Misal aləmi nədir?

Bil ki, bir çox hədis, varlıq aləmində maddi olmayan başqa bir aləmin daha var olduğunu göstərməkdədir. Bu aləmdə, mənalar, özlərinə uyğun bir surətlə təcəssüm etməkdə və əşya hələ yer üzündə gerçəkləşmədən, burda bir cür gerçəkləşməkdədir. Meydana gəldiyi vaxt, o məna orda necə idisə, maddi varlıq aləmində də eynilə elə olmaqdadır. Xalqa görə bir cismi olmayan şeylərdən bir çoxu, burdan enər; insanların hamısı isə, onları görə bilməz.

Bu mövzuda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu sözlərini xatırlaya bilərik:

1. Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah, məxluqatı yaratdı, yaradılışı başa çatdıqdan sonra rahim (qohum-əqrəbalıq əlaqəsi) ayağa qalxıb ər-Rahmən'in ətəyindən yapışdı. Allah ondan:

'Nə olub?' deyə soruşdu.

- O dedi:

'Bu, qohum-əqrəba əlaqələrini kəsməkdən sənə sığınanın məqamıdır.'

- Allah buyurdu:

'Səni birləşdirəni birləşdirməyimə; kəsəni də kəsməyimə razı deyilsənmi?'

- O dedi:

'Əlbəttə razıyam, ey Rəbbim!'

- Allah (belə) buyurdu:

'Elə belə də olacaq." (Buxari, hədis no: 4830)

 

2. "Bəqərə və Al-i İmran surələri, qiyamət günündə sanki 2 bulud, ya da 2 kölgə və ya səf tutmuş 2 bölük quşlar kimi gələcək, oxuyanlarını müdafiə edəcəklərdir." (Muslim, "Musafirin"/252)

 

3. "Qiyamət günündə, əməllər gələcəkdir; namaz gələr, sədəqə gələr, sonra oruc gələr..." (Əhməd, "Müsnəd", 2/362)

 

4. "Şübhəsiz ki, yaxşılıq və pislik, 2 məxluqdur və sabah qiyamət günündə, insanların qarşısında duracaqlar. Yaxşılıq, öz sahiblərini müjdələyər. Pislik isə, 'Mənə yaxın gəlməyin. Mənə yaxın gəlməyin.' deyər, lakin ondan heç cür uzaq dura bilməzlər."

 

5. "Allah Taala, qiyamət günündə, günləri öz şəkli üzərə dirildər, cüməni də çiçək kimi və parlaq olaraq dirildər." ("Kənzu'l-Ummal", 7/20910)

 

6. "Qiyamət günündə, dünya, ağ saçlı, göy dişli, çirkin sifətli yaşlı bir qadın şəklində gətiriləcək." ("Kənzu'l-Ummal", 3/8579)

 

7. "Siz, Mənim gördüklərimi görürsünüzmü? Şübhəsiz ki, Mən, evləriniz arasında fitnələrin düşdüyü yerləri, yağış yerləri kimi görürəm." (Muslim, "Fitən"/9)

 

8. İsra hədisi haqqında da belə buyurmuşdur:

"Bir də gördüm ki, 4 çay var: 2 zahir, 2 də batin çay. Cibrilə:

'Ey Cəbrail! Bu çaylar nələrdir?' deyə soruşdum.

- Cibril:

'Bu batini çaylar, cənnətdə olan 2 çaydır. Zahir çaylar isə, Nil və Fəratdır.' dedi." (Muslim, İman/264)

 

9. Küsuf (günəş tutulması) namazı ilə bağlı hədisdə:

"Cənnət və cəhənnəm Mənə -bir rəvayətdə- Mənimlə qiblə divarı arasında təsvir edildi." (Buxari, Küsuf/9)

buyurduğu bildirilmiş və bu hadisədə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir salxım üzüm götürmək üçün əlini uzatmış, cəhənnəmdən ürpərək geri-geri çəkilmiş və hərarətindən dolayı üfləmiş, orda hacıları soyan quldurları, pişiyi həbs edib aclıqdan öldürən qadını görmüş, itə su verən fahişə bir qadını cənnətdə görmüşdür. (Buxari, Azan/91; Küsuf/9)

Məlumdur ki, o məsafə (Peyğəmbərlə qiblə divarı arasındakı məsafə), insanlarca bilinən normal ölçülərilə nə cənnəti, nə də cəhənnəmi ehtiva edə biləcək böyüklükdə idi.

10. "Cənnət xoşa gəlməyən şeylərlə, cəhənnəm də şəhvətlərlə əhatələnmişdir." (Muslim, Cənnət/1)

Sonra Cəbrail, cənnət və cəhənnəmə baxmasını əmr etmişdir.

 

11. "Bəla enər və ona, dua qarşı gələr."

 

12. "Allah Taala, ağlı yaratdı və ona: 'Yönəl!' dedi. O da yönəldi. 'Dön!' dedi. O da döndü."

 

14. "Bunlar, aləmlərin Rəbbindən gələn 2 kitabdır." (Möhtəmələn, Dihləvi'nin qəsd etdiyi, Bəqərə və Al-i İmran surələridir.)

 

15. "Ölüm, bir qoç kimi gətiriləcək və cənnət ilə cəhənnəm arasında kəsiləcəkdir." (Muslim, Cənnət/43)

 

16. Allah Taala, belə buyurur:

...فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

"...Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu." (Məryəm/17)

 

Hədislərdə bir çox yerdə:

~ Cibril (əleyhissəlam)'ın Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə zahir olduğu, Ona görsəndiyi, Onunla danışdığı; lakin digər insanların onu görə bilmədikləri;

~ Qəbrin 70 zira (1 zira = 75-90 sm) genişləndirildiyi, qəbrə qoyulan şəxsə, sorğu-sual mələklərinin gəldiyi və ona sual verdikləri, insanın, (dünyada işlədiyi) əməlinin şəklinə girdiyi;

~ Mələklərin, canı çıxmaqda olan insana gəldikləri və əllərində ipək, ya da cır-cındır olduğu;

~ Mələklərin, qəbirdə olan şəxsə dəmirdən çəkiclərlə vurduqları və bunun nəticəsində, onun şərq ilə qərb arasında olan hər şeyin eşidəcəyi bir səs çıxardığı...

sabitdir. Bu qəbildən olmaq üzərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Kafirə qəbrində 99 ilan hücum edər; onlar qiyamətə qədər onu sancarlar." (Darimi, "Riqaq"/94);

"Ölü qəbrə qoyulduğu vaxt, ona günəş batırmış kimi göstəriləcək. Bunun üzərinə o, gözlərini silərək oturacaq və: 'İcazə verin namaz qılım.' deyəcəkdir." (İbn Macə, "Zühd"/32)

Allah Taala'nın, məhşərdə insanlar üçün fərqli surətlərdə təcəlli edəcəyi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, kürsüsü üzərində dayanmış olan Rəbb Taala'nın hüzuruna girdiyi; Allah Taalanın insan oğlu ilə vasitəsiz danışacağı və daha başqa bunlar kimi sayıla bilməyəcək qədər çox hədis, misal aləminin varlığına dəlalət etməkdədir.

Bu hədisləri dəyərləndirən şəxs, bu 3 davranışdan birini göstərəcəkdir:

1. Ya onların zahirinə inanacaq və bəhs etdiyimiz şəkildə bir aləmin mövcudluğunu qəbul etmək məcburiyyətində qalacaqdır. Hədis əhlinin qoymuş olduğu qaydanın gərəyi də, budur. Necə ki, Suyuti, buna işarət etmişdir. Mən (Dihləvi) də, eyni şeyi deyir və eyni görüşü paylaşıram.

2. Yaxud da belə deyəcəkdir:

Bu deyilənlər, baxan şəxsin gözünə görsənir kimi olmaqda və hislərdə təməssül etməkdədir (bir şəkil və surətə girməkdədir). Hədd-i zatında isə, elə bir şey yoxdur. Abdullah b. Məsud (radiyallahu anh):

فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ

"Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə." (Duxan/10) ayətini izah edərkən, bənzər bir görüş iləri sürmüş və belə demişdir:

"İnsanlara quraqlıq isabət edər. Onlardan biri göyə baxar və aclıqdan onu duman şəklində görər."

İbnu'l-Macişun'dan belə dediyi nəql edilir:

"Hədislərdə keçən məhşərdə (Allahın enmək kimi) gəlməsindən, ya da Onun görülməsindən məqsəd, Allah Taalanın, məxluqatın gözlərini dəyişdirməsi; və bunun nəticəsində, onların zaman və məkandan münəzzəh olan Zatını enər, təcəlli edər və qulları ilə danışar halda görmələridir. Hədd-i zatında isə, əzəmətindən bir şey dəyişmiş deyildir, gəliş də yoxdur. Bunu, Allahın hər şeyə qadir olduğunu bilmələri üçün edər."

3. Yaxud da, bu deyilənlərin hamısını, başqa mənaların bildirilməsi üçün təmsil sayar.

Mən (Dihləvi), hədislərdə bəhsi keçən halları, bu üçüncü mənaya təvil edənlərin haqq əhlindən olduqları qənaətində deyiləm.

İmam əl-Ğazzali, qəbr əzabı bəhsində ("İhya-u Ulumi'd-din" əsərində), bəhsini etdiyimiz 3 baxış tərzindən bəhs etmiş və belə demişdir:

Bu cür xəbərlər, həm ləfzlərinin vurğuladıqları məna etibarı ilə səhih; həm də bir çox sirlər ehtiva edirlər. Hər bir halda, bəsirət sahibləri, ifadə edilmək istənilən mənanı, çox qəti bir şəkildə idrak edirlər.

Bu xəbərlərin həqiqətləri gözlərinin önünə sərilməyən şəxs, zahiri ifadələri inkara qalxmamalıdır. Əksinə, iman dərəcələrinin ən aşağı mərtəbəsi, təsdiq və təslimiyyətdir.

Sual: "Qəbrinə qoyulan kafiri bir müddət seyr edir, ancaq hədislərdə ifadə edilən əzabların heç birini müşahidə edə bilmirik. Müşahidələrdən fərqli bir hadisəni (yəni ilan sancması və s. kimi hədislərdə bildirilənləri) necə təsdiq edə bilərik?"

Cavab: Bu kimi xəbərləri təsdiq etməkdə, sənin üçün 3 məqam vardır:

• Birinci məqam: Ən açığı, ən doğrusu və təslim olmağa ən uyğun olanı budur ki, həqiqətən bu ilan və əqrəblərin varlığına inanıb onları özün görməsən belə, ölünü sancdıqlarını təsdiq etməyindir. Çünki başdakı gözlər, mələkut aləmilə (haşiyə) bağlı hadisələri görə bilməzlər. Axirətlə bağlı hər hadisə, mələkut aləmindən sayılır. Səhabələr görmədikləri halda, Cəbrailin endiyinə, Peyğəmbərimizin onu gördüyünə necə inanırlardı?! Əgər sən, buna inanmırsansa, o vaxt sənin ilk əvvəl, mələklərə və vəhyə olan əsl imanını düzəltmək, sənin üçün daha əhəmiyyətlidir. Yox əgər buna inanır və digərlərinin görə bilmədiklərini Peyğəmbərin görə bildiyini qəbul edirsənsə, elə isə ölü haqqında niyə tərəddüd edirsən ki?!

Mələk, insanlara və heyvanlara bənzəmədiyi kimi; qəbirdə sancan ilan və əqrəblər də, (bizim dünyadakı) ilan və əqrəblərə bənzəməzlər. Bunlar, başqa bir hislə idrak edilə bilərlər.

-------------------

(Haşiyə:

Mələkut aləmi nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...

------------------

• İkinci məqam: Bu məsələdə, yuxu aləmini xatırlamağa çalışmağındır. Məsələn, yanında yatan bir adam, yuxusunda, ilanların, əqrəblərin hücumlarına məruz qalaraq, işgəncə görüb ağrı çəkər, fəryad qoparar, qaçar, alnından tərlər boşalar, birdən yerindən atlayar. Bütün bunları o, öz nəfsində hiss edər. Yatmayan bir adam bu cür hücumlar qarşısında necə narahat olursa, o da eyni şəkildə sıxıntı çəkər. Bəli, yanında yatan şəxs, bu cür izdirablar içində olarkən, sən onun necə şirin-şirin yatdığını sanır, yanında nə ilan, nə əqrəb və nə də başqa bir zəhərli heyvan görə bilirsən! Halbuki ilan ona hücum etmiş, əzab hadisəsi onun haqqında bir həqiqət ikən, sən bunu görə bilməməkdəsən.

İndi, madam ki, eyni ağrı, eyni izdirab və sıxıntı çəkir. Elə isə, bunun, xəyali və ya həqiqi bir ilan tərəfindən gerçəkləşdirilmiş olması arasında nə fərq vardır?!

• Üçüncü məqam: İlanın şəxsən ağrı vermədiyini bilirsən; ağrı verən, ilanın zəhəridir. Zəhər də ağrının özü deyildir, sənin hiss etdiyin ağrı, vücudunda zəhərdən meydana gələn əsərdə və onun təsirindədir. İndi eyni ağrı, ilansız və zəhərsiz meydana gələrsə, bunun nə fərqi vardır?! Bu (yəni ilansız, zəhərsiz meydana gələn ağrı bəlkə də), daha təsirli ola bilər. Bu cür əzabın olduğunu bildirmək, ancaq, adətən ona aparan bir səbəbə izafə etməklə mümkün ola bilir. Məsələn, insanda cinsi münasibət ləzzəti, felən təmas gerçəkləşdirilmədən yaradılmış olsaydı, insanın bu ləzzəti tərif edə bilməsi, yenə, cinsi münasibətə izafə edilərək mümkün ola bilərdi və bu izafə də, yenə səbəb yolu ilə tərif qəbilindən sayılardı. Beləcə, səbəbin surəti gerçəkləşməsə də, nəticəsi meydana gələrdi. Səbəb, zatı üçün deyil, nəticəsi üçün axtarılır.

Həlak edən (şəriətin pislədiyi: kibir, riya, həsəd, kin, qısqanclıq və bənzəri) pis sifətlər, ölüm anında, əzab verən şeylərə çevrilirlər. Ortada ilan və və əqrəb yox ikən, bunların verdiyi ağrılar, ilan və əqrəblərin zəhərləmələrindən meydana gələn ağrılar kimi olurlar. Bu pis sifətlərin əziyyət verən ünsürlərə çevrilmələri, sevgilisinin ölümündə sevgilisinə olan eşqinin əziyyətə çevrilməsi kimidir. Eşq, zövqlü bir şey olduğu halda, məşuqun ölümü ilə dərhal əziyyət verən şeyə çevrilir. Sevgilisi ölən aşiqin qəlbini elə ağrılar, elə əzablar bürüyür ki, "Kaş ki, heç aşiq olmasaydım; vüsal (qovuşmaq) zövqünü heç dadmasaydım." deyə təmənni edir. Sevgisi ağrıya çevrilən aşiqin bu əzabı, ölünün məruz qaldığı əzab növlərindən biridir.

(Şah Vəliyullah əd-Dihləvi, "Hüccətullahi'l-Bəliğa" adlı kitabından nəql)

--------------------

-------------------

Əlavələr:

1-ci hədis: Təməssülün mümkün olması

Ömər b. Xattab (radiyallahu anh)'dan belə rəvayət edilən Cəbrail (əleyhissəlam)'ın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlməsi, Ondan, dinlə bağlı suallar soruşması və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cavablar verməsi ilə bağlı hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"O, Cəbrail (əleyhissəlam) idi. Dihyə əl-Kəlbi surətində endi." (Nəsai, "İman", 6)

Bir varlığın, öz vücudunun əsli hüviyyətini qorumaqla bərabər başqa bir şəkildə ortaya çıxmasına, "təməssül" deyilir. Bu ikinci surətə (şəklə), misali surət deyilir. Yuxu və kəşflərin çoxu, belədir. Qeyr-i adi olan təməssül, bəzən, qulun oyaq halında da ola bilər. Yuxarıdakı hədisdə, bunun isbatı vardır.

Cəbrail (əleyhissəlam), sadəcə insan şəklində göründü, insan surətinə girdi. Yoxsa, mələklikdən çıxıb insan olmadı. Quranda da, bu təməssülün dəlili vardır. Allah Taala, belə buyurur:

فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا...

təməssələ ləhə bəşəran səviyyən.

Yəni:

"Cəbrail (əleyhissəlam), Ona, düzgün bir insan surətində göründü." (Məryəm/17)

Cəbrail (əleyhissəlam), insan şəklində təməssül etdi. Bu təməssülü, tənasux (reankarnasiya) kimi yalnış başa düşməmək lazımdır. Çünki, təməssüldə, bir varlıq, həqiqətən başqa bir qəlibə çevrilməz. Lakin tənasux, ruhun, başqa bir bədənə girməsi olaraq qəbul edilir. Bu isə, batildir.

----------------------

157-ci hədis: Mələklərin insan surətində görünməsi (təməssül)

Sad b. əbi Vaqqas (radiyallahu anh), belə rəvayət edir:

Uhud günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sağında və solunda, ağ paltarlı 2 kişi gördüm. Onun qarşısında (Ona kömək edərək) çox şiddətli döyüşürlərdi. Bunları, nə əvvəl, nə də sonra görmədim. (Bu sözü ilə, Cəbrail və Mikaili qəsd etmişdir). (Buxari, "Libas", 24; "Məğazi", 18; Muslim, "Fədail", 47)

Sad (radiyallahu anh)'ın, Cəbrail və Mikaili görməsi, hədisdə açıqca zikr edilməkdədir. Mələyin insan şəklində görünməsi, birinci hədisin şərhində keçmişdi. Bu açıqdır ki, bu mələklər, digər insanlara da görünürdülər. Bu halda, hədisin dəlaləti olan təməssül məsələsi, isbat edilmiş olur. Əgər mələklər, digər insanlara görünməsələr belə, hədisin dəlaləti olan mələklərin görünməsində, şübhə yoxdur.

-----------------------

297-ci hədis: Ölümdən sonra, ruhun, bir yerdə zühur etməsi:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, Məkkə ilə Mədinə arasında yolçuluq əsnasında, bir vadidən keçərkən,

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bu vadi, hansı vadidir?" deyə soruşdu.

- (Əshab): "Əzraq vadisidir." dedilər.

- Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Rənginə və saçına dair bir şey zikr edərək, 'Mən, sanki, Musa'nın, 2 barmağını qulaqlarına qoymuş, gur səsilə Allaha təlbiyyə edərək bu vadidən keçdiyini görürəm." deyə buyurdu.

Bundan sonra, yenə yola davam edib, bir dağa gəldik.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Bu dağ, hansı dağdır?" deyə soruşdu.

- (Əshab): "Hərşa və ya Lift (dağı)'dırlar." dedilər.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Mən, sanki, Yunus'u, qırmızı dişi bir dəvə üstündə, yundan cübbə geyinmiş, dəvəsinin cilovu xulbə lifindən olduğu halda, təlbiyyə edərək bu vadidən keçdiyini görürəm." buyurdu. (Muslim, "İman", 269)

Hədisin, bu xüsusdakı dəlaləti, açıqdır. Musa və Yunus (əleyhiməssəlam)'ın cəsədləri məzarlarında olmalarına baxmayaraq, ruhları təməssül edib görünmüşdür.

(Şeyx Əşrəf Əli ət-Təhanəvi, "Həqiqətu't-Tariqa minə's-Sünnəti'l-Əniqa" adlı əsərindən nəql)

-----------------------

-----------------------

İmam Cəlaləddin əs-Suyuti, belə deyir:

Bu (təməssül) mövzusunun dəlillərindən biri də, Əhməd b. Hənbəl və Nəsai'nin səhih bir sənədlə, ibn Abbas (radiyallahu anhuma)'dan rəvayət etdikləri, bu hədisdir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"(İsra) gecəsi Məkkəyə aparıldığımda, qorxdum və insanların, Məni yalanlayacaqlarını başa düşdüm."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hədisin davamında belə buyurur:

"Müşriklər, 'Sən, bizə, məscidin şəklini deyə bilərsənmi?' deyə soruşdular. İçlərindən də, Qüdsə gedib ordakı məscidi görmüş olan biri də var idi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Məscid haqqında danışmağa başladım. Məscidin bəzi xüsusiyyətlərini bilməyən kimi oldum. O vaxt, məscid qarşıma gətirildi. Mən, ona baxırdım. Hətta Aqil'in və ya İqal'ın evinin qarşısına qoyuldu. Mən də, ona baxaraq, məscid haqqında danışdım." (Əhməd b. Hənbəl, "Müsnəd", hədis no: 2819; Nəsai, "Sünənu'l-Kubra", hədis no: 11221)

Bu hədisdə zikr edilənlər, ya təməssül yolu ilə, ya da məsafənin bükülməsi şəklində gerçəkləşmişdir.

(Suyuti, "əl-Havi li'l-Fətəva", 1-ci cild, s. 212-213, "əl-Muncəli fi Tatavvuri'l-Vəli" risaləsi")

-----------------------

-----------------------

Varlığın, 5 mərtəbəsi mövcuddur. Onlardan:

1. Birincisi: "əl-vücudu'z-zati / zati varlıq";

2. İkincisi: "əl-vücudu'l-hissi / hissi varlıq";

3. Üçüncüsü: "əl-vücudu'l-xəyali / xəyali varlıq";

4. Dördüncüsü: "əl-vücudu'l-əqli / əqli varlıq";

5. Beşincisi: "əl-vücudu'ş-şibhi / varlığa bənzəyən varlıq";

 

✓ Birincisi: "əl-vücudu'z-zati / zati varlıq":

Hiss və ağlın xaricində sabit olan həqiqi varlıqdır. Hiss və ağıl, bu varlığın bir surətini götürür və zehndəki bu surətə də, idrak deyilir. Göylərin, yer üzünün, heyvanların və bitkilərin var olmaları, belədir. Bu növ varlıq, çox açıqdır. Daha doğrusu, bu cins varlıqlar, o qədər açıqdırlar ki, bir çox kimsə, bu növdən başqa varlıq olduğunu bilə bilməz.

Bunun üçün misal verməyə ehtiyac yoxdur. Çünki, açıqdır, olduğu kimi başa düşülür, təvil edilə bilməz. Mütləq və həqiqi varlıq, budur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbər verdiyi arş, kürsi və 7 qat səma kimi...Bunlar, zahiri mənaları ilə başa düşülür, təvil edilməzlər. Hiss və xəyal ilə istər idrak edilsin; istər edilməsin, bunlar, bizatihi (zatları etibarı ilə) var olan cisimlərdir. (haşiyə)

------------------

(Haşiyə:

• Hiss nədir?

https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir

• Surət nədir?

https://suallarlaislam.com/m%C9.../sur%C9%99t-n%C9%99dir)

------------------

✓ İkincisi: "əl-vücudu'l-hissi / hissi varlıq":

Sadəcə hisslər üçün var olan; varlığı onu hiss edənə məxsus olan; xaricdə maddi bir varlığı olmayan varlıqdır. Yatan bir kimsənin; hətta oyaq, lakin xəstə olan birinin gördüyü bəzi şeylər, varlığın bu sinfinə girirlər. Bu halda olan kimsələr, bəzi şeylər xəyal edər və surətlərini görərlər. Ancaq bunların, hissin xaricində varlıqları yoxdur. Lakin eynilə xarici aləmdə var olan şeylər kimi görünərlər.

Hətta sağlam və oyaq olduqları zamanlarda, peyğəmbərlərlə övliyaya (vəlilərə), mələklərin cövhərlərini əks etdirən gözəl surətlər görünür. Onlar, bu vasitə ilə, vəhyə və ya ilhama mazhar olurlar. Başqalarının, yuxuda ikən qeyb aləmindən tələqqi etdikləri şeyləri, onlar, oyaq ikən tələqqi edərlər. Bu keyfiyyət, onların daxili aləmlərinin saf və parlaq olmasından iləri gəlir. Necə ki, Allah Taala:

...فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

...Fətəməssələ ləhə bəşəran səviyyən.

Yəni:

"...(Cəbrail), Ona (Məryəmə), düzgün insan surətində təməssül etdi (göründü)." (Məryəm/17)

Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, əksəriyyətlə, Cəbrail (əleyhissəlam)'ı, bu yolla görürdü. Onu, əsli surətilə, sadəcə 2 dəfə (ilk vəhy başladığı vaxt; və meracda) görmüşdü. Cəbrail, müxtəlif surətlərə təməssül edər (bir şeyin, bir yerdə, surət və ya mahiyyətinin əks etməsi; bir şəkil və surətə girmək); Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, onu, bu surət içərisində görərdi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yuxuda görülməsi də, belədir. Hədisdə:

"Yuxuda Məni görən, həqiqətən Məni görmüşdür. Çünki şeytan, Mənim surətimə bürünə (təməssül edə) bilməz." buyurulmuşdur.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu şəkildə görülməsi, (mübarək) vücudunun Mədinədə dəfn olunduğu yerdən, yuxu görənin olduğu yerə intiqal etməsi (keçməsi) surətində deyildir. Əksinə, vücuduna aid bir surətin, yatanın hissində var olması (təməssülü) şəklindədir.

Əgər verdiyimiz bu misallara inanmırsansa, öz gözünə inan! Məsələn, bir nöqtə böyüklüyündə bir atəş parçasını əlinə alırsan, sonra bu atəşi doğru bir cizgi üzərində, sürətlə hərəkət etdirirsən və (nəticədə) atəşdən bir cizgi görürsən. Bu atəş parçasını bir dairə üzərində hərəkət etdirdiyin vaxt da, atəşdən bir dairə görürsən. Görülən atəş cizgi və dairə, sənin hissində mövcuddur; hissin xaricində isə mövcud deyildir. Çünki, hər bir halda, xarici aləmdə mövcud olan bir nöqtədən başqa bir şey deyildir. Bir-birini izləyən zamanlar içində, nöqtənin xətt və dairə şəklində görünməsi, cizginin və dairənin xarici aləmdə mövcud olduğunu, heç bir şəkildə göstərməz. Cizgi və dairənin hissdə olan mövcudluğu, sadəcə bir halda və bir andadır.

Bu varlığın təvilləri bəhsində, bir çox misallar vardır. Biz, 2 nümunə verməklə kifayətlənəcəyik. (Belə ki):

a. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Qiyamət günü, ölüm, gözəl bir qoç şəklində gətiriləcək və cənnət ilə cəhənnəm arasında boğazlanacaq."

"Ölüm, bir arazdır." və ya

~ "Ölüm, bir arazın olmamasıdır." və ya

"Arazın cismə çevrilməsi imkansızdır, buna güc çatdırmaq mümkün deyil."

kimi bir nəticəyə dəlil ilə vasil olanlar, bu xəbəri, bu şəkildə başa düşəcəklərdir:

Qiyamət günü toplanan insanlar, qoçu görəcəklər; və onun, ölüm olduğuna etiqad edəcəklərdir. Bu qoç, xarici aləmdə deyil; sadəcə onların hislərində mövcud olacaqdır. Bu hal, axirətdə ölümün mövcud olmasından qəti olaraq ümidi kəsmək xüsusunda, yəqini (qəti) bir biliyin hasil olmasını təmin edəcəkdir. Bu halda, boğazlanan, qoç deyil; özündən ümid kəsilən şeydir, yəni, ölüm.

Bu istidlalı və düşünmə tərzini bəyənməyənlər isə, bəlkə də, ölümün özünün, qoçun zatı halına çevriləcəyinə və beləcə, boğazlanacağına etiqad edəcəklərdir.

b. (Günəş tutulması ilə bağlı olaraq rəvayət edilən) bir hədisdə, belə buyurulmuşdur:

"Bu divarın içində, Mənə, cənnət (ilə cəhənnəm) göstərildi."

~ "Cisimlər, bir-birinin içinə girməz."

~ "Böyük cisim, kiçik cismin içinə sığmaz."

kimi bir nəticəyə dəlil ilə çatanlar, bu hədisi belə başa düşəcəklərdir:

"Cənnətin özü (yəni, zatı) divara nəql edilmiş deyildir. Lakin cənnətin divardakı surəti, sanki gözlə görülürmüş kimi; hissdə təməssül etmişdir."

Böyük bir şeyin misalının, kiçik bir cisimdə görülməsi, imkansız deyildir. Necə ki, böyük səma, kiçik bir aynada görülə bilirsə...Bu halda, bu, mücərrəd xəyal gücü ilə, cənnətin mücərrəd surətinin fərqli bir şəkildə görülməsidir. Səmanın aynada görülməsilə, gözlər örtüldükdən sonra aynadakı səmanın surətinin təxəyyül yolu ilə idrak edilməsi (zehndı canlandırılması) arasındakı fərq, məlumdur. (Yəni, birincisi, hissdə; ikincisi isə, xəyalda).

Ayın aynada görülməsi, hissi varlıq; müxəyyilədə (xəyal qüvvəsində) təsəvvür edilməsi, xəyali varlıqdır.

 

✓ Üçüncüsü: "əl-vücudu'l-xəyali / xəyali varlıq"

Hisslər ilə görməkdə olduğumuz varlıqlar, gözümüzdən itdikləri vaxt, zehnimizdə, onların bir surət (forma)'ları qalır ki, buna, xəyal deyilir. Göz qapanmış vəziyyətdə, məsələn, bir filin və ya bir atın surəti, zehndə canlandırıla bilər. Sanki fil və ya at görülürmüş kimi zehndə meydana gətirilən bu surət, mükəmməl bir şəkildə zehndə mövcud isə də, xarici aləmdə yoxdur.

Bunun misalı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisləridir:

"Mən, Yunus b. Mətta'ya sanki baxır kimiyəm. Üzərində, Qatvanda emal edilmiş bir əba olduğu halda, təlbiyyə edir (ləbbeyk Allahummə ləbbeyk deyir) və dağlar, Ona cavab verirdi. Allah Taala isə, ona: 'Ləbbeyk, yə Yunus' deyirdi."

Aşkardır ki, bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xəyalındakı bir surətin, təmsil yolu ilə ifadə edilməsidir. Çünki, Yunus'un bu vəziyyətdə olması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dünyaya gəlməsindən çox əvvəl idi. Bu vəziyyət, yox olub getmişdi. Həmin vaxt, mövcud deyildi.

"Yatan bir kimsənin, yuxusunda müxtəlif surətlər görməsi; bu hadisə, sanki müşahidə edirmiş kimi Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hissinə təməssül etmişdir." deməkdə də, qərib görüləcək bir hal yoxdur. Lakin, "Kəənni ənzuru / Sanki (Ona) baxıram" demiş olması, bu baxışın, həqiqi bir baxış olmadığı; lakin baxışa bənzəyən bir hal olduğu hissini oyandırmaqdadır. Məqsəd, misal verərək izah etməkdir. Surətin özü isə, qayə deyildir.

Xülasə, müxəyyilədə görülən hər şeyin, görmə məhəlli olan hissdə görülməsi, təsəvvür edilə bilər. Və beləcə, müşahidə meydana gəlmiş olar. Nadir hallar xaricində, imkansız deyildir.

 

✓ Dördüncüsü: "əl-vücudu'l-əqli / əqli varlıq":

Müəyyən bir şeyin, bir ruhu, bir həqiqəti və bir mənası olur. Ağıl, bu şeyin xarici aləmdəki varlığını, hiss və xəyaldakı surətini, heç nəzərə almadan, mücərrəd məna cəhətini qavrayır, məsələn əl kimi...Əlin hissi və xəyali bir surəti vardır, ayrıca bir də mənası vardır ki, bu, onun həqiqətidir. Bu məna, əlin "tutma gücü"dür. Əqli mənada, əl, bu "tutma qüvvəti"dir.

Eyni şəkildə, qələmin bir surəti vardır. Lakin, onun həqiqəti, elmləri/bilikləri yazma cəhətidir. Ağıl, qələmin bu mənasını, qamışın xəyali və hissi surətinə bağlı olmadan qavrayır.

Bunun da, bir çox nümunuləri varsa da, biz, 2 misal vermək surətilə kifayətlənəcəyik. Bunlardan biri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisidir:

a. "Günahları səbəbilə cəhənnəmə girib ordan çıxanlara, cənnətdən, bu dünyanın 10 misli böyüklüyündə bir yer verilər."

Bu hədisdən başa düşülən zahiri məna, bu yerin, en, uzunluq və hündürlük etibarı ilə, dünyadan 10 dəfə böyük olmasıdır. Bu isə, hissi və xəyali bir fərqdir. Onun üçün, bu xəbər qarşısında heyrət edilərək:

"Hədislərdə bildirildiyi üzərə, cənnət, səmadadır. Səma da, dünyadan (dünya məfhumu da daxil) olduğu halda, dünyanın 10 mislini necə ehtiva edə bilər?"

Təvil etməsini bilənlər, bu hökmlə heyrətlərini ortadan qaldırarlar:

"Burda bəhsi edilən fərq, mənəvidir, əqlidir; hissi və xəyali deyildir."

Məsələn, bəzən, belə deyilir:

"Bu çinar çəyirdəyi, bu çinar ağacından, bir neçə misli böyükdür."

Bununla, çəyirdəkdəki istedad qəsd edilir. Bu, çəyirdəyin hiss və xəyal ilə idrak edilən sahə etibarı ilə böyüklüyünü deyil; ağılla idrak edilən böyüklüyünü ifadə edir.

b. Bir hədisdə: "Allah Taala, Adəmin palçığını, 40 sabah əlilə yoğurdu." buyurulmuşdur.

Görüldüyü kimi, bu hədisdə, Allahın əli olduğundan bəhs edilməkdədir. Hissi və xəyali orqan mənasındakı əl məfhumunun Allah Taala üçün istifadə edilməsinin doğru olmadığını dəlil ilə isbat edənlər, bu əlin, əqli və ruhani olduğunu qəbul etməkdədirlər. "Əl" kəliməsinin mənası və ruhu isə: "bir şeyi tutmağa yarayan, özü ilə iş görülən, özü ilə yaxşılıq edilən və ya edilməyən vasitə" deməkdir. Allah Taala, mələkləri vasitəsilə ehsan edir və ya etmir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurmuşdur:

"Allah Taalanın ilk yaratdığı şey, ağıldır. Allah Taala, ağlı, ilk dəfə yaratdığı vaxt, ona dedi: 'İnsanlara, səninlə verəcəm, (yenə) səninlə geri alacam."

Mütəkəllimun'un (kəlam alimlərinin) inandıqları kimi, bu hədisdə keçən ağlın, araz (haşiyə) olması, mümkün deyildir. Bəlkə bundan məqsəd:

Adı "əql" (ağıl) olan və təlim görməyə möhtac olmadan, zatı və cövhərlərilə əşyanı idrak edən mələkdir.

Vəhy və ilham yolu ilə, həqiqi elmi/bilgiləri, nəbilər və övliyaların Lövh-i Məhfuz'a bənzəyən qəlblərinə nəqş etməsi etibarı ilə, bu mələyə: "Qələm" də deyilir.

Bundan dolayı, başqa bir hədisdə:

"Allah Taala'nın ilk yaratdığı şey, qələmdir." buyurulmuşdur.

Burdakı "qələm"in, ismi "əql" olan bir mələk mənasına gəldiyi qəbul edilməzsə, 2 hədis arasında bir ziddiyyət hasil olur. Müxtəlif etibarlar ilə, bir şeyin bir çox ismi olması, mümkündür.

~ Zatı etibarı ilə "ağıl": Allah Taala ilə məxluqat arasında vasitə olması etibarı ilə "mələk";

~ Vəhy və ilham yolu ilə elmi/bilgini qəlblərə nəqş etmə işi onunla hasil olduğu üçün "qələm"

adını almışdır.

Necə ki, Cəbrail (əleyhissəlam)'a da:

~ Zatı etibarı ilə: "Ruh";

~ Sirlərin özünə verilmiş olması səbəbilə: "Əmin";

~ Qüvvətinin kamalı etibarı ilə: "Zu-Mirrah" (qüvvətli); "Şədidu'l-Quva" (çox qüvvətli)

~ Məqamının Allah Taalaya yaxın olması etibarı ilə: "Zi'l-Ərşi'l-Məkin" ("Ərşin sahibi yanında böyük hörmət sahibi") (Təkvir surəsi/20)

~ Mələklərdən bəzilərinin özünə tabe olması etibarı ilə "Muta" (Təkvir/21)

deyilmişdir.

-------------------------------

(Haşiyə:

Araz: öz-özünə varlıq qazanmayıb başqa bir cövhərlə meydana gələn hal və keyfiyyətlər. Məsələn, qəndin rəngi və ya dadı kimi.

Bənzəri bir hədis də, "günəşin səcdəsi" hədisidir. bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/gun%C9%99sin-s%C9%99cd%C9%99...)

------------------------------

Qənaəti belə olan bir kimsə, hissi və ya xəyali qələm və əl yerinə, əqli bir qələm və əl qəbul edər. İstər qüdrət olsun, istər başqa bir şey, əlin, Allah Taala'nın bir sifəti olduğu qənaətində olanlar da vardır. Necə ki, bu xüsusda, kəlam alimləri ixtilaf etmişlərdir.

 

✓ Beşincisi: "əl-vücudu'ş-şibhi / varlığa bənzəyən varlıq":

Bu, bir şeyin surəti və həqiqəti ilə, nə xaricdə, nə hissdə, nə xəyalda və nə də ağılda bizatihi (zatı etibarı ilə) mövcud olmamasıdır. Lakin, mövcud başqa bir şey olub, bir xüsusiyyəti və sifətilə, digər varlıqlara bənzədiyindən, "şibhi varlıq" adını almışdır.

Bunun misalı, Allah Taala haqqında varid olan, qəzəb, şövq, fərəh, səbr və s. kimi şeylərdir.

Məsələn, qəzəbin mahiyyəti, nəticədə sükunət qazanmaq və rahatlamaq üçün, qəlbdəki qanın qələyan etməsidir. Bu isə, ağrı və əskiklik mənasına gəlir. Qəzəbin, hissi, xəyali və əqli bir şəkildə, Allah Taala'ya isnad edilə bilməyəcəyi nəticəsinə dəlil ilə çatanlar, qəzəbi, qəzəbin meydana gətirdiyi nəticələri meydana gətirən başqa bir sifət şəklində anmış; və beləcə, "qəzəb"i: "cəza verməyi iradə etmə" deyə açıqlamış və onu, iradə sifətinə irca etmişlərdir. Əslində, iradə ilə qəzəb arasında, heç bir münasibət yoxdur. Lakin, qəzəb ilə iradə:

~ ehtiva etdikləri sifətlərdən bəziləri cəhətindən bir-birinə yaxın olduqları kimi;

~ ağrı vermə kimi bir nəticə meydana gətirmələri etibarı ilə də, digərinə bənzəyərlər.

...Bu 5 mərtəbənin ən zahir olanı, "zati varlıq"dır. Bunun sabit olması, hər şeyə şamildir (yəni, digər bütün ehtimalları qaldırar). Zati varlığın sübutu imkansız olarsa, --->

Hissi varlığa keçiləcək. Bunun sübutu da, bundan sonrakılara keçilməsinə əngəl təşkil edir. Hissi varlığın sübutu da mümkün olmazsa --->

Xəyali və əqli varlığa keçiləcək. Bunların sübutu da mümkün olmazsa, --->

Şibhi və məcazi varlıqda qərar qılınacaq.

Dəlilə söykənən bir zərurət olmadıqca, bir dərəcədən onu izləyən dərəcəyə keçməyə, icazə yoxdur!

Not: Peyğəmbərin haqqında xəbər verdiyi varlıqlar, mütləq, bu 5 sinifdən birinə daxildir. 

(Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, "Faysalu't-Təfriqa beynə'l-İslam və'z-zəndəqa" əsərindən nəql)

Read 163 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR