Most Read in the Category of Fəlsəfə

1-) Sonsuzluğu anlamaq olar?

Bir stəkana dənizin yerləşməsi mümkün olmadığı kimi, məhdud olan insan ağılının da sonsuzu qavraması mümkün deyil. Amma, insan sonsuzu anlamasa da onun varlığını anlaya bilər. Bilmək, inanmaq başqa, anlamaq daha başqadır.


İnsanoğlu hər şeyi ilə məhduddur. Həyatının bir başlanğıcı var. Hər başlanğıc bir sondan xəbər verdiyi kimi  bu həyatın da bir sonu olacaq. Başlanğıcı və sonu olan bu qısa həyat içərisində, insan hansı istiqamətdə olursa olsun yalnız  məhdud işlər görə bilir. Gözü mövcud şüaların ancaq 2.5 faizini görə bilir. Qulağı yalnız müəyyən bir tezlikdəki səsləri eşidə bilir.


Maddə aləmində açıqca görünən bu həqiqət, ruh aləmində də keçərlidir. İnsan ağılı hər şeyi anlaya bilmir. Çünki, öyrənməyə başlamasının da bir başlanğıcı var. Başlanğıcı olan elm eynilə həyat kimi sonsuz ola bilmir...


İnsan ağılının acizliyinin başlanğıc nöqtəsi özünü anlaya bilməməsidir. Bu məhdud ağıl, hələ özünü anlamamış necə olur da sonsuzu anlamağa cəhd edə bilir?


Üçün dörddən kiçik olduğunu bilən insanoğlu, yenə qətiliklə bilər ki, mən üçdən dördü çıxarmağa cəhd etsəm mənfi bir nəticə ilə qarşılaşaram. Bunu bildiyi halda məhdud olan ağılına sonsuzluğu sıxışdırmağa çalışırsa, nəticənin mənfi sonsuz, yəni sonsuz bir mənfi olacağını da başdan qəbul etmiş deməkdir.


İnsan sonsuzu anlaya bilməz, amma sonsuza inana bilər... Bu da insan oğluna böyük bir ilahi lütfdür. Yoxsa, bütün sifətləri sonsuz olan Rəbbinə necə iman edəcəkdi?
Bu barədə insanoğluna bir müqayisə imkanı, bir fikir icra etmə, ağıl yürütmə gücü verilmişdir. O, bu güc sayəsində çox yaxşı bilir ki, bu aləmdə mənim bir başlanğıcım və sonum olduğu kimi, hər şeyin də yenə bir ilk və son nöqtəsi var.


Başlanğıcı olan hər şey bizə bu iki həqiqəti birdən dərs verir: Məni yoxdan yaradan bir Zat var və Onun varlığı əzəlidir. Eyni şəkildə hər son da bizə əbədi bir Zatdan xəbər verir.
Özümüzdən bu sualı soruşaq: Sənin anlaya bilmədiyin yalnız sonsuzluqmu? Cazibə qüvvəsini anlaya bilirsənmi? Günəşin, planetlərini necə cəzb edib ətrafında dövr etdirdiyini qavraya bilirsənmi? Ruhun, ağılın, xəyalin, yaddaşın mahiyyətlərini tam mənası ilə anlayırsanmı? Alma ağacının içindəki o mənəvi fabrikanı izah edə bilmisənmi? Yumurta necə olur da, uçan bir quş olur? Sperma doqquz ay sonra necə ağlayır, görür, eşidir?


 Bu aləmdə insanın görə bilmədikləri gördüklərindən, anlaya bilmədikləri anladıqlarından, bilmədikləri bildiklərindən həddindən artıq çoxdur.
İnsanın, fani mövcudatın mahiyyətini tam anlayamadığı halda sonsuzluğu anlamağa çalışması onu sadəcə yorar. Ən təhlükəsi isə belə yersiz axtarışların insanın ağlını başından alma və doğru yoldan çıxarma ehtimalı vardır.


İnsanın sonsuzu anlama səyi iki ayrı sahədə cərəyan edir. Biri, İlahi sifətlərin sonsuzluğu, digəri də axirət həyatının sonsuzluğu... Bu ikisi arasında, gözdən qaçırılmaması lazım olan əhəmiyyətli bir fərq var. Axirətdəki sonsuzluqdan danışıldığında, zehinlərdə dərhal zaman və müddət anlayışları canlanar. Sonu gəlməyən, tükənməyən, fani olmayan, bitməyən bir həyat... Burada verilən həyatın geri alınmaması, əbədi həyatdan söhbət gedir. Bunu ağılın almaması üçün heç bir səbəb yoxdur.
Allahın sifətlərinin sonsuzluğuna gəlincə: Onun qüdrəti sonsuzdur, demək, "Nə qədər aləm yaratsa- yaratsın qüdrətində bir nöqsanlıq olmaz" deməkdir. Elminin sonsuzluğu, onun cahillikdən münəzzəh olduğu mənasındadır. Digər sifətlər də eyni şəkildə, eyni məntiq içərisində qiymətləndirilməlidir. "Əzəli olan əlbəttə əbədidir." həqiqət Cənabı Haqqın şəxsi üçün və sifətləri üçün də etibarlıdır... Yəni, onun bütün sifətləri sonsuzdur, əbədidir. Çünki, heç biri sonradan var olmuş deyil; hamısı əzəlidir.




2-) Kosmoloji arqument – Allahın varlığı

Müsəlman alimlərinin Allahın varlığını isbat etmək üçün istifadə etdikləri arqumentlərdən biri Kosmoloji arqumentdir. Bu arqument aşağıdakı kimidir:

1. Başlanğıcı olan hər bir şeyin səbəbi vardır.

2. Kainatın başlanğıcı vardır.

3. Beləliklə, Kainatın bir səbəbi vardır.

Bu arqumentasiya xəttinin tam məntiqə uyğun olmasında heç bir şəkk ola bilməz. Əsas məsələ ilk iki fərziyyənin doğru olub-olmamasını yoxlamaqdır. Doğru olduqları halda nəticə də doğru qəbul edilməlidir.

Birinci fərziyyə.

   Bu fərziyyənin doğru olması danılmazdır. Çünki bu insanların bildikləri zəruri şeylər siyahısına daxildir. Bunu inkar etmək, bir şeyin bütünün yarısından daha çox olduğunu inkar etmək kimidir. Həmçinin, bu fərziyyəni inkar etsək, yoxluqdan nəyinsə əmələ gəldiyi qəbul etməliyik. Bu isə sehrbazlığa inanmaqdan daha betərdir. Çünki, sehrbazlıqda ən azından sehrbaz mövcuddur. Digər məsələ isə budur ki, əgər səbəbsiz bir şeyin mövcud olması mümkündürsə, o zaman nəyə görə hər şey və ya bir qisim şeylər səbəbsiz ərsəyə gəlmir? Elm, sağlam düşüncə və bizim gündəlik müşahidələrimiz birinci fərziyyənin danılmaz həqiqət olduğunu göstərir. Doktor Vilyam Leyn Kreyq buna gözəl bir misal verir: “Fərz edin ki, səhrada yürüyərkən birdən qarşınıza uşaq şarı çıxır. Əgər sizin dostunuz bu şarın heç bir səbəb olmadan burada mövcud olduğunu desə, bunu heç bir zaman qəbul etməzsiniz. Sadəcə bu şarı götürüb Kainat ölçüsünə gətirmək, səbəbin lazım olmamasını gərəkdirmir, əksinə bu məsələni daha da qəlizləşdir.”

İkinci fərziyyə.

   Kainatın səbəbsiz var olduğunu iddia edən bir çox ateist, Kainatın başlanğıcı olmadığını iddia etməkdədirlər. İkinci fərziyyənin isbatı üçün həm fəlsəfi, həm də elmi arqumentləri istifadə edə bilərik.

    Fəlsəfi arqument – faktiki sonsuzluğun mümkünsüzlüyünə dayanır. Misal üçün, əgər bir insan sıfırdan başlayaraq sonsuza qədər saymaq qərarına gələrsə, bunu heç bir zaman edə bilməz. Çatdığı rəqəm nə qədər böyük olsa belə, daima onun üzərinə bir əlavə etmək mümkün olacaq. İndi bunun əksini düşünün. Mənfi sonsuzluqdan sıfıra qədər saymaq istəyən buna nail ola bilərmi? Fərz edək ki, biz Kainatın sıfırıncı ilində yaşayırıq. Əgər Kainatın əvvəli olmasa idi, yəni sonsuz keçmişi olsa idi, heç bir zaman illərin sayı sıfıra gəlib çata bilməzdi, lakin bizim mövcud olmağımız Kainatın əvvəlinin olduğuna dəlalət edir. Əgər Kainatın sonsuz keçmişindən xüsusi aparat hər keçən il üçün mənfi sonsuzluqdan sıfıra qədər saysaydı, sıfıra heç bir zaman çata bilməzdi. Çünki mənfi sonsuzluqdan nə qədər sayırsan say, sıfıra çatmaq mümkün deyildir. Qeyd edək ki, sıfır il sadəcə bir misaldır, mənfi sonsuzluqdan sayaraq mənfi milyona və ya milyarda çatmaq da mümkün deyil. Bütün bunlar göstərir ki, mənfi sonsuzluq məfhumu faktiki Kainatda mövcud deyil. İndiki hala çatmaq üçün, Kainatın mütləq bir başlanğıcı olmalıdır.

Digər bir misal verək: Fərz edin ki, siz dostunuzdan borc almaq istəyirsiniz. Amma sizin dostunuzda pul yoxdur və o, öz növbəsində öz dostundan borc alır. Lakin onun dostunda da pul yoxdur və o, başqa bir adama müraciət edir. Əgər biz bu silsiləni sonsuza qədər davam etsək, pul sizin əlinizə heç bir zaman çatmaz. Əlinizə pulun çatması ona dəlildir ki, sonda kimdəsə pul tapılıb. Kainatda bir-birini izləyən səbəblər də belədir. Ateistlərin inancına görə, sizin səbəbiniz sizin valideynlərinizdir, onların səbəbi isə öz valideynləridir və beləcə ilk adamlara, sonra meymunlara sonra bir hüceyrəli varlıqlara, sonra günəş sisteminə, ilk qalaktikalara.. və bu cür davam edir. Əgər ilkin səbəb olmasaydı və bu səbəblər sonsuza qədər – keçmişə davam etsəydi, siz mövcud ola bilməzdiz, necə ki əgər pulu olan bir nəfər tapılmadığı təqdirdə pul sizə heç bir zaman ulaşmayacaqdır. Burada da sizin mövcudluğunuz sadəcə bir misal idi. Bu gün mövcud olan istənilən əşyanın bir səbəbi vardır, onun səbəb silsiləsini də misal vermək olar. Səbəblərin sonsuza qədər – keçmişə getməsi mümkün deyil, ilkin səbəbin olması labüddür.

Fəlsəfi yanaşmanın güclü tərəfi odur ki, sonsuz səbəblər silsiləsinin mümkünsüzlüyü bizim Kainatdan kənarda da doğrudur. Günümüzdə bir çox ateist sonsuz Kainat teoriyasının dəstəklənilməsinin mümkünsüzlüyünü görüb multikainat və ya digər teoriyalara əl atırlar. Lakin multikainat teoriyası da sonsuz səbəblər silsiləsinin mümkünsüzlüyünü atlaya bilməz, onun da mütləq ilkin səbəbi olmalıdır.

Elmi arqumenti isə iki hissəyə bölə bilərik. Əgər məsələnin kosmoloji tərəfinə nəzər salsaq, o zaman görərik ki, Kainatın başlanğıcı haqda genişcə qəbul edilmiş teoriya – Böyük Partlayış (Big Bang) teoriyasıdır. Bu teoriyaya əsasən Kainat sözün əsl mənasında yoxluqdan əmələ gəlib. Şübhəsiz ki, kosmik başlanğıc problemindən yaxa qurtarmaq üçün digər teoriyalar irəli sürülmüşdür, lakin bu teoriyalardan heç biri elmi dairələr tərəfindən Big Bang teoriyasından daha inandırıcı olaraq qəbul edilməmişdir. Bundan əlavə, termodinamikanın ikinci qanununa əsasən, Kainat müəyyən bir zaman mövcud olduqdan sonra soyuq, qaranlıq və həyat təmin etməsi mümkün olmayacaq bir hala gələcək. Əgər Kainat başlanğıcsız mövcud olsa idi, o zaman Kainatın çoxdan bu hala gəlməsi lazım olacaqdı. Bunun baş verməməsi, Kainatın bir başlanğıcı olduğuna açıq-aşkar sübutdur.

Bu iki fərziyyədən Kainatın bir səbəbi olduğu nəticəsinə gəlirik. Məşhur ateist Deniel Dennet bu nəticə ilə razılaşır. Lakin Kainatın səbəbinin Kainatın özü olduğunu deyir. Bu isə açıq-aydın bir cəfəngiyatdır. Diqqət yetirmək lazımdır ki, Dennet Kainatın özü özünü yaratmasından qabaq mövcud olduğunu demir. Əksinə, Kainat mövcud olmadığından qabaq özünü yaradıb. Lakin bir şeyə səbəb olmaq üçün mövcud olmaq lazımdır. Qısası, Dennetə görə Kainat mövcud olmaqdan qabaq mövcud olmalı idi! Bu isə açıq-aşkar nonsensdir.

Lakin Kainatın ilkin səbəbinin hansı xüsusiyyətləri olmalıdır? İlk növbədə bu Varlıq bizim anladığımız zaman, materiya və məkan məfhumlarından üstün olmalıdır, onların qanunlarına tabe olmamalıdır, çünki zaman, məkan və materiya məfhumu Kainatın xüsusiyyətlərindəndir. İkinci isə, bu Varlıq özü səbəbsiz mövcud olmalıdır, çünki yuxarıda göstərildiyi kimi sonsuz səbəblər silisiləsi mümkün deyil, səbəblər silsiləsinin hansısa bir nöqtəsində ilkin səbəbin olması labüddür. Sonra, bu ilkin səbəb nəhəng bir gücə və intellektə sahib olmalıdır. Çünki ilkin materiya olmadan bu qədər nəhəng və dəqiq Kainatı yaratmışdır.

Və son olaraq, bu Varlıq İradə sahibi olmalıdır, çünki Kainatı yaradıb-yaratmamaq arasında seçim etmək iradənin mövcudluğuna işarədir. Deyilə bilər ki, nəyə görə iradə sahibi olmalıdır, bəzi səbəblər iradəsiz belə təsir edir. Misal üçün, od yandırır, lakin bilirik ki, o heç bir iradə sahibi deyil. Buna cavab olaraq deyəcəyik ki, ilk növbədə Kainat kimi bir varlığın iradəsiz varlıq tərəfindən yaradılması inandırıcı deyil. Əgər bir saat götürsək və onun iradəsiz bir varlıq tərəfindən icad olunduğunu desək, ateistlər bu sözə gülərlər. Kainat isə saatdan qat-qat daha mürəkkəb, gözəl və nəhəng varlıqdır. Cavabımızın ikinci tərəfi odur ki, iradəsiz səbəbin öz nəticəsindən ayrı olması təsəvvür edilə bilməz. Doktor Kreyq bu məsələdə də gözəl misal verir. Biz bilirik ki, temperaturun sıfır dərəcədən aşağı olması suyun buza dönməsinə səbəbdir. Əgər temperatur əbədi olaraq sıfır dərəcəsindən aşağı olsa idi, orada olan su da əbədi olaraq buz şəklində olardı. Sıfır altından olan temperatur iradə sahibi deyil. Ona görə özü əbədi olduğu halda, nə zamansa suyu buza döndərməyə başlaya bilməz. Lakin əbədi olaraq oturan insanı təsəvvür edin. Bu insan istədiyi an ayağa dura bilər və beləliklə nəticənin səbəb ilə bir yerdə əbədi mövcud olması gərəkməz. Buradan anlayırıq ki, əgər Kainatın səbəbi iradəsiz bir Varlıq olsa idi, Kainat da o Varlıq kimi əbədi olaraq mövcud olmalı idi, lakin biz bunun belə olmadığını bilirik. İradəli varlıq isə, özü əbədi mövcud olmasına baxmayaraq, istədiyi an sonlu keçmişi olan Kainatı yarada bilər.

Kosmoloji Arqument çox sadə və güclü arqumentdir. Onun nəticəsində biz Kainatın bizim anladığımız zaman, materiya və məkan məfhumlarından üstün, əbədi, səbəbsiz, inanılmaz dərəcədə qüdrətli olan, intellekt və iradə sahibi olan bir Varlıq tərəfindən ərsəyə gətirildiyini başa düşürük.