Səbəb nədir? (fiqh)

Vaz'i hökmlər ("Bir şeyi, digərinə, şərt, səbəb və ya mani olmaq üzərə, 2 şeyi bir-birinə bağlayan hökm"lər), 3 qismə ayrılır:

1. Səbəb;

2. Şərt;

3. Mani.

 

Səbəb və şərt mövcud olar və mani mövcud olmazsa, felə, şər'i hökm və buna bağlı olan təklif tərəttüb edər (yəni, nəticə olaraq ortaya çıxar). Məsələn:

~ Namazın vacib olması üçün vaxtın girməsi, bir səbəbdir. Dəstəmaz almaq da, onun sihhəti üçün bir şərtdir. Lakin, mükəlləf, vaxt çıxana qədər dəli halındadırsa, namaz, ona vacib olmaz.

~ Yenə, qohum-əqrəbalıq və ya zövciyyət ilə bərabər ölüm, mirasçı olmaq üçün, bir səbəbdir. Muris (miras buraxan)'ın ölümündən sonra varisin həyatda olması da, şərtdir. Lakin, muris'i varis olacaq şəxsin öldürməsi, ona mirasçı olmasına mani'dir.

~ Əqd də, bir şeyi almağa səbəb təşkil edir. Əgər şərtləri mövcuddursa; və bir mani də yoxdursa.

 

Vaz'i hökmlərin mənalarını, bir az daha açıqlayaq:

1. Səbəb:

Fəqihlərin cumhuruna görə, "səbəb": "hökmün varlığı üçün Şari tərəfindən bir əmarə (əlamət) olaraq qılınan məzbut və açıq bir şey"dir.

Bu tərifə görə, 2 həqiqət üzə çıxır:

a. Səbəb, ancaq Şari tərəfindən qılınmışdır. Yəni, şər'i təkliflər, Allah Taala'nın əmr və nəhyləridir. Təkliflərin sahibi Allah Taala olduğuna görə, hökmləri səbəblərə bağlayan da, Odur.

b. Bu səbəblər, təklifi hökmlərin varlığına müəssir (təsir edici) deyildirlər. Sadəcə, onların ortaya çıxması üçün bir əmarədirlər. Şatibi, bu xüsusda belə deyir:

"Səbəb, öz başına bir fail deyildir. Müsəbbəb (səbəbə bağlı olan, nəticə) ancaq səbəbin yanında mövcud olur. Onun əsəri isə, deyildir." ("əl-Muvafaqat", 1-ci cild, s. 196)

 

• Səbəbin qisimləri:

Səbəb, 2 yerə bölünür:

1. Mükəlləfin feli olmayan səbəb;

2. Mükəlləfin feli olan səbəb.

 

1. Mükəlləfin fellərindən olmayan səbəbləri, Şari, hökmlərin varlığı üçün bir əmarə (əlamət, nişan) qılmışdır. Məsələn,

~ vaxtın girməsi, namaz üçün;

~ zərurət, murdar ətin mübah olması üçün;

~ qüdrəti olan kimsənin günaha girmə qorxusunun mövcudluğu, evlənməsinin vücubu (vacibliyi) üçün,

bir səbəbdir.

Bu səbəblərin heç biri, qulun özünə aid deyildir.

~ Mirasçı olmağın səbəbini təşkil edən qohum-əqrəbalıqla bərabər ölüm də, belədir.

 

2. Qulların qüdrətləri daxilində olan səbəblər də, mükəlləflərin bir qisim felləridir ki, Şari, hökmlərini, bunlara istinad etdirmişdir. Məsələn:

~ səfərilik, orucu açmağın;

~ evlənmə əqdi, cinsi münasibətin halal olmasının;

~ alış-veriş əqdi, bir malı əldə etməyin

səbəbləridir.

 

Mükəlləfin qüdrəti daxilində olan səbəblər də, bir neçə qismə ayrılırlar:

2.1. Yerinə yetirilməsi istənilən səbəblər;

2.2. Çəkinilməsi istənilən səbəblər;

2.3. Yerinə yetirib-yetirməməkdə, qulun sərbəst olduğu səbəblər.

 

Bu səbəblər, 2 cəhətdən belə bir təqsimə (bölgüyə) tabe tutulmuşlardır:

a. Birincisinə görə, bunlar, təklif xitabına daxildirlər.

b. İkincisinə görə isə, vaz xitabına daxildirlər.

 

Dolayısı ilə, bunlar, gücün çatması; mənfəətləri cəlb və zərərləri dəf etmək cəhətindən, təklifi hökmə girirlər. Şari'nin başqa hökmləri bunlara bağlaması cəhətindən də, vaz'i hökmə daxildirlər. Məsələn,

~ Nikah, ər-arvad arasında mirasçı olmağa; cinsi münasibətin halal olmasına və zövciyyət münasibətlərinə səbəb təşkil etməkdədir. Yenə,

~ Heyvanı, dini üsula görə kəsmək, onun ətindən istifadə etməyin halal olmasına;

~ Bir adamı öldürmək, qisasa;

~ Zina isə, hədd cəzasına

səbəb olmaqdadır.

 

Görülür ki, səbəbin gərəyini yerinə yetirmək, mətlub (tələb edilən, istənilən) və ya sərbəstdirsə, müsəbbəb (nəticə), bir haqq təşkil edər. Qadağan və ya ümumi olaraq edilməməsi tələb edilmişdirsə, əksəriyyətlə, cəzaya haqq qazandırır. Oğurluq və zinaya təvəssül etmək, hədd cəzasını; aldatmaq və rüşvət vermək, təzir cəzasını; başqasının malını tələf etmək də, ödəməyi gərəkdirir.

Səbəblərin nəticələri (yəni, müsəbbəblər), zərurət ifadə edir. İstərsə, faili, bunları qəsd etmiş olmasın. Yuxarıda da bildirdiyimiz kimi, səbəblər, zatları etibarı ilə, müəssir deyildirlər. Bunlara tərəttüb edən (yəni, bunlardan nəticə olaraq hasil olan) hökmlər, Şari tərəfindən vaz edilmiş (qoyulmuş)'dur.

~ Evlənmə əqdi edən kimsə, istər-istəməz, bu əqdin gərəyi olan hökmlərə tabe olacaqdır.

~ Qohum-əqrəbalıq və ya ər-arvad (münasibətləri) mövcud ikən ölüm vaqe olarsa, miras gerçəkləşcəkdir. İstərsə, ölən kimsə, buna razı olmasın; və ya varis, mirası rədd etsin.

Bu səbəblədir ki, fəqihlər, "İnsanın mülkiyyətinə, mirasdan başqası zorla girməz." deməkdədirlər.

~ Ric'i talaq (geri dönüşü olan boşanma), ricatın (dönüşün) caizliyinə səbəb təşkil edər. İstərsə, talaq edən (yəni, boşayan), bunu istəməsin.

~ Nikah da, mehri gərəkdirir. İstərsə, nikah əqdini edən kimsə, mehrin verilməməsini şərt qoşsun.

Bax bütün şər'i hökmlər, belədir.

 

Burda, belə bir sual soruşula bilər:

"Bəzən səbəb, ixtiyari olduğu halda; hökm, nə üçün ixtiyari olmur?"

Buna, bu şəkildə cavab verə bilərik:

Səbəbin gərəkdirdiyi hökm, cəzadırsa, məsələ, açıqdır və bunda, bir qəriblik də yoxdur. Çünki, heç kim, cəzalanmaq istəməz. Etdiyi şeyi, cəzadan qurtulmaq ümidilə edər. Ancaq, alış-veriş, icar, nikah və talaq kimi ixtiyari olan şeylərdə, nəticələrin zəruriliyi, qəribə görünə bilər. Lakin, məsələyə diqqətlə baxılarsa, qəribliyi gərəkdirən bir şey olmadığı başa düşülər. Həyatda, bu cür hadisələr çoxdur. Məsələn, insan, xanımı ilə, istəyərək məşru bir münasibətdə ola; lakin, uşaq olmasını istəməyə bilər. Uşaq olarsa, qəbul etməmək haqqı vardırmı? Torpağa toxumu əkən kimsə, istəsə də, istəməsə də, Allah Taala, onu bitirəcəkdir. Toxumu öz istəyilə əkdiyinə görə, əlbəttə nəticəsini qəbul edəcəkdir.

 

Üsul elmində, ittifaqla qəbul edilmiş bir əsas vardır. O da, budur: "Müsəbbəblər, Şari'nin felidir."

Bu cəhətdən, fəqihlərə görə, əqdlərin muqtəzaları (yəni, gərəkdirdiyi nəticələr), əslində, Şari'nin felindən doğmaqdadır. Çünki, əqdlər, nəticələrinə nisbətlə, cə'li (yəni, süni) səbəblərdir. Buna görə, əqdlərdən (yəni, əqdi edənlərdən) biri, Şari'nin əqd üçün təyin etdiyi muqtəzalara müxalif şərtlər, iləri sürə bilməz. Burda, fəqihlər ittifaq halındadırlar. Ancaq, Hənbəli'lərin əksəriyyəti ilə Maliki'lərin bir qismi, şər'i əqdin muqtəzasına müxalif sayılmayan şərtlərin sərhədlərini genişləndirmiş və Şari tərəfindən təyin edilən muqtəzanı daraltmışlardır. Onlara görə, əqdin, müxalif davranılması caiz olmayan muqtəzası, nass'la təsbit edilməlidir. Nass'larda təyin edilən muqtəzaya müxalif düşən şərtlər, batildir. Və bu muqtəzaya müxalif olmayan hər şərt, yerinə yetirilməlidir. Haqqında nass olmayan şərtləri yerinə yetirmək, Şari'nin hökmlərindəndir. Çünki bu, təqdir edilməsi mükəlləfə buraxılan maslahat növünə girir. Əqd edən bir tərəf, nass'a müxalif düşməyən bir şərt iləri sürərsə, buna tabe olmaq lazımdır. Çünki, müsəbbəblər, Şari'nin icazəsilə olmaqdadır.

Digər fəqihlər, muqtəzanın mənasını genişlətmiş və şərt qoşma sərhədlərini daraltmışlardır. Beləcə, hər 2 tərəfin görüşü də, tamamilə, "Müsəbbəblər, Şari'nin icazəsilə olmaqdadır." prinsipinə uyğun düşməkdədir.

 

Bu mövzunu bitirmədən əvvəl, səbəb ilə illət arasındakı fərqi də zikr etmək istəyirik. İttifaqla qəbul edilən xüsus, budur:

Səbəb də, illət də, hökmün varlığına bir əmarədirlər.

~ Sərxoş etmə (iskər), içkinin haram qılınmasını göstərir;

~ Səfər, orucu açmağın caiz olduğuna bir əmarədir;

~ Ramazan hilalının görünməsi, orucun vacibliyinə işarətdir;

~ Zaval vaxtının keçməsi, zöhr namazının qılınmasını göstərir.

 

O halda, səbəb və illət, eyni mənaya gəlirmi?

Bəzi üsul alimlərinə görə, bəli. İkisi də, eyni mənaya gəlir.

 

Digər bəzi üsul alimlərinə görə isə, həqiqətdə, bu 2 kəlimə, ayrı-ayrı şeylər ifadə edirlər. Onlara görə:

Səbəb: "hökm ilə arasında bir münasibət olmayan şey"ə deyilir. Dolayısı ilə, vaxt, namazın vacibliyi üçün bir səbəbdir. İçkinin haram qılınmasının illəti olan iskər, səbəb deyildir. Çünki, iskər ilə təhrim arasında, bir münasibət vardır. Səfər də, orucu açmağın cəvazına bir illətdir, səbəb deyildir. Çünki burda da, hökm ilə səfər arasında, bir münasibət vardır.

Dolayısı ilə, bu üsul alimlərinə görə, illət, münasib və müəssir bir vəsf olub hökmdə təsiri vardır. Səbəb isə, belə deyildir. Hərçənd, hər ikisi də, nəticə etibarı ilə Şari'nin hökmü üçün bir əmarədirlər.

 

Bizcə, bu ixtilaf, istilah (yəni, termin) və ləfz üzərindədir. Həqiqətdə isə, bir ayrılıq yoxdur. Çünki, illəti səbəblə eyni mənada görənlər, səbəbi, 2 qismə ayırırlar:

a. Hökmlə arasında bir münasibət mövcud olan səbəb;

b. Hökmlə arasında bir münasibət mövcud olmayan səbəb.

Bax burda da, illət ilə səbəb, birləşməkdədir.

 

Xülasə:

~ Şərt mövcud olar və mani mövcud olmazsa, səbəb, təklifi hökmü nəticə verər.

~ Şərt gerçəkləşməz və mani mövcud olarsa, səbəb, bir nəticə verməz. Məsələn: muris (miras buraxan) ölərsə, varisin sağ olub-olmadığı bilinməsə, mirasçı ola bilməz. Murisi, onun öldürdüyü ortaya çıxarsa, yenə mirasçı ola bilməz.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

--------------------------

--------------------------

Əlavələr:

İllət nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ill%C9%99t-n%C9%99dir

Səbəb nədir? Səbəblər nə üçün var?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s...

 

Read 21 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR