İmam Cəfər Sadiq
"Cəfər əs Sadiq və şiəlik"
Məlumdur ki, imami şiə firqəsində rəvayətlərin 80%-i Cəfər əs Sadiqdən nəql olunur və onlar özlərinə ona nisbətlə Cəfəri deyirlər. Bu çalışmaqda böyük alimlərin əsərlərindən sitatlar gətirməklə bu mövzuya işıq tutmağa çalışacağıq.
"İmam Cəfər əs-Sadiq sünnət əhlinin nəzərində böyük bir imamdır, alimdir və Allah dostudur. Rəvayət elmində sünnət əhlinin alimləri onun nəql etdiyi xəbərlərə etibar edib və dörd məzhəbin böyükləri Cəfər əs-Sadiqi yalnız xeyirlə yad etmişlər. İmam Əbu Hənifə onun haqqında deyib: “Cəfər bin Muhəmməd’dən daha fəqih birini görmədim.”
İbn Adiy, “əl-Kəmil fi duafə ər-ricəl”, 2/358
İmam Malik isə deyir: “Cəfər bin Muhəmmədin yanına gedərdim. Bir müddət onun yanına çox gedib, gəldim və onu yalnız bu üç haldan biri üzərində görərdim: ya namaz qılardı, ya oruclu idi ya da Quran oxuyardı.”
əl Cövhəri, “Musnəd əl-Muvatta”, səh 286
İshaq bin Rahaveyh bir dəfə imam əş-Şafi ilə müzakirəsində ondan soruşur: “Sənin nəzərində Cəfər bin Muhəmməd necədir?!”
Dedi: “Siqadır.” - yəni, mötəbərdir, sözündə doğru danışandır.
İbn Əbi Hətim, “əl-Cərh vat-Tədil”, 2/487
Yəhya ibn Məin deyir: “Hafs bin Ğiyəs, Abadana - bura ibadət üçün ayrılmış bir yer idi - getdi və Bəsrəlilər onun ətrafına toplaşdılar və ona dedilər:
“Bizə üç nəfərdən rəvayət etmə: Əşəs ibn Əbdul-Məlik, Amr ibn Ubeyd və Cəfər ibn Məhəmməd.”
O cavab verdi: “Əşəsə gəlincə, o sizindir, onu sizə buraxıram. Amr ibn Ubeydə gəldikdə isə, siz onu daha yaxşı tanıyırsınız. Cəfər ibn Məhəmmədə gəlincə, əgər Kufədə olsaydınız, (belə bir söz dediyiniz üçün) sizi ayaqqabıları ilə döyərdilər."
İbn Mihraz, “Tərixu ibn Məin”, 1/148
Böyük hədis alimi Əbu Zura ər-Razi’dən bir məclisdə imam Cəfərin öz atasından, Suheyl bin Əbu Saleh’in öz atasından və əl-Alə’nin öz atasından rəvayət etdikləri barəsində soruşulduqda o belə demişdi:
“Cəfər heç bir şəkildə bunlarla müqayisə oluna bilməz.”
Abdulğani əl-Məqdisi bunu şərh edərkən deyir ki, “yəni onlardan üstündür.”
əl-Məqdisi, “əl-Kəməl fi əsmə ər-ricəl”, 4/41
Qeyd edək ki, Suheyl bin Əbu Saleh və əl-Alə bin Əbdurrahmən bin Yaqub sünnət əhlinin nəzərində etibarlı ravilər, sünnətin nəqlində imamlar sayılırlar. əz-Zəhəbi hər ikisi haqqında danışdıqda onları “imam” olaraq vəsf edir. Beləliklə də başa düşürük ki, burada məsələ sadəcə siqa və etibarlılıq məsələsi deyildir. Cəfər əs-Sadiq bunlarla müqayisə olunmayacaq dərəcədə üstün bir mərtəbədədir. Əbdurrahmən bin Əbu Hətim ər-Razi deyir:
“Atamı belə deyərkən eşitdim: “Cəfər bin Muhəmməd siqadır, onun kimi birisi haqqında soruşulmaz.”
İbn Əbu Hətim, “əl-cərh vat-tədil”, 2/487
İbn Hibban onu belə vəsf edir: “O, əhli-beytin seyyidlərindən, tabiinin abidlərindən və Mədinə əhlinin alimlərindən biri idi.”
İbn Hibban, “Məşəhir uləmə əl-əmsar”, səh 206
Əbu Əhməd bin Adiyy əl-Curcəni deyir: “Cəfər bin Muhəmməd’in atası vasitəsilə Cabirdən, həmçinin atası vasitəsilə onun atalarından çox sayda hədisləri vardır. Əhli beytə aid nüsxələr Cəfər bin Muhəmmədin rəvayəti ilə mövcuddur. Ondan ibn Cureyc, Şubə bin əl-Həccəc kimi imamlar və başqaları hədis rəvayət ediblər ki, onlardan bəzilərini zikr etdim və bəzilərini zikr etmədim. Cəfər insanların siqa olanlarındandır…”
İbn Adiyy, “əl-Kamil fi duafə ər-ricəl”, səh 2/360
İbn Məncuveyh deyir: “Fəzilət, elm, ibadət, şərəf, hifz və itqan baxımından Mədinə əhlinin seyyidlərindən (ağalarından) və Qureyşin şərəflilərindən idi.”
