Nisa surəsi 83-cü ayə
وَإِذَا جَآءَهُمْ أَمْرٌ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ ۖ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَٱتَّبَعْتُمُ ٱلشَّيْطَـٰنَ إِلَّا قَلِيلًا
Və izə cəəhum əmrun minə'l-əmni əvi'l-xavfi əzəu bihi. Və ləv radduhu ilə'r-Rasuli və ilə uli'l-əmri minhum, ləaliməhulləzinə yəstənbitunəhu minhum. Və ləv lə fədlullahi aleykum və rahmətuhu, lə't-təbə't-tumu'ş-şeytanə illə qalilə.
Yəni:
"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu, Peyğəmbərə və onlardan olan əmr sahiblərinə qaytarsaydılar, bunu, onlardan istinbat edə biləcək olanlar, əlbəttə bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız." (Nisa/83)
-------------------------
Təfsiri:
Bil ki, Allah Taala, bu ayədə, münafiqlərin bir digər pis sifətini bildirmişdir. O da, budur:
Münafiqlərə, istər əmin-amanlığı, istər qorxunu göstərən hər hansı bir şey çatdığı vaxt, onlar bunu yayır, ifşa edirlərdi. Bu isə, bu cəhətlərdən zərərə səbəbiyyət verirdi:
1. Belə qarışıqlıq yaradan əslsiz xəbərlər, çox yalandan xali (boş, uzaq) olmaz.
2. Gələn xəbər, əmin-amanlıqla bağlı olduğu vaxt, onlar, buna çox əlavələr edirdilər. Bu əlavələr olmadığı vaxt, o xəbər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in doğruluğu xüsusunda, zəif möminlərin qəlbində şübhə oyandırırdı. Çünki, münafiqlər, bu əslsiz xəbərləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm) söylədi deyə, rəvayət edirlərdi. Bu xəbər qorxu ilə əlaqəli olunca, bu səbəblə zəif möminlərin qəlbində qarışıqlıqlar meydana gəlir, onlar, o vaxt, təəccüb və narahatlığa qapılırdılar. Beləcə, bu əslsiz xəbərlər, bu cəhətdən qarışıqlıqlara səbəb olurdu.
3. Əslsiz xəbərlər vermək, yaxşı bir araşdırma gərəkdirən halların çoxalmasına səbəbiyyət verirdi. Bu da, bir çox sirlərin ortaya çıxmasına yola açırdı. Belə bir hal isə, o vaxt üçün, Mədinə'nin faydasına uyğun olmayan bir şey idi.
4. Müsəlmanlar ilə kafirlər arasında şiddətli bir düşmənlik var idi. İki tərəfdən hər biri, hərb vasitələri hazırlayır və bir-biriləri əleyhində fürsət gözləyirdilər. İki tərəfdən biri üçün əmin-amanlıq vasitəsi olan şey, digər tərəf üçün qorxu vəsiləsi idi. Müsəlmanlar üçün əmin-amanlıq olduğu vaxt, ordusunun və döyüş ləvazimatlarının kifayət qədər olduğu xəbəri gəlincə, münafiqlər, bunu dərhal yayır və bu xəbər, beləcə, qısa zamanda kafirlərə çatırdı. Onlar da, müsəlmanlara və onların, özlərini istila təhlükəsinə qarşı lazımi tədbirlər alırdılar. Əgər müsəlmanlar üçün qorxu ifadə edən bir xəbər olardısa, bu xəbəri şişirdir, ona bir çox əslsiz əlavələr edərək, zəif və yoxsul müsəlmanların qəlblərinə qorxu salırdılar.
Bax bu danışılanlardan, bu xəbər yayma işinin, bir çox cəhətdən fitnə və bəlaların mənşəi olduğu ortaya çıxmış olur. Belə olduğu üçün də, Allah Taala, belə xəbərləri yaymağı və onları ifşa etməyi qınamış və onları bundan əngəlləmişdir.
("Ulu'l-əmr/əmr sahibləri"ndən məqsəd, kimdir?)
Sonra, Haqq Taala: "Və ləv radduhu ilə'r-Rasuli və ilə uli'l-əmri minhum, ləaliməhulləzinə yəstənbitunəhu minhum = Halbuki bunu, Peyğəmbərə və onlardan olan əmr sahiblərinə qaytarsaydılar, bunu, onlardan istinbat edə biləcək olanlar, əlbəttə bilərdilər." buyurmuşdur.
Bu ifadə ilə bağlı, bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
"Ulu'l-əmr/əmr sahibləri" haqqında, 2 görüş vardır:
a. Elm və görüş sahibləri;
b. Ordu komandirləri
mənasındadır.
İkinci görüşdə olanlar, öz görüşlərini birinciyə tərcih edib belə demişlərdir:
"Çünki əmr sahibləri, insanlara əmr etmə səlahiyyəti olanlardır. Elm əhli isə, belə deyildir. Bundan dolayı, insanlara əmr etmə səlahiyyəti olanlar, ancaq ordu komandirləridir."
Bu görüşə belə cavab veririk:
Alimlər, Allahın əmr və qadağalarını bildikləri; və başqalarının da onların görüşlərini qəbul etmələri gərəkdiyi üçün, "ulu'l-əmr" deyə adlandırılmaları, qərib qarşılanmamalıdır. Buna dəlalət edən bir başqa şey də, Haqq Taala'nın,
وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُوا۟ كَآفَّةً ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُوا۟ فِى ٱلدِّينِ وَلِيُنذِرُوا۟ قَوْمَهُمْ إِذَا رَجَعُوٓا۟ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
"Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini dərindən öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar pis işlərdən çəkinələr." (Tövbə/122) ayətidir.
Beləcə, Haqq Taala, onların qorxutmaları ilə çəkinməyi gərəkli qılmış; və xəbərdar edilən kimsələrin, o alimlərin sözlərini qəbul etmələrini vacib qılmışdır. Bax bundan dolayı, "əmr sahibləri" təbirinin, alimlər haqqında istifadəsi, caizdir.
------------------------
✓ İkinci məsələ: (İstinbat'ın mənası)
Ərəb dilində, "istinbat": "çıxarıb əldə etmək" deməkdir. Necə ki, bir fəqih, öz ictihad və anlayışı ilə, ifadədə qapalı olan bir mənanı ortaya çıxardığında, "istinbəta'l-fəqihu" deyilir. Bunun əsli, qazıldığında ilk dəfə quyudan çıxan su demək olan 'nabat' kəliməsinə söykənir. Nabat əhli də, yer üzündə ilk su çıxaran millət olduqları üçün, belə adlandırılmışlardır.
-------------------------
✓ Üçüncü məsələ:
Ayədəki "Onlardan istinbat edəcək olanlar" ifadəsilə bağlı, 2 görüş vardır:
1. Bunlar: xəbər yayan münafiqlərdir. Buna görə, ayətin təqdiri mənası (yazılı olmadığı halda var olduğu bilinən məna), belə olur:
"Əgər əslsiz xəbər yayan bu münafiqlər, əmin-amanlıq və qorxuya dair xəbəri, Peyğəmbərə və əmr sahiblərinə həvalə edib, bu xüsusdakı məlumatı Onlardan götürmək istəmiş olsaydılar, əlbəttə, bu əslsiz xəbəri yayan münafiqlər, onu, Peyğəmbər və əmr sahiblərindən öyrənmiş olardılar."
2. Bunlar: "əmr sahibləri"ndən bir qrupdur. Buna görə, kəlamın təqdiri mənası, belə olur:
"Əgər münafiqlər, bu işi, Peyğəmbərə və əmr sahiblərinə buraxmış olsaydılar, heç şübhəsiz, bunu, əmr sahiblərindən istinbat edə biləcək kimsələr, bilərdilər."
Bu, belədir. Çünki, əmr sahibləri də, 2 qisimdir. Bunlardan:
~ bir qismi, istinbat etmək gücünə sahibdir;
~ bir qismi isə, belə deyildir.
Buna görə, Haqq Taala'nın "minhum/onlardan" sözü: "əmr sahiblərindən, yəni: gizli-qapalı xüsusları bilib ortaya çıxaran kimsələrdən, bunu öyrənmiş olardılar." mənasını ehtiva etmiş olur.
İndi, əgər: "Allahın, xəbərləri Peyğəmbərə və əmr sahiblərinə buraxmalarını əmr etdiyi o kimsələr, münafiqlərdir. Elə isə, Haqq Taala: 'Onlardan olan əmr sahiblərinə' ayəsində, necə olur ki, o münafiqləri 'əmr sahibləri' sayır?" deyilərsə, belə deyərik:
Haqq Taala, əmr sahiblərini, zahirə görə o münafiqlərdən saymışdır. Çünki münafiqlər, özlərinin iman etdiklərini söyləyirdilər. Bunun bənzəri olan bir başqa ifadə də, Haqq Taala'nın:
وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ
"İçərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar..." (Nisa/72); və
وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَـٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِّنْهُمْ
"Əgər Biz onlara: 'Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!'– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi." (Nisa/66)
ayələridir. Allah, ən doğru biləndir...
--------------------------
✓ Dördüncü məsələ:
Ayə, qiyasın, şər'i bir hüccət olduğunu göstərməkdədir.
Bu, belədir. Çünki, Haqq Taala'nın, "...bunu, onlardan istinbat edə bilənlər...əlbəttə bilərdilər..." ifadəsi, əmr sahiblərinin sifətidir. Allah Taala, əmin-amanlıq və qorxu xüsusunda özlərinə bir xəbər çatan kimsələrə, onun həqiqi mahiyyətini öyrənmələri xüsusunda, əmr sahiblərinə müraciət etmələrini vacib qılmışdır. Müraciət edən bu kimsələr:
~ ya o hadisə haqqında bir nass mövcud olduğu;
~ ya da belə bir nass mövcud olmadığı
halda, onu öyrənmək üçün əmr sahiblərinə baş vurarlar.
Birinci ehtimal, batildir. Çünki, bu halda, istinbata ehtiyac qalmır. Çünki, bir hadisə haqqında nass görən bir kimsə üçün, "O, o hökmü istinbat etdi, çıxardı." deyilməz. Beləcə, Allah Taala'nın mükəlləf kimsəyə, bir hadisəni, o hadisə haqqında hökm çıxara biləcək kimsələrə həvalə etməsini əmr etmiş olduğu sabit olur. "İstinbat" etmək, bir hüccət olmasaydı, Haqq Taala, mükəlləf kimsəyə bunu əmr etməzdi. Bundan dolayı, istinbatın bir hüccət və dəlil olduğu sabit olmuş olur. Qiyas da:
~ ya bir istinbatdır;
~ ya da ona daxil olan bir şeydir.
Bundan dolayı, qiyasın da bir hüccət olması lazım gəlir.
Bu, sabit olunca, biz deyirik ki, ayə, bu xüsuslara dəlalət etməkdədir:
a. Hadisələrlə bağlı hökmlərdə, nass ilə deyil, istinbat ilə bilinə biləcək olan xüsuslar mövcuddur.
b. İstinbat, bir hüccətdir.
c. Avamın, hadisələrin hökmləri xüsusunda alimləri izləmələri, vacibdir.
d. Peyğəmbər (sallallahu aleyhi və səlləm), istinbat etməklə, yəni, hökm çıxarmaqla mükəlləfdir. Çünki, Haqq Taala, hökmlərin, Rəsul və əmr sahiblərinə həvalə edilməsini əmr etmişdir.
Daha sonra, Haqq Taala, "...bunu, onlardan istinbat edə biləcək olanlar, əlbəttə bilərdilər..." buyurmuş; beləcə, istinbat işini, Peyğəmbəri xaric tutaraq, əmr sahiblərinə məxsus qılmamışdır. Bu da, həm Peyğəmbərin, həm də əmr sahiblərinin istinbat ilə mükəlləf qılınmış olmalarını gərəkdirir.
1. (Ayənin, qiyasa dəlil olmadığını söyləyənlər):
Əgər,
"Biz, Haqq Taala'nın, '...onlardan istinbat edə bilənlər...' təbirindən qəsd edilənlərin, 'əmr sahibləri' olduğunu qəbul etmirik. Əksinə, bundan murad olunan, ayətin təfsirində də rəvayət etdiyimiz görüşə görə, 'xəbər yayan münafiqlər'dir. 'Onlardan istinbat edə bilənlər' ilə qəsd edilənin 'əmr sahibləri' olduğunu qəbul etsək belə, nə var ki, bu ayə, hərb və cihad ilə bağlı hadisələr haqqında nazil olmuşdur. Fərz et ki, bu xüsusda, istinbata müraciət etmək, caiz olsun. O halda, siz, nə üçün: 'İstinbata müraciət etməyin, şər'i məsələlərdə də caiz olması lazımdır.' deyirsiniz? Əgər 2 mövzudan biri, digərinə qiyas edilmişdirsə, bu, şər'i bir qiyası, yenə, şər'i bir qiyasla isbat etmək olur ki, belə bir şey, caiz deyildir.
Şər'i hökmlərdəki istinbatın, bu ayənin hökmünə daxil olduğunu qəbul etsək belə, sən, nə üçün: 'Qiyasın hüccət olması lazımdır.' deyirsən?"
(Onlara, yəni, qiyası dəlil olaraq görməyənlərə görə) bunun (yəni, ayətin) izahı, belədir:
İstinbatdan muradın:
~ "mənası qapalı olan nass'lardan və ya nass'lar topluluğundan hökm çıxarma olması";
~ və yaxud da bundan muradın: "əsli bəraət və ya bir çox alimin dediyi kimi, 'Mənfəətlərdə əsl olan, mübahlıq; zərərli şeylərdə əsl olan isə, haramlıqdır.' şəklindəki əqli hökmlərlə sabit olan qaydalardan hökm çıxarma olması",
mümkündür.
2. ("Qiyas, zənn ifadə etdiyindən dolayı, dəlil olmaz." deyənlər):
"Biz, şər'i qiyasın, ayətin hökmünə daxil olduğunu qəbul etsək belə, nə var ki, bu qiyasın, Allah Taala'nın: 'Bunu, onlardan istinbat edə bilənlər, bilərdilər.' ayətinin də dəlalət etdiyi kimi; qəti elm ifadə etməsi, şərtdir. Bundan dolayı, Haqq Taala, bu ayədə, bu istinbatdan elm əldə ediləcəyini xəbər vermişdir. Belə bir qiyas xüsusunda isə, münaqişə yoxdur. Münaqişə, zənn ifadə edən qiyasın şəriətdə bir hüccət sayılıb-sayılmayacağı xüsusundadır." deyilərsə, bunlara, bu şəkildə cavab verərik:
• Birinci sualınız, qəbul edilə bilməz. Çünki, ayədəki "İstinbat edə bilənlər" təbirindən murad "münafiqlər" olsaydı, belə deyilməsi daya uyğun olardı:
"Əgər o münafiqlər, o şeyi, Allah rəsuluna və onlardan əmr sahiblərinə həvalə etsələrdi, əlbəttə onu bilərdilər."
Çünki, bu təqdirdə, "və ləv radduhu / əgər Ona qaytarsaydılar" ifadəsində, sarih (açıq) ismin damirə (radduhu kəliməsindəki hu/o damirinə, şəxs əvəzliyinə) ətf edildiyi qəbul edilmiş olur ki, bu da, naxoş və çirkin bir şeydir.
• İkinci sualınız da, bu 2 cəhətdən qəbul edilə bilməz:
a. Haqq Taala'nın, "...onlara əmin-amanlıq və qorxu xəbəri gəldikdə..." ayəsi, həm hərblərlə, həm də digər şər'i hadisələrlə bağlı, ümumi bir ifadədir. Çünki, əmin-amanlıq və qorxu, mükəlləf olunan hər xüsusda bəhs mövzusudur. Bundan dolayı, ayədə, əmin-amanlıq və qorxunu hərb işlərinə təxsis etməyi (xas qılmağı) gərəkdirən hər hansı bir şeyin mövcud olmadığı, sabit olur.
b. Fərz et ki, iş, sizin dediyiniz kimidir. Lakin, hərb ilə bağlı hökmlər də, şər'i qiyasla bilinə bilər. Bu, caiz olunca, digər hadisələr haqqında da şər'i qiyasa sarılmağın caiz olması lazım gəlir. Çünki, bu ikisinin arasında bir fərq olduğunu söyləyən, heç kimsə yoxdur. Məgər görmürsənmi ki, bir kimsə, "Qiyas, alış-veriş məsələlərində bir hüccət olub; nikahda bir hüccət deyildir." desə, onun, bu sözünə etibar edilməz. Bax, burda da belədir.
• Ayədəki istinbatı, mənası qapalı nass'lara və ya nass tərkiblərinə məxsus qılan üçüncü suala isə, belə cavab veririk:
Bütün bunlar, bir nass'dırlar. Nassa sarılmağa isə, istinbat deyilə bilməz. Bu sualı soruşanın, "Ayədəki istinbatı, əsli bəraətdən hökm çıxarma mənasına həml etmək, nə üçün caiz olmasın?" şəklindəki sualına cavab olaraq deyirik ki:
Bu, bir istinbat deyil; bir şeyi, olduğu hal üzərə buraxmaq deməkdir. Buna, qətiliklə istinbat deyilə bilməz.
• "İstinbat, ancaq, özü ilə qəti elm əldə edilərsə, caiz olar. Halbuki, şər'i qiyas, qəti elm/bilik ifadə etməz." şəklindəki dördüncü sualınıza da, bu 2 cəhətdən cavab verərik:
a. Bizə görə, şər'i qiyas, elm/bilik ifadə edir. Çünki, qiyasın bir hüccət olduğu sabit olduqdan sonra; biz, qətiliklə bu hökmü veririk:
Hər nə vaxt ki, Allahın hökmünün əsl olan şeydə illətinin nə olduğu bizcə qalib zənnlə bilinər; sonra, yenə qalib zənnlə eyni illətin fər olan şeydə (yəni, qiyas ediləcək məsələdə) də olduğu bilinərsə, bu halda, Allahın o fər'i məsələdəki hökmünün, əsl olan məsələdəki hökmü ilə eyni olduğu zənni hasil olar. Bax belə bir zənn meydana gəlincə də, biz, mükəlləfin, bu zənninə uyğun olaraq əməl edə biləcəyinə qəti qərar verərik.
Nəticə olaraq deyə bilərik ki: Burdakı zənn, hökmün əldə edildiyi metoddadır. Lakin, hökmün özü, qətidir ki, bu, Haqq Taala'nın, "Hər hansı bir hadisədə, bu şəkildə hasil olan qalib zənnin nə olursa olsun, bil ki, o iş haqqında Mənim hökmüm, budur." deməsi yerinə keçər. Qalib zənn meydana gəldiyində, biz, o hökmün, o hadisədə də var olduğuna qəti olaraq qərar verərik.
b. Bəzən də, "elm" sözü zikr edilir; lakin, bununla, "zənn" mənası qəsd edilir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bir şeyi günəş kimi bildiyin vaxt, o şeydə şahidlik et." buyurmuş; şəhadətin edilə bilməsi üçün, elmi (bilməyi) şərt qoşmuşdur. Halbuki biz, elm deyil; zənn bəhs mövzusu olduğu vaxt da, o xüsusda şahidlik edilə biləcəyində ittifaq etdik. Beləcə, zənnə də, bəzən, "elm" deyilə biləcəyi, sabit olur. Allah, ən doğru biləndir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
