Müşkil nədir?

Bu, "ləfzin zatında (özündə) olan bir səbəbdən və ya başqa bir nass'la qarşılaşmasından dolayı mənası qapalı olan bir ifadə"dir.

Xafi ilə müşkil arasındakı fərq, budur:

Xafi'dəki qapalılıq, ləfzin özündə deyil; ləfzin tətbiq sahəsinin şümulundan gəlməkdədir. Buna görə,

 

~ xafidən qəsd edilən şey, əvvəlcədən bilinməkdədir;

~ müşkildəki qapalılıq isə, nass'ların şəxsən ləfzindən doğmaqdadır. (haşiyə)

-----------------------------

(Haşiyə:

Xafi nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xafi-n%C9%99dir)

------------------------------

Bununlə nə qəsd olunduğu, əvvəlcədən bilinə bilməz; ancaq xarici bir dəlil ilə başa düşülər.

Müşkil üçün, müştərək (bir çox mənalı) kəlimələri, misal olaraq zikr edə bilərik. Bu kəlimələr, 2-3 mənanı ifadə edir. Məsələn:

"Ayn" kəliməsi, görmə orqanımız olan "göz" mənasına gəldiyi kimi; "bulaq" mənasına da gəlir. "Mahiyyət""casus" mənalarına da gəlir. Bu bir-birinə zidd mənaları bir istifadədə birləşdirmək, mümkün deyil. Ancaq, ayrı-ayrı istifadələrlə bu mənalar qəsd oluna bilər. "Ayn" sözünün bu mənalardan hansına dəlalət etdiyini, cümlənin siyaqından (gəlişindən) və ya xarici bir dəlildən başa düşə bilərik. Siyaqa misal olaraq, "Ordunun halını başa düşmək üçün, "uyun"u (yəni, gözləri) hər tərəfə yaydım." cümləsini zikr edə bilərik. Burdakı "uyun" (gözlər), casus mənasında istifadə edilmişdir və bunu, cümlənin siyaqı göstərməkdədir. Yenə, Qurandakı, "Onların gözləri vardır, lakin onunla görməzlər." (Əraf/179) ayətində keçən "gözlər" sözü də, siyaqdan anlaşıldığına görə, görmə orqanı olan gözlərdir.

 

Bəzən müştərək ləfzi başa düşmək üçün baş vurulan siyaq deyil; xarici bir dəlil ola bilər. Əgər bu xarici dəlil nass isə, onun mənası üzərində çox ixtilaf çıxmaz; nass deyilsə, onun mənası üzərində geniş ixtilaflar doğar.

Fəqihlərin, təfsirində ixtilafa düşdükləri müştərək ləfzlərdən biri də, bu ayədir:

وَٱلْمُطَلَّقَـٰتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلَـٰثَةَ قُرُوٓءٍ ۚ وَلَا يَحِلُّ لَهُنَّ أَن يَكْتُمْنَ مَا خَلَقَ ٱللَّهُ فِىٓ أَرْحَامِهِنَّ إِن كُنَّ يُؤْمِنَّ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَار

Vəlmutalləqatu yətərabbəsnə biənfusihinnə sələsətə quruin...

"Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz." (Bəqərə/228)

 

Hənəfilər, bu ayədə keçən "qur" kəliməsinin aybaşı halı (heyz) deyə; Şafiilər də, 2 ay başı halı arasındakı təmizlik müddəti deyə təfsir etmişlərdir. Hər 2 tərəfin də, özlərinə görə xarici dəlilləri vardır. (Belə ki):

~ Hənəfilər, bu mövzuda, aşağıdakı dəlilləri iləri sürürlər:

1. "Cariyənin talaqı, ikidir. İddəti də, 2 aybaşı halıdır." (ibn Macə, "Talaq", 30)

hədisinə görə, "qur"dan məqsəd, aybaşı halıdır.

Lakin, Şafi, bu hədisin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbətinin sihhətindən şübhə etməkdədir.

2. Bu ayədəki "...Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz." cümləsi, "qur"dan məqsədin, aybaşı halı olduğunu göstərir. Çünki, burda, rəhmlərində Allahın yaratdığı şeydən məqsəd, aybaşı qanıdır.

3."Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəti barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır." (Talaq/4) ayəti də, ayı, ay başı halı yerinə qoymuşdur ki, bu da, "qur" sözünün aybaşı mənasına gəldiyini göstərir.

4. İstiqra (induktiv metod) ilə sabit olmuşdur ki, İslama görə təyin edilən miqdarlar, səlbi şeylərə deyil; icabi və hissi şeylərə söykənir. Burdakı "qur" sözü üçün də ən uyğun olan, təmizlik müddəti deyil, aybaşı halıdır. Çünki, təmizlik, səlbidir; aybaşı isə, icabi bir şeydir. Peyğəmbər də, "Qur günlərində, qadın, namazı tərk edər." (Tirmizi, "Təharət", 94) buyurmuşdur. Demək ki, "qur", ay başı halıdır.

 

~ Şafiilərin dəlilləri də, bunlardır:

1. Quranda, "Onları, iddət günlərində boşayın." (Talaq/1) buyurulmuşdur. Buna görə, talaq, iddət içində olacaqdır. Bilirik ki, qadının təmizlik halında, boşanması; aybaşı halı görərkən, boşanmaması lazımdır. Bu da, iddətin, təmizlik müddətinə görə olduğunu göstərir və dolayısı ilə, "qur" sözü, təmizlik müddətləri demək olur.

2. "Qur" sözünü, təmizlik deyə təfsir etmək, kəlimənin əsl mənasına daha yaxındır. Çünki, bu kəlimənin müfrədi olan "qar", "toplamaq" mənasına gəlir. Şübhəsiz ki, təmizlik müddəti, rəhimdə qanın toplandığı zamandır. Aybaşı halı müddəti də, qanı çölə atma zamanıdır. Dolayısı ilə, "qar" sözünü, təmizlik deyə təfsir etmək, uyğun düşür.

3. Təmizlik zamanının bir-birini izləməsi, rəhmdə bir uşaq mövcud olmadığını göstərir. İddətin qayəsi də, budur.

 

Müşkil olduğu söylənən misallardan biri də,

وَٱلَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَ‌ٰجًا وَصِيَّةً لِّأَزْوَ‌ٰجِهِم مَّتَـٰعًا إِلَى ٱلْحَوْلِ غَيْرَ إِخْرَاجٍ

"Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər..." (Bəqərə/240) ayətidir.

Bu ayə, "...Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər..." (Bəqərə/234) ayətilə zidd düşməkdədir. Burda, kəlamın zahirinə baxılarsa, ölümdən sonra 2 cür iddət bildirilmişdir:

1. 4 ay 10 gün;

2. Tam 1 il.

Ancaq yaxşı düşünülərsə, görünər ki,

~ Bəqərə/240 ayəti, ölənin xanımı üçün bir haqq təsbit etməkdə; onun, əri evində 1 il otura biləcəyini göstərməkdədir. Bunun dəlili, "...çıxarlarsa, onlar üçün bir günah yoxdur..." (Bəqərə/240) ayətidir.

~ Bəqərə/234 isə, iddəti bildirməkdədir.

Yəni, bu ayələrdən biri, qadının haqqını; digəri isə, vəzifəsini bəyan etməkdədir.

 

Yuxarıdakı 2 misaldan başa düşülür ki, fiqhi hökm ifadə edən nass'lardakı işkəl (müşkillik), özündən qəsd edilən hökm bilinməyəcək dərəcədə qapalı olmaq deyil; ancaq ləfz və üslub üzərində yaxşıca düşünmədikcə mənasının başa düşülməmə ehtimalı olmasıdır. Bu etibarla, müşkildəki qapalılıq, nisbi deməkdir. Mütləq, sünnət tərəfindən təfsirə ehtiyac göstərəcək qədər bir qapalılıq mövcud demək deyildir. Dolayısı ilə, işkəl, müctəhidlərin, nass'lar və bunların ümumi məqsədlərini birləşdirmək üçün etmiş olduqları ictihadlara ortadan qalxmış olur.

Müşkil təfsir edildikdən sonra, anlayış sahibi hər kəs üçün, açıq bir mahiyyət qazanır. İstərsə, təfsirlə bağlı görüşlər, fərqli olsun.

Bu hal, bəşəri hüquqda da mövcuddur. Çox vaxt, yeni bir qanunun ləfzləri, qapalı və izaha möhtac olur. Bu qapalılıq, qanunun çıxarılış məqsədlərinə və ya tarixi seyrinə buraxılaraq, bütün maddələr arasındakı ahəng və ruh, təsbit edilərək ortadan qaldırılır. Beləcə, qanunun ləfzləri, haqq və ədalətə ən yaxın şəkildə tətbiq imkanına qovuşdurulmuş olur.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

 

 

Read 16 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR