Cənazə namazı

Beşinci fəsil: Cənazə namazı

• Cənazə üzərinə namaz qılmaq, fərz-i kifayədir. Kişi olsun, qadın olsun, insanlardan bir qismi və ya sadəcə biri, cənazə namazını qılarsa, digər insanlardan məsuliyyət qalxar. Əgər heç kim bu cənazənin namazını qılmazsa, hamısı günahkar olar. "Tatarxaniyyə"də də belədir.

• Cənazə namazını, imam, tək başına da qıla bilər. Çünki, cənazə namazında camaat, şərt deyildir. "Nihayə"də də belədir.

• Cənazə namazının şərti: Ölünün müsəlman olması və yuyulması mümkün olduğu müddətcə, təmiz (yəni, yuyulmuş) olmasıdır.

Ölü yuyulmadan dəfn edilər və bu səbəblə yuyulma imkanı olmazsa, cənazə namazı, qəbri üzərinə qılınar.

Bir cənazə üçün, yuyulmadan əvvəl, namaz qılınmış; sonradan da, dəfn edilmiş olsa, birinci namaz, fasid olduğu üçün, bu cənazənin namazı, yenidən qılınar. "Təbyin"də də belədir.

• Cənazə namazının qılınması üçün, ölünün olduğu yerin təmiz olması, şərt deyildir. "Mudmarat"da da belədir.

• Böyük-kiçik; kişi-qadın; azad və ya nökər olsun, hər müsəlmanın üzərinə, cənazə namazı qılınar. Ancaq, bağilər (dövlət başçısına qarşı üsyan etmiş kimsələr), yol kəsən quldurlar və bunlar kimi olanların cənazə namazları, qılınmaz.

• Doğum əsnasında ölən uşağın:

~ Əgər vücudunun çoxu çıxmışdırsa, onun cənazə namazı qılınar.

~ Əgər vücudunun azı çıxmışkən ölərsə, onun cənazə namazı qılınmaz.

~ Əgər tam yarısı çıxmış olduğu vaxt ölmüş olarsa, nə ediləcəyi haqqında, kitabda bir şey deyilməmişdir. Bunun da, qiyas üzərə olması lazımdır ki, biz, onu, yarısı mövcud olan bir ölünün cənazə namazının qılınması gərəkdiyinə qiyas edər və onun da cənazə namazı qılınar, deyərik. "Bədai"də də belədir.

• Kiçik bir uşaq, daru'l-harb (Müsəlmanlar tərəfindən fəth edilməmiş qeyr-i müsəlman diyarlar)'da, bir müsəlman əsgərin əlinə keçsə və bu əskərin yanında ölsə, əlində olduğu müsəlman əskərə tabe olaraq, onun cənazə namazı da qılınar. "Muhit"də də belədir.

• imam əbu Yusuf: "Bir şey oğurlayarkən öldürülən heç bir şəxsin, cənazə namazı qılınmaz." demişdir. "İdah"da da belədir.

• Xətaən özünü öldürən bir kimsənin, cənazəsi yuyular və namazı qılınar. Bunda, ixtilaf yoxdur. Xətaən özünü öldürmə: Bir kimsənin, düşməni öldürmək üçün vurmaq istədiyi qılıncın, xətaən özünə dəyib ölümünə səbəb olması kimi bir haldır. "Zəxirə"də də belədir.

• imam əbu Hənifə və imam Muhamməd'ə görə, özünü, bilə-bilə, qəsdən öldürmüş olan (yəni, intihar edən) kimsələrin də cənazə namazı qılınar. Əsahh (ən doğru olan) görüş də, budur. "Təbyin"də də belədir.

• Qisas və ya rəcm kimi bir haqq səbəbilə silahla və ya başqa bir şeylə öldürülən kimsələr də, yuyularlar və cənazə namazları qılınar. Normal ölülərə edilənlər, onlara da edilər. "Zəxirə"də də belədir.

• İmamın (dövlət başçısının) asdığı kimsələr haqqında, imam əbu Hənifə'dən 2 rəvayət vardır. Əbu Süleyman, imam əbu Hənifə'nin: "O kimsənin cənazə namazı, qılınmaz." dediyini rəvayət etmişdir. "Fətəva Qadıxan"da da belədir.

• İnsanlar içində cənazə namazını qıldırmağa ən əvla olan, -əgər orda hazırdırsa-, dövlət başçısıdır. Əgər dövlət başçısı, hazır deyilsə (yəni, orda yoxdursa) ---> qazı'nın; o da yoxdursa, ---> təhlükəsizlik əmirinin; o da yoxdursa, ---> məscid imamının; və o da yoxdursa, ---> ölünün ən yaxın qohum-əqrəbasının, ölünün cənazə namazını qıldırması, əvladır. "Əksəru'l-Mutun"da da belədir.

• Həsən'in rəvayət etdiyinə görə, imam əbu Hənifə, belə demişdir:

"İmam (dövlət başçısı), ordadırsa, ən əvlası, cənazə namazını, onun qıldırmasıdır. Əgər o yoxdursa, sırası ilə, şəhərin imamı (yəni, meri); o da yoxdursa, qazı; təhlükəsizlik əmiri; məscidin imamı; ölünün ən yaxın qohum-əqrəbası, cənazə namazını qıldırar."

Alimlərimizin əksəriyyəti, bu qövlü götürmüşlərdir. "Kifayə"də, "Nihayə"də, "Mi'racu'd-Dirayə"də, "İnayə"də də belədir.

• Yaxınlıq, asabəlik (ata tərəfindən qohum olanlar)'ın sırasına görədir. Ata isə, bu sıralamadan müstəsnadır. Çünki, bir kimsənin atası, -bu xüsusda- oğlundan əvvəl gəlir. "Xizənətu'l-Muftin"də də belədir. "Bu qövl, imam Muhamməd'in qövlüdür." deyilmişdir.

Digər 2 imamıza görə: "Bu xüsusda da, oğul, atadan daha əvladır." deyilmişdir.

Həqiqətən, hamısının da qövlləri, səhihdir. "Təbyin"də də belədir.

• Qadınlar və kiçik uşaqlar, cənazə namazı qıldıra bilməzlər.

• Cənazə namazı qıldırma xüsusunda, yaxın qohumlar, uzaq olanlardan əvvəl gəlir.

Lakin, yaxın qohumlar hazır olmaz və onun gəlməsinin gözlənməsi halında vaxt keçəcəksə, bu halda, uzaq olan qohumun, cənazə namazını qıldırması, əvla olar. Bu halda, bir kimsə, ölünün yaxın qohumuna bir yazı yazıb onu çağırmağa qalxarsa, uzaq olan qohum, o şəxsə mane ola bilər.

Şəhərdə olan bir xəstə, xəstə olmayan kimsə kimidir. İstəyərsə, cənazə namazını qıldırmaq üçün, iləri keçər. Uzaq qohum, xəstə olan o yaxın qohuma mane ola bilməz.

Qohumların yaxınlıq dərəcələri eyni olarsa, cənazəni, yaşca böyük olanların qıldırması, daha əvla və daha uyğundur.

Hər cəhətdən eyni dərəcədə olan 2 qohumdan biri, digərinin icazəsi olmadan, bir başqa kimsəni, -cənazə namazını qıldırması üçün- iləri keçirə bilməz. Əgər hər ikisi də, bir adamı iləri keçirmiş olarlarsa, iləri keçirilən kimsələrdən hansı yaşlıdırsa, cənazəni, onun qıldırması, əvladır. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

"Kubra"da: "Ölü, öz sağlığında, bir şəxsin cənazə namazını qıldırmasını vəsiyyət etmiş olarsa; bu vəsiyyəti, batildir." deyilmişdir. Fətva da, bunun üzərinədir. "Mudmarat"da da belədir.

• Bir nökər ölsə, cənazə namazını qıldırmaq xüsusunda bu nökərin ağası, atası və oğlu arasında ixtilaf çıxsa, nökərin atası və oğlu azad olsalar belə, cənazə namazını qıldırmaqda, ağası, haqq sahibidir. Namazı, o qıldırar. Fətva da, bunun üzərinədir. "Mudmarat"da da belədir.

• Bizə görə, ölümlə vuslat (dünyada qovuşmaq, birləşmək) sonlanmış olduğu üçün, ərin, vəkalət haqqı yoxdur. Qadıxan'ın "Camiu's-Sağir"ində də belədir.

• Əgər ölən bir qadının, başqa bir yaxını yoxdursa, onun cənazəsini, ərinin qıldırması, əvladır. Sonra ---> qonşusunun; sonra da ---> yadların, bu qadının cənazəsini qıldırma haqları vardır. "Təbyin"də də belədir.

• Bir qadın ölmüş olsa və o qadının əri və ağlı başında olan bir oğlu olsa, vəlayət haqqı, ərinin deyil, oğlunundur. Lakin bu halda, oğlanın, atasının önünə keçməsi, məkruh olar. Münasib olan, atasını iləri keçirməsidir. Əgər bu qadının oğlu, başqa ərindəndirsə, onun önünə keçib cənazə namazını qıldırmasında, bir beis yoxdur. Çünki, bu halda onun qıldırması, daha uyğundur. Və bu uşağın, anasının ərinə təzim etməsi də, lazım gəlməz. "Bədai"də də belədir.

• Bir ölü üzərinə, 1 dəfədən başqa cənazə namazı qılınmaz. Çünki, cənazə namazında, nafilə, məşru deyildir. "İdah"da da belədir.

• Bir ölünün cənazə namazını, dövlət rəisi, vali, qazı və ya məscidin imamı qıldırmışdırsa, ölünün yaxını, yenidən cənazə namazı qıla və qıldıra bilməz. Çünki bunlar, bu cənazə namazını qıldırmağa, özündən daha layiqdirlər. Lakin, bunlardan başqa bir kimsə, bu cənazənin namazını qıldırmışsa, ölünün yaxını, bu namazı, yenidən qıla bilər. "Xülasə"də də belədir.

• Bir cənazənin namazını, ölən kimsənin yaxını qıldırmışdırsa, bundan sonra, başqa birinin də, bu ölü üçün cənazə namazı qıldırması, caiz olmaz. Ancaq, dövlət başçısı, bu kimsənin cənazə namazını qıldırmaq istəyərsə, qıldıra bilər. Çünki o, haqq cəhətindən, vəlidən əvvəldir.

• Bir ölünün cənazə namazını, bir yaxını qıldırmış olsa, eyni dərəcədə olan digər yaxınlarının, yenidən cənazə namazı qıldırmaq haqqları yoxdur. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Əgər cənazə namazını, cənazənin vəlisindən başqa bir kimsə və ya dövlət başçısı qıldırmış olsa, vəli, istəyərsə, bu namazı, yenidən qıldırar. "Hidayə"də də belədir.

• Bir kimsə, cənazə namazını qıldırsa, ölünün vəlisi də, imamın arxasında olsa, lakin bu kimsənin namazı qıldırmasına rizası olmasa, əgər imama tabe olub onunla bərabər bu namazı qılarsa, qılınan bu namaz, caiz olar. Və vəli, bu namazı yenidən qılmaz.

• Əgər cənazə namazını qıldıran imam, dəstəmazsız olsa, bu cənazə namazını yenidən qılar.

Əgər imam, dəstəmazlı; lakin camaat, dəstəmazsızdırsa, imamın namazı, səhih olar; cənazə namazı da, yenidən qılınmaz. "Xülasə"də də belədir.

• Ölünün xəstə olan qohumu, oturduğu yerdə; camaat isə, ayaqda olduğu halda namaz qıldırmış olsa, bu namaz, caiz olar.

• Bir kimsə, başqa bir yerdə ölsə; sonra da, əhli gəlib onu öz diyarlarına aparsa; əgər daha əvvəl hökmdarın və ya qazının əmri ilə bu cənazənin namazı qılınmışdırsa, yenidən qılınmaz. "Fətəva Qadıxan"da da belədir.

• Cənazə, məğrib (axşam) vaxtı hazırlanmış olsa, əvvəl, məğrib namazının fərzi qılınar. Ancaq, cənazə namazı, məğrib namazının sünnətinə təqdim edilər (yəni, məğrib namazının sünnətindən əvvəl qılınar). "Qunyə"də də belədir.

• Bir minik üzərində ikən, cənazə namazı qılınmaz. "Muhit"də də belədir.

• Həqiqi və hökmi təmizlik, qibləyə yönəlmək, övrət yerlərini örtmək və niyyət etmək kimi, digər namazlarda şərt olan şərtlər, cənazə namazında da vardır.

Digər namazların sihhəti üçün gərəkli olan şərtlər, cənazə namazı üçün də gərəklidir. "Bədai"də də belədir.

• Cənazə namazında, imam və camaat, niyyət edərlər. (Belə ki):

~ Camaat: "Qibləyə dönmüş olduğum halda, imama tabe oldum və Allaha ibadət qəsdilə, bu fərzi əda etməyə niyyət etdim." deyər.

~ İmamın isə, qəlbilə cənazə namazını qılmağı qəsd etmiş olması da, niyyət olaraq səhih olar.

Muqtədi (namazda imama tabe olan)'ın, sadəcə "İmama tabe oldum." deməsi də, caiz olar. "Mudmarat"da da belədir.

• Cənazənin hazır olması və imamın qarşısına qoyulması da, cənazə namazının şərtlərindəndir. Hazır olmayan və ya bir heyvan üzərində olan cənazəyə namaz qılmaq, səhih olmaz. "Nəhru'l-Faiq"də də belədir.

• Qadınlarla eyni hizada olma halı xaric, digər namazları pozan şeylər, cənazə namazını da pozarlar. "Zahidi"də də belədir. (haşiyə)

-------------

(Haşiyə:

Qadınların cənazə namazlarında dayanacaqları yer, fərz namazlarında dayandıqları yerlə, eynidir. Çünki, onların, cənazə namazında kişilərlə eyni hizada dayanmaları, hər nə qədər kişilərin namazını pozmursa da, məkruhluqdan uzaq deyildir. 

"əd-Durru'l-Muxtar"da:

"Qadınların, özləri ilə eyni namazda olmayan kişilərlə eyni hizada namaza durmaları, məkruh olar; namazı isə, pozan bir hal deyildir." ifadəsi yer almaqdadır. 

İbn Abidin, bu hökmü açıqlayarkən:

"Doğru olanı, bunun, təhrimən məkruh olmasıdır. Çünki belə bir duruş, şəhvət oyandıracaq bir duruşdur."

deməkdədir. (ibn Abidin, "Raddu'l-Muhtar", l, 600)

-------------------

• Cənazə namazında, camaat, 7 nəfər olduğu vaxt, 3 saf olarlar. Bunlardan:

~ Biri: imam olaraq iləri keçər;

~ Üçü: imamın arxasına;

~ İkisi də: bunların arxasına;

~ Digər biri isə: ən arxada

dayanarlar. "Tatarxaniyyə"də də belədir.

• Cənazə, istər qadın, istər kişi olsun; imam, namazını qıldırarkən, o, ölünün sinəsi hizasında dayanar. Ən gözəli, budur. Ancaq, başqa bir hizaya dayanmış olsa belə, qıldırdığı namaz, caiz olar.

Cənazə namazı, necə qılınır?

• Cənazə namazı, 4 təkbirlə qılınır. Bu təkbirlərdən 1-i tərk edilmiş olsa, namaz, caiz olmaz. "Kafi"də də belədir.

• Cənazə namazı qılacaq kimsə,

~ İftitəh təkbiri gətirər və subhanəkəni oxuyar.

~ Sonra, yenə 1 təkbir gətirər. Nəbi (sallallahu aleyhi və səlləm)'ə salavat gətirər.

~ Sonra, yenə 1 təkbir gətirər. Ölü və bütün müsəlmanlar üçün dua edər.

Cənazə namazında, oxunması məcburi olan bir dua yoxdur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, cənazə namazında belə dua etdiyi rəvayət edilmişdir:

"Allahummə'ğ-fir li həyyinə və məyyitinə və şəhidinə və ğaibinə və sağirinə və kəbirinə və zəkərinə və unsənə.

Allahummə! Mən əhyəytəhu minnə fəəhyihi alə'l-İsləmi və mən təvəffəytəhu minnə fətəvəffəhu alə'l-imən."

Yəni:

Allahım! Sağ olanlarımızı, ölülərimizi, hazır olanlarımızı (yəni, burda olanlarımızı), qaib olanlarımızı (yəni, burda olmayanlarımızı), kiçiyimizi, böyüyümüzü, kişilərimizi, qadınlarımızı bağışla.

Allahım! Bizdən kimi yaşadarsansa, müsəlman olaraq yaşat. Və bizdən kimi öldürərsənsə, onu da iman üzərə öldür.

• Əgər ölən, kiçik uşaqdırsa, imam əbu Hənifə'nin, onun cənazəsini qılarkən, belə dua etdiyi rəvayət edilmişdir:

"Allahummə'c-əlhu lənə fəratən. Allahummə'c-əlhu lənə zuxran və əcran. Allahummə'c-əlhu lənə şəfiən muşəffiən."

Yəni:

Allahım! Bunu, bizim üçün öndə göndərilmiş bir xeyir qıl! Allahım! Bunu, bizim üçün əbədi bir azuqə və əcr qıl! Allahım! Bunu, bizim üçün şəfaəti qəbul edilən bir şəfaətçi qıl!

Bu duaları gözəl bilən kimsələr, bunları oxuyarlar. Əgər bunları bilmirsə, bildiyi başqa duaları oxuyar və

~ Sonra, dördüncü təkbirini gətirər.

Sonra da, 2 tərəfinə də salam verər.

Dördüncü təkbirdən sonra və salamdan əvvəl, heç bir dua oxunmaz. "Cami şərhi"ndə də belədir. Məzhəbin zahiri də, budur. "Kafi"də də belədir.

• Cənazə namazı qıldıran kimsə, təkbirlər xaric, digərlərini, öz içindən oxuyar. "Təbyin"də də belədir.

• Cənazə namazında, Quran oxunmaz. Fatihənin dua niyyətilə oxunmasında isə, bir beis yoxdur. Lakin, Fatihənin də, Quran niyyətilə -cənazə namazında- oxunması, caiz olmaz. Çünki, cənazə namazı, dua yeridir; qiraət yeri deyildir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Cənazə namazında, iftitəh təkbirindən başqa təkbirlərdə, əl qaldırılmaz. "Ayni"də də belədir.

Bu xüsuslarda, imam ilə camaat arasında, bir fərq yoxdur. "Kafi"də də belədir.

• 2 tərəfə salam verərkən, -salamda- cənazəyə niyyət edilməz. Ancaq, sağ tərəfə salam verilərkən, sağ tərəfdə olan camaata; sol tərəfə salam verərkən də, sol tərəfdə olanlara -salam verməyə- niyyət edilər. "Siracu'l-Vəhhac"da da belədir.

• Əgər imam, -cənazə namazında- 5 dəfə təkbir gətirsə, muqtədi (namazda imama tabe olan), ona tabe olmaz. O halda, nə edər? İmam əbu Hənifə'dən rəvayət edildiyinə görə, o kimsə, gözləyər və imamla birlikdə salam verər. Səhih olan, budur. Səraxsi'nin "Muhit"ində də belədir.

• Cənazə namazında, imam, birinci təkbiri gətirdikdən sonra, bir şəxs gəlsə; bu şəxs, imam, ikinci təkbiri gətirənə qədər gözləyər və onunla birlikdə təkbir gətirər. İmam, cənazə namazını bitirincə də, məsbuq, çata bilmədiyi təkbiri, cənazə qaldırılmadan əvvəl gətirər. Bu, imam əbu Hənifə və imam Muhamməd'in qövlüdür.

İmama, 2 və ya 3 təkbir gətirdikdən sonra çatmış olan kimsə də, yenə belə edər. "Siracu'l-Vəhhac"da da belədir.

• Cənazə namazına, imam, 4-cü təkbiri gətirərkən çatan kimsə, əgər imam salam verməmişdirsə, əbu Hənifə'dən gələn bir rəvayətə görə, bu təkbirlə namaza girməz. Əsahh (ən doğru) olan isə, o kimsə, bu təkbirlə, cənazə namazına girər. Fətva da, buna görədir. "Mudmarat"da da belədir.

• Bu şəxs, sonra, cənazə qaldırılmadan əvvəl, arxa-arxaya, 3 dəfə təkbir gətirər; dua oxumaz. "Fətəva Qadıxan"da da belədir.

• Cənazə namazında, əllər qaldırılmış olsa belə, çiyinlərə qoyulmaz. Zahiru'r-rivayədə, belə zikr edilmişdir. "Zahiriyyə"də isə, "Belə bir rəvayət gəlməmişdir." deyilmişdir.

• Bir kimsə, imamla bərabər olmasına baxmayaraq, qəflət edib təkbir gətirməmiş olsa və ya bu təkbirləri sonradan gətirməyə niyyət etsə, bu kimsə, dərhal təkbir gətirər. İmamın, ikinci təkbiri gətirməsini gözləməz. Çünki, alimlərimizin qövllərinə görə, o kimsə, gücü çatdığı müddətcə, imama iştirak etmiş haldadır. Qadıxan'ın "Camiu's-Sağir şərhi"ndə də belədir.

• İmamla birlikdə iftitəh təkbirini gətirmiş olan kimsə, ikinci və üçüncü təkbirləri gətirməmiş olsa, onları gətirər və sonra da, imamla birlikdə dördüncü təkbiri gətirər. "Fətəva Qadıxan"da da belədir.

• Səhvən üçüncü təkbirdən sonra salam vermiş olan bir imam, dördüncü təkbiri gətirər və yenidən salam verər. "Tatarxaniyyə"də də belədir.

• Çox sayda cənazənin toplanmış olması halında, imam, muxayyər (seçimində sərbəst)'dir. İstərsə, bunların namazlarını ayrı-ayrı qıldırar; istərsə də, hamısına birdən niyyət edərək, 1 cənazə namazı qıldırar. "Mi'racu'd-Dirayə"də də belədir.

• Cənazələrin hansı şəkildə qoyulacağı xüsusunda da, imam, sərbəstdir:

~ İstərsə, onları, yan-yana, tək hizaya qoyar və özü də, onların ən əfdal olanının qarşısında dayanar;

~ İstərsə də, cənazələri, qiblə cəhətinə, bir-biri arxasınca qoyar və bu halda, onları, həyatda ikən imamın arxasında necə dayanırdılarsa, o şəkildə, sıraya düzər. Yəni, ən əfdal olanları, imama ən yaxın olar.

Cənazələr qarışıq olarsa, imamın qarşısına:

~ ilk əvvəl, kişilər;

~ kişilərin arxasınca oğlan uşaqları;

~ onların arxasınca da, xunsələr; və

~ onların ardınca da, qadınlar;

~ qadınlardan sonra da, murahiq (büluğ yaşına yaxınlaşmış) qızlar

qoyular.

Cənazələrin hamısı da kişi olarsa, Həsən'in, əbu Hənifə'dən rəvayət etdiyinə görə, ən əfdalları və ən yaşlıları, iləri qoyular.

Əgər azad və nökər adamların cənazələri bir araya gəlmiş olarsa, məşhur olan qövlə görə, azadların cənazələri, iləri tərəfə qoyular. "Fəthu'l-Qadir"də də belədir.

• İmam, bir cənazənin namazını qılmağa başladıqdan sonra, başqa bir cənazə gəlmiş olsa, imam, ilk cənazənin namazına davam edər. İkinci cənazə üçün isə, yenidən cənazə namazı qıldırmağa başlayar.

Və ikinci cənazə, imamın qarşısına qoyulduğu vaxt ikinci dəfə təkbir gətirib cənazələrin ikisinə birdən niyyət etsə, bu halda, gətirilmiş bu təkbir, birinci cənazə üçün gətirilmiş olar. Ancaq imam, bu ikinci təkbiri gətirərkən ikinci cənazəyə niyyət etmiş olarsa, bax bu halda, o ikinci təkbir, ikinci cənazə üçün gətirilmiş olar. Və bu halda, imam, birinci cənazənin namazından ayrılmış olar. Sonradan başlamış olduğu ikinci cənazənin namazını bitirdikdən sonra, birinci cənazənin namazını, yenidən qılar. "Siracu'l-Vəhhac"da da belədir.

• Cənazə namazı qıldırmaqda olan bir imamın dəstəmazı pozulmuş olsa, yerinə başqasını keçirməsi, caiz olar. Səhih olan qövl, budur. "Zahiriyyə"də də belədir.

• Yuyulmadan və ya cənazə namazı qılınmadan dəfn edilmiş olan ölünün qəbri üzərinə 3 günə qədər cənazə namazı qılına bilər. Səhih olan qövlə görə, bu zəruri olan bir təqdir deyildir. O cənazənin parçalandığı bilinmədiyi müddətcə, cənazə namazı qılına bilər. "Siraciyyə"də də belədir.

• Cənazə namazının, musallada, açıq bir yerdə və ya evdə qılınması, eynidir. "Muhit"də də belədir.

• İçində, camaatın namaz qıldığı məscidlərdə, cənazə namazı qılmaq, məkruhdur.

~ Ölünün də, camaatın da, bərabərcə, məsciddə olması;

~ cənazənin, çöldə və camaatın, məscidin içində olması;

~ imamın, camaatın bir qismi ilə məscidin çölündə; camaatın qalan qisminin, məscidin içində olması;

~ cənazənin, məscidin içində; imamla camaatın da, məscidin çölündə olması

hallarının hamısı da, eynidir. Muxtar olan görüş, budur. "Xülasə"də də belədir.

Ancaq, bu hallar, yağış və bənzəri bir üzr səbəbilə olarsa, məkruh olmaz. "Kafi"də də belədir.

• Yolda və ya bir insana aid olan ərazidə cənazə namazı qılmaq, məkruhdur. "Mudmarat"da da belədir.

• Cənazə namazı qılmaq üçün xüsusi olaraq tikilən bir məsciddə namaz qılmaq, məkruh olmaz. "Təbyin"də də belədir.

• Cənazənin ardından gedənlərin, namazı qılmadan geri qayıtmaları, münasib olmaz. Namaz qılındıqdan sonra da, ancaq cənazə sahibindən icazə aldıqdan sonra qayıdıla bilər. Lakin, dəfndən əvvəl və ya sonra, cənazə sahibindən icazə almadan qayıtmaqda, ruxsat vardır. "Muhit"də də belədir.

------------------

Əlavələr:

• Bu 3 vaxtda, fərz namazları ilə cənazə namazını qılmaq və tilavət səcdəsi etmək, caiz deyildir:

1. Günəşin doğub yüksəlməsinə qədər (yəni, sabah namazının çıxmasından, təxminən 45-50 dəqiqə sonraya qədər);

2. Günəş, tam təpə nöqtəsində olduğu vaxtdan meyl edənə qədər (yəni, zöhr namazının girməsinə 45-50 dəqiqə qalmasından zöhr namazının girdiyi vaxta qədər);

3. Günəşin qızarmağa başlamasından batmasına qədər (yəni, məğrib namazının girməsinə 45-50 dəqiqə qalmasından məğrib namazının girməsinə qədər).

Lakin o günün əsr namazı, bu qaydadan müstəsnadır. Onun ədası, günəş batarkən də caizdir. "Fətəva Qadıxan"da da belədir.

• Şeyxu'l-İslam əbu Bəkr Muhamməd b. Fadl:

"İnsan, günəşin yuvarlaqlığını gördüyü müddətcə, bax, o (günəş), tuluda (doğmaqda)'dır." demişdir. "Xülasə"də də belədir.

• Bu, cənazə namazının və tilavət səcdəsinin mübah olan vaxtda yerinə yetirilməyib ertələnmiş olduğu vaxtdır. Əslində, vaxtında əda edilmələri mümkün ikən bunları ertələmək, qətiyyən caiz deyildir.

Ancaq cənazə namazını bu vaxtlarda qılmaq vacibdirsə və o vaxtlarda da qılınmışdırsa, bu da caizdir. Çünki o, vacib olduğundan, naqis olaraq qılınmış olur. "Siracu'l-Vəhhac"da da belədir.

Lakin əfdal olan, tilavət səcdəsini ertələməkdir. Cənazə namazının gecikdirilməsi isə, məkruhdur. "Təbyin"də də belədir.

• Nəzr edilmiş namazlar, cənazə namazı, istisqa (yağış namazı), quşluq, qorxu, xusuf (dünyanın, ay və günəş arasına girərək, ayın səthinə günəş işığını çatmasını əngəllədiyi vaxt) və kusuf (ayın, günəşlə yer arasına girərək, günəş işığını əngəllədiyi vaxt qılınan) namazları üçün də, azan oxunmaz. "Ayni"də də belədir.

• Fərz, vacib və nafilə namaz qılan; tilavət səcdəsi edən; cənazə namazı qılan kimsələrdən heç birinin, bu namazların ədaları və qəzaları əsnasında, qiblə istiqamətinin xaricində başqa bir yerə dönmələri, caiz deyildir. Yalnız, qiblə istiqamətinə dönərlər. "Siracu'l-Vəhhac"da da belədir.

• Cənazə namazında, "Allah üçün namaza, meyit üçün duaya" deyə niyyət edilir.

• Cənazə namazında da, ölünü təyin etməmək (yəni, niyyət əsnasında, kimin cənazə namazını qılacağını təyin etməmək), daha uyğundur. "Zahiriyyə"də də belədir.

• Cənazə namazında, dəstəmazı olan kimsənin, təyəmmümlü olan imama tabe olmasında, ixtilaf yoxdur. "Xülasə"də də belədir.

• Qadının, qadınlara, fərz olsun, nafilə olsun, bütün namazlarda imam olması, məkruhdur. Cənazə namazı, bu hökmdən müstəsnadır. "Nihayə"də də belədir.

• Yenə, vitr namazları, nəzr edilmiş namazlar ilə cənazə namazları də, üzrsüz olaraq heyvan üzərində qılınmazlar. Üzrsüz olaraq, heyvan üzərində tilavət səcdəsi də edilməz. "Ayni"də də belədir.

• Bir şəhərin valisi ölərsə, cənazə namazını, onun xələfi qıldırar. Lakin, cənazə namazını, təhlükəsizlik əmiri və ya qazı qıldırarsa, bu da caiz olar. Əgər bunlardan heç biri orda hazır olmazsa, insanların seçdiyi birinin, bu cənazə namazını qıldırması da, caizdir. "Siraciyyə"də də belədir.

• Bayram namazı ilə cənazə namazı bir araya gəlmiş olsa, ilk əvvəl - bayram namazı; sonra da - cənazə namazı qılınar; daha sonra isə - xütbə oxunar. "Qunyə"də də belədir. Kusuf namazı ilə cənazə namazı bir araya gələrsə, ilk əvvəl, cənazə namazı qılınar.

-------------------------------------------

-------------------------------------------

Dəlillər:

2234. əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Nəcaşi'nin öldüyü gün, onun vəfatını xəbər verdi. Sonra, insanları musallaya çıxardı və səf tutdurdu. Ardından, onun üzərinə 4 təkbir gətirdi."

Bu hədisi, "Kütüb-ü Sittə" imamları rəvayət etmişlərdir.

~ Buxari, Cənaiz/65;

~ Muslim, Cənaiz/62;

~ əbu Davud, Cənaiz/58;

~ Tirmizi, Cənaiz/37;

~ Nəsai, Cənaiz/72;

~ ibn Macə, Cənaiz/33.

2236. əbu Hureyrə'nin nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Ölünün cənazə namazını qıldığınızda, ona, ixlasla dua edin." buyurmuşdur.

Hədisi, əbu Davud (Cənaiz/56) rəvayət etmiş; ibn Hibban ("Səhih", Vll, 345) da, səhih olduğunu bildirmişdir. "Büluğu'l-Məram"da (l, 107) belə qeyd edilmişdir.

Əbu Davud'un isnadında, Muhamməd b. İshaq mövcuddur. İmam Muhamməd, hədisi, muanan olaraq nəql etmişdir. Lakin "Təlxisu'l-Habir"də, belə deyilir:

"Bu hədisi, ibn Hibban, başqa bir rəvayət yolu ilə, ondan eşitdiyini açıqca bildirən bir ifadə ilə nəql etmişdir." (İbn Həcər, "Təlxisu'l-Habir", l, 161)

"Avnu'l-Mə'bud"da, belə deyilir:

Münavi, yuxarıdakı hədisi, belə açıqlamışdır:

"Cənazəyə, ixlasla dua edin. Çünki, bu namazdan məqsəd, ölüyə şəfaətdən ibarətdir. Şəfaətin qəbulu, ancaq, ixlasla dua edildiyində və israrla yalvarıldığından umular." (Əzimabadi, "Avnu'l-Mə'bud", lll, 188)

Bu hədis, cənazə namazında necə davranılacağına açıq bir dəlildir.

2238. Avf b. Malik (radiyallahu anh), belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir cənazə namazı qıldı. Mən, Onun duasını əzbərlədim. Belə buyururdu:

"Allahummə'ğ-fir ləhu, və'r-həmhu, və əfihi və'fu ənnəhu və əkrim nuzuləhu və vəssi' mudxələhu vəğsilhu bi'l-məi və's-səlci və'l-bərədi və naqhi minə'l-xatayə kəmə yunəqqa əs-səvbə'l-əbyəda minə'd-dənəsi və əbdilhu daran xeyrən min darihi və əhlən xeyrən min əhlihi və zəvcən xeyrən min zəvcihi və ədxilhu'l-cənnətə və əidhu min əzəbi'l-qabri və min əzəbi'n-nari."

Yəni:

Allahım! Onu bağışla, ona rəhm et, onu xoşlanılmayacaq şeylərdən uzaq et, onu əfv et, nəsibini gözəl et, qəbrini geniş et, onu su, qar və dolu ilə yu. Ağ paltar kirdən necə təmizlənirsə, onu, günahlarından elə təmizlə. Ona, bu yurdundan daha xeyirli bir yurd; əhlindən daha xeyirli bir əhl; və zövcəsindən daha xeyirli bir zövcə nəsib et. Onu, cənnətinə daxil et və qəbr əzabından və atəş əzabından qoru.

Avf b. Malik, deyir:

"Namazı qılınan o ölünün yerində, mən olsaydım, deyə təmənni etdim."

Hədisi, Muslim ("Cənaiz"/85) rəvayət etmişdir.

2239. Vəsilə b. Əsqa (radiyallahu anh), belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, müsəlmanlardan birinin namazını qıldırdı. Belə dua etdiyini eşitdim:

"Allahummə! İnnə fulənə ibnu fulənin fi zimmətikə vəhəbli civarikə. Saqhi min fitnəti'l-qabri və əzəbi'n-nari və Əntə əhlu'l-vəsəi və'l-həmdi.

Allahummə fəğfirləhu vərhəmhu. İnnəkə Əntə'l-Ğafuru'r-Rahim."

Yəni:

Allahım! Filan oğlu filan, Sənin zimmətində və Sənin qoruman daxilindədir. Onu, qəbr fitnəsindən cəhənnəm əzabından qoru. Sən, vəfa və həmdə layiqsən.

Allahım! Onu bağışla, Ona mərhəmət et. Çünki Sən, Ğafur (bağışlayan) və Rahim'sən.

Bu hədisi, Buxari ("Cənaiz"/54) rəvayət etmişdir.

2240. İbrahim əl-Əşhəli'nin nəqlinə görə, atası, belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir cənazənin namazını qıldırarkən:

"Allahummə'ğ-fir bihəyyinə və məyyitinə və şəhidinə və ğaibinə və sağirinə və kəbirinə və zəkərinə və unsənə."

Yəni:

"Allahım! Dirilərimizi-ölülərimizi, burda hazır olanlarımızı-olmayanlarımızı, kiçiklərimizi-böyüklərimizi, kişilərimizi-qadınlarımızı əfv et." deyə dua etmişdir.

Bu xəbəri, Tirmizi ("Cənaiz"/38) rəvayət etmiş; "Hədis, həsən-səhihdir." demişdir.

2241. əbu Davud'un ("Cənaiz"/54) haqqında bir söz demədən etdiyi bir nəqlə görə, əbu Hureyrə (radiyallahu anh), belə demişdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, bir cənazə namazı qıldırdı və belə dua etdi:

"Allahummə'ğ-fir bihəyyinə və məyyitinə və sağirinə və kəbirinə və zəkərinə və unsənə və şəhidinə və ğaibinə.

Allahummə mən əhyəytəhu fə əhyihi alə'l-imən və mən təvəffəytəhu fə təvəffihi alə'l-İsləm.

Allahummə lə təhrimnə əcrahu və lə tudillənə bə'dəhu."

Yəni:

Allahım! Dirilərimizi-ölülərimizi; kiçiklərimizi-böyüklərimizi; kişilərimizi-qadınlarımızı; burda hazır olanlarımızı-olmayanlarımızı əfv et.

Allahım! Yaşayanlarımızı, İslam üzərə yaşat; ölülərimizi də, iman üzərə öldür.

Allahım! Onun əcrindən bizi məhrum etmə; imandan sonra bizi azdırma.

Hakim, bu hədisin, Buxari və Muslim'in şərtinə görə səhih olduğunu bildirmiş; Zəhəbi də, ona qatılmışdır.

2242. Əbu Hureyrə (radiyallahu anh)'ın, uşaq üçün cənazə namazı qıldırarkən:

"Allahumməc'əlhu lənə fəratə və sələfə və əcra = Allahım, onu, bizim üçün öndən göndərilmiş bir əcr, bizim üçün cənnətə gedən bir öncü və bir əcr qıl." şəklində dua etdiyi nəql edilmişdir.

Bu xəbəri, -Təlxisu'l-Habir'də ifadə edildiyi üzərə- Beyhaqi (lV, 10) rəvayət etmişdir.

(Təhanəvi, "İlaus-Sünən")

------------------------------------------

Əlavələr:

Hansı vaxtlarda cənazə namazı qılınmaz?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hansi-vaxtlarda-c%C9%99naz%C...

Cənazə namazı təkbirlərində, əllər qaldırılmalıdırmı?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99naz%C9%99-namazi-t%C9...

Peyğəmbər kimlərin cənazə namazını qılmamışdı?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r-kiml%C9%...

 

Read 254 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR