İstitaat məsələsi
İstitaat, qüdrət, qüvvət, taqət və vus:
~ dilçi alimlərə görə, yaxın mənalı;
~ Mutəkəllimun (kəlam alimləri)'nə görə isə, eyni mənalı
isimlərdir.
Əhl-i Sünnətə görə, istitaat, ixtiyari fellər üçün qullarda mövcuddur.
• Cəbriyyə isə, buna müxalifət edərək, "İnsan, eynilə cansız varlıqlar kimi, Allah Taala'nın yaratdığı fellərə, sadəcə səhnə təşkil edər." demişlərdir. Cəbriyyə'nin bu iddiasında, İlahi əmr, nəhy, vəd və vaid (təhdid)'in heç sayılması; dini hökmlərin ibtalı; hisslərə və zərurətə bağlı həqiqətlərin inkarı vardır. Bununla bərabər, bunda, sofistlərlə fikir birliyi vardır.
• Qədəriyyə (mötəzilə), dirariyyə və kərramiyyə'dən bir çoxları isə, "Qulun istitaatı vardır. Həm də, mükəlləf tutularkən qüdrət sahibi ola bilməsi üçün, bu istitaat, feldən əvvəldir." demişlərdir.
• Əhl-i Sünnət isə, belə deyir: Felin meydana gələ bilməsi üçün lazımi qüdrət (yəni, istitaat), feldən əvvəl deyil, fellə bərabərdir. Çünki, qula aid olan hadis qüdrət, bir arazdır. Arazın isə, mütəmadi davam etməsi, muhal (imkansız)'dır. Əgər qulun qüdrəti feldən əvvəl olsaydı, (qüdrət, bir araz olduğu; və araz da davam vəsfi daşımadığı üçün), felin vaqe olma vaxtında mövcud olmayacaq; və dolayısı ilə, fel, qüdrətsiz meydana gəlmiş olacaqdı. Bir felin qüdrətsiz meydana gəlməsi imkan daxilində olsaydı, onun, aciz kimsədən də meydana gəlməsi doğru olardı. Bu isə, doğru deyildir. Arazların davamlılıq ərz etməsinin imkansızlığına gəlincə, davamlılıq, onu daşıyan zatın əvvəlində bir mənadır. Bu da, bu dəlil ilə sabitdir ki, cövhər, var olmasının ilk vaxtında, var olmaqla vəsfləndirildiyi halda; davamlı olmaq ilə vəsf edilməyə bilər.
Bu həqiqəti izah edən bir xüsus da, budur:
Bir cövhər, vücud/varlıq qazandıqdan sonra yox olsa, onun üçün, "Var oldu. Lakin davam edə bilmədi." demək, mümkün olur. Əgər davamlılıq, var olmaq demək olsaydı, sözümüzün nəticəsi, bu olacaqdı: "Var oldu. Lakin var ola bilmədi." Bu isə, batildir. (haşiyə)
--------------------------
(Haşiyə:
Müəllifimiz Sabuni'nin üzərində əhəmiyyətlə dayandığı nöqtə, ixtiyari bir feli işləyərkən, qulda mövcud olduğunu qəbul etdiyimiz qüdrətin xüsusiyyətidir. Belə bir qüdrəti, cəbriyyə qəbul etməz ikən; Əhl-i Sünnət ilə mötəzilə, qəbul etmişlərdir. Ancaq mötəzilə, ixtiyari bir felin meydana gəlməsi üçün lazımi qüdrətə, "qul, o feli görməyə başlamadan əvvəl sahib olduğunu" iddia edir. Beləcə, qul, feli, öz başına etmiş olur. Allahın, bunda heç bir təsiri yoxdur. Bunun nəticəsidir ki, mötəzilə, "Qul, öz felinin xaliqidir." demişdir.
Əhl-i Sünnətə görə isə, ixtiyari bir feli edə bilmək üçün, qulda mövcud olması lazım gələn qüdrət, o felə tam başlamadan əvvəl, mövcud deyil. Ancaq qul, feli etməyə qərar verib tam ifa edəcəyi vaxt, Allah Taala, bu fel üçün lazımi qüdrəti yaradıb, ona verir. Beləcə, o feli işləyən, həqiqətdə Allah olur. Bunun üçündür ki, Əhl-i Sünnət: "Bütün fellərin xaliqi, Allahdır." deyir.
Müəllifimiz Sabuni (rahiməhullah), mətndə, qulda mövcud olduğunu qəbul etdiyimiz qüdrətin bir araz olduğunu; araz deyilən şeyin isə, 2 an və 2 zaman içində davam edə bilməyəcəyini; bundan dolayı da, feldən əvvəl varsa, fel anında mövcud olmayacağını; bunun isə, muhal olduğunu isbat etməyə çalışır.)
---------------------------
İndi, davamlılığın var olmaqdan ayrı bir mahiyyət daşıdığı ortaya çıxdığına görə; deyirik ki, arazların, öz başına mövcud olmaları, mümkün deyildir. Çünki, hərəkət etdirən olmadan, hərəkətin varlığını düşünmək, mümkün deyildir. Əgər arazlar davamlılıq ərz etsəydi, bəqa (davamlılıq) sifəti də, onlarla bərabər olardı. Lakin, arazın özü-özlüyündən mövcud olması imkansız olunca, bəqa kimi bir sifətin onun sayəsində mövcud olması da, imkansız bir hala gəlmişdir. Bu da var ki, bir arazın digər bir arazla varlıq qazanması imkan daxilində olsaydı, həyatın, qüdrət; hərəkətin də, rəng sayəsində mövcud olması, mümkün olardı. Halbuki, həyatın, qüdrətlə; və hərəkətin də, rənglə vəsf edilməsi, muhaldır. Bəqa da, eynidir.
Bunu da bildirmək lazımdır ki, araz, davamlılıq ərz etsəydi, onun davamlılığı, cövhərin davamlılığından ayrı olardı. Çünki, cövhər ilə araz, mahiyyət cəhətindən, bir-birindən ayrı şeylərdir. Fərqli mahiyyət ərz edən 2 şeyin, eyni davamlılıq vəsfini daşıması isə, imkansızdır. Bəhsi keçən xüsus imkan daxilində olsaydı, qüdrəti özündə daşıyan şəxsin ortadan qalxması halında belə, onun tək başına davam etdiyini düşünmək, yerində olardı. Bu da doğru olsaydı, başlanğıcda qüdrəti özündə daşıyacaq bir zat yox ikən belə, qüdrətin varlığı mümkün olardı. Halbuki, bunların hamısı, muhaldır. Muhala aparan şeyin özü də, əlbəttə muhaldır.
Sual: "Felin meydana gəlməsi üçün lazımi olan insan qüdrətinin həqiqətən davam ərz etməsinin imkansızlığını qəbul etsək belə, bundan, əvvəlki qüdrətdən yoxsul olduğu nəticəsi, çıxmaz. Siz, -əşya və hadisələrdə- ki, məşruiyyət və mülkiyyətin, insan şəxsindəki küfr və ya imanın davamlılığında olduğu kimi; "təcəddüd-ü əmsal/misillərin yenilənməsi" yolu ilə, sifətlərin hökmən davam etdiyini qəbul etməmişdinizmi? Bax bunun kimi, qüdrət də, felin vaqe olma sırasında, təcəddüd-ü əmsal yolu ilə davamlı qala bilər." (haşiyə)
-----------------------
(Haşiyə:
Təcəddüd-ü əmsal: bənzərlərin, eyni mahiyyətdə olan sifət və arazların yenilənməsi; yəni, ard-arda davam etməsidir. Məsələn, dinən istifadə edilməsi mübah olan şeylərin özlərində daşıdıqları mübahlıq vəsfləri və ya birinin mülkiyyətində mövcud olan bir nəsnənin daşıdığı mülkiyyət vəsflərinin hər biri, hal-hazırda, arazdırlar. Arazlar davamlılıq ərz etmədiyi təqdirdə, bəhsi edilən mübahlıq və mülkiyyət vəsfləri bu anda varsa da, bundan sonrakı zaman dilimləri içində də olmamalıdır. Bu halda, filan şeyin istifadə edilməsi, mübah olmaqdan çıxmış və ya filan nəsnə, filanın mülkiyyəti altında olma vəsfini itirmiş deməkdir. Bax burda, təcəddüd-ü əmsal köməyimizə gəlir. Arazların hər bir cüzü, müvəqqəti olmaqla bərabər, təcəddüd-ü əmsal yolu ilə, hər bir arazın yox olmasının ardından, onun bir misli, bir bənzəri yerinə keçməkdə və beləliklə, əşyadakı araziyyət (araz olma halı), davam etməkdədir. Eynilə, kəsik-kəsik xətlərdən, düz xəttin meydana gəlməsi kimi...İnsanın şəxsindəki küfr və iman arazları da, bunun kimidir. Mətndə bəhsi edilən qüdrət arazı da, bunlara bənzədilməkdə; onun, hər zaman, yəni feldən əvvəl də, felin baş vermə sırasında da var ola biləcəyi iddia edilməkdədir.)
--------------------------
Cavab: Qüdrətin həqiqətən davam edə bilməyəcəyini qəbul etdiyinizə görə, təcəddüd-ü əmsal təsbitinə (formuluna) istinad etməyiniz, sizə bir fayda təmin etməz. Çünki fellə bərabər hasil olan qüdrət,
~ ya bərabərində olduğu felin;
~ yaxud da onun dərhal ardından gələn felin
qüdrətidir.
~ Əgər: "Bərabərində olduğu felin qüdrətidir." desəniz, bu sözünüzdən, felin, yaxın bir qüdrətlə meydana gəlməsi nəticəsi çıxar. Bu təqdirdə də, bu felin varlıq qazanmasında, əvvəlki qüdrətin heç bir təsiri olmaz. Belə bir qüdrətin varlığı ilə yoxluğu, bir-birinə bərabərdir.
~ Əgər: "Fel ilə bərabər ortaya çıxan qüdrət, onun ardından gələn bir felin qüdrətidir." desəniz, o halda, bu anda meydana gələn qüdrət, özünə aid qüdrətdən yoxsuldur, deməkdir. Bunun faili, bunu izləyən bir felə müqtədir sayılırsa da, (bu anda meydana gələn felə güc çatdıra bilmədiyindən), fel, qüdrətdən yoxsul bir şəxsdən meydana gəlmiş olur. Əgər bu mümkündürsə, felin acizlik ilə birləşməsi (və acizliyin məhsulu olması) da, caiz olur. Halbuki, müxalifimiz, insan qüdrətinin feldən əvvəl olmasını, qulun mükəlləf tutula bilməsi üçün, şərt qoşmuşdu.
Yuxarıdakı izaha görə, fel, qüdrət olmadan da meydana gələ biləcəksə, onun, mükəlləfiyyətin gerçəkləşməsi sırasında şərt qoşulmasına, nə lüzum vardır?!
Bunu da bildirmək lazımdır ki, vaqe olma sırasında qüdrətdən yoxsul olan bir felin, vaqe olmasından çox əvvəl var ola biləcək bir qüdrətlə meydana gəlməsinin imkansız olduğu xüsusunda, müxalifimizlə ittifaq içindəyik. Bu halda, felin, vaqe olmasından bir zaman (an) əvvəl mövcud olan qüdrətlə meydana gəlməsi də, eyni şəkildə muhal olacaqdır. Çünki, bu andakı yoxluq, bir dəyişiklik ərz etməz.
--------------------------
Əhl-i Sünnət, belə deyir:
Qulların və bütün canlıların işlədikləri fellər, Allah Taala'nın məxluqatı (yaratdığı şeylər) olub, Allahdan başqa onları meydana gətirən hər hansı bir varlıq, yoxdur. Meydana gələn fellər, istər ayn olsun; istərsə də onun daşıdığı vəsf (araz) olsun. Səhabələr ilə tabiun, bu (görüş) üzərə idilər.
Daha sonra, qədəriyyə (mötəzilə) ortaya çıxdı. "Bütün canlıların ixtiyari felləri, öz icadları ilə meydana gəlir. Bu fellərin, Allah Taala'nın yaratması və qüdrətilə bir əlaqəsi yoxdur." iddiasını iləri sürdü.
Qədəriyyə'nin bu qövlü, batildir. Çünki, Allah Taala, belə buyurur:
ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ خَـٰلِقُ كُلِّ شَىْءٍ
"Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin xaliqi (yaradıcısı), Allahdır!" (Ənam/102);
أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَـٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍ
"Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: 'Hər şeyi yaradan, Allahdır." (Ra'd/16)
(Allah), bu ayələrdə, başqalarından ayrıldığı xaliqiyyətlə Özünü mədh etmişdir. Bu da, hər hansı bir şeyin yaradılmasında, Ona heç kimin şərik olmamasını gərəkdirir.
Yenə, Allah Taala, belə buyurur:
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
Vallahu xaləqakum və mə tə'məlun.
Yəni:
"Sizi də, sizin etdiklərinizi də, Allah yaratmışdır." (Saffat/96)
Ayədəki "mə" ədatı, fellə bərabər gəlincə, bütün nəhv alimlərinə görə, məsdər mənasında götürülür. Necə mi, "Ə'cəbəni mə sanə'tə = Gördüyün iş, məni heyrətləndirdi." deyə bilirsən. Buna görə, ayətin mənası: "Allah, sizi də, sizin əməllərinizi də yaratmışdır." şəklində olur. Bu mənanı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), açıqca ifadə edərək belə buyurmuşdur:
"Şübhə yoxdur ki, Allah, hər sani (ustanı, iş görəni) və onun sənətini yaratmışdır." (Buxari, "Xalq-u əfali'l-ibad", s. 73)
Qulların felləri haqqında, Əhl-i Sünnət'in əqli dəlilləri isə, belədir:
1. Qulun, şəxsən özü yaradılmışdır. Varlığı da, yoxluğu da, mümkündür. Var olmaqla-olmamaq ehtimalı, bərabərdir. Bundan dolayı, onun var olmaq ehtimalının gerçəkləşməsi üçün, Vacibu'l-Vücud (varlığı vacib, varlığı Özündən olan) bir Muxassis (təxsis edici)'nin tərcihinə möhtacdır. O da, Allah Taala'dır.
Biz Əhl-i Sünnət, bu əqli dəlillə, dəhriyyəni, əşya (şeylər)'in var olmasını Allaha nisbət etməyi inkar etmələri xüsusunda ilzam etdiyimiz (susdurduğumuz) kimi; mötəziləni də, qullara aid fellərin vaqe olmasını Allah Taala'ya nisbət etməyi rədd etmələri xüsusunda susdururuq. Çünki, gərək əşya (şeylər), gərəksə də fellər, var olmaq cəhətindən, bir-birinə bərabərdirlər.
2. Madam ki, qul, -iddia edildiyi üzərə- öz-özünə, məsələn hərəkət felini icad etməyə qadirdir. Elə isə, soruşuruq:
"Bu hərəkət halı qulda var ikən, Allah Taala, qulda hərəkətsizliyi icad etməyə qadirmidir, deyilmidir?"
Əgər:
~ "qadirdir" deyərsinizsə, bu, 2 ziddin cəmi olacaq;
~ "Qadir deyildir" desəniz, Allaha acizlik nisbət etmiş olacaqsınız. Halbuki, bu nəticələrin ikisi də, muhaldır.
3. Yaratma gücünə sahib ola bilməyin şərti, yaradanın, hələ var olmadan əvvəl, yaradılacaq şeyin bütün incəliklərini bilməsidir. Çünki, Allah Taala, belə buyurmuşdur:
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
"Yaradan, (yaratdığını) bilməzmi? O, Lətifdir, Xabirdir." (Mülk/14)
Şübhəsiz ki, felə dair heç bir elmi/biliyi olmayan kimsə, ona güc çatdıra bilməyəcəkdir. Kafir ilə bidətçinin, fellərin çirkinliyinə dair bilikləri olmadığı kimi; insan da, işləyəcəyi fel haqqında, gözəllik-çirkinlik, zərər-fayda təmin etməsi cəhətindən, elmə sahib deyildir. Bu halda, onun, xaliq/yaradan olması, təsəvvür edilə bilməz.
Sual: Qulun icad qabiliyyətinə sahib olmasının imkansızlığına hökm etdiyiniz təqdirdə, bu, onun, heç bir feli yoxdur deməkdir. Çünki, felin, icaddan başqa bir mənası mövcud deyildir.
Cavab: Qulun feli işləməsində, müxalifimizlə ittifaq içində olmaqla bərabər; tək başına icad xüsusiyyətinə sahib olmasının imkansızlığını da isbat etmiş oluruq. Bu halda, qula aid bir felin mövcud olduğu; lakin bu felin, icad mənasına gəlmədiyi ortaya çıxmış olur.
Xəlq və kəsb:
Qulda mövcud olan (feli) sifətlər, 2 qisimdir:
1. "Allah Taala'nın qulda öz qüdrət və iradəsi olmadan yaratdığı fel"dir. Titrəmə xəstəliyinə tutulmuş kimsənin hərəkətləri kimi.
2. "Allah Taala'nın, onda, qulun öz qüdrət, iradə və ixtiyarı ilə yaratdığı fel"dir. İxtiyari hərəkətlərimiz kimi...
Bu 2 növ fel arasındakı fərq, özlüyündən bilinməkdədir. Bunlardan:
~ ikincisinə: "kəsb";
~ birincisinə isə: "xəlq"
deyilmişdir.
Qulun ixtiyari felləri, -başqa bir ifadə mövcud olmadığı üçün- "kəsb" kəliməsilə ifadə edilmişdir. Eynilə, həzz ilə ağrı arasındakı fərq qətiliklə hiss edilməklə bərabər; ancaq bu 2 ləfzlə ifadə edilməsi kimi...
Xülasə: Qulun felinə, "xəlq" deyil, "kəsb"; Allah Taala'nın felinə də, "kəsb" deyil, "xəlq" deyilmişdir. "Fel" kəliməsi, hər ikisini də ehtiva etməkdədir. Bu, biz Maturidiyyə'nin görüşüdür. Əşariyyə'yə görə isə, fel, həqiqi (dildə qoyulduğu) mənasında, "icad etmək"dən ibarətdir. Bu qədər var ki, kəsbə də, məcazi mənada fel deyilmişdir. Bu 2 görüşdə isabətli olan, biz Maturidiyyə'nin görüşüdür. Çünki, fel kəliməsinin, hər hansı bir qeydə bağlı olmadan qul üçün istifadə edilməsi, onun, həqiqi mənasında götürüldüyünü göstərir. Bu da var ki, bir kəlimənin, məcazi mənada istifadə edilməsinin şərtlərindən biri də, o kəlimənin, həqiqət ilə məcaz muhtəvaları arasında müəyyən bir cəhətdə bənzərliyinin mövcud olmasıdır. Beləcə, ləfz, o mənanı ifadə edə bilməsi üçün, həqiqi muhtəvasından alınaraq, məcaz muhtəvasında istifadə edilmiş olur. Qulun kəsbilə Allah'ın icadı arasında hər hansı bir bənzərlik olmadığından, məcaz, bəhs mövzusu ola bilməz.
İndiyə qədər zikr etdiklərimizdən, 2 qüdrət sahibinin təsirilə, 1 qüdrət əsərinin (məqdurun) varlıq qazanmasının mümkün olduğu ortaya çıxmış oldu. Ancaq bu məqdur, 2 qüdrət sahibinin hər birinə, ayrı bir yönü ilə bağlıdır. Buna görə, fel:
~ icad yönü ilə, Allaha;
~ kəsb yönü ilə də, qula
aid bir məqdurdur.
Xəlq ilə kəsb arasındakı fərqə gəlincə:
~ Vasitəsiz meydana gələn şey - xəlq;
~ Vasitə ilə meydana gələn şey isə - kəsbdir.
Belə də deyilmişdir:
Qüdrət sahibinin, tək başına meydana gətirməsi:
~ mümkün olan şey - xəlq;
~ mümkün olmayan şey isə - kəsbdir.
Beləcə, kəsb, qula; xəlq də, Allaha aid olur.
Bu, xəlqin, icad mənasında götürülməsinə görədir. Xəlq, şəkil və surət vermək mənasında götürüldüyündə isə, qula da nisbət edilə bilər. Necə ki, Allah Taala, İsa (əleyhissəlam)'dan xəbər verərək, belə buyurmuşdur:
...وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ...
Və iz təxluqu minə't-tini kə həyəti't-tayri.
Yəni:
"Sən, palçıqdan quşa bənzər bir şey xəlq edib..." (Maidə/110)
Yəni, şəkil verərsən.
Bu ayədəki xəlq, güdülən mənanın eynisidir:
...فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ...
Fə təbərakəllahu əhsənu'l-xaliqin. (Mu'minun/14)
Burdakı "xaliqin/xaliqlər" ləfzi, "muqaddirin/təqdir edənlər, surət verənlər" mənasındadır. (haşiyə)
-----------------------
(Haşiyə:
Təfsiri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muminun-sur%C9%99si-14-cu-ay...
-----------------------
Sual: Dediyiniz kimi, qulun feli özünə nisbətlə kəsb; Allah Taala'ya nisbətlə xəlq olsaydı, bu fel, Allah ilə qul arasında müştərək olardı.
Cavab: 2 nəfər arasındakı şərikliyin əsas vəsfi, şəriklərdən hər birinin, öz payına, tək başına sahib olmasıdır. Məsələn, 2 nəfər arasında müştərək bir nökər kimi; onlardan hər biri, nökərin yarısına sahib olar; birinə aid olan şey, o birinin payına girməz. Buna müqabil olaraq, nökərin hamısı, bir yönü ilə şəriklərdən birinə; digər bir yönü ilə də digərinə aid olarsa, nökər, aralarında müştərək sayılmaz. Məsələn, bir kimsə, nökərini digərinə kirayələsə, nökərin hamısı, əsli mülkiyyət cəhətindən, kirayəyə verənə; faydalanma mülkiyyəti cəhətindən də, kirayəşinə aid olar. Bu halda, "Nökər, ikisi arasında müştərəkdir." deyilə bilməz.
Bütün bunlardan daha açıq olan bir nümunə də budur ki, hər nökər, satın alınmış olması cəhətindən, ağasının; yaradılmış olması cəhətindən də, Yaradanının mülküdür. İndi, bir kimsə, "Nökər, Allah ilə qulları arasında müştərəkdir." deyilə bilərmi?
(Nurəddin əs-Sabuni, "əl-Bidayə fi Usuli'd-din" əsəri, 107-115)
Əsərin linki üçün bax:
https://archive.org/details/000992_202005/page/n112/mode/1up
----------------------------
Əlavələr:
Əşarilərə görə istitaat məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-qudr%C9%99t-sif%C9%9...
