Maidə surəsi 3-cü ayətin təfsiri (1)
...ٱلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِى وَرَضِيتُ لَكُمُ ٱلْإِسْلَـٰمَ دِينًا...
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (Maidə/3)
-------------------------------
Təfsiri:
22-ci başlıq: "Kamilləşdirilən din"
Uca Allahın: "Bu gün, sizin üçün dininizi kamil etdim." buyuruğu ilə, buna işarət edilməkdədir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkədə olduğu vaxt, fərzlərdən yalnız namaz var idi. Mədinə'yə hicrət etdikdən sonra, uca Allah, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həcc edənə qədər, halal və harama dair hökmlərini endirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), həcc edib din də kamilləşincə, Allah, bu ayəti endirdi.
✓ Hədis imamları, Tariq b. Şihab (əz-Zühri)'dən belə dediyini rəvayət edirlər:
Yəhudilərdən bir adam, Ömər (radiyallahu anh)'ın yanına gələrək belə dedi:
"Ey möminlərin əmiri! Kitabınızda oxuduğunuz bir ayət ayət vardır ki, əgər o ayət, biz yəhudilər üzərinə endirilmiş olsaydı, o ayətin endiyi günü bayram edərdik."
- Ömər:
"Bu, hansı ayətdir?" deyə soruşunca,
- Yəhudi:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." ayətidir.
- Ömər (radiyallahu anh), belə dedi:
"Şübhə yoxdur ki, mən, bu ayətin endirildiyi günü də, endirildiyi yeri də, çox yaxşı bilirəm. Bu ayət, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, cümə günü, Arafat'da nazil olmuşdur."
Muslim'in ləfzi, bu şəkildədir.
Nəsai'nin "Sünən"ində isə, "Cümə axşamı" ifadəsi vardır.
✓ Bu ayətin, "Həcc-ul Əkbər" (bax: Tövbə/3) günü nazil olub, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu ayəti oxuduğu, bunun üzərinə də Ömərin ağladığı rəvayət edilmişdir.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm) ondan:
"Niyə ağlayırsan?" deyə soruşunca,
- Ömər, belə dedi:
"Məni ağladan budur ki, biz, dinimiz cəhətindən bir artım içərisində idik. Bu din artıq kamilləşdiyinə görə, nə qədər kamillik qazanmış şey vardırsa, mütləq əskilməyə başlayacaq (yəni, bunun üçün ağlayıram)."
- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Doğru söylədin!" deyə buyurdu.
✓ Mücahid, bu ayətin, Məkkə'nin fəth edildiyi gün nazil olduğunu rəvayət etməkdədir.
✓ Mən (Qurtubi) isə deyirəm ki:
Birinci görüş, daha səhihdir. Bu ayət, cümə günü nazil olmuşdur. Nazil olduğu gün isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Arafat'da, əl-Adba deyə adlandırılan dəvəsi üzərində ikən, hicrətin 10-cu ilində, Vida həccində, ərəfə günü əsrdən sonra nazil olmuşdur. Bu ayət nazil olduğu vaxt, ayətin ağırlığından dolayı, dəvənin az qala ayaqları qırılacaqdı. Bundan dolayı, tab gətirməyib çökmüşdü.
------------------------------------------
"Yəvm": "Gün" sözü
Bu söz, "günün bir parçası" haqqında da istifafə edilə bilir. Necə ki, ayın bir parçası haqqında da "ay" sözünün istifadə edilməsi kimi. "Biz, bu işi, bu, bu, bu ayda; bu, bu, bu ildə etdik." deyilir. Bilindiyi kimi, edilən o iş, ayın da, ilin də bütün gününü əhatə etməz. Bu da, gərək ərəblərin, gərək ərəb olmayanların dilində bu şəkildə istifadə edilir.
------------------------------------------
"Din": Bizim üçün təşri qıldığı (qanun qoyduğu) şəri hökmlərdir. Bu şəri hökmlər, bölmə-bölmə nazil olmuşdur. Bundan ən son nazil olan da, bu ayətdir. Bundan sonra, hökm ifadə edən bir buyruq nazil olmamışdır.
Bu görüş, ibn Abbas və Süddi'yə aiddir.
Cumhur isə, belə deyir:
"Bundan məqsəd, fərz, halal və harama dair hökmlərin böyük əksəriyyətidir."
Yenə cumhur, belə deyir:
"Bundan sonra, Quranın bir çox bölməsi nazil olmuşdur; ayrıca, riba (faiz) ayəti də nazil olduğu kimi; kəlalə (Nisa/176) ayəti və buna bənzər daha başqa ayətlər də enmişdir."
Bu ayətin nüzulu vaxtı kamilləşən dinin böyük bir bölməsi, həccə dair xüsuslardır. Çünki bu ildə, möminlərlə birlikdə hər hansı bir müşrik, Beytullahı tavaf edə bilmədiyi kimi; çılpaq bir şəxs də, Beytullahı tavaf etmədi. Və bütün insanlar da, Ərəfat'da vəqfə etdilər.
----------------------------------------
"Bu gün, sizin üçün dininizi kamil etdim." buyuruğunun: "Düşmənlərinizi həlak etdim; dininizi digər bütün dinlərə üstün qıldım." mənasında olduğu da söylənmişdir.
Bir kimsəyə, düşməninə qarşı kömək edilib, düşməninin zərəri əngəllənəcək olduğunda, o: "istədiyimiz, bizim üçün tamamlanmış oldu." deyir.
----------------------------------------
23-cü başlıq: "Tamamlanan İlahi Nemət"
Yəni:
"Şəri hökmləri tamamlamaqla, sizə vəd etdiyim şəkildə İslam dinini üstün qılmaqla bunu gerçəkləşdirdim." deməkdir.
Çünki, Mən (Allah Taala), daha əvvəl sizlərə: "Ta ki, sizə olan nemətimi tamamlayım." (Bəqərə/150) deyə buyurmuşdum.
Bu isə, əmin-amanlıq içərisində, Məkkəyə girmək və buna bənzər bu Hənif dinin ehtiva etdiyi uca Allahın rəhməti ilə cənnətə girməyə qədər bütün digər xüsusları ehtiva etməkdədir.
------------------------------------------
24-cü başlıq: "Bu ayətin nüzulundan əvvəl, din, əskik idimi?"
Bir şəxs, belə deyə bilər:
"Uca Allahın:
'Bu gün dininizi sizin üçün kamil etdim.' buyuruğu, dinin, bir vaxtlar kamil OLMADIĞININ dəlilidir. Bu isə, daha əvvəl vəfat edən Mühacir, Ənsar, Bədr və Hudeybiyyə'də iştirak etmiş, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə biət etmiş, Allah üçün canlarını fəda etmiş şəxslərin, qarşı-qarşıya qaldıqları böyük və fərqli-fərqli çətinliklərə baxmayaraq, əskik bir din üzərə ölmələrini; Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də, bu halda, insanları əskik bir dinə dəvət etməsini gərəkdirir. Bilindiyi kimi də, əskiklik də, bir qüsurdur. Allahın dini isə, doğru bir dindir. Necə ki, uca Allah:
"Doğru bir dinə..." (Ənam/161) deyə buyurmaqdadır..."
Belə bir şübhəyə, bu şəkildə cavab verilə bilər:
~ Nəyə istinad edərək, hər bir əskikliyin bir qüsur olduğunu deyirsiniz? Buna dair dəliliniz, nədir?
Ayrıca, bunlar da deyilə bilər:
~ Ayın əskik olması, bir qüsurdurmu?
~ Yolçunun namazının əskik olması, o namaz üçün bir qüsurdurmu?
~ Uca Allahın:
"Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq Yazıda (Lövh-i Məhfuz'da) yazılmışdır." (Fatir/11) buyruğunda işarət etdiyi şəkildə, dilədiyi ömrü qısaltması, o ömür üçün bir qüsurdurmu?
~ Adət edilmişdən daha əskik olan ay başı halı günləri;
~ Hamiləlik günlərinin əskik olması;
~ Oğurluq, yanğın və ya sel səbəbilə -sahibini kasıb qoymadığı təqdirdə- malın əskikliyi, bir qüsurdurmu?
Bu cəhətdən, sənin, uca Allahın elmində olan dinin geri qalan bölmələrinin bildirilməsindən əvvəl sərt hökmlər cəhətindən dinin bölmələrindəki əskikliyə qarşı göstərdiyin bu etiraz, əslində belə bir etirazı gərəkdirən hər hansı bir qüsur və ya mənfi bir yöndən dolayı deyildir. Uca Allahın:
"Bu gün, sizin üçün dininizi kamilləşdirdim." buyruğunun mənası ilə bağlı olaraq sənin müsbət görmədiyin şey, 2 şəkildə açıqlana bilər:
1. Birincisi, budur:
"Mən, bu dini, Mənim qəza və qədərim gərəyincə, nəzdimdə təyin etdiyim ən iləri nöqtəyə doğru çatdırmış oldum." mənası qəsd edilmiş ola bilər.
Bu isə, bundan əvvəlki halın, ayıblanacaq bir əskiklik olmasını gərəkdirməz. Əksinə, o təqdirdə, məhdud bir əskikliklə vəsf edilə və buna da, belə deyilə bilər:
Bu din, o zamankı halı ilə, uca Allah nəzdində, özünə əlavə edəcəyi və qatacağını bildiyi şeylərə nisbətlə əskik idi. Necə ki, uca Allahın 100 il yaşadacağı bir şəxsə, "Allah, onun ömrünü tamamlasın." deyilir. Ancaq bu, yaşı 60 olduğu sırada, ömrünün -bir qüsur mənasında- əskik olmasını gərəkdirməz.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Allah, hər kimi 60 il yaşadarsa, artıq ömrü cəhətindən onun iləri sürəcəyi bir üzrü qalmamış olar."
Ancaq bu haldakı kimsənin, məhdud olmaq şərtilə əskikliklə vəsfləndirilməsi və belə deyilməsi mümkündür:
"Bu şəxs 60 yaşında ikən, uca Allahın onun haqqındakı biliyinə görə, o şəxsi çatdıracağı və yaşadacağı ömürdən daha əskik idi."
Şanı uca olan Allah, zöhr, əsr və işa namazlarının (fərzlərini) 4 rükətə çatdırmışdır. Əgər 4 rükətə çıxartdıqdan sonra:
"Allah bunları tamamladı." deyiləcək olsa, bu, doğru bir ifadə olar. Ancaq, bu namazlar 2 rükət ikən, qüsur və eyb olacaq şəkildə əskik idilər, deməyi gərəkdirməz. Ancaq, uca Allahın daha sonra bunlara əlavə edəcəyi saya görə əskik idilər, deyiləcək olsa, o təqdirdə, bu, doğru bir ifadə olar.
Bax, uca Allahın, bu dini, əzəli elmində çatdıracağı təqdir etdiyi son nöqtəyə qədər ard-arda hökmlərini endirməsi də, belədir.
Ən doğrusunu bilən, Allahdır.
2. Bir başqa açıqlama şəkli də, belədir:
Uca Allah:
"Bu gün dininizi sizin üçün kamil etdim." buyuruğu ilə, bunu qəsd etmiş ola bilər:
O, dinin rükünlərindən başqa hər hansı bir rüknün qalmamış olduğu həccə, onları müvəffəq qıldı və onlar da, həcc etdilər. Beləliklə, bütün rükünlərini əda və fərzlərini yerinə yetirmək surətilə, dini, onlar üçün tamamlamış və bütünləmiş oldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:
"İslam, 5 əsas üzərinə qurulmuşdur..." deyə buyurmuşdur. Bunda əvvəl isə, onlar, şəhadət kəliməsini gətirmiş; namaz qılmış; zəkat vermiş; oruc tutmuş; cihad etmiş; ümrə etmiş; ancaq hələ həcc etməmişdilər. Bax o gün, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə həcc edincə, şanı uca olan Allah, onlara Ərəfə axşamı, vəqfə yerində ikən:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım." buyuruğunu endirdi.
Bununla da, dinini, onlar üçün tamamlamış olduğunu qəsd etməkdədir.
Bax bunda, Allaha edilən bütün itaətlərin, bir din, iman və İslam olduğuna dair açıq dəlil vardır.
---------------------------------
25-ci başlıq: Allah'ın Razı Olduğu Din
Uca Allahın: "Və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." buyuruğu,
"Mən, sizə din olaraq, sizin üçün ondan (İslamdan) razı olduğumu bildirdim." mənasındadır.
Şanı uca olan Allah, hər vaxt üçün, din olaraq, bizim İslama bağlanmağımıza razıdır. Yoxsa bu buyruğu, zahirinə görə təvil etmək; razı olmasının, yalnız o gün üçün təxsis edilməsinin bir faydası olmaz.
~ Mənanın belə olduğu da deyilmişdir:
"Əgər sizlər, Mənim sizin üçün şəriət olaraq təyin etdiyim dinə tabe olsanız, sizdən razı olaram."
~ Mənanın belə olduğu da qəsd edilmiş ola bilər:
"Bu gün üzərinizdə olduğunuz dininiz İslamı, bütün kamalı ilə, ondan heç bir şey nəsx etmədən və əbədiyyən qalıcı olmaq üzərə bəyənib seçdim."
Ən doğrusunu bilən, yalnız Allahdır.
Ayətdə keçən "İslam" sözü, uca Allahın:
"Şübhəsiz, Allah nəzdində din, İslamdır." (Al-i İmran/19) buyruğunda keçən İslamın eynisidir.
(İmam Qurtubi, "əl-Cami li Əhkami'l-Quran", Maidə/3 təfsiri)
----------------------------------------
Əlavələr:
Maidə surəsi 3-cü ayətin təfsiri (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/maid%C9%99-sur%C9%99si-3-cu-...
----------------------------------------
Sual: Din kamil olduğu halda, məzhəb ixtilafları nə üçün vardır?
Cavab: ibn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm" əsərində, mövzu ilə bağlı olaraq danışarkən, belə deyir:
...Abbas (radiyallahu anh) belə demişdir:
"Allaha and olsun ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) din yolunu açıq və aydınlıq hala gətirmədən vəfat etməmişdir. O, halal və haramları açıqlamış, nigah və talağın hökmlərini, müharibə və sülhün necə olmaları gərəkdiyini bildirmişdir.
Dağ başındakı çobanın, qoyunlarını sağlam bir şəkildə otlatmaq və sulamaq mövzusunda göstərdiyi həssasiyət və səydən artığını, Allah rəsulu, ümmətini aydınlatmaq, yalnışlıqdan qorumaq və əmin-amanlığa çıxardmaq mövzusunda göstərmişdir."
Əbu Zərr (radiyallahu anh) belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdiyi zaman, havada qanad çırpıb uçan quşlarla əlaqəli dini hökmlərə varıncaya qədər, hər şeyi bizə açıqlamışdı."
Ancaq bu, belə olmasına baxmayaraq, hökmlərin açıqlıq dərəcələri bir birindən fərqlidir.
• Bəzi hökmlər, o dərəcə açıqdır ki, bunlarda heç bir müəyyənsizlik və şübhə qalmamış və bir İslam ölkəsində yaşayanlar üçün, onları bilməmək üzr olmaqdan çıxmışdır. Bu cür hökmlərə- "dinin zəruriyyəti", yəni "dində zəruri olaraq bilinən hökmlər", "muhkəmlər" deyilir.
• Bəzi hökmlər, alimlərin elmi səviyyəsində açıqdır. Onun üçün bu hökmləri yalnızca alimlər bilir.
• Bəzi hökmlər isə, bütün alimlər üçün də qəti deyildir. Bundan dolayı, onları anlamağa çalışarkən, alimlər də fərqli görüşlər iləri sürmüşlərdir.
Alimlərin fərqli görüşlər iləri sürmələrinin səbəbləri bunlardır:
1- Hökmün qaynağı olan nass'ın, bəzi alimlər tərəfindən bilinərkən, bəziləri tərəfindən bilinməməsi.
Belə olduğu halda, istər-istəməz bu 2 qrup arasında fərqli görüşlər ortaya çıxmışdır.
2- Fərqli hökmlər ifadə edən nass'ın mövcud olması.
Bu halda, bəzi alimlər, bir nass'ı əsas alarkən, digərləri başqa bir nass'ı əsas almışlardır. Fərqli 2 nass'ın mövcud olması isə:
• ya birinin sənəd yönündən qüvvətli, birinin zəif olmasından;
• ya da birinin digərini nəsx etməsindən (yəni sonrakının, öncəkinin hökmünü qaldırmasından) dolayıdır.
• Bəzən də fərqli nasslardan biri təqvanı, o biri də ruxsatı (insanların üzrlərindən dolayı, onlara bir asanlıq və izn olmaq üzərə, ikinci dərəcədə məşru qılınan şey) ifadə edər.
• Bəzən də fərqli nass'lar, fərqli şərtlər üçündür.
3- Nass'ın hökmə dəlalətinin, bütün alimlərin eyni şəkildə anlayacağı dərəcədə açıq olmaması.
Bu halda, bəzi alimlər nass'ı bir cür, digər bəziləri də, onu başqa cür anlamışlardır. Belə olunca da, fərqli görüşlər ortaya çıxmışdır.
4- Əmr şəklində olan bir nass'ın vaciblik mi, yoxsa məndubluq mu ifadə etdiyi;
nəhy şəklində olan nass'ın da haramlıq mı, yoxsa məkruhluq mu ifadə etdiyi xüsusunda, fərqli görüşlərin meydana gəlməsi.
Belə olduğu halda, bir alim, haqqında əmr olan bir şey üçün vacib deyərkən, bir digəri məndub deyər.
Yenə bir alim, haqqında nəhy olan bir şey üçün haram deyərkən, bir digəri məkruh deyər.
Bir şey haqqında bu səbəblərlə, görüşlər fərqli olur və doğru olanın hansı görüş olduğu qətilik qazanmazsa, o şeyin hökmü, şübhəli bir hökm olaraq qalır.
Ancaq bu belə olmasına rəğmən, elmdə rüsuh və dərinlik sahibi olanlar, doğru olan görüşü tapmağa müvəffəq olurlar. Bu səbəblə, hökm, bunlara görə, möhkəmdir. Və lakin, digər alimlər isə, qəti bir qənaət gətirmədikləri üçün, hökm bunlar üçün şübhəli olur.
Bu, o deməkdir ki, heç bir hökm, bütün İslam alimləri üçün şübhəli deyildir. Ancaq hökmü doğru və qəti olaraq bilənlərin sayı, hər mövzuya görə, fərqlilik ərz edər. Bundan dolayı, bunların sayı bəzən artarkən, bəzən ola bildiyincə azalır.
Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Mənim ümmətim, dəlalət üzərində ittifaq etməz."
Yəni hamısı bu halda olmazlar. Olsa olsa, bir qismi bu halda ola bilər. Bu qisim də bəzən bütünə görə azlıq, bəzən də çoxluqdur.
"Şübhəli şeyləri (n doğru hökmünü) insanların çoxu bilməzlər."
Bu, o deməkdir ki, insanların çoxunun, doğru hökmünü bilmədikləri şeyləri, bəziləri bilirlər. Bu da nəticədə, heç bir dini hökmün, bütünü ilə qapalı olmadığı, ancaq onları anlama səviyyəsinə çıxa bilməmiş insanlar üçün, o şəkildə göründüyü mənasındadır.
(İbn Rəcəb əl-Hənbəli, Camiu'l-Ulum və'l-Hikəm, 6-cı Hədis: "Halal, haram və bu ikisi arasında şübhəli şeylər haqqındadır.")
--------------------------------------
Fiqhi ixtilaflara dair oxumaq üçün, aşağıdakı linklərə daxil ola bilərsiniz:
https://archive.org/details/mzhb-mslsi-v-fiqhi-ixtilaflar
https://archive.org/details/fqihlrin-ixtilafinda-hdislrin-rolu-muhammd-a...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dord-m%C9%99zh%C9%99bd%C9%99...
