikdir. Əgər güc çatarsa, müalicə edilməsi lazımdır. Əgər (belə bir qorxu) məqbul olsaydı, ümid və bənzəri dərmanlarla müalicəsinə gedilməsi, vacib olmazdı. Bunun üçündür ki, Səhl, uzun müddət aclıq riyazətinə girən müridlərinə, belə deyirdi:
"Diqqət edin. Ağlınızı qoruyun. Çünki, Allahın, ağlı qısa olanlardan vəlisi yoxdur."
-----------------------------
✓ Altıncı bəyan: Qorxulan şeyə nisbətlə qorxunun qisimləri
Bil ki, qorxu, xoşuna gəlməyən bir şey ilə qarşılaşacağını düşünməkdən doğur. Xoşuna gəlməyəcək şey də:
~ ya bizatihi (zatı etibarı ilə), qorxuncdur, məsələn od kimi;
~ ya da onun, məkruh və xoşlanılmayan bir şey olması, zatı etibarı ilə deyil; hər hansı bir pisliyə çatdırması cəhətindəndir. Axirətdə, insanı, xoşlanmadığı şeylə qarşılaşdırmağa vəsilə olan günahları kimi. Bu, eynilə, ölümə sürükləyəcək şeyləri yeməkdən, xəstə adamın çəkinməsinə bənzəyir.
Hər qorxan kimsə, bu 2 qisimdən hansı üçün qorxduğunu düşünməsi lazımdır ki, bu sayədə, o qorxu qüvvətlənib qəlbini yandırmağa başlasın. Bunun üçün də, qorxanların dərəcəsi, fərqli-fərqlidir. Çəkindikləri şeylərə nisbətlə, qorxuları da dəyişir. Zati cəhətdən deyil başqa səbəblə özündən qorxulan, məsələn:
~ tövbə etmədən ölməkdən;
~ tövbəni pozmaqdan;
~ Allaha qarşı vəzifələrini haqqı ilə yerinə yetirmək imkanlarından məhrum olmaqdan;
~ qəlbinin qaralıb qatılaşmasından;
~ istiqamətdən ayrılmasından;
~ alışdığı şəhvətlərə uymasından;
~ Allah Taala'nın onu öz yaxşılıqları ilə baş-başa buraxmasından və bununla özünü bəyənməsindən, təkəbbürə qapılmasından;
~ başqa şeylərlə məşğul olmasından;
~ istidracdan;
~ insanların hər nə şəkildə olursa olsun əleyhində olmasından;
~ iləridə nə hal alacağından;
~ dərhal cəzaya uğrayacağından;
~ dünya varlıqlarına qapılıb onlara aldanacağından;
~ qəflətindən Allahın xəbərdar olacağından;
~ pis sondan və ya əzəldə haqqında yazılan yazıdan
qorxması kimi...
Bütün bunlar, ariflərin daşıdıqları qorxulardır və hər birinin də, xüsusi faydası vardır.
Adətlərə qapılıb onların özünü istila edəcəyindən qorxan kimsə, adətlərdən ayrılmağa səy göstərsin. Qəlbindən keçənlərdən Allah Taala'nın xəbərdar olduğundan qorxan kimsə, qəlbini vəsvəsələrdən təmizləməyə səy göstərsin. Hər qorxduğunu, beləcə düzəltməyə çalışsın.
Bu qorxuların ən böyüyü, son nəfəs qorxusudur. Çünki burası, əhəmiyyətlidir.
Lakin ən üstünü, kamal və mərifətə ən çox dəlalət edəni, keçmişin qorxusudur. Çünki gələcək, keçmişə tabe və eyni zamanda, araya girən bir çox səbəblərdən sonra, onun təfərrüatıdır.
Son nəfəs, əzəldəki müqəddəratın təcəlli və təzahürüdür. Son nəfəsdən qorxan kimsə, əzəldəki müqəddəratdan qorxan kimsəyə nisbətlə, zikr edəcəyim bu 2 adamın birinə olan nisbəti kimidir:
Hökmdar, bu 2 adamın hər biri haqqında, bir yazı yazmışdır. Bunlar, bunu eşitdilər; lakin nə yazıldığını da bilmirlər. Bəlkə, edamlarını və bəlkə də, vəzir olmalarını yazmışdır. Bunlardan biri, "Görəsən bu yazını açsaq və bir baxsaq, nə yazılmışdır?" deyə düşünər. Digəri də, "Görəsən, hökmdar nə yazdı? Yazdığı vaxt, hiddətli idimi, deyilmiydi?" deyə düşünər.
Bax onlar (yəni, son nəfəsdən qorxan kimsə ilə, əzəldəki müqəddəratından qorxan kimsə), bu 2 adam kimidirlər. Ancaq, bu 2 adamın düşüncələrindən ikinicisinin, yəni, "Görəsən, hökmdar nə yazdı? Yazdığı vaxt, hiddətli idimi, deyilmiydi?" deyə düşünənin düşüncəsi, daha üstündür. Çünki burda, səbəbə yönəlmək vardır. Bunun kimi, əzəldəki hökmə yönəlmək, gələcəkdəkini gözləməkdən daha əhəmiyyətlidir. Buna işarət olmaq üzərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), minbərdə ikən, sağ əlini yumaraq,
"Bu, Allahın kitabıdır. Burda, öz adları və atalarının adları ilə, cənnətlikləri yazdı. Bunlarda, artıq və əskik olmaz. Sonra, sol əlini yumaraq: bu da, Allahın, cəhənnəmlikləri yazdığı kitabıdır. Onları, öz adları və atalarının adları ilə yazmışdır. Bunlarda da, artıq və əskik yoxdur. Sizdən biri, şəqavət əhlinin əməli kimi əməl işləyər; ta ki, bu da, sanki onlardan olar; hətta (sanki də yox), o da, onlardandır, deyilər. Sonra Allah, vələv ki, bir dəvənin birinci dəfə sağılmasından ikinci dəfə sağılmasına qədər keçən zaman olsun (yəni, qısa bir müddət də olsa), onları, ölümdən əvvəl, bu pis haldan qurtarar. Bunun kimi, şəqavət əhli də, yaxşıların əməlləri kimi əməl edərlər; ta ki, bunlar da, onlardan sayılar; hətta bunlar, bunlardandır, deyilər. Sonra Allah, vələv ki bir dəvənin ikinci sağımı arasındakı zaman qədər olsun, onları, ölümdən əvvəl, bunların arasından çıxarar. Səid, Allahın qəzası ilə səadətə çatan; şaqi də, Allahın qəzası ilə şəqavətə çatandır. Əməl(də etibar), xatimə (son)'adır." buyurmuşdur.
Bu, qorxanları ikiyə ayırmaq kimidir. Bir qismi, işlədiyi günahdan dolayı Allahdan qorxar; digər qismi də, Allah Taala'nın, cəlal və camalından, heybət və əzəmətindən qorxar. Şübhəsiz ki, bu ikincinin mərtəbəsi, daha üstündür. Bunun üçün, bu adam, siddiqlər mərtəbəsinə yüksəlsə də, yenə qorxusu davam edər. Digəri isə, aldanmaq təhlükəsilə qarşı-qarşıyadır. İbadətə davam edərkən günahdan qorxmaq, salehlər qorxusu; Allahın əzəmətindən qorxmaq, muvahhid və siddiqlərin qorxusudur ki, Allahı tanımağın səmərəsi də, bax budur. Allah Taala'nın Zat və sifətini bilən hər kəs, günah işləməsə də, Allahdan qorxması lazım gəldiyini bilir. Hətta günahkar belə, Allahı gərəyi kimi bilsəydi, günahından dolayı deyil, Allahın əzəmətindən, heybətindən və cəlalından qorxardı. Əgər Allah Taala, əslində Özündən qorxulan olmasaydı, insana günah etmə fürsətini verməz, bunun imkanlarını asanlaşdırmaz, səbəblərini hazırlamazdı. Çünki, günahın səbəblərini asanlaşdırmaq, onu uzaqlaşdırmaq deməkdir. Halbuki, günahdan əvvəl günah işləməmişdi ki, asanca günah etməsinə imkan hazırlanmışdır deyilə bilsin; və yenə özlərini ibadət və itaətə verənlərin bu yolda asanca addımlamalarının səbəblərinin hazırlanması, əvvəldən etdikləri bir yaxşılıqdan qaynaqlanmamaqdadır (yəni, özlərinə ibadət etmə zövqü verilmişdirsə, bu, keçmişdəki yaxşı bir əməlinə bağlı deyildir).
Üsyan edənin, -qəbul etsə də, etməsə də- əzəldə, üsyanı ilə hökm edildi. İtaət edənin də, eyni şəkildə, itaəti əzəldə təqdir edilmişdir və o, itaət edəcəkdir. Muhamməd (əleyhissəlam)'ı, yaradılmadan əvvəl ən üstün məqama yüksəldən; əbu Cəhil'i də, yaratmadan və heç günah işləmədən yerin dibinə batıran, Kimdir? Əlbəttə ki, Allahdır. Bu işləri edən Allah olduğuna görə, hər şeydən əvvəl, Onun cəlalından qorxmaq lazımdır. Allaha itaət edən, Allah Taala'nın onda yaratdığı iradə və ona verdiyi qüvvətlə, itaət edər. Üsyan edən də, Allah Taala'nın onda yaratdığı qəti iradə qüvvəti və üsyan qüdrəti səbəbilə üsyan edər. İradə və qüdrətdən sonra fel, zəruri hala gəlir. Nə olaydı, ona itaət iradəsini bəxş etməklə ehsan edən, ona üsyan iradəsini verməklə də onu uzaqlaşdıran səbəbin nə olduğunu biləydim?! Bunları, qula həvalə, daha əvvəl heç bir səbəb olmadan əzəli qəzaya raci olduğuna (rücu etdiyinə, qayıtdığına) görə, istədiyi kimi təqdir və istədiyi kimi hökm edəndən, əlbəttə, ağlı başında olanlar qorxarlar ki, bu, zatı etibarı ilə olan qorxudur. Bunun ardında isə, açıqlanması caiz olmayan, qədər sirri yatır.
Allah Taala'nın sifətindən qorxmağı başa düşmək, ancaq bir misal ilə mümkün ola bilər. Əgər bu xüsusda Şari'nin bir icazəsi olmasaydı, buna da kimsə cürət edə bilməzdi. Xəbərdə varid olduğuna görə, Allah Taala, Davud (əleyhissəlam)'a, belə vəhy etmişdir:
"Ey Davud! Yırtıcı heyvanlardan qorxduğun kimi, Məndən də qorx!"
Bu misal, hər nə qədər bu mənanın səbəbini sənə (tam) bildirməsə də, bu mənadan hasil olan şeyi bildirməkdədir. Çünki, (bir şeyin) səbəbini başa düşmək, qədərin sirrini başa düşmək deməkdir. Bu da, ancaq əhlinə açıqlanar.
Bunun xülasəsi, belədir:
Yırtıcı heyvanlardan qorxmaq, onun sənə qarşı keçmiş bir cinayətdindən dolayı deyil; özündə, qüvvət, qüdrət, kibr, heybət və hücum vəsfi ilə, istədiyini edə bilmə imkanlarına sahib olub, etdiyinə də əhəmiyyət verməməsi cəhətindəndir. Səni parçalayarsa, zərrə qədər kədərlənməz. Əgər buraxarsa, sənə yazığı gəlib mərhəmət etdiyi üçün deyil; səni bəyənmədiyi və sənin ölünə və ya dirinə iltifat etmədiyi üçündür. Onun nəzərində, sənin kimi 1000 adam ilə 1 qarışqa öldürmək arasında, bir fərq yoxdur. Çünki, yırtıcılıqda, bunların əhəmiyyəti yoxdur.
Allah Taala'nın belə üstün misalları vardır. Allah Taala'nı haqqı ilə tanıyan, zahiri müşahidələrədən çox daha güclü və parlaq olan batini müşahidə ilə, Allah Taala'nın:
"Bunlar, cənnətə, bunlara əhəmiyyət vermərəm; bunlar da, cəhənnəmə, bunlara da əhəmiyyət vermərəm." sözünün doğruluğunu idrak edər.
Bax, Onun hər şeydən zəngin olması və heç bir şeyə əhəmiyyət vermədiyini bilməyin, Özündən qorxulması gərəkdiyini bilmək üçün, sənə kifayət edər. Bu qorxu, Zatı üçün Allahdan qorxmaqdır.
Qorxanların ikinci təbəqəsi, xoşlarına gəlmədiyi bir şeyi düşünərək qorxanlardır. Ölüm anı və ölüm acısı, münkər-nəkir mələklərinin sual və cavabları, qəbr əzabı, qiyamətin şiddəti, Allahın hüzurunda hesab verməyin dəhşəti, gizli işlərinin açığa çıxarılmasındakı utancı, iynədən-ipliyə qədər məsul tutulması, sırat və cəhənnəm qorxusu, cənnətdən məhrumiyyət həsrəti, dərəcənin aşağı olması və Allahın camalından məhrum olmaq kimi şeyləri düşünməkdən meydana gələn qorxudur. Bütün bunlar, xoşa gəlməyən şeylərdir. Bunun üçün də, qorxuncdurlar. Bütün bunlarda qorxanların dərəcələri, bir-birindən fərqlidir.
Qorxunun ən üstün dərəcəsi, Allahın camalından məhrumiyyət qorxusudur ki, bu, ariflərin qorxusudur. Bundan aşağı dərəcələr, abidlər, zahidlər, salehlər və avam xalqın qorxusudur. Kamalı mərifətilə bilməyib bəsirəti açılmayanlar, vuslatın (qovuşmağın) zövqünü və ayrılığın ağrısını bilə bilməzlər. Hətta belələrinə, "Ariflər, cəhənnəm atəşindən deyil; müşahidəyə əngəl olan pərdədən qorxarlar." deyildiyi vaxt, buna heyrətlənər və bunu, boş bir görüş olaraq görərlər. Hətta əgər şəriət onu qadağan etməsəydi, müşahidənin zövqünü inkara qədər gedərlərdi. Onun, bunu dili ilə qəbul etməsi, təqlid zərurətindən doğmaqdadır. Yoxsa, içindən bunu təsdiq etməyə də bilər. Çünki, onun bildiyi, heyvanların da şərik olduğu mədə və şəhvət zövqləri kimi şeylərdir. Ariflərin zövqünə gəlincə, onu, yenə ariflər başa düşər, başqaları başa düşməz. Bunu, əhil olmayana açıqlamaq, qadağandır. Əhli isə, açıqlamağa möhtac deyildir.
Bax, qorxanların qorxusu, bu qisimlərə ayrılır. Lütf və kərəmilə, Allahdan kömək diləyirik.
-----------------------------
✓ 7-ci bəyan: Qorxunun fəziləti və qorxuya təşviq
Bil ki, qorxunun fəziləti:
~ bəzən, düşüncə və ibrət almaqla;
~ bəzən də, ayə və xəbərlərlə
bilinir.
• Düşüncə və ibrətin yolu, belədir:
Bir şeyin fəziləti, axirətdə Allaha qovuşmaq səadətinə çatdırmaqdakı faydası nisbətindədir. Çünki, axtarılan şey, səadətdir. Qulun ən böyük səadəti, Allaha yaxınlaşmaq və Ona çatmaqdır. Buna köməkçi olan hər şeydə, fəzilət vardır. Fəziləti də, nəticəyə çatdırma nisbətindədir. Halbuki, axirətdə Allaha qovuşmaq səadətinə, ancaq dünyada Onun sevgisi və Onunla ünsiyyət qazanmaqla çatıla bilər. Sevgi isə, mərifət (tanımaq) ilə; mərifət də ---> ancaq davamlı təfəkkür (ünsiyyət) ilə hasil olur. Ünsiyyət də ---> davamlı zikr ilə; zikir və fikirə davam da ---> dünya sevgisini qəlbdən çıxarmaqla; dünya sevgisini çıxarmaq da ---> zövq və şəhvətləri tərk etməklə; bunları tərk etmək də ---> şəhvəti qırmaqla; şəhvəti qırmaq da ---> ən çox qorxu atəşilə mümkündür.
Demək ki, qorxu, şəhvətləri yandıran bir atəşdir. Bunun fəziləti də, şəhvətləri yandırdığı və günahdan uzaqlaşdırıb ibadətə yaxınlaşdırdığı nisbətdədir. Bu da, yuxarıda dediyimiz kimi, qorxunun dərəcələri nisbətində dəyişir. Qorxu, necə fəzilətli olmasın ki?! Çünki, Allaha yaxınlaşdırıcı ən məqbul əməllər olan iffət, vəra, təqva və mücahidə, qorxu sayəsində təmin edilir.
Ayət və xəbərlərdən iqtibas edilərək götürülən qorxunun fəzilətinə gəlincə, bunlar, sayıla bilməyəcək qədər çoxdur. Bu xüsusda, sənə kifayət edəcək və hətta artıq gələ biləcək dəlil, Allah Taala'nın, qorxanlar üçün, cənnət əhlinin bütün məqamlarını özündə toplayan: hidayət, rəhmət, elm və riza kimi fəzilətləri, onda toplamasıdır. Necə ki, ayələrdə, belə buyurulur:
...هُدًى وَرَحْمَةٌ لِّلَّذِينَ هُمْ لِرَبِّهِمْ يَرْهَبُونَ
Yəni:
"Hidayət və rəhmət o kimsələrə məxsusdur ki, onlar, Rəbb'lərindən qorxarlar." (Əraf/154);
إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَـٰٓؤُا۟ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ...
Yəni:
"Allahdan Öz qulları arasında, ancaq alimlər qorxarlar. Şübhəsiz, O, Əziz'dir, Ğafur'dur." (Fatir/28);
رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ رَبَّهُۥ...
Yəni:
"Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!" (Bəyyinə/8)
Elmin fəzilətinə dəlalət edən hər şey, qorxunun fəzilətinə də dəlalət edir. Çünki qorxu, elmin məhsuludur. Bunun üçün, Musa (əleyhissəlam)'dan gələn rəvayətdə, qorxanlar üçün, başqalarının şərik ola bilməyəcəyi üstün məqamlar vardır. ər-Rəfiqu'l-Ə'lə'də, yəni, ən üstün məqamda, yalnız onlardır. Çünki onlar, alimlərdir. Alimlər isə, Peyğəmbərlərin varisləri olmaları cəhətindən, peyğəmbərlərə bərabərdirlər. ər-Rəfiqu'l-Ə'lə'də dostluq, Peyğəmbərlər və onlara tabe olanlara məxsusdur. Bunun üçündür ki, ölüm xəstəliyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), əbədi dünyada qalmaqla Allaha qovuşmaq xüsuslarında sərbəst buraxılınca,
"(Allahım)! Səndən, rəfiqu'l-ə'lə'ni istəyirəm." buyurmuşdu. (Buxari, "Fədailu's-Səhabə", 5)
Demək ki, qorxunu doğuran şeyə baxdığımız vaxt, onun, elm; qorxunun nəticəsinə baxdığımız vaxt da, onun, vəra və təqva olduğunu görürük. Bunların fəzilətləri isə, heç də gizli deyildir. Hətta, o dərəcəyə qədər açıqdır ki, həmd, Allaha; salət də, Allah rəsuluna məxsus olduğu kimi; nəticə də, təqvaya bağlıdır. Necə ki, "Həmd, aləmlərin Rəbbinə məxsusdur. Aqibət, müttəqilərin (təqva sahiblərinin)'dir; salət və salam da, Muhamməd və Onun ailəsinə məxsusdur." deyilir. Allah Taala, təqvanı Öz Zatına izafə ilə təxsis edərək:
...لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَـٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ
Yəni:
"Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona, yalnız sizin təqvanız çatar." (Həcc/37) buyurmuşdur.
Təqva isə, yuxarıda zikr etdiyimiz kimi, qorxu gərəyincə qorunmaq və çəkinməkdən ibarətdir. Bunun üçün, yenə,
إِنَّ أَكْرَمَكُمْ عِندَ ٱللَّهِ أَتْقَىٰكُمْ...
İnnə əkraməkum indəllahi ətqakum.
Yəni:
"Allah qatında ən çox ikram ediləniniz, Ondan ən çox qorxanınızdır." (Hucurat/13) buyuruldu və yenə, bunun üçün, Allah Taala, keçmiş və gələcəkdəkilərə təqvanı tövsiyyə etdiyini bəyan etmək üzərə,
...وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ...
Yəni:
"Biz, sizdən əvvəl Kitab verilənlərə də, sizə də, Allahdan qorxmanızı tövsiyə etdik." (Nisa/131);
Yenə,
وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ...
Yəni:
"Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!" (Nisa/131) buyurdu və qorxunu əmr edərək, onu, imanın şərtindən qıldı. Bunun üçün, zəif olsa da, heç bir mömin, qorxusuz olmaz. Qorxunun zəifliyi də ---> iman və mərifətin zəifliyindən iləri gəlir.
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Hikmətin başı, Allah qorxusudur."
~ Yenə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ibn Məsud (radiyallahu anh)'a xitabən: "Mənə qovuşmaq istəyirsənsə, Məndən sonra qorxunu çoxalt." buyurmuşdur.
~ Fudayl, belə deyirdi:
"Allahdan qorxana, qorxusu, bütün xeyirlərə aparar."
~ Şibli, belə deyirdi:
"Allah Taala'dan nə vaxt qorxdumsa, daha əvvəl görmədiyim ibrət və hikmətdən bir qapı gördüm."
~ Musa (əleyhissəlam)'dan gələn bir xəbərdə, Allah Taala: "Hər kəsi çətin hesaba çəkəcəm. Ancaq vəra sahiblərini sorğu-sual etməkdən həya edirəm (utanıram)." buyurmuşdur.
Vəra və təqva şərti, qorxu ifadə edən bəzi mənalardan alınmış isimlərdir. Qorxu olmazsa, bunlar, bu isimləri ala bilməzdilər. Bunun kimi, zikri də, qorxanlara məxsus qılmışdır. Necə ki, ayədə, belə buyurulur:
سَيَذَّكَّرُ مَن يَخْشَى
Yəni:
"Allahdan qorxanlar, öyüd-nəsihət götürərlər." (Ələ/10)
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
"Rəbbinin hüzurunda durmaqdan qorxanları, iki Cənnət bağı gözləyir." (Rahmən/55) buyurulmuşdur.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir qüdsi hədisdə, belə buyurur:
"Allah (azzə və cəllə) buyurdu: "İzzətimə and olsun, qulumun lehində 2 amanlıq və əleyhində 2 qorxunu cəm etmərəm. Dünyada Məndən əmin olarsa, axirətdə onu qorxudaram. Dünyada Məndən qorxarsa, qiyamət günü onu əmin-amanlıqda qılaram." (ibn Hibban və Beyhaqi rəvayət etmişlərdir).
"Allahdan qorxandan, hər şey qorxar. Allahdan başqasından qorxanı, Allah hər şeydən qorxudar."
Aişə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən soruşur:
وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ
Yəni:
'Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını, qəlbləri qorxa-qorxa yerinə yetirənlər.' (Mu'minun/60) ayətindəki 'qəlbləri qorxan' kimsələr, kimlərdir?" və bunlar, 'oğru və zinakarlardırmı?"
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Xeyr. Bu, namaz qılıb oruc tutan və sədəqə verən kimsədir. Əməlinin qəbul olub-olmayacağından qorxar."
Allahın məkrindən və əzabından əmin olmaq haqqındakı vaidlər, sayıla bilməyəcək qədər çoxdur. Bütün bunlar, qorxunu tərifləməkdədirlər. Çünki, bir şeyi pisləmək, onun ziddini tərifləmək deməkdir. Ümidin ziddi ümidsizlik olduğu kimi; qorxunun ziddi də, əmin-amanlıqdır. Ümidsizliyi pisləmək, ümidin fəzilətinə dəlalət etdiyi kimi; (Allahın məkrindən) əmin-amanlığı pisləmək də, onun ziddi olan qorxunun fəzilətinə dəlalət edər. Hətta ümidin fəzilətinə dair varid olan bütün rəvayətlər, qorxunun fəzilətinə də dəlildir. Çünki bunlar, lazım-məlzum qəbilindəndirlər, bir-birindən ayrılmazlar. Çünki, sevdiyini ümid edən, onun itməsindən qorxar. Əgər itməsindən qorxmazsa, onu sevmir deməkdir.
Hətta Mən (Ğazzali) deyirəm ki:
Allah qorxusundan dolayı ağlamağın fəziləti haqqında varid olan hər xəbər, qorxunun fəzilətini izhar edər. Çünki ağlamaq, qorxunun səmərəsidir. Necə ki, Allah Taala:
...فَلْيَضْحَكُوا۟ قَلِيلًا وَلْيَبْكُوا۟ كَثِيرًا
Yəni:
"Qoy onlar, az gülsünlər, çox ağlasınlar." (Tövbə/82);
Yenə,
"Onlar, üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır." (İsra/109);
• أَفَمِنْ هَـٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ • وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ • وَأَنتُمْ سَـٰمِدُون
"Siz bu Sözə təəccüblənirsiniz, gülürsünüz, heç ağlamırsınız, və oynayıb əylənirsiniz?" (Nəcm/59-61)
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali əl-Əşari, "İhya-u Ulumi'd-din", "Rubu'l-Munciyat", "Kitabu'l-Xavf və'r-Rəca" -müxtəsər-)
-------------------
-------------------
Əlavə:
Dəyərli oxuyucu! Bu yazı, zındıqların etirazı üzərə işlənilmişdir. Ağıldan yoxsul bu tayfaya görə, Allahın qorxudaraq insanları pis şeylərdən çəkindirməsi, ədalətli deyildir. Biz isə deyirik ki:
Qorxu, insana, həyatın davamı üçün verilmişdir. Yəni, insanda qorxu hissi olmasa, heç bir təhlükəli haldan çəkinməz, ondan uzaq durmazdı. Nəticəsi belə təhlükəli olan şeylər isə,
~ ya dünyəvidir;
~ ya da uxrəvi (axirətə aid).
Nəticəsi dünyəvi olan bəzi təhlükəli halları, biz özümüz zatən bilirik. Məsələn, şirin ağzına düşənin, parçalanacağını bilməsi kimi. Qorxunun belə şeylərdə təmin etdiyi faydadan danışmaq isə, əbəs olardı.
Sözümüzdən məqsəd, budur:
Dar bir dünya həyatında belə, bizim üçün bu qorxu hissilə (yəni, bu hisslə əldə etdiyimiz bilik vasitəsilə) belə faydaları (yəni, bunlardan çəkinməklə əldə etdiyimiz faydaları) təmin edən Allah, heç mümkünmüdür ki, əbədi, geniş bir həyatımızda da nəyin təhlükəli olduğunu, bizə idrak etdirmək, bildirmək istəməsin?! Daha kiçik, az müddətli təhlükəli halları bu hisslə bizə idrak etdirən Allahın; daha böyük, əbədi təhlükəli halları bizə idrak etdirməməsi, düşünülə bilməz. Elə isə, bildirəcəkdir. Bunu bildirməsi isə, yalnız vəhylə (kitab və sünnət ilə) mümkündür. Qurana da baxıldığında, Onun 1/3-inin axirət həyatı ilə bağlı olduğu görülür. Axirətdəki bu təhlükəli hallar isə, onların nümunələr olan dünyəvi təhlükələr olmasa başa düşülə bilməz. Yəni, kölgənin ağacdan xəbər verməsi kimi, dünyadakı bu təhlükəli hallar da, axirətdəki təhlükəli halları hiss etdirmək üçün bir alətdir. Bu faydaları təmin edən isə, qorxu hissidir.