İbn Məncuveyh, “Rical sahih Muslim”, 2/13
Beləliklə, Cəfər əs Sadiq təkcə elm, fəzilət, ibadət və şərəf baxımından deyil, həm də hədisləri hifz etməkdə, onları mükəmməl şəkildə əda etməkdə seçilirdi. İbn Abdulbərr onun haqqında danışarkən deyir ki, “siqa, əmin idi, əql və hikmət sahibi idi, vəra sahibi fəzilətli biri idi… sözünün çoxu hikmət idi.
İbn Abdulbərr, “ət-Təmhid”, 2/69
İmam ən-Nəvəvi onunla bağlı yazır: “Onun imamlığı, fəziləti və seyyidliyi üzərində ittifaq ediblər.”
Nəvəvi, “Təhzibul-əsmə val-luğat”, 1/150
İbn Teymiyyə onun haqqında yazır: “O, əhlüs-sünnətin ittifaqı ilə din imamlarından biridir”
İbn Teymiyyə, “Minhəc əs-Sunnə”, 2/176
əs-Səxavi isə deyir: “Fiqh, elm, fəzilət və səxavət baxımından əhli beytin seyyidlərindən idi, dəyərinin ucalığına, fəzilətinə, elminə və şərəfinə görə xilafət məqamına yaraşırdı. Onun fəzilətləri kitabları dolduracaq qədər çoxdur.”
əs-Səxavi, “ət-Tuhfətul-Lətifə”, 1/242
İmam Cəfər haqqında sünnət əhlinin mədhedici sözlərini yazıb qurtarmağı qarşımıza məqsəd qoysaydıq, cildlərlə kitab yazmaq mümkün olardı. Bunu deməliyik ki, sünnət əhli hamılıqla ittifaq edib ki, Cəfər əs-Sadiq din və sünnət imamlarından olmuş, onu heç kim bidətdə ittiham etməmiş, əksinə onun dində, fəzilətdə, sünnətdə seyyid və qüvvətli olduğunu demişlər. Hədis rəvayətinə gəldikdə isə çox cüzi istisna olmaqla hamılıqla onun siqa və etibarlı olduğunu demişdir.
İmam əl-Buxari’nin “əs-Səhih” kitabında ondan hədis rəvayət etməməsinə gəldikdə isə, buradan əl-Buxari’nin ona qarşı mənfi rəydə olması mənasını çıxartmaq yanlışdır. Çünki, əl-Buxari “əs-Səhih” kitabında eyni şəkildə Muhəmməd bin İdris əş-Şafii, Əbu Ubeyd əl-Qasim bin Səlləm, Həmməd bin Sələmə, Əbu Davud ət-Tayəlisi, Məymun bin Mehran, Muhəmməd bin Rumh, Davud bin Əbu Hind və daha bir çox sünnət imamlarından, böyük alimlərdən hədis rəvayət etməmişdir. İmam Buxari, Əhməd bin Hənbəl kimi böyük hədis alimindən təkcə iki hədis, Yəhya bin Məin’dən isə bir hədis rəvayət etmişdir. Bütün bunlar heç bir şəkildə əl-Buxari’nin bu alimlərə qarşı mənfi rəydə olduğuna dəlalət etməz.
Əhli sünnət kitablarında əhli beytin böyüklərinin sözlərinə həm etiqadi, həm də fiqhi məsələlərdə önəm verilmişdir. Bunun misalları kitablarımızda kifayət qədər çoxdur. Əbdurrazzəq “əl-Musannəf” kitabında deyir:
“İbrahim bin Muhəmməd’dən, o da Cəfər bin Muhəmməd’dən (rəvayət etdi) ki, “Əli odda bişmiş şeylərə görə dəstəmaz almazdı.” Bir başqa yerdə imam Cəfər vasitəsilə atasından rəvayət edir ki, əl-Həsən və əl-Hüseyn üzüklərinə Allahın zikrini nəqş etmişdilər. Bir digər rəvayətdə yenə Cəfər öz atasından rəvayət edir ki, Cibril peyğəmbərin - salləllahu aleyhi va səlləm - yanına gəlib namazın fərz olduğunu öyrətdikdə, məğrib namazından başqa digər namazların hamısını iki vaxtda qıldı, yalnız məğribi tək bir vaxtda qıldı.
Əbdurrazzəq namazın qısaltdılması ilə bağlı Sufyan əs-Səvri vasitəsi ilə imam Cəfər’dən, o da atasından rəvayət edir ki, Əli - radiyallahu anhu - demişdir:
“Bir yerdə on gün iqamə edəcəksənsə namazları tam qıl. Əgər bugün və ya sabah yola çıxacam deyərək bu şəkildə bir ay qalmış olsan belə namazları iki rükət qıl!”
Əbdurrazzəq daha sonra bunun eynisini İbrahim vasitəsilə Cəfərdən rəvayət etdiyini deyir. Bir başqa yerdə Məkkənin imamı ibn Cureyc vasitəsilə Cəfər əs-Sadiq’dən belə dediyini rəvayət edir ki, Əli bin Əbu Talibə insanların duha namazı qıldıqları zikr olunardı və o deyərdi:
“Bacardığınız qədər qılın, şübhəsiz ki, Allah namaza görə əzab etməz!” İbrahim bin Muhəmməd vasitəsilə Cəfər əs-Sadiq’dən, o da atasından rəvayət edir ki, Əli - radiyallahu anhu - bayram namazlarında birinci rükətdə yeddi dəfə, ikincisində beş dəfə təkbir gətirərdi.
Bir xəbərdə Əbdurrazzəq yenə ibn Cureyc’dən rəvayət edir: “Cəfər bin Muhəmməd bizə atasından, o da Ubeydullah bin Əbi Rafi’dən belə dediyini rəvayət etdi:
“Əbu Hureyra bizə cüməni qıldırardı və birinci rükətdə bizə Cümə surəsini, ikincisində isə “izə cəəkəl-munəfiqun” surəsini oxuyardı. Çıxmaq istədikdə Əbu Hureyra’ya çatdım və dedim: “Ey Əbu Hureyra! Səni bu iki surəni oxuyarkən eşitdim və Əli bin Əbu Talib Kufədə onları oxuyardı.” Əbu Hureyra dedi: “Onları Allahın elçisi - salləllahu aleyhi va səlləm - oxuyardı.”
Bir başqa məsələdə Cəfər əs-Sadiqdən rəvayət edir ki, bayram namazı ilə cümə namazı eyni günə düşdükdə Əli bin Əbu Talib bayram namazı qılanlara cüməyə gəlməməyə izn verərdi.
Yenə imam Cəfər vasitəsi ilə atası imam əl-Bariqin belə dediyini rəvayət edir ki, Əli bin Əbu Talib bayram namazlarına qüsl alardı. Cənazə babında peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrində necə dəfn olunmasını, onun zamanında qəbrin üzərinə su səpilməsini, Fatimənin - radiyallahu anhə - hər cümə Həmzə’nin qəbrini ziyarət etməsini və digər xəbərləri imam Cəfər vasitəsilə atası Muhəmməd əl-Baqir’dən rəvayət edir. Eyni şəkildə zəkat, oruc və digər bablarda onlarla məsələdə ya tək imam Cəfərdən, ya onun vasitəsilə imam əl-Baqir’dən ya da onların rəvayəti ilə imam Əlidən rəvayətlər zikr edir.
Bu əhəmiyyəti və etinanı ibn Əbu Şeybə’nin “əl-Musannəf” kitabında da görə bilərik.
Sünnət kitablarının böyük əksəriyyətində məşhur səhabə Cabir bin Abdullah əl-Ənsari’nin peyğəmbərin - salləllahu aleyhi va səlləm - həcci ilə bağlı rəvayətlərinin ciddi bir hissəsini imam əl-Baqir və oğlu Cəfər yolu ilə rəvayət edirlər. Əhli sünnət fəqihləri kitablarında bir çox yerdə digər imamlarla yanaşı Cəfər əs-Sadiq’in də məzhəbini qeyd edirlər. Misal olaraq, ibn Qudəmə heyvanı kəsərkən, bəsmələ etməyi unutduqda ətin halal olduğunu deyən fəqihlərin adlarını bu cür sadalayır: “Ata, Tavus, Səid bin əl-Museyyəb, əl-Həsən, Əbdurrahmən bin Əbu Leyla, Cəfər bin Muhəmməd və Rabia.”
İbn Qudəmə, “əl-Muğni”, 13/290
ən-Nəvəvi özü üçün həcc və ya ümrə etməmiş bir kimsənin, başqasının adına həcc və ya ümrə etməsinin keçərli olması haqqında danışarkən deyir: “əl-Həsən əl-Basri, Cəfər bin Muhəmməd, Əyyub əs-Səxtiyəni, Ata, ən-Nəxai və Əbu Hənifə dedilər ki, keçərlidir.”
ən-Nəvəvi, “əl-Məcmu şərh əl-muhəzzəb”, 7/118
Eyni şəkildə əqidə məsələlərində də buna önəm veriblər. Misal olaraq, ibn Cüzey əl-Kəlbi təfsir kitabında əl-Araf surəsi 54-cü ayədə keçən “sonra ərşin üzərinə istiva etdi” sözləri ilə bağlı imam Malik’in “istiva məlumdur, keyfiyyəti məchuldur, bu barədə soruşmaq bidətdir” dediyini nəql etdikdən sonra əlavə edir: “Malikin sözünün eynisi Əbu Hənifə’dən, Cəfər əs-Sadiq’dən və əl-Həsən əl-Basri’dən rəvayət olunub.”
İbn Cuzey, “ət-Təshil li ulum ət-tənzil”, 1/290
Əgər biz Cəfər əs-Sadiq’in və atasının sünnət əhlinin kitablarında keçən fətvaları, təfsirləri, qiraətləri və rəvayətləri haqqında yazmalı olsaq ayrıca bir kitab hasil olar.
Şiə kitablarında Cəfər əs-Sadiq’dən rəvayət edən ravilərin sayı inanılmaz dərəcədə çoxdur. "Şeyxut-Taifə" ləqəbli böyük şiə alimi Əbu Cəfər ət-Tusi bu ravilərin sayını müəyyən etməyə çalışmış və onların 3050 nəfər olduğunu qeyd etmişdir.
Həsən əs-Sadr, “Nihəyətud-dirayə”, səh 401
Bəzi müasir müəlliflər ayrıca kitab yazaraq ondan rəvayət etmiş raviləri bir araya toplamağa çalışmışdır. Misal olaraq Əbdulhüseyn əş-Şəbəstəri iki cildlik kitabında bu ravilərin sayını 3759-a çatdırıb, onların arasında kufəli olanların sayı 1800 nəfərdir. Cəfər əs-Sadiq’in öz doğma şəhəri və ömrü boyu yaşadığı Mədinədən olan ravilərin sayı isə təxminən 150 nəfər, yəni ümumi ravilərin heç dörd faizini təşkil etmir.
əş-Şəbəstəri, “əl-Fəiq fi ruvat va əshab əl-imam əs-Sadiq”
Bu kitabın tamamı ravilərin adlarından və haqlarındakı qısa məlumatlardan ibarətdir.
Burada maraqlı olan tərəf budur ki, Cəfər əs-Sadiq - iddia olunduğuna görə - şiddətli nəzarət altında təqiyyə etməyə məcbur olduğu halda ondan dörd minə yaxın ravi hədis rəvayət etmişdir.
Əhli sünnətin imamları təqiyyə etmədikləri, dərsləri hər kəsə açıq olduğu halda və hədis rəvayət edənlərin sayı şiələrdəkindən qat-qat çox olmaqlarına baxmayaraq heç bir əhli sünnət alimin bu qədər rəvayətçisi olmamışdır.
İmam Cəfər əs Sadiqlə eyni dövrdə, eyni şəhərdə yaşamış imam Malik’dən rəvayət etmiş ravilərin sayının 1300 nəfər olduğu deyilib.
İbn Fərhun, “əd-Dibəc əl-muzhəb”, 1/72
Maliki alimləri bu rəqəmləri qeyd edərkən, ravilərin çoxluğu ilə fəxr edirlər. Məlumdur ki, imam Malik sağlığında elə bir şöhrət sahibi idi ki, onun yanına uzaq Əndəlüsdən və Xorasandan tələbələr gəlirdilər.
Əhli sünnət alimləri içərisində bu sayın yarısına belə çatacaq heç bir imam və fəqih tanınmır.
əs-Suyuti “əl-Muvatta” kitabının şərhində yazır ki, “Malikdən rəvayət edənlər çoxdur, beləki imamlardan heç birinin onun raviləri qədər raviləri olduğu bilinmir...”
əs-Suyuti, “Tənvirul-Həvalik Şərh Muvatta Malik”, 1/10-11
Daha sonra isə qeyd edir ki, əl-Xətib əl-Bağdadi bu barədə ayrıca kitab yazmış və orada imam Malikdən rəvayət edənlərin hamısını saymağa çalışmış, lakin yalnızca 993 ravi saya bilmişdir.
əl-Qadi İyad isə bu barədə yazdığı kitabda ən uzağı təxminən 1300 ravi olduğunu saya bilmişdir. Necə olur ki, imam Malik kimi səsi-sorağı Əndəlüsə qədər gedib çıxmış bir imamdan rəvayət etmiş zəif və siqa ravilərin ümumi sayı 1300-ə güclə çatdığı halda Cəfər əs-Sadiq kimi daha qapalı bir mühitdə fəaliyyət göstərmiş alimdən 4000 siqa ravi hədis rəvayət edə bilmişdir?!
Bu əgər bir şeyi sübut edirsə yalnız və yalnız Cəfər əs-Sadiq’in adından yalan uyduran ravilərin çoxluğunu sübut edir.
Əhli sünnətin ən böyük imamlarından sayılan imam Əhməd bin Hənbəl’dən rəvayət edənlərin sayına gəldikdə isə ən-Nəbulsi onların sayının 567 nəfər olduğunu demişdir. İbnul-Cəvzi bu sayın üzərinə daha 18 nəfəri əlavə edə bilib. Saleh bin Abdulaziz əl-Buradi daha on ravini əlavə edərək ümumi sayın 595 olduğunu demişdir.
əl-Buradi, “Təshil əs-səbilə”, 1/397-398
İmam Əhmədin də öz zamanında sahib olduğu şöhrəti onun yanına Əndəlüsdən və Xorasandan tələbələr cəlb edirdi. Lakin, bununla belə ondan rəvayət edənlərin sayı 500-ə çatmırdı. Halbuki, şiə rical alimi Kəşşi kufəli şiə ravi əl-Həsən bin Əli əl-Vaşşə'dən nəql edir:
“Əgər bilsəydim ki, hədislərə bu qədər tələb olacaq onları daha çox toplayardım, çünki mən bu məsciddə 900 şeyx gördüm ki, hamısı “mənə Cəfər bin Muhəmməd rəvayət etdi” deyirdi...”
“Ricəl ən-Nəcaşi”, səh 40; Qum 1418
Əgər təkcə əl-Həsən əl-Vaşşə bir məsciddə doqquz yüz ravi ilə qarşılaşıbsa və bu ravilərin hamısı imam Cəfərdən hədis eşitdiyini iddia edibsə o zaman yalanın nə qədər yayğın olduğunu təsəvvür etmək mümkündür, çünki şiələrin özlərinin iddiasına əsasən İmam Cəfər əs-Sadiq dövlətin nəzarətində yaşayırdısa və buna görə təqiyyə etməyə məcbur idisə təkcə bir quşaqdan doqquz yüz nəfər kufəli nə zaman, hansı şəraitdə Cəfərdən bu hədisləri eşidiblər və rəvayət ediblər?! Örfən belə bir şey mümkün deyildir. Bu həqiqəti görmək və onu dərk etmək çətin olmamalıdır. Dönəmin məşhur sünni hədis alimlərindən bir çoxu Cəfər əs-Sadiq’in Mədinə şəhərində hədis rəvayət etdiyi məclislərdə iştirak ediblər, ondan hədis yazıblar. Ondan hədis rəvayət etməklə tanınmış və Mədinə şəhərində yaşamış ravilərdən heç biri ondan bu qədər hədis rəvayət etməyib. Əslində hansısa bir ravinin Cəfər kimi birindən bu qədər hədis eşitdiyini iddia etməsi özü həmin ravinin yalançı olduğunu göstərmək üçün kifayət etməlidir. İbn Əbu Asim “əs-Sunnə” kitabında səhih bir isnadla rəvayət edir: “əl-Əşac bizə rəvayət etdi; Əbu Usəmə bizə əl-Aməş’dən, o da Məsud bin əl-Həkəm’dən belə dediyini rəvayət etdi: “Əli bin əl-Hüseyn mənə dedi: “Səid bin Cubeyr ilə oturub durursan?”
Dedim: “Bəli.”
Dedi: “Mən onunla oturub durmağı sevirəm, onun söhbətini sevirəm.” Sonra əli ilə Kufə tərəfə işarə etdi və dedi: “Onlar bizim haqqımızda bizdə olmayan şeylər deyirlər.”
İbn Əbi Asim, “əs-Sunnə”, 2/482; rəq: 998
Kufəli ravilərin arasında Cabir bin Yezid əl-Cufi xüsusi bir yer tutur. Onun haqqında əl-Kəşşi rəvayət edir ki, Zurarə demişdir: “Əbu Abdullah’dan - aleyhissələm - Cabir’in hədisləri haqqında soruşdum. Dedi: “Onu atamın yanında yalnız bir dəfə görmüşəm, mənim yanıma isə heç zaman daxil olmayıb.”
ət-Tusi, “İxtiyər mərifətir-ricəl”, 2/20 Kitabın mühəqqiqi ravilərinin hamısının siqa olduğunu yazır.
Bununla belə rəvayətlərdə keçən məlumatlara görə Cabir demişdir ki, “mənə 50.000 rəvayət nəql olunub ki, onu heç kim məndən eşitməyib.”
Bir başqa xəbərdə isə deyir: “Mənə Əbu Cəfər - aleyhissələm - 70.000 hədis rəvayət edib ki, onu heç kimə rəvayət etməmişəm.”
ət-Tusi, “İxtiyər mərifətir-ricəl”, 2/24-25;
Bir başqa ravi Əbən ibn Təğləb haqqında isə rəvayət edirlər ki, Cəfər əs-Sadiq demişdir:
“Əbən bin Təğləb məndən 30.000 hədis rəvayət edib, ondan rəvayət edin!”
“Ricəl ən-Nəcəşi”, səh 12
Şiə alimləri Əli Muhəmməd Rza Kəşiful-Ğita, əl-Hurr əl-Amili və başqaları Cəfər əs-Sadiq’in tələbələri haqqında və onun tələbələri’nin ondan rəvayət etdikləri haqqında danışdıqlarında bunu fəxrlə qeyd edirlər.
Bax: Əli Kəşiful-Ğita, “Ədvaru ilm əl-fiqh va ətvaruhu”, səh 102; əl-Amili, “Vasəil əş-Şiə”, 30/200
Aydın məsələdir ki, Kufədə yaşamış ravilərin Mədinə şəhərində yaşayıb fəaliyyət göstərmiş birindən bu qədər hədis rəvayət etməkləri mümkün deyildir.
Əhli sünnətin kitablarında Cəfər əs-Sadiq’dən hədis rəvayət etmiş ravilərin arasında İsmail bin Cəfər bin Əbu Kəsir əl-Ənsari, Əbən bin Təğləb ər-Rabi, Həsən bin Saleh bin Həy əl-Kufi, əl-Həsən bin Əyyəş bin Səlim əl-Əsədi, Hafs bin Ğiyas, Sufyan əs-Səvri, Sufyan bin Uyeynə, Süleyman bin Bilal ət-Teymi, Şubə bin əl-Həccəc, Əbdurrazzəq bin Humməm əs-Sanani, Abdullah bin İdris bin Yezid əl-Əvadi, İbn Cureyc əl-Məkki, Əbu Muhəmməd Abdulvahhab ibn əs-Salt əs-Səqafi, Amr bin Qeys əl-Muləi, Anbəsə bin Nəccəd əl-Abid, Malik bin Ənəs, Əbul-Haris Muhəmməd ibn əl-Muğira əl-Amiri, Məmər bin Raşid əl-Əzdi, oğlu Musa əl-Kazim, Vuheyb bin Xalid əl-Basri, Yəhya bin Said əl-Qattan, Muhəmməd bin İshaq əl-Mədəni, Yezid bin Abdullah bin Usəmə əl-Leysi kimi siqa və etibarlı ravilərin, şeyxlərin adları sadalanır. Həmçinin, Abdullah bin Dukeyn, Abdulaziz bin Muhəmməd əd-Dəravardi, əl-Hüseyn bin Zeyd əl-Haşimi, Hətim bin İsmail əl-Mədəni, Abdullah ibn Uveys əl-Əsbəhi, əl-Fudeyl bin Süleyman əl-Basri, əl-Qadi Əbul-Yəsir Muhəmməd əl-Hərrani, Muhəmməd bin Məymun əz-Zəfərani, Muslim bin Xalid əl-Məxzumi, Musab bin Səlləm əl-Kufi, Yəhya bin Süleym ət-Taifi kimi saduq və hədisləri həsən olan ravilərin də adları keçməkdədir.
Amr bin Qeys deyir: “Cəfər bin Muhəmməd bin Əli’ni belə deyərkən eşitdim: “Əbu Bəkr və Ömərdən bəraət edəndən Allah bəraət etsin!”
Bunu imam Əhməd şeyxi Əsbət’dən, o da Amr bin Qeys’dən rəvayət edir. Abdullah, “Fədail əs-sahabə”, 1/160
Zuheyr bin Müaviyə deyir: “Atam Cəfər bin Muhəmməd’ə dedi: “Mənim bir qonşum var ki, sənin Əbu Bəkr və Ömərdən bəraət etdiyini iddia edir.” Dedi: “Allah sənin qonşundan bəraət etsin! Allaha and olsun ki, Əbu Bəkrə olan qohumluğumun mənə fayda verəcəyinə ümid edirəm…”
İbn Əbu Xeysəmə, “ət-Tarix əl-Kəbir”, 2/333 (3212)
İmam əz-Zəhəbi kitabında Amr bin Qeys’in rəvayətini gətirdikdən sonra deyir: “Bu söz Cəfər əs-Sadiq’dən mütəvatirdir və mən Allaha şahidlik edirəm ki, o, bu sözündə səmimidir, heç kimin qarşısında münafiqlik etməyib.”
əz-Zəhəbi, “Siyər əaləmin ən-Nubələ”, 6/260
Abdulcabbar bin əl-Abbas əl-Həmədəni deyir ki, “onlar Mədinə şəhərindən çıxıb səfər etmək istədiklərində Cəfər bin Muhəmməd onların yanına gəldi və dedi: “Siz - inşallah - öz ölkənizin saleh insanlarındansız. Onlara məndən xəbər çatdırın ki, hər kim mənim itaət olunması fərz olan məsum imam olduğumu deyirsə mən ondan bəriyəm və hər kim mənim Əbu Bəkr və Ömərdən bəraət etdiyimi deyirsə mən ondan bəriyəm.”
əd-Dəraqutni, “Fədail əs-sahabə”, səh 88
Səlim bin Əbu Həfsa deyir: “Əbu Cəfər’dən və oğlu Cəfərdən Əbu Bəkr və Ömər haqqında soruşdum. Dedilər: “Ey Səlim! Onları sev və onların düşmənlərindən bəraət et, çünki o ikisi hidayət imamları idilər.”
Sonra Cəfər dedi: “Ey Səlim, adam da heç öz babasını söyərmi?! Əbu Bəkr mənim babamdır. Mən əgər bu ikisini sevmirəmsə, onların düşmənlərindən bəraət etmirəmsə Allah mənə qiyamət günündə Muhəmmədin şəfaətini nəsib etməsin!”
Əhməd bin Hənbəl, “Fədail əs-Sahabə”, 1/175
Həfs bin Ğiyas deyir: “Cəfər bin Muhəmmədi belə deyərkən eşitdim: “Əlinin şəfaətindən arzu etdiyim elə bir şey yoxdur ki, onun eynisini Əbu Bəkrin şəfaətindən arzu etməyim. O mənim iki yerdən atamdır.”
Dəraqutni, “Fədail əs-Sahabə”, səh 57
Urva bin Abdullah deyir: “Əbu Cəfər Muhəmməd bin Əli’nin yanına gəldim və dedim: “Qılıncları bəzəmək haqqında nə deyirsən?” Dedi: “Bunda bir bəis yoxdur, Əbu Bəkr əs-Siddiq də öz qılıncını bəzəyərdi.”
Dedim: “Sən də ona əs-Siddiq deyirsən?”
Bu zaman dərhal sıçradı, qibləyə tərəf üz tutdu və dedi: “Bəli, əs-Siddiq! Bəli, əs-Sİddiq! Bəli, əs-Siddiq! Hər kim ona əs-Siddiq deməkdən imtina edərsə Allah onun bu dünyada və axirətdə sözünü təsdiqləməsin!”
Əhməd bin Hənbəl, “Fədail əs-Sahabə”, 1/419
Məşhur “əs-Sira” kitabının müəllifi Muhəmməd bin İshaq deyir: “Əbu Cəfər Muhəmməd bin Əli dedi: “Əbu Bəkr və Ömərin fəzilətini tanımayan sünnətdən cahildir.”
Dəraqutni, “Fədail əs Sahabə”, səh 59
İmam Cəfər Sadiq Mədinə alimi olmuş və ömür boyu Mədinədə yaşamışdı. Onun zamanında yəni, hicri ikinci əsrdə Mədinədə, ümumiyyətlə bütün İslam dünyasında Əbu Hənifə, ibn Mübarək, Əvzai, Fudeyl ibn İyad, Həmmad, Həsən əl Bəsri, Nafi, Sufyan ibn Uyeynə kimi böyük fəqihlər, alimlər, mühəddis, mühəqqiqlər yaşayırdı. Bunlardan biri də məşhur Mədinə alimi imam Malik ibn Ənəs idi. Məlumdur ki, onun üsuluna görə Mədinə əhlinin adəti sünnədən hesab edilirdi və bu dində hüccət hesab olunurdu. Çünki, Mədinə peyğəmbər şəhəri idi. Səhabə, övladları olan tabein nəsli və onların da övladları və tələbələri bu şəhərdə yaşayırdılar. O zamanlar Mədinə İslamın elm, irfan mərkəzi hesab olunurdu.
İmam Cəfər ilə imam Malik müasir olmuş və bir-birindən faydalanmışdılar. Hər ikisinin Mədinədə minlərlə tələbəsi olmuş, fətva və əsərləri qələmə alınmış, fətvaları nəql olunmuşdu.
İmam Cəfər ata tərəfdən Əlinin (r.a), ana tərəfdən Əbu Bəkrin (r.a) övladıdır.
İmam Cəfərə Əməvilər devrildikdən sonra əhli beytdən biri kimi xəlifə olmaq təklifi edilmişdi. Lakin, o babası Əli ibn Əbu Talib kimi bu təklifi qəbul etmək istəmirdi və etmədi, siyasətdən uzaq qalmağı tərcih etdi.
İmam Əbu Hənifə imam Cəfərin əmisi böyük mücahid, alim, imam Zeyd ilə yaxın dost olmuşdur.
Mədinə alimi kimi imam Malikin, Cəfər Sadiqin etiqadı, fiqhi Mədinə əhlinin etiqadına müvafiq idi. Çünki, onlar orada yetişmişdilər və Mədinə əhli də onlardan faydalanırdı. Başqa sözlə, Mədinə əhlinin dini bu imamların dini, onların dini isə Mədinə əhlinin dini idi. Çünki, hər ikisinin Mədinədə minlərlə tələbəsi olmuşdur. Bu bir daha onu göstərir ki, İslam alimlərinin dediyi kimi imam Cəfər əhli sünnənin böyük alimlərindən olmuşdur.
Şiələr özlərini imam Cəfərə nisbət edərək Cəfəri adlandırırlar. Halbuki, nə imam Cəfərin, nədə onun tələbələrinin yazdıqları kitablar mövcud deyil vəya günümüzə gəlib çatmamışdır. Halbuki, Əbu Hənifə, Malik, Şafii, imam Əhməd kimi fiqhi məzhəb imamlarının özlərinin yazdıqları kitablar kimi tələbələrinin də yazdıqları kitablar əlimizdə mövcuddur.
Mümkün deyil ki, Mədinə əhli imam Sadiqdən istifadə etsin, amma başqa məzhəbdə vəya etiqadda olsunlar.
Məhz, ona görə şiələr Əli ibn Əbu Talib haqqında, guya o Mədinədə 25 il təqiyyə etdiyi kimi imam Cəfər haqqında da eyni iddiada olmuşlar. Guya imam Sadiq ömrü boyu Mədinədə yalana doğru, doğruya da yalan qataraq müsəlmanları aldatmış, yetişdirdiyi tələbələrə batil öyrətmiş,qorxu altında haqqı gizlətmişdi.
Şiələrin imam Cəfəri təqiyyə ilə vəsfləndirmələri onların ağır vəziyyətdən çıxmaq cəhdidir.
Problem ondadır ki, o zaman Kufənin fasiq, münafiq özünə şiə deyən bir qisim qulat əqidəli insanları mütəmadi olaraq Mədinəyə gəlir, imamdan söz, fətva soruşur, sonra Kufəyə qayıdaraq, üzərinə yalan, təhrif qataraq onu imamın adından yayırdılar. Beləcə imamın adından deyilən yalanlar Mədinədə deyil, geniş İraq coğrafiyasında yayılırdı. Ona görə bir tərəfdən Mədinədə olan həqiqəti, elmi, digər tərəfdən Kufə və İraqda yayılan ziddiyyətli xəbərləri izah etmək üçün şiələr imam Cəfərin təqiyyə etdiyini iddia etməyə başladılar. Guya o Mədinədə təzyiq altında birilərinə bir söz, başqalarına tam əksi söz deməklə təqiyyə edir. Bununla əslində rafizi şiələr öz yalanlarını ört-basdır etməyə və bir növ iddialarını izah etməyə çalışırdılar.
İmam Cəfərin mənbələrdə belə yalançı, fitnəkar, xəbis tiplərdən nə qədər əziyyət çəkdiyi, onlara lənət etdiyi haqqda xeyli rəvayyətlər varid olmuşdur. Alimlərin qeyd etdiyinə görə imamın adından yayılan yalan xəbərlərin sayı hesabı yox idi.
İmam Cəfər demişdir: “Biz, əhli-beyt doğru danışanlarıq. Ancaq biz, bizim adımızdan yalan danışan yalançılardan azad da deyilik. Onların bizim üzərimizə yaxdıqları yalanlardan ötrü insanların nəzərində bizə etibar da azalıb...”
“Ricalul-kəşşi”, səh 108
Zeydilərin alimlərindən Muhəmməd bin Mənsur əl-Muradi "əl-Ulum" kitabında yazır: "Abdullah bin Muhəmməd (bin Süleyman bin Abdilləh bin əl-Həsən bin əl-Həsən bin Əli bin Əbi Talib) mənə Abdullah bin Musa (bin Abdullah bin əl-Həsən bin əl-Həsən bin Əbu Talibdən, o da atası Musa bin Abdullah'dan rəvayət etdi:
"Bir gün o atası Abdullah bin əl-Həsən ilə həcc və ya ümrə edirdilər. İrquz-Zubyə deyilən yerdən keçdiklərində Cəfər bin Muhəmməd'in oranın kölgəsində oturduğunu gördülər. Heyvanın üstündəki kəcavənin yanına söykəndi və səsləndi: "Ey Cəfər bin Muhəmməd!"
(Cəfər) dedi: "Burdayam ey Əbə Muhəmməd! Üz tutduğum o haram evin Rəbbinə and oldun ki, məsələ elə sənin bildiyin kimidir, yeganə bir din vardır və sənin eşitdiyin hər bir şey mənim adımdan uydurulmuş yalanlardır."
"Kitəbul-ulum əş-şəhir bi əməli əl-iməm Əhməd bin İsa", 2/305; 1981
Ona görə də imam Cəfərdən səhih sənədlə varid olan xəbərlərin sayı çox azdır. Bununla belə, əhli sünnə mənbələrində imam Cəfərdən 300-ə qədər hədis rəvayyət olunmuşdur.
Şiə mənbələrində imam Cəfərdən rəvayyət olunan rəvayyətlərin ümumi sayı 70-80% təşkil edir. Halbuki, elə şiə rical alimlərinə görə imamdan nəql edən ravilərin böyük əksəriyyəti məchul, məlun, kəzzab, fasiq və etibar olunmayacaq kimsələr olmuşdur. Təkcə onu demək kifayətdir ki, şiələrin dörd ən mötəbər hədis kitabında nəql olunmuş 44.000 hədisdən 11.419-u məlun (lənətlənmiş) və kəzzab (yalançı) ravilərin nəql etdiyi rəvayyətlərdir.
Biz hələ məchul, şərəbxor, fasiq və digər bidətlərdə ittiham olunan şiə ravilərdən danışmırıq.
İlk şiə rical alimlərindən olan Kəşşi Yəhya ibn Əbdulhəmid əl-Hammani'dən sitat gətirir və deyir:
Şəriqə dedim ki, insanlar Cəfər ibn Məhəmmədin hədisdə zəif olduğunu iddia edirlər, ona görə də sənə əhvalatı danışacağam.
Cəfər ibn Muhəmməd saleh və təqvalı bir müsəlman idi, lakin onu cahillər əhatə edirdi. Onlar onun yanına gəlir, sonra camaatın yanına gedib deyirdilər ki, Cəfər ibn Məhəmməd bizə rəvayət etdi. Camaatdan yemək və onların dirhəmlərini (pullarını) götürmək üçün Cəfərə yalan və uydurma iradlar söyləyərdilər. Bu şəkildə bütün pislikləri gətirər, kütlə də bunu eşidərdi. Sonradan bəziləri həlak olur, bəziləri isə onu rədd edirdi.
"Rical əl-Kəşşi", 2/616
Cəfər əl Sadiq ona qarşı ifrat yalanlardan şikayət edərdi və deyərdi:
إنا أهل بيت لا يزال الشيطان يدخل فينا من ليس منا ولا من أهل دينا فإذا رفعه ونإذا رفعه ونظر إلام الشيطان فيكذب علينا وكلما ذهب واحد جاء آخر
"Biz əhli beyt elə bir insanıq ki, şeytan bizim yanımıza nə özümüzdən, nə də dinimizdən olmayan insanlar göndərir. O yüksəldikdə və insanlar onu görməyə başlayanda şeytan ona bizim üzərimizə uzanmağı tapşırır, biri gedəndə başqası gəlir.
"Tuhaf əl Rəsul , səh 31 -31;"Biharul Ənvar", 75/289; "Müstədrək əl-Vəsail", 9/91
