Heyvan necə kəsilməlidir?

Kitabu'l-Zəbəih (Heyvan kəsmə kitabı)

Bu kitabda:

1. Heyvan kəsməyin rüknü, şərtləri, hökmü və növləri;

2. Əti yeyilən və yeyilməyən heyvanlar;

3. Bu mövzu ilə bağlı müxtəlif məsələlər

olmaq üzərə, 3 bab vardır.

-------------------------------------------------

Birinci bab: Heyvan kəsməyin rüknü, şərtləri, hökmü və növləri

"Zəbh" (=boğazlamaq) : "Heyvanın boğazına bıçaq vurub, damarlarını kəsmək" deməkdir. Boğazlanmış və boğazlanacaq olan heyvana, "zəbiha" deyilir.

"Təzkiyə" də, "boğazlamaq" deməkdir.

Zəbh (=təzkiyə = boğazlamaq), 2 cür olur:

1. Həqiqi və ixtiyari təzkiyə: Bir heyvanı, üsuluna uyğun olaraq, kəskin bir alət ilə boğazlamaqdır.

2. Hökmi və izdirari təzkiyə: Bu, bir ovun, aldığı yaradan ibarətdir. Bir ov, aldığı bu yaradan, şərtləri dairəsində ölərsə, boğazlanmış sayılır.

~ Zəbh: davar (qoyun) və inəklərə tətbiq edilən kəsmək şəklidir.

~ Nəhr isə: dəvəyə tətbiq edilən kəsmək şəklidir.

"Nəhr": "Bir heyvanın boynuna, sinəsi üzərindən bıçaq vuraraq, boğaz damarlarını kəsmək" deməkdir.

Bir heyvanı boğazlamağa və ya nəhrə güc çatdığı halda, boğazlanmaz və ya nəhr edilməzsə, onun əti, halal olmaz.

Həqiqi və ixtiyari təzkiyə

• Boğazlamaq:

~ heyvanın nəfəs borusunu;

~ yemək borusunu; və

~ bunlar arasında yer alan vədəc deyilən 2 damarı

kəsməklə olur.

Nəhr isə: boğazın aşağısından, yəni, sinəyə bitişik yerindən, yenə, vədəc deyilən 2 damarla, məri deyilən yemək və nəfəs borularını kəsməklə olur.

• Boğazlanması lazım gələn heyvanlar nəhr edilsə; nəhr edilməsi lazım gələn heyvanlar da -kəsilməsi lazım gələn damarlar kəsildiyi üçün- bunların əti, halal olur. Lakin belə edilincə, ətləri, məkruh sayılır. Çünki sünnət olan, dəvədə, nəhr; digərlərində isə, zəbihdir (yəni, boğazlamaqdır). "Bədai"də də belədir.

• "Camiu's-Sağir"da, belə deyilmişdir: "Boğazlamaqda, boğazın hamısını, istər alt tərəfdən, istər ortasından, istərsə də yuxarısından kəsməkdə, bir beis yoxdur."

• Səmərqənd fətvalarında isə, belə deyilmişdir: Əgər qəssab, qoyunu, qaranlıq gecədə kəsər; onu da, boynunun alt və üst tərəfindən boğazlayarsa, onun əti, yeyilməz. Çünki kəsilmə yeri olan boğazın xaricindən kəsilmişdir.

• Əgər bu qəssab, ilk əvvəl, yalnış yerdən kəsər; sonra da, onu, təkrar -əvvəlki kəsimdən dolayı ölmədən əvvəl- boğazından kəsərsə, bax bunda, 2 məsələ vardır:

1. İlk əvvəl, ya tamamilə kəsmişdir və ya bir qismini kəsmişdir. Əgər tamamilə kəsmişdirsə, halal olmaz. Çünki məhəllinin xaricindən tamamilə kəsmişdir. Bu şəkildə kəsilən heyvan, ikinci şəkildə kəsiləndən, daha tez ölür.

2. İkinci halda isə, halaldır. (Yəni, yalnış yerdən bir qismini kəsincə, təkrar, -heyvan ölmədən- digər və doğru yerdən boğazlasa, halaldır.) "Muhit"də də belədir.

Hökmi və izdirari təzkiyə

• Hökmi və izdirari təzkiyənin rüknü isə, -hardan olursa olsun- heyvanı yaralamaqdır.

Bu da, ovlarda olur.

Yenə, dəvə, inək və ya qoyuna, sahibinin boğazlamağa gücü çatmadığı vaxtda da, bu tərz təzkiyə mümkün olur ki, bu da, -hər nə qədər əhil heyvan olsa belə- ov mənasına gəlir.

Bu halda, dəvə və inəyin səhrada olması ilə şəhərdə olması, eynidir. Onların boğazlanması, yaralamaq deməkdir.

Qoyuna gəlincə, əgər səhrada olar və qaçarsa, imam Muhamməd'ə görə, onun da bu halda boğazlanması, yaralanmasıdır.

Əgər şəhərdə olarsa, onu boğazlamaq yerinə yaralamaq (=vurmaq), caiz olmaz. İnək və dəvə, qəssabxanalarda olsa, zərurət zamanında, vurularlar.

• "Muntəqa"da, belə deyilmişdir: "Bir dəvə, bir adama hücum etdiyində, o adam, boğazlamaq niyyətilə bu dəvəyə vurarsa, əti halal olur. İnək də, belədir. Çünki ona güc çatdırmaq imkanı qalmamış və ov hökmünə girmişdir."

--------------------------------------------------------

Boğazlamağın (=Heyvan kəsməyin) Şərtləri

• Boğazlamağın, fərqli şərtləri vardır. Bunlardan bəziləri, ümumi və ixtiyari; bəziləri də, izdiraridir.

Ümumi şərtlər, bunlardır:

1. Ağıl. (Yəni), boğazlayan şəxs, ağıllı olacaqdır.

Dəli və uşağın boğazladığı heyvanın əti, yeyilməz.

Əgər uşaq, ağlı başında biri olar, boğazlamaq üsulunu da bilər və buna gücü çatarsa, kəsdiyi, yeyilə bilər.

Sərxoş da, belədir.

2. İslam və Kitabi'lik. (Yəni), boğazlayanın, ya Müsəlman və ya kitab əhli olması lazımdır.

Şirk əhli və mürtədin kəsdiyi, yeyilməz. Çünki o, bir din qəbul etməmişdir. Əgər mürtəd olan, mürahiq (yəni, 12 yaşına girmiş) olarsa, imam əbu Hənifə ilə imam Muhammədə görə, onun boğazladığı, yeyilməz. Çünki bu iki imama görə, onun mürtədliyi, səhihdir.

İmam əbu Yusufa görə isə, onun kəsdiyi, yeyilə bilər. Çünki ona görə, onun mürtədliyi, səhih deyildir.

-----------------------------------

Kitab əhlinin kəsdiyi

• Kitab əhlinin kəsdiyi, yeyilə bilər. Onların, hərb əhli olması və ya olmaması da, eynidir. Yenə, kitab əhlindən nasrani olanların (xristiyanların) kəsdikləri, yeyilə bilər. Çünki onlar da, ərəb nasranilərin dini üzərinədirlər.

• Əgər kitab əhli olanlar, kafirlərdən kitab əhli olmayanlara dönmüş olsalar, kəsdikləri, yeyilməz.

• Əgər əslində kitab əhli olmayıb, sonradan kitab əhlinin dininə dönmüş olan bir kimsə olarsa, onun da kəsdiyi yeyilə bilər.

• Burda əsl olan, heyvanı kəsdiyi vaxtdakı halına baxılıb, başqa zamana baxmamaqdır. Bu, bizim məşəyiximizə (şeyxlərimizə) görə, əsldir.

• Ata və anasından biri kitabi olan övladın kəsdiyi də, yeyilə bilər.

• Günəşə, aya, ulduzlara ibadət edənlərin kəsdikləri də, imam əbu Hənifə'yə görə yeyilə bilərsə də, İmameyn'ə (əbu Yusuf və Muhammədə) görə, yeyilməz.

• Kitab əhlinin kəsdiyi, ancaq, heyvanı kəsərkən bir şey dediyi eşidilməzsə; və ya o, yalnız Allahın adını deyərsə, yeyilə bilər. Çünki onun nə dediyi eşidilmədiyində, hüsn-ü zənn ilə, onun, Allahın adını zikr etdiyinə həml edilir.

Müsəlman üçün də, belədir.

Əgər ondan (qeyr-i müsəlmandan) Allah adı eşidilsə, lakin onunla İsa (əleyhissəlam)'ı qəsd etdiyi bilinsə, alimlərimiz: "Kəsdiyi yeyilə bilər." dedilər.

Yalnız, açıq-aydın: "Mən, üçün üçüncüsünün adı ilə kəsirəm." deyərsə, bax o vaxt, kəsdiyi, halal olmaz.

• Bir xristiyanın, yalnız İsa (əleyhissəlam)'ın adını dediyi və ya Allah ismilə İsa (əleyhissəlam)'ın ismini bərabər söyləyərsə, yenə, kəsdiyi yeyilməz.

----------------------------------------------

Heyvanı, Allahın isimlərindən birini zikr edərək kəsmək

3. Boğazlamağın şərtlərindən biri də, Allahın isimlərindən birini, boğazlama vaxtında söyləməkdir.

Bu halda, ismin tək olması ilə, isim və sifətin birlikdə olması, eynidir.

Məsələn: "Allahu Əkbər", "Allahu Ə'zəm", "Allahu Əcəll", "Allahu'r-Rahmən", "Allahu'r-Rahim" və bənzərləri kimi...

Və ya isim və sifəti, birlikdə saya bilər. Məsələn:

Allah, Rahmən və ya Rahim və başqaları kimi...

• Yenə bir kimsə, heyvan kəsərkən: "Lə iləhə illəllah", "Əlhəmdulilləh" və ya "Subhanallah" deyərsə, onun kəsdiyi heyvanın əti, yeyilər.

Bu şəxs, bismillahı bilsin və ya bilməsin, fərqi yoxdur.

Bismillahın ərəbcə və ya əcəmcə olması da, eynidir; digər dillərdə də, eynidir.

• Bişr, imam əbu Yusuf'un belə dediyini rəvayət etmişdir: Bir adam, boğazlayacağı heyvana qarşı, rumca və ya farsca "Allah"ın adını zikr edərsə, bu təsmiyyəsi (adlandırması), caizdir.

4. Təsmiyyə'nin şərtlərindən biri də, təsmiyyənin, heyvanı kəsən şəxs tərəfindən söylənməsidir.

Əgər bir başqası bismillahı deyər, lakin heyvanı kəsən susarsa, onun kəsdiyi, halal olmaz.

5. Təsmiyyə'nin, kəsiləcək heyvana qarşı olması da, şərtdir. Bir kimsə, təsmiyyə'ni, görəcəyi işə başlamağı murad edərək zikr edər və heyvanı kəsərsə, yenə, kəsdiyi halal olmaz.

Bundan dolayı, "əlhəmdulilləh" dediyi halda, onunla təsmiyyə'ni murad etməyib, Allaha şükr etməyi murad etsə, yenə, kəsdiyi halal olmaz.

Yenə, təhlil ("lə iləhə illəllah" demək), təkbir ("Allahu əkbər" demək) və ya təsbih ("subhanallah" demək) gətirsə və onunla heyvanı kəsməyə dair, bismillahı murad etməsə, kəsdiyi, halal olmaz. Muradı, Allahın vahdaniyyətini (birliyini) iradə; sifətlərinin nöqsanlardan münəzzəh olduğunu muraddırsa, kəsdiyi, yeyilməz. "Bədai"də də belədir.

• Əgər heyvanı kəsən şəxs, asqırsa və arxasınca da, "əlhəmdulilləh" desə; onunla da, asqırmağına qarşılıq olması üçün niyyət etsə və sonra da heyvanı kəssə, bu halda, bu heyvanın əti, halal olmaz. "Fətəva Qadıxan"da da belədir.

6. Allah Taala'nın ismini, ixlas üzərə tə'zimən söyləmək də, şərtdir. "Allahumməğfirli" (=Allahım, məni bağışla) deyərsə, bu, bir təsmiyyə olmaz. Çünki bu, bir duadır. Dua ilə də, xüsusilə təzim qəsd edilməz.

--------------------------------------------------

Bismillah, nə vaxt deyiləcək?

İxtiyari heyvan kəsməyin təsmiyyə vaxtına gəlincə, onu təqdim (kəsimdən əvvəl söyləmək), caiz olmaz. Ancaq qaçılması mümkün olmayan az bir vaxt, müstəsnadır.

• Zərurət vaxtına gəlincə, bu halda, bismillah çəkməyin vaxtı, ovçunun, atacağını atma və ya göndərəcəyini (ov heyvanını) göndərmə vaxtıdır.

Ovuna, sağ ikən çatan şəxs, onu, məşru şəkildə boğazlayar.

8. İxtiyari boğazlamada, bismillahı, hansı heyvan üçün çəkdiyini, müəyyənləşdirməkdir.

Bundan dolayı, bir kimsə, bir heyvanı kəsmək niyyətilə bismillah deyər, sonra da o heyvandan başqasını kəsər və -əvvəlki bismillah, ikisi üçün də, caizdir- zənn edərsə, bax o vaxt, bu şəxsin kəsdiyi, yeyilməz.

Əlbəttə və əlbəttə, hər ikisi üçün də, ayrı-ayrı bismillah deyəcəkdir.

9. Boğazlama əsnasında, əhil heyvanın sağ olması da, şərtdir. Həyat əlamətləri, istər az, istərsə də çox olsun, fərqi yoxdur.

Bu əlamətləri, imam əbu Hənifə'yə görədir.

İmameyn'ə görə isə, kəsiləcək heyvanın, həyatı təqərrür etmiş (qərar qılan, sabit) olacaqdır. "Bədai"də də belədir.

Bir yerdən yuvarlanmış; və ya boğulmuş; yaxud əsa ilə vurulmuş; və ya xəstə bir qoyun, qarnı yarılmış bir heyvan boğazlandığı vaxt, baxılar:

~ Əgər onda, həyat əlaməti varsa, icma ilə, əti yeyilə bilər.

~ Əgər həyat ümidi yoxdursa, onun boğazlanması, halaldır. İstər yaşasın, istər yaşamasın, eynidir.

Bu, imam əbu Hənifə'yə görə belədir. Əsahh (ən doğru) olan da, budur. Fətva da, bunun üzərinədir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bir heyvan kəsildikdən sonra, bundan dolayı qanın çıxması səbəbilə, əti halal olur.

Bu qanın çıxması, ətinin halal olması üçün, mütləq şərtdirmi?

Bu xüsusda, məşəyiximizdən gələn rəvayətlər, bir xeyli çoxdur.

Bəzi fətva kitablarında: "Kəsilən heyvanın halal olması üçün, 2 şeydən biri lazımdır:

1. Heyvanın hərəkət etməsi;

2. Kəsilən heyvanın qanının axması.

Əgər bunlar yoxdursa, halal olmaz." "Bədai"də də belədir.

• Əgər bir qoyun və ya inək kəsilib, ondan qan çıxar, lakin bu heyvanda bir hərəkət olmaz, ancaq bu qanın çıxması, sağ heyvanın qanının çıxması kimi olarsa, imam əbu Hənifə'yə görə, onun əti, yeyilə bilər. Biz də, bunu götürürük.

• Bir adam, xəstə bir qoyun kəsdiyi vaxt, onda, heç bir hərəkət olmaz, sadəcə, onun qapalı olan ağzı açılarsa, bu halda, əti yeyilməz. Əgər açıq olan ağzı, bağlanarsa, əti yeyilə bilər.

Əgər qapalı olan gözü açılarsa, əti yeyilməz. Və əgər açıq olan gözü bağlanarsa, əti yeyilər. Və əgər ayaqları uzanarsa, əti yeyilməz. Əgər ayaqları toplanarsa, əti yeyilər.

Əgər tükləri tərpənərsə, əti yeyilər; əgər tərpənməzsə, əti yeyilməz.

Bunların hamısı, heyvanın kəsildiyi vaxt, canlı olub-olmadığı bilinmədiyi vaxt, belədir. Və dediyimiz şeylər, onda həyat olduğunun əlamətləridir.

Ancaq, heyvanın canlılığı bilindiği vaxt, hər halı ilə onun əti yeyilə bilər. "Siracu'l-Vəhhac"da da belədir.

---------------------------------------------------

Heyvan kəsməyin hökmü

• Heyvan boğazlamağın hökmü: Boğazlanacaq heyvanın, əti yeyilən təmiz heyvanlardan olması lazımdır.

Əti yeyilməyən heyvanlar isə, başqa faydalar təmin etmək üçün boğazlanar. Səraxsi'nin "Muhit"ində də belədir.

Müşkil xunsanın (haşiyə) kəsdiyi

• Qadınlığı, kişiliyi bəlli olmayan kimsələrlə, qadın təbiətli kimsələrin kəsdiyi də yeyilə bilər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

--------------------------------

(Haşiyə:

Fiqhdə, "xunsə" məsələsi, 2 qrupa ayrılaraq ələ alınmışdır. Belə ki:

~ Birincisi: Kişiliklə qadınlıq əlamətlərinə bərabər sahib olmaqla bərabər, biri, digərinə qalib olan, yəni, kişi və ya qadın olduğuna, asanlıqla hökm edilən "qeyr-i müşkil xunsə" olaraq adlandırılan kimsədir. Bunlar haqqında, müəyyən olan cinsin hökmləri tətbiq edilir.

~ İkincisi isə: Hansı cinsdən olduğuna, asanlıqla hökm edilə bilməyəcək tərzdə, kişilik və qadınlıq orqanına bədabər sahib olan və ya bu orqanlardan heç birini daşımayan kimsə olub, buna da, "müşkil xunsə" deyilir. "Xunsə" deyilincə, ümumiyyətlə, bu ikinci qrupa girən kimsələr qəsd edilir. Bunların "müşkil" olaraq vəsf edilməsi də, cinsiyyətini və dolayısı ilə haqlarında tətbiq ediləcək hökmü müəyyənləşdirməyin çətinliyini ifadə üçündür.

---------------------------

~ Alaca dərili (vitilqo, yəni, dəri və selikli qişalarda, ağ rəngli, oval və ya dairəvi formalı ləkələrlə müşahidə olunan dəri xəstələri)'nin;

~ İlk dəfə təcrübə üçün kəsən şəxsin;

~ Çörəkçilərin;

~ Aşbazların; və

digər sənət sahiblərinin, məşru (şəriətin uyğun gördüyü) bir şəkildə kəsdiklərində, kərahət olmaz. "Ğaraib"də də belədir.

Qadının kəsdiyi heyvan

• Müsəlman və kitab əhli olan qadının kəsdiyi də, eynilə kişinin kəsdiyi kimidir və yeyilə bilər.

• Lal olan müsəlmanların və kitab əhlinin kəsdiyi də, yeyilə bilər. "Fətəva Qadıxan"da da belədir.

Ehramlı olan şəxsin kəsdiyi ov heyvanı

• Ehramlı kimsənin kəsdiyi ov heyvanı, istər hill'də (Məkkə və Mədinə haramlarının xaricində qalan bölgədə), istər haramda olsun, yeyilməz.

Lakin ehramlı olan şəxsin kəsdiyi heyvan, ov heyvanı deyildirsə, harda kəsirsə kəssin, əti yeyilə bilər. Çünki bu, məşru bir işdir.

Nasrani'nin (xristiyanın) kəsdiyi ov heyvanı, haram daxilində kəsilmiş olarsa, əti yeyilməz. "Siraciyyə"də də belədir.

Müsəlmanın kəsdiyi məcusi (atəşpərəst) qoyunu

• Bir müsəlmanın, -onların atəşləri üçün- kəsdiyi məcusi qoyunun əti, yeyilə bilər.

Və ya bir kafirin ilahları üçün, müsəlmanın kəsdiyi, -kafirin qoyunun əti- yeyilə bilər. Çünki onları kəsərkən, Allahın adını zikr edir.

Yenə də, belə etmək, məkruhdur. "Camiu'l-Fətəva"da da belədir.

Qonaq üçün kəsilən heyvan

• "Müşkil" kitabında, belə zikr edilmişdir: Bir kimsənin, qonağına təzim üçün kəsdiyi heyvanın əti, yeyilməz. Yenə, əmirin (=hökmdarın, komandirin) və ya başqa birinin gəlməsinə təzimən kəsilən heyvanın əti də, halal olmaz. Lakin bir kimsə, heyvanı, qonağına ikram olsun deyə kəsərsə, bunda, bir beis yoxdur. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• "Təcrid" kitabında, belə zikr edilmişdir:

Bir müsəlman, bir heyvanı boğazladıqdan sonra, bir məcusi, bıçaqla onun dərisini üzsə, əti haram olmaz.

Əgər məcusi boğazlayar, lakin müsəlman soyarsa, halal olmaz. "Tatarxaniyyə"də də belədir.

Heyvan boğazlanarkən, kəsilməsi lazım gələn damarlar

• Heyvan boğazlanarkən, bu 4 damar kəsilir:

1. Ulğum (=nəfəs borusu);

2. Məri (=yemək borusu);

34. Vədcan (=bunlara, şah damar da deyilir. Boyun damarının yanında olur. Qan, bu damarlardan cərəyan edib axır.)

Bu damarların dördü də kəsilərsə, kəsilən heyvanın əti, halal olar.

Bunların əksəriyyəti, yəni, üçü kəsilərsə, imam əbu Hənifə'yə görə, yenə halal olar.

İmameyn'ə görə isə, nəfəs borusu, yemək borusu və vədceyn deyilən qan damarlarından birinin mütləq kəsilməsi lazımdır.

Əsahh olan qövl isə, imam əbu Hənifə'nin qövlüdür. Çünki çoxluq, bütün hökmündədir. "Mudmarat"da da belədir.

• "Camiu's-Sağir"də, belə zikr edilmişdir:

Nəfəs borusunun yarısı, qan damarlarının yarısı, mərinin yarısı kəsilərsə, halal olmaz. Çünki halal olması, hamısının və ya əksəriyyətinin kəsilməsinə bağlıdır. Yarı isə, bütün hökmündə deyildir. "Kafi"də də belədir.

• imam Muhamməd, belə demişdir:

Nəfəs borusu, məri və vədceynin çoxu kəsilərsə, kəsilən heyvan, halal olar; deyilsə, olmaz.

Alimlərimiz: "Cavabların ən isabətlisi, budur." demişlərdir.

• Bir qoyun, ənsəsindən boğazlandığında, əgər ölmədən əvvəl, bu bəhsi keçən damarların əksəriyyəti kəsilmişdirsə, əti, halal olar.

Əgər damarların çoxu kəsilmədən əvvəl ölərsə, halal olmaz. Bu şəkildə kəsmək, məkruhdur. Çünki, sünnətə müxalifdir. Bu şəkildə kəsməkdə, heyvana çox zəhmət verilir. "Muhit"də də belədir.

Doğması yaxın olan heyvanı kəsmək

• Qoyun və ya inəyin doğumu yaxın olarsa, bunları boğazlamaq, məkruhdur. Çünki, kəsilərsə, qarnındakı balası da ölər.

Bu, imam əbu Hənifə'nin qövlüdür. Çünki, Ona görə, anasının boğazlanması ilə, qarnındakı balası, boğazlanmış sayılmaz. "Fətəva Qadıxan"da da belədir.

Kəsilən heyvanın qarnındakı bala

• Bir kimsə, bir dəvəni və ya bir inəyi boğazladığında, qarnında ölmüş balası olarsa, -istər tüklü olsun, istərsə də tüksüz olsun- onun əti, yeyilməz. Bu, imam əbu Hənifə'nin qövlüdür.

İmameyn isə: "Xilqəti (=yaradılışı) tamamlanmışdırsa, əti yeyilə bilər." demişlərdir. "Hidayə"də də belədir.

• Heyvan qarnından çıxan bala, canlı olar və boğazlayacaq qədər bir zaman keçmədən əvvəl ölərsə, əti yeyilə bilər. Bu, İmameyn'in qövlüdür. İmam əbu Hənifə'nin qövlünə görə isə, bu, halal deyildir. "Nihayə"də də belədir.

• Bir adam, sağ bir qoyunun qarnını yararaq, balasını çıxarıb onu boğazlayar; sonra da bu qoyunu boğazlayarsa, alimlər: "Əgər bu halda qoyun yaşamazsa, əti, halal olmaz. Bu, onu boğazlamaq demək deyildir. Əgər o halda yaşayarsa, onu kəsincə, əti yeyilə bilər. Çünki ikinci kəsmə, ona aiddir." demişlərdir. "Fətəva Qadıxan"da da belədir.

• Bir adam, çətin bir doğuş edən inəyin fərcindən (cinsi orqanından), -əlini qarnına salaraq- balasını orda boğazlasa, başqa imkan olmadığından, o, halal olar. Şəmsu'l-əimmə (imamların günəşi) Kərdəri'nin "Vəciz"ində də belədir.

• Bir pişik tərəfindən başı qoparılmış olan bir toyuğun ətini boğazlamaqla, -hərəkət etsə belə- yemək, halal olmaz. "Multəqit"də də belədir.

---------------------------------------

Kəsmə alətləri

• Boğazlama alətləri, 2 cürdür:

1. Kəsici;

2. Pozucu.

Kəsici alətlər də, 2 cürdür:

1. Kəskin;

2. Paslanmış.

Kəskin bir alətlə heyvan kəsməkdə, kərahət yoxdur. İstər dəmir olsun, istər başqa bir şey olsun, fərqi yoxdur.

Əgər qamış qabığı, çaxmaq daşı, əsa dəmiri, sümük və ya paslanmış bir şeylə kəsərsə, bu da, kərahətlə bərabər caiz olar.

Əgər diş və dırnaq ilə kəsərsə, bu da halal olar; lakin, məkruhdur. Səraxsi'nin "Muhit"ində də belədir.

• Pozucu alətə gəlincə: Yerində duran dırnaq və diş ilə heyvan kəsmək, icma ilə caiz deyildir.

Əgər kəsilərsə, o heyvan, leş olar; əti yeyilməz. "Bədai"də də belədir.

---------------------------------------

Heyvan, necə kəsilməlidir?

• Dəvə kəsimində sünnət olan şəkil: Dəvəni, sol qabaq ayağını bağlayaraq, ayaqda kəsməkdir. Yatırılsa da caizdir. Ancaq ayaqda kəsmək, əfdaldır.

Qoyun və inəkdə sünnət olan şəkil isə: Bunları, yanları üzərə yatıraraq boğazlamaqdır.

Əgər imkan varsa, kəsiləcək bütün heyvanları qibləyə çevirərək kəsmək, sünnətdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Müstəhəb olan, boğazlamağı, gündüz və ixtiyari şəkildə etmək və bıçaq, qılınc və bənzəri kimi kəskin bir alətlə kəsməkdir.

Paslanmış alətlə kəsmək və dəmirin xaricindəki şeylərlə kəsmək, məkruhdur.

• Boğazlamağın şərtlərindən biri də, qan (=can) damarlarını, mərhəmətlə kəsməkdir.

Boynun ön qismindən kəsmək, müstəhəb; arxa qismindən kəsmək isə, məkruhdur.

Qan damarlarını tamamilə kəsmək də, müstəhəbdir. Bir qismini kəsib, bir qismini buraxmaq isə, məkruhdur.

Bu damarları kəsməklə kifayətlənmək, müstəhəbdir. Başı tamamilə kəsib ayırmaq isə, ilk həmlədə, məkruhdur.

Heyvanı boğazlayarkən, "Allahım, filan kimsədən qəbul et." demək də, məkruhdur. Ancaq kəsmə işi bitdikdən sonra və ya onunla məşğul olmağa başlamadan əvvəl belə deyərsə, kəsdiyi, haram olmaz.

Heyvanı kəsdikdən sonra, soyumadan əvvəl onun murdar iliyini kəsmək də, məkruhdur.

Kəsilən heyvanı soyumadan soymaq da, məkruhdur.

Əgər bu işlər, heyvan soyumadan edilərsə, bu halda, ətini yeməkdə bir beis yoxdur.

Heyvan yatırıldığında, kəsiləcəyi yerə doğru ayağından sürüdülərək aparmaq da, məkruhdur.

Heyvanı yatırdıqdan sonra, bıçağı onun yanında itiləmək də, məkruhdur.

Ancaq, bunların heç biri, kəsilən heyvanın ətinin yeyilməsini, haram etməz. "Bədai"də də belədir.

• Zəbh ediləcək heyvanı, nəhr; nəhr ediləcək heyvanı da, zəbh etmək, caizdir. Lakin bu, sünnəti tərk etmək demək olduğundan, məkruhdur. "Xizənətu'l-Muftin"də də belədir.

• Bir adam, boğazlayacağı dəvə, inək və ya qoyunun boğazına bıçaq vurar, bismillah deyərsə, bıçağı boğazına vurması halında, onun əti yeyilə bilər.

Əgər bıçaq vurmuş, bir az kəsmiş, gözləmiş, heyvan da tam boğazlanmadan ölmüşdürsə, leş olar; əti də yeyilməz. Lakin ölmədən əvvəl, tam damarlarını kəsərsə, heyvanın əti, yeyilə bilər; ancaq, bu halda, o şəxs, məkruh bir iş görmüş sayılır. Çünki, ehtiyac olmadan, heyvana əziyyət vermiş olur. Əgər heç ara vermədən boğazlayarsa, təzkiyə, tamdır; və əti də, halaldır. "Bədai"də də belədir.

• Qibləyə tərəf çevirmədən yatırılıb kəsilən heyvanın əti, yeyilə bilər, halaldır. Lakin bu, məkruh olar. "Cəvahiru'l-Əxləti"də də belədir.

• Öküzü ölmək üzərə olan kimsənin yanında, kəsici bir alət olmaz və belə bir alət istədiyi halda tapa bilməz və kəsəcəyi heyvanı yaralasa, bunun əti, halal olmaz. Ancaq, damarlarını kəsə bilərsə, halal olar.

Qadı Abdu'l-Cabbar: "Əgər yaralayarsa, halal olar." demişdir. "Qunyə"də də belədir.

• Murdar ilik deyilən ağ damarı kəsmək, məkruhdur.

Ancaq, bu, kəsildiyi təqdirdə də, heyvanın əti, yeyilə bilər. Kəsilən heyvanın boynu uzadılar ki, kəsən şəxs, o damarları, açıq bir şəkildə görə bilsin.

Heyvan, çırpınmağı dayandırmadan, o damar da kəsilərsə, məkruh olar. Çünki, heyvana, zərurətsiz zəhmət verilmiş olar.

Xülasə, kəsərkən, heyvana zərurətsiz zərər vermək, məkruhdur. "Kafi"də də belədir.

----------------------------------------------

Heyvan kəsərkən nə deyilməlidir?

Baqqali, belə demişdir:

Müstəhəb olan, heyvanı kəsərkən: "Bismilləhi Allahu Əkbər" deməkdir. Və bunu, oraya "vav" hərfi gətirmədən (yəni, "Bismilləhi vallahu əkbər" şəklində olmadan) söyləməkdir. Əgər "vav" hərfilə olarsa, təsmiyyənin fövriliyini kəsər və məkruh olar. "Muhit"də də belədir.

• Bir adam, bir heyvanı kəsərkən, Allah və rəsulun isimlərini, aralarına "vav" hərfi qoymadan söylədiyində, bunda, 3 cəhət vardır:

1. Ya, "Muhammədən" deyəcəkdir;

2. Ya, "Muhammədun" deyəcəkdir;

3. Ya da, "Muhammədin" deyəcəkdir.

Bunların hamısında da, o şəxsin kəsdiyi, halal olar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), ətf hərfsiz söylənər. Lakin bu, -yəni, birləşmiş halda söylənsə- məkruh olar.

Əgər "vav" hərfi və hərf-u cərr ilə (yəni, "Allah və Muhammədin" şəklində) söylənsə, kəsdiyinin əti, yeyilməz. Çünki kəsən şəxs, o heyvanı, həm Allah, həm də Rəsulu üçün kəsmiş olur.

Əgər mərfu olarsa (yəni, "Muhammədun" şəklində) olarsa, kəsdiyi halal olar. Çünki, bu söz, başlanğıc olur.

Əgər mənsub (yəni, "Muhammədən" şəklində) oxuyarsa, bu halda, yeyilib-yeyilməyəcəyində ixtilaf vardır.

Buna qiyasən, əgər Allah ismilə bərabər, başqa bir isim söyləyərsə, hal, yuxarıdakıların eynisi olacaq.

(Yəni, buna çox diqqət etməli və sadəcə Allahın ismini zikr etməlidir.) "Nihayə"də də belədir.

• Heyvan kəsən kimsə: "Bismillah. Allahım! Filan kimsədən qəbul et." deyərsə, bu, ancaq, məkruh olar.

Əgər heyvanı kəsmədən əvvəl və ya bundan sonra, "Allahım! Filan kimsədən qəbul et." desə, bu halda, bir şey lazım gəlməz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bir kimsə, heyvanı kəsərkən, "lə iləhə illəllah" deyib, damarlarının yarısını kəsər; sonra da, "Muhammədun Rasulullah" deyib yarı qalan damarlarını kəsərsə, bu heyvanın əti, yeyilməz. Heyvan kəsərkən, sadəcə Allahın ismini zikr etmək lazımdır. Bu, fərzdir. "Qunyə"də də belədir.

• Əgər heyvanı kəsən şəxs: "Bismillah və sallallahu alə Muhamməd" deyər və ya "və" bağlayıcısı olmadan bu cümləni söyləyərsə, bu şəxsin kəsdiyi heyvanın əti -məkruh olmaqla bərabər- halal olar.

Baqqali isə: "Təsmiyyə ilə boğazlama müvafiq olmuşdursa, halal olar. Əgər Muhamməd (sallallahu aleyhi və səlləm)'in ismi, Allahın isminə iştirak etmişdirsə, halal olmaz." demişdir.

"Əgər Muhamməd (sallallahu aleyhi və səlləm)'in ismilə təbərrük murad edilmişdirsə, kəsilən, halal; lakin, məkruh olar." "Muhit"də də belədir.

--------------------------------------------------

Qəsdən bismillahı tərk etmək

• Qəsdən bismillahı tərk edən kimsənin kəsdiyi heyvanın əti yeyilməz və halal olmaz.

Əgər heyvan kəsən şəxs, bismillahı yaddan çıxararaq zikr etməmişdirsə, kəsdiyi heyvanın əti, halal olar.

Müsəlman ilə kitab əhli, bu xüsusda, eynidir. "Kafi"də də belədir.

"əl-Fətəva əl-Attabiyyə"də: "Mürahiq (büluğ yaşına, yəni, 12 yaşına girib hələ baliğ olmayan oğlan uşağı) də, bu xüsusda, böyük kimidir." deyilmişdir.

• Əgər qəssab: "Mən, qəsdən bismillahı tərk etdim." deyərsə, onun kəsdiyi, halal olmaz; və bu qəssab, kəsdiyi heyvanın qiymətini, mal sahibinə ödəyər. "Xizənətu'l-Muftin"də də belədir.

• Bismillah dediyi halda, niyyətini tam hazır etmədən kimsənin kəsdiyi heyvanın əti, -bütün alimlərimizə görə- yeyilə bilər. "Fətəva Qadıxan"da da belədir.

• Bir adam, qoyunu yatırıb, bıçağını əlinə alar və bismillah deyər, sonra da o qoyunu özü kəsməyib, başqa birisi kəsər; o da, bismillahı qəsdən tərk edərsə, kəsdiyi, halal olmaz. "Xülasə"də də belədir.

• Bir kimsə, kəsmək üçün bir qoyunu yatırdığında, bıçağını götürərək bismillah deyər; sonra da o bıçağı qoyub başqa bir bıçaq alar və o bıçaqla bu qoyunu kəsərsə, halal olar.

Əgər bir ovçu, bir ox götürər və bismillah deyər; sonra da o oxu qoyub başqa bir ox götürər və əvvəlki oxuduğu bismillah ilə o oxu atarsa, bu halda, vurduğu ovun əti, halal olmaz. "Cəvahiru'l-Əxləti"də də belədir.

• Bir adam, kəsmək üçün yatırdığı qoyuna bismillah çəkdikdən sonra hir kimsə ilə danışsa, su içsə, bıçağını itiləsə, bir loxma çörək yesə və ya bunlara bənzər bir şey etsə, aradan çox vaxt keçməmiş olması halında, o bismillah ilə kəsilən qoyunun əti, halal olar.

Əgər söhbət uzanar, əməli çoxalarsa, kəsdiyinin ətini yemək, məkruh olar. Burda, bir müddət təyin edilməmişdir; adətə baxılar: Əgər insanlar, "Çox oldu." deyərlərsə, çox; "Az oldu." deyərlərsə, az qəbul edilər.

Burdakı kərahətdə, alimlər ixtilaf etdilər: Zəfərani'nin "Ədahi" adlı kitabında, belə deyilmişdir.

Əgər bu vaxt bıçağını kəskinləşdirərsə, təsmiyyəsinin arası kəsilmiş olar. Zaman istər az, istərsə çox olsun, fərqi yoxdur. "Muhit"də də belədir.

• Əgər bismillah deyər, sonra da yatırdığı qoyunu qaldırıb başqa yerə yatırarsa, bismillahın arası kəsilmiş olur. Yəni, bu heyvanı, əvvəlki bismillah ilə kəsə bilməz. "Bədai"də də belədir.

• Bir adam, vəhşi bir eşşəyi görər və bismillah deyərək ov itini yollayıb onu ovlayarsa, halal olar. Kərdəri'nin "Vəciz"ində də belədir.

• Bir adam, qoyununa baxıb, "bismillah" dedikdən sonra, onu bir başqası götürər, yatırar və bismillahı qəsdən tərk edərək kəsər və "Əvvəlki təsmiyyə, caizdir." zənn edərsə, bu halda, o heyvanın əti, yeyilə bilməz. "Bədai"də də belədir.

• Bir adam, 2 qoyunu üst-üstə yatırıb, bir dəfədə ikisini də kəsərsə, bu halda, 1 təsmiyyə, kifayət edir.

Əgər sərçə quşlarını əlində toplayıb bismillah ilə birini kəsər; arxasınca da bismillahsız birini kəsərsə, bu halda, ikinci kəsdiyi, yeyilməz.

Əgər bir bismillah ilə bir dəfədə bir neçəsini kəsərsə, bu halda, 1 tək bismillah, kifayət edir. "Xizənətu'l-Muftin"də də belədir.

Ən doğrusunu bilən, Allah Taala'dır.

------------------------------------------------

İkinci bab: Ətləri yeyilən və yeyilməyən heyvanlar

Heyvanlar, 2 növdürlər:

1. Dənizdə yaşayan heyvanlar;

2. Quruda yaşayan heyvanlar.

Dənizdə yaşayan heyvanlardan bütün balıqların əti, yeyilə bilər. Digərlərinin isə, yeyilməz.

Ancaq özlüyündən ölən və ya öldürüldüyü halda, suyun üzərində qarnı yuxarı olaraq yatmaqda olan balıqların əti, yeyilməz.

• Quruda yaşayan heyvanlardan, arı, milçək, hörümçək, gübrə böcəyi, əqrəb və bənzəri heyvanların əti, yeyilməz. Çəyirtgə isə, əti yeyilən heyvanlardandır.

Yenə, ilan, eşşək arısı və bütün həşəratlar, siçan, kirpi, sünbülqıran, allactaga (yer dovşanı), çöl (vəhşi) pişik və bənzəri heyvanların haramlığında da, ixtilaf yoxdur. Tülkü, xaricdir. Çünki o, Şafii'lərə görə halaldır.

Dəvə, inək, qoyun kimi əhil heyvanların ətləri, icma ilə, yeyilə bilər.

Vəhşi heyvanlardan maral, öküz, yabanı (vəhşi) eşşək, yabanı dəvə kimi heyvanların ətləri, müsəlmanların görüş birliyilə, halaldır.

Əhlilləşmiş heyvanlardan olan yırtıcı olan it, pələng, pişik kimi heyvanların ətləri, yeyilməz.

• Vəhşi və eyni zamanda yırtıcı olan heyvanların ətləri, yeyilməz.

Dırnaq və dişi olan yırtıcı quşların ətləri də yeyilməz.

Vəhşi heyvanlardan yırtıcı dişli olan, şir, canavar, pələng, leopard, vəhşi pişik, sincab, samur, ayı, meymun və bənzəri heyvanların ətləri, xilafsız olaraq yeyilməzlər.

Quşlardan pəncəli olan şahin, atmaca, qartal və bənzərlərinin əti, yeyilməz.

Əhil quşlardan toyuq, qaz, ördək kimi pəncəsiz olanların və vəhşi olduğu halda pəncəsi olmayan göyərçin, sərçə, kəklik, qurqur, durna, dənə yeyən qarğa və bənzərləri, icma ilə halaldır. "Bədai"də də belədir.

• Qumru, quyruqsallayan və sığırçın kimi quşları yeməkdə də, bir beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.

• Pislik yeyən bir dəvənin, -əgər əksəriyyətlə yediyi pislikdirsə- və əti də iylənirsə, onun ətini yemək, iylənmiş yeməyi yemək kimi, məkruhdur.

Bu məsələni, Qadi, "Tahavi Şərhi Muxtasarı"nda:

"Halal olmaz. Ancaq ətdən bir şey üçün istifadə edəcəksə, o, müstəsnadır. Lakin, bir müddət həbs edilər; ona, ot və bənzəri şeylər yedirilərsə, o təqdirdə, əti, halal olar." şəklində yazmışdır.

Həbs edilmə müddəti haqqında, Zahiru'r-Rivayə'də (haşiyə), imam Muhamməd, "İmam əbu Hənifəyə görə, həbsində, müəyyən bir müddət yoxdur. Ətinin qoxusu gedənə qədər, həbs edilər." demişdir.

----------------------------------

(Haşiyə:

Zahiru'r-rivayə: İmam Muhamməd b. Həsən əş-Şeybani tərəfindən qələmə alınan və Hənəfi məzhəbinin quruluş dövrü əsas görüşlərini ehtiva edən əsərlərin ortaq adıdır.

Buna, "məsailu'l-üsul" da deyilir. (bax: ibn Abidin, "Rasail", l, 16)

Hənəfi məzhəbinin əsaslarına aid ictihadların, imamlardan sonrakı dövrlərə nəqli, ümumiyyətlə imam Muhammədin kitabları vasitəsilə olmuşdur. Çünki imam Muhammədin həm əsərləri çoxdur, həm də bunlar, dövrümüzə qədər gəlib çıxmışdır. Bu səbəblə, ona, Hənəfi məzhəbinin "naqili / nəql edəni" deyilməkdədir.

İmam Muhammədin, əbu Hənifənin, əbu Yusufun və özünün görüşlərindən topladığı kitabların bir qismi, təvatür və ya şöhrət yolu ilə siqa ravilər tərəfindən nəql edilmişdir. Bir qisminin rəvayəti isə, bu dərəcə sağlam deyildir. Bunlardan birincisinə - "Zahiru'r-Rivayə"; ikincisinə isə - "Nadiru'r-Rivayə" deyilir. (bax: ibn Abidin, "Durru'l-Muxtar", l, 69)

"Zahiru'r-Rivayə" məsələləri, imam Muhammədin topladığı bu 6 kitabda cəm edilmişdir:

1. "əl-Məbsut": imam Muhammədin bizə qədər gələn əsərləri içərisində, ən böyüyüdür. O, bu əsərdə, əbu Hənifə və əbu Yusufun fürua aid görüşlərini nəql etmiş və öz görüşlərini də bunlara əlavə etmişdir. Bu kitaba, "əl-Asl" da deyilir.

2. "əl-Camiu's-Sağir": Bu kitab, 1502 (və ya 1532) məsələ ehtiva etməkdədir. Bunlardan 170'ində ixtilaf vardır. Bu kitabda, əbu Yusuf'un, əbu Hənifə'dən rəvayət etdiyi məsələləri də toplanmışdır.

3. "əl-Camiu'l-Kəbir": əbu Hənifədən, arada vasitə olmadan, şəxsən özündən aldığı məsələləri ehtiva etməkdədir. Məsələlərlə bağlı bəzi açıqlama və təhlillərə yer verilmişdir.

4. "əs-Siyəru's-Sağir": Dövlətlər hüququna dairdir.

5. "əs-Siyəru'l-Kəbir": Bu əsər də, dövlətlər hüququna aiddir. Səraxsi tərəfindən şərh edilmişdir.

6. "əz-Ziyadat""Ziyadatu'z-Ziyada": "əl-Camiu'l-Kəbir"də əskik buraxılan məsələlərin tamamlayıcısıdır.

---------------------------------------

İmam əbu Yusuf da, yenə, imam əbu Hənifə'nin: "Həqiqətən, bu dəvə, 3 gün həbs edilər." dediyini rəvayət etmişdir.

• İbn Rüstəm, imam Muhamməd'in belə dediyini rəvayət etmişdir:

Pislik yeyən dəvə, inək və qoyunun, əti iylənər və ondan pis bir qoxu hiss hiss edilərsə, o təqdirdə, onun südü içilməz və əti yeyilməz.

Hədiyyə edilməsi və satılması isə, caizdir.

Ancaq, buna, "Raddu'l-Muxtar"da, Səraxsi'dən rəvayətən müxalifət edilmiş və: "Hədiyyə edilməsi də, satılması da, məkruhdur." deyilmişdir. Üzr halı isə, müstəsnadır.

• Nəcasət (pislik) yeyən toyuğun muxəllə (öz başına, istədiyi kimi istədiyi yerdə gəzən, tövlədə olmayandırsa) ətini yeməkdə, kərahət yoxdur. Çünki ümumiyyətlə, toyuq, onu yeməkdədir. Ancaq, belə bir toyuğu, qarnındakı nəcasət gedənə qədər həbs etmək, əfdaldır. "Bədai"də də belədir.

• Qaranquş, qurqur, ququ quşunun ətini yeməkdə, bir beis yoxdur. Çünki bunlar, dimdikli, pəncəli deyildirlər. "Zahiriyyə"də də belədir.

• imam əbu Yusuf, bir sual qarşısında, belə dedi:

- Mən, imam əbu Hənifə'dən, sağsağan quşu haqqında soruşdum. O da: "Onun ətini yeməkdə də, bir beis yoxdur." dedi.

- Mən, Ona: "Həqiqətən, o, nəcasət yeyir." dedim.

- O, belə cavab verdi: "Başqa şeylər də yeyir. Nəcasəti qatar və elə yeyər. Toyuq kimidir; bir beis yoxdur."

İmam əbu Yusuf'a görə, bunların ikisi də, nəcasət yediyi müddətcə, məkruhdur. "Fətəva Qadıxan"da da belədir.

Zənbur böcəyini, həyatda ikən və şişmədən əvvəl, yeməkdə bir beis yoxdur. "Zahiriyyə"də də belədir.

• Mütəaxxirun alimləri: "Zənabir evlərini (pətəkdəki qurd yuvalarını) yemək, məkruhdur." demişlərdir. "Multəqit"də də belədir.

• Qumrunun əti, yeyilə bilər. Lakin, bayquş yeyilməz. Bəzi yerlərdə: "Yeyilər." deyilmişdir. Bəzi yerlərdə isə: "Yeyilməz. Çünki, pəncəsi vardır." deyilmişdir.

"Şaqraq quşu, yeyilməz." deyilmişdirsə də, indi yeyilməkdədir.

Atamın yazısında: "Şaqraq, yaşıl bir quşdur və qırmızı ilə qarışıqdır." deyildiyini gördüm. Ancaq atam, onun yeyilib-yeyilməyəcəyini yazmamışdır.

• "Tovuz quşunu yeməkdə, bir beis yoxdur." deyilmişdirsə də, imam Şabi: "Şiddətlə məkruhdur." demişdir. Və fətva da, buna görə verilir. "əl-Fətəva əl-Hammadiyyə"də də belədir.

• İbrahimdən belə rəvayət edilir:

Quşlardan pəncəli olanlar, məkruhdur.

Cifə (=leş) yeyənlər də, məkruhdur. Biz də, bunu götürürük.

Cifə yeməyən quzğun kimi bəzi heyvanlar da, tab'an (təbiəti gərəyi), xəbisdirlər.

Lakin, yenə, dənə yeyən qarğalar, təmiz dənələr yeyirlər və onlar, təmizdirlər.

Cifə ilə dənəni qarışdıran qarğalar haqqında, imam əbu Yusuf, belə demişdir: "Həqiqətən onu yemək, məkruhdur."

İmam əbu Hənifə isə, toyuğa qiyas edərək: "Onu yeməkdə, bir beis yoxdur." demişdir.

Əsahh (ən doğru) olan da, budur. "Məbsut"da da belədir.

• Əhil eşşəyə gəlincə, onun əti, haramdır. Südü və yağı da, belədir. Yağının yeyilməsi xaricində -ixtilaf edilmiş və bəziləri- : "Qiyas üzərə, istifadə edilməsində, mübahlıq vardır." demişlərdir.

Səhih olan da, budur. "Zəxirə"də də belədir.

• Vəhşi eşşək isə, əhlilləşdiyi vaxt, üzərinə yəhər vurulsa belə, əti, yeyilə bilər.

Ancaq əhil eşşək vəhşiləşərsə, onun əti, yeyilməz. "Tahavi Şərhi"ndə də belədir.

• imam əbu Hənifə'nin qövlünə görə, at ətini yemək, məkruhdur. İmameyn (əbu Yusuf və Muhamməd) isə, buna müxalifdirlər. Alimlər, at ətinin məkruhluğunu açıqlamaq xüsusunda, ixtilaf etmişlərdir. Səhih olanı, haram olmasıdır. Atın südü də, əti kimidir. "Siraciyyə"də də belədir.

• imam Səraxsi, "imam əbu Hənifə'nin qövlü, ehtiyatdır; İmameyn'in qövlü isə, genişlikdir." demişdir.

• Qatıra gəlincə,

~ imam əbu Hənifə'yə görə qatırın əti, hər bir halda məkruhdur.

~ İmameyn isə: "Anaları eşşək olan qatırların ətləri, haram və ya məkruhdur. Anaları inək olan qatırların ətləri isə, haram deyildir. Heyvanlar, analarına tabedirlər." "Zəxirə"də də belədir.

• Bir oğlaq, (keçi balası), eşşək və ya at südü ilə bəslənsə və ya donuz südü içsə, əgər bir müddət yayılmışdırsa, bir beis yoxdur. Çünki o, cəllalə (pislik yeyən heyvan) hökmündədir. Cəllalə həbs edilər və ot yedirilərsə, bir beis yoxdur.

Bunlar, "əl-Fətəva əl-Kubra"da da belədir.

Ən doğrusunu, ancaq Allah bilir...

------------------------------------------------

Üçüncü bab: (Boğazlamaq xüsusunda) fərqli məsələlər

• Bir qoyun, it surətində bir bala doğsa, burda iş, müşkil olur. (Belə ki):

~ Əgər it kimi hürərsə, əti, yeyilməz;

~ Əgər qoyun kimi mələyərsə, əti, yeyilər;

~ Əgər hər ikisini də edirsə (yəni, bəzən it kimi, bəzən də qoyun kimi səs çıxarırsa), bu səfər, qarşısına, su dolu bir qab qoyular. Əgər dililə it kimi içərsə, əti, yeyilməz. Əgər qoyun kimi ağzı ilə su içərsə, əti, yeyilər. Çünki, qoyundur. Əgər suyu hər iki halda da (yəni, bəzən dililə, bəzən də ağzı ilə) içərsə, bu dəfə də, qarşısına, ət və ot qoyular. Əgər otu yeyərsə, qoyundur, əti də yeyilər. Əgər əti yeyirsə, əti yeyilməz. Əgər hər ikisini də yeyirsə, bu də, "bismillahla kəsilər" və qarnından bağırsaq çıxarsa, əti yeyilməz; əgər kiriş çıxarsa, əti yeyilər. "Cəvahiru'l-Əxləti"də də belədir.

• Təmiz və halal olan heyvanın 7 şeyini yemək, haramdır:

1. Axan qanı;

2. Tənasül üzvünü (cinsi orqanını);

3-4. Xayalarını;

5. Qubul (ön qismi)

6. Məsanə (sidik torbası);

7. Öd

"Bədai"də də belədir.

• Qoyun kəsilincə, hərəkət edərsə, onu suya və ya başqa bir yerə atmaq, zərər verməz. Çünki, boğazlanma işi, tamdır. Ondan sonrakı hərəkətlərinə isə, etibar edilməz. "Məbsut"da da belədir.

• Bir adamın toyuğu, bir ağaca asılar (yəni, ilişib qalar), sahibi də ona çata bilməz və onun öləcəyindən və qaçmağından qorxmursa, ona ataraq vurarsa, onun əti, yeyilməz. Əgər öləcəyindən və qaçmağından qorxursa, onu vurunca əti yeyilər.

• Uçan bir göyərçini, sahibi və ya bir başqası vurduğunda, alimlərimizə görə, əgər quş, mənzilinə (yuvasına) geri dönməzsə, atılan ox, istər boynuna isabət etsin, istərsə başqa yerinə, əti yeyilər. Çünki, vuran şəxs, onu boğazlamaqdan acizdir.

Əgər mənzilinə geri gələr və atılan ox, boğazlanma yerinə isabət etmiş olarsa, əti, halaldır. Əgər başqa yerinə dəymişdirsə, bunda ixtilaf edilmişdir. Səhih olanı, ətinin yeyilməsidir.

Bu, imam Muhamməd'dən rəvayət edilmişdir. Əgər göyərçin yerinə qayıdarsa, onu boğazlanma imkanı olar.

• Bir maral, evdən səhraya çıxmış; bir adam da, ona, oxunu atıb boğazlanma yerindən vurmuşdursa; o maralın əti, halal olar; deyilsə və o, vəhşiləşmiş olub yerinə geri gəlmir və tutula bilmirsə; ov kimi olar. "Fətəva Qadıxan"da da belədir.

• Bir adam, bir qoyunun boğazını kəsdiyində, 2 damarını kəsər və bu heyvan ölmədən, damarlarını, başqa biri daha kəsərsə, əti, yeyilə bilər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bir adam, digərinə bir qoyun kəsməsini əmr edər və bu adam, o qoyunu kəsmədən əvvəl, sahibi, o qoyunu bir başqasına satar; sonra da, bu qoyunu, birinci əmr edilən şəxs kəsərsə; onun pulunu, özü ödəyər. Sahibinin satdığını bilsin və ya bilməsin, ondan, o qoyunun pulunu ala bilməz. "əl-Fətəva əl-Kubra"da da belədir.

• Bir canavar, bir qoyunun başını qoparar və bu qoyun ölmədən, boğazı ilə çənəsi arasından boğazlanarsa, əti, yeyilə bilər.

Əgər qurd, qoyunun quyruğunu qopararsa, o quyruq, yeyilməz. Cahiliyyə dövründə isə, bunu yeyərlərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Diridən ayrılan, meytə (ölü)'dür." buyurmuşdur. Bu haldakı mövzuya, baxılar:

~ Əgər o heyvan, quyruqsuz yaşayarsa, əti, yeyilməz.

~ Əgər bu səbəbdən ölərsə, əti, yeyilə bilər.

Kərdəri'nin "Vəcizi"ndə də belədir.

• "Muntəqa"da, belə deyilmişdir:

Bir dəvə, quyuya düşər və sahibi, onun dərhal öləcəyini bilməyib, onu yaralamaz; dəvə də dərhal ölərsə, əti yeyilməz. Lakin, onu kəsərsə, əti yeyilər. "Muhit"də də belədir.

• Bir adam, qoyununu çobana təslim etdiyində, çoban: "Onu öldükdən sonra boğazladım." deyər; sahibi də: "Xeyr, sağ ikən boğazladın." deyərsə; bu halda, -and içməklə bərabər- çobanın sözü məqbul olar və bu qoyunun ətinin yeyilməsi, haramdır. "əl-Fətəva əl-Kubra"da da belədir.

• Qurd, bir qoyunun boynunu qoparar və qoyunun da kəsiləcək yeri qalmazsa, artıq o qoyun, leş sayılır. Kərdəri'nin "Vəciz"ində də belədir.

İbn Səmaa, "Nəvadir" əsərində, imam əbu Yusuf'un, belə dediyini rəvayət etmişdir:

Bir adam, qoyununu ortadan kəsər; ikinci bir adam da, onun şah damarlarının hərəkət etdiyini görər və onun başı da hərəkət halında olarsa; və ya adam, qoyunun qarnını yarıb içini boşaldar; digər bir adam da, onu hərəkət halında görüb onu boğazlayarsa, bu hallarda, o qoyunun əti, yeyilməz. Çünki, onu, əvvəlki adam öldürmüş sayılır.

Burda, Quduri'nin 2 rəvayəti vardır:

1. Əgər qoyuna vuran şəxsin, bu vuruşu, kəsimə manedirsə, əti, yeyilməz;

2. Əgər kəsimə mane deyildirsə, əti yeyilə bilər.

"Bədai"də də belədir.

Ən doğrusunu, Allah bilir.

(əl-Fətəva əl-Hindiyyə)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR