Aşurə orucu (şiə mənbələrində)-1

Şiələrdə aşura orucunu qadağan edən rəvayətlərə nəzər salsaq görəcəyik ki, həqiqətən də Əbul-Qasim əl-Xoyi’nin dediyi kimi şiə alimlərinin öz meyarlarına görə heç biri salamat deyildir, hamısının sənədi zəifdir, bəziləri şiddətli şəkildə zəifdir. Gəlin bu xəbərlər ilə tanış olaq.

(1) “əl-İstibsar” kitabında ət-Tusi deyir: “Muhəmməd bin Yaqub – Əli bin İbrahim’dən – o atasından – o da Nuh bin Şueyb ən-Neysəburi’dən – o da Yasin əd-Darir’dən, o isə Hariz’dən, o isə Əbu Cəfər və Əbu Abdilləh’dən – aleyhissələm – (rəvayət etdi) ki, onlar dedilər: “Aşura günü və arafə gününü nə Məkkədə, nə Mədinədə, nə öz vətənində, nə də şəhərlərdən hansısa bir şəhərdə oruc tutma!”[11] Bu isnaddakı Nuh bin Şueyb və Yəsin əd-Darir məchul ravilərdir.[12]

(2) “əl-İstibsar” kitabındakı növbəti rəvayəti ət-Tusi belə qeyd edir: “Ondan – o da əl-Həsən bin Əli əl-Haşimi’dən, o isə Muhəmməd bin Musa’dan, o da Yaqub bin Yezid’dən, o da əl-Vaşşə’dən; dedi: - Nəciyə bin əl-Haris əl-Attar mənə rəvayət etdi; dedi: Əbu Cəfər’dən – aleyhissələm – aşura gününün orucu haqqında soruşdum və dedi: “Ramazan ayının endirilməsi ilə tərk edilmiş bir orucdur və tərk olunmuş olan şey bidətdir.” Nəciyyə dedi: “Atasından sonra mən Əbu Abdilləh’dən – aleyhissələm – soruşdum və atasının verdiyi cavabın eynisi ilə cavabladı və sonra dedi: “Bu, kitabda haqqında bir şeyin gəlmədiyi və Hüseyni – aleyhissələm – öldürməkdə Ziyad ailəsinin qoyduğu bir sünnətdən başqa heç bir sünnətə uyğun olmayan bir günün orucudur.”[13] Bu rəvayəti həmçinin əl-Kuleyni “əl-Kafi” kitabında rəvayət edir və isnadda Nəciyə yerinə Nəcbə bin əl-Haris əl-Attar deyir və əl-Vaşşə isə əl-Həsən bin Əli əl-Vaşşə olaraq keçir. Bu isnadda birdən çox problem vardır; əl-Həsən bin Əli əl-Həşimi məchuldur. əl-Cəvahiri “əl-Mufid min Mucəm Ricəl əl-Hədis”də onu məchul ravi sayır. Muhəmməd bin Musa’ya gəldikdə isə o, Muhəmməd bin Musa bin İsa əl-Həmdəni’dir. Muhəmməd əl-Cəvahiri onun zəif olduğunu yazır.[14] Hüseyn əs-Saidi onun haqqında xülasə hökmü belə verir: “Zəifdir, yalançıdır, hədis uydurandır; onu İbnul-Valid, əs-Saduq, İbn Nuh, İbnul-Ğadairi zəif sayıblar və onun zəifliyini ən-Nəcəşi nəql edib. əl-Alləmə əl-Hilli, İbn Davud, əl-Cəzəiri, Muhəmməd Taha Nəcəb və əl-Bəhbudi onu zəiflər arasında sayıblar.” əs-Saidi daha əvvəl yazır: “əs-Saduq dedi: Ğadir-Xum gününün namazı və o gün oruc tutanın savabı haqqındakı hədisə gəldikdə isə şeyximiz Muhəmməd bin əl-Həsən – radiyallahu anhu – onu səhih saymazdı və deyərdi: “Bu, Muhəmməd bin Musa əl-Həmdəni yolu ilədir, yalançı və qeyri-siqa biri olub.”[15] Nəcbə və ya Nəciyə bin əl-Haris əl-Attar’a gəldikdə isə şiə ricəl kitablarında adında və kimliyində ixtilaf vardır, özü isə məchuldur.

(3) Növbəti hədisi ət-Tusi belə rəvayət edir: “Ondan – o da əl-Həsən bin Əli əl-Haşimi’dən, o isə Muhəmməd bin İsa bin Ubeyd’dən (rəvayət edir) ki, dedi: “Qardaşım Cəfər bin İsa mənə rəvayət etdi; dedi: “ər-Rida’dan – aleyhissələm – aşura orucu və insanların bu barədə dedikləri haqqında soruşdum. Dedi: “İbn Mərcənənin orucu haqqındamı məndən soruşursan? Bu, Ziyad ailəsindən zina balalarının Hüseynin qətlinə görə oruc tutduqları gündür...” Sonra bir qədər uzun olan xəbəri qeyd edir.[16] Gördüyümüz kimi bunun da isnadında əl-Haşimi keçir və o, məlum olduğu kimi məchuldur. Muhəmməd bin İsa bin Ubeyd’ə gəldikdə isə Cəfər əl-Hilli ”Nukət ən-Nihəyə” kitabında onu zəif ravi saymış. Şeyxut-Taifə ət-Tusi də onu zəif sayıb. əş-Şəhid əs-Səni onun haqqında “ən səhih rəyə əsasən o, zəifdir” yazır. İbn Mutahhər əl-Hilli bir yerdə rəvayətinin qəbul olduğunu, digər yerdə isə təvaqquf etdiyini yazır.[17] Qardaşı Cəfər bin İsa isə məchuldur.[18]

(4) Sonrakı hədisi ət-Tusi belə qeyd edir: “Ondan – o da əl-Həsən bin Əli əl-Haşimi’dən, o da Muhəmməd bin İsa’dan; dedi: Muhəmməd bin Əbi Umeyr bizə Zeyd ən-Nərsi’dən rəvayət etdi; dedi: Ubeyd bin Zurara bizə rəvayət etdi; dedi: Zurara’nı Əbu Abdilləh’dən – aleyhissələm - aşura orucu haqqında soruşarkən eşitdim. Dedi: “Kim o günü oruc tutarsa ona düşən pay İbn Mərcənə və Ziyad ailəsinə düşən pay olacaq.” Dedim: “Bəs onların bu gündən payı nədir?” Dedi: “Atəş.”[19] Isnadındakı əl-Haşimi və Muhəmməd bin İsanın məchul olması barədə məlumat verdik. Üstəlik bu isnaddakı Zeyd ən-Nərsi də məchuldur; əl-Cəvahiri onun məchul olduğunu qeyd edir.[20]

(5) əl-Kuleyni “əl-Kəfi” kitabında deyir: “Ondan, o da Muhəmməd bin əl-Hüseyn’dən, o da Muhəmməd bin Sinan’dan, o da Əbən’dən, o da Abdulməlik’dən belə dediyini (rəvayət etdi) : Əbu Abdilləhdən – aleyhissələm – məhərrəm ayının doqquzu və onu oruc tutmaq haqqında soruşdum. Dedi: “Doqquzu Hüseynin və yoldaşlarının Kərbalada mühasirəyə alındığı, Şam əhlinin atlılarının onlara qarşı birləşdikləri gündür, İbn Mərcənə və Ömər bin Sad atlıların çoxluğuna sevindilər və Hüseyni zəif düşürdülər... heç belə bir gündə oruc olarmı?!...” Xəbəri uzun bir şəkildə rəvayət edir.[21] Burada isnadda əl-Kuleyni “ondan” dedikdə əl-Haşimi’ni qəsd edir və onun məchul olduğunu qeyd etdik. İsnadda həm də Mihəmməd bin Sinan da yer alır. əl-Kəşşi və ət-Tusi onun haqqında “məşhur yalançılardandır” yazır. Seyyid Haşim əl-Həsəni yazır ki, “onun təkzibində və rəvayətlərinə etimad edilməyəcəyində ittifaq vardır.” əl-Musəvi onun “çox zəif” olduğunu yazır, əş-Şəhid əs-Səni isə yalan və başqa ittihamlarla ona qarşı edilmiş cərhin çox böyük olduğunu deyir.[22] Aydın olur ki, bu xəbərin də sənədində məchul və yalançı ravilər vardır.

(6) Muhəmməd ət-Tusi “əl-Əməli” kitabında deyir: “əl-Hüseyn bin İbrahim əl-Qazvini bizə xəbər verdi; dedi: Əbu Abdilləh Muhəmməd bin Vahbən bizə rəvayət etdi; dedi: Əbul-Qasim Əli bin Həbəşi bizə rəvayət etdi; dedi: Əbul-Fədl əl-Abbas bin Muhəmməd bin əl-Huseyn bizə rəvayət etdi; dedi: Atam bizə rəvayət etdi; dedi: Safvan bin Yəhya bizə əl-Hüseyn bin Əbi Ğandər’dən, o da atasından, o da Əbu Abdilləh’dən rəvayət etdi ki, ondan soruşdum: ...” Bəs aşura orucu?” Dedi: “Bu, Hüseynin qətl edildiyi gündür və əgər buna görə sevinirsənsə oruc tut!” Sonra dedi: “Umeyyə ailəsi və Hüseyni qətl etməkdə onlara Şam əhlindən kömək edənlər nəzir boyuna aldılar ki, əgər Hüseyn öldürülərsə, onunla çıxanlar təslim olarsa və xilafət Əbu Sufyan ailəsinə keçərsə həmin günü bayram edəcəklər və o gün şükür olaraq oruc tutacaqlar. Beləliklə də bu, bizim bu günə qədər Əbu Sufyan ailəsindən bir sünnət oldu və insanlar onlara tabe oldular... sonra dedi: “Oruc müsibət səbəbilə tutulmaz, oruc yalnız sağlıq nemətinə şükür olaraq tutular və Hüseyn müsibətə düçar oldu; əgər bu, sənin üçün də müsibətdirsə o günü oruc tutma...”[23] Şiə alimi Mahmud əl-Haşimi əş-Şəhrudi bu isnad haqqında yazır: “Bu sənəddə bir neçə məchul ravi vardır; onlardan biri Əbu Ğangər, digəri Əbul-Fədl əl-Abbas və atasıdır, bir başqası əl-Hüseyn bin İbrahim əl-Qazvini’dir.”[24] əl-Hüseyn bin İbrahim əl-Qazvini, əl-Hüseyn bin Əbi Ğangər, atası Əbu Ğandər hamısı məchul ravilərdir. əl-Cəvahiri’nin bu adlar altında “əl-Mufid” kitabında yazdıqlarına baxsaq görəcəyik ki, onlar haqqında “məchul” olduqlarını yazır, Əli bin Həbəşi haqqında isə “siqalığı sabit deyildir” buyurur.[25]

(7) ət-Tusi “Misbəh əl-Muctəhid” kitabında deyir: “Abdullah bin Sinan rəvayət edir; deyir: Aşura günü ağam Əbu Abdilləh Cəfər bin Muhəmmədin yanına daxil oldum və onu rəngi solmuş, hüznü aşkar, gözlərindən yaş tökülmüş mirvari tək axarkən gördüm. Soruşdum: “Ey Allah elçisinin oğlu! ... Ey Ağam, bəs bu günün orucu haqqında nə deyirsən?” Dedi:“Gecədən niyyət tutmadan tut, iftarı da açarkən sevinmə və həmin günün orucunu kamil etmə, qoy iftarın əsr namazından bir saat sonra bir qurtum su içməklə olsun...” Sonra xəbəri uzun şəkildə zikr edir.[26] Lakin bu xəbərin isnadı yoxdur, ona görə də Əbul-Qasim əl-Xoyi haqlı olaraq buyurur: “Lakin problem bunun sənədindədir, aşkar olan sənədinin zəif olmasıdır, çünki Şeyxin “əl-Misbəh”də rəvayət etdiyində Abdullah bin Sinən’ə qədər olan rəvayət kanalı məchuldur, beləliklə də mürsəl hökmündə olmalıdır.”[27]

Beləliklə də şiə kitablarında aşura orucunun qadağan olması haqqında keçən xəbərlərin heç biri öz meyarlarına görə səhih deyildir, bu xəbərlər məchul və yalan arasında gəzib dolaşır, onlardan heç biri ən aşağı səhihlik dərəcəsinə belə çatmır. Ona görə də Əbul-Qasim əl-Xoyi, Cəfər əs-Subhani kimi şiələr bu xəbərlərin etimaddan uzaq olduğunu etiraf edirlər.

_______________________________________________

[11] ət-Tusi, “əl-İstibsar”, 2/134 (rəq. 440)

[12] bax: Muhəmməd əl-Cəvahiri, “əl-Mufid min Mucəm Ricəl əl-Hədis”, səh: 643 və 658;

[13] ət-Tusi, “əl-İstibsar”, 2/134-135 (rəq. 441)

[14] bax: Muhəmməd əl-Cəvahiri, “əl-Mufid min Mucəm Ricəl əl-Hədis”, səh: 138, 151 və 582;

[15] əs-Saidi, “əd-Duafə min Ricəl əl-Hədis”, 3/272-274;

[16] ət-Tusi, “əl-İstibsar”, 2/135 (rəq. 442)

[17] bax; əl-Hilli, “Nukət əl-Hidəyə”, 2/204; əl-Hilli, “Xulasətul-Əvqal”, səh: 81; əş-Şəhid əs-Səni, “Məsəlikul-Əfhəm”, 13/462;

[18] bax: Əhməd əl-Amili, “Mənəhicul-Əxyər”, 1/665; Həsən əl-Amili, “Muntəqa əl-Cumən”, 1/219; Muhəmməd bin əl-Həsən, “İstiqsa əl-İtibar”, 7/440;

[19] ət-Tusi, “əl-İstibsar”, 2/135 (rəq. 443)

[20] əl-Cəvahiri, “əl-Mufid min Mucəm Ricəl əl-Hədis”, səh: 239;

[21] əl-Kuleyni, “əl-Kəfi”, 4/147-148;

[22] ət-Tusi, “İxtiyər Mərifətur-Ricəl”, 2/823; əş-Şəhid əs-Səni, “Məsəlikul-Əfhəm”, 11/456; əl-Musəvi, “Mədarikul-Əhkəm”, 1/247; Haşim əl-Həsəni, “Dirasət fil-Hədis val-Muhəddisin”, səh: 297;

[23] ət-Tusi, “əl-Əməli”, səh: 667;

[24] əş-Şəhrudi, “Ədva va Əra”, 2/387;

[25] əl-Cəvahiri, “əl-Mufid min Mucəm Ricəl əl-Hədis”, səh: 161, 162, 388 və 718

[26] ət-Tusi, “Misbəh əl-Muctəhid”, səh: 782;

[27] əl-Xoyi, “əl-Mustənəd fi Şərhil-Urvatil-Vusqa”, 22/318;

Read 2 times
In order to make a comment, please login or register