İllət nədir?
✓ İllət:
Bu, "qiyasın istinad etmiş olduğu əsas"ı təşkil etməkdədir.
Faxru'l-İslam Pəzdəvi, "İllət, qiyasın rüknü, yəni, istinad etdiyi əsasdır." demişdir.
Bəzi alimlər, illəti, "Zahir, məzbut (zəbt edilmiş) və hökm üçün münasib bir vəsfdir." deyə tərif etmişlərdir. Məsələn: xamr (içki)'yə nisbətlə sərxoş edicilik; və qılıncla qəsdən adam öldürmə vəsfi, belə bir illətdir. Ölüm cəzası olan qisasın hökmü, öldürücü bir alət istifadə edərək, bir cana qıymaqdır. Güllə ilə adam öldürmək də, buna qiyas edilir.
Bəzi üsul alimləri də, illəti, "Hökmün özünə bağlı olduğunu göstərmək üzərə, haqqında şər'i bir dəlil mövcud olan müəyyən bir vəsfdir." deyə tərif etmişlərdir ki, bu tərif də, məna cəhətindən, əvvəlki təriflə birləşməkdədir.
Yuxarıda açıqladığımız kimi, qiyasın əsasını, nassların tə'lili təşkil etməkdədir. Nass'ların tə'lilini qəbul edənlər, qiyası da qəbul etməkdədirlər. Bu mövzuda, alimlər, 3 qrupa ayrılmışlardır:
1. Nass'ların tə'lilini qəbul edənlər.
Buna görə, xilafına bir dəlil mövcud olmadıqca, əsl olan, nassların tə'lilidir. Bu görüş, Hənəfi'lərlə fəqihlərin cumhurunun metodunu təşkil etməkdədir.
2. Tə'lil edildiyinə dair bir dəlil mövcud olmadıqca, qeyr-i mualləl (tə'lil edilməmiş) olduğunu deyənlər.
3. Nass'ların tə'lilini və dolayısı ilə, qiyası tamamilə qəbul etməyənlər.
Nass'ların tə'lilini qəbul edənlər də, 2 yerə ayrılmışlardır:
1.1. Zahir, məzbut və münasib vəsfi illət olaraq qəbul edənlər.
1.2. Məzbut olub-olmamasına baxmayaraq, münasib vəsfi illət olaraq qəbul edənlər.
Münasib vəsfdən məqsəd də: "nassla təşri edilən (qanun qoyulan) hökmün hikməti"dir.
Birinci görüşü mənimsəyənlər, üsul alimlərinin cumhurunu təşkil edirlər. İkinci görüşü qəbul edənlər də, bəzi Maliki və Hənbəli'lərdir. Bunların başında da, ibn Teymiyyə və tələbəsi ibnu'l-Qayyim əl-Cevziyyə gəlməkdədir. ibn Teymiyyə bu mövzudakı görüşlərini, "Risalətu'l-Qiyas"ında açıqlamışdır.
Bu 2 görüşün daha yaxşı başa düşülməsi üçün, "illət" ilə "hikmət" (münasib vəsf) arasındakı fərqi bəyan etməyimiz lazımdır. Belə ki:
• "Hikmət": "Zahir (yəni, gözlə görülən) bir mənfəətin təmin edilməsi; və ya bir zərərin dəf edilməsi"dir ki, Şari, əmr və və nəhy edərkən, bunları qəsd etmiş olmalıdır.
• "İllət" isə: "Zahir və məzbut bir vəsf"dir və həmişə olmasa belə, çox hallarda, hikmət, bu vəsfdə gerçəkləşir. Məsələn:
Aqar (daşınmaz əmlak)'a şərik olmaq, bu aqarda, şufa haqqına (daşınmaz əmlakın satılması halında, haqq sahibinin, o malı, satıcı ilə eyni şərtlərdə satın alma haqqına) sahib olmasının illətini təşkil edir. Çünki, adətən, aqarın mülkiyyəti, uzun çəkir. Çünki o, çoxca əldən-ələ dolaşan bir mal cinsindən deyildir. Burda, şufa haqqının hikməti isə, şəriklər arasına yad bir kimsənin girməsindən doğacaq olan zərəri dəf etmək və ortaya çıxacaq mütəmadi anlaşmazlıqdan çəkinməkdir. Şari, bu möhtəməl zərəri və çətinliyi əngəlləmək üçün, şufa haqqını qəbul etmişdir. Bu zərər və problem, yarana biləcəyi kimi; yaranmaya da bilər. Bunun üçün, hökm, buna deyil; başqa bir şeyə isnad etməlidir ki, o da, şəriklikdir.
Biz, burda, hikmət ehtiva etməyən və üsul alimlərinin əksəriyyətinə görə mənimsənən tərifə görə illət haqqında danışacağıq. (Belə ki):
---------------------
İllətin şərtləri:
İllətin şərtləri, 5-dir. Bunların bir qismi, illətin şəxsən tərifindən başa düşülməkdədir:
1. Zahir bir vəsf olmaq.
İllət, bir şeyi isbat etmək üçün, əlverişli olmalıdır. Məsələn:
~ nəsəbin sübutu (sabit olması) üçün, illət, ər-arvad bağının (nikah əqdinin) mövcud olması və ya iqrardır. Bunlar, zahir vəsflərdir.
~ Qurban ətlərini saxlamağın əngəllənməsinin illəti də, yoxsulların gəlmiş olmalarıdır.
~ Kiçiklik, mal üzərində digərinin vəlayət haqqının illətidir. Bu zahir vəsf, kiçiyin evlənmə mövzusunda da vəlayət altında olduğunu isbata əlverişli bir illətdir. Yenə,
~ mirasda ata-ana bir qardaşı, ata bir qardaş üzərinə təqdim etməkdəki illət, qohum-əqrəbalığın dərəcəsinin qüvvətli olmasıdır. Bu illət, şəxs üzərindəki vəlayət mövzusunda da təqdimi (iləri keçirilməyi) gərəkdirən zahir bir vəsf təşkil etməkdədir.
Əgər illət, batini bir şeydirsə, ona dəlalət edən zahiri bir şeyin mövcud olması lazımdır. Məsələn:
Əqdlər, qarşılıqlı razılığa istinad edən iltizami (borc və maliyyəvi külfət/çətinlik altına salan) fellərin əsasını təşkil edir. Necə ki, Quranda da, "Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin." (Nisa/29) buyurulmuşdur. Lakin razılıq, batini bir şeydir. Təzyiq və təhdid altında söyləndiyi sabit olmadıqca, əqd zamanı söylənən söz, razılığı göstərir. Yəni, gizli olan iradə, sözlərlə bəyan edilir.
2. Məzbut olmaq.
Yəni, illət, şəxslərə, hallara və ətraf-mühitə görə dəyişməməli və ifadə etdiyi məna, məhdud olmamalıdır. Məsələn:
~ Sərxoş etmək, xamr (içki)'nin haram qılınmasının illətidir. Çünki xamr, normal olaraq sərxoş edici bir şey olub; onun bu vəsfi, dəyişməz. Hərçənd, bəzi hallarda, bəzi insanları sərxoş etmirsə də, bu, onun sərxoş edicilik vəsfini ortadan qaldırmaz. Yenə,
~ Şəriklik, şufa haqqına sahib olmağın illətidir. Şufa haqqı, yeni qonşudan gəlməsi möhtəməl olan zərərə bağlana bilməz. Çünki bu zərər, məzbut bir şey deyildir.
Bax, illətlə hikməti bir-birindən ayıran xüsus da, budur. Bildirdiyimiz kimi, hikmət, məzbut deyildir. Məsələn:
Səfərdəki məşəqqət və şufa mövzusunda yeni qonşudan gəlməsi möhtəməl zərər, bu hallara aid hökmlərlə bağlı bir hikmətdirlər. Şari, hökmləri, belə hikmətlərə deyil; hikməti də gerçəkləşdirəcək vəsfdə olan başqa bir şeyə bağlamışdır. Bax, bu, aqarda ortaqlıqdır. Hikməti gerçəkləşdirmək üçün, illət, məzbut bir əlamət olaraq qəbul edilmişdir. Hikmət isə, dəyişə bilər. Məsələn, müştəri, şufa haqqına sahib olan kimsədən daha yaxşı və dindar olub, zərər verməyə bilər. Lakin bu, şərikliyin şufa haqqı üçün bir illət və əlamət olmasına, əngəl təşkil etməz. Eynilə, buludun, yağışa əlamət olması kimi. Bulud mövcud olduğu halda yağışın yağmaması, onun, yağışa əlamət olmasına əngəl təşkil etməz.
3. İllət ilə hökm arasında, bir münasibət olmalıdır.
~ Muris (miras buraxan)'ı öldürmək, qatili ona varis (mirasçı) olmaqdan məhrum buraxmaq üçün münasib bir illətdir. Çünki, mirasın əsası, varis ilə muris arasındakı qohum-əqrəbalıq bağıdır. Murisi öldürmək isə, şübhəsiz, bu bağı kəsmək deməkdir.
~ Sərxoş edicilik, xamr (içki)'nin haram qılınmasına uyğun bir vəsfdir.
~ İnsanın, nökər olan qan qohumuna malik olması, onu azad etməsi üçün bir illətdir.
~ Nökəri, sahibinin vurması, onun azad edilə bilməsi üçün, illətdir. Haqsız yerə, əsa ilə onu döyməsi də, buna qiyas edilə bilər.
Hökm ilə vəsf arasındakı münasibət, bu misallarda açıqca görülməkdədir. Bax bu şəkildə, illət ilə hökm arasında, illəti hökm üçün əlverişli bir vəsf qılacaq belə bir münasibət mövcud olmalıdır.
Üsul alimlərindən bəziləri, daha da iləri gedərək, münasib vəsfləri və ya münasibəti, şəxsən müəssir olan və ya hökmü inşa edən bir şey saymazlar. Sadəcə, onun, hökmün varlığına bir əlamət olaraq qəbul edərlər. Münasibət, açıq və sabit olsa belə, hökmün varlığının əsl səbəbi, Allahdır, deyirlər.
4. Qiyas edilə bilməsi üçün, bir illət təşkil edən vəsf, mutəaddi (təsir edici) olmalıdır. Yəni, illət, aid olduğu hökmlə məhdud qalmamalıdır. Məsələn:
Səfər, tutulub-tutulmaması və tutulmamışdırsa, başqa günlərdə qəza edilməsi cəhətindən, oruca məxsus bir illətdir. Bu, səfər edən kimsənin namazı da qılıb-qılmaması üçün bir illət sayılmaz. İllətin tədiyə etməsi, yəni, başqa hökmlərə də sirayəti, qiyasın əsasını təşkil edir. İllət olan vəsf, aid olduğu hökmlə məhdud qalarsa, başqa bir hökmə təsir edə bilməz. Bu şərti özündə saxlayan illətə, iskəri (sərxoş edici içkini) misal verə bilərik. Çünki, bu vəsf, tədiyə edə bilər, yəni, bir çox maddədə ola bilər. Bu vəsfi daşıyan hər şey, eyni şəkildə haram sayılır. Razılıq da, belədir. İltizamı (borc və maliyyəvi külfət altına salan) bir təsərrüf, razılıq ilə qurula biləcəyi kimi; bu şəkildə bir təsərrüfün sonlanması üçün də, razılıq, kifayət edən bir səbəbdir. Bunun üçündür ki, İslam alimləri, haqqına təcavüz edilən bir malın sahibi razılıq göstərərsə, bu təcavüzdən doğacaq təzminatın ortadan qalxacağını qəbul etmişlərdir. Yenə, onlara görə, ikrah kimi bir şeyin təsirilə əqd vaxtı bəyan edilən razılıq, sabit olmaz. İkrah ortadan qalxdıqdan sonra bəyan edilən razılıq, sabit olar. Bu deməkdir ki, ilk əvvəl ilzam edici (bağlayıcı) olmayan belə bir əqd; sonra ilzam edici bir vəsf qazanmaqdadır. Çünki, razılıq, bir haqqın doğmasını təmin etdiyi kimi; mövcud olan haqqları da ortadan qaldırar.
5. Vəsfin mötəbər olmadığını göstərən bir dəlil mövcud olmamalıdır.
Belə ki:
İllət sayılan vəsf, dini bir nassa müxalif olarsa, belə bir vəsfin tədiyə edə bilməyəcəyi, açıqdır. Məsələn:
Əndəluslu bir fəqihin, xəlifə üçün oruc kəffarəti olaraq nökər azadı yerinə 60 gün oruc tutması gərəkdiyini deyərkən iləri sürdüyü səbəb, mötəbər deyildir. Çünki o, nassın hökmünə müxalifdir.
Eyni şəkildə, nasslara müxalif olan hər cür səbəb və ya maslahat, hökmü isbat üçün əlverişli bir illət sayılmaz. Bəzilərinin nəfsi arzularına tabe olaraq iləri sürdükləri bəzi maslahatlar, nassları ehmala səbəb olduqları üçün, şər'i bir illət sayılmaz və belə şeylərə tərvic etmək (rəğbətləndirmək) istəyənlərə, iltifat edilməz.
--------------------------
İllətlə hökm arasındakı münasibət:
İllətin şərtləri haqqında danışarkən, hökm ilə illət sayıla biləcək vəsf arasında bir münasibət olması lazım gəldiyini bildirmişdik. Hənəfi'lər, bu münasibəti, bəzi sağlam qaydalara bağlamış və hökmlə arasında münasibət mövcud olan illəti, 3 qismə ayırmışlardır ki, bunların üçüncüsü, fəqihlərin əksəriyyətinə görə, illət olaraq qəbul edilməmişdir. (Belə ki):
1. əl-Münasibu'l-müəssir:
Bu, "Şari tərəfindən, hökm üçün illət olaraq qəbul edildiyinə dair dəlalət mövcud olan vəsf"dir.
Məsələn:
~ Sərxoş edicilik, xamrın (içkinin) haram qılınması üçün illət olaraq bəyan edilmişdir. Nəbi (sallallahu aleyhi və səlləm), bu haqda, "Sərxoşluq verən hər şey, xamrdır və hər xamr, haramdır." (Muslim, "Əşribə", 75) buyurmuşdur.
~ Yenə, uşağın malı üzərindəki vəlayətin illətinin kiçiklik olduğu, nass ilə sabitdir. Çünki, Quranda:
وَٱبْتَلُوا۟ ٱلْيَتَـٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُوا۟ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًا فَٱدْفَعُوٓا۟ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ
"Yetimləri yetkinlik yaşına çatdıqda onları imtahana çəkin. Əgər onların yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın..." (Nisa/6) buyurulmuşdur.
~ Yenə, qurban ətlərini 3 gündən artıq özündə saxlamağın qadağan edilməsinin illətini: "Yoxsullar olduğu üçün sizi ondan nəhy etdim." (Muslim, "Ədahi", 28) deyərək açıqlamışdır. Bu ifadədən başa düşülür ki, ətrafda ac kasıblar olduğu vaxt qurban ətini saxlamaq, doğru olmaz.
Hökmlərin ən qüvvətli illətləri, bax bu qismə girən illətlərdir. Çünki, Şari, bunların şəxsən mötəbər olduqlarını açıqlamışdır.
2. əl-Münasibu'l-muləim:
Bu, "Haqqında, şəxsən Şari tərəfindən mötəbər sayıldığını göstərən bir dəlil mövcud olmayan; lakin:
a. Hökmün cinsi üçün illət olduğuna;
b. Vəsfin cinsinin, belə bir hökm üçün illət sayıldığına;
c. Vəsfin cinsinin, hökmün cinsi üçün illət olduğuna dair haqqında şər'i bir nass və ya icma mövcud olan vəsf"ə deyilir.
Fəqihlərə görə fərqli şəkillərdə dəyərləndirilən bu şeyin bu 3 qismi üçün, bir misal zikr edək. (Belə ki):
a. Bir az əvvəl işarət etdiyimiz kimi, mal üzərindəki vəlayətə səbəb olan və nass ilə sabit olan kiçiklik (əs-siğar), hökmün cinsi üçün illət olaraq qəbul edilən bir vəsfdir. Hənəfilər, bunu, şəxs üzərindəki vəlayət üçün də əlverişli bir illət olaraq qəbul edirlər. Çünki, şəxs üzərindəki vəlayət də, mal üzərindəki vəlayət cinsindəndir. Buna görə, mal üzərində sabit olan vəlayət, şəxs üzərində də sabit olur.
b. Vəsfin cinsinin, hökm üçün illət olmasına misal olaraq, yağışlı gündə 2 namazın birləşdirilməsini zikr edə bilərik. İmam Malikə görə, Şari, səfər sırasında 2 namazı birləşdirməyə cəvaz vermişdir. Buna qiyasən, yağışlı gündə 2 namazı birləşdirmək, caizdir. (haşiyə)
------------------------------
(Haşiyə:
Dəyərli oxuyucu! Peyğəmbər (sallallahu aleyhi və səlləm), həcc əsnasında Ərəfatda, zöhr ilə əsr namazını; Muzdəlifə'də də, məğrib ilə işa namazını birlikdə qılmışdır. Hənəfilər isə, bunu, sadəcə həcc məxsus bir şey olaraq qəbul edirlər.)
--------------------------------
Məşəqqət cəhətindən səfər və yağış, eyni cinsdəndir. O halda, səfər üçün namazı birləşdirmək caiz olunca; bu, yağış səbəbilə də caiz olar. Fəqihlərin böyük əksəriyyəti, bu məsələdə, imam Maliklə eyni görüşdə deyillər.
c. Şari'nin bəyanı ilə, vəsfin cinsinin, hökmün cinsi üçün illət olmasına, bu misalı verə bilərik:
Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Pişiyin artığı, təmizdir." deyərkən; "Pişik, sizin ətrafınızda dolaşan heyvanlardandır." (Tirmizi, "Təharət", 69) cümləsilə, bu hökmün səbəbini açıqlamışdır. Bu ifadə göstərir ki, pişik artığının təmiz olması, çətinliyi qaldırma əsasına söykənməkdədir. O halda, özündə çətinlik mövcud olan hər şeydə, asanlıq təmin etmək lazımdır. Məsələn: həkimin, qadını müayinə edərkən, məhrəm yerinə baxmaması, çətinliyə yol açırsa, çəkinilməsi çətin olduğundan dolayı, -pişik artığı təmiz sayıldığı kimi- qadının məhrəm yerinə baxmaq da, həkim üçün mübah sayılır. Çünki, bundakı çətinliyi qaldırmaq, əvvəlki hadisədəki çətinliyi qaldırmaq cinsindən olub; burdakı hökm ilə digər hökm, eyni cinsdəndir.
3. əl-Münasibu'l-Mürsəl:
Bu da, "nə mötəbər olduğuna; nə də ilqa edildiyinə dair şər'i bir dəlil mövcud olmayan illət"dir.
Bu mövzuda, fəqihlər arasında, anlaşmazlıq vardır. Malikilərlə Hənbəlilər, bunu, hüccət olaraq qəbul etməkdə və buna, "əl-masalihu'l-mürsələ" adını verməkdədirlər. Hənəfilər və Şafiilər isə, bunu qəbul etməzlər.
Şari tərəfindən mötəbər olduğu bildirilən vəsflərin bəzisi, "əl-münasibu'l-mürsəl" sayılır. Ancaq, bu da məzbut deyildir. Bununla bərabər, -daha əvvəl də işarət etdiyimiz kimi- bəzi fəqihlər, bunu, illət olaraq qəbul etmişlərdir.
Nəticə olaraq deyə bilərik ki, illət olmağa əlverişli görüləcək bir vəsfin, mütləq, Şari tərəfindən bildirilməsi lazımdır. Necə ki, mötəbər olan vəsflərin hamısının, zəruri olaraq, şər'i bir dəlilə istinad etmiş olduğunu müşahidə etməkdəyik.
-----------------------------------
İlləti (təsbit etmə) yolları:
İlləti və ya onun Şari tərəfindən mötəbər sayılıb-sayılmadığını təsbit yollarına, "məsəlik-u illə" deyilir. Fəqihlər, illət ola biləcək vəsfi təsbit yolunun, haqqında nass olmayan hökmləri istinbat edərkən səhabələrin müraciət etdikləri yol olduğunu söyləmişlərdir. Yenə, səhabələr də, hökm üçün illət olan vəsfi eyni şəkildə təsbit edib "əl-münasibu'l-müəssir" və "əl-münasibu'l-muləim" vəsflərini, illət olaraq qəbul etmişlərdir. Özlərindən sonra gələnlər də, eyni vəsfləri, illət olaraq qəbul edərək, onların metoduna tabe olmuşlardır.
Araşdırmalar nəticəsində, hökmlərə əsas təşkil edən illətlərin:
1. Nasslar;
2. İcma;
3. Şər'i hökmlərin hamısı nəzərə alınaraq edilən fiqhi istinbat
yolu ilə əldə edildiyi sabit olmuşdur. Belə ki:
1. Nass ilə sabit olan illətlərdən biri, içkinin sərxoş etmə (iskər) vəsfidir.
Bu, Quran və sünnətlə sabitdir. Quranda, "Ey iman edənlər! Sərxoş ikən, namaza yaxınlaşmayın." (Nisa/43) buyurulmuşdur. Bu ayə, şərab ümumi olaraq qadağan edilmədən əvvəl endirilmiş olub; sərxoşluğun namaz ilə uzlaşmayacağını göstərməkdədir. Bax bu, daha sonrakı şərab qadağasının illətinə bir işarətdir. Bu qadağan illətinin sərxoş etmə vəsfinə istinad etdiyini açıqlayan hədisi də, yuxarıda nəql etdik. Özündə mövcud olan bir vəsfdən dolayı qadağan edilməyən şeylərdəki çətinliyin ibahəyə səbəb olması da, nass ilə sabit olan illətlərdəndir. Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Yoxsullar olduğu üçün, sizi, qurban ətlərini saxlamaqdan nəhy etmişdim. Artıq yeyin və saxlayın." (Muslim, "Ədahi", 28) buyurmuşdur. Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), birinin evinə girmədən əvvəl icazə istənilməsilə bağlı olaraq, "İcazə, yalnız göz üçün əmr edilmişdir." (Buxari, "Diyət", 23) buyurmuşdur.
Bu misallarda, illət, nasslarla sarih/açıq bir şəkildə bildirilmişdir.
Bəzən də, nasslar, illəti, ima (yəni, işarət) yolu ilə bildirir. Məsələn, nassla mükəlləfin bir vəsfi zikr edilir və bu vəsfin, hökmə illət təşkil etdiyi, işarət yolu ilə bildirilmiş olur. Məsələn, Quranda, "Zina edən qadın və zina edən kişidən hər birinə, 100 çubuq vurun." (Nur/2) buyurulmuşdur. Yenə, mükəlləf, ismu'l-mövsul ilə zikr edilir və "sila" cümləsinin, hökmün illəti olduğuna işarət edilmiş olur. Məsələn, Quranda, "İsmətli qadınlara zina isnad edib 4 şahid gətirə bilməyənlərə, 80 çubuq vurun." (Nur/4) buyurulmuşdur. Bu mövzuda, bu ayəni də misal olaraq verə bilərik:
"Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın." (Nisa/34)
Ayədə, qadınlara rəva görülən bu tədrici cəzaların illəti, öz başınalıq etmələridir. İmam Malik, buna qiyasən, xanımına qarşı öz başınalıq və haqsız davranan kişiyə də, hakimin nəsihət etməsi; öyüd-nəsihət fayda verməzsə, ona, qadın üçün nəfəqə əmr etməsi; bu da fayda təmin etməzsə, onu döyməsi lazımdır, hökmünü çıxarmışdır.
2. İcma ilə sabit olan illətlərə misal olaraq:
~ Ana tərəfindən gələn yaxınlığı səbəbilə, ata-ana bir qardaşın, mirasda, (sadəcə) ata bir qardaşa təqdim edilməsini zikr edə bilərik. Buna qiyasən,
~ Adamın öz əmi oğlu, ata bir əmi oğluna; öz qardaşı oğlu, ata bir qardaş oğluna təqdim edilir. Yenə, buna qiyasən,
~ Vəlayət xüsusunda, adamın öz (ata-ana bir) qardaşı, ata bir qardaşa təqdim edilir. Yenə,
~ Oğlunun malı və şəxsi üzərində, atanın vəlayət haqqına sahib olduğu, icma ilə sabitdir və bunun illəti, atalıqdır.
Fəqihlərin əksəriyyətinə görə, baba da, buna qiyas edilərək, kiçik nəvəsi üzərində vəlayət haqqına sahib görülmüşdür.
Bax bu və bənzəri hökmlərdə olduğu kimi; icma, illətə işarət edə bilər və bu illət sayəsində, hökm, başqa bir hadisə üçün məqbul olar.
3. İlləti açıqlayan və ya ona işarət edən bir nass (və ya icma) mövcud olmazsa, illətin təsbiti üçün baş vurulacaq yol, fiqhi ictihad olur. Bu da, hadisənin fərqli vəsflərini və bunlardan hansının hökm üçün əlverişli bir illət olduğunu təsbit edərək edilir. Məsələn, bir bədəvi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, ramazan orucu tutmaqda ikən, xanımı ilə cima etdiyini deyir. Peyğəmbər də, bunun (kəffarəti) üçün, 1 nökər azad etməsini; buna imkanı yoxdursa, ard-arda 2 ay oruc tutmasını; buna da gücü çatmazsa, 60 kasıbı doyurmasını əmr edir. (Buxari, "Savm", 30)
Şübhəsiz, bu nass, bir illətə bağlıdır. Ancaq bu illət, nədir? Görəsən bu illət, adamın ramazan günü xanımı ilə cinsi münasibətdə olmasıdırmı? Yoxsa, yalnız orucu pozmuş olmasıdırmı? Adamın, xanımı ilə cinsi münasibətdə olması, əslində, haram bir iş deyildir. Ancaq, onun bu feli üçün, bir cəza təyin edilmişdir. Çünki bu fel, ramazan orucuna qarşı bir hörmətsizlik təşkil etməkdədir. O halda, orucu pozan hər bir hərəkət, o cəhətdən, bu felə bərabərdir. Burdan, ramazanda qəsdən orucu pozmağa səbəb olan hər davranış üçün, eyni şəkildə kəffarət lazım gəlir nəticəsinə çatılmışdır.
Bax, illətin, beləcə, bir ictihad ilə təsbitinə, "tənqihu'l-mənat" deyilir.
Yeri gəlmiş ikən burda, bu 3 sözün açıqlamasını vermək istəyirik. (Belə ki):
a. "Təxricu'l-mənat":
Bu, "nassın, ibarə və işarət ilə; ya da, icma yolu ilə bildirilməmiş olan və illət olmağa əlverişli olan vəsfi təsbit etmək"dir. Bu da, qiyas ilə ictihad əsaslarına daxildir.
Məsələn:
Qisası gərəkdirən öldürmə feli, adət olaraq öldürücülük vəsfi daşıyan bir alətlə qəsdən adam öldürmə günahından ibarətdir. Buna qiyasən, Quranın nüzulu sırasında mövcud olsun və ya olmasın, öldürücülük vəsfi daşıyan hər alətlə qəsdən adam öldürməyin cəzası, qisasdır hökmü istinbat edilir.
b. "Tənqihu'l-mənat":
Bu, "hökm üçün illət olmağa əlverişli olan vəsfi, hökmlə bağlı olan digər vəsflər arasından seçib ortaya qoymaq"dır. Müctəhid, hökm üçün illət olmağa əlverişli görünməyən vəsfləri bir tərəfə qoyur və illət təşkil edən münasib vəsfi tapana qədər, səy göstərir. Ramazan orucu tutmaqda ikən xanımı ilə cinsi münasibətdə olan bədəviyə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən təyin edilən kəffarətin illəti, bax bu şəkildə təsbit edilmişdir.
c. "Təhqiqu'l-mənat":
Bu da, "hər hansı bir yolla illəti təsbit etdikdən sonra, o illətin muhtəvasına girən uyğun vəsfləri təyin etmək"dir. Məsələn:
~ Şahidliyin bağlayıcı olması üçün, ədalət, əsasdır. Lakin, bir şəxsin ədalətli olub-olmadığını və ədalətin mahiyyətini ortaya qoymaq, bu yolla təmin edilir. Yəni, adil şəxsi, digərindən ayırd etmək, fiqhi bir ictihad ilə mümkün olur. Yenə,
~ Şərabın qadağan olunmasının illəti, sərxoş etməsidir. Lakin, müxtəlif içkilərdə bu vəsfin mövcud olub-olmamasını araşdıraraq, sərxoş edicilik vəsfi daşıyan şeyləri ortaya qoymaq, "təhqiqu'l-mənat" adı verilən bu fiqhi ictihadla mümkün olur.
Həqiqətən, nass və hökmlərdəki illətləri təsbit edib ortaya çıxarmaq, nassları yaxşıca öyrənib mənalarını qavrayan, şəriətin ümum və xüsuslarındakı məqsədlərini bilən əhil bir fəqihin işidir.
Bu mövzuda oxuduqlarımın ən gözəli, imam Şafi (radiyallahu anh)'ın, qiyas etmə səlahiyyətinə sahib olanları bəyan edərkən, yazmış olduğu bu sətrlərdir:
"Bir hakim, (sadəcə) birini qəbul edə bilməz. Bir vali, bir kimsəni tərk edə bilməz. Bir müfti, bir kimsə üçün fətva verə bilməz. Ancaq onlar, Kitabı, Kitabın nasixini, mənsuxunu, xassını, amm'ını və ədəbini, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətlərini, köhnə və yeni elm əhlinin söylədiklərini və ərəb dilini yaxşıca bilər; bir-birinə bənzəyən şeyləri ayırd edər və qiyası qavraya bilərlərsə, belə edə bilərlər. Bu xüsusiyyətlərdən birinə sahib olmayan kimsənin qiyas etməsi, caiz deyildir. Bunun üçündür ki, bir kimsə, üsulu bilib fər'i olan qiyası bilməzsə, ona, 'Qiyas et.' deyilə bilməz. Yenə, qiyası bilsə, üsulu bilməsə, yenə, ona, 'Bildiyinə görə qiyas et.' demək, caiz olmaz. Necə ki, kor bir şəxsə, 'Buranı, sağına; buranı da, soluna alaraq get və filan yerə çatınca, sağa dön.' deyilə bilməz. Çünki o, sağına və soluna alacağı yerləri, görməməkdədir. Yaxud, kora, heç gedib-gəlmədiyi; haqqında heç bir biliyə sahib olmadığı və yönünü təyin üçün heç bir şey təsbit etmədiyi bir diyara getməsi, təklif edilə bilməz. Çünki, bu halda o, təəccüblə gedəcəkdir. Yenə, bir vaxtlar bazarın halı haqqında məlumatı olduğu halda, bir ildən bəri bazara getməyən şəxsə, 'Bu vəsflərə sahib olan bir nökərin qiymətini təqdir et.' deyilə bilməz. Çünki, bazarın halı dəyişməkdədir. Yenə, ticarət işlərinin bir qismindən başa düşən və bir qismindən heç bir şey bilməyən kimsəyə də belə bir təklif edilə bilməz. Necə, bənnaya tikiş qiyməti təqdir etdirilə bilməzsə, dərziyə də, bina tikmək qiymətini təqdir etdirmək, doğru olmaz." ("əl-Umm", 7-ci cild, s. 274)
Beləcə, Şafi, qiyas etməyə təşəbbüs edən şəxsin, qiyasın istinad edəcəyi nassları; bunların məqsədlərini; bu məqsədlərlə hökmlərdəki maslahatlara uyğun olan illətləri bilməsi gərəkdiyini açıqlamaqdadır.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
-------------------------------------
-------------------------------------
Əlavələr:
Səbəb nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-fiqh
