Musiqi xüsusunda umumî ölçümüz bu ifadələr olmalıdır:
"Şəriətcə bəzi savtlar (dini baxımdan bəzi səslər) halal, bəziləri haram edilmişdir. Bəli, ulvî hüznləri, Rabbanî eşqləri iras edən (xatırladan) səslər halaldır. Yetimanə hüznləri, nəfsanî şəhəvâtı təhrik edən səslər haramdır. Şəriətin təyin etmədiyi qisim isə sənin ruhuna, vicdanına etdiyi təsirə görə hökm alar." (Risalə-i Nur, İşaratü`l-İ'caz, s. 78; Sözlər, s. 382, 687-688)
Musiqidə iki səs istifadə olunur: insan səsi və alət səsi. Bir əsər icra edilərkən ya tək başına insan səsi və ya musiqi alətləri istifadə olunur; əsasən də hər ikisindən birdən istifadə edilir. Hər üç halda da insanın xoşuna gedən, onun zövq duyduğu və təsirində qaldığı ölçülü, bəlli bir məqamda səs çıxarılır. Bu səslər mahiyyətinə, mövzusuna və təsirinə görə dəyərləndirilər.
Ya insanın ruhuna təsir edər, onda ulvî, dinî hisslərin canlanmasına səbəb olar; ya da dinlədiyi bir musiqi parçası, nəfsinə və süflî hisslərə xitab edərək uca hisslərin korlaşmasına səbəb oar.
Yuxarıdakı ifadələrdə də açıqca göründüyü kimi, məşru olan, dinlənilməsində bir qəbahət olmayan səs, insana ulvî hüznləri, yəni dünyanın fâniliyini, ölümün hər an gələ biləcəyini, insanın bir gün gəlib torpaq olacağını, Allah qorxusunu hatırlatmalı və ya ilâhî eşqi, Allah sevgisini, dünya üzərində Cənab-ı Haqq'ın gözəl sənət əsərlərindəki uca isimlərinin və sifətlərinin təcəllilərini xatırlatmalıdır. Bu hissləri təhrik edən hər cür səsi dinləmək halal və caizdir.. Fəqət yetimanə hüznləri; insana ümidsizlik verən, sevdiyi kimsələrdən və nemətlərdən ayrılmanın iztirabını xatırladan, insanı bədbinliyə, pessimizmə sövq edən; insanın şəhvani hisslərinə xitab edən, dinlədiyi zaman nəfsin xoşuna gedən səslər isə haramdır, dinləmək caiz deyildir.
Bu iki sinifə adi olmayan bəzi səslər də vardır ki, insandan insana dəyişər. Məsələn eyni musiqi parçasını dinləyən iki adamdan biri nəfsânî bir his duyarkən, digəri ondan daha ulvî bir mənâ çıxarmaqdadır. Məsələn "İncəcikdən bir qar yağar, tozar əlif əlif deyə / Dəli könül abdal olmuş, gəzər əlif əlif deyə." parçasını bir musiqi müşayiətində dinləyən iki şəxsdən biri "əlif" dən Allah'ı xatırlayıb, ilâhî eşqi düşünərkən, o birisi zahirî mənasına baxaraq "əlif "dən bir qadını xatırlayar, məcâzî bir eşq düşünər.
Bir başqa misal: Yunus Əmrə'nin,
"Aşkın aldı məndən məni / Mənə Səni gərək Səni
Mən yanarım dünü gün / Mənə Səni gərək Səni
Aşkın şərabından içəm / Məcnun olub dağa düşəm
Sənsən dünü gün əndişəm / Mənə Səni gərək Səni "
şeiri, bu gün həm ilâhî olaraq, həm də türkü olaraq deyilməkdədir. İndi biri burada keçən "eşq" dən ilâhî eşqi düşünərkən, digəri zâhirî mənasına baxaraq məcazi bir eşqi xatırlayar.
İmam Qəzali həzrətləri isə (İhyâ, II / 279-81) musiqini, haram, məkruh və mübah olmaq üzrə üç ana başlıq altında incələyərək belə deyir:
Dünya arzusu və şəhvət hissləri ilə dolub daşan kəslər üçün yalnız bu duyğuları təhrik edən səslər haramdır.
Vaxtlarının çoxunu buna verən, məşğuliyyəti adət halına gətirən kimsə üçün məkruhdur.
Allah sevgisi ilə dolub daşan, duyduğu gözəl səs özündə sadəcə gözəl sifətləri təhrik edən kimsə üçün müstəhəbdir.
İmam Qəzali daha sonra, musiqini haram edən şeyin özü deyil, sonradan ortaya çıxan bəzi səbəblər olduğunu ifadə edər, bunu da belə təsnif edir:
"Mahnı oxuyan qadın olar, dinləyən də qadın səsinin şəhvətini təhrik edəcəyindən qorxarsa dinləmək haramdır. Burada haram hökmü musiqidən deyil, qadının səsindən qaynaqlanmaqdadır."
"Mahnının bəstəsi (sözləri) pis, İslâm inancına və əxlaqına zidd olarsa, bunu musiqili və ya musiqisiz söyləmək və dinləmək haramdır."......
Gəncliyi gərəyi şəhvət duyğuların məhkumu olan bir kimsə ifrat dərəcədə musiqiyə aludə olub, vaxtının çoxunu bu yolda keçirərsə səfeh olar....

Musiqi; qadın və ya kişi tərəfindən səs və alət (çalğı) ilə icrâ edilən bilinən sənətin bütün növlərinə şamildir. Hətta sadəcə instrumental alətlərlə və ya sadəcə səslə də musiqi icrası mümkündür. İslâmî hökm baxımından bu sinif və şəkillər arasında fərq vardır. Ayrıca musiqinin icrâ edildiyi yer və məqsədin, musiqilə birlikdə sərgilənən digər yan ünsürlərin da hökmə təsiri vardır
. Musiqinin hökmünü təyin edən dəlillərə keçmədən öncə fiqh məzhəblərinin görüşlərini xülasə edək:
1- Hənəfî məzhəbinə görə musiqi icrası və bunu dinləmək haramdır. Bu hökm, bir dəynək və çubuğun bir yerə ahəngli bir şəkildə vurulmasını belə nəzərə almaqda və haram sayılmaqdadır. Hökmün bəzi istisnaları vardır: Savaşda vurulan dəf (böyük savaş barabanı) ilə toylarda çalınan qaval.
Musiqi, başqalarına dinlətmək üçün deyil də, özünü istirahət etdirmək və tənhalığı dəf etmək üçün edilərsə İmam Səraxsiyə görə câizdir; Mərğınânî'yə görə bu da haramdır. İmam Əbu Yusuf'dan soruşmuşlar: "Toy xaricində, məsələn qadının və uşağın öz evində dəf çalmasına nə deyirsən?" Bu cavabı vermiş: "Bunda kərahət(pis iş) yoxdur. Həddindən artıq oyun və təqanni (musiqi) olarsa onu məkruh görürəm." Hənbəlî məzhəbi də bu mövzuda -ümumi çizgiləriylə- Hənəfî məzhəbi kimidir.
2- İmam Şâfiî və İmam Mâlik'dən iki görüş nəql edilmişdir. Bunlardan birinə görə bu iki imam musiqini məkruh saymışlar, digərinə görə isə -yanında bir haram işlənmədiyi, harama alət edilmədiyi təqdirdə mübah görmüşlər. (Şâfiî məzhəbindən Qəzali ilə Malikilərdən Kəttânî'nin görüşlərinə aşağıda daha geniş yer veriləcəkdir.)
3- Zahiriyyə məzhəbi ilə ümumilik təsəvvüf təriqətləri musiqinin bütün növləriylə mübah olduğunu müdafiə etmişlər.
Musiqinin lehində və əleyhində görüş bildirən fiqh alimləri bəzi ayələrdən dəlil gətirmək istəmişlərsə də (31 / Loğman, 6; 39 / Zumər, 18) bunların musiqini hədəf aldığı dəqiq deyildir. Yəni Qur'an'da birbaşa olaraq musiqinin haramlığı və ya halallığı ilə əlaqədar bir hökm yoxdur. Hədislərə gəlincə; Rəsuli-Əkrəm sallallahu aleyhi və səlləm`in toy, bayram, qarşılama kimi münasibətlərlə icrâ edilən musiqini bəyəndiyi, toylarda bunu təşviq elədiyi sağlam rəvayətlərə dayanmaqdadır. Ayrıca, musiqinin -bir harama alət edilmədən- haram qılındığına dair səhih bir hədisin olmadığı bildirilmişdir.
Əl-Kəttani, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm dövrünün adət-ənənə və mədəniyyətindən bəhs edən iki böyük cildlik əsərində (ət-Tərâtibu'l-İdâriyyə) musiqiyə 25 səhifə ayırmış, bütün növləriylə câiz olduğunu göstərən dəlillər gətirmiş, bu mövzuda yazılmış 20 əsərin adını vermişdir (ət-Tərâtibu'l-İdâriyyə II / 120 -145). Bu müəllifin təsbitinə görə səhabələrdən Hz. Ömər, Osman, Abdurrahman bin Avf, Ubeydə bin əl-Cərrah, Sad bin Əbi Vəqqas, Əbu Məsud, Bilal, Abdullah bin əz-Zubeyr, Hassan, İbn Amr, əl-Muğirə bin Şö'bə kimi şəxslərin musiqi dinlədikləri rəvayət edilmişdir.
İmam Qəzali, İhyâ adlı əsərinin 35 səhifəsini bu məsələyə ayıraraq bütün söylənənləri təhlil etmiş, dəlilləri müqayisə etmiş və bu nəticəyə gəlmişdir: Musiqi, istər səs istər âlət ilə olsun tək hökmə bağlı deyildir: Haram, məkruh, mübah və müstəhəb ola bilər.
Belə ki:
1- Dünya arzusu və şəhvət hissləri ilə dolub daşan gənclər üçün sadəcə bu duyğuları təhrik edən musiqi haramdır.
2- Vaxtlarının çoxunu buna həsr edən, musiqilə məşğul olmağı adət halına gətirən kimsə üçün məkruhdur.
3- Gözəl səsdən zövq alma xaricində bir duyğuya qapılmayan kimsə üçün musiqi mübahdır, sərbəstdir.
4- Allah sevgisi ilə dolub daşan, duyduğu gözəl səs özündə yalnız gözəl sifətləri hərəkətə keçirən kimsə üçün müstəhəbdir. Qəzali, araşdırmasını davam etdirərkən musiqinin, vəziyyətə görə ya mübah və ya məndub olduğunu, onu haram edən şeyin özü deyil; xaricdən (kənardan) gələn beş səbəbdən ibarət olduğunu ifadə edərək belə davam edir:
1- Mahnı söyləyən qadın olar, dinləyən də qadın səsinin şəhvətini təhrik edəcəyindən qorxarsa dinləmək haramdır. Burada haram hökmü musiqidən deyil; qadının səsindən gəlməkdədir.
Əslində qadının səsi haram deyildir; ancaq şəhvəti təhrik edərsə Qur'an oxumasını belə dinləmək haram olar. (Hənəfilərdən Buxârî şarihi (şərh edəni) allam Aynî də "Bayramda iki cariyənin oxuduğu mahnını Hz. Peyğəmbərin və Əbu Bəkir'in dinlədiklərindən hərəkətlə eyni nəticəyə gəlmişdir. -Umdətu'l-Qari, c. 3, s. 360-)
2- Musiqi aləti, içki məclislərinin simvolu olan alət növündən olarsa bunu istifadə etmək haram olar; digərləri mübah olmaqda davam edir.
3- Mahnı və musiqinin bəstəsi pis (zərərli), İslam inancına və əxlaqına zidd olarsa bunu musiqili və ya musiqisiz söyləmək və dinləmək haramdır. (Xüsusilə günümüzdəki bəzi musiqi sözlərindəki Allah'a, Allah'ın qədərinə üsyan, sevgilini İlahlaşdırma kimi küfr kəlimələrini laqeyd şəkildı,etiraz etmədən dinləmək və ya dinlətdirmək, haramdan da əlavə, küfr qəbul edilə bilər.)
4- Gəncliyi gərəyi şəhəvî duyğuların məhkumu olan bir kimsə ifrat dərəcədə musiqiyə düşkün olar, musiqi onun sadəcə cinsi arzusunu təhrik edərsə onun musiqidən uzaq durması lazımdır.
5- Sıravi bir insanın musiqi, şəhvətini də İlâhî eşqini da təhrik etmədiyi halda bütün vaxtını alar, onu başqa işlərdən məhrum edərsə yenə haram olar.
Musiqi, sözləri və ritmiylə insanı Allah'a yaxınlaşdırırsa, haramlardan uzaq olduğu və Allah'a yaxınlaşdırdığı dərəcədə mübah, hətta müstəhəb olar. Tərsinə; insanı şeytana, yaxınlaşdırır, haramlara dəvət edir və ya haramlara alət edilirsə, o nisbətdə məkruh və haram olar. Xüsusilə televiziya kanallarının çoxunda və ya kazino kimi haram işlənən yerlərdə musiqi; günümüzdə danssız, ədəbsiz paltarlı qadınsız, içkisiz, yəni müxtəlif haramlar olmadan icra edilmirsə, musiqinin bu şərtlərlə haram olduğu dəyərləndirilir.
Amma, bu musiqinin özündən deyil; icrâ edildiyi mühitdən qaynaqlanmaqdadır. Bununla yanaşı, yaşıl pop da deyilən melodiya növündəki və daha çox dinî hisslərə təsir edən musiqi parçalarını dinləmək və ya söyləmənin haram olduğunu söyləmək üçün heç bir ciddi dəlil yoxdur.
--------------------------------------
Əlavələr:
Mahnıya qulaq asmaq (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mahniya-qulaq-asmaq-2
Mahnıya qulaq asmaq (3)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mahniya-qulaq-asmaq-3
Musiqisiz zümzümə etmək caizdirmi? Musiqi dinləmək caizdirmi? Musiqili toylara, ad günlərinə qatılmaq olarmı? İslamda ilahilərin hokmü nədir?