Al-i İmran surəsi 14-cü ayə

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَ‌ٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَـٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَـٰمِ وَٱلْحَرْثِ ۗ ذَ‌ٰلِكَ مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ

Zuyyinə li'n-nəsi hubbu'ş-şəhəvəti minə'n-nisəi, və'l-bəninə, və'l-qanətiri'l-muqantarati minə'z-zəhəbi və'l-fiddəti, və'l-xayli'l-musəvvəməti, və'l-ən'əmi, və'l-hars. Zəlikə, mətəu'l-həyəti'd-dunyə. Vallahu indəhu husnu'l-məəb.

Yəni:

~ Qadınlara;

~ Oğullara;

~ Yığın-yığın qızıl-gümüşə;

~ Gözəl atlara;

~ Davarlara;

~ Əkinlərə

qarşı şəhvət sevgisi, insanlar üçün zinətləndirildi (bəzədildi).

Bunlar, dünya həyatının keçici mənfəətləridir. Qayıdış yerinin gözəlliyi, Allah nəzdindədir. (Al-i İmran/14)

------------------------------

Təfsiri:

Ayənin, əvvəlilə olan münasibəti:

✓ Birinci məsələ:

Ayənin əvvəlilə olan münasibəti haqqında, 2 görüş vardır:

• Birinci görüş:

Bu qissə ilə bağlı olan açıqlamadır:

~ Biz, (Nəcran'dan gələn) xristiyan heyətindən əbu Harisə b. Alqamə'nin, qardaşına, "Muhamməd (sallallahu aleyhi və səlləm)'in, sözündə doğru olduğunu bildiyini" etiraf etdiyini; ancaq nə var ki, bunu, Rum krallarının, özlərinə vermiş olduqları mal və məqamı geri alacaqlarından qorxmaqla izhar etmədiyini, söyləmişdik...

~ Yenə biz, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, Bədr döyüşündən sonra, yəhudiləri İslama dəvət etdiyini; onların isə, buna müqabil, özlərinin güc və qüvvətlərini ortaya qoyub mallarına və silahlarına güvəndiklərini zikr etmişdik...

Beləcə, Haqq Taala, bu ayədə, bu və bunların xaricindəki digər dünya malının sonlanacağını, yox olacağını; axirətin isə, xeyirli və daha qalıcı olacağını bəyan etmişdir.

• İkinci görüş:

Edilmiş ümumi təvilə görə, bu, belədir:

Allah Taala, əvvəlki ayədə, "...Allah istədiyi kəsi, Öz köməyi ilə qüvvətləndirər. Həqiqətən, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır." (Al-i İmran/13) buyurunca, bunun ardınca, o ibrətin bəyanı yerinə keçəcək olan bir açıqlama gətirmişdir ki, o da, budur:

Allah Taala, insanlara, cismani şəhvətə arzu ilə dünyəvi ləzzətlər və həzzlərin xoş göstərildiyini; sonra, bunların, ləzzətləri davam etməyən fane şeylər olub, geriyə isə, onların məsuliyyətlərinin qalacağını bəyan etmiş; daha sonra da:

"De: 'Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi?" (Al-i İmran/15) ifadəsilə də, insanları, axirət ilə olan şeylərə təşviq etmiş; daha sonra da, Al-i İmran/17-nin sonuna qədərki qismində, səbr edən və doğru olan kimsələrdən qulluqda davam edənlər üçün hazırlanmış olan axirət gözəlliklərini açıqlamışdır.

--------------------------

--------------------------

✓ İkinci məsələ: Bu təzyin (zinətləndirmə) işini edən, Kimdir?

Alimlər, Haqq Taala'nın, "zuyyinə li'n-nəsi" ifadəsindəki "təzyin = zinətləndirmə" işini görənin Kim olduğu xüsusunda, ixtilaf etmişlərdir. Bizim (Əhl-i Sünnət) alimlərimizin bu xüsusdakı görüşləri, açıqdır. Çünki, onlara görə, bütün fellərin xaliqi/yaradanı, Allahdır. (haşiyə)

--------------------------

(Haşiyə:

İsbatı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-qudr%C9%99t-sif%C9%9...

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/istitaat-m%C9%99s%C9%99l%C9%...

--------------------------

Yenə Onlar (alimlərimiz), belə demişlərdir:

"(Bu zinətləndirən, bəzəyən)'in şeytan olduğunun qəbul edilməsi halında, o vaxt, şeytana öz küfr və bidətini zinətləndirən, Kimdir?" deyə soruşarıq.

~ Əgər, bunun bir başqa şeytan olduğu deyilərsə, nəticədə, təsəlsül (haşiyə) lazım gəlir.

--------------------------

(Haşiyə:

Təsəlsül: Allah Taalanın varlığının lazım (zəruri) olduğunu isbat etməkdə istifadə edilən dəlillərdən biridir. Hadis (sonradan var olan) şeylərin, bir-birinin varlığına səbəb olaraq, geriyə doğru sonsuzluğa qədər zəncirləmə bir şəkildə davam etməsidir.)

---------------------------

~ Əgər bu, şəxsən o şeytanın özündən meydana gəlmişdirsə, bu, insan haqqında da eynidir.

~ Əgər bu küfr və bidət, Allahın xəlq etməsilə meydana gəlmişdirsə, -ki, doğru olan da, budur- bu, insan haqqında da eynidir. Quranda, bu incəliyə:

...رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغْوَيْنَآ أَغْوَيْنَـٰهُمْ كَمَا غَوَيْنَا...

"Ey Rəbbimiz! Bunlar, bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi, onları da azdırdıq." (Qasas/63) ayətində işarət edilməkdədir. Yəni: "Bir kimsə, bizim onları azdırdığımıza inanırsa, bəs bizi azdıran, kimdir?"

Bu söz, son dərəcə açıqdır.

Mötəzilə'dən Qadi, özlərindən, bu 3 görüşü nəql etmişdir:

1. Birinci görüş:

Qadi, Həsən əl-Basri'nin, belə dediyini nəql etmişdir: "Şeytan, insanlara zinətli göstərmişdir və bunda, Allah adına and içmişdir."

Qadi, mötəzilə adına, bu dəlilləri gətirir:

a. Allah Taala, şəhvətlərə dair sevgini, mütləq olaraq zikr etmişdir. Dolayısı ilə, bu ifadənin muhtəvasına, haram olan şəhvətlər də girir. Haram olan şəhvətləri bəzəyən (zinətləndirən) isə, ancaq şeytandır.

b. Allah Taala, yığın-yığın olan qızıl və gümüşdən bəhs etmişdir. Bu çox malı belə sevmək, ancaq, dünyanı, öz tələbinin qibləsi və bütün məqsədlərinin son hədəfi qılan kimsələrə yaraşır. Çünki, axirəti tərcih edən kimsələr, özlərini, başqasına möhtac buraxmayacaq miqdar ilə kifayətlənərlər.

c. Haqq Taala'nın, "Bunlar, dünya həyatının keçici mənfəətidir." ifadəsidir. Şübhəsiz ki, Haqq Taala, bunu, dünyanı zəmm etmək (pisləmək), ona çox əhəmiyyət verməmək sədədində zikr etmişdir. Qınanmış olan bir şeyin isə, o kimsəyə bəzənmiş olması, imkansızdır.

d. Onun, bu ayədən sonra, "De: 'Sizə, bunlardan daha xeyirlisini xəbər verimmi?" (Al-i İmran/15) buyurmuşdur ki, bu ifadədən, Haqq Taala'nın məqsədi, qulun, dünyaya olan iltifatını əngəlləyib, dünyanı, onun gözündən salmaqdır. Bu isə, dünya, öz gözündə böyümüş olan kimsələrə uyğun düşməz.

2. İkinci görüş:

Bu, mötəzilədən digər bir qrupun görüşüdür. Buna görə, təzyin edən (zinətləndirən, bəzəyən), Allahdır.

Bu görüşdə olanlar, buna, bir neçə şəkildə dəlil gətirmişlərdir:

a. Allah Taala, necə ki, axirətin mənfəətlərinə insanları təşviq etmişdirsə; eyni şəkildə, dünyanın ləzzətlərini də yaratmış və bunları, qullarına mübah qılmışdır. Haqq Taala'nın, bunları, insanlara mübah qılması, bəzəmək mənasına gəlir. Çünki Haqq Taala, şəhvəti və şəhvət duyulan şeyi yaradıb, şəhvət duyan insanlarda da onlardan dad alacaqlarına dair bir bilik yaradaraq, o şeyləri almağı insana mübah qılınca, Haqq Taala, onları bəzəmiş olur.

b. Ləzzət verən bu şeylərdən istifadə etmək, axirət mənfəətinə aparan bir vəsilədir. Allah Taala, bu vəsilələrə müraciət etməyə təşviq etmişdir. Dolayısı ilə, bunları bəzəyən, Allah olur. Biz, bunlardan istifadə etməyi, axirət mükafatına aparan vəsilələr olduğunu söyləyirik.

Bu, bu cəhətlərdəndir:

1. İnsanın, öz malını təsəddüq etməsi (sədəqə verməsi) cəhətindən;

2. İnsan, bunlar sayəsində Allaha itaətə güc və qüvvət qazanır;

3. İnsan, bunlardan istifadə edib, bunlardan, ancaq Allahın yaratması və yardımı ilə müyəssər olduğunu bildiyində, bu, qulun, böyük bir şükr əda etməsinə səbəb olur. Bax bundan dolayıdır ki, əs-Sahib b. Abbad, belə deyirdi: "Yayda soyuq su içmək, həmdin, qəlbin dərinliklərindən üzə çıxmasına səbəb olur."

4. Bu ləziz və gözəl şeylərdən istifadə edə bilən, bunları tərk edib qulluqla məşğul olunca və qulluq yolunda fərqli sıxıntılara tab gətirincə, daha böyük mükafatlar əldə edər.

Beləcə, bütün bu izahlardan, o gözəl şeylərdən istifadə etməyin, axirət mükafatını əldə etməyə bir vəsilə olduğu sabit olur.

5. Allah Taala:

~ "Yerdə nə varsa, hamısını sizin üçün xəlq edən, Odur." (Bəqərə/29);

~ "De: 'Allahın qulları üçün çıxardığı zinəti, təmiz və xoş ruziləri, kim haram qılmışdır?" (Əraf/32);

~ "Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin." (Əraf/31);

~ "Biz yer üzündə olan bütün şeyləri ona zinət etdik." (Kəhf/7);

~ "O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi." (Bəqərə/22);

~ "Yerdəki şeylərdən, halal və təmiz olmaq şərtilə yeyin." (Bəqərə/189)

buyurmuşdur.

Bütün bu ayələr, təzyin edənin, Allah Taala olduğuna dəlildir. Mücahid'in, ayədəki "zuyyinə/zinətləndirmək" felini, məlum siğası (forması) ilə "zəyyənə li'n-nəsi/O, insanlar üçün bəzədi." şəklində oxuması da, bu görüşü dəstəkləyir.

3. Üçüncü görüş:

əbu Əli əl-Cübbai (əl-mötəzili) ilə Qadi'nin, öz görüşüdür və məsələni təqsim etməkdə (qisimlərə ayırmaqda)'dır. Çünki, bu xüsusda vacib və ya məndub olan, hər şeyin Müzəyyin'i (təzyin edəni), Allah Taala'dır. Haram olan hər şeyin bəzəyəni isə, şeytandır. Qadi'nin söylədiyi də, budur.

Bunlardan başqa, bir üçüncü qisim də vardır ki, bu, edilməsində və ya edilməməsində hər hansı bir savab və ya iqab (cəza) mövcud olmayan mübahlardır. Qadi, bu qisimdən isə, bəhs etmir. Halbuki, bunu da zikr etməsi və bu mübahları bəzəyənin Allahmı, şeytanmı olduğunu bildirməsi lazımdır.

----------------------

----------------------

----------------------

✓ Üçüncü məsələ:

Haqq Taala'nın, "hubbu'ş-şəhəvət/şəhvətlər sevgisi" haqqındakı ayətidir.

Bununla bağlı, bu 3 izah verilmişdir:

• Birinci izah:

Burdakı "şəhəvat/şəhvətlər", "arzu edilən şeylər" deməkdir. Aradakı münasibətdən dolayı, arzu edilən şeylər, məcazi olaraq belə adlandırılmışdır. Necə ki, eyni şəkildə:

~ güc çatdırılan şeyə - "qüdrət";

~ ümid edilən şeyə - "rəca/ümid";

~ bilinən şeyə də - "elm"

deyilmişdir.

Bu, ərəb dilində, yayğın olan bir istiarə (məcaz)'dır. Məsələn, "Həzihi, şəhvətu filənin = Bu, filanın şəhvəti/arzu duyduğu şeydir." deyilir.

"Kəşşaf" sahibi Zəmaxşəri, belə deyir:

"Arzu edilən şeylər"in "şəhvət" deyə adlandırılmasında, bu 2 məna vardır:

a. Allah Taala, arzu duyulmuş olmaları və istifadə edilmədə ifrat hərislik xüsuslarında mübaliğə etmək üçün, ayədə sayılan şeyləri, "şəxsən şəhvətin özü" olaraq saymışdır.

b. Şəhvət, filosoflara görə, rəzil və qınanmış bir sifətdir. Bu şəhvət və arzuların ardına düşənlər, özlərinin heyvan kimi olduqlarını görərlər. Bundan dolayı, ayədə bu ləfzin zikr edilməsindən məqsəd, insanları bundan nifrət etdirməkdir.

• İkinci izah:

Kəlam alimləri, belə deyirlər: Bu ayə, sevginin, şəhvətdən başqa bir şey olduğunu göstərir. Çünki, bu ayədə, Allah Taala, sevgini, şəhvətə mudaf (haşiyə) qılmışdır. Mudaf isə, mudaf ileyh'dən başqadır. O halda, şəhvət, Allahın yaratdığı fellərdən; məhəbbət isə, qulun fellərindəndir. Məhəbbət, insanın bütün məqsəd və yaşayışını, ləziz və xoş şeyləri axtarmağa həsr etməsindən ibarətdir.

-----------------------------

(Haşiyə:

Mudaf və Mudafun ileyh:

İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "Yəd-u insənin = insanın əli".

~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.

~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.

Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.

Bu ayədə də, "hubb = sevgi" - mənsub tərəf; "şəhvət" isə - sahib tərəfdir və sevgi, şəhvətə izafə edilmişdir.

------------------------

• Üçüncü izah:

Filosoflar, belə demişlərdir:

İnsan, bəzən, sevməmək istədiyi halda, bir şeyi sevə bilər. Məsələn, bir müsəlmanın könlü, bəzən, bəzi haramlara meyl edə bilər. Lakin o, o haramları sevməmək və onlara meyl etməmək istəyər.

Ancaq, həm bir şeyi sevən, həm də o şeyi sevməyi istəyən kimsənin sevgisi, sevginin ən iləri dərəcəsidir. Əgər belə bir sevgi, xeyir yönündə olarsa, bu, səadətin ən mükəmməl bir şəkli olar. Necə ki, Haqq Taala, Süleyman (əleyhissəlam)'ın:

...إِنِّىٓ أَحْبَبْتُ حُبَّ ٱلْخَيْرِ...

İnni, əhbəbtu hubbə'l-xeyri.

Yəni:

"Şübhəsiz Mən, xeyr sevgisini sevdim (yəni, bu sevgiyə düşdüm)." (Sad/32) dediyini nəql etmişdir. Bunun mənası, "Mən, xeyri sevirəm və xeyri sevmiş olmağımı da sevirəm." deməkdir.

Əgər bu sevgi şər yönündə olarsa, bu, Allah Taala'nın, bu ayədə (Al-i İmran/14-də) bəhs etdiyi kimi olar. Çünki, ayədəki "...şəhvət sevgisi, insanlar üçün bəzədilmişdir..." ifadəsi, bu 3 mərtəbəyə dəlalət edir:

a. İnsan, arzu və şəhvət duyulan hər şeyə arzu duyar;

b. İnsan, özünün o şeylərə olan arzusunu da sevər;

c. İnsan, bu sevginin, gözəl və bir fəzilət olduğuna inanar.

Bu cümlədə, bu 3 dərəcə bir araya gəlincə, bu dərəcələr, şiddət və qüvvət cəhətindən ən üst nöqtəyə çatar və bundan qurtulma, ancaq Allahın verəcəyi bir müvəffəqiyyətlə olar.

Sonra, Haqq Taala, bunu, insanlara nisbət etmişdir. Bu ayədəki "ən-nas = insanlar" sözü, başında tərif ədatı olan "əl" gəlmiş olan ümumi bir ləfzdir. Dolayısı ilə, "istiğraq / bütün" ifadə edər. Bundan dolayı, kəlimənin zahiri, bu sevginin, bütün insanlarda olduğunu göstərir.

Ağıl da, buna dəlalət edir. Çünki, ləziz və faydalı olan hər şey, zatı gərəyi sevilir və arzu edilir. Faydalı və ləziz şeylər, cismani və ruhani olmaq üzərə, 2 qisimdir. (Belə ki):

~ Cismani olanlar, işin başında, hər kəs üçün bəhs mövzusudur;

~ Ruhani olanlar isə, ancaq, nadir olaraq, bir tək insan üçün olar. Sonra bu insan üçün, o ruhani ləzzət, ancaq, nəfsinin cismani ləzzətlərə yaxşıca alışmasından sonra hasil olur. O vaxt, nəfsin, cismani ləzzətləri cəzb etməsi, qüvvətli və yerləşmiş bir mələkə/məharət, qabiliyyət kimi olur. Onun, insanı, ruhani ləzzətlərə çəkməsi isə, kiçik bir səbəblə belə itə biləcək arizi, sonradan olma bir hal kimi olur. Heç şübhəsiz, insanlara daha çox qalib olan, cismani ləzzətlərə duyulan bu şiddətli təmayüldür. Lakin, ruhani ləzzətləri əldə etməyə duyulan təmayül, ancaq çox az insan üçün olur. Sonra, bu ruhani ləzzət, o az saydakı insanlar üçün də, ancaq çox nadir zamanlarda olur. Bax, bu səbəbdən dolayı, Haqq Taala, bu hökmü ümumi qılaraq, "...şəhvət sevgisi, insanlar üçün zinətləndirildi..." buyurmuşdur.

-------------------------

-------------------------

Bil ki, Haqq Taala, burda, arzu edilən 4 şey saymışdır:

1. Qadınlar:

Ən çox onlardan xoşlanıldığı, həzz alındığı və onlarla olan ünsiyyət və yaxınlıq daha mükəmməl və tam olduğu üçün, Haqq Taala, ilk əvvəl onları zikr etmişdir. Bax, bunun üçün, Haqq Taala:

وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَ‌ٰجًا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِى ذَ‌ٰلِكَ لَءَايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır." (Rum/21) buyurmuşdur.

Bunu dəstəkləyən bir başqa xüsus da, həlak edici və yandırıcı şiddətli bir eşqin, ancaq şəhvət və düşgünlüyün bu növündə olmasıdır. (haşiyə)

----------------------

(Haşiyə:

Ayədə, kişilərin qadınlara olan düşkünlüklərinin bildirilməsi; qadınların kişilərə olan düşkünlüklərinin bildirilməməsinin səbəbi, onların, bu fitri təmayüllərinin daha zəif olmasından dolayıdır. Necə ki, kişilərin qadınlara olan düşkünlükləri, onların təbiətinin ən dərin künclərində yer almışdır. Qadın isə, bu xüsusda daha zəifdir.

Allah, insanlardan, davamlı nəsil çoxaltmaq və bu nəsli, kişi ilə qadın arasından yaratmağı murad etdiyi üçün, kişilərə, qadınlara olan meyli daha güclü qılmışdır. Çünki, uşağın yaradılış məhəlli, qadındır. Qadının, 8-9 ay kimi bir müddət içərisində çəkəcəyi sıxıntı, onun bu meylini zəiflətməkdədir. Kişi isə, bir araya gəlməkdən başqa uşağın yaradılışında hər hansı bir qatqısı olmadığı üçün, ona verilən bu duyğu, tamamilə canlıdır. (ibn Aşur təfsiri)

Yenə, belə də deyilə bilər:

Qadınların kişilərə olan meyllərinin zikr edilməməsi, çox nazik bir üsluba işarət etməkdədir. Çünki, qarşı cinsə şəhvətlə baxmaq, insanlar arasında, çox kübar bir davranış olaraq görülməz. Nazik və zərif olan qadınların o incə ruhlarının incinməməsi üçün, Quranda, onların bu yönləri açıqca vurğulanmamış və bu şəkildə onlar himayə edilmişlərdir.

-----------------------

2. Uşaq sevgisi:

Oğullara olan sevgi, qızlara olan sevgidən daha çox olduğu üçün, Haqq Taala, xüsusilə oğulları zikr etmişdir. Oğullardan istifadə şəkli isə, onlardan sevinc duymağa, onlarla çoxalıb artmağa və başqa şeylər cəhətindən, açıqdır.

Bil ki, Allah Taala'nın, insanın qəlbində, zövcə və oğul sevgisi yaratmasında, uca bir hikməti vardır. Çünki, əgər bu sevgi olmasaydı, doğum və çoxalma meydana gəlməz; bu da ---> insan nəslinin sonlanmasına səbəbiyyət verərdi. Bu sevgi, sanki fitri bir özəllikdir. Bundan dolayıdır ki, bu, bütün heyvanlarda (canlılarda) mövcuddur. Bundakı hikmət isə, bəhs etdiyimiz cəhətlə, nəslin davamını təmin etməkdir. (haşiyə)

--------------------------

(Haşiyə:

"Oğullar" mənasına gələn "bənun" kəliməsi, Quranda, oğlan uşaqları mənasında istifadə edildiyi kimi; hər 2 cinsi də əhatə edəcək şəkildə, "uşaqlar" mənasında da istifadə edilmişdir. Dəlili, bu ayədir:

وَصَـٰحِبَتِهِۦ وَبَنِيهِ

Və sahibətihi və bənih.

Yəni:

"Arvadından və övladlarından!" (Əbəsə/36)

---------------------

3. Yığın-yığın qızıl və gümüş:

Bu ifadə ilə bağlı, bir neçə məsələ vardır:

Zəccac, belə deyir: "Qintar", "bir şeyi bağlamaq və sağlamlaşdırmaq" mənasından alınmışdır. "əl-qantaratu" kəliməsi də, bağlamaq surətilə sağlamlaşdırıldığı üçün, yenə bu mənada alınmışdır. Buna görə, "qintar" kəliməsi, "fərqli bəlaları sovuşdurmaq xüsusunda özünə bel bağlandığı çox mal" mənasına gəlir.

əbu Ubeydə, ərəblərin "qintar" haqqında, onun, məhdudlaşdırıla bilməyəcək qədər çox olan bir ölçü, miqdar olduğunu söylədiklərini nəql etmişdir. Bil ki, doğru olan da, budur.

Qızıl və gümüş, bütün əşyanın bədəli ola biləcəyi üçün, sevilməkdədirlər. Bundan dolayı, bunlara sahib olan kimsə, sanki hər şeyə sahib olmuş kimi olur. Bir şeyə sahib olmaq sifəti, qüdrət ifadə edir. Qüdrət isə, bir kamal sifətdir. Kamal və mükəmməllik isə, zatı etibarı ilə sevilir. Qızıl və gümüş də, zatı etibarı ilə sevilən bu kamalın əldə edilməsinin ən mükəmməl vəsiləsi olduğu və məhbuba (sevgiliyə) götürən vəsilə də məhbub olduğu üçün, bax bu 2 şey də, sevilməkdədirlər.

4. "əl-xaylu'l-musəvvəmət = musəvvəm atlar" haqqındadır.

Vahidi, belə deyir:

"əl-xayl" kəliməsi, "əl-qavm", "ən-nisə" (qadınlar) və "ər-raht" (topluluq, camaat) kəlimələri kimi, öz ləfzindən müfrədi (tək halı) olmayan bir kəlimədir. Atlar da, yerişlərindəki (sanki) qürur və təkəbbürdən dolayı, "əl-xayl" deyə adlandırılmışdır. İnsanın, qürurlu və təkəbbürlü bir şəkildə gəzməsi də, "ixtiyəl" (qürurlanmaq, təkəbbürlənmək) deyə adlandırılmışdır. Xəyal və təxəyyül də, bu qüvvənin, bəhsi keçən şəkil və surəti zehnimizə gətirmək üçün gəzib dolaşması səbəbilə bu adı almışdır. Arıquşu da, belə yeridiyi, bəzən qırmızı, bəzən də yaşıl göründüyü üçün "əxyəl" (təkəbbürlü) deyə adlandırılmışdır.

Alimlər, "musəvvəmət" kəliməsinin mənasında ixtilaf edərək, bu 3 görüşü iləri sürmüşlərdir:

1. Bu, "buraxılmış, otlayan heyvan" deməkdir. Sən, heyvanı, otlasın deyə otlağa buraxdığında, "əsəmtu əd-dəbbətə və səvvəmtuhə" deyərsən. Necə ki, sən, "əqamtu əş-şeyə və qavvəmtuhu = o şeyi ayaqda tutdum"; "əcədtuhu və cəvvədtuhu = onu gözəlləşdirdim" "ənəmtuhu və nəvvəmtuhu = onu böyütdüm" deyərsən. Bundan məqsəd, heyvan otladığı zaman, gözəlliyinin artmasıdır. Haqq Taala'nın, "fihi tusimunə = orda (heyvanlarınızı) otladırsınız" (Nəhl/10) ayəti də, bu mənadadır.

2. Bu kəlimə, "nişanlanmış və əlamətləndirilmiş" mənasındadır. əbu Muslim əl-İsfahani, belə deyir:

Bu, "gözəl görünüş" mənasına gəlir. Allah Taala: "siməhum fi vucuhihim min əsəri's-sucud = səcdə izindən nişanları üzləridir" (Fəth/29) buyurmuşdur.

Bu görüşdə olanlar isə, bu əlamətin nə olduğu xüsusunda ixtilaf etmişlərdir.

~ əbu Muslim, "Bu əlamət və nişanlardan murad, atların ağzımda və alnında olan ağlıqdır. Bu da, atların alınlarının və ayaqlarının ağ olmasıdır." demişdir.

~ Əsamm, bunun, "qarışıq rənglilik";

~ Qatadə, "qarışıq olmadan rənglilik";

~ Muərric isə, "dalğalanmış" mənasında olduğunu söyləmişdir.

əbu Muslim'in görüşü, daha gözəldir. Çünki, ayədə, malların ən qiymətlisinə işarət vardır. Bu da, atın, alnındakı ağlıqdır. Alimlərin digər görüşləri isə, at xüsusunda hər hansı bir qiymət ifadə etməzlər.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri -müxtəsər-)

---------------------

---------------------

Əlavələr:

Quranın, belə faydaları zikr etməsindəki hikməti üçün bax: 

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-isbatinda-fayda-d%C...

 

Read 61 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR