Ölü necə yuyulur?

İkinci fəsil: Ölünün yuyulması

• Ölünü yumaq, dirilərin üzərinə vacib olan bir haqqdır. Bu, sünnət və ümmətin icması ilə belədir. "Nihayə"də də belədir.

Lakin bunu, insanlardan bir qismi etdiyi vaxt, digərlərindən üzərindən (məsuliyyət) düşər. "Kafi"də də belədir.

• Vacib olan, ölünü, 1 dəfə yumaqdır. Təkrar-təkrar yuyulması isə, sünnətdir. Ölünü 1 dəfə yumaqla kifayətlənilsə; və ya ölü, bir axan suya daldırılsa, bu da caiz olar. "Bədai"də də belədir.

• Bizə görə, ölü yuyulmaq istənildiyi vaxt, soyundurular. "Zahiriyyə"də də belədir.

• Üzərinə ölü qoyulacaq yer, (ölü, bu yerə qoyulmadan əvvəl) tüstüləndirilər. Bu yerin ətrafı, 1 və ya 3 və yaxud da 5 dəfə tüstüləndirilər; bundan artıq tüstüləndirilməz. "Təbyin"də və "Kənz şərhi"ndə də belədir.

• Alimlərimizdən:

~ Bəzilərinə görə, ölünü bu yerin üzərinə qoymaq şəkli, belədir:

Ölünün, bu yerə qoyulma keyfiyyəti, belədir:

Ölü, bu yerə, xəstəlik halında olduğu kimi, uzunlamasına qoyular. Sanki ima ilə namaz qılırmış kimi uzandırılar.

~ Bəzilərinə görə isə:

"Ölü, bu yerə, qəbrə qoyulduğu kimi qoyular."

demişlərdir.

Əsahh (ən doğru olan) isə,

~ Hansı şəkildə qoyulması asandırsa, o şəkildə qoyulmasıdır. "Zahiriyyə"də də belədir.

• Ölünü yuyan kimsənin, əlini -bir bez, parça ilə- örtməsi, müstəhəb olar. Beləcə, bu əl, ölünü yuyanın köməkçilərindən başqa kimsə tərəfindən görülməmiş olar. "Siracu'l-Vəhhac"da da belədir.

• Ölünün göbəyindən diz qapağına qədər olan yerləri, bir bez parçası ilə örtülər. Səraxsi'nin "Muhit"ində də belədir.

Bu görüş, səhihdir. "Muhit"də də belədir.

Məzhəbin zahirinə görə isə: "Budlarından başqa qəliz yerlərinin örtülməsidir." "Xülasə"də də belədir. Bu, səhihdir. "Hidayə"də də belədir.

• imam əbu Hənifə və imam əbu Yusuf'a görə:

"Ölüyə, istinca edilər (yəni, önü, arxası, övrət yerləri təmizlənər)." Səraxsi'nin "Muhit"ində də belədir.

• İstinca'nın şəkli, belədir:

Ölünü yuyan kimsə, əlini bir bez ilə sarıyıb, onun önünü və arxasını yuyar. Çünki, övrət məhəllinə əl sürtmək, ona baxmaq kimi haramdır. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Ölünü yuyan kimsə, onun budlarına baxmaz. Yenə, ölü bir qadını yumaqda olan bir qadın da, o qadının budlarına baxa bilməz. "Tatarxaniyyə"də də belədir.

• Ölünü yuyan kimsə, sonra ona, namaz dəstəmazı kimi bir dəstəmaz aldırar. Ancaq ölü, uşaq olar və namaz qılmamışdırsa, o uşağa, dəstəmaz aldırılmaz. "Fətəva Qadıxan"da da belədir.

• Ölünü yuyan kimsə, onu, əllərindən deyil; üzündən yumağa başlayar. "Muhit"də də belədir.

• Yumağa, ölünün sağ tərəfindən başlanılar. Necə ki o, sağlığında, sağ tərəfindən yumağa başlayardı. Ölünü yuyan, ona, madmada və istinşəq etməz (yəni, ağzına və burnuna su verməz). "Fətəva Qadıxan"da da belədir.

• Bəzi alimlər: "Ölünü yuyan kimsə, barmağını incə bir bez ilə sarıyar və barmağını, ölünün ağzına salaraq, onunla, dişlərini, dodaqlarını, dilini və diş ətlərini təmizləyər, məsh edər. Burun deşiklərini də, eləcə barmağını salaraq təmizləyər." "Zahiriyyə"də də belədir.

• Şəmsu'l-əimmə (imamların günəşi) Halvani: "Bu gün də, insanların etdiyi, budur." demişdir. "Muhit"də də belədir.

• Ölünün başının məsh edilməsi xüsusunda görüş ayrılığı vardırsa da, səhih olan görüş, başının da məsh edilməsidir.

Ölünü yuyan kimsə, ayaqlarını yumağı ertələməz. "Təbyin"də də belədir.

• Bizə görə, ölünü isti su ilə yumaq, əfdaldır (daha fəzilətlidir). "Muhit"də də belədir.

• Ölünün özü ilə yuyulacağı su, sidr ilə, sabunotu ilə qaynadılar. Əgər bunlar yoxdursa, təmiz su qaynadılar. "Hidayə"də də belədir.

• Ölünü yuyan kimsə, onun başı və saqqalını, xətmi (gözəl qoxulu bir ot) ilə yuyar. Bu yoxdursa, sabun və bənzəri şeylərlə yuyar. Çünki, onlar da, xətminin etdiyini etməkdədirlər. Saçını da, o kimsənin həyatda ikən yuduğu kimi yuyar. "Təbyin"də də belədir. Əgər bunlar yoxdursa, təmiz su, kifayət edir. "Tahavi şərhi"ndə də belədir.

• Ölünü yuyan kimsə, sonra onu, sol tərəfinə çevirər. Onu, su və sidr ilə, suyun hər tərəfinə çatdığını görənə qədər yuyar.

• Sonra sağ tərəfinə çevirər; -sol tərəfində olduğu kimi- yaxşıca yuyar. Çünki, sünnət olan, sağ tərəfdən başlamaqdır.

• Sonra, ölünü oturdaraq özünə söykəndirər; yavaş-yavaş qarnını məsh edər. Kəfənini pisləndirməkdən də çəkinər. Əgər bir şey çıxarsa, onu təmizləyər. Təkrar yumaz və təkrar dəstəmaz aldırmaz. Sonra da, kəfənini islatmaması üçün, ölünü bir dəsmal ilə qurulayar.

• Ölünün saç və saqqalı, daranmaz; dırnağı tutulmaz; qasıq və qoltuğu da təmizlənməz. Bığları qısaldılmaz. Öldüyü vaxt üzərində nə vardısa, eləcə dəfn edilər. Səraxsi'nin "Muhit"ində də belədir.

• Əgər ölünün qırıq dırnağı vardırsa, onun qopardılmasında bir beis yoxdur. "Muhit"də də belədir.

Axıntı olarsa, ölünün ağzının, üzünün üzərinə, önünə və arxasına və qulaqlarına pambıq qoymaqda, bir beis yoxdur. "Təbyin"də də belədir.

• Ölü, suyun içində olmuş olsa belə, yenə də yuyular. Çünki yumaq əmri, insana yönləndirilmişdir. Ancaq ölü, sudan çıxarılarkən yumaq niyyətilə iləri-geri hərəkət etdirilsə, yuyulmuş sayılar. İlk halda isə, bir insan feli mövcud deyildi. Belə hərəkət etdirilincə, məsələ həll edilmiş oldu. "Təcnis"də və Səraxsi'nin "Muhit"ində də belədir.

• Ölü çürümüş olduğu üçün əl sürtülməsinə imkan olmazsa, üzərinə su tökmək, kifayət edər. "Tatarxaniyyə"də də belədir.

• Hökm etibarı ilə, qadın da, kişi kimi yuyulur. Saçı isə, sağlığında olduğu kimi, arxasına salınmaz. "Tatarxaniyyə"də də belədir.

• Doğumdan sonra səsi eşidilən uşaq (əgər ölərsə), ona ad verilər; yuyular və cənazə namazı qılınar. Əgər uşağın səsi eşidilməz; onda bir həyat əlaməti olmazsa; bir bezə sarılar və cənazə namazı qılınmaz.

Zahir olan rəvayətdə: "Bu halda olan da yuyular." deyilmişdir. Bəyənilən də, budur. "Hidayə"də də belədir.

• İstihləl, uşağın, səsi və ya hərəkəti ilə bilinən haldır. Əgər mamaçı və ya ana, uşağın canlı olduğuna şəhadət edərlərsə, bu ikisinin şahidliyi, o uşağın cənazə namazının qılınması xüsusunda, məqbuldur. "Mudmarat"da da belədir.

• Əzası tam olmayan (ana bətnində) düşmüş olan uşaq üçün, ittifaqla, cənazə namazı qılınmaz.

Muxtar olan rəvayətlərə görə isə, yuyular; bir bezə sarılaraq dəfn edilər. "Fətəva Qadıxan"da da belədir.

• Bədəninin çoxu və ya yarısı ilə bərabər başı da olarsa, yuyular, kəfənlənər və üzərinə cənazə namazı qılınar. "Mudmarat"da da belədir.

• Çox qisminin üzərinə namaz qılınmış olan bədənin yerdə qalan qismi də tapılsa, onun üzərinə, namaz qılınmaz. "İdah"da da belədir.

• Başsız olaraq yarısı tapılan və ya tam ortadan uzunlamasına parçalanmış olaraq yarısı tapılan bir cəsəd, yuyulmaz və üzərinə, namaz qılınmaz. Bir bezə sarılıb, eləcə dəfn edilər. "Mudmarat"da da belədir.

• Tapılan cəsədin müsəlman yoxsa kafir olduğu bilinməzsə, əgər üzərində müsəlman siması olar və ya İslam diyarında tapılarsa, yuyular; əks halda isə, yuyulmaz. "Mi'racu'd-Dirayə"də də belədir.

• Müsəlman ölülər, kafir ölülərlə qarışarsa,

~ Əgər müsəlman ölülərin sünnət olmaq, qara geyinmək kimi bir əlamətləri olar və onunla tanına bilib kafirdən ayırd edə bilərlərsə, cənazə namazları qılınar. Belə bir əlamət olmadığı halda, ölülərin əksəriyyəti müsəlmandırsa, hamısı üzərinə cənazə namazı qılınar. Namazda və duada, müsəlman niyyətilə ilə niyyət edilər və müsəlmanlara aid məzarlığa dəfn edilər.

~ Əgər əksəriyyət kafirdirsə, heç birinin cənazə namazı qılınmaz. Ancaq yuyular və dəfn edilərlər. Ancaq, müsəlmanlar kimi yuyulmaz və kəfənlənməzlər. Müşriklərə aid qəbiristanlığa da dəfn edilərlər.

~ Əgər Müsəlman və kafir ölülərin sayları bərabərdirsə, yenə, üzərlərinə cənazə namazı qılınmaz. Dəfnləri xüsusunda isə, görüş ayrılığı vardır. (Belə ki):

Bəziləri: "Kafirlər məzarlığına";

Bəziləri də: "Müsəlman qəbiristanlığına dəfn edilər." ;

Bəziləri isə: "Yeni və müstəqil bir qəbiristanlığa dəfn edilərlər."

dedilər. "Mudmarat"da da belədir.

• Valideynlərindən biri ilə bərabər əsir alınmış olan uşaq, ölmüş olar; və özü və ya valideynlərindən biri müsəlman olduğunu etiraf etmişdirlərsə, yuyular. Nənə və babası ilə bərabər əsir alınmış olan əsir uşaq haqqında isə, ixtilaf vardır.

Lakin uşaq, tək başına əsir alınmış və sonra da ölmüş olarsa, bu uşaq yuyular və cənazə namazı qılınar. "Zahidi"də də belədir.

• Gəmidə ölmüş olan bir kimsə də, yuyular, kəfənlənər və ağırlaşdırılaraq, dənizə buraxılar. "Mi'racu'd-Dirayə"də də belədir.

• Müharibə halında ikən öldürüldükləri vaxt, baği (üsyançı)'nın və yol kəsən quldurun ölüsü, yuyulmaz və cənazə namazı da, qılınmaz.

İmam (hökmdar və ya komandir) müharibəni saxladıqdan sonra bu kimsələrdən biri öldürülmüş olarsa, yuyularlar və cənazə namazları da qılınar. Gözəl olan və böyük alimlərimizin qəbul etmiş olduqları görüş, budur.

• Şəhərlərdə, gecələri silahları ilə quldurluq edənlər də, yol kəsənlər kimidirlər. "Zəxirə"də də belədir.

• Münasib olan, cənazəni yuyan kimsənin, təmiz olmasıdır. "Fətəva Qadıxan"da da belədir.

• Cənazə yuyan kimsənin, cünub, heyzli və ya kafir olması da, caizdir. Lakin bu, məkruhdur. "Mi'racu'd-Dirayə"də də belədir.

• Ölünü yuyan kimsənin dəstəmazsız olması, ittifaqla məkruh deyildir.

Cənazəni, insanlar içində ölüyə -qohum-əqrəbalıq cəhətindən- ən yaxın kimsənin yuması, müstəhəbdir.

Əgər bu kimsə, ölü yumağı bilməzsə, onu, əmin (özünə güvənilən) və vəra (təqvanın iləri dərəcəsi; bilmədiyi və şübhə etdiyini öyrənib yaxşıya və doğruya görə hərəkət edin bütün günahlardan çəkinmə halına) sahib bir kimsə yumalıdır. "Zahidi"də də belədir.

• Ölü yuyan kimsənin,

~ doğru sözlü;

~ yuma işini yaxşı bilən;

~ ölüdə gördüyü pis halları gizləyən; və

~ yaxşı halları isə, açıqlayan

bir kimsə olması, müstəhəbdir.

Ölünü yuyan kimsə,

~ Əgər ölüdə, üzünün nurlanması; gözəl bir qoxu hasil olması və bənzərləri kimi heyrət doğuran bir şey görərsə, bunları digər insanlara söyləməsi, müstəhəbdir.

~ Lakin ölüdə, üzünün qaralması; pis qoxu hasil olması; surətinin pozulması; əzalarının dəyişməsi və bənzərləri kimi pis hallar görərsə, bunları, hər hansı bir kimsəyə xəbər verməsi, caiz olmaz. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

Ancaq ölü, həm bidət əhli, həm də bidətini açıqdan edən bir kimsədirsə, yuyan kimsənin, onda gördüyü xoşa gəlməyəcək halları, insanların o bidətdən uzaqlaşması niyyətilə söyləməsində, bir beis yoxdur. "Siracu'l-Vəhhac"da da belədir.

• Ölüdən çıxan pis qoxunu, onu yuyan kimsə və köməkçisinin hiss etmələri üçün, onların yanına buxurdanlıq və ya gözəl qoxu qoyulması, müstəhəbdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Ən əfdal olan, cənazəni, bir qarşılıq almadan yumaqdır. Əgər ölünü yuyan kimsənin qarşılıq istədiyi vaxt, ölünü yuyacaq başqa kimsələr də mövcud olarsa, ona qarşılıq vermək, caiz olar. Ölünü yuyacaq başqa kimsə olmadığı vaxt isə, ölünü yuyan kimsənin qarşılıq alması, caiz olmaz. "Zahiriyyə"də də belədir.

• Kişi cənazələri, kişilər; qadınları da, qadınlar yuyar. Bunlardan biri, digərini yuya bilməz.

Ölü, kiçik olar; hələ iştah əhlindən olmazsa (yəni, şəhvət nədir bilməzsə), onu, qadın yuya bilər.

Yenə, ölü, eyni haldakı kiçik bir qız uşağıdırsa, onu da, kişinin yuması, caiz olar.

• Cinsiyyət orqanı kəsilmiş və xayaları burulmuş olanlar da, kişilər kimidirlər.

• Bir qadının, öz ərini yuması, caizdir. Ancaq, ölümdən sonra beynunəti gərəkdirən bir şey olmazsa, qadın, ərini yuya bilər. Beynunət, ərinin oğlunu və ya ərini öpməkdir. Əgər ölümündən sonra bu olarsa, qadının, ərinin yuması, caiz deyildir.

Bizə görə, bir ər isə, xanımını yuya bilməz. "Siracu'l-Vəhhac"da da belədir.

• Kişi, öz xanımını rici talaq (haşiyə) ilə boşadıqdan sonra ölərsə, qadın, iddətli olduğu üçün, ərini yuya bilər. Səraxsi'nin "Muhit"ində də belədir.

---------------------------------

(Haşiyə:

Rici talaq: geri dönüşü ola bilən talaq (boşanma). Zövcəyə yaxınlaşdıqdan sonra, açıq və ya işarətlə, 3 ədədinə və ya 1 qarşılığa bağlı olmadan və beynunət/ayrılığa dəlalət edən bir sifətlə sifətlənməmiş və bir şeyə bənzədilməmiş gərə açıq ləfzlərdən və gərəksə də rici talaqı gərəkdirən açıq olmayan ləfzlərlə edilən talaq.)

-------------------------------------

• Əgər ər, qadının iddətinin sonuna doğru ölər və öldükdən sonra da qadının iddəti bitərsə, bu halda da, qadın, ərini yuya bilər. "Tahavi"də də belədir.

• Bu xüsusda, əsl qayda, budur:

Sağ olmuş olsaydı, nigahı səbəbilə, xanımı ilə cima etməsi (cinsi münasibətdə olması) halal olan bir kişi öldüyü vaxt, xanımının bu kimsəni yuması, halaldır. "İtabiyyə"dən nəqlən "Tatarxaniyyə"də də belədir.

• Yəhudi və ya xristiyan olan bir qadın da, Müsəlman qadın kimi, müsəlman ərini yuya bilər. Ancaq bu, çox çirkin bir iş olar. "Zahidi"də də belədir.

• Ölən bir qadını, zərurət halında, məhrəmi olan bir kişi təyəmmüm edər. Lakin, kişi yad olarsa, əlini bir bez ilə sarıyar; qollarına təyəmmüm edərkən, gözlərini örtər.

• Yenə, bir ər, xanımına təyəmmüm etdirərkən gözlərini örtməz. Qadının gənc və ya yaşlı olması arasında, bir fərq yoxdur. "Fətəva Qadıxan"da da belədir.

• Bir kimsənin ümm-ü vələdi, müdəbbirəsi, mukatəbi və ya cariyəsi (haşiyə) ölsə, o kimsə, bunlardan heç birini yuya bilməz. Bunun əksi də belədir.

-----------------------------

(Haşiyə:

Ümmü vələd: "Ağası tərəfindən hamilə buraxılan cariyə" deməkdir.

Müdəbbərə: "Azad olması, ağasının ölməsinə bağlanmış olan cariyə" deməkdir.

Mukatəbə: "Ağası ilə məmluku (nökəri) arasında, bir qarşılıq müqabilində, məmlukun azadlığa qovuşması xüsusundakı qarşılıqlı razılaşma" deməkdir.)

-------------------------------

• Bir kişi, qadınlar arasında öldüyündə, onu, məhrəmi (məsələn, bacısı, anası, nənəsi, xalası, bibisi), xanımı və ya cariyəsi, əlini bir bez parçası ilə sarımadan, təyəmmüm edər. Bunlardan biri də olmazsa, digər qadınlardan biri, əlini bir bez parçası ilə sarıyaraq, təyəmmüm edər. "Mi'racu'd-Dirayə"də də belədir.

• Bir kimsə, səfərdə, qadınlar arasında ölsə və orda bir də kafir kişi olsa, qadınlar, bu kafirə, ölünün necə yuyulacağını öyrədərlər və ölünü yuyuncaya qədər, ölü ilə onu tək buraxarlar.

Ancaq belə bir kimsə mövcud olmaz, lakin 9 yaşından aşağı olmasına baxmayaraq, ölü yumağa gücü çatacaq bir qız uşağı mövcud olarsa, ona, ölü yumağı öyrədər və ölünü yuyana qədər, ölü ilə tək buraxarlar.

• Səfərdə, bir müsəlman qadın, kafir qadınlar arasında ölsə, aralarında olan 9 yaşından kiçik bir oğlan uşağı, kişi haqqında dediyimiz şəkildə, bu qadını yuyar. "Mudmarat"da da belədir.

• Büluğ yaşına çatmış müşkil xunsə (haşiyə), heç bir kişini və qadını yuya bilməz. Heç bir kişi və ya qadın da, müşkil xunsəni yuya bilməz. Müşkil xunsə, ancaq, paltarının xaricindən təyəmmüm edilər. "Zahidi"də də belədir.

----------------------------

(Haşiyə:

Fiqhdə, "xunsə" məsələsi, 2 qrupa ayrılaraq ələ alınmışdır. Belə ki:

~ Birincisi: Kişiliklə qadınlıq əlamətlərinə bərabər sahib olmaqla bərabər, biri, digərinə qalib olan, yəni, kişi və ya qadın olduğuna, asanlıqla hökm edilən "qeyr-i müşkil xunsə" olaraq adlandırılan kimsədir. Bunlar haqqında, müəyyən olan cinsin hökmləri tətbiq edilir.

~ İkincisi isə: Hansı cinsdən olduğuna, asanlıqla hökm edilə bilməyəcək tərzdə, kişilik və qadınlıq orqanına bədabər sahib olan və ya bu orqanlardan heç birini daşımayan kimsə olub, buna da, "müşkil xunsə" deyilir. "Xunsə" deyilincə, ümumiyyətlə, bu ikinci qrupa girən kimsələr qəsd edilir. Bunların "müşkil" olaraq vəsf edilməsi də, cinsiyyətini və dolayısı ilə haqlarında tətbiq ediləcək hökmü müəyyənləşdirməyin çətinliyini ifadə üçündür.)

----------------------------

• Vəlisi Müsəlman olan bir kafir ölərsə, bu Müsəlman, onu yuyar, kəfənləyər və dəfn edər. Ancaq onu, pis bir paltarı yuduğu kimi yuyar və onu, bir bezlə sarıyar. Bir çuxur qazar; sünnətə uyğun olmayan şəkildə kəfənləyər. Lahd'ı (məzarın qiblə tərəfinin oyularaq ölünün bura qoyulması; və qarşısına da, taxta, qamış, kərpic kimi şeylər qoyulması və torpağın ondan sonra atılması) olmayan o çuxura qoyar, atar. "Hidayə"də də belədir.

• Kafir olan bir ataya, Müsəlman oğlunun ölüsünü yumaması, başında dayanmaması və o Müsəlmanı, müsəlmanların yuması, münasib olar. "Nihayə"də də belədir.

• Səfərdə ölən bir kimsəni yuyacaq su tapılmazsa, təyəmmüm edilər və o kimsənin cənazə namazı qılınar. "Muhit"də də belədir.

• Bir kimsə öldüyündə, su tapılmadığı üçün, ona təyəmüm edilsə; və cənazə namazı qılınsa; sonra da su tapılsa, bu kimsə, təkrar yuyular və cənazə namazı, təkrar qılınar. Bu, əbu Yusuf'un qövlüdür. "Fətəva Qadıxan"da da belədir.

("əl-Fətəva əl-Hindiyyə")

-----------------------

-----------------------

Dəlilləri:

2198. İbn İshaq'ın, Muhamməd b. Zəkvan ---> Həsən əl-Basri isnadı ilə, Ubeyy b. Ka'b (radiyallahu anh)'dan nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Adəm (əleyhissəlam), eynilə uzun palma ağacı kimi uzun boylu və çox saçlı idi. Ölüm vaxtı gəlincə, mələklər, cənnətdən, hanut (gözəl bir ətir) və kəfəni ilə bərabər endilər. Vəfat edincə, Onu, su və sidr ilə 3 dəfə yudular. Üçüncü suyuna, kafur (kamfora) qarışdırdılar və Onu, tək sayda parça ilə kəfənlədilər. Sonra, Onun üçün bir məzar qazıb namazını qıldılar. Sonra: 'Bu, Adəm oğullarının, Özündən sonrakı yollarıdır.' dedilər."

Bu hədisi, Hakim, "əl-Müstədrək"ində (l, 345; ll, 544) rəvayət etmiş; və haqqında, hər hansı bir söz söyləməmişdir.

Sonra Hakim, hədisi,

Həsən əl-Basri ---> Uteyy b. Damra əs-Sə'di ---> Ubeyy b. Ka'b (radiyallahu anh) isnadı ilə, mərfu olaraq, buna bənzər şəkildə nəql etmişdir. Bu rəvayətdə:

"Mələklər dedilər ki: Ey Adəm oğlu! Bu, sizin, Adəmdən sonrakı yolunuzdur. Bundan sonra, belə edin." cümləsi yer almaqdadır.

Hakim (hədisin sənədi haqqında, belə) deyir:

"Hədisin isnadı, səhihdir. Buxari və Muslim, rəvayət etməmişlərdir. Çünki, Uteyy b. Damra'nın, Həsən əl-Basri'dən başqa ravisi yoxdur."

Nəvəvi, "əl-Xülasə"də, birinci rəvayətin zəif olduğunu bildirmişdir. (Haşiyə)

--------------------

(Haşiyə:

Təhanəvi'nin sözünə əlavə olaraq, bizim dəyərləndirməmiz, belədir:

~ Utey, "ət-Təqrib"də (s. 140) yer aldığı üzərə, siqadır. Özündən, oğlu Abdullah b. Uteyy də rəvayət etmişdir. Necə ki, bu xüsus, "Təhzibu't-Təhzib"də (Vll, 140) ifadə edilməkdədir.

~ Həsən əl-Basri, Ubeyy b. Ka'b'a çatmamışdır. Lakin, özü ilə onun arasındakı ravinin kim olduğunu bilməkdədir. Bu şəxs, Uteyy'dir. Bunda da, hər hansı bir beis yoxdur.

~ Muhamməd b. Zəkvan'a gəlincə, "Təhzibu't-Təhzib"də, haqqında danışılarkən bildirildiyi üzərə, Şu'bə və ibn Main, siqa olduğunu ifadə edərlərkən; bir qrup alim də, zəif olduğunu bildirmişlərdir.

~ ibn İshaq, dəfələrlə bildirdiyimiz üzərə, siqa və müdəllisdir.

Bu halda, hədisin isnadı, bizə görə həsəndir.

--------------------------------

Müəllif, belə deyir:

Bu rəvayət, ölünün yuyulacağına və bunun, necə ediləcəyinə açıq bir dəlildir. Yuxarıdakı hədisdə keçən "sünnət" kəliməsi, termin mənasında sünnət deyildir. Çünki, termin mənasındakı sünnət, daha sonralar ortaya çıxmışdır. O vaxtlar, belə bir termin yox idi. Hədisdə keçən "sünnət"in mənası, "dində izlənilən yol" deməkdir.

Biz, ölünü yumağı, fərz-i kifayə olaraq qəbul edirik. Çünki, bizim şəriətimizdə, -az sonra gələcəyi üzərə-, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Onu yuyun!" deyərək, cənazəni yumağı əmr etmişdir.

Bir də, bu xüsusda, icma vardır. "Fəthu'l-Qadir"də belə deyilmişdir:

"Ölü, müşkil xunsə olmadığı təqdirdə, alimlərin icması ilə, onu yumaq, fərzdir. Müşkil xünsə isə, ixtilaflıdır." (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", ll, 69)

"Rahmətu'l-Ummə"də (s. 330):

"Alimlər, ölünün yuyulmasının fərz-i kifayə olduğunda ittifaq etmişlərdir." deyilməkdədir.

Nəvəvi də, -"Fəthu'l-Bari"də (lll, 101) ifadə edildiyi üzərə- bu xüsusda icma olduğundan bəhs etməkdədir.

Yuxarıdakı hədisdə, ölünün, su və sidr ilə yuyulub suyuna kafur qoyulacağı; və tək saydakı parça ilə kəfənlənəcəyi; bir məzar qazılıb, namazının qılınacağı ifadə edilməkdədir.

Bütün bunlar, bizim şəriətimizin də qəbul etdiyi hökmlərdəndir. Bunları, şari, yəni Peyğəmbər (sallallahu aleyhi və səlləm), bizə nəql etmiş və rədd etməmişdir. Üstəlik, bunlardan hər biri, iləridə görəcəyimiz üzərə, bizim dinimizdə, müstəqil dəlillərlə sabitdir.

------------------------------

2201. Ümmü Atiyyə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qızının cənazəsini yuyarkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona:

"Yumağa, sağ tərəfindən və dəstəmaz orqanlarından başlayın." buyurmuşdur.

Hədisi, Muslim ("Cənaiz"/42) rəvayət etmişdir.

2202. Ümma Atiyyə (radiyallahu anha)'dan, belə rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qızının cənazəsini yuyarkən, yanımıza gəldi. Bizə:

"Onu, 3 və ya 5 yaxud da gərək görsəniz, bundan daha çox olmaq üzərə, su və sidr ilə yuyun. Sonunda, kafur və ya kafur qatılmış bir su istifadə edin." buyurdu.

Hədisi, Muslim ("Cənaiz"/36) rəvayət etmişdir.

2203. Səid b. əl-Musəyyəb'in nəqlinə görə, "Əli (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in cənazəsini yuyarkən, başqa ölülərin vücudundan çıxdığı kimi hər hansı bir şeyin çıxıb-çıxmadığını yoxladı; ancaq, (belə bir şey) çıxmadığını gördü."

Hədisi, ibn Macə ("Sünən", "Cənaiz"/10) rəvayət etmişdir.

Sindi'nin nəqlinə görə, "əz-Zəvaid"də: "Bu, səhih bir isnaddır. Raviləri, siqadır." deyilmişdir.

2204. Muhamməd b. Sirin, cənazə yumağı, Ümmü Atiyyə (radiyallahu anha)'dan öyrənirdi. İlk 2 yumağı, sidr istidafə edərkən; 3-cüsünü də, su və kafurla edirdi.

Hədisi, əbu Davud ("Cənaiz"/28) rəvayət etmişdir. Nəvəvi, "əl-Xülasə"də: "Hədisin isnadı, Buxari və Muslim'in şərtini daşımaqdadır." demişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 342)

Yuxarıdakı hədislər, cənazənin necə yuyulacağına, açıq bir dəlildir.

2205. Cabir (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ölünü, gözəl ətir ilə tüstüləmək istədiyinizdə, bunu, tək sayda edin."

Hədisi, "Səhihdir." deyə təxric etməklə, Hakim ("əl-Müstədrək", l, 355); və ibn Hibban rəvayət etmişlərdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 343-344)

Müəllif, belə deyir:

Bu hədis, ölünün, gözəl ətir ilə tüstülənəcəyinə və bunun, tək sayda ediləcəyinə, açıq bir dəlildir.

"Fəthu'l-Qadir"də, belə deyilmişdir:

Ölü, cəmi, 3 dəfə gözəl ətir ilə tüstülənər. Bunlar, çirkin iyin ortadan qaldırılması üçün, ruhu çıxdığında; yuyularkən; və kəfənlənmə əsnasındadır. Ölünün arxasınca tüstüləmə edilmədiyi kimi; qəbirdə də edilməz. Çünki, rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Cənazəni, yüksək səslə və atəşlə izləməyin." buyurmuşdur. ("Fəthu'l-Qadir", ll, 72)

2206. əbu Vail, belə deyir:

Əli (radiyallahu anh)'ın yanında, müşk var idi. Bunun, özünə sürtülməsini vəsiyyət etdi və: "Bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hanut'undan artıq qalandır." dedi.

Hədisi, Hakim, "əl-Müstədrək"ində (l, 515) rəvayət etmiş və haqqında, hər hansı bir söz danışmamışdır. Bu hədisi, Beyhaqi, "Sünən"ində (lll, 405) nəql etmişdir. Nəvəvi, "Hədisin isnadı, həsəndir." demişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 343)

Müəllif, deyir: Bu hədis, ölünün, cənazələr üçün düzəldilən ətir (hanut) ilə ətirlənəcəyinə, açıq bir dəlildir.

Şeyximiz dedi: "əl-Hidayə"də: "Hanut, ölünün başına və saqqalına sürtülər." hökmü yer almaqdadır.

2207. Abdu's-Saməd b. Abdu'l-Varis'in, Həmmam ---> Kufə xalqından Ziyad adında yaşlı bir kişi ---> İbrahim ən-Nəxai isnadı ilə nəqlinə görə, ibn Məsud (radiyallahu anh), belə demişdir:

"Kafur, ölünün səcdəyə gələn yerlərinə sürtülər."

Hədisi, ibn əbi Şeybə, "əl-Musannəf"ində (lll, 244) nəql etmişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 344)

Müəllif, belə deyir:

Bu hədis, cənazənin, səcdə yerlərinə kafur qoyulacağına, açıq bir dəlildir. "əl-Hidayə"də: "Kafur, səcdəyə gələn yerlərə qoyular." deyilməkdədir.

2208. imam əbu Hənifə (radiyallahu anh)'ın, Hammad ---> İbrahim ən-Nəxai isnadı ilə nəqlinə görə, Aişə (radiyallahu anha), bir ölünün saçının darandığını görüncə: "Ölünüzün kəkilini, nə üçün uzadırsınız?" dedi.

Hədisi, imam Muhamməd, "əl-Asar"ında (s. 39) rəvayət etmişdir.

Bizə görə, bu hədisin raviləri, siqadır. Ancaq hədisin sənədində, İbrahim ən-Nəxai ilə Aişə (radiyallahu anha) arasında qopuqluq vardır. İbrahimin mürsəlləri, səhihdir.

2209. Huşeym'in, Muğirə əd-Dabbi vasitəsilə İbrahim ən-Nəxai'dən nəqlinə görə, Aişə (radiyallahu anha)'dan, ölünün başının daranmasının hökmü soruşulduğunda: "Ölünüzün kəkilini, niyə uzadırsınız?" demişdir.

Hədisi, "ət-Təqrib"də bildirildiyi üzərə, məşhur siqa, fəzilət əhli, musənnif imam əbu Ubeyd Qasim b. Səllam və İbrahim əl-Hərbi, "Ğaribu'l-Hədis" adlı əsərində rəvayət etmişlərdir.

Əbu Ubeyd'in "tənsəvnə" felini açıqlarkən, bunun, "nəsəvtu'r-raculə ənnəsuhu nəsvən" qəlibindən alındığını; mənasının, "Kəkilini uzatdı." demək olduğunu bildirmişdir.

Aişə (radiyallahu anha), bu ifadəsilə, ölünün başının daranmağa ehtiyacı olmadığını söyləmək istəmişdir. Çünki bu, insanı, kəkilindən tutmaq xüsusiyyəti daşıyır. (Zeylai, "Nasbu'r-Rayə", l, 344)

Bizə görə, bu hədisin raviləri, Kütüb-ü Sittə raviləridir. Ancaq sənəddəki ilk ikisi, üçüncü dərəcədən müdəllis ravilərdəndir. Bu şəxslər, hədisi, muanan (sənədin bir yerində belə olsa, "an fulən = filandan nəqlən" ifadəsi yer alan hədis) rəvayət etdiklərində, bunların dəlil olaraq istifadə ediləcəyi, ixtilaflıdır.

İbrahim ən-Nəxai, Aişə (radiyallahu anha)'dan hədis eşitməmişdir. Bu rəvayət, bir əvvəlki rəvayətlə güclənmişdir. Hədisin isnadı, munqatı (qopuq) - muqarəb'dir (rəvayət etdiyi hədis, siqa ravilərin rəvayətinə yaxın olan; digər bir ifadə ilə, hədisi, şazz və ya münkər olmayan ravi üçün istifadə edilən aşağı səviyyədə bir tə'dil ləfzidir).

2211. Abdullah b. əbu Bəkr'in nəqlinə görə, əbu Bəkr (radiyallahu anh)'ın zövcəsi Əsma binti Umeys (radiyallahu anha), əri əbu Bəkr (radiyallahu anh) vəfat etdiyində, Onu yudu. Sonra, orda olan mühacirlərə: "Mən, orucam. Bu gün, istisi şiddətli bir gündür. Qüsl almalıyammı?" deyə soruşdu. Mühacirlər: "Xeyr." deyə cavab verdilər.

Hədisi, imam Malik, "əl-Muvatta"sında ("Cənaiz"/3) rəvayət etmişdir.

Abdullah, "Səhih"in ravilərindəndir. Ancaq o, Əsma binti Umeys'ə çatmamışdır.

Bu hədis, bir qadının, ölən ərini yumasının caizliyinə açıq bir dəlildir. Zurqani, belə deyir:

Qadının, ərinin cənazəsini yumasının caizliyi xüsusunda, alimlər arasında hər hansı bir ixtilaf yoxdur.

Kişinin qadını yumasına gəlincə, əksəriyyət və 3 məzhəb imamı, bunun, caiz olduğunu söyləmişlərdir. Çünki, Əli (radiyallahu anha), zövcəsi Fatimə (radiyallahu anha)'nı, vəfat etdiyində yumuşdu. Bu xəbər, "Asaru's-Sünən"də yer almaqdadır.

Əsma binti Umeys (radiyallahu anha)'nın ifadəsinə görə, Fatimə (radiyallahu anha) vəfat etdiyində, Onu, əri Əli (radiyallahu anh) yumuşdu. Bu xəbəri, Beyhaqi, "əl-Ma'rifə" adlı əsərində (ll, 117) rəvayət etmişdir. İsnadı, həsəndir. (Zurqani, ll, 4)

Səhabələrin heç birinin, bu xüsusda, Əli (radiyallahu anh) və Əsma (radiyallahu anha) etirazları olmamışdır. Nəticə olaraq, bu xüsusda, icma meydana gəlmişdir.

İmam əbu Hənifə, Şa'bi və əs-Sevri, kişinin, ölən xanımını yumasının caiz olmadığını söyləmişlərdir. "Təlxisu'l-Habir"də, bu xəbərin isnadının, həsən olduğu bildirilmişdir.

Lakin, bu xəbərin (yəni, Əlinin, Fatiməni yuması), haqqında danışılan hökmə (yəni, kişinin, ölən xanımını yuya biləcəyi hökmünə) olan dəlaləti, açıq deyildir. Çünki, şeyximiz, belə demişdir:

"Yumağa kömək etmək" felinə və bu məqsədlə hazır olmağa da, məcazi olaraq "yumaq" deyilmə ehtimalı vardır. Bizim qənaətimizə gəlincə, digər səhabələrin, Əli (radiyallahu anh)'a etiraz etməmələri, bundan xəbərdar olub səslərini çıxartmamaları sabit olduğu təqdirdə dəlil olaraq istifadə edilməyə əlverişlidir. Ancaq bu, sabit olmadığı kimi; (belə bir hadisənin) baş verməsi də, uzaq bir ehtimaldır. Bu hadisə, vəhyin endiyi vaxtlarda baş verməmişdir; əgər elə olsaydı, insanlar, xətalı qərar verməkdən uzaq olarlardı. Nəticə olaraq, bu xəbərin, bir dəlil dəyəri yoxdur.

Şeyximiz dedi:

Qadının, ölməklə (başqa kişilərə olduğu kimi; öz ərinə də) yad hala gəlməsi, labüddür. Yad olan bir qadına toxunmaq isə, alimlərin ittifaqı ilə, haramdır. Bunu, yumaq halına təxsis etməyə dəlil yoxdur (yəni, yumaq, bundan istisna edilmişdir, deyilə bilməz). Bu halda, ərin, ölən xanımını yuya bilməyəcəyi hökmü, necə olur ki, ehtimala açıq olan bir xəbər səbəbilə tərk edilə bilir?!

Bizə (Hənəfilərə, bu görüşdə) müxalif olanlar, bir də, ibn Macə'nin ("Cənaiz"/9),

Muhamməd b. İshaq ---> Yaqub b. Utbə ---> Zühri ---> Ubeydullah b. Abdullah

isnadı ilə, Aişə (radiyallahu anha)'dan nəql etdiyi bu xəbəri, dəlil olaraq gətirmişlərdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Baqi qəbiristanlığından qayıtdığında, məni, baş ağrıları içində gördü. "Ay başım!" deyirdim. O: "Ey Aişə! Əsl, ay Mənim başım!" buyurdu. Sonra, belə dedi: "Məndən əvvəl ölərsənsə, nə itirərsən? Mən, gələr, səni yuyar, kəfənləyər, namazını qılar və torpağa verərəm."

Sindi'nin ifadəsinə görə, "əz-Zəvaid"də, belə deyilməkdədir:

Bu xəbərin müxtəsər bir rəvayəti, Buxari'nin raviləri tərəfindən nəql edilmişdir.

"Büluğu'l-Məram"da: "Əhmədin raviləri, siqadır. Bu xəbəri, ibn Macə nəql etmişdir. İbn Hibban da, səhih olduğunu bildirmişdir." deyilməkdədir. (ibn Həcər, "Büluğu'l-Məram", l, 103)

Yuxarıdakı xəbərin mövzuya (yəni, kişinin, ölən xanımını yumasına) dəlaləti, 2 cəhətdən mübahisəlidir. Bunlardan:

~ Birincisi: "Nasbu'r-Rayə"də (l, 339) yer alan bu ifadədir:

Xəbərdə, hüccət və dəlil olma gücü yoxdur. Çünki, bu ləfzdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xanımı Aişə (radiyallahu anha)'nı, şəxsən Özünün yuyacağı mənası çıxmır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun cənazəsinin yuyulmasını, bu işə (yəni, yuma işinə) uyğun olan birinə əmr də edə bilərdi.

~ İkincisi: Bunun, sadəcə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə məxsus xüsusiyyətlərdən biri olma ehtimal vardır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nigahı, xanımı vəfat etdikdən sonra da davam etməkdədir. Çünki, möminlərin anaları (yəni, Peyğəmbərin xanımları), Onun, dünyada və axirətdə zövcələri olmağa davam edəcəklərdir. Bil!

Bəziləri, belə demişlərdir:

Məzhəb imamlarımızın "Kitabu'l-Asar"dakı ifadəni dəlil olaraq istifadə etmələrinə gəlincə, orda, belə deyilir:

Ömər b. əl-Xattab (radiyallahu anh)'dan bizə çatdığına görə, O, belə demişdir:

"Biz, (xanımlarımız) həyatda ikən, onlara, daha çox haqq sahibiyik. Ancaq, vəfat etdiklərində, sizlər, daha çox haqq sahibisiniz."

İmam Muhamməd: "Biz də, bunu götürürük." demişdir. ("Kitabi'l-Asar", s. 39)

Ancaq, bu xəbər, səhih deyildir. Çünki, muallaq (sənədinin, müəllif tərəfindəki qismindən 1 və ya daha çox ravisi zikr edilməyən hədis) və bəlağ (əksi bəlli olana qədər qopuq bir xəbər) siğası ilə rəvayət edilmişdir.

Biz də, bunu deyirik:

Bu əsərin müqəddimə qismində, muallaq hədisin, mürsəl hökmündə olduğunu ifadə etmişdik. İlk 3 əsrin mürsəli, məzhəbimizə görə, məqbuldur. Xüsusilə, bu, müctəhid birinin mürsəli olarsa. İmam Muhamməd, ətbau't-tabiun'dan və iləridə gələn böyük müctəhidlərdəndir. Necə olur ki, onun, muallaq və bəlağ siğası ilə rəvayət etdiyi hədis, hüccət olmaz?!

Yenə, belə deyirik:

Yuxarıdakı hədisdə adı keçən Abdullah, əbu Bəkr b. Muhamməd b. Amr b. Hazm əl-Ənsari əl-Mədəni'nin oğludur. Bu xəbərin isnadı, mürsəl-qavi'dir. (Niməvi, "Asaru's-Sünən", ll, 118)

Beyhaqi'nin,

əl-Vaqidi ---> ibn Əxi əz-Zühri ---> Urvə ---> Aişə (radiyallahu anha)

isnadı ilə nəqlinə görə:

"əbu Bəkr (radiyallahu anha) vəfat etdiyində, Özünü, xanımı Əsma binti Umeys (radiyallahu anha)'nın yumasını vəsiyyət etdi. Ancaq Əsma (radiyallahu anha)'nın gücü, buna çatmadı və Abdu'r-Rahmən (radiyallahu anh)'dan kömək istədi." (Beyhaqi, "Sünən", lll, 397)

Beyhaqi, deyir:

Bu xəbərin,

ibn əbu Muleykə ---> Ata ---> Səid b. İbrahim

isnadı ilə, şahidləri vardır. Bunların hamısı, mürsəl xəbərlərdir.

Deyirik ki:

Mürsəl xəbər, məzhəbimizdə, hüccətdir. Xüsusilə də, mövsul (bitişik, qopuq olmayan bir sənədlə) nəql edilmişsə. Burda da belədir. Çünki, Vaqidi'nin rəvayət yolu, mövsuldur. "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi" müəllifi ibnu't-Türkməni, deyir:

"Beyhaqi, Vaqidi üçün burda, qüvvətli deyildir, deyərkən; Qatlu'l-Ğilə (hilə və su-i qəsd ilə öldürmə) babında və başqa yerlərdə, zəif olduğunu iləri sürmüşdür." (ibnu't-Türkməni, Cəvhəru'n-Naqi", l, 246)

Eyni əsərdə, Vaqidi haqqında, alimlərin ixtilaf etdikləri qeyd edilməkdədir.

~ "Məcmau'z-Zəvaid"də (l 228) yer aldığı üzərə, bir çox alim, onun siqa olduğunu ifadə etmişdir.

~ "Şərhu'l-Munyə"də, belə deyilir: Vaqidi haqqında səhih olanı, siqa olduğudur.

~ Şeyx Təqiyuddin ibn Dəqiq əl-İd, "əl-İmam" adlı əsərində, belə deyir:

Şeyximiz hafiz əbu'l-Fəth, "əl-Məğazi" və "Siyər" adlı kitabının baş tərəfində Vaqidi'ni zəif qəbul edən və siqa olduğunu söyləyən kimsələrin görüşlərini bir araya gətirmiş və siqa olduğunu tərcih etmişdir. Sonra da, onun haqqında söylənənlərə cavab vermişdir. (ibn Dəqiq, "əl-İmam", s. 93)

Digər tərəfdən, mürsəl xəbər, zəif olan bir başqa yoldan mövsul olaraq gəldiyində, -bu əsərin Müqəddimə qismində də ifadə etdiyimiz üzərə- bütün alimlərə görə, dəlil olma gücü əldə edir.

Digər səhabələrin Əsma (radiyallahu anha)'ya, əri əbu Bəkr (radiyallahu anh)'ın cənazəsini yuması səbəbilə, etiraz vaqe olmamışdır. Dolayısı ilə, bu hökm, icma halına gəlmişdir. Hər halda, orda olan səhabələr, səhabələrin hamısı və ya böyük bir qismini meydana gətirməkdəydi. Çünki, əbu Bəkr (radiyallahu anh) kimi bir şəxsin vəfatı, elə bir hadisədir ki, Mədinədə mövcud olan səhabələrdən birinin belə bu cənazədən geri qalması, düşünülə bilməz.

Bizim qənaətimizə görə, bu xəbər, bir qadının, ölmüş ərini yumasının caizliyinə, açıq bir dəlildir. Bu xüsus, alimlərin ittifaqı ilə caizdir.

Kişinin də, ölmüş olan xanımını yuması, buna qiyas edilə bilməz. Çünki kişi, iddət gözləmək məcburiyyətində deyildir. Bundan dolayı, xanımı öldükdən sonra (dərhal) onun bacısı ilə evlənməsi, caizdir. Eyni şəkildə, kişinin xanımı öldükdən sonra, onunla cinsi münasibətdə olmamışdırsa (yəni, qadınla evlənər və qadın ilə də cinsi münasibətdə olmadan qadın ölərsə), (qadının) başqa ərindən olan qızı ilə evlənməsi də mümkündür. Qadın isə, belə deyildir. Qadının, iddətini doldurmadıqca evlənməsi, halal deyildir.

Bizə müxalif olanlar, bir də, Beyhaqi'nin (lll, 397), ibn Məsud (radiyallahu anh)'ın, ölmüş olan xanımını yuduğuna dair xəbəri, dəlil olaraq göstərirlər. Beyhaqi, xəbəri nəql etdikdən sonra: "Bu xəbər, ibn Məsud'dan, zəif bir isnadla nəql edilmişdir." deməkdədir. Sonra da, o, belə davam edir: Haccac b. Ərtat'ın, Davud b. əl-Hüseyn ---> İkrimə (radiyallahu anh) isnadı ilə nəqlinə görə, ibn Abbas (radiyallahu anh), belə demişdir:

"Kişi, (ölən) xanımını yumağa, daha layiqdir." "əl-Cəvhəru'n-Naqi"də, belə qeyd edilmişdir. (I, 264)

Yuxarıda zikr edilən dəlillərdən:

~ Birincisinə, belə cavab vermək, mümkündür:

Zəif xəbər, dəlil gücü daşımaz. Digər tərəfdən, xəbərdə, Əli (radiyallahu anh)'ın, xanımı Fatimə (radiyallahu anha)'nı yuması xəbərini incələyərkən ifadə etdiyimiz üzərə, məcaz olma ehtimalı vardır. Bunu, nəzərdən qaçırmamaq lazımdır.

~ İkinci xəbərə gəlincə:

Beyhaqi, xəbərin, Haccac'a qədər olan sənədini, zikr etməmişdir. Xəbəri, ibn əbi Şeybə, "əl-Musannəf"ində, Ma'mər b. Süleyman ər-Raqqi vasitəsilə, Haccac'dan nəql etmişdir. Beyhaqi, rəhn verilən malın zay olacağı təqdirdə, ödənəcəyi xüsusunda, 'Ma'mər b. Süleyman'ın rəvayəti, dəlil olmağa əlverişli deyildir. Haccac haqqında isə, kəlam edilmişdir.' deməkdədir. Davud b. əl-Hüseyn, hər nə qədər siqa olaraq göstərilmişdirsə də, ibnu'l-Mədini, onun haqqında, belə deməkdədir: "Onun, İkrimə'dən nəql etdiyi rəvayət, münkərdir." İbn Uyeynə isə: "Biz, Davudun hədislərindən çəkinərdik." demişdir. "əl-Cəvhəru'n-Naqi"də də belədir.

Görüldüyü üzərə, bu xəbərlərin xülasəsi, müxaliflərimizi susdurmaqda və bu rəvayətlərin, öz prinsiplərinə dəlil olmasının mümkün olmadığını tənbeh etməkdədir. Xəbərin isnadında adı keçən Ma'mər b. Süleyman, siqa, fəzilət əhli biri olub, Ezdi və Beyhaqi, onu, leyyin qəbul edərək, xəta etmişlərdir. "ət-Təqrib"də (s. 212), belə qeyd edilmişdir. "ət-Təhzib"də (l, 250) ifadə edildiyi üzərə, ibn Main, əbu Ubeyd, Nəsai, ibn Hibban və başqaları, onun siqa olduğunu bildirmişlərdir. Haccac b. Ərtat isə, dəfələrlə bildirdiyimiz üzərə, bizə görə, hədisi, həsən olan bir ravidir. Həqiqət budur ki, bu hədis, həsəndir.

Buna veriləcək cavaba gəlincə, hədisin mənası, budur:

Ər, ölən xanımının yuyulmasına ehtimam göstərmək cəhətindən, ata tərəfindən olan yaxınlarından (asabə), digər qohum-əqrəbalarından daha əvvəl gəlir. Hətta onlar, ərindən iləri keçib, qadının cənazə işlərilə məşğul olmaq istəsələr, ərinin, onlara əngəl olma haqqı vardır. Çünki, məzhəbimizə görə, cənazəni yumaq, hanut təmin etmək, cənazəni daşımaq, kəfənləmək, torpağa vermək məsrəflərinin hamısı, ərə aiddir. İmam əbu Yusuf'un görüşü də, bu yöndədir. "Şərhu'l-Munyə"də, "Şərhu's-Siraciyyə"dən belə bir görüş nəql edilir:

İmam əbu Hənifə'nin görüşü, imam əbu Yusuf ilə eynidir. Fətva da, bu görüş üzərinədir. "Raddu'l-Muxtar"da, belə qeyd edilmişdir. (ibn Abidin, "Raddu'l-Muxtar", l, 905). Çünki nemət, külfətə (çətinliyə) görədir.

"Bədaiu's-Sanai"də, belə deyilir:

Bir qadın, səfərdə ikən vəfat edər və bərabərində qadınlar varsa, onu, o qadınlar yuyar. İmam Şafi'nin məzhəbinin əksinə, bizim məzhəbimizdə, ərin, ölən xanımını yumağa səlahiyyəti yoxdur. Bizim dəlilimiz, ibn Abbas (radiyallahu anh)'ın bu rəvayətidir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, kişilərin arasında ölmüş bir qadın haqqında soruşuldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Ona, təmiz bir torpaqla təyəmmüm verilər." deyə buyurdu.

(Diqqət edilsə), Peyğəmbər (sallallahu aleyhi və səlləm), kişilərin içində qadının ərinin olub-olmadığı təfsilatına girməməkdədir. (Kasani, "Bədaiu's-Sanai", l, 205)

Deyirik ki:

Biz, bu xəbəri, ibn Abbas (radiyallahu anh)'dan rəvayət edilmiş olaraq tapa bilmədik. Xəbəri, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində, zəif bir isnadla, Sinan b. Ğarafa'dan mərfu olaraq belə nəql edir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, məhrəmləri olmadığı halda, qadınlar arasında ölən kişinin; və kişilərin arasında ölən qadın haqqında soruşuldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Onlara, təyəmmüm edilər." buyurdu. "Cəmiu'l-Favaid"də (l, 133), belə qeyd edilmişdir.

"Mərasil"ində əbu Davud və Beyhaqi'nin (lll, 398) mürsəl olaraq, Məkhul'dan nəql etdikləri bir rəvayət, belədir:

"Bir qadın, kişilərin arasında ölər və onların içində də özündən başqa heç bir qadın olmazsa; və ya bir kişi, qadınlar arasında ölər və onların içində də özündən başqa kişi olmazsa, bu 2 ölüyə, təyəmmüm edilər və torpağa, eləcə dəfn edilər. Bunlar, su tapa bilməyən kimsələr hökmündədirlər." "Kənzu'l-Ummal"da belə qeyd edilmişdir.

Söz bura gəlmişkən, bu xüsusu da vurğulamaqda fayda vardır:

Mürsəl xəbər, mövsul olan başqa bir yoldan da gəldiyində, alimlərin ittifaqı ilə, dəlil olmağa əlverişli hala gələr. Xüsusilə, Hənəfi məzhəbində və mürsəli tək başına dəlil olaraq qəbul edənlərin nəzdində, bu, belədir.

Burda,

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

'Bir kişi, qadınlar arasında ölərsə...' ifadəsi, qadının da, ərini yuya bilməyəcəyini ifadə etməkdədir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), qadınların içində ölən kişinin, orda xanımının da olub-olmadığı təfsilatına girməmişdir."

deyilə bilməz. Çünki, bizim görüşümüz, budur:

Qadının, ərini yuya biləcəyinə dair dəlil vardır. Bu dəlil, Əsma (radiyallahu anha)'nın, əri əbu Bəkr (radiyallahu anh)'ı yuması cəhətindən, səhabə arasında meydana gələn icmadır. Dolayısı ilə, biz, hədisi: "Ərdən başqa bir kişi" şəklində təxsis etdik (xas qıldıq). Kişinin, xanımını yuması cəhətindən isə, belə bir dəlil bəhs mövzusu deyildir.

Nəticə olaraq, haramlıq, -hədisin ifadəsilə-, varlığını qorumaqdadır.

Müxaliflərimizin zikr etdikləri dəlil, təxsis edici dəlil ola bilməz. Çünki içində, -daha əvvəl zikr etdiyimiz- ehtimal mövcuddur. Onun dəlil ola biləcəyini qəbul etsək belə, belə deyərik:

Xəbərlər bir-birilərilə zidd düşdüyündə, qiyasa baş vurmaq lazımdır. Qiyas,

~ Əsma (radiyallahu anha) hədisində olduğu kimi, qadının, ərini yumasının caizliyini;

~ Sinan hədisilə Məkhul'un mürsəlində olduğu kimi, kişinin, xanımını yumasının haramlığını gərəkdirməkdədir.

(Təhanəvi, "İ'lau's-Sünən" -müxtəsər bir şəkildə-)

---------------------------

İbn Qudamə, "əl-Muğni"də (ll, 317), belə deyir:

"Müstəhəb olanı, ölünün, evində yuyulmasıdır. İbn Sirin, ölünün yuyulacağı yerin qaranlıq olmasının müstəhəb olduğu qənaətində idi. Əhməd b. Hənbəl, bu görüşü mənimsəmişdir. Əgər otaq yoxdursa, ölünün üst tərəfindən bir pərdə çəkilər. İbnu'l-Munzir, belə demişdir: İbrahim ən-Nəxai, cənazə yuyularkən, göy üzü ilə arasına bir sütrə qoyulmasını xoş görərdi. Əbu Davud'un öz isnadı ilə nəqlinə görə, əd-Dahhak, qardaşı Salim'ə, belə bir vəsiyyət etmişdir: Məni yuyarkən, ətrafıma pərdə çək; mənimlə göy arasına pərdə çək."

Yenə, eyni əsərdə, bu ifadə yer almaqdadır:

Cənazə yuyanın, ölünün bədənində gördüyü şeyləri gizləməsi üçün, siqa/güvənilən və saleh bir kimsə olmasını istəyirik. Bir hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ölülərinizi, güvənilən kimsələr yusunlar."

Bu xəbəri, ibn Macə ("Sünən", "Cənaiz"/8) rəvayət etmişdir. (Beyhaqi, "Sünən", lV, 47)

Biz də bunu bildirək ki: Lakin bu xəbərin isnadında, Mubəşşir b. Ubeyd vardır. Mubəşşir, "ət-Təhzib"də (X, 33) həyat hekayəsi danışılarkən, yalançılıqla ittiham edilmişdir və hədisi, mətrukdur.

---------------------------

Əlavələr:

Ölü yuyulduqdan sonra qüsl alınmalıdırmı?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/olunu-yuduqdan-sonra-qusl-al...

Kafirin cənazəsi yuyulmalıdırmı?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kafirin-c%C9%99naz%C9%99si-y...

 

 

 

 

 

Read 471 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR