İsra surəsi 72-ci ayə
وَمَن كَانَ فِى هَـٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْءَاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا
Və mən kənə fi həzihi ə'mə, fə huvə fi'l-əxirati ə'mə və ədallu səbilə
Yəni:
"Bunda kor olan kəs, axirətdə də kordur və üstəlik, (haqq) yolca da, daha çox azğındır." (İsra/72)
-----------------------------
Təfsiri:
Bu ayə ilə, gözün kor olması qəsd edilməmiş; əksinə, bununla, qəlbin korluğu qəsd edilmişdir.
Ayətdəki, "axirətdə də kordur" ifadəsinə gəlincə, bu xüsusda, 2 görüş vardır:
✓ 1. Bununla (yəni, "axirətdə də kordur" kəliməsilə), "qəlbin korluğu" qəsd edilmişdir.
Belə olması halında, bu xüsusda, bu izahlar verilə bilər:
a. İkrimə, belə deyir:
Bir qrup Yəmənli, ibn Abbas'ın yanına gəlir. Belə ikən, Yəmənlilərdən biri, Ondan, bu ayəni soruşur. Bunun üzərinə,
- ibn Abbas, "Bundan əvvəlki ayəni oxu!" deyir.
- O da: "Lütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən, Rəbbinizdir. Həqiqətən, O, sizə qarşı rəhmlidir. Sizə dənizdə bir fəlakət üz verdiyi zaman, Ondan başqa tapındıqlarınız, sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə, üz döndərirsiniz. Həqiqətən, insan, nankordur! Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz. Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik." (İsra/66-70) ayələrini oxuyur.
- Bunun üzərinə, ibn Abbas: "Kim, bu görüb müşahidə etdiyi nemətləri görməz və nankor olarsa; o, görmədiyi, müşahidə etmədiyi axirət xüsusunda da kordur. Yolca da daha azğındır." deyir.
Bu izaha görə, "fi həzihi/bunda" işarət damiri (şəxs əvəzliyi), əvvəlki ayələrdə bəhs edilən o nemətlərə bir işarət olmuş olur.
b. Dahhak'ın, ibn Abbas (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, O, belə demişdir:
"Haqq Taala, bu ifadəsilə, 'Kim, bu dünyada, göylərin, yerin, dənizlərin, dağların, insanların və hər canlının yaradılmasındakı qüdrətini görməz, kor olarsa; bu kimsə, axirət xüsusunda da, kor, yolca da ən azğın, onun elmini əldə etməkdən də ən uzaq bir kimsə olar.' mənasını qəsd etmişdir."
Buna görə, "fi həzihi/bunda" işarət damiri, dünyaya bir işarət olmuş olur.
Bu hər 2 görüşə görə qəsd edilən məna,
"Bu dünyada, kimin qəlbi, bu nemətləri və dəlilləri görüb müşahidə etmək xüsusunda kor olarsa; axirət xüsusunda da, onun qəlbi, axirət hallarına tanımaq xüsusunda, əvləviyyətlə kor olmuş olar." şəklində olur.
Buna görə, hər 2 yerdə (yəni, "bunda" və "axirətdə" kəlimələrində) keçən korluq, dünyada gerçəkləşmiş olur.
c. Həsən əl-Basri, belə deyir:
"Kim, dünyada azğın və kafir olarsa; o kimsə, axirət xüsusunda da kor və yolca da ən azğın kimsə olmuş olar. Çünki, dünyada ikən, onun tövbəsi qəbul edilə bilər. Axirətdə isə, tövbə və üzrü qəbul edilməz. Dünyada ikən fərqli bəla və müsibətlərdən qurtula bilmək, mümkündür. Axirətdə isə, buna qətiliklə imkan yoxdur."
d. Ayədə keçən ikinci korluğu (yəni, axirətdəki korluğu), "Allahı tanımamaq" mənasına həml etmək, mümkün deyildir. Çünki, axirətdəkilər, Allahı, istər-istəməz tanıyacaqlardır. Bundan dolayı, buna görə, bu ifadə ilə, "cənnət yolunu görə bilməmək; ona qarşı kor olmaq" mənası qəsd edilmiş olub; məna, "Kim, bu dünyada Allahı tanımaz, kor olarsa; axirətdə də, cənnəti görə bilməz; bunda kor olar." demək olur.
e. Dünyada ikən qəlbləri kor olanlara, bu hal, onların dünyanı əldə etmə və onun ləzzət və gözəlliklərindən faydalanaraq sevinmə xüsusunda iftat həris olmaları səbəbilə meydana gəlmişdir. Bundan dolayı, bu istək, axirətdə artar və orda, dünyanı əldən qaçırmaqdan dolayı, həsrəti böyüyər. Bununla bərabər, onlarda, mərifətullah (Allahın mərifəti, tanınması) nurları haqqında, hər hansı bir şey də yoxdur. Beləcə onlar, şiddətli bir zülmətin və böyük bir həsrətin içində qalarlar ki, bax ayədə bəhs edilən korluqdan, bu qəsd edilmişdir.
-----------------------
✓ 2. İkinci korluğun (yəni, axirətdəki korluğun), "gözün korluğu" mənasına həml edilməsi.
Buna görə, məna, "Bu dünyada kimin qəlbi kor olarsa; qiyamətdə, o kimsə, gözü kor olaraq həşr edilər." şəklində olur. Necə ki, Haqq Taala,
وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ أَعْمَىٰ
• قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًا
• قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَـٰتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ
"Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz, Qiyamət günü, onu, kor kimi hüzurumuza gətirdəcəyik. O deyəcək: 'Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?' Allah deyəcək: 'Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də, sən, beləcə unudulacaqsan!" (Taha/124-125-126)
buyurmuşdur.
Bu korluq, onların cəzalarını artırmaq üçündür. Allah, ən doğru biləndir...
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
--------------------------
--------------------------
Əlavələr:
Axirət həyatına iman rüknü və əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatina-im...
