"Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?

 

Möhtəmələn sən:

"Əvvəlki bölmələrdə Quranın sirlərinin anlaşılması və incəliklərinin təmiz könül sahiblərinin önlərinə sərilməsi mövzusu üzərində israrla durdun, məsələni də bir xeyli böyütdün. Bu necə müstəhəb ola bilər? Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Quranı öz düşüncəsinə görə açıqlayan, cəhənnəmdəki yerinə hazırlaşsın."

buyurduğu kimi,

ayrıca zahiri təfsir müntəsibləri, bu hədisdən hərəkətlə yola çıxaraq, ibn Abbas ilə digər təfsir alimlərindən nəql edilən izahlardan fərqli olaraq, Quranın kəlimələrini təvilə qalxan bacarıqsız (bəzi) tasavvuf mənsublarına ağır hücumlar yönəltmiş, onları kafir olaraq vəsf etmişlərdir.

Əgər zahir müfəssirlərin bu mühakimələri doğrudursa, onda:

"Quranı anlamağın, zahiri açıqlamasını əzbərləməkdən başqa nə mənası ola bilər ki?!"

Əgər müfəssirlərin vardıqları nəticə doğru deyilsə, o təqdirdə, Allah rəsulunun:

"Quranı öz düşüncəsinə görə açıqlayan, cəhənnəmdəki yerinə hazırlaşsın."

sözləri, nə mənaya gəlir?"

şəklində suallar ünvanlaya bilərsən.

Bil ki,

"Quranın zahiri açıqlaması xaricində başqa bir mənası yoxdur."

iddiasını ortaya atan kimsə, sadəcə öz bacarıq sərhədləri çərçivəsində söz edir, deməkdir. O, öz halını bildirən bu sözlərində doğru, ancaq digər bütün insanları öz olduğu dərəcə və mövqeyə endirmə doğrultusundakı mühakiməsində isə, xətalıdır.

Tam tərsinə, hədislər və böyüklərdən nəql edilən sözlər, anlama və qavrama bacarığı olan insanlar üçün, Quranda geniş mənalar mövcud olduğunu, muhtəvalı açıqlamalara əlverişli olduğunu göstərməkdədir. Daha əvvəl də qeyd edildiyi kimi, Əli (radiyallahu anh) belə demişdir:

"Allah rəsulu mənə gizli bir şey fısıldamadı. Ancaq Allah Taala, bir quluna, Quranı anlamaq bacarığı bəxş etmişdir."

Əgər Quranın nəql edilən təfsir və açıqlamalardan başqa mənası olmasaydı, bu anlamağın nə mənası qalardı?!

Bir də Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Quranın zahiri, batini, həddi (mənanın varacağı son nöqtə) və matlaı (mənanın ilk doğuş yeri) vardır."

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə isnad edilən yuxarıdakı bu söz, ibn Məsud (radiyallahu anh)'ın sözləri olaraq da nəql edilmişdir.

Əgər Quranın zahiri təfsirindən başqa mənası olmasaydı, yuxarıda qeyd edilən "zahir, batin, hədd və matla"nın nə mənası ola bilərdi?

Ayrıca Əli (radiyallahu anh):

"İstəsəydim, Fatihə surəsinin 70 dəvə yükü (qədər) təfsirini verərdim."

buyurmuşdur. O halda, onun bu sözləri, nə mənaya gəlir? Çünki Quranın zahiri ifadələrinin izahı, olduqca qısadır.

Yenə əbu'd-Dərda (radiyallahu anh):

"Quranı bir neçə cəhətdən açıqlaya bilməyən, fəqih ola bilməz." demişdir.

Alimlərdən biri də bunları deyir:

"Hər ayətin 60.000 izahı vardır. Açıqlanmayan mənaları, açıqlanan mənalarından daha çoxdur."

Bəziləri də bunları demişlərdir:

"Quran, 77.200 elm şöbəsini ehtiva edir. Çünki hər kəlimə bir elm şöbəsidir. Sonra bu da, 4 qatına yüksələr. Çünki hər kəlimənin zahiri, batini, həddi və matlaı vardır."

Yenə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bismillahı 70 dəfə təkrar edərək oxuması, batini mənalarını düşündüyünü göstərir. Yoxsa zahiri mənası, bu qədər yenilənməyi gərəkdirməyəcək şəkildə açıqdır.

Abdullah b. Məsud (radiyallahu anh) da belə deyirdi:

"Əvvəlkilərin və sonrakıların elmini əldə etmək istəyən, Quranı düşünsün."

Bu da sırf zahiri kəlimələrini açıqlamaqla əldə edilə bilməz.

Məsələni xülasə edərsək:

Bütün elmlər, əziz və cəlil olan Allahın fel və sifətlərinə daxildir. Quranda isə, Onun zatı, felləri və sifətləri açıqlanmaqdadır. Ancaq bu elmlərin sonu yoxdur. Quranda bunların yekununa, toplu işarətlər yer alır, bunların təfsilatlarını dərinliyinə (özünə) mövzu edən mərtəbələr, Quranın anlaşılmasına yönəlik bir keyfiyyətdir, sırf zahiri açıqlamalar, buna işarət etməz. Oysa, Quranda da yalnız irfan sahiblərinin qavrayıb mütəfəkkirlərin çözə bilmədikləri, nəzəri və əqli mövzularda insanların altından qalxa bilmədikləri problemləri və həllərilə bağlı olaraq rəmzlər, işarətlər vardır. Quranın sadəcə zahirinin açıqlanması, bütün bunları necə qarşılaya bilər? Bundan ötürü, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Quranı oxuyun və qeyr-i adiliklərini araşdırın."

Əli (radiyallahu anh)'dan nəql edilən bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Məni haqq peyğəmbər olaraq göndərənə and olsun ki, ümmətim, dinlərinin əslindən və camaatlarından ayrılaraq, 72 firqəyə bölünəcək. Bunların hamısı azmış kimsələr olub insanları azdırmaq surətilə cəhənnəmə çağıracaqlar. Belə bir dövrdə olduğunuzda, əziz və cəlil olan Allahın kitabına sarılın, çünki sizdən əvvəlkilərin məlumatları ilə sizdən sonrakıların xəbərləri və aranızda necə hökm verəcəyiniz ondadır. Əziz və cəlil olan Allah:

• ona qarşı duran zalımların bellərini qırar;

• onun xaricində elm axtaranları azdırar;

• o, Allahın güclü ipi;

• aydınladan nuru;

• fayda təmin edən şəfa qaynağı;

• özünə sığınanların sığınacağı;

• izindən gedənlərin qurtarıcısıdır.

Quran:

• əyilməz ki, düzəldilsin;

• sapmaz ki, doğru yola çatdırılsın;

• qeyri adilikləri tükənməz;

• çox oxumaqla köhnəlməz." (Tirmizi də, bunu rəvayət etmişdir.)

Xuzeyfə (radiyallahu anh)'ın rəvayət etdiyi bir hədisdə də, bunları görürük:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə, ümmətinin iləridə ixtilafa, ayrılığa düşəcəklərini xəbər verincə, Ona:

"Ey Allahın rəsulu! O dövrə yetişərsəm, necə davranmağımı buyurursunuz?

O:

"Allahın kitabını öyrən və onun içindəkilər doğrultusunda hərəkət et, o təhlükədən qurtaracaq odur!"

Xuzeyfə deyir ki:

Bu sualımı Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə 3 dəfə yönəltdim. O da, hər dəfəsində:

"Əziz və cəlil olan Allahın kitabını oxu, içindəkiləri tətbiq et, qurtuluş ondadır." buyurdu.

Əli (radiyallahu anh) belə demişdir:

"Quranı anlayan, o anladıqları ilə bütün elmləri açıqlayar."

O, bu ifadələrilə, Quranın, bütün elm şöbələrinə, ümumi mənada işarət etdiyini vurğulamışdır.

• Abdullah ibn Abbas (radiyallahu anh), Bəqərə surəsinin 269-cu ayətində yer alan:

يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ

"Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə, ancaq düşüncəli insanlar anlayarlar."

"hikmət" kəliməsini: "Quranı anlamaq bacarığı" olaraq açıqladığı kimi;

• Ənbiya surəsinin 79-cu ayətinin:

فَفَهَّمْنَـٰهَا سُلَيْمَـٰنَ ۚ وَكُلًّا ءَاتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُۥدَ ٱلْجِبَالَ يُسَبِّحْنَ وَٱلطَّيْرَ ۚ وَكُنَّا فَـٰعِلِينَ

"Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökm və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı təsbih etmələri üçün ona ram etdik. Bunları edən Biz idik."

izahında, bunları deyir:

"Allah, Davud ilə Süleymana vermiş olduğu nemətləri, elm və hikmət deyə adlandırarkən, məsələləri anlayış və qavrama qabiliyyətilə çözməsi xüsusunda, Süleymanı anlayışlı qılmasını ayrıca anması, anlayışı, hikmət və elmdən üstün tutduğunun bir göstəricisidir."

Bütün bunlar, Quranın mənalarının anlaşılmasında, geniş bir meydan və sahə mövcud olduğunu göstərdiyi kimi, təfsirin zahirindən nəql edilən rəvayətlərin də, bu mövzudakı idrakın sonu olmadığını ortaya qoymaqdadır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Quranın insanın şəxsi görüşləri doğrultusunda açıqlanmasını qadağan etməsini göstərən sözlərilə, əbu Bəkr (radiyallahu anh)'ın:

"Quran mövzusunda öz görüşümə görə söz söylədiyimdə, məni hansı yer daşıyar və hansı göy kölgələyər? (Yəni yer-göy məni necə qəbul edər?)"

kimi sözləri və yenə bu mövzuda nəql edilən və Quranın şəxsi görüşlər doğrultusunda açıqlamağı qadağan edən hədislərlə böyüklərin sözlərinə gəlincə, bunlar 2 cəhətdən açıqlana bilər:

1. Tamamilə nəql və eşidilən açıqlamalarla kifayət edilib əqli məlumatlar doğrultusunda (fəhm) Qurandan hökm çıxarmamaq və müstəqil açıqlamadan uzaq durmaqdır.

2. Bu qadağaları ehtiva edən əmrlərin hədəfi ayrıdır.

• Birinci variantın qəsd edilmiş olması, yəni bir insanın Quran üzərində açıqlama gətirməməsi, eşitdikləri xaricində danışmaması məsələsi, bir neçə yöndən qəti şəkildə batildir. Belə ki:

a. Quranın bütün açıqlamalarının Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşidilməsi və ona dayandırılması şərti, bir zərurət olaraq qarşımıza çıxar. Halbuki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in açıqlamalarına, sadəcə Quranın bəzi bölmələrində rastlanılmaqdadır. İbn Abbas ilə ibn Məsudun açıqlamaları isə, özlərinə aiddir. Bu halda onların təfsirlərinin də qəbul edilməməsi gərəkdir, çünki onların təfsirləri də, öz görüşlərini görsədir, açıqladıqlarını Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşitməmişlərdir. Eyni hal, digər səhabələr üçün də bəhs mövzusudur.

b. Səhabə və təfsir alimləri, bəzi ayətlərin təfsirində çox fərqli görüşlər iləri sürmüş, bir birilərilə uyğunlaşdırılması mümkün olmayan açıqlamalar vermişlərdir. Bunların hamısının da Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşidilmiş olmaları, muhaldır. Əgər biri eşidilmişdirsə, digərlərinin rədd edilməsi qaçılmaz olur. Demək ki, hər müfəssir, öz qabiliyyətinə görə açıqlama vermişdir, bunda şübhə yoxdur.

Məsələn, surə başlarında yer alan hərflərin təfsirlərində, bir birindən fərqli və uyğunlaşdırılmaları mümkün olmayan 7 ayrı təfsir vermişlərdir.

Misal üçün, "əlif, ləm, ra"nı açıqlayarkən,

• "ər-Rahmən" kəliməsinin hərfləri olduğunu söyləyənlər olduğu kimi,

• "əlif"in- Allaha, "ləm"in- Lətifə, "ra"nın- Rahimə dəlalət etdiyini iləri sürənlər də olmuş və daha başqa açıqlamalar...

Elə isə, hər bir izahın Allah rəsulundan eşidilmiş olması, mümkün ola bilərmi?

c. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Abdullah ibn Abbas (radiyallahu anh)'a belə dua etmişdi:

"Allahım! Onu dində anlayışlı qıl və ona təvili öyrət."

Əgər Quranın açıqlaması da, Quranın ləfzi kimi Allah rəsulundan duyulmuş və onun kimi əzbərlənmiş olsaydı, ibn Abbas üçün bu şəkildə xüsusi bir duasının nə mənası qalardı?

ç. Əziz və cəlil olan Allah, Nisa surəsinin 83-cü ayətində:

وَإِذَا جَآءَهُمْ أَمْرٌ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ ۖ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ...

"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər..."

buyurmaq surətilə, elm adamlarının bəzi nəticələrə vara biləcəkləri, eşitdikləri, əldə etdikləri məlumatlardan bəzi hökmlər çıxara biləcəkləri ortaya qoyulmuşdur.

Hər kəs bilir ki, hökm çıxarmaq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən dinləməyin də fövqündə qalan bir faktdır. Quranın anlaşılması xüsusunda nəql etdiyimiz rəvayətlərin hamısı, bu xəyalı, yəni:

Quranın ancaq nassa dayanılaraq açıqlana biləcəyi şərtini çürütməkdədir, qeyri-məqbul qılmaqdadır. Başqa bir ifadə ilə, Quranın təfsirində, təfsirin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşidilməsi şərtinin iləri sürülməsinin dayanağı yoxdur, batildir. Hər kəs öz anlayış qabiliyyəti və ağlı səviyyəsində Qurandan hökmlər çıxarda bilər.

Əqli məlumatlara görə, Quranın açıqlanmasını qadağan edən hədisin analizi:

Bu qadağa, aşağıdakı 2 gerçəkdən birinə dayandırıla bilər:

1. Ayəti təfsir edən insanın, bağlı olduğu mövzuda, bir düşüncəsi və təbiəti gərəyi ona meyli ola bilər. Bu halda fikirlərinin doğruluğunu isbat etmək üçün, öz düşüncə və həvəsi doğrultusunda izaha baş vura bilər. Əgər elə bir düşüncəni mənimsəməmiş olsaydı, Qurandakı ifadənin elə bir mənaya gələcəyini əsla düşünməz, zehninə elə bir məna doğmaya bilərdi.

Bu cür izahlar bəzən elm kisvəsi altında da edilə bilər. Məsələn, bir bidətçinin, bidətinin doğruluğunu ortaya qoymaq üçün bəzi ayətləri dəlil olaraq göstərməsi, bu mənada dəyərləndirilə bilər. Əslində belə bir izahı verən bidətçi, ələ aldığı ayətin o mənada istifadə edilmədiyini bilir, ancaq müxalifi olan kimsənin zehnini qurcalamaq, fikrini qarışdırmaq üçün, bu yola baş vurur.

Bu cür izahlar, zaman-zaman da cəhalətdən qaynaqlana bilir. Məsələn, üzərində durduğu ayət, bir neçə mənada istifadə edilə bilərkən, özünü, anlayışı ilə üst-üstə düşən izaha yönəldir və nəticədə öz görüşü və həvəsi doğrultusunda o mənanı tərcih edir. Beləcə ayəti və ya ayətləri öz görüşləri doğrultusunda açıqlamış olur. Əgər mənimsədiyi o görüşü olmasaydı, qətiliklə o görüşü seçməyəcəkdi.

Bəzən də insan, yaxşı niyyətlə bir məqsəd təqib edir və məqsədini gücləndirmək üçün, Qurandan dəlillər axtarır və fikrini dəstəkləmək üçün bildiyi qədərilə dəlil gətirməyə çalışır. Məsələn, səhər vaxtlarında istiğfar etməyə çağıran biri, qalxar Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Sahura qalxın. Çünki sahur yeməyində bərəkət vardır."

hədisini, öz iddiasına dəlil olaraq göstərər və sahura qalxmaqdan məqsədin, oruc tutmaq istəyən insanı maraqlandıran sahur yeməyi yemək olduğunu bilə-bilə, bunu, sahurda qalxıb zikr etmək mənasında istifadə edər.

Yenə qatılaşıb daşlaşmış qəlblərlə cihada çağıran kimsə, iddiasını isbat sədədində, Taha surəsinin 24-cü ayətini:

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

"Fironun yanına get! Çünki o, həddini aşmışdır”.

oxuyar və ayətdə zikri keçən Fironla: nəfsin qəsd edildiyini iddia edər.

Bu metodu, daha çox cümlələrini gözəlləşdirmək, dinləyənlərin diqqətlərini çəkmək kimi yaxşı niyyətlərlə bəzi vaizlər istifadə edərlər. Halbuki belə bir hərəkət, dinən qadağandır.

Eyni zamanda, bu metodu, insanları aldatmaq, onları batil məzhəblərinə çəkmək kimi pis məqsədlərini gerçəkləşdirmək üçün, Batinilər də istifadə edərlər. Bunlar, əsl murad edilən mənanın, müdafiə etdikləri məna olmadığını qəti bilmələrinə rəğmən, Quranı öz görüşləri doğrultusunda açıqlayarlar.

Bax bu bildirilən təvil və izah növləri, Quranın rəy ilə təfsir edilməsini qadağan edən 2 səbəbdən birini meydana gətirir. Burdakı "rəy"dən məqsəd: səhih ictihada dayanmayan həva və həvəslərə uyğun düşən fasid rəy, xarab görüşlərdir. Çünki rəy, səhih ictihadı ehtiva etdiyi kimi, fasid və həvəslərə uyğun düşən düşüncələri də ehtiva edir. Bəzən də sadəcə həvəslərə rəy adı verilir.

2. Quranın qeyri-adi yönlərilə bağlı olaraq Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən nəql edilən rəvayətlər və nəqllərdən dəstək almadan, Quranın ləfzi cəbhəsini maraqlandıran bağlı ləfzlərini, hazif, təqdim və təxir (haşiyə) kimi bəlağat və nəhvə aid olan yönlərini bilmədən yalnız ərəb dilini bildikləri üçün Quranı açıqlamağa cəhd etməkdir. Halbuki təfsirin zahirini bilmədən sadəcə ərəb dilini bildiyi üçün Qurandan bəzi mənalar çıxarmağa qalxan, çox yanılar və o da həvəsləri doğrultusunda təfsir edən qrup içərisində mütaliə edilər.

----------------------

(Haşiyə:

Hazf: bir məqsəd güdərək, bir mənanı ifadə edən kəliməni zikr etməyib işarət yolu ilə göstərməkdir.

Təqdim və təxir: önə və ya geri alınaraq, kəlimə və ya cümlələrin yerini dəyişməkdir.)

------------------

Elə isə, zahiri təfsirlərdə birinci planda, nəql və (nəqli) eşitmək gəlir. Müfəssir bu sayədə yanılmaqdan qorunur. Bundan sonra yeni-yeni mənalar tapmaq və hökm çıxarmaq get-gedə genişləyir. Ancaq dinləmək yolu ilə əldə ediləcək izahlar, Quranda çoxdur. Biz bunlardan bir qisminə işarət edək, bənzərlərinə də bu sayədə yetişilər. İlk əvvəl bunu bilmək lazımdır ki:

(Bu məsələ ilə) münasibəti olanlar (məşğul olanlar), ən əvvəl zahiri təfsiri öyrənməklə mükəlləfdirlər. Zahiri təfsir yaxşıca, sağlam bir şəkildə qavranmadıqca, batini izahlarına çatmağa kimsə göz dikməməlidir.

Zahiri təfsiri sağlam bir şəkildə bilmədən, Quranın sirlərinə nüfuz etdiyini iddia edən kimsə, evin qapısına gəlmədən, evin baş tərəfində oturduğunu və ya türklərin dilini bilmədiyi halda, türklərin nə dediklərini anladığını iddia edən kimsənin halını xatırladır. Quranın zahiri və batini mənalarını qavramaq üçün, zahiri təfsir, hər hansı bir dili başa düşmək mövzusunda, o dilin sözlərini öyrənmək kimidir.

Quranın təfsirində eşitməyə, nassa dayanan sənət şöbələri çoxdur. Bunlardan biri, hazf və izmar (göndərmək) surətilə gerçəkləşdirilmiş icazlardır (az sözlə çox məna ifadə etmək). Bu mövzu ilə bağlı olaraq bəzi misallar verək:

...وَأُشْرِبُوا۟ فِى قُلُوبِهِمُ ٱلْعِجْلَ بِكُفْرِهِمْ...

"...İnkarları səbəbilə qəlblərinə buzov (sevgisi) içirildi..." (Bəqərə/93)

cümləsində, "hubb"-"sevgi" sözü hazf edilmişdir.

Yenə İsra surəsinin 75-ci ayətində də, bu hazfları görürük:

إِذًا لَّأَذَقْنَـٰكَ ضِعْفَ ٱلْحَيَوٰةِ وَضِعْفَ ٱلْمَمَاتِ...

"O təqdirdə, sənə həyatın da, ölümün də qat-qat (əzab)'ını daddırardıq..."

Bu ayətdə əzab kəliməsi hazf edildiyi kimi, "əl-əhya" yerinə "həyat"; "əl-məvta" yerinə "məvt" ləfzləri istifadə edilmişdir. Bütün bunlar fasih ərəbcədə caiz olan istifadələrdir.

...ثَقُلَتْ فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْ...

"...(qiyamət) göylərdə və yerdə (olan bütün məxluqlara) ağır gəlmişdir!" (Əraf/187)

Bu ayətdə murad edilən məna:

"Qiyamətin göy və yer xalqına gizlənmiş olmasıdır. Çünki bir şey gizləndiyində ağırlıq qazanır."

Yenə bu ayət mətnində, "fi", "əla" yerinə istifadə edilmiş, ayrıca "əhl" sözü də hazf edilmişdir.

2. Quranı təfsir etməyə çalışanların bilmələri lazım olan bir başqa sənət də, araya girən təkrarlardır. Bu təkrarlar, zahirdə kəlamın bitişikliyini əngəlləyirlər. Məsələn, Yunus surəsinin 66-cı ayətinde keçən "in yəttəbiun" ləfzi, mükərrər (təkrar) olduğu kimi, Əraf surəsinin 75-ci ayətində də yeniləmələr vardır.

3. Təfsir elminə aid olan bir digər sənət də, kəlimələrin əvvəl və sonra istifadə edilmələridir. Müfəssirlərin yalnış etdikləri nöqtələrdən biri də, bu məsələdir. Taha surəsinin 129-cu; Əraf surəsinin 187-ci; Ənfal surəsinin 4-cü ayətləri, bu maddəyə nümunə göstərilə bilər.

4. Mübhəmiyyət mövzusudur. Mübhəm demək, bir neçə mənada istifadə edilən kəlimə və ya hərf deməkdir.

a. Şey;

b. Qarin;

c. Ümmət;

d. Ruh

və bənzəri sözlər, bir neçə mənada istifadə edilən kəlimələrdir.

Məsələn:

a. Nəhl surəsinin 75-ci ayətində keçən "şey" sözü, "nəfəqə" mənasında istifadə edilmişkən, yenə eyni surənin 76-cı ayətində keçən "şey" kəliməsi, "istiqamət və ədalətlə əmr vermək" mənasında istifadə edilmişdir.

Ayət mətnində keçən "şey" kəliməsilə, rububiyyət sifətlərindən biri murad edilmişdir. Rububiyyət sifətləri, arif kimsələrin yönəldikləri məna yolunun ilk pillələrində, özlərilə bağlı sual soruşmaq iznləri olmayan elmlərdir. (Bunun üçün Allah Taala'nın, Xızır (əleyhissəlam)'a tətbiq etdirdiyi və Kəhf surəsinin təfsilatlı bir şəkildə ələ alınan hadisələr üzərində diqqətlə durulması lazımdır.)

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ

"Yoxsa onlar bir "şey"sizmi yaradıldılar? Yoxsa özlərimi yaradıcılardır?" (Tur/35)

Bu ayət mətnində keçən "şey" ləfzi də, "Yaradan" mənasındakı "Xaliq" sözü yerində istifadə edilmişdir. Bu kəlimənin istifadə edilməsilə, "şey"in ancaq "şey"dən yaradıla biləcəyi kimi bir məna başa düşülə bilər.

------------------

b. "Qarin" sözü:

Bu sözün də, bir neçə mənada istifadə edildiyinə dair 2 nümunə:

• وَقَالَ قَرِينُهُۥ هَـٰذَا مَا لَدَىَّ عَتِيدٌ

"Yanındakı "qarin"i (mələk) deyəcəkdir:

“Bu yanımdakı hazırdır!” (Qaf/23)

• قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَـٰكِن كَانَ فِى ضَلَـٰلٍۭ بَعِيدٍ

Yanındakı "qarin"i (şeytan) deyəcəkdir:

“Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!” (Qaf/27)

Tərcümədə də göstərildiyi kimi, birinci ayətdə "qarin" sözü ilə insanı kontrol altında tutan mələk, ikinci ayətdəkilə də şeytan qəsd edilmişdir.

---------------

Ümmət sözünün mənaları:

Bu kəlimə, 8 mənada istifadə edilir:

1. Camaat mənasında.

Məsələn, Qasas surəsinin 23-cü ayətində bu mənada istifadə edilmişdir:

وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ

"O, Mədyən sularına gəlib çatanda quyunun başında heyvanlarına su verən bir ümmət (camaat) gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır”.

2. Peyğəmbərin müntəsibləri mənasında.

Misal üçün:

"Mən Muhamməd ümmətindənəm." dediyində, "Muhammədin müntəsiblərindənəm, Onun arxasınca gedənlərdənəm." mənasını qəsd etmiş olursan.

3. Xeyirli və xeyirdə öndər qəbul edilən kimsə mənasında.

Məsələn, Nəhl surəsinin 120-ci ayətində yer alan "ümmət" kəliməsi, bu mənada açıqlanmışdır:

إِنَّ إِبْرَ‌ٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ

"Həqiqətən, İbrahim Allaha müti, hənif bir ümmət (rəhbər, öndər) idi. O, müşriklərdən deyildi."

4. Din mənasında.

Aşağıda verilən ayətdə bu mənadadır:

بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّهْتَدُونَ

"Xeyr! Müşriklər: “Biz atalarımızı bir ümmət (bir din) üzərində gördük və biz də onların yolunu tutub gedəcəyik!”– deyirlər." (Zuxruf/22)

5. Vaxt və müddət mənasında.

Hud surəsinin 8-ci ayəti və Yusuf surəsinin 45-ci ayətində keçən ümmət mənası vaxt mənasında istifadə edilmişdir:

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

"Əgər onlara gələcək əzabı müəyyən (vaxtadək) gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir." (Hud/8)

وَقَالَ ٱلَّذِى نَجَا مِنْهُمَا وَٱدَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأْوِيلِهِۦ فَأَرْسِلُونِ

"İki nəfərdən qurtulmuş olanı, uzun (müddətdən) sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni Yusufun yanına göndərin!” (Yusuf/45)

6. Boy-qamət mənasında.

Məsələn, ərəblər əndamlı bir kimsəni belə vəsf edirlər:

"Fulənun hasənu'l-ummət". Yəni: "Filankəs qamətli-boyludur."

7. Şəxsi din anlayışı olan və bu anlayışını, başqalarının mənimsədiyi kimsə mənasında.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Zeyd b. Amr b. Nufeyl, tək başına bir ümmət olaraq həşr olunacaqdır."

hədisində, bu mənada istifadə edilmişdir.

8. Ana mənasında.

Məsələn:

"Həzihi ummətu Zeyd." deyildiyində:

"Bu qadın, Zeydin anasıdır." mənası qəsd edilir.

Fərqli mənalarda istifadə edilən kəlimələrdən biri də, "ruh" sözüdür. Quranda bir çox mənada istifadə edilmişdir. Ancaq biz, misallar vermək surətilə sözü uzatmaq istəmirik.

5. Quranda ədəbi sənət növlərindən biri də, açıqlamadakı tədric, mərhələli açıqlama metodudur. Məsələn, Bəqərə surəsinin 185-ci ayətində, Quranın Ramazan ayında endirildiyi bildirilmiş, ancaq gecəmi, yoxsa gündüzmü endirildiyi açıqlanmamışdır. Lakin Duxan surəsinin 3-cü ayətində, Quranın mübarək bir gecədə endirildiyi ifadə edilmiş, ancaq mübarək bir gecənin hansı gecə olduğu bəyan edilməmişdir. Bu mübarək gecənin Qədr gecəsi olduğu, Qədr surəsində açıqlanmışdır.

Maddi şərtlər, mətnlərin xarici görünüşləri diqqətə alındığında, bu ayətlər arasındakı ixtilaf olduğu zənn edilə bilər. Bundan dolayı, bütün bunlarda baş vurulacaq tək qaynaq, nəql və eşitmə yolu ilə əldə edilən məlumatlardır. Quran, başından-sonuna qədər, bu cür kəlimə və hərflərlə doludur.

Quran, ərəbcə endirilmişdir, dolayısı ilə, ərəbcənin icaz, tətvil, hazf, ibdal, təqdim, təxir və s. kimi bütün sənət qollarını ehtiva etməkdədir. Bunun belə olması da, təbiidir, çünkü bu sayədə ərəb ədiblərin heyranlığını qazanmış və onlar üçün bir möcüzə olmuşdur.

Elə isə, eşitmə və nassa dayanan bilgilərdən dəstək almadan, sadəcə ərəbcənin zahirini, anlamasına güvənərək, Quranı açıqlamağa qalxan, Quranı öz rəyi ilə təfsir edənlər qrupuna girir. Məsələn, belə biri, "ümmət" kəliməsinin mənalarından ən məşhurunu diqqətə alıb təbiəti də o mənaya yönəlir, bir başqa yerdə eyni kəlimə gördüyündə əvvəlcədən mənimsədiyi mənanı verməyə qalxır və bununla bağlı nəqlləri, ümmət kəliməsinin mənaları ilə bağlı rəvayətləri araşdırmağa yaxın belə durmur. Bax qadağan edilən budur. Yoxsa -daha əvvəl deyildiyi kimi- Quranın sirlərini başa düşməyə çalışmaq, heç bir zaman qadağan edilməmişdir.

Nəql və eşitmə yolu ilə bu nöqtələri öyrənən kimsə, Quranın ləfzlərini açıqlamaqdan ibarət olan zahiri təfsirə vaqif olmuş sayılır. Ancaq bu, mənaların həqiqətlərini anlamaq üçün kifayət deyil. Mənaların həqiqətlərilə zahiri təfsir arasındakı fərqi, bir misalla ələ alaq:

Allah Taala, Ənfal surəsinin 17-ci ayətində belə buyurur:

...وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ...

"...(Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı..."

Bu ifadələr görünüşdə çox açıqdır. Ancaq mənasının həqiqəti, çox girifdir. Çünki bir tərəfdən Peyğəmbərin atmasından söz edilərkən, digər tərəfdən də Onun atmadığına diqqət çəkilir. Peyğəmbərin bir cəhətdən atıb bir başqa cəhətdən də atmadığı və atmadığı yöndən də Allahın atdığı qavranmadıqca, ayətin ifadələri arasında ziddiyyət olduğu deyilə bilər.

Yenə Tövbə surəsinin 14-cü ayətində belə buyurulur:

قَـٰتِلُوهُمْ يُعَذِّبْهُمُ ٱللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُّؤْمِنِينَ

"Onlarla öldürün ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin."

Kafirləri öldürən müsəlmanlar olduğuna görə, əzab edənin Allah Taala olması, necə açıqlana bilər ki?! Allah Taalanın, müsəlmanların əllərini hərəkətə keçirmək surətilə əzab edən olması var sayılarsa, o vaxt "onları öldürün!" deyə əmr verməsinin nə mənası ola bilər?!

Bax bu vadidəki sualları cavablandırmaqda, zahiri təfsir kifayət etmir. Bunların cavablandırılmasında, mükaşəfə (qəlb gözü ilə gizlilikləri kəşf edən) elmlərinin dərinliklərinə dalmaq və buralardan dəstək almaq lazımdır.

İnsan bütün ömrünü bu mənanın sirlərini gözlər önünə sürmək, bu məna ilə bağlı həqiqətləri ortaya qoymaq üçün xərcləməyə qalxsa, ömrü buna vəfa etməz. Quranın hər kəliməsinin mənasının həqiqətinin anlaşılması, belə uzun və yorucu bir çalışmağı gərəkdirir. Quranın həqiqətləri, sadəcə elmdə zirvələrə yüksəlmiş insanların önlərinə sərilir. Onlar da:

• elmlərinin dərinlikləri;

• qəlblərinin duruluqları;

• düşünmə mövzusundakı İlahi sövq; və

• bu yöndəki istəklərilə

uyğun olaraq həqiqətlərə çata bilirlər və hər biri üçün də, daha üst bir səviyyəyə yüksəlmək üçün bir sərhəd qoyulmuşdur. Bütün sərhədləri keçib zirvəyə çatmağa kimsə həvəslənməməlidir. Çünki dənizlər mürəkkəb, ağaclar qələm olsa, İlahi kəlimələrin sirləri tükənmədən, dənizlər tükənər, qələmlər bitər, ancaq İlahi həqiqətlərin isə, sonu gəlməz.

Bax məsələlərə bu cəhətdən baxıldığında, zahiri təfsirdə (ayət haqqında) məlumat müştərəkliyi olan insanların, Quranın həqiqətinin sirlərini başa düşməkdə, fərqlilik göstərdikləri görülür, ki, bu kimi sirləri başa düşməyə zahiri təfsir kifayət deyildir. Bunu bir nümunə ilə açıqlayaq. Bəzi əhl-i qəlb kimsələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səcdələrində:

"Allahım, qəzəbindən rizana sığınıram. Əzabından bağışlamana sığınıram. Səndən Sənə sığınıram! Mən, Sənə nə qədər təriflər yağdırsam da, bunu (haqqıyla) bacarmaram. Sən, Özünü necə təriflədinsə, eləsən!"

şəklindəki dualarını bu şəkildə başa düşmüşlərdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Səcdə et və yaxınlaş." əmri verildi. O da yaxınlığı səcdədə tapdı.

Allahın sifətləri üzərində düşününcə, Allahın bəzi sifətlərindən yola çıxaraq, digər bəzi sifətlərindən Allaha sığındı. Məsələn, riza və qəzəb sifətləri, ayrı-ayrı iki sifətdir. İlk əvvəl sığınmada bu ikisini istifadə etmiş, sonra yaxınlığı artınca sifətlərdən Zatına yüksəlmiş və:

"Səndən Sənə sığınıram." buyurmuşdur.

"Yaxınlıq örtüsü"ndə sığınmaqdan utanacaq şəkildə yaxınlığı artınca, bu dəfə, tərifə yönələrək:

"Mən Sənə təriflər yağdırmağı (haqqıyla) bacarmaram." demiş,

ancaq bunun bir qüsur olduğunu anlayınca da:

"Sən Özünü necə təriflədinsə, eləsən!" cümlələrini əlavə etmişdir.

Bax bu mənalar, qəlb əhlinə açılan, zehnlərinə gələn izahlardır. Təbii ki, bunların da fövqündə, dərin və gizli sirlər vardır. Məsələn, yaxınlığın mənasının qavranması, yaxınlığın səcdəyə təxsisinin səbəbləri, bir sifətdən bir başqa sifətə, özündən yenə özünə sığınmanın sirri və daha bir çox incəliklər...

Zahiri təfsir, bunların heç birini özündə yansıtmaz. Bununla birlikdə, bu mənalar, zahiri təfsirlə də zidd düşməz. Bunları burda nümunə olaraq gətirməyimizin səbəbi, zahiri təfsirlə zidd düşməyən batini mənaların qavranmasını təmin etmək üçündür. Ən doğrusunu Allah bilir...

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 8. Kitab/4. Bölmə: "Quranın anlaşılması və açıqlanması", s. 696-707)

 

Read 22 times
In order to make a comment, please login or register