Namaz vaxtları fiqhi (1)
Bu babda,
1. Namaz vaxtları;
2. Fəzilətli vaxtlar;
3. Namaz qılmağın caiz olmadığı və məkruh olduğu vaxtlar
olmaq üzərə, 3 bölmə vardır.
Birinci bölmə: Namaz vaxtları
1. Sabah namazının vaxtı:
Sabah namazının vaxtı, sadiq (doğru) sübhdən başlayır.
~ "Sadiq sübh": "günəşin doğacağı vaxta qədər, şərq üfqündə yayılan bəyazlıq"dır.
~ "Kazib (yalançı) sübh": "Üfüqdə, uzunlamasına başlayıb, sonra ardınca qaranlıq izləyən bəyazlıq"dır.
Sabah namazının girməsi xüsusunda, kazib sübhə etibar edilməz. Bununla, sabah namazı vaxtının girmədiyi kimi, oruc tutacaq kimsənin də, o anda, bir şey yeyib-içməsi, haram olmaz. "Kafi"də də belədir.
Alimlər, ikinci fəcrin (sadiq sübhün) nə vaxt doğmağa başlayacağı xüsusunda, görüş ayrılığına düşmüşlərdir.
~ Bəziləri: "Şərq üfqündəki bəyazlıq dağınıq halda ikən, ikinci fəcr başlayır." demişlərdir. "Muhit"də də belədir.
~ Bəziləri də: "Bu bəyazlıq dağıldığı vaxt, ikinci fəcr başlayır." demişlərdir. Alimlərin əksəriyyəti də, bu görüşdədirlər. "Muxtaru'l-Fətəva"da da belədir.
Orucda və işa namazının vaxtının sonu xüsusunda, ehtiyat olaraq, birinci fəcrə etibar olunur. Namazda isə, etibar, ikinci fəcrədir. "Şərhu'l-Viqayə"də də, belədir.
2. Zöhr namazının vaxtı:
Zöhr namazının vaxtı, zaval vaxtından başlayır və bir şeyin kölgəsi -zaval vaxtındakı kölgəsindən başqa- iki mislinə vardığı vaxta qədər davam edir. "Kafi"də də belədir. Səhih olan, budur. Səraxsi'nin "Muhit"ində də belədir.
• Zaval: "Hər şəxsin kölgəsinin, şərq tərəfinə doğru düşməyə başladığı vaxt"dır. "Kafi"də də belədir.
• Zaval vaxtını doğru təsbit etməyin yolu, budur:
Düz bir ağac parçasını yerə basdırmalı, bu halda, kölgəsinin boyu nöqsanlaşıb qısaldıqca, günəş yüksəlir deməkdir.
Kölgənin qısalması bitib artmağa başladığı vaxt, bilinir ki, günəş, zavala varmışdır. Bu vaxt, irtifa həddi, yəni, günəşin, ən yüksək nöqtədə olduğu vaxtdır.
• Kölgənin uzanmağa başladığı vaxt, yəni, zaval vaxtında, yerə basdırdığımız düz ağac parçasının ucuna bir işarət qoyaq. İşarət qoyduğumuz bu yerdən, basdırdığımız şeyə qədər olan məsafə, "fey'uz-zaval" (zaval vaxtındakı kölgə) olur.
Günəş, qərbə dönmüş olduğuna görə, basdırdığımız şeyin, şərq istiqamətinə meyl etmiş olan kölgəsi, getdikcə artıb-azalacaq deməkdir.
Basdırdığımız şeyin kölgəsinin uzunluğu, fey'i zaval'dan (o şeyin zaval vaxtındakı kölgəsindən) başqa, basdırılan şeyin kölgəsinin 2 qatı olduğu vaxt, imam əbu Hənifə'yə görə, zöhr namazının vaxtı çıxmış olur. "Fətəva Qadıxan"da da belədir. Doğru olan yol da, budur. "Zahiriyyə"də də belədir.
• "Ehtiyata uyğun olan,
~ zöhr namazını, kölgənin 1 misli olmasından əvvəl qılmaq;
~ əsr namazını isə, kölgənin, basdırılan şeyin 2 misli olmasından sonra qılmaqdır.
Beləcə, bu iki namazın, tam vaxtlarında qılınmış olduqlarına, qəti qənaət hasil olur." demişlərdir.
3. Əsr namazının vaxtı:
Əsr vaxtının namazı, fey-i zaval'dan başqa, kölgənin, 2 misli olduğu vaxtdan başlayıb günəşin batmasına qədər davam edir.
4. Məğrib namazının vaxtı:
Məğrib namazının vaxtı, günəşin batması ilə başlayıb şəfəqin itməsinə qədər davam edir.
Şəfəq: İmameyn'ə görə, "günəş batdıqdan sonra, qərbdə meydana gələn qızıllıq"dır. Fətva da, buna görədir.
Lakin "Viqayə şərhi"ndə və əbu Hənifə'nin qövlündə, şəfəq: "Qızıllığın itməsindən sonra ortaya çıxan bəyazlıq"dır. "Quduri"də də belədir.
İmameyn'in qövlləri, insanlar üçün ruxsatlıdır və genişlikdir.
İmam əbu Hənifə'nin qövlü isə, ehtiyata daha müvafiqdir.
Namaz haqqında əsl olan, ondakı rüknün və şərtin sabit olduğuna, qəlbin, tam bir şəkildə qənaət etməsidir. "Nihayə"də, bu xüsus, şeyxu'l-İslam'ın "Məbsut"u ilə "əl-Ənsar"dan nəql edilmişdir.
5. İşa namazının vaxtı:
İşa və vitr namazlarının vaxtı, qərbdəki şəfəqin itməsilə başlayıb sabah namazının vaxtına qədər davam edir. "Kafi"də də belədir.
• Vitr namazı, işa namazından əvvəl qılınmaz. Çünki burda, tərtib (sıra) vacibdir. Burda, vitr namazının, işa namazından əvvəl qılınmaması, vitr namazının bir vaxtının olmaması demək deyildir. Burda, tərtib vacib olduğu üçün belə deyilmişdir.
Hətta bir kimsə, yaddan çıxardaraq, vitr namazını işa namazından əvvəl qılmış olsa və ya hər ikisini də qılsa, sonradan, işa namazının -hər hansı bir səbəblə, səhih və məqbul olaraq qılınmış- olmadığı ortaya çıxsa, bu kimsənin vitr namazı, səhih olar. Sadəcə, işa namazını yenidən qılması lazımdır. Bu görüş, əbu Hənifə'yə aiddir. Və Ona görə: "Unutmaq və bənzəri digər üzrlərlə, burda, tərtib düşür."
• Bir kimsə üçün, işa və vitr namazlarının vaxtı girməsə, belə ki:
Bir diyarda, qərbdən şəfəq batar-batmaz fəcr doğur və ya qərbdən şəfəq itmədən sabah olursa, belə bir diyarda yaşayanlara, işa və vitr namazları, vacib olmaz. "Təbyin"də də belədir.
--------------------------------------------------
İkinci bölmə: Fəzilətli vaxtlar
• Sabah namazını -bir miqdar- ertələmək, müstəhəbdir. Ancaq, günəşin doğub-doğmadığında tərəddüd hasil olacaq qədər də ertələnməz.
• Lakin, sabah namazı, ortalığın tamamilə işıqlanmasına qədər ertələnər. Belə ki:
Bir kimsə, qıldığı namazın pozulması halında, onu yenidən müstəhəb bir qiraətlə oxuyub qıla biləcəyi bir zaman qalıncaya qədər ertələyər. "Təbyin"də də belədir.
• Bu hal, yalnız hacılar üçün Müzdəlifə'də bayram sabahı xaric, bütün zamanlarda, belədir.
Müzdəlifə'də isə, bayram sabahı, sabah namazını, sabahın qaranlığında qılmaq, əfdaldır. "Muhit"də də belədir.
• Yayda, zöhr namazını gecikdirmək; qışda isə, dərhal qılmaq, müstəhəbdir. "Kafi"də də belədir.
Fərdi və ya camaatla qılınması hallarında da, hökm, eynidir. "Şərhu'l-Məcmua"da da belədir.
• Əsr namazını, həmişə, günəşin təğayyur etmədiyi (dəyişmədiyi), yəni, saralmağa başlamadığı vaxta qədər ertələmək, müstəhəbdir.
Təğayyurda etibar olunan, günəşin təğayyurudur; yoxsa, işığının təğayyuru deyil...Günəşin təğayyur edib saralması: Baxıldığı vaxt, gözə hərarət verməməsi, gözü yandırıb qamaşdırmamasıdır. Belə deyilsə, günəş təğayyur etməmiş sayılır. "Kafi"də də belədir. Səhih olan da, budur.
• Əsr namazını qılmağa, günəşin təğayyurundan əvvəl başlayıb təğayyur vaxtına qədər uzatmaq, məkruh deyildir. "Ğayətu'l-Bəyan"dan nəqlən "Bahru'r-Raiq"də də belədir.
• Məğrib namazını, həmişə, vaxtı girən kimi qılmaq, müstəhəbdir. "Kafi"də də belədir.
• İşa namazını, gecənin 1/3-nə qədər; vitr namazını isə, gecənin sonuna qədər ertələmək, müstəhəbdir. Bu hal (yəni, vitri gecənin sonuna qədər ertələmək), qətiliklə yuxudan oyana biləcək olan, bu xüsusdakı sağlam kimsələr üçündür. Oyanması qəti olmayanlar, vitr namazını da yatmadan əvvəl qılarlar. "Təbyin"də də belədir.
• Bir kimsə, buludlu günlərdə:
~ Sabah namazını, sanki hava açıq olduğu kimi, tam aydınlıq olduğu bir vaxtda qılar.
~ Zöhr namazını, zaval vaxtından əvvəl qılmış olmamaq üçün, ertələyər.
~ Əsr namazını da, kərahət vaxtının girməsindən əmin olmaq üçün, tələsər.
~ Məğrib namazını, günəşin batmasından əvvəl qılmaq ehtimalından çəkinərək, bir az gecikdirər.
~ İşa namazında isə, yağış, qar və s. şeylərin əngəlləməməsi üçün, tələsər. Səraxsi'nin "Muhit"ində də belədir.
• Buludlu günlər üçün dediyimiz şeylər, yay-qış, bütün zamanlar üçün məqbuldur.
• Səfərdə olsun, həzərdə (öz diyarında) olsun və ya hər hansı bir üzr olsun, heç vaxt, 2 namazın arasını cəm etmək (yəni, bir vaxtda, 2 vaxtın namazını qılmaq), caiz deyildir. Ancaq:
~ Arafat'da, ərəfə günü, zöhr ilə əsri cəm etmək; və
~ Müzdəlifə'də, məğrib ilə işanı cəm etmək,
bu qaydanın xaricindədir.
-------------------------------------------
Üçüncü bölmə: Namaz qılınması caiz olmayan və məkruh olan vaxtlar
• Bu 3 vaxtda, fərz namazları ilə cənazə namazını qılmaq və tilavət səcdəsi etmək, caiz deyildir:
1. Günəşin doğub yüksəlməsinə qədər (yəni, sabah namazının çıxmasından, təxminən 45-50 dəqiqə sonraya qədər);
2. Günəş, tam təpə nöqtəsində olduğu vaxtdan meyl edənə qədər (yəni, zöhr namazının girməsinə 45-50 dəqiqə qalmasından zöhr namazının girdiyi vaxta qədər);
3. Günəşin qızarmağa başlamasından batmasına qədər (yəni, məğrib namazının girməsinə 45-50 dəqiqə qalmasından məğrib namazının girməsinə qədər).
Lakin o günün əsr namazı, bu qaydadan müstəsnadır. Onun ədası, günəş batarkən də caizdir. "Fətəva Qadıxan"da da belədir.
• Şeyxu'l-İslam əbu Bəkr Muhamməd b. Fadl:
"İnsan, günəşin yuvarlaqlığını gördüyü müddətcə, bax, o (günəş), tuluda (doğmaqda)'dır." demişdir. "Xülasə"də də belədir.
• Bu, cənazə namazının və tilavət səcdəsinin mübah olan vaxtda yerinə yetirilməyib ertələnmiş olduğu vaxtdır. Əslində, vaxtında əda edilmələri mümkün ikən bunları ertələmək, qətiyyən caiz deyildir.
Ancaq cənazə namazını bu vaxtlarda qılmaq vacibdirsə və o vaxtlarda da qılınmışdırsa, bu da caizdir. Çünki o, vacib olduğundan, naqis olaraq qılınmış olur. "Siracu'l-Vəhhac"da da belədir. Lakin əfdal olan, tilavət səcdəsini ertələməkdir. Cənazə namazının gecikdirilməsi isə, məkruhdur. "Təbyin"də də belədir.
• Kərahət vaxtında, vaxtında qılınmayan fərz və vitr kimi vacib namazların qəza edilmələri də, caiz olmaz. "Mustasfa" və "Kafi"də də belədir.
• Kərahət vaxtlarında nafilə namaz qılmaq, caizdir; lakin, məkruhdur. "Kafi"də və "Tahavi şərhi"ndə də belədir.
Bir kimsə, günəş doğarkən və ya batarkən, nafilə namaza başlamış olsa, namazda ikən də qəhqəhə ilə gülsə, dəstəmazı pozulmuş olur.
Lakin o günün əsr namazını qılmaqda olan kimsə, belə bir şey etmiş olsa, dəstəmazı pozulmaz. Çünki fərz bir namazı qəza edərkən qəhqəhə ilə gülən kimsənin -bu məkruh vaxtda- dəstəmazı pozulmaz. "Fətəva Qadıxan"da da belədir.
• Məkruh olan vaxtların xaricində, namazda qəhqəhə ilə gülən kimsə, dərhal namazı saxlayar və yenidən dəstəmaz alar və qılmaqda olduğu namazı da, yenidən qılar.
"Zahiru'r-Rivayə"də: "Əgər o namazı, o halda tamamlamış olsa, başlamış olmasından dolayı, özü etməsi lazım gələn şeyi etmiş və borcdan qurtulmuş olar." deyilmişdir. "Fəthu'l-Qadir"də də belədir.
• Lakin, bu kimsə, həqiqətən pis bir iş görmüş olar. Ancaq dəstəmazı və namazı yeniləmək kimi bir şey, o adama lazım gəlməz. "Tahavi şərhi"ndə də belədir.
• Bir kimsə, nafilə bir namazı, kərahət vaxtlarının birində qəza etsə, namazı caiz olar; lakin bu, günahdır. Səraxsi'nin "əl-Muhit"ində də belədir.
• Məkruh bir vaxtda namaz qılmağı nəzr etmiş olan bir kimsə, nəzr etdiyi namazı, o kərahət vaxtında qılsa, səhih olar; lakin, özü, günahkar sayılar. Bu şəxs üçün uyğun olan, o namazı, məkruh olmayan bir vaxtda qılmaqdır. "Bahru'r-Raiq"də də belədir.
• Bir kimsə, zaman bildirmədən və ya məkruh vaxtların xaricində qılmaq üzərə namaz nəzr etmiş olsa, bu namazı, məkruh vaxtların birində qılması, əsla caiz olmaz. Əvcəh (ən uyğun) olanı da, budur. İbn Əmiru Hacc'ın, "Halbətu'l-Mucəlli və Buğyətu'l-Muhtədi fi şərh-i Munyətu'l-Musalli"də də belədir.
• 9 vaxtda da, fərzlər qılına bilər. Lakin, nafilələr isə, qılına bilməzlər. "Nihayə" və "Kifayə"də də belədir.
• Bu vaxtlarda, fərz namazların qəzası, cənazə namazı və tilavət səcdəsi də, caizdir. "Fətəva Qadıxan"dan da belədir.
Özündə nafilə namaz qılmağın məkruh olduğu 9 vaxt:
1. Fəcrin doğmasından etibarən, sabah namazının (fərzinin) qılındığı vaxtdan əvvələ qədər olan vaxt. "Nihayə"də və "Kifayə"də də belədir. (haşiyə)
-----------------------------
(Haşiyə:
Dəlilləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/subh-dogduqdan-sonra-subhun-...)
-----------------------------
• Bu vaxtda, sabah namazın (ın sünnətindən) başqa nafilə bir namaz qılmaq, məkruhdur.
• Bir kimsə, gecənin sonunda, nafilə bir namaz qılmağa başlamış olsa və 1 rükət qılınca da fəcr doğsa, o namazı tamamlaması, əfdal olar. Çünki bu nafiləyə, fəcrdən sonra başlamış deyildir; bunu, qəsdən də etməmişdir və bu namazı, sabah namazının sünnəti niyyətilə qılmamaqdadır. Əsahh (ən doğru) olan da, budur. "Təbyin"də də belədir.
• Bu halda, bir kimsə, 4 rükətli bir nafilə qılmağa başlamış olsa da, bunun 2 rükəti, fəcrin tulu'undan (doğmasından) sonraya qalmış olsa, fəcrin doğuşundan sonra qıldığı bu 2 rükət, sabah namazının sünnəti yerinə keçər. Muxtar olan da, budur. "Xizənətu'l-Fətəva"da da belədir.
2. Nafilə namaz qılınmayan 9 vaxtdan biri də: Sabah namazını qıldıqdan sonra, günəşin doğacağı vaxta qədər olan zamandır. "Nihayə" və "Kifayə"də də belədir.
• Bir kimsə, sabah namazının sünnətini ifsad etmiş olsa, fərzindən sonra qəza etsə, bu namazı, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
3. Əsr namazını qıldıqdan sonra, günəşin batdığı zamana qədər keçəcək olan vaxtda da, nafilə namaz qılınmaz. "Nihayə" və "Kifayə"də də belədir.
• Müstəhəb bir vaxtda, nafilə bir namaz qılmağa başlamış olan bir kimsə, o namazı ifsad etsə və əsr namazından sonra günəşin batmasından əvvəl bu namazı qəza etmiş olsa, bu, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
4. Günəş batdıqdan sonra, məğrib namazını qılmadan əvvəl də, nafilə namaz qılınmaz.
Bununla bərabər,
5. Cümə namazı qılınacağı zaman;
6. Cümə xütbəsi oxunacağı zaman;
7. Bayram namazlarının xütbələri oxunacağı zaman;
8. Küsuf namazında xütbə oxunacağı zaman;
9. İstisqa (yağış) namazında xütbə oxunacağı zaman da,
nafilə namaz qılınmaz. "Nihayə"də də, "Kifayə"də də belədir.
Bunlardan başqa:
• Hacc xütbəsi və nigah xütbəsi vaxtında da, nafilə namaz qılmaq, məkruhdur. İbn Əmiri'l-Hacc'ın "Munyə şərhi"ndə də belədir.
• Cümə günü, imamın xütbəyə çıxdığı vaxtda nafilə namaz qılmaq, məkruhdur. "Munyətu'l-Musalli"də də belədir.
• Bir kimsə, cümədən əvvəl 4 rükət namaz (cümənin ilk sünnətini) qılmağa başlasa və sonra da imam, xütbə üçün minbərə çıxsa, namazını tamamlayar. Səhih olan da, budur. əl-imam əs sadru'l-əcəlu əş-şəhidu əl-ustəzu Həssəmuddin də, bu görüşə meyl etmişdir. "Zahiriyyə"də də belədir.
• Namaz üçün iqamə gətirildiyi vaxt, sabah namazının sünnəti xaric nafilə bir namaz qılmaq (qılmağa başlamaq), məkruhdur.
• Bayram namazından əvvəl və sonra nafilə namaz qılmaq, məkruhdur. Yalnız, bayram namazından sonra evdə, -məsciddə deyil- nafilə namaz qılmaq, məkruh deyildir.
• Arafat'da və Müzdəlifə'də, cəm edilən 2 namaz arasında nafilə namaz qılmaq, məkruhdur. "Bahru'r-Raiq"də də belədir.
• Fərz namazların vaxtı darlaşdığında, o vaxtın fərzindən başqa -qılınacaq- bütün namazlar, məkruh olar. Əmiru'l-Hacc'ın "Munyətu'l-Musalli şərhi"ndə də belədir.
• Böyük və kiçik tualeti olan kimsənin, o vaxtın namazını, belə halda qılması da məkruhdur.
• Nəfs arzuladığı vaxt, yemək hazır ikən namaz qılmaq da, məkruhdur.
• İnsanın fikri, namazın xuşusundan geri qoyacaq bir şəkildə bir şeylə məşğul ikən, o məşğuliyyətlə namaz qılmaq da, məkruhdur.
• İşa namazının ədasını, gecə yarısından sonraya saxlamaq da, məkruhdur.
(əl-Fətəva əl-Hindiyyə)
--------------------------------
Əlavələr:
Namaz vaxtları fiqhi (2)
https://suallarlaislam.com/sual/namaz-vaxtlari-fiqhi-2
