Mütləq və muqayyəd nə deməkdirlər?
“Mütləq ləfz”: “təklik, çoxluq və ya vəsf kimi şeylərə baxılmadan, vaz edildiyi/qoyulduğu mənaya dəlalət edən ləfz”dir. Başqa bir şəkildə ifadə etsək, mütləq, yalnız mahiyyətə dəlalət edir. Məsələn, "qul azad etmək" (Bələd/13) ayətindəki "qul" ləfzi, belədir.
Mütləq ilə Amm ləfz arasında, belə bir fərq vardır:
~ Mütləq: təklik və ya çoxluq kimi hər hansı bir qeydə bağlı olmadan bir mahiyyət ifadə edir. "Qul, azad etmək" sözü, azad ediləcək qulun, mömin olub-olmamasını, bir və ya çox olmasını göstərməz. Sadəcə qul ismi verilə biləcək bir şəxsin azad edilməsini göstərir.
~ Amm isə: Say etibarı ilə bir mahiyyət ifadə edən ləfzdir. Məsələn, Qital (Muhamməd) surəsinin 4-cü ayətində:
"O küfr edənlərlə (müharibədə) qarşılaşdığınız vaxt, boyunlarını vurun." buyurulmuşdur. Burdakı "boyunlar" ləfzi, amm olub bütün kafirlərə şamildir. (haşiyə)
---------------------------------
(Haşiyə:
Amm ləfz nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...)
-----------------------------------
~ Muqayyəd'ə gəlincə: Bu, bir:
- vəsf;
- hal;
- qayə; və ya
- şərt
qeydinə bağlı olaraq mahiyyətə dəlalət edir. Başqa bir təbirlə, muqayyəd, sayları nəzərə almadan hər hansı bir qeydə bağlı olan ləfzdir. Məsələn:
- "Mömin bir qul azad etmək..." (Nisa/92) ayətindəki qul, möminlik vəsfilə muqayyəddir.
- Şərtlə muqayyədə misal olaraq:
"...tapa bilməzsə, 3 gün oruc tutsun..." (Maidə/89) ayətindəki "3 gün oruc tutsun" sözü, qul azad etmək, 10 nəfəri geyindirmək və ya yedirmək imkanı olmama şərtilə muqayyəddir.
- Qayə ilə təqyidə misal:
"...sonra gecəyə qədər orucu tamamlayın..." (Bəqərə/187) ayətində, orucun tamamlanması "gecəyə qədər" qeydi ilə muqayyəddir. Buna görə, axşam olduqdan sonra, iftar etmədən ertəsi günkü oruca davam etmək, caiz deyildir.
-----------------------------------------
Mütləq'in muqayyəd'ə həmli:
Mövzu və hökm eyni olarsa, alimlərin ittifaqına görə, mütləq, muqayyəd üzərinə həml edilər. Məsələn:
"Murdar, ölmüş heyvan əti, qan və donuz əti...sizə haram qılındı." (Maidə/3) ayətində, "qan" kəliməsi, mütləq olaraq zikr edilmişdir.
Digər tərəfdən,
"De: 'Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm." (Ənam/145) ayətində isə, "axan qan", muqayyəd olaraq keçməkdədir.
Hər 2 ayədə də, mövzu, "qan"; və hökm də, bunun haram qılınmasıdır.
O halda, birinci ayədəki mütləq "qan" kəliməsi, ikinci ayədəki muqayyəd "qan" kəliməsinə həml edilir.
Əgər mütləq ilə muqayyəd arasında hökm və ya səbəb cəhətindən bir ayrılıq varsa, əbu Hənifə və əshabına görə, mütləq, mütləq, muqayyəd üzərinə həml edilə bilməz. Məsələn:
~ "qətl kəffarəti" haqqında:
"Mömin bir nökər azad etmək lazımdır." (Nisa/92) buyurulmuş; və
~ "zihar kəffarəti" haqqında da:
"Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir nökər azad etməlidirlər." (Mücadilə/3) buyurulmuşdur.
Birinci ayədə (Nisa/92-də), nökər, muqayyəd; ikinci ayədə (Mücadilə/3-də) isə, mütləq olaraq zikr edilmişdir. Burda, mütləq (yəni, Mücadilə/3-dəki nökər kəliməsi), muqayyəd (Nisa/92-dəki mömin nökər) üzərinə həml edilə bilməz. Yəni, zihar kəffarətində də, nökərin mömin olması, şərt deyildir. Çünki, hər 2 kəffarətin hökmləri, eynidirsə də, səbəbləri ayrıdır.
Mütləq ilə muqayyəd, hökm cəhətindən ayrıldığı halda; səbəb cəhətindən birləşərsə, başqa müstəqil bir dəlil mövcud olmadıqca, mütləq, muqayyəd üzərinə həml edilə bilməz. Məsələn:
"Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün." (Maidə/6) ayətini ələ alaq.
Burda, dəstəmaz və təyəmmümün səbəbi bir olub, o da, namaz qılmaq arzusudur. Lakin hökm, mütləq və muqayyəd olmaq cəhətindən fərqlidir. Dəstəmaz alarkən, əllərin dirsəklərə qədər yuyulması əmr edilmişdir. Təyəmmümdə isə, əllərin məsh ediləcəyi, mütləq olaraq zikr edilmişdir. İndi, görəsən, mütləq, muqayyəd üzərinə həml edilərək, təyəmmümdə də dirsəklərə qədər məsh ediləcəkdirmi?
Fəqihlər, burda, mütləqin muqayyəd üzərinə həml edilməsini, yerində görməzlər. Ancaq, təyəmmümdə də dirsəklərə qədər məsh edilməsi gərəkdiyi başqa bir dəlil ilə, yəni, hədis ilə sabit olmuşdur.
"Təyəmmüm, 2 vuruşdur. Biri, üz üçün; digəri isə, dirsəklərə qədər əllər üçündür." ("əl-Camiu's-Sağir", hədis no: 3414)
Bu, mütləqi muqayyəd üzərinə həml etmək şəklində bir təqyid deyil; ayədəki icmalı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in açıqlaması qəbilindən bir şeydir.
Yuxarıda keçən zihar ayəti (Mücadilə/3) də, belədir. Zihar kəffarəti üçün nökər azad etmək və ya arada 2 ay oruc tutmaq işi, təmasdan əvvəl olmaqla muqayyəddir. Bunlara gücü çatmayan kimsənin, 60 kasıbı doyurmasında, təmasdan əvvəl qeydi yoxdur. Lakin, Hənəfilər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Kəffarət verənə qədər, ondan ayrı dur." (əbu Davud, "Talaq", 17) hədisinə istinad edərək, bunun da, təmasdan əvvəl olmasını şərt qoşurlar.
Səbəb, fərqli; hökm, eyni olduğu zaman, mütləqin muqayyəd üzərinə həml edilib-edilməməsində, fəqihlər ixtilaf etmişlərdir. Hənəfi'lərin bu mövzudakı görüşlərini, yuxarıda açıqladıq. Fəqihlərin cumhuruna görə isə, bu halda, mütləq, muqayyəd üzərinə həml edilir. Dolayısı ilə, zihar, and və oruc kəffarəti olaraq azad edilməsi bildirilən "nökər", mütləq olaraq zikr edildiyi halda; qətl kəffarəti olaraq azad edilməsi əmr edilən "mömin nökər" üzərinə həml edilir və bu kəffarətlər üçün azad edilən nökərlərin də, mömin olması lazım gəlir.
Yenə,
"...Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın..." (Bəqərə/282) ayətində, şahidlərin ədalətli kimsələr olması qeydi, yoxdur.
Lakin, talaqla bağlı olan, "Sizdən, ədalət sahibi 2 nəfəri də şahid tutun." (Talaq/2) ayətində, şahidlərin ədalətli olması qeydi vardır.
Burda, cumhura görə, mütləq, muqayyəd üzərinə həml edilir və nikahda, cəza ilə bağlı işlərdə, maliyyə razılaşmalarında və şahidliyə söykənən digər bütün xüsuslarda, şahidlərin adil olması şərt qoşulur.
Bu iki misalda, cumhurun görüşünün əhəmiyyəti, özünü göstərməkdədir. Çünki, İslam dini, mütləq olaraq nökər azad etmə işinə təşviq edirsə də, ilk əvvəl, mömin nökərlərin azad edilməsini istəyir. O halda, məqsud olan, ilk əvvəl, mömin nökərlərin azad edilməsidir. Nass da, bəzi yerlərdə, buna; bəzi yerlərdə də, mütləqin muqayyəd üzərinə həml ediləcəyinə işarət etmişdir. Şahidlikdə də güdülən, haqqın qorunması və yerinə yetirilməsidir. Bu isə, ancaq, şahidlərin adil olması ilə gerçəkləşir. Nass, bəzi yerlərdə, buna işarət etmiş; bəzi yerlərdə də, mütləqi muqayyəd üzərinə həml etməklə kifayətlənmişdir.
Hökm, eyni; və səbəb, fərqli olduğu zaman, Hənəfilər, mütləqi muqayyəd üzərinə həml etməzlər. Onların bu mövzudakı dəlillərinin əsası da, budur:
Şər'i nass'lar, öz başlarına bir hüccətdirlər. Bunları, ayə və hədis kimi bir dəlil mövcud olmadıqca təqyid etmək, Şari'nin əmri olmadan mövzunu daraltmaqdır. Üstəlik, mütləqi muqayyəd üzərinə həml etmək, hər ikisinin də nüzul və tarix cəhətindən eyni olmasını gərəkdirir, ta ki, muqayyəd, mütləqin təfsiri mahiyyətində olsun. Mütləq olan ayələrlə muqayyəd olan ayələrin nüzul tarixləri isə, fərqlidir. Bəzən, muqayyəd olan ayələr, nüzul tarixi cəhətindən daha əvvəldirlər. Elə isə, bunlar, daha sonra gələn ayələri, necə təqyid edəcəkdirlər?!
Cumhur isə, hökm, eyni; və səbəb, fərqli olarsa, mütləqi muqayyəd üzərinə həml etməkdədir. Bunların dəlilləri də, bunlardır:
Quranın vəhdəti, i'caz və vəcizliyi, Onu endirənin birliyi, belə gərəkdirməkdədir. Quranda, bir kəlimə, hər hansı bir hökmü açıqlamışdırsa, bu kəliməmin keçdiyi hər yerdə, hökmün eyni olması zəruridir. Məsələn:
Azad edilməsi istənilən bir nökərin, bütün Quran nass'larında, cins və vəsf cəhətindən eyni olması lazımdır. Əgər bu, bir yerdə, hər hansı bir qeydlə muqayyəddirsə; digər yerlərdə də, eyni qeydə tabe olmalıdır ki, cəzanın və Quranı endirənin birliyi, başa düşülsün; hökmlərdə, birlik və ahəng qurulmuş olsun. Bu səbəblə, Şəvkani, belə deyir:
"Açıqdır ki, mütləq ilə muqayyəd arasındakı hökm birliyi, birini digərinə həml etmək cəhətindən də, aralarında uyğunluq olmasını gərəkdirir. Bu xüsus üçün dəlil gətirməyə də, ehtiyac yoxdur. Doğru olan da, mütləqi muqayyəd üzərinə həml edənlərin görüşüdür." (Şəvkani, "İrşadu'l-Fuhul", s. 145)
(əbu Zəhra, "Usulu'l-Fiqh")
