Bəqərə surəsi 16-cı ayətin təfsiri

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَـٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَـٰرَتُهُمْ وَمَا كَانُوا۟ مُهْتَدِين

Uləikə'l-ləzinə'ştəravu'd-dalələtə bi'l-hudə. Fə mə rabihət ticəratuhum. Və mə kənu muhtədin.

Yəni:

"Onlar, o kimsələrdir ki, hidayət qarşılığında dəlaləti satın aldılar. (Lakin), onların ticarəti, kar etmədi və muhtədin (hidayəti, yəni doğru yolu tapanlar) olmadılar.” (Bəqərə/16)

 

Ayətin, əvvəlilə nəzmi:

Bil ki: Bu ayə, əvvəlki ayələrin fəzləkəsi (özəti) və icmalıdır. Ali və təsirli bir şəkildə, onları təsvirdir.

Ticarət üslubunun təxsisi, təmsil üçündür. Çünki, Quranın ilk muxatabları, yaz-qış səfərlərilə, ticarətin acı-şirin hallarını dadmışdılar.

Münasibət cəhəti, budur: Bəşər növü, dünyaya yerləşməyə deyil; sərmayələri olan istedad və qabiliyyətlərilə ticarət edib, əkib-biçməyə; sonra, bunların məhsullarında təsərrüf etməyə gəldilər.

-------------------------

İzahı:

Müəllifimiz, bu ayətin əvvəlki ayələrlə münasibəti haqqında, belə deyir:

Quran, bir əvvəlki ayədə bəhsi keçən münafiqlər haqqında, "Mədəd istəyib, tuğyan içində heyrətdə qalanların halı nə oldu?" deyə müqəddər olan suallara, bu ayə ilə cavab verdi. Yəni:

"Bunlar, elə axmaq tayfadırlar ki, hidayəti verib qarşılığında dəlaləti satın aldılar və ticarətlərindən də qazanc əldə etmədilər."

(Not: Çünki, əvvəlki ayə ilə bu ayə arasında, ətf hərfi gətirilmədi. Əksinə, mustənifə (müstəqil) bir cümlə olaraq başlanıldı. Bu da, 2 ayə arasında müqəddər cümlələrin olduğunu göstərir.)

Bəli, münafiqlər, ömür sərmayələrini, mal və mülklərini, izzət və şərəflərini, iman və hidayətlərini verib; qarşılığında, küfr, dəlalət və tuğyanı satın aldılar.

Bu ayə, əvvəlki ayələrin icmalıdır. Təsirli və ali bir surətdə, münafiqləri təsvir edib gözlər önünə sərir.

Onların halını təmsili bir üslubla gətirməsini isə, Müəllifimiz Nursi (rahmətullahi aleyh), belə açıqlayır:

1. Birinci səfdəki muxatablar, yəni, Məkkə müşrikləri ilə Mədinə münafiqləri və kafirləri, ticarətin şirinliyini, karlı qazancını və acı olan zərərini görüb dadmışdılar. O ticarətdən qazandıqları təcrübə nəticəsində, ayədə bəhsi keçən ticarətin də nə demək istədiyini; ayənin, onların, bu ticarətdə nə qədər böyük bir zərər etdiklərini və nə dərəcə qiymətli bir malı, sərmayəni itirdiklərini xəbər verdiyini, yaxşı başa düşürdülər.

2. İnsanlar, bu dünyaya daimi yerləşmək üçün göndərilməmişlərdir. Burda, müvəqqətidirlər. Burdakı işləri isə, özlərinə sərmayə olaraq verilən istedad və qabiliyyətlərilə ticarət etməkdir. Burda saleh əməl əksinlər ki, axirətdə məhsullarını alsınlar deyə göndərilmişlərdir.

Bax, bu cəhətləri bəyan etmək üçün, ticarət üslubu, təmsil olaraq gətirilmişdir.

 

Not: Dünyanın, axirətin tarlası olduğu üçün bax:

https://suallarlaislam.com/.../dunya-axir%C9%99tin...

-------------------

-------------------

Bu ayətin cümlələri arasındakı nəzm cəhəti:

Ayədə təmsil üslubu tərzilə, ayətin cümlələrində bir-birinə tərəttüb edən (yəni, bir-birini nəticə verən) səlis, fitri bir düzülüş vardır. Belə ki:

Zərərə uğramış, dəstəkçisi olmayan bir tacirə, qiymətli bir sərmayə verildi. O isə, bununla, zəhər və bənzəri şeyləri satın aldı; o sərmayədə təsərrüf etdi. Ancaq, bu alış-verişdən, heç bir kar (qazanc) əldə etmədi; bir fayda tapmadı. Deyil qazanc, zərər üstünə zərər etdi. Belə ikən, sərmayəsini də tükətdi. Sonra da, (evinə) qayıda bilməyəcək bir şəkildə, yoldan çıxdı.

--------------------

--------------------

--------------------

Ayədəki hər cümlənin cüzləri (parçaları)'nın nəzmi:

~ "Uləikə/onlar" ləfzi:

• Uzaqda olub hissə xitab edəni ihdar (dilimizdə ihzar, yəni göz önündə hazır etmək) üçündür. İhzar yönünə gəlincə: Onların bəhsi keçən cinayətlərini eşidən hər muxatabın qəlbində, (onlara qarşı) get-gedə artan bir nifrət, bir qeyz meydana gələr. Elə ki, qeyzini yatırmaq üçün, onları görmək, nifrət və təhqirlə onlara müqabilə etmək istəyər;

• "Uləikə"dəki hissə xitab etmə yönü isə, budur: Bu qəribə vəsflərlə müttəsif olmaq (vəsflənmək), onları, zehndə müccəssəm qılar və gözlə görülən hala gətirər. Onların, bu halları ilə, xəyalın önündə boy göstərdiklərinə bir rəmzdir.

• Bu hissə xitab etmə yönündən, "Məsiyyət (asilik, günah), məsiyyətə sürüklər." sirrilə, hökmün illətinə də bir rəmzdir.

• "Uləikə/onlar" ləfzindəki uzaqlıq mənası, onların, haqq yoldan son dərəcə uzaq olduqlarına işarətdir. Qayıda bilməyəcəkləri bir yerə getmişlərdir. Getmək, əllərində idi; ancaq qayıtmaq, artıq əllərində deyildir.

----------------------------

İzahı:

Müəllifimiz Nursi (rahiməhullah), deyir:

"Uləikə", ismu'l-işara (işarə əvəzliyi)'dir. Bu əvəzlik, hiss edilə bilən və uzaq olan bir cismə işarət etmək üçün istifadə edilir. Ayədə "uləikə/onlar" işarə əvəzliyinin gətirilməsində, aşağıdakı incəliklər vardır:

1. Münafiqlərin əvvəl zikr etdiyimiz 4 cinayəti olan "aldatma, fəsad çıxarma, möminləri səfeh görmək və istehza" cinayətləri kimi bu xəbis fellərini eşidən sami (dinləyici)'nin qəlbində, yavaş-yavaş onlara qarşı bir hiddət, bir kin və bir nifrət hissi hasil oldu. Onlara qarşı olan kin, nifrət, qeyz, tədricən şiddətləndi. Bu halda, sami (ayəyə qulaq verən), istədi ki, o münafiqləri, gözü önündə hazır görsün; onlardan intiqam alsın; beləcə, qəlbindəki o nifrət atəşini söndürsün. Yəni, "Bu münafiqlər, nə qədər pis və xəbisdirlər; nə qədər təhqirə layiqdirlər." deyə göz önünə gətirərək, onlardan intiqam alsın. Bundan dolayı da, ayə, "uləikə" işarə əvəzliyilə, onları, saminin gözü önündə, hiss edilə biləcək hazır vəziyyətə gətirdi.

2. Yuxarıda dediyimiz kimi, "uləikə /onlar" işarə əvəzliyi, hiss edilə bilən şeylərə işarət etmək üçün istifadə edilir. Halbuki, münafiqlərin cinayətləri, məhsusat (hiss edilənlər)'dən deyil, məqulat (əqlən idrak edilənlər)'dəndir. Elə isə, mənəvi, əqli bir şey üçün niyə "uləikə" gətirildi?

Müəllifimiz Ustad Nursi də, buna belə cavab verir ki:

Bəyanı möcüzə olan Quran, onların 4 cinayətini və sifətlərini elə vəsf etdi, elə göz önünə gətirdi ki, sanki onlar, dinləyicinin zehnində təcəssüm etdilər, göz ilə görünəcək hala gəldilər. Bundan dolayı da, ağılla idrak edilə bilən bu şeyləri, hisslərlə idrak edilən şeylər üçün istifadə edilən işarə əvəzliyilə göstərdi.

3. "Uləikə"də, hökmün illətinə də rəmz vardır. Onlar, əvvəlki ayələrdə zikr edilən cinayətləri işləyincə, belə bir aqibət, özləri üçün qaçılmaz oldu. Ayə də, "uləikə/onlar" deyərək, münafiqlərin, başqalarının da gördüyü, bildiyi pis bir halda nə üçün olduqlarını göstərdi.

4. "Uləikə" kəliməsi, eyni zamanda, bu'diyyət (uzaqlıq) ifadə etməkdədir. Bu kəlimənin bu vəsfi də işarət edir ki, münafiqlər, haqq yoldan uzaqdırlar. Onlar, haqq yoldan elə uzaqlaşmışlardır ki, artıq haqq yola və hidayətə qayıtmaları, mümkün deyildir.

-------------------------

-------------------------

~ "əlləzinə/o kimsələr ki" ləfzi:

Bu növ əcaib və xəbis bir ticarətin, yeni ortaya çıxıb bəzi insanlarca bir əsas və bir məslək (yol) halına gəlməyə başladığına işarətdir. Çünki -daha əvvəl də keçdiyi kimi- "əlləzinə", yeni meydana gələn həqiqətlərə işarət edir.

--------------------------

İzahı:

“Əlləzinə”, ismul-mövsuldur. İsmu'l-mövsul, dilimizdə, "nisbi əvəzliklər" deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:

الرجل الذ ي خرج من الفصل مدرس

Ər-raculu, əlləzi xaracə minə'l-fasli, mudərrisun.

Yəni:

“Kişi, kim ki sinifdən çıxdı, müəllimdir.”

Burda, "əlləzi", yəni, "kim ki, hansı ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.

Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/kim ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.

Nisbi əvəzlikdən sonra gələn və əvəzliyin mənasını aydınlaşdıran cümləyə də, "silətu'l-mövsul" deyilir.

Nisbi əvəzliklər, aşağıdakılardır:

~ kişi cinsində təkdə: əlləzi;

~ qadın cinsində təkdə: əlləti;

~ kişi cinsi cəmdə: əlləzinə (hansılar ki, kimlər ki);

~ qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".

Ustad Nursi, Bəqərə surəsi 6-cı ayətin təfsirində, deyir:

Sual:

"Bu kəlimənin, Quranda bu qədər sıxca təkrar edilməsinin səbəbi, nədir? Bu kəlimə, nə üçün əksər yerlərdə zikr edilir?"

Cavab:

Bil ki, "əlləzinə" kəliməsi, gözdən əvvəl, ağlın hiss etdiyi yeni bir həqiqətə işarət edən ədatdır. Yəni, hələ sabit olmayan yeni bir hadisəyə, yeni bir həqiqətə işarət edir. Demək, ağıl, yeni bir şey kəşf etmiş; göz hələ onu görmədən onu hiss etmiş; və "əlləzinə" kəliməsilə ona işarət etmişdir. O yeni həqiqət, yavaş-yavaş yetişməyə başlamış; ancaq, hələ tam dəyməmişdir. Yəni, o həqiqət haqqında, zehndə bir fikir, bir hiss hərəkətə keçmiş; lakin hələ gözlə görüləcək hala gəlməmişdir. O yeni həqiqət, başqa-başqa şeylərin məzcindən doğar; səbəblərin birləşməsilə, bir-birinə yapışması ilə, yavaş-yavaş təşəkkül edər.

Bax, "əlləzinə" ismu'l-mövsulu, belə əqli və qərib olan yeni həqiqətlərə işarət etmək üçün çoxca təkrar edilmişdir. Yəni, "əlləzinə" ismu'l-mövsulu harda gəlsə, işarət edər ki, yeni bir həqiqət, yeni bir hiss meydana gəlmişdir. Lakin, göz, hələ onu görməmiş; meyvəsi hələ dəyməmişdir. Yəni, səbəbləri hazırlanmış; ayrı-ayrı şeylərin məzcindən təşəkkül etməyə hazırlanmış qərib və yeni həqiqətlərə işarət edir.

Bax, "əlləzinə" ləfzinin bu mənasından dolayıdır ki, işarət və təsvirin vasitələri arasında, həqiqətləri yeniləyən, yeni-yeni həqiqətləri ortaya çıxaran inqilablara və qərib hadisələrə işarət etməkdə ən çox istifadə edilən və dillərdə ən çox dolaşan, dövr edən, "əlləzinə" ləfzidir. Yeni və qərib həqiqətlər, hadisələr haqqında danışarkən, onlara işarət etmək və onları təsvir etmək üçün, ən çox "əlləzinə" ləfzi istifadə edilir. "O şey ki, o şəxs ki, o kimsələr ki..." və s. mənasında olan "əlləzinə" ləfzilə, o qərib həqiqəti, o yeni hadisəni ifadə edərsən.

Nə vaxt ki, həqiqətləri yenidən təsis edən Quran, dünyada günəş kimi doğdu; o vaxt, çox növlər bir-birindən ayrıldı və fəslləri də, nəqz olub bitdi. Küfr, şirk və dəlalət, hamısı inqilab keçirdilər. Bunların yerinə, yeni-yeni həqiqətlər təşəkkül etdi və başqa-başqa növlər və fəsllər doğdu. Küfr, imana; dəlalət, hidayətə; şirk, tövhidə yerini buraxdı. Haşr etiqadı, yenidən bina edildi. Şəxsi və ictimai həyat, inqilab keçirdi. Onun üçün də, yeni bir qəriblik meydana gəldi. Bundan dolayı, Quran, qərib və yeni həqiqətlərə işarət edən bu "əlləzinə" ləfzini, çoxca zikr etmişdir.

Məgər görmürsənmi ki, cahiliyyədə, hər şey milliyyət rabitəsi üzərinə qurulmuşdu?! İctimai həyatın həqiqətləri, qövmi asabiyyə, yəni mənfi milliyyətçilik və qövmiyyətçilik üzərinə qurulurdu. Millətləri bir-birinə bağlayan rabitə, din yerinə, mənfi milliyyət idi.

Quran gəlincə, yeni bir inqilab etdi. Həm şəxsi, həm ictimai həyatda, yeni-yeni həqiqətlər təsis etdi. Köhnə adətləri və etiqadları yıxdı, ortadan qaldırdı.

Xülasə: Mövsulələr, yeni təşəkkül etməyə başlamış bir hadisəyə, bir inqilaba işarət edir. Kəlimə haqqında diqqətli nəzər, Ustadın zikr etdiyi bu incəliyi fəhm üçün kifayət edəcəkdir.

Mövzumuza qayıdacaq olsaq, Ustadın qəsdi, budur:

Münafiq məsləyi, yeni bir məslək halına gəldi. Artıq insanlar, qiyamətə qədər, bu məsləkdə bu pis və zərərli ticarətdə davam edib gedəcəklər və bu hal, bir də düzəlməyəcəkdir. Bu xəbis və əcaib ticarətin bir əsas halına gələcəyinə və bəzi insanlar, bu məsləkdə davam edəcəklərinə, "əlləzinə" ləfzi işarət edir.

Əsrimizdə də, bu xəbis ticarət, yəni, "hidayəti verib qarşılığında dəlaləti satın almaq ticarəti", bəlkə də özünün ən son zirvəsinə çatmışdır.

-----------------------

-----------------------

~ "İştəravu/onlar satın aldılar" ləfzi:

Bu zərərli ticarəti edən münafiqlərin, "Fitrətimiz belədir." şəklindəki üzrlərini rəddə işarətdir. Sanki Quran, onlara belə deyir:

"Xeyr! Allah, sizə, ömür dəqiqələrini, səadəti satın almağınız üçün bir sərmayə olaraq verdi. Ruhunuza kamal qabiliyyəti qoydu. Vicdanınıza, fitri hidayət olan həqiqət çəyirdəyini əkdi.

Ancaq siz, bunların yerinə, -hətta, bunları tərk etmək surətilə- təcili ləzzətləri, dünyəvi mənfəətləri satın aldınız. İradənizi pisə tərcih edərək, dəlalət yolunu, hidayət yoluna tərcih etdiniz. Beləcə, fitrətinizə dərc edilən hidayəti pozdunuz; sərmayənizi zay etdiniz."

-----------------------

-----------------------

~ "əd-dalələtə bi'l-hudə / hidayət qarşılığında dəlaləti" ləfzində, onların, zərər üstünə zərər etdiklərinə işarət vardır. Çünki, dəlalətlə zərər etdikləri kimi; böyük nemət olan hidayəti tərk etməklə də zərər etdilər.

-----------------------

-----------------------

~ "Fə mə rabihət ticəratuhum / Onların ticarəti, kar etmədi."

Bil ki: O münafiqlər, zərər etdikləri kimi; sərmayələrini də itirmələrinə baxmayaraq, ayədə, xüsusilə qazancın nəfy edilməsi, ağıllı insanın, deyil zərər edəcəyi, həm də sərmayəsəni itirəcəyi bir işə girməsi, kar (qazanc) olmayan bir işə girişməməsi gərəkdiyinə işarətdir.

Ayədə, "Fə mə rabihu fi ticəratihim / Onlar, ticarətlərində kar etmədilər." demək yerinə; "fə mə rabihət ticəratuhum / Onların ticarəti, kar etmədi." şəklində, felin, ticarətə isnadında, onların bu ticarətində, bütün cüzləri (parçaları), hər cür halları və bütün vasitələrilə, az və ya çox heç bir fayda olmadığına işarətdir. Çünki, bəzi ticarətlərin muhassal (hasilat) və fəzləkəsində (özətində) bir kar olmasa da; cüzlərində bəzi faydalar, xidmət vasitələri cəhətindən, bəzi istifadələr ola bilər. Münafiqlərin bu ticarəti isə, tam bir şər və bütünü ilə zərərdir. Bu isnadın bəlağatdakı misalı, "nəmə fi'l-leyli / o, gecə yatdı" yerinə, "nəmə leyluhu/onun gecəsi, yatdı" deyilməsidir. Çünki bu, gecənin də, o yatan şəxs kimi, sakin, səssiz olduğunu ifadə edir. O gecəni hərəkətə keçirəcək bir şey yoxdur; onu dalğalandıracaq bir şey mövcud deyildir.

---------------------------

İzahı:

• Ayəyə diqqət edilsə, münafiqlər, həm ticarətlərində kar əldə etməmiş; həm də sərmayələrini zay edərək zərər etmişlərdir. Quran isə, nəfyi, sadəcə kar (qazanc)'a təxsis etmişdir. Müəllifimiz Ustad Nursi, bunun hikmətini belə açıqlayır ki:

Ağlı başında olan bir tacirin şanındandır ki, bir ticarətdə əgər kar yoxdursa, belə bir ticarətə girməsin. Bəs yaxşı, bir ticarətdə, həm zərər varsa; həm də o ticarətdə bütün sərmayə tamamilə əldən çıxarsa, görəsən ağlı başında olan bir insan, belə bir ticarəti tərcih edərmi? Belə bir ticarətə girişərmi?

Demək, münafiqlər, ağılsız heyvandan da aşağı hökmdədirlər ki, 2 cəhətlə zərər olan belə bir ticarətə girişmişlərdir. Yəni, hidayəti verib, dəlaləti satın almışlardır. Sərmayə olan ömür getdiyi kimi; kar olan cənnət də əldən çıxmışdır.

• Müəllifin bu cümlədən çıxardığı digər bir incəlik, budur:

Burda, "kar etmədi" feli, ticarət edənə yox, ticarətin özünə isnad edilmişdir. Yəni, "Ticarətləri, kar etmədi." deyilmişdir. Halbuki, müvafiq olan, "Onlar, ticarətlərində kar etmədilər." şəklində gətirilməsi idi. Çünki, ticarətin özü kar və ya zərər etməz; belə bir şey, ona isnad edilməz. Əksinə, "Ticarət edən şəxs, kar etmədi." deyilər; bu təbir, onun haqqında istifadə edilər. Burdakı incəlik, budur:

Bu "kar" təbiri ifadə edir ki, onların bu ticarəti elə bir ticarətdir ki, bütün cüzləri və halları, bütün vasitə və səbəblərilə zərər etmişdir. Onlar, bu ticarətlərində, zərrə qədər kar və fayda əldə etmədilər. Bəzi ticarətlər vardır ki, insan, onda kar əldə etməsə də, bəzi vasitələrindən, bəzi parçalarından bir növ kar və fayda əldə edə bilər. Məsələn, ticarəti öyrənə bilər; bir işçinin maaşını verə bilər və s.

Münafiqlərin ticarəti isə, bu növdən deyildir. Təməlindən zərər üstünə zərərdir. Bu ticarətdə, zərrə qədər kar yoxdur; mütləq şər və zərərdir.

Belə isnad (yəni, "kar etmədi" felinin, ticarətçiyə yox; ticarətin özünə isnadı), "nəmə leyluhu/onun gecəsi, yatdı" cümləsindəki isnada bənzəyir. Əslində, "nəmə fi'l-leyli/o, gecə yatdı" demək, daha müvafiq ikən; "nəmə leyluhu/onun gecəsi, yatdı" deyilmişdir. Əgər, “O, gecə yatdı." deyilsəydi, "Bu adam, gecəni sükunətlə keçirdi. Onun gecəsi, hərəkətsiz keçdi." mənası anlaşılmazdı. Halbuki, "Onun gecəsi, yatdı." deyildiyində, "Bütün gecə, sükunətlə keçdi. Heç bir hərəkət olmadı." mənası başa düşülür.

Eynilə bu misalda olduğu kimi; əgər ayədə, "Onlar, ticarətlərində kar etmədilər." deyilsəydi, "O ticarətin, bir cəhətində, bir parçasında, bir vasitəsində kar etdilər." mənası başa düşülərdi. Lakin, "Onların ticarətləri, kar etmədi." cümləsində, "Münafiqlər, bu ticarətin heç bir cüzündə, heç bir halında, heç bir vasitəsində, nə cüzi, nə də külli bir kar əldə etmədilər; yəni, zərər üstünə zərər etdilər." mənası başa düşülür.

---------------------

---------------------

~ "və mə kənu muhtədin / hidayəti (doğru yolu) tapanlar olmadılar"

(Yəni), "Zərər etdikləri və malı zay etdikləri kimi; yolu da itirdilər."

Bu ifadə, əvvəlki ifadələr kimi, "iştəravu/satın aldılar" üslubunu tərşih və təzyindir.

Yenə bunda, surə başındakı "Hudən li'l-muttəqin/(Quran), müttəqilər üçün hidayətdir." (Bəqərə/2) qisminə, gizli bir rəmz vardır. Sanki, belə deyir: "Quran, bunlara hidayəti bəxş etdi. Ancaq bunlar qəbul etmədilər."

------------------------

İzahı:

"Bu ifadə, əvvəlki ifadələr kimi, "iştəravu/satın aldılar" üslubunu tərşih və təzyindir."

Tərşih nədir?

Lüğətdə, "tərləmək, nəmlənmək, sızmaq" mənalarındakı "rəşh" kökündən meydana gələn "tərşih", "tərbiyə etmək, yetişdirmək, bir kimsəni bir vəzifəyə hazırlamaq" deməkdir. ("Lisanu'l-Arab", "rşh" maddəsi)

Bəlağatda isə, tərşih: "bir ifadəyə, özü sayəsində ədəbi bir məna yüklənən dəstəkləyici və hazırlayıcı şey" deməkdir.

Tərşihdə, bir ləfzin, başqa bir ləfzi, ədəbi istifadəyə hazırlaması; ədəbi bir məna yüklənə bilməsi üçün, onu dəstəkləməsi bəhs mövzusudur.

Bu "və mə kənu muhtədin / onlar doğru yolu tapanlar da olmadılar" cümləsi, daha əvvəl keçən "iştəravu/satın aldılar" ilə ifadə edilən təmsili istiarənin, tərşihi, təzyini (zinətləndirilməsi) üçündür. Yəni, münafiqlər, ticarət məqsədilə evlərindən çıxdılar. Ancaq, ticarətlərində, 2 cəhətlə zərər etdilər. Yəni, nə qazanc əldə etdilər; nə də sərmayələrini qoruya bildilər. Nəticədə ---> yollarını itirib evlərinə qayıda bilmədilər.

Mətnin digər qisimləri açıq olduğu üçün, keçirik.

 

Not: Dəyərli oxuyucu! Bəqərə/16 təfsiri, burda bitir. Biz, bundan sonra, bu ayənin, Bəqərə/17 ilə nəzm cəhətini göstərib, yazını tamamlayacağıq. Belə ki:

------------------------

------------------------

------------------------

مَثَلُهُمْ كَمَثَلِ ٱلَّذِى ٱسْتَوْقَدَ نَارًا فَلَمَّآ أَضَآءَتْ مَا حَوْلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِى ظُلُمَـٰتٍ لَّا يُبْصِرُونَ

صُمٌّۢ بُكْمٌ عُمْىٌ فَهُمْ لَا يَرْجِعُونَ

"Onların misalı, o kimsənin misalı kimidir ki, od qalamaq istədi. Atəş, ətrafında olan şeyləri işıqlandırdığı zaman, Allah, onların nurunu apardı və özlərini də, zülmət (qaranlıq) içində tərk etdi. (Artıq), görməzlər." (Bəqərə/17)

"Onlar, kardırlar, laldırlar, kordurlar. (Artıq), geri qayıtmazlar." (Bəqərə/18)

 

Ayətin, əvvəlilə olan nəzmi:

Bil ki: Bu ayətin cümlələrinin mənası, münafiqlərin qissəsinə bir bütün olaraq münasib olduğu kimi; onların hər birinə, ayə-ayə də uyğun düşür. Məgər görmürsənmi ki, qissənin mənası, belədir:

O münafiqlər, dünyəvi bəzi mənfəətlər üçün, surətən iman etdilər. Sonra ---> küfrlərini gizlədilər. Sonra ---> heyrət və tərəddüd içində qaldılar, nə edəcəklərini bilmədilər. Sonra ---> haqqı axtarmadılar. Sonra ---> (küfr və nifaqdan) dönə bilmədilər ki, həqiqətləri tanısınlar.

Bax, onların bu halı, bu ayədə təsvir edilən bu hala (yəni təmsilə), nə qədər də münasibdir! (Belə ki):

Bir qrup insan var idi ki, (onlar), gecənin qaranlığında, səhrada özlərinə bir atəş və ya bir lampa yandırdılar. Sonra ---> bunu qoruya bilmədilər. Sonra ---> atəş söndü. Sonra ---> qaranlıqda qaldılar. Qaranlıqda bir şey görülməyincə, hər şey, onlar haqqında, sanki yox hökmünə keçdi. Gecənin səssizliyi səbəbilə, sanki kar oldular. Gecənin qaranlığı və nurlarının sönməsindən dolayı, sanki kor oldular. Özlərinə muxatab və yardım edəcək kimsə olmayınca, yardım istəyə bilmədiklərindən dolayı, sanki lal oldular. Geriyə qayıda bilmədiklərindən dolayı da, sanki ruhsuz cənazələr halına gəldilər.

 

(Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri)

 

Read 11 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR