Əsl və fər nə deməkdirlər?
"Qiyas": "haqqında nass olmayan bir məsələnin hökmünü, aralarındakı müştərək (ortaq) illət səbəbilə, haqqında nass olan məsələnin hökmünə bağlamaq"dır.
Bu tərifə görə, qiyas, 4 rükündən meydana gəlməkdədir:
1. Əsl: bu, "hökmü bəyan edən nass olub, hökmün məsdəri/qaynağı"dır.
2. Fər (cəmi, füru): "haqqında nass olmayan məsələ"dir.
3. Hökm: bu, "qiyas vasitəsilə, əsl'dən fər'ə keçilməsi istənilən şey"dir.
4. Müştərək illət: bu, "həm əsl, həm də fər'də mövcud olan bir vəsf"dir.
✓ Əsl:
Fər'in qiyas edildiyi hökmü açıqlayan qaynağa, "əsl" deyilir. Yaxud da, buna, "haqqında hökm mövcud olan mövzu" deyilir. Hər ikisi də, eyni yerə (mənaya) çıxmaqdadır.
Qiyasın bina edildiyi əsl haqqında, fəqihlərin əksəriyyətinə görə, nass və ya icma olmalıdır. Qiyas ilə sabit olan bir hökm üzərinə, başqa bir məsələ qiyas edilə bilməz. Belə ki:
a. (İslam hüququnun) əslini, nasslar təşkil edir. Digərləri, nə olursa olsun, hüccət olmaq cəhətindən, nasslara söykənir. Bu səbəblədir ki, qiyasın əsası, yalnız nasslardır.
b. Hökm üçün illət sayılan vəsfə dəlalət edən şeylər də, yenə nass'lardır. Onlar, iştiqaqları (meydana gəlmələri), münasibətləri və varid olduqları hadisələrin köməyilə, bu vəsfi, yəni illəti göstərirlər.
c. Qiyas, təbiətilə, Kitab və sünnətə qayıdır. Qiyası rədd edənlərin dəlillərini incələyərkən, demişdik ki, onların yanıldıqları yer, qiyası, nass'lardan götürülmüş saymamalarıdır. Halbuki o, nass'ların geniş mənada i'məli, yəni, tətbiqi deməkdir. O halda, qiyas, yalnız nasslara istinad etməlidir ki, qiyası tanımayanlar üçün, bir etiraz qapısı buraxılmış olmasın.
Bu etibarla, alimlərin əksəriyyəti, icma ilə sabit olan bir hökm üzərinə qiyas etməyin doğru olacağını qəbul edirlər. Çünki, icmanın sənədi açlqlanmamış olsa belə, nass'dır. Məsələn:
~ Kiçik uşaqların malı üzərindəki vəlayət, icma ilə sabit olmuş; və onları evləndirmə vəlayəti də, bu maliyyəvi vilayətə qiyas edilmişdir.
~ Yenə, baliğ və rəşid kimsənin tam bir vəlayətə sahib olduğu, icma ilə sabit olmuş; və buna, qiyas yolu ilə də, onu, istəmədiyi birilə evləndirmək üçün, kimsənin məcbur etmək səlahiyyəti olmadığı bilinmişdir.
Həqiqətən, icmanın sənədinin nass olduğunu qəbul etdiyimizə; və qiyasın, icma üçün sənəd olmasını yerində görmədiyimizə görə, icma ilə sabit olan bir hökm üzərinə qiyas edilməsini rədd etməyimiz, qəribə olar.
"İcmada, nass zahir olmadığı üçün, hökmün illətini tanımağımız, imkansızdır." deyiləcək olsa, biz də, belə deyərik:
Hökmün illəti, sadəcə nass'lardan başa düşülməz. Şəriətin ümumi açıqlamalarından, hökmlə bağlı hadisələrdən və hökmün güddüyü qayələrdən də başa düşülə bilər.
Demək ki, illətin bilinməsi və təsbiti üçün tək yol, ibarələrin işarətləri deyildir. Hətta, çox vaxt, ibarələr, qiyasa fayda verəcək illəti göstərməz. Məsələn:
"Buğda ilə buğda, arpa ilə arpa, misli-mislinə və yerindəcə dəyişdirilər." (Tirmizi, "Buyu", 23) hədisinin ibarəsində, qiyas üçün açıq bir illət tapa bilmirik.
Dolayısı ilə, fəqihlər, burdakı illətin təyinində, ixtilafa düşmüşdürlər.
Hənəfilərə görə, burdakı illət, kilo və vəzn bənzərliyi ilə cins birliyidir. Bu, kamil illətdir. Kilo və vəzn bənzərliyi və ya cins birliyi olmazsa, naqis illət olur. Tam illət mövcud olarsa, alış-verişdə ziyadə və ertələmək, haram olur. Naqis illət mövcud olarsa, cins birliyi olmadığı üçün, ziyadə almaq, caiz olur; ertələmək isə, caiz olmaz. Bəlkə də, Hənəfilər, uzaq da olsa, onu, hədisdə təkrar edilən misl kəliməsindən çıxarmışlardır.
Şafii'lərə görə isə, burdakı illət, təam (qida maddəsi) və səməniyyət (malın qiyməti)'dir. Çünki, hədisdə keçən şeylərin bəzisi, qızıl və gümüş kimi pul olub, bunları özlərilə dəyişərək alış-veriş etmək, caiz olmaz. Çünki bunlar, əşyanın qiymətini göstərən ölçülərdir. O halda, əskik və ya artıq olaraq bunları özlərilə dəyişmək, doğru deyildir. Çünki, beləcə, bunların, əşya üçün bir qiymət ölçüsü olması, ortadan qalxar. Bu ikisinin xaricindəkilər isə, qida maddələridir. Dəyişməyi sırf bunlara bağlamaq, istehsalçının inhisarına və alıcıların da məhrumiyyətinə səbəb olar. Dolayısı ilə, bunların özlərilə dəyişdirilməsi, ancaq bərabər olaraq edilə bilər və beləcə, pul ilə alış-verişə, imkan verilmiş olar. Necə ki, bir dəfə, bir nəfər Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlir və: "Məndə, quru xurma var. Təzə xurma ilə dəyişmək istəyirəm." deyir. Peyğəmbər də: "Quru xurmanı sat və pulu ilə təzə xurma al." buyurur. Demək ki, xurmanın pul ilə satılması sayəsində, quru və ya təzə heç xurması olmayan kimsə də, onu alıb yeyə biləcək.
Malikilər də, burdakı illəti, pul, qida maddəsi və saxlana bilən cinsdən olma halı olaraq görürlər.
Görülməkdədir ki, illət, bəzən nass'dan deyil; hökmün özündən, ondakı ümumi və xüsusi məqsədlərdən əldə edilməkdədir.
Qiyas üçün əsl olma cəhətindən, icma haqqında danışmış olduq. İndi isə, qiyasın, başqa bir qiyas üçün əsl olmasına keçək. (Belə ki):
Bəzi Maliki'lərə görə, qiyasla sabit olan bir hökm üzərinə, başqa bir məsələ qiyas edilə bilər. Bu mövzuda, ibn Rüşd (əl-Maliki), belə deyir:
"Fər'i (fər'ə aid bir məsələ), hökmü bilinincə, əsl olar və ondan əldə edilən başqa bir illət səbəbilə, yeni bir məsələ, ona qiyas edilə bilər. Hökmü sabit oluncaya qədər, ikincisinə, fər'i deyilir. Bu ikinci məsələnin də hökmü sabit olunca, bundan əldə edilən illət nəzərə alınaraq, başqa bir məsələ də, buna qiyas edilə bilər. Beləcə, hökmü sabit olunca, o da əsl olub, ona görə də qiyas edilə bilər və bu sonsuza qədər davam edib gedər.
'...Fər'i məsələlər, bir-birinə qiyas edilə bilməz. Yalnız, Kitab, sünnət və icma üzərinə qiyas edilə bilər.' görüşü, yalnışdır. Çünki, Kitab, sünnət və icma, bu şəriətin əsl dəlilləridir. Əlbəttə, qiyas da, ilk əvvəl bunlara istinad edir. Bu dəlillərdən birinə qiyas etmək imkansız olarsa, bunlardan istinbat edilən qiyas üzərinə də qiyas edilə bilər. Məsələn:
Bir hadisə meydana gəlsə; və bunun haqqında, Kitabda, sünnətdə və ümmətin icmasında bir nass və ya bunlarla yeni hadisəni birləşdirən bir illət mövcud olmasa; ancaq belə bir illət, bunlardan istinbat edilmiş olan bir şeydə olsa, hadisəni, ona qiyas etmək lazımdır." (ibn Rüşd, "əl-Muqəddimətu'l-Muməhhədət", 1-ci cild, s. 22)
ibn Rüşd, bu qədərilə də kifayətlənmir və Maliki fəqihlərinin bu görüş üzərində ittifaq etdiklərini bildirərək, belə davam edir:
"Bil ki, bu məna üzərində, imam Malik və əshabı ittifaq etmişlər; kitablarında, məsələləri bir-birinə qiyas etmək xüsusunda, ixtilaf etməmişlərdir. Bu, əsasən doğrudur. İstərsə, ona müxalifət edənlər mövcud olsun; çünki, Kitab, sünnət və icma, şər'i hökmlərin əslini təşkil edir. Necə ki, əqli elmlərdə, zərurətə istinad edən bilik də, belədir. Yəni, əqli elmlər, zəruri bilik (yəni, oxuyub-öyrənməklə əldə edilməyən biliklər) üzərinə qurulur. Bunlar, müəyyən bir say ilə məhdudlaşdırılmadan, yaxınlıq əsasına söykənir. Yaxın olanın, uzaq olan üzərinə bina edilməsi, doğru olmaz. Nəqli elmlər də, eyni şəkildə, Kitab, sünnət, ümmətin icması və ya səhih olması səbəbilə, hökmə əsas olan şey üzərinə bina edilir (qurulur) və sonsuza qədər davam edir. Bunlarda da, yaxın olanın, yaxın olana istinad etməsi əsasına tabe olunur. Yaxın olan, uzaq olan üzərinə qurulmaz." ("əl-Muqəddimətu'l-Muməhhədət", 1-ci cild, s. 23)
Bundan başa düşülür ki, ibn Rüşd, qiyasın, bir əsl təşkil etdiyini; və onun üzərinə, başqa bir məsələni qiyas etməyin doğru olduğunu qəbul edir. Burda, yeni fər'in, Kitab və sünnətə isnad etdirilməsinin imkansız olmasını şərt qoşur; əqli elmlərlə fiqh arasında bir münasibət qurur; hər ikisinin də, bir-birinə bənzədiyini söyləyir. Ona görə, əqli məsələlər, hər kəsin eyni şəkildə qavradığı bədihi/açıq biliklərə söykənir; sonra, bunlar üzərinə, nəzəriyyələr qurulur. Məsələn, riyaziyyat, belədir. Xüsusilə, həndəsə, bədihiyyat (açıq biliklər) üzərinə bina edilir. Sonra bunlardan nəzəriyyələr qurulur və daha sonra, bu nəzəriyyələr üzərinə, başqa nəzəriyyələr bina edilir. Fiqhi dirasətlər (çalışmalar) da, belədir. Əqli elmlərdəki zəruri və açıq biliklərə müqabil; fiqhdə də, Kitab, sünnət və icma vardır. Fəqihlər, bunların, fiqhin əsasını və əslini təşkil etdiyində ittifaq etmişlərdir. Sonra, məsələlər, bunlarla sabit olan hökmlər üzərinə, yaxınlıq dərəcəsinə görə, bir-birinə yaxınlaşdırılıb bağlanması ilə fiqh yoluna davam edir.
Qiyasla sabit olan hökmün, başqa bir məsələni özünə qiyas etmək üçün əsl ola biləcəyini söyləyənlərin bu görüşlərinə, bu şəkildə etiraz edilmişdir:
Əsl ilə fər'i bir-birinə bağlayan illət, əsl olan ilk qiyasın illətidirsə, hökm, bu qiyasın istinad etdiyi nass üzərinə bina edilmiş (qurulmuş) olar. Əgər illət, ilk qiyasın illətindən başqa bir şeydirsə, ikinci qiyas, batil olar. Çünki vəsf, hökmə təsir edən ilk vəsfin eynisi deyildir. Məsələn:
Düyü, riba hədisində keçən buğdaya qiyas edilsə, düyü və düyü qarşılığında satılarkən, misli ilə və dərhal (yerində) satılacaqdır. Digər tərəfdən, zeytun yağı, buğdaya qiyas edilsə və illət də saxlana bilən və qida maddəsi cinsindən olmuş olsa, bu təqdirdə, zeytun yağının buğdaya qiyas edilməsi, fər'i olan düyüyə qiyas edilməsindən daha yaxşı olar. Əgər əsl ilə arasındakı illətin eyniliyi imkansızlaşarsa, qiyas batil olar.
Lakin, ibn Rüşd'ün, burda, belə bir şərt qoşduğu da ağla gələ bilər:
Quran, sünnət və icmadan alınmış olan əsl bilinmədiyi təqdirdə, qiyasla sabit olan fər'i üzərinə qiyas etmək, mümkündür. Bəlkə də, "Bu, necə düşünülə bilər?" deyə soruşula bilər. Bu, belə ola bilər:
Nass'ların cəmindən əldə edilən qaydalar vardır. Bu qaydalar, müəyyən nasslara istinad etməsə də, həqiqi və sabit olan hökmləri bildirməkdədir. O halda, bunlar da, qiyas üçün əsl təşkil edər və bunların istinad etdiyi əsl, bilinməyə bilər. Lakin, şər'i qaydalar halına gəlmiş olduqlarından, özləri, qiyas üçün əsl ola bilərlər.
Malikilərin bu görüşünə, fiqh cəhətindən qoşulmağımız, imkansızdır. Zənn edirik ki, onların "mürsəl maslahat" nəzəriyyələri, burda rol oynamaqdadır.
Fər'in, başqa bir fər üzərinə qiyas edilməsi əsası, mədəni hüquqda da cari olub qanunun təfsiri sayılmaqdadır.
------------------------
------------------------
✓ Fər:
Bu, "əslə qiyas edilərək hökmü bilinmək istənilən məsələ"dir.
Qiyas edilə bilməsi üçün, fər'də, 2 şərt axtarılır. (Belə ki):
1. Fər'in hökmü haqqında, nass olmamalıdır.
Çünki, hökmü haqqında nass olan məsələlərdə, qiyasa ehtiyac yoxdur. Əlbəttə, bir məsələnin hökmü nassla sabit ikən onun üçün qiyasdan bəhs etmək, mə'qul (ağıl ilə qavranılan bir şey) deyildir.
Bu mövzuda, Əndəlus fəqihlərindən birinin düşdüyü bir xəta zikr edilir:
Xəlifələrdən biri, fəqihdən, "Ramazan orucu tutarkən gündüz cinsi münasibətdə olmağın hökmü, nədir?" deyə soruşur. O da, "60 gün oruc tutmaqdır." deyir. Halbuki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən varid olan nassda, ilk əvvəl, 1 nökər azad etmək əmr olunmuşdur. Buna gücü çatmayan kimsə, 2 ay oruc tutacaqdır. (haşiyə)
------------------------
(Haşiyə:
Dəlilləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bil%C9%99r%C9%99kd%C9%99n-po...)
-------------------------
Bu fəqih, 2 ay oruc tutmağı əvvəl zikr edərkən, maslahata istinad edən qiyasa tabe olmuşdur. (Yəni, burda, o, qiyası, kəffarətin orucu pozmağı əngəlləməsi əsasına istinad etdirmişdir ki, bu da, nökər azadından ziyadə, oruc tutmaqda gerçəkləşir.)
Ona görə, xəlifə, bir çox nökərə sahibdir. Hər gün orucu pozub kəffarət olaraq, 1 nökər azad edə bilər. Dolayısı ilə, o fəqih, nökər azadından dönmüş və haqqında nass olan bir mövzuda, qiyasa müraciət etmişdir.
Bizə görə, o fəqih, sadəcə nassa müxalifət etməklə qalmamış; həm qiyasda, həm də illəti qavramaqda yanılmışdır. Çünki, 60 gün oruc tutmaqdakı maslahatı, 1 nökər azad etməkdəki maslahatdan qüvvətli görmüşdür. Çünki, ona görə, kəffarətin illəti, orucu pozmağı əngəlləməkdir. Bu da, kəffarət cəzası olan orucda, daha təsirlidir. Bizə görə isə, 30 nökəri azad etmək, insanların nəzərində 60 gün oruc tutmaqdan, daha xeyirlidir. Bunun üçündür ki, Şari'nin nökər azad etmə əmrindəki məqsədi, orucla qazanılan əxlaqi nəticədəki məqsədindən, daha yüksəkdir.
Bəzi Hənəfi və Maliki fəqihləri, əhəd xəbər və zənni dəlillərdən ibarət olan nasslar mövcud olduğu halda, qiyasa müraciət etmişlərdir. Bu da, əhəd xəbəri zəif saymaq və ya qiyas ilə zənni dəlilləri təxsis etmək əsasına söykənir. İləridə, qiyas ilə nassların təaruzu (zidd düşməsi)'ndən bəhs edərkən, bu mövzunu ələ alacağıq.
2. Əsl'dəki illət, eyni şəkildə, fər'də də mövcud olmalıdır.
Məsələn, şərabın haram qılınmasının illəti, sərxoş edici olmasıdırsa; sərxoş edən hər içki və ya yemək də, şərab kimi haram olar. Əgər bir şey sərxoş edici deyil; bu və ya bu səbəbdən, yaxud da bəzi arizi (keçici) hallardan dolayı ağlın getməsinə səbəb olursa, o şeyin istifadə edilməsi, haram olmaz. Çünki, onun illəti, şərabın illətinə bərabər deyildir.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
